Əsas səhifə > Müsahibələr, Əli Kərimli > Bizim iki variantımız var

Bizim iki variantımız var

“Media forum” saytının suallarını AXCP sədri Əli Kərimli cavablandırır.

– Əli bəy, nəticələrindən narazı qaldığınız bələdiyyə seçkilərindən sonra növbəti seçkilər barədə nə düşünürsüz, parlament seçkisinə qatılacaqsızmı?

– Seçkiyə təqribən on ay vaxt qalıb və son qərarların qəbul edilməsi hələ tezdir. Lakin hazırkı niyyətim iştirak etməkdir. Partiyanı və müxalifət düşərgəsini daha yüksək səviyyədə səfərbər etməklə bağlı müəyyən planlarım var.

– Nədir planlarınız?

– Əsas məqsəd ölkədə müəyyən ruh yüksəkliyinə, vətəndaş fəallığına nail olmaqdır. Bu olmayacağı təqdirdə hər hansı bir uğurdan danışmaq belə mümkün deyil. Planlarımız seçki islahatlarına nail olmaq, müxalifətin maksimum birliyinin təmin olunması istiqamətində çalışmaq, demokratik qüvvələrin böyük birliyinin yaradılmasına çalışmaq, beynəlxalq birliyin diqqətini daha çox seçki islahatına yönəltməkdir. Bir müddət sonra daha konkret planlar barədə də danışacağıq.

– İndiki situasiyada müxalifətin maksimum birliyinə nail olmaq ehtimalı nə dərəcədə yüksəkdir?

– Azərbaycanda müxalifətin birləşməsi həmişə problem kimi görünür. Çünki həqiqətən də müxalifət daxilində buna maneələr olur. Digər tərəfdən də bu birliyin olmasını istəməyən qüvvələr çalışırlar ki, maneələri olduğundan da ciddi təqdim etsinlər. Ona görə də indiki vəziyyətdə müxalifətin birliyi çox çətin iş kimi görünür. Mənə elə gəlir ki, biz çətinlikləri aşmağı bacarmalıyıq. Əgər biz bu birliyi yarada bilməsək, indiki qeyri-demokratik şəraitdə, majoritar seçki sistemində uğurlardan danışmaq olmaz.

Müxalifətin maksimum birliyinə nail olmaq lazımdır. Düzdür, hamını bir araya gətirmək heç vaxt mümkün olmayıb, amma elektoratın əksəriyyətinin arxasınca gedəcəyi birliyi yaratmaq realdır və mən bunun üçün çalışacam.

– Əhalinin fəallaşması necə, realdırmı? Sizcə, əhalinin fəallaşmasına müxalifət necə nail ola bilər?

– Mən başa düşürəm ki, indiki şəraitdə əhalinin fəallaşmasını təsəvvür etmək çətindir. Lakin bu mümkündür. Biz bu il ya çətin işləri bacarmalıyıq, ya da ümumiyyətlə heç nə edə bilməyəcəyik. Mən bu barədə çox düşünmüşəm, müəyyən təhlillər aparmışam. Deyərdim ki, əhalinin fəallaşmasının ilkin şərti müxalifətin optimal formatda birləşməsidir. Ona görə də biz bu vəzifələrin ardıcıllığını müəyyənləşdirməli və ciddi siyasi qüvvələrin konsensusunu əldə etməliyik. Hələlik mən bu məsələlər barədə ümumi danışmağa üstünlük verirəm. Çünki bunların hamısı digər siyasi qüvvələrlə də razılışdırılmalıdır. Güman ki, yaxın zamanlarda bu yöndə məsləhətləşmələr olacaq.

– Parlament seçkisində birgə iştirak üçün müxalifətin vətəndaş cəmiyyəti nümayəndələrinə müraciət etməsi də mümkündürmü?

– Fikrimcə, biz “Azadlıq” blokunun 2005-ci ildə birliyin əldə olunması istiqamətindəki təcrübəsini uğur hesab edə bilərik. Hüquqi qələbə çala bilməməyimiz tamam ayrı məsələdir və bunun səbəbi hamıya məlumdur. Lakin real olaraq hakimiyyətə alternativ yarada bildik. Blokda cəmi üç partiya təmsil olunurdu, amma biz nüfuzlu ziyalıları, incəsənət xadimlərini də öz aramıza almaqla kifayət qədər ciddi bir birlik yaratdıq və prosesin gedişində hətta digər blokların təmsilçiləri də “Azadlıq”la bir cərgədə dayandılar. İndi də söhbət təqribən bu ssenarini həyata keçirməkdən gedir.

Təbii, aradan beş il ötüb, birliyin daha da təkmil formasına çalışmaq lazımdır. 2005-də biz iyirmiyə qədər tanınmış ziyalını dəstəkləmişdik. Onların heç bir maddi gücü yox idi, lakin onlar nüfuzlu ziyalılar idi, və bu, çox yaxşı təcrübə idi. İctimaiyyət nümayəndələri, ziyalılar bu dəfə də bizə qoşulsalar, onları dəstəkləyə bilərik. Demokratik qüvvələrin cəbhəsində xalq, ictimaiyyət , mətbuat nümayəndələri təmsil olunmalıdır. Üzərimizə belə bir birliyin zərurətini qəbul etmək və seçki dairələrində ictimaiyyət nümayəndələrinə yer ayırmaq düşürsə, biz buna hazırıq.

– Seçkidə fəal iştirak üçün pul lazım gəlir. Maliyyə məsələsi müxalifət üçün problem olacaq, yoxsa bir işıq yeri var hər halda?

– Bizim iki variantımız var. Birincisi on illər ərzində Azərbaycan müxalifətinin tapdığı çarədir – normal ölkələrdə pulla görülən işləri biz pulsuz görməyi öyrənmişik. Seçki kampaniyasının çox ağır işlərini bizim fəallarımız könüllü olaraq yerinə yetirirlər. Üstəlik, öz resurslarından istifadə edərək bizə köməklik göstərirlər. Çünki hökumət həm siyasi partiyaları maliyyələşdirmir, həm də bunu başqalarının etməsini kriminal kimi qiymətləndirilir. Ona görə də biz əsas işlərin könüllülük əsasında görüləcəyinə ümid edirik.

Yerdə qalan işlərdə, məsələn, televiziya çıxışları və reklam rolikləri üçün efir vaxtının alınmasında əvvəlki seçkilərdə olduğu kimi, fəallarımızın fədakarlıqlarına ümid edirik. Bizim partiyalarda çox fədakar insanlar var. Bu insanlar on ildən artıq müddətdə işsiz qalmalarına, dəfələrlə həbs olunmalarına baxmayaraq öz əqidələrindən dönməyib mübarizəni davam etdirir, hətta elələri də olur ki, öz məhdud ailə büdcələrindən kəsib partiyanın maliyyələşməsinə kömək edirlər. Bu cür fəallarımız bütün seçki kampaniyalarında bizə dəstək olublar.

– Bu seçki ilində majoritar sisteminin dəyişməsi istiqamətində də mübarizə aparacaqsızmı? Ümumiyyətlə, indiki situasiyada bu realdırmı?

– Əlbəttə, biz proporsional seçki sisteminin bərpasını tələb edəcəyik. Bu sistem çoxpartiyalılığa daha çox zəmin yaradır. Hökumət partiya liderlərinin parlamentdə təmsilçiliyinə yol verməmək üçün bu qaydanı ləğv edib. Bildiyiniz kimi, partiya liderləri bir qayda olaraq siyahılarda ön sıralarda yer alırlar və onların seçilmək şansı daha çox olur. Amma majoritar sistemdə hökumət bütün bu proseslərə nəzarət edir.

Mən builki parlament seçkisində proporsional sistemin bərpa olunacağını real hesab etmirəm. Çünki hökumətin buna münasibəti göz önündədir. Açıq demək lazımdır ki, biz bu məsələdə çox ciddi beynəlxalq dəstək ala bilməyəcəyik. Baxmayaraq ki, bu sistemin çoxpartiyalılıq üçün daha yaxşı zəmin yaratdığını onlar da qəbul edirlər. Ümumiyyətlə, Avropada bu sistem getdikcə daha geniş yayılır. Tendensiya bu sistemin yayılması istiqamətindədir, həta keçmiş postsovet məkanında da. Amma beynəlxalq strukturlar birmənalı şəkildə deyə bilmirlər ki, majoritar sistem qeyri-demokratikdir. Çünki ABŞ, Böyük Britaniya kimi demokratik ölkələrdə bu sistemdən istifadə olunur.

Ona görə də real planlar qurmaq lazımdır. Proporsional sistemin bərpası uğrunda mübarizə aparaq, amma planlarımızı indiki vəziyyətə uyğunlaşdıraq. Majoritar sistemin özünün də üstünlükləri var. Biz 2005-ci ildə məhz bu sistemdə qalib gələ bildik. O, müxalifətin daha geniş birliyi üçün zəmin yaradır. Hər kəs başa düşür ki, müxalifət hər dairədən çoxlu sayda namizəd verəndə, hakimiyyətinsə bir namizədi olanda müxalifətin bir partiyasını təmsil edən namizədin hamıdan artıq səs toplaması real deyil. Majoritar sistem müxalifətin birləşməsi üçün əlavə stimul yaradır. İkincisi, partiya liderləri, nüfuzlu siyasətçilər hamılıqla partiya siyahılarındakı üstün yerlərinə ümid etmədən seçki dairələrinə üz tutmalı olurlar. Müxalifətin ən güclü namizədləri seçkidə birbaşa iştirak edir. Yəni yalnız ölkə miqyasında deyil, həm də konkret bir dairədə müxalifətin güclü namizədləri yarışa qoşulur. Majoritar sistemin üstünlüklərindən istifadə edib seçkidə uğur qazanmağın strategiyası işlənməlidir.

– Bələdiyyə seçkilərinin nəticələrindən çıxış edərək parlament seçkiləri haqda proqnozlarınız necədir?

– Mənim müəyyən ümidlərim var, optimistəm. Hesab edirəm ki, parlament seçkisində ölkədə ciddi dəyişikliklər üçün müəyyən əsaslar olacaq ki, demokratiya istiqamətində irəliləyişlər baş versin. Mən heç vaxt onun tərəfdarı olmamışam ki, hər seçkini demokratiya və demokratik qüvvələr üçün son şans kimi dəyərləndirək. 2010-cu ilin parlament seçkisinə Azərbaycanda demokratiya uğrunda mübarizənin önəmli bir mərhələsi kimi baxıram və məndə daxili bir inam var ki, ölkəni indiki vəziyyətindən daha yaxşı duruma gətirib çıxara biləcəyik.

«Media forum»
  1. Yanvar 18, 2010 tarixində, saat 11:15 səhər

    İnanıram ki, 2010-cu ildə də real müxalifətin birliyinə nail ola biləcəyik. Bunun üçün onların da bunu istəməsi vacibdir. Əli bəyin müsahibəsində mühüm faktorlara toxunulub. Əfsuslar ki, bir sıra məsələlərin həlli müxalifətdən asılı məsələ deyil. Bu gün elə müxalifət olmağın özü bir qəhramanlıqdır.

  2. Ilqar Abdullah
    Yanvar 18, 2010 tarixində, saat 1:43 axşam

    Mene ele gelir ki, muxalifetin 2010 cu il parlament sechkilerine qeder qalmish son on ay erzinde proporsianal sechki sisteminin berpasi ugrunda chalishmalari sehv addim olacaq.Bu,muxalifetin vaxtini menasiz ishlere serf etmesi ile neticelene biler.Sozun duzu,iqtidar ozu bilmeden proporsianal sechki sistemini legv etmekle muxalifetin birleshmesi uchun zemin yaratmish oldu.Proporsianal sechki sistemi real,edaletsever muxalifet partiyalarinin parchalanmasina ve ayri-ayriliqda rejime qarshi mubarize aparmasina sovq edirdi.Mojaritar sechki sisteminin ise bu quvvelerin birleshmesinde boyuk rolu oldu.Buna bariz numune, 2005-ci il parlament sechkilerini gostermek olar.Bildiyimiz kimi,olke sechicilerinin 60-70 faizini biteref elektorat teshkil edir.Bu elektotet real muxalifete inanmir,iqtidara ise nifret edir.Ona gore de sechkilerde bu elektoratin seslerini qazanmaq uchun,muxalifet mutleq birleshmeli,sechkilere bir bayraq altinda getmeli,proporsional sechki sisteminin berpasina elave enerji serf etmemeli,bu choxlugu(biterefleri)ozlerine inandirmali ve onlarin passiv movqeden chixmalari ve siyasi arenada feallashmalari uchun yollar axtarib tapmalidirlar.Bax,bu yollar nece tapilacaq,gelin hamiliqla fikirleshek ve muzakireler aparaq,onsuzda vaxtimiz azdir,beyler.Allah komeyimiz olsun,Amin.

  3. Yanvar 18, 2010 tarixində, saat 4:14 axşam

    Mənə elə gəlir ki, İlqar Abdullanın fikirlərində kifayət qədər əsaslı fikirlər var. Amma, məncə Əli bəyin müsahibəsində proporsional seçki sisteminin bərpası üçün bu il mübarizə aparılması barədə fikir yoxdur. Bu il üçün bu çox gecdir. Ona görə də, AXCP bu barədə yox, hazırki şəraitin verdiyi imkanlar və özümüzün yarada biləcəyimiz şərait çərçivəsində parlament seçkilərindən üzüağ çıxmaq məqəsdini qarşısına qoyur. Buna da nail olmaq üçün həm mübarizə əzmimiz var, həm də xalqın dəstəyini almağa ümid edirik. Amma, Əli bəyin bloqu hamıya imkan verir ki, fikir və təkliflərini də Əli bəyə ünvanlasınlar. Həm də, kimsə bunu burada etmək istəmirsə, öz poçt ünvanını qoysun və ona göndəriləcək ünvana fikir və təkliflərini göndərsin.

  4. QAFQAZ QARTALI
    Avqust 17, 2010 tarixində, saat 6:04 axşam

    BOSH-BOSHUNA OZUNUZU YORMAYIN, HECH BIRLIK-FILAN OLMAYACAQ, AY YAZIQLAR…

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: