Əsas səhifə > Yazılar, Əli Kərimli > “Tarixin sonu”na lap az qaldı

“Tarixin sonu”na lap az qaldı

İraqda da seçkilər demokratik keçdi. İraq faktiki işğal altındadır, terror hücumları demək olar ki, hər gün, hər həftə insanların ölümünə, yaralanıb şikəst olmasına səbəb olur. Ancaq demə, belə bir ağır şərtlər altında da İraqda demokratiya inkişaf edirmiş. İraq Mərkəzi Seçki Komissiyası seçkilərdə ana müxalifətin qələbə çaldığını elan edib. İyad Əlləvinin başçılıq etdiyi seçki bloku İraq parlamentində 91 yer qazanıb. Hazırkı baş nazir Nuri əl-Malikinin tərəfdarları isə 89 mandat qazanaraq ikinci partiya olub. Amerikalalıra və onların tərədarı olan indiki hökumətə qarşı əldə silah vuruşmuş Müqtəda əs-Sədrə bağlı qüvvələr də üçüncü böyük fraksiyanı yaradıblar.

Elə bu məlumatlar mənə ötən əsrin 90-cı illərində dünyanın akademik dairələrində başlanmış və hələ də davam edən bir fəlsəfi-siyasi müzakirəni xatırlatdı.

10 illər ərzində davam etmiş soyuq müharibə kommunizmin qlobal məğlubiyyəti və 1991-ci ildə Sovet İttifaqının dağılması ilə nəticələndikdən sonra dünyanın sonrasının necə olacağı ilə bağlı filosoflar, dünya alimləri arasında ciddi fikir mübadiləsi başlanmışdı. Bu müzakirələrdə çoxlu sayda dünyaca tanınmış filosoflar iştirak etsə də, ən sanballı əsərləri, məncə, Frensis Fukuyama və Samuel  Hantinqton yazmışdı. Bu məşhur filosofların başlatdığı müzakirənin mahiyyətini və bizim bu günümüzə, xüsusilə də sabahımıza aidiyyatını qısaca izah etmək istəyirəm.

Əvvəlcə 1992-ci ildə Frensis Fukuyama «Tarxin sonu və axırıncı insan» əsərini yazdı. Məşhur futuroloq kitabda çox maraqlı fikirlər irəli sürürdü. Mən bu fikirlərin üçünə diqqətinizi cəlb etmək istəyirəm:

Kant, Hegel, Marks kimi məşhur filosoflardan sonra Fukuyama diqqətimizi tarixin universal xarakterinə cəlb edirdi. Sübut edirdi ki,  bir çoxlarının iddia etdiyi kimi, tarix hadisə və proseslərin xaotik olaraq bir-birini əvəz etməsindən və ya spiralvari inkişafdan ibarət deyil,  əksinə, tarix daha təkmilə, daha proqressivə doğru məqsədyönlü prosesdir.

Sadə ifadə etsək, filosof inanır ki, tarixdə hər şey nizamsız, xaotik baş vermir, tarixi proses inkişafa doğru gedir – yerində saymır, nə də geri gedir. Tarixin təkrar olunması barədə ifadə – deyim hamımıza tanış olsa da, ciddi mənada tarix təkrarlanmır, keçilmiş mərhələyə bir də qayıtmır. Bəzən müvəqqəti geriləmələr, büdrələmələr bizi çaşdıra bilər. Amma biz tarixə bütöv bir proses kimi baxsaq, tarixin daim inkişafa doğru getdiyini görərik. Biz tarixə xaotik, təkrarlanan proses kimi baxsaq, gərək inanaq ki, bir gün gələcəkdə biz yenidən ibtidai icma, quldarlıq, feodalizm mərhələsinə qayıda bilərik. Yüksək bilikləri olmayanlar da başa düşür ki, bu real deyil. O zaman sual yaranır ki, tarix məqsədyönlü inkişafa yönəlibsə, bəs biz indi hara gedirik? Bu inkişaf prosesində son dayanacaq nədir? Yəni son – daha təkmil idarəetmə sistemi necə olmalıdır?

Bu suala cavab vermək üçün Fukuyama ikinci mühüm tezisini irəli sürür. Filosof idda edir ki, gələcək, bu gün artıq Qərbdə, hətta bir çox qeyri-Qərb ölkələrində də tətbiq olunan liberal-demokratiyanındır. O, oxucunu inandırır ki, bəşəriyyət demokratiyadan daha mükəmməl idarəetmə forması tapa bilməyəcək. Demokratiyanın bərqərar olması əslində elə tarixi prosesin sonudur. Filosof inanır ki, demokratiyanın alternativi yoxdur. Demokratiyaya özünü alternativ kimi təqdim etmiş faşizm, kommunizm, müxtəlif yönümlü avtoritarizmlər 20-ci əsr ərzində tarixi məğlubiyyətə düçar olublar, demokratiya ilə yarışda məğlub olublar və artıq geri dönməsi mümkün olmayan keçmişdirlər.

Nəhayət, Fukuyamadan bizim üçün çox önəmli olan üçüncü tezis. Müəllif sübut edir ki, bu gün inkişafın müxtəlif mərhələlərində olmalarına, milli xaraktercə ciddi şəkildə fərqlənmələrinə rəğmən bütün millətlər liberal-demokratiyaya gəlib çıxa biləcəklər. Həm də bu zaman demokratiyanın bərqərar olması üçün bu xalqlara bu yolu ilk keçmiş qabaqcıl Avropa xalqları kimi 100 illər tələb olunmayacaq. Bu günkü texnoloji inkişaf xalqlara kömək edəcək ki, demokratiyanı bərqərar etmək üçün 100 illər ərzində mübarizə aparmasınlar, nisbətən qısa müddətdə bu ümumbəşəri nailiyyətə qovuşsunlar.
Məncə izah etmək artıq olar ki, nüfuzlu filosofun bu fikirləri üçüncü dünya ölkələrində demokratiya uğrunda mücadilə aparanları nə qədər ruhlandırmışdı. Təkcə öz müstəbid rejimləri ilə mübarizə aparan dissidentlər deyil, zamanın hörmət olunan futuroloqu iddia edirdi ki, demokratiyanın qarşısını almaq mümkün deyil. Demokratiyanın  qarşısını almaq istəyənlər tarixi məğlubiyyətə məhkumdur.

Həmişə olduğu kimi, “tək səbir”i çox gözləmək lazım olmadı. Samuel Hanqtinqton 1996-cı ildə çap etdirdiyi «Sivilizasiyaların toqquşması» əsərində Fukuyamanın gələcəyin liberal-demokratiyaya aid olacağı barədə fikrini öz aləmində alt-üst etdi.

Bu məşhur filosof  idda edirdi ki, soyuq müharibəni sivilizasiyaların (müəllif burada böyük etnosları nəzərdə tutur) mübarizəsi əvəz edəcək. Əsas mübarizə də Qərb sivilizasiyası ilə qeyri-Qərb sivilizasiyaları arasnıda olacaq. Hanqtinqton Fukuyamadan fərqli olaraq, heç də bütün xalqların liberal-demokratiyaya qovuşa biləcəyinə inanmırdı. İdda edirdi ki, 20-ci əsrin 70-80-ci illərində 30-a qədər dövlət demokratiyaya keçsə də, bu hələ bütün millətlərin demokratiyaya keçə biləcəyinə əsas ola bilməz. Çünki bu 30 dövlətin hamısı xristianlığın və qərb təsirinin güclü olduğu dövlətlərdir. Hanqtinqton islam xalqlarının demokratikləşə biləcəyinə inanmır və hətta «sayı çox sürətlə artan, kulturoloji baxımdan demokratiyadan çox uzaq olan, aqressiv islamı” Qərbə və bütövlükdə bəşəriyyətə əsas təhlükə sayırdı.

Filosof iddia edirdi ki, gələcəkdə xalqlar heç də demokratiyanı öz ölkələrində bərqərar etmək uğrunda deyil, başqa sivilizasiyalarla mübarizə, rəqabət aparmaq üçün çalışacaqlar. Sadə ifadə etsək, guya xalqlar onların etnosunun qabaqcıl dövlətinin ətrafında sıx-sıx birləşib başqa etnoslarla mübarizə aparacaqlar. Çünki, guya etnik, dini və kulturoloji birlik hər hansı dəyərlər və dünyagörüşü eyniliyindən üstündür.

Hanqtinqton iddia edirdi ki, bu zaman xalqlar tarixi keçmişlərinin, milli xarakterlərinin, dini və milli mənsubiyyətlərinin müxtəlifliyi səbəbindən müxtəlif idarəetmə formalarında yaşayacaq və heç də hamı demokratiyaya qovuşmayacaq.

Təəssüf ki, Samuel Hanqtinqtonun da kitabı çox populyarlıq qazandı. Avropanı xristian klubuna çevirmək istəyənlər də, ABŞ-ı Avropa mənşəli ağ amerikalıların nəzarətində saxlamaq istəyənlər də, islamı bəşəriyyətə təhlükə mənbəyi kimi təqdim edənlər də, “bizim xalqımızın öz milli inkişaf yolu var” deyib xalqlarının qanını içən diktatorlar da, «bizim millətdən bir şey çıxmaz, bizim mentalitetlə demokratiya qurmaq olmaz» deyən intellektual qorxaqlar da ideoloji silah əldə etmişdilər.
Amma Hanqtinqtona söykənib «suveren demokratiya» konsepsiyaları ilə öz avtoritar idarəçiliyinə «elmi» izah tapdığını düşünənlərin sevinci çox çəkmədi. Son illərdə islam dünyasında demokratiya çox böyük nailiyyətlər əldə edir. Livanda, Mərakeşdə demokratik seçkilərin keçirilməsi, ən böyük islam dövləti olan İndoneziyanın, ikinci ən böyük islam dövləti olan Pakistanın (ikisinin birlikdə əhalisi 400 milyona yaxındır) demokratiyaya keçməsi, Albaniyanın, indi də Kosovanın sürətlə Avropa birliyinə inteqrasiya olunması, Malayziyanın demokratikləşmə sahəsində əldə etdiyi nəticələr guya islam xalqlarının demokratiya qura bilməyəcəkləri, islam və demokratiyanın bir-birini istisna etdiyi barədə öncəgörmələri alt-üst edir.
Yaxşı xatırlayıram, 90-ci illərdə bizim milli demokratik düşərgədə belə bir fikir çox populyar idi ki, islam dünyasında Azərbaycan Türkiyədən sonra demokratiya qurmaq şansı ən yüksək olan ölkədir. Əliyevlərin sülalə hakimiyyəti bizi cəhalətə apardıqca, görün islam dünyasında nə qədər xalq yanımızdan ötüb demokratiyaya  qovuşub.

Ötən il İranda başlanmış demokratiya uğrunda möhtəşəm hərəkat da, baxmayaraq ki, hələ qalib gəlməyib, bütün dünyaya islam və demokratiyanın antoqonist olmadığını bir daha göstərdi. Teokratiyanın ən güclü olduğu ölkədə belə, islam xalqları demokratiyaya layiq olduğunu və demokratiya uğrunda mübarizə apardığını sübut edir.
İnd idə İraq nümunəsi yarandı. İraqın müsəlman əhalisi bu qədər terror təhdidi altında, gündəlik ölümlə üz-üzə olduqları halda demokratik seçki keçirir. Lütfən deməyin ki, hamısını amerikalılar edir. Elə deyil. Təbii, Səddam Hüseyni amerikalılar devirdi, sonra da asdırdı. Amma bu gün əlində hakimiyyət olmasına baxmayaraq, seçkiləri saxtalaşdırmayan hökumət başçısı da, seçki komissiyası üzrləri də, məktəb direktorları da, müxalifətə təzyiq etməyən polis də, bürokratiya da iraqlılardır. İslamın bir çox mühüm ziyarətgahlarının yerləşdiyi, ölkə müsəlmanlarının ciddi şəkildə sünni və şiə təriqətlərinə bölündüyü, hətta partiyaların belə təriqətçilik zəminində yarandığı ölkədə təriqət ayrılığını qəbul etməyən, dünyəvi partiyanı seçib qalib edən iraqlılardır.

Mənim üçün isə İraq nümunəsinin başqa bir mənası da var. Bu gün Fukuyama və Hanqtinqton arasındakı mübahisəni təsadüfən xatırlamadım. Hər ötən il bu tarixi mübahisədə Fukuyamanı haqlı çıxarır. Keçmişi, mentaliteti, bu günkü inkişaf səviyyəsi nə qədər müxtəlif olur-olsun, bütün xalqlar bir gün tez, bir gün gec demokratiyaya qovuşacaq. Demokratiya universal dəyərdir. Demokratiyanın alternativi yoxdur. Demokratiya «tarixin sonudur». İnsanlığın getdiyi son dayanacaqdır. «Tarixin sonu»na az qalıb.

About these ads
Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Fikret Huseynli
    Mart 29, 2010 tarixində, saat 8:33 pm

    Eli beyin deyerlendirmesi kifayet qeder deqiq ve esaslidir. Bu gun Azerbaycanda Iraqdan daha dehshetli bir rejim yaradilib. Orda partlayishlar achiq toredilir. Olenlerin sayi bilinir. Azerbaycanda ise sessiz soyqrimdir. Amma sona chox az qalib. Chox kechmeden bu gun Azerbaycanda zor gucune xalqi sindirmaq isteyenlerin ozu sinacaqdir. Ve o zaman Azerbaycan xalqi mehz Eli bey kimi liderlerin onculluyu ile indiki rejimi ebedilik geder-gelmeze yola salacaq. Eli bey haqq yolunda mubarizede Tanri size yar olsun. Rehmetlim Elchibey demishken, biz qalib geleceyik!

  2. mecid
    Mart 30, 2010 tarixində, saat 1:00 am

    Azerbaycan xalqi Islam aleminde demokratiyani anlayib tedbiq eleyen ilk olkedir,ona gore bizi demokratiyadan,azadliqdan uzaq bir millet oldugumuzu ve demokratiyanin bize gore olmadigini asilamaq isteyirler.Bu da onu gosterirki heyderizmin qoruyucular oz cirkin meqsedleri ucun xalqini,vetenini alcaltmaqdan bele cekinmirler

  3. Ali Rza
    Mart 30, 2010 tarixində, saat 2:48 am

    Möhtəşəm yazıdır.
    İnşalah, Azərbaycanda “tarixin sonu”nu Siz gətirərsiz, Əli bəy.

  4. Qanimat Zahid
    Mart 30, 2010 tarixində, saat 5:33 am

    Optimizm siyasi liderin mustesna keyfiyyetidir.Butun tarixi qelebeler optimizme mexsusdur ve indiki Azerbaycanda optimizmin tek simvolu Eli Kerimlidir. Onun optimizmi esaslandirilmishdir, mentiqidir, ruhlandiricidir ve saxta statistikanin uzerinde qurulmayib.
    Bu yazi realliqa nikbin ve mentiqi baxishin daha bir numunesidir,,,

  5. Anar
    Mart 30, 2010 tarixində, saat 7:51 am

    Qənimət bəylə tamamilə razıyam. İnşallah qələbə Əli bəylə gələcək. Əli bəyin nüfuzu durmadan artmaqdadır.

  6. Taleh
    Mart 30, 2010 tarixində, saat 8:15 am

    Əla yazıdır. Nəzərə alsaq ki biz İslamdan bir az uzaq ölkəyik,ən əsası biz Türkmənistan ya İran deyilik…..deməli şanslarımız daha yaxşıdır.

  7. Zümrüd Yağmur
    Mart 30, 2010 tarixində, saat 8:31 am

    İraq təcrübəsi göstərdi ki, xalqların demokratiyaya hazır olmaması kimi fikirlər tutarlı deyil. Azrbaycanda da əgər ən azından belə bir secki kecirilsəydi əminəm ki, bu millət də Azərbaycanda ” tarixin sonunu” gətirəcəkdir. Amma özləriniu demokrat elan etmiş Azərbaycan hakimiyyətinin siyasi iradəsi qısa müddətdə İraqda hakimi olanların siyasi iradəsindən zəifdir ki, azad secki kecirmək istəmir. Krallıqlar və diktatorlar tərəfinfən idarə olunan Ərəb dünyası demokratiya nümunəsi göstərdi, Azərbaycandasa krallıq qurmaq iddiasına düşüblər.Azərbaycan da ” tarixin sonu” əlbət gələcəkdir, amma bu sonu gətirmək üçün xalq öz üzərinə düşən missiyanı yerinə yetirməlidir. Narazı azarkeşdən fəal iştirakcıya kecməyin zamanı catıb…

  8. Asim
    Mart 30, 2010 tarixində, saat 8:56 am

    Təşəkkür, Əli bəy, həqiqətən möhtəşəm yazıdır. Həm intellektual yükü çox ağırdır. Həm pozitivdir, həm də praktikdir.

  9. elnur
    Mart 30, 2010 tarixində, saat 9:01 am

    Yazınızı çox bəyəndim. Bizim xalqa marifçilik lazımdır. Xalqa ümüd vermək lazımdır. Elmi məqalələr bu baxımdan çox zəruridir.

  10. Asif
    Mart 30, 2010 tarixində, saat 9:07 am

    Yaxşı yazıdır. Ancaq yazını oxuyandan sonra mən bir az da məyus oldum. Belə çıxır ki, bundan sonra bizi müsəlman dünyasında qabaqlayan olmasa, yaxşı halda biz demokratiyaya keçən 10-cu müsəlman ölkəsi ola biləcəyik. Biz isə 2-ci olmağa hazırlaşırdıq. Bizi bu günə qoyanlara allah lənət etsin.

  11. Fuad Qəhramanlı
    Mart 30, 2010 tarixində, saat 9:24 am

    Əli bəy çox gözəl təhlil və ümumiləşdirmələr aparmısınız. Əslində Əməvilərdən sonra gerçək islam təhrif olunaraq şahlıq ideologiyasına və siyasi itaət alətinə çevrildi və uzun əsrlər boyu şərq tiranlarının əlində xalqları kölə kimi idarə etmə alətinə çevrildi. Gerçək islam Vebrein dediyi protestant əxlaqından daha çox demokratiyaya və insan haqqına önəm verərək insanı Allahdan başqa kimsə qarşısında qul ola bilməyəcək,liberalizmin müqəddəs saydığı yaşamaq,mülkiyyət haqqının toxunulmazlığına böyük önəm verəcək qədər demokratiyaya yol açan bir baxışı ortaya qoyur.Bu səbəbdən də demokratiya gerçək islamın gərəkdirdiyi alternativsiz bir yaşam biçimidir və islam svilizasiyasının da bu idarə etmə formasına keçməsi alternativsiz tarixi təkamül prosesidir.
    Samuel Huntinqtonun “Üçncü dalğa” əsərində demokratiyanı unversal dəyər kimi təqdim etməsinə baxmayaraq, Fukyamaya cavab kimi yazılan,”Mədəniyyətlər Arsı savaş” əsərində bu fikrindən geri çəklib və əslində bu gün islam coğrafiyasında baş verən demokratik dəyişikliklər haqlı olaraq qeyd etdiyiniz kimi demokratiyanın həm də islam dünyası üçün ən doğru və mümkün olan idarə etmə forması olduğunu sübut edir.İraq örnəyi bizə bir daha sübutdur ki,demokratiya elə bir yüksək insani dəyərlər əsasında əldə olunmuş idarə etmə formasıdır ki,hətta diktatura şəraitində xalqlar uzun illər ərzində tamamilə əks dəyərlərlə yaşamağına baxmayaraq, qısa müddət ərzində demokratiyanın ən azı inistitutsional əsaslarını qura bilərlər.Bu isə növbəti mərhələdə mədəniyyətin və ictimai dəyərlərin də bu yöndə təkamülünə yol açır.Bu üzdən də Azərbaycan xalqının demokratiyaya hazır olmadığını iddia emək milli inkişafımıza zərbə vurmaq deməkdir.

  12. Mart 30, 2010 tarixində, saat 1:10 pm

    Men bele ozunde tarixi paralelleri ve elmiliyi ehtiva eden sanballi fikir toplusunu yazi yox,sanballi meqale adlandirardim.Bu meqalelerin ehemiyyeti ola bilsin ki,bezileri uchun sadece bir meqale kimi qiymetlendirir.Amma men sizin bele tehlil meqalelerini zamanin verdiyi furset,analiz-kontent uchun dushundurucu siyasi muhit ve demokratiya ile bagli geleceye kompas kimi qiymetlendirirem.O baximdan men muxalifetde olmagi hem de gelecek uchun yigilmish siyasi “baqaj” uchun ehemiyyetli zaman kesiyi hesab edirem.Chox shadam ki,siz siyasi xadim ve gergin ish qrafiki olan lider olaraq chox duzgun qiymetlendirir ve davamli olaraq cemiyyete dushundurucu mesajlarinizi verirsiniz.Meshhur aforimzlerden birinde deyildiyi kimi:”Geleceyi gelmish bil” Tesevvur edek ki,qeyd etdiyiniz BOYUK GELECEK yetishib,amma cemiyyetimiz ve siyasilerimizde helede passivlik durumundadir.Mence burasi en dushundurucudur.Chunki,demokratiya her zaman sosial sifarishde olmur.O,bezen vaxti chatmamish ve bezen chagrilmamish qonaqda ola biler.Siyasiler mehz bu oncegorme mesajini ve demokratiya ile bagli optimizini cemiyyete davamli olaraq chatdirmalidirlar.Davamli olaraq cemiyyet uzerine damcildayan demokratiya “damcisi”,mutleq gunlerin birinde avtoritarizm “dashini” deshmelidir.Bu dialektikanin qanununu inkar etmek mumkun deyildir.

  13. Turan
    Mart 30, 2010 tarixində, saat 1:40 pm

    Her zaman oldugu kimi Ali bey yene de butun milleti ruhlandirir, her bir edaletli savasin sonunun QELEBE ile biteceyine emin edir.
    AZADLIQ mubarizesini ugurla sona catdirmaqda Ali beye destek olmaq, yaninda yurumek her bir vetendasin, xususen de genclerin menevi borcudur. Ugurlar Ali bey!

  14. Rahim
    Mart 30, 2010 tarixində, saat 4:37 pm

    Əli Kərimlinin mübarizə əzmi və qətiyyəti hamımızda olsa tezliklə demokratiya olacaq.

  15. Aydın Cəfərli
    Mart 30, 2010 tarixində, saat 5:57 pm

    Əli bəy yazınızı çox böyük maraq və məmnunluqla oxudum.Açığı sizin siyasi lider kimi sahib olduğunuz keyfiyyətlərinizi yüksək qiymətləndirsəm də fəlsəfi və ideoloji mövzularda da bu qədər dərin və elmi biliklərinizin olduğundan xəbərim yox idi.Bu məni sevindirdi çünki,siyasi proselərin ideoloji bazası olmadan uzunmüddətli zaman üçün təkcə praqmatik maraqlar əsasında mübarizə aparmaq olmur.Siz bu fikir və düşüncə boşluğunu dolduracaq zəka sahibi və idoloji bazaya sahib olduğunuzu göstərməklə Azərbaycanda demokratiya uğrunda mübarizənin təkcə lideri deyil,həmdə ideoloqu olmaq haqqına sahib olduğunuz göstərirsiniz.Bu bizm azadlıq və demokratiya uğrunda mübarizəmizin ən vacib resurslarından biridir və bu yolda sizə uğurlar arzulayıram.

  16. Xalid
    Mart 30, 2010 tarixində, saat 6:41 pm

    Nehayet xalq da anlamalidir ki, bu sonluq gozel baslanqica yol acacaq.

  17. Ayəndə
    Mart 31, 2010 tarixində, saat 5:45 am

    Möhtəshəm yazıdır! Həm marifləndirmə baxımından, həm də insanları möbarizliyə səsləmək baxımından. Biz “Tarixin sonu”nu Əli bəyin gətirəcəyinə inanırıq, buna şübhəmiz ola bilməz. Əli bəyə bu yolda uğurlar arzulayıram. Məncə bu yazını daha geniş oxucu kütləsinə yayaymaq daha da effektli olardı. Millətimizi insanlığın son dayanacağına tez çatmaq arzusuyla!

  18. Odünyadanqayıdan
    Mart 31, 2010 tarixində, saat 7:24 am

    Əlibəy təşəkür edirəm söləiniz möhtəşəm fikirlər üçün,baxmayaraq Azərbaycan Şərqdə ilk demokratik Respublika qurub,onu yaşamasına yol vermədilər və maraqlı beynəlxalq qüvvələr onun erməni-russ birliyi tərəfindən bolieviklər bayrağı altında işqal olunmasına şəraiət yaratdılar.İraqda bu mümkün olan məsələ deyildi,Ancaq,Azərbaycanda ikinci dəfə Demokratlar devrilib və ölkə işqal olunub.Bunun üçün uzağa getmək lazım deyil. Dövlət idarələrində kimlər və…. işləyir.İşqal olunmuş dövlətdə Sizin irəli söylədiyiniz və nümüna getirdiyiniz felosofların dedikləri hələ real deyil.İşqalçılar xalğın təbii mülküyətini göyə sovduqdan sonra və özlərinə qızil mərmərdən okyanların ortasında sərdabalar düzəldənə yaxin o dahi felosofların fikirləri Azərbaycandada bər qərar ola bilər.

  19. Siyavuş
    Mart 31, 2010 tarixində, saat 9:49 am

    Siyasi tarixin fəlsəfi şərhi və bununn əsas materialının hadisələrin irəliyə xronologiyası onu deməyə əsas verir ki, bir çox məsələlərdə ümidsizlik əsassızdır. xüsusilə də milli dövlətlər erasında xalqların fərdi azadlıqlara əsaslanan milli suverenlikləri məsələsində. Fukuyama əslində həm də inzibati suverenliklərin milli siasi suverenlikılrılə əvəz olunmasını son mərhələ kimi göstərib. Vətəndaşına dövlət üçün təhlükə kimi baxan sistemlərin çöküməsi əslində bu sistemlərlə mübarizə tyarixinin sonudur. Ona görə də bu məqaləni təhlil edərkən buradakı futuroloji aspektləri yəni gələcəyi görmək cəhdlərini təkzibolunmaz düsturlarla verməklə Əli Kərimli özünün də rəhbərlik etdiyi mübarizənin sonunu hansı şəkildə dərk etdiyini ortaya qoymuş olub…

  20. Namiq Shemkirli
    Aprel 1, 2010 tarixində, saat 8:54 pm

    IRAQ-chox maraqli numunedir. Demokratiyani boganlara tarixin ve Allahin verdiyi dersdir, xeberdarliqdir. Onsuz da dunya chox boyuk suretle qloballashir. Dogrudur ki hech kim tarixin charxini geri chevire bilmez. Bu sade heqiqeti anlayanlar tarixin verdiyi dersden netice chixaracaqlar, anlamayanlar ise iraqli Saddamin, rumuniyali Chausheuskonun taleyini yashaya bilerler. Co Baydenin Rumuniya genclerine xitaben “inqilabi tecrubenizden yararlanaraq Azerbaycan(ve daha iki olke) demokratlarina yardim edin” ifadesini xatirlayin. Yoxsa bunu bir tesadufmu sayaq?

  21. Elnur Sadigov
    Aprel 5, 2010 tarixində, saat 10:32 pm

    Salam Ali bey,Önce bu movzuda debat achdiginiza gore size teshekkur edirem.Ola bilsin ki, sehv edirem amma men bileni bu iki Amerikali filosofun yazdigi eserlerle bagli Azerbaycanda ilk defe siz muzakire acmisiniz.Men Azerbaycanda Hanqtinqtonun kitabiyla bagli 90-ci illerin ortalarinda Niyazi Mehdinin “Yeni Musavat” qezetinde yazdigi meqaleleri xatirlayiram.Bashqa hec vaxt bu movzuda yazilara,muzakirelere rast gelmemishem.

    Hormetli Ali bey, Sizin dushunduyunuz ve Fukuyamanin “Tarixin sonu” eserini yazdigi zaman kontekstinde yuxarida yazdiginiz arqumentler gucludur.Getirdiyiniz numuneler (Iraq,Malayziya,men bu numuneye Felestini de elave ederdim,Felestinde emelli-bashli dovlet strukturlari olmadigi halda demokratik seckiler kechirildi)Fukuyamanin yazdigi kimi tarixin sona yaxinlashdigina isharedir.Ve tarixin sonuna dogru istiqamet goturmek isteyenlerin sayi getdikce choxalir.Hetta demek olar ki, tarixi ala-yarimchiq basha chatdirmish olkeler daha choxdur.Chin,Kuveyt ve s.olkeleri bu siraya daxil etmek olar.Chin artiq tam bazar iqtisadiyyatli olkedir.Kuveytde 2005-ci ilden qadinlara siyasi heyatda ishtirak huququ verildi.Mence bu olkerlerde tarixin yarimchiq basha chatdigini demek olar.Chunki butov “Tarix” tek bazar iqtisadiyyatindan ibaret deyil.Fukuyamanin dediyi “Tarixin” esas prinsiplerini azad ve edaletli seckiler,hec bir tesirden asili olmayan mehkeme,dovletin ve cemiyyetin idareciliyiyle bagli ifade azadligi,bazar iqtisadiyyati ve s.teshkil edirdi.Gec-tez bu olkeler de Tarixin yuxarida yazdigim mezmunda sonuna yaxinlashacaqlar.Chunki bu “Tarix” milli medeniyyetlere,deyerlere hec bir tehluke toretmir eksine onlarin inkishafina tekan verir.

    Amma “Tarixin Sonu” eserinin yazilmasindan oten 20 il erzinde bash veren deyishiklikler veziyyeti bir qeder murekkebleshdirib hetta demek olar “Tarixe” tehluke yaradib.En ziddiyyetli hal ise odur ki,bu tehluke Tarixin enenevi dushmenlerinden (komunistler,shovinistler) deyil,onu yaradan Avropadan qaynaqlanir.En boyuk tehluke ise Tarixin mahiyyetine deyishiklikler ve ozune elaveler edilmesidir.Artiq bu mekanda qadin huquqlari,cinsi azliqlarin huquqlari,inanc azadligina dair yanashmalar demokratiya uchun tehlukeye chevrilmeye bashlayib. Isvechrede minarelere qoyulan qadaga,Fransada qadinlarin geyimine yaxud inanclarina mudaxile chedleri,cinsi azliqlarin huquqlarini vetendash huququ kimi qebul edilmesi,dovletlerin emek,vergi,gomruk qanunvericiliyi vasitesiyle iqtisadiyyata mudaxile cehdleri ve s. ve butun bunlarin da demokratiyanin telebi oldugunu iddia etmek demokratiya ucun bu mekanda ciddi tehluklerden xeber verir.Oten il Baltik olkelerinin birinde cinsi azliqlarla bagli melumatlarin azyashli ushaqlarin oldugu yerde mehdudlashdirilmasina dair qebul edilmish bir qanun Avropa Birliyiyle bu olke arasinda ciddi bohrana sebeb oldu.Avropa Birliyinin resmileri cinsi azliqlarin huquqlarinin vetendash huquqlari kategoriyasina aid oldugunu ve bununda qorunmali oldugunu iddia etdiler.Halbuki 20 il evvel Fukuyama melum eserini yazanda hec de bunlari nezerde tutmurdu.
    Fransada ictimai rey qadinlarin chadradan istifadesini qadagan etmeyi teleb edir.Bununla da insanin geyimine ve yaxud inancina mudaxile edilir.Helelik bu tehlukeler rusheym halindadir yaxud huquq vasitesiyle bu tehlukleri onlemek mumkundur amma Avropa ictimai reyinde olan meyl bu mekanda Tarixi ne zamansa tersine yonelde biler.Helelik bundan Demokratiyanin enenevi dushmenleri (avtoritar rejimler) riyakarcasina istifade edirler.Avropadaki rusheym halinda olan bu tehlukeleri ellerinde bayraq edib azadliga,demokratiyaya hucum edirler.

    Amma sadaladigim tehlukeler bizleri ruhdan salmamalidir.Biz Azerbaycanlilar oz olkemizde Fukuyamanin dediyi TARIX-in (azad ve edaletli secki,musteqil mehkeme,azad soz,azad bazar iqtisadiyyati) sona chatdirmaliyiq.

  22. Fevral 1, 2011 tarixində, saat 2:11 am

    Bəli! Müəlliflə tam razıyam. Demokratiya qaçılmazdır. Biz artıq tarixin qaranlıq dövrlərindən çıxıb yeni bir mərhələyə qədəm qoyuruq. Dünənə qədər öz xalqlarını “qorxun xarici düşmənlə” qorxudan və onları asanlıqla idarə edən avtoritar qanqallar (bəli, mən diktatorları qanqal adlandırmağı təklif edirəm) artıq bu metodu tətbiq edə bilmirlər, çünki sürətli informasiya vasitələri onların bu yalanını tez üzə çıxarır. Digər tərəfdən, insanlar 50 və ya 100 il bundan əvvəlki kimi avam deyillər. Bunu başa düşüb hakimiyyətdən tez gedənlər nisbətən daha ağıllı təsir bağışlayır.

  23. Parviz
    Fevral 1, 2011 tarixində, saat 9:19 am

    Çox maraqlıdır ki, İraqda keçirilmiş sözügedən seçkilər misal göstərilməsəydi bu yazını oxuyarkən onun lap bu yaxınlarda, yəni Tunis, Misir hadisələri ərəfəsində və müsəlman ölkələrində demokratiya uğrunda baş verən son hərəkətliliklə əlaqədar yazıldığını düşünmək olardı.
    Bu cür araşdırmaya və yanaşmaya görə təşəkkür edirəm.

  1. Mart 30, 2010 tarixində, saat 2:39 am

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

Digər 288 izləyiciyə qoşulun

%d bloqqer bunu bəyənir: