Əsas səhifə > Yazılar, Əli Kərimli > 20 yanvar günü mən necə sağ qaldım?

20 yanvar günü mən necə sağ qaldım?

Əli Kərimli

6-cı sinifdə oxuyan qızımın: ”Ata 20 yanvar günü sən harada idin? O gün baş verənləri mənə danış” deməsi məni  xəyalən 20 il öncəyə -1990-cı ilin 19-20 yanvar günlərinə apardı.

Yanvar ayı başlayandan Bakıda gərginlik daha da artırdı. Respublikanın o zamankı kommunist rəhbərliyi ya idarəetmədən Moskva tərəfindən məqsədli şəkildə uzaqlaşdırılmışdı, ya da çox qabiliyyətsiz olduğundan heç nə edə bilmirdi. Bu arada Bakıda yaşayan ermənilərə qarşı  Moskvaya bağlı xüsusi xidmət orqanlarının  iştirakı və təhriki ilə təxribatlar artırdı. O zamankı AXC-nin strukturları çox çalışırdılar ki, bu təxribatların qarşısı alınsın, heç olmasa bərə vasitəsilə ermənılərin Türkmənistan limanlarına  salamat köçməsi təmin edilsin. Amma təxribatlar həm Qarabağ ətrafında, həm də Bakıda elə sürətlə artırdı ki, hətta bizlər – o zamankı  tələbə gənclik də başa düşürdü ki, təxribatları artırmaqda Mərkəzin məqsədi  Bakının yenidən işğalına zəmin yaratmaqdır. Aprel ayında  Azərbaycan Ali Sovetinə seçkilər olmalıydı, AXC-nin qələbəsi bu seçkilərdə labüd görünürdü. AXC-nin çoxluq olacağı parlamentin isə elə ilk qərarının dövlət müstəqilliyinin elanı olacağı da şübhə doğurmurdu.  Azərbaycanın dövlət müstəqilliyinin  qarşısını almaq üçün  nəhəng təxribat senarisi işə düşmüşdü. Böyük bəlanın yaxınlaşdığını hiss etsək də, onun qarşısını almaq iqtidarında deyildik. İmperiya hələ güclü idi. Gücümüzün  qeyri-bərabər olduğunu bilsək də, hər kəs müqavimət haqqında düşünürdü. O zaman  insanlar daha passianar, enerjili idilər. Həm də arxivlər yeni açılmışdı və xalq Azərbaycanın 1920-ci ilin 28 aprelində Qızıl Ordu tərəfindən  aldadılaraq, müqavimətsiz  işğal olunmasından  çox acıqlı idi. Belə bir şəraitdə Bakının yenidən işğalına müqaviməti təşkil etmək məqsədi ilə Milli Müdafiə Şurası yaradıldı. İlk günlər şuranın yaranması AXC İdarə Heyyətində şərti olaraq “radikal”  və “liberal”  adlanan tərəflər arasında  fikir ayrılığına səbəb olmuşdu. Amma sonrakı günlərdə Milli Müdafiə Şurasının  fəaliyyəti  AXC İdarə Heyyəti tərəfindən də zəruri sayılmış, bu quruma da rəhmətlik Əbülfəz Elçibəyin  Sədrliyi razılaşdırılmışdı. Beləliklə, o zamankı cəbhədaxili diskussiyalarda əsasən  Əbülfəz bəyin mövqeyini müdafiə edən tələbə hərəkatı da  MMŞ-yə qoşulmuşdu. Mən və dostlarım- yurd birliyinin və tələbə hərəkatının fəalları MMŞ-də çalışırdıq. Ordu Bakı ətrafına cəmləşdikcə adamlar kortəbii şəkildə şəhərə giriş yolları üzərində  barrikadalar qururdular. Yolların bağlanması üçün daha çox ağır yük maşınlarından istifadə olunurdu. Sovet qoşunlarının şəhərə girişinin qarşısını almaq əsl ümummilli ideyaya çevrilmişdi. Bakı əhalisinin tam əksəriyyəti bu prosesdə iştirak edirdi. Adamlar çox cəsarətli olmuşdular. Gözlənilən təhlükənin  çox böyük və real olması dərk olunsa da heç kim qorxmurdu. Bəlkə də qorxanlar var idi. Amma onlar da ümumi fona xələl gətirməmək üçün qorxularını gizlədirdilər.

19 yanvarda axşam televiziyanın enerji bloku partladılanda  hiss etdik ki, Sovet Ordusu  həmin gecə şəhərə girəcək. MMŞ-nin qərərgahı o zamankı Şmit adina zavodun  Mədəniyyət Sarayında yerləşırdi. MMŞ- nin fəalları olaraq  sərəncamımızda olan  telefonlu taksilərlə (o zaman bu yeganə mobil rabitə idi) şəhər ətrafında olan   barrikadalardakı vəziyyəti yoxlayırdıq. Qurd Qapısı deyilən yerdə toplaşanlarla görüşüb vəziyyəti öyrəndikdən sonra  20 yanvar  tərəfə yollandıq. Biz maşında sürücüdən başqa  3 nəfər idik. Tələbə hərəkatının fəallarından olan dostum  Seymur Babayev, Rabitə Nazirliyində çalışan bir cəbhəçi və mən. 20 yanvardakı taksidən bizə məlumat verdilər ki, ordu atəş açaraq  şəhərə daxil olur. Dərhal taksiyə 20 yanvara sürməsini söylədik. Yolda düşündük ki, 20 yanvara əliboş getməyək. Mətbuat prospektində BDU -nun yataqxanalarının yanında maşını saxladıq. Ertədən oğlanların birtəhər dilə tutub yataqxanaya göndərdiyi qızlar atəş səslərinə küçəyə çıxıb ağlaşırdılar. Onların köməyi ilə 1-2 dəqiqə ərzində xeyli yandırıcı, partlayıcı qarışıqlarla dolu şüşə qablar hazırlayıb (o zaman belə yandırıcı şüşələrlə hərbi texnikanın şəhərə girişının qarşısını qismən də olsa  alacağımızı düşünürdük.) sürətlə 20 yanvar tərəfə yollandıq. Prospekt boyu qarşımıza çoxlu sayda 20 yanvar tərəfdən qaçan adamlar gəlirdi. Onlar bizim yolumuzu kəsib maşınımızı saxlatmaq , bizi geri döndərmək istəyirdilər. Maşını saxlamadığımızı görüncə qışqıraraq, əl-qolları ilə bizə başa salmaq istəyirdilər ki, ora getmək olmaz, atirlar, adamları qırırlar. Amma biz sürətlə 20 yanvara doğru ğedirdik. Tbilisi prospektinə çıxmaq üçün sağa döndük. Tbilisi prospektinə çatan yerdə qəfildən yolun sağında, ağacların altında tankı, yanında da əsgərləri gördük.

Maşınımız çox sürətlə hərəkət edirdi. Maşının işığı əsgərlərə düşəndə onların atəş açmağa hazırlaşdığını gördük və instiktiv olaraq  nə qədər mümkünsə o qədər maşının döşəməsinə doğru əyildik. Dərhal və davamlı atəş açıldı. Maşın dərhal dayandı təkərlərini vurmuşdular. Möcüzə baş vermişdi, maşınımıza 7-8 metrlik məsafədən 30-40 güllə atılmışdı, güllələr  maşını deşık-deşık etmişdi, biz isə sağ-salamat idik. Vaxtında əyilə bilmişdik. Belə yerlərdə deyirlər ki Allah bizi saxladı. Yalnız sürücümüz əlindən yüngülcə yaralanmışdı. Başını, bədənini əyilərək güllədən qoruya bilsə də görünür peşə məsuliyyəti əlini sükandan çəkməyə qoymamışdı, həmin əlinə də güllə dəymişdi. Bizi maşından düşürüb faktiki əsir aldılar. Əmr etdilər ki, üzümüzü divara  çevirib, əllərimizi də yuxarı qaldıraq. Üzümüzü çevirdiyimiz divar isə indiki Nəqliyyat Nazirliyi binasının  həyətinə açılan (Tbilisi prospektini kəsən küçə tərəfdən) dəmir şəbəkə qapı idi). Üstümüzü yoxlayıb silahımız olmadığına əmin oldular. Maşını yoxlayıb yük yerindəki yandırıcı qarışıqlarla  dolu şüşə qabları tapdılar. Asvalta  çırpıb şüşə qabları sındırdılar. Hər şeyin bitdiyini düşündük. Komandir əsgərlərinə əvvəlcə atəşə hazır ol! əmrini verdi, sonra da  bizi güllələmək  əmrini verdi. Sovet Ordusunda ciddi hərbi hissədə xidmət etdiyimdən  o zaman orduda olan silahların demək olar hamısından 100-lərlə dəfə atəş açmışdım. Güllə səsi mənə qeyri-adi deyildi. Amma o günki güllələr təlimdə atılan güllə deyildi, bizə atılırdı.

Əsgərlər əmri yerinə yetirib atəş açdılar. Atəşdən sonra ilk ağlıma gələn oldu ki, mən sağam, ani olaraq düşündüm ki,  yəqin yaralanmışam, yara isti olduğundan  hələ ağrını hiss etmirəm. Bədənimin  müxtəlif nahiyələrini tərpədərək bir-neçə saniyəyə əmin oldum ki, allah bizi yenə saxlayıb. Komandir bizi qorxutmaq üçün əsgərlərinə bizi güllələmək əmri versə də, görünür onlara necəsə yuxarıya- başımızın üstündən atmaga işarə edib. Öz aləmində bizi qanuna təslim etmək qərarına gəlib. Amma bizi daimi gərginlikdə saxlayırdı. Bu arada  məlum oldu ki, bizi əsir kimi saxlayan manqaya qarşı yaxınlıqdakı binadan atəş açılır.

Həmin azərbaycanlının atdığı atəş bəzən bizim yaxınlığımızdakı divara dəyirdi. Atəş Salyan kazarmaları deyilən hərbi hissəyə aid zabitlər üçün yaşayış binasından gəlirdi. (Təəssüf ki, sonralar çox çalışsam da  həmin şəxsin kimliyini də, onun atışmasının nə ilə qurtarmasını da öyrənə bilmədim). Bizi əsir saxlayan hərbçilərin komandiri özünü söyərək bizi əmin edirdi ki, atılan atəşlər onun əsgərlərinə dəysə bu dəfə bizi dəqiq güllələyəcək. Yenə bəxtimiz gətirmişdi, soydaşımızın uzaqdan atdığı atəş heç kimə dəymirdi. Bu arada məlum oldu ki, bizi saxlayanlar hücum birləşməsinin əsgərləri imiş, onlar bizi başqa hərbçilərə təhvil verib irəli – şəhərin dərinliklərinə getdilər.

Dərindən nəfəs aldıq, ölümdən qurtarmışdıq, indi bizi sovet qanunları ilə həbs gözləyirdi. Həbsdən qurtarmaq üçün fikirləşməyə başladıq. Üstümdə MMŞ- nın vəsiqəsi var idi. Fikirləşirdim ki, sabah açılanda  məlum olanda kı, biz axşam döyüş sursatı hesab olunan yandırıcı qarışıqlar dolu şüşələrlə tutulmuşuq, üstəlik mən MMŞ-nin rəsmisiyəm, bundan birbaşa AXC-yə ittiham üçün istifadə edəcəklər. Vəsiqədən xilas olmaq lazım idi. O isə mənim gödəkçəmin içəridən sol cibində idi. Əlimizi isə nəinki cibimizə, heç aşağı salmağa da  qoymurdular. Saatlar keçdikcə soyuq və yuxusuzluq səbəbindən əsgərlər sayıqlığını itirirdilər. Mən də özümü yorğunluğa qoyub əllərimi yavaş-yavaş aşağı salırdım. Arabir əllərimin aşağı enməsindən hirslənən əsgərlər başımızın üstündən atəş açıb bizi bu şəkildə hədələyib intizama dəvət edirdilər. Bir-neçə dəfə yorulmaq səbəbindən əllərimi qismən aşağı endirmək fəndini işlətdikdən sonra  əsgərlərin intizamsız bir adam olduğuma alışdırdım. Nəhayət əllərimi çiynim səviyyəsində endirib vəsiqəni birtəhər cibimdən çıxarıb dəmir şəbəkə qapının o biri tərəfinə tullaya bildim. Xeyli rahatladım, indi nəinki ölümdən, hətta təşkilatımızın mənə görə ittiham olunması perspektivindən də xilas olmuşdum. Bircə qalırdı yandiricı şüşələrə görə məsuliyyətdən qurtarmaq…

Bütün gecəni küçədə keçirməli olduq, gecə dəhşətli soyuq vardı. Mən diqqət etmişdim ki, bizi gecə ərzində bir neçə dəfə başqa-başqa yeni əsgərlərə təhvil verirdilər. Nə bizi tutub saxlayan zaman, nə də bir-birlərinə təhvil verən zaman protokol yazmırdılar. Səhər açılmağa başladıqca şəhərdə əllərinə keçən başqa adamları da komendant saatını pozduğu üçün  tutub bizə qoşurdular. Sayımız xeyli artmışdı. Artıq 20 yanvar səhəri açılmışdı. Xeyli təsadüfi adam tutmuşdular, sadəcə üstlərində sənəd olmadığı üçün. Dostlarımla qısa məsləhətləşmədən sonra zabitlərlə hüquq mübahisəsinə başladım. Onlara dedim ki, şəhərdə komendant saatının elan olunması barədə qərar əhaliyə əvvəlcə elan olunmalıydı ki, biz də üstümüzdə sənəd gəzdirək. Mən bununla həm də yoxlamaq istəyirdim ki, bizə gündüz nəzarət edən komanda bilirmi ki, bizi axşam hansı şəraitdə tutublar. Məlum oldu ki, bilmirlər. Hüquq mübahisəsi xeyli davam etdi və axırda zabit dedi ki, sənədlərinizi gətirsələr sizi buraxaram. Artiq 20 yanvar günorta çağları idi. Qrup yoldaşlarımdan birinin əmisi oğlunu təsadüfən Tbilisi prospektindən keçən gördüm. Onu səslədim, zabit etiraz etmədi, ondan xahiş etdim ki, mənim bir yaxın dostumla əlaqə saxlasın, bizim durumumuzu danışsın, o da bizlərin pasportlarını yıgıb gətirsin. 2-3 saatdan sonra dostum pasportlarla birlikdə gəldi. Bizi heç nə olmamış kimi azad etdilər. Həm ölümdən, həm də həbsdən qurtarmışdım, amma heç sevinə bilmirdim. O gecə verdiyimiz itkilərin miqyasından xəbərsiz olsam da   axşam çox adamın öldüyünü güman edirdim. Bakının işğalının da qarşısını ala bilməmişdik. Küçələrin hər birində zirehli texnika dayanırdı. Bütün gecəni yuxusuz və ağır streslə keçirsəm də meyitxanaya yollandım. Şəxsən tanıdıqlarımdan, yaxınlarımdan orada heç kimi tapmadım, bu da bir kiçik təsəlli idi, amma yolda tələbə hərəkatı fəallarından Ülvü Bünyadzadənin şəhid olduğunu öyrəndim. Sarsılmışdım, üzərimdə dağ kimi böyük ağırlıq hiss edirdim. Heç ağlıma da gəlmirdi ki, Bakının bu dəfəki işğalı cəmi 1 il 10 ay çəkəcək. Amma 1 gün sonra şəhidlərin dəfn mərasimində xalqın kütləvi iştirakını görəndə başa düşdüm ki, dünənki çarpışmada əsl uduzan imperiya oldu. Onun 20 yanvar “qələbəsi” pirr qələbəsi idi. Anladım ki, daha bu xalq heç vaxt imperiyanın tərkibində qalmayacaq. İlk fürsətdəcə müstəqilliyini elan edəcək.

Xalqımızın tarixində çox şərəfli səhifələr var. Ancaq əminliklə deyə bilərəm ki, bu xalqın təkcə 20 yanvarda və şəhidlərin dəfn günü (Bakının hər küçəsini nəzarətdə saxlayan Sovet Ordusunu bir heç sayaraq) göstərdiyi rəşadət kifayətdir ki, bu xalqın böyüklüyü, cəsarəti qarşısinda baş əyəsən, onun uca millət olduğuna içdən inanasan. Xalqlar da insanlar kimi qəhrəmanlıqları hər gün, hər il etmirlər. Amma bir dəfə bu ucalığa yüksələnlərin bir daha qəhrəmanlıq etməyəcəyini heç kim düşünməsin.

P.S. 20 yanvar hadisələrindən  təqribən 20-25 gün keçmişdi. Universitetdə idim. Hüquq fakultəsində kurs yoldaşım və dostum Rahim Hacıyev mənə yaxınlaşdı, qoltuğunda çoxlu qəzet var idi. Sovet Ordusunun mətbuat orqanı olan  Krasnaya  Zvezda  qəzetini mənə göstərdi . Qəzetdə  Sovet Ordusunun  Bakıda  qayda- qanun yaratmağından, MMŞ-nin silahlı dəstələrindən   bəhs olunurdu. Foto yerində mənim həmin gecə çətinliklə dəmir qapının o tərəfinə ata bildiyim MMŞ  vəsiqəmin iri planda şəklini  vermişdilər. Rahim məqalədən xəbər tutan kimi qəzetin Bakıya gələn bütün nüsxələrini kiosklardan almışdı ki, yazı və çap olunmuş şəkil komendaturanın əlinə düşməsin.

Kateqoriyalar: Yazılar, Əli Kərimli Etiketlər: , ,
  1. Yanvar 19, 2010 tarixində, saat 8:12 səhər

    Maraqlı faktlardır Əli bəy! Bunları birinci dəfədir ki, eşidirəm. 20 yanvar səhifəsi xalqımızın qəhramanlıq səhifəsidir. Bu səhifənin yaradılmasında rolunuz olduğu üçün təşəkkür edirəm.

  2. ferid
    Yanvar 19, 2010 tarixində, saat 8:29 səhər

    Heqiqeten de sizi o gece allah saxlayib.Sizi tebrik edirem. Allahin o gece size rehmli oldugunu tez-tez xatirlayirsinizmi?

  3. Huseyn
    Yanvar 19, 2010 tarixində, saat 9:36 səhər

    Maraqli yazidir…..Maraqli olardi 93 -e qeder bash veren siyasi prosesleri bir iki meqalenizde yazasiniz..Bu chox maraqli gorunur..bu dovr uchun hami nedense eyni fikirleri seslendirmir..

  4. Ilkin
    Yanvar 19, 2010 tarixində, saat 11:59 səhər

    Tesekkur edirem yaziya gore.Husynin fikrine qatiliram,bu dovrle bagli muxtelif fikirlerin neden qaynaqlandigi cox maraqlidir.Bezileri kuchumseyir.Ve bunlar savadsiz,dunyagorushsuz shexsler de deyil.

  5. Yanvar 19, 2010 tarixində, saat 2:26 axşam

    men sizin bawina gelenleri cox diqetle oxudum. heyif ki azadliq ugrunda mubarize apardiginiz halda siz muxalifetde, azerbaycanin qara gunlerinde moskvada qacib gizlenen ilham eliyev ise hakimiyyet bawindadir

  6. Yanvar 19, 2010 tarixində, saat 5:15 axşam

    Eli bey heqiqeten de maraqli yazi idi, bizimle oz xatirelerini bolushduyunuz uchun teshekkur edirem.

  7. azer
    Yanvar 19, 2010 tarixində, saat 5:29 axşam

    Eli bey,cox yaxshi yazidir.Maraqlidir goresen o biri taninmish muxalifetciler o gun harada imishler?Hokumetle her shey aydindir.

  8. Arif Səfərli
    Yanvar 19, 2010 tarixində, saat 5:40 axşam

    Əli bəy çox maraqlı xatirələrdir.O illərin gərginliyini,o mübarizənin əzəmətini bir daha duymaq imkanı bulduq oxuduqca.Həm də təəsüf etdim, bu xalqın azadlıq mübarizəsinin iştrakçıları,bu xalq üçün gəncliyindən həyatını sərf etmiş sizlər nə zaman bu ölkədə milli bir hakimiyyət quracaqsınız.Dünənimizdə Sovet imperiyası,bu günümüzdə Əliyevlər, hələ də davam edir bu mübarizə yolu. Allah yardımçınız olsun,bu yolu bu zaman ərzində getməyə iradə, və güc gərkdir.

  9. Vəzir Əsəd
    Yanvar 19, 2010 tarixində, saat 5:44 axşam

    Əli bəy çox maraqlı yazı idi.Siz rus əsgərləri ilə üz-üzə gəlib həyacanlı anlar yaşadığınız,Bakı küçələrində insanlarımız azdlıq yolunda şəhid olduğu zamanlarda İlham Əliyev yəqin ki, Kazinoda qumar oynayırdı. İndi o harda ,azadlıq üçün savaşanlar harda…

  10. Shahin
    Yanvar 19, 2010 tarixində, saat 7:16 axşam

    Dushmanlarmiz ozleride istemeden 20 yanvar 1990 ilde Azerbaycan musteqiliyi ucun en teleb edilen hereketi ediler, xalq bu hadiselerde ayildi bildiki russya bizi koloniyasi hesab edir ve buna son goymaq teleb edilir. ve bu hadise olmasaydi Azerbaycanlda indi dek rus ordusu movcud idi.

  11. AZEIST
    Yanvar 19, 2010 tarixində, saat 7:38 axşam

    bes torpaqlarin nece xaincesine satildigindan nie behs olunmuyub? o vaxtlar Naxcivanda XC adice traktorlar, qatar vaqonlarindan tutmus torpaqlara qeder nece satildigindan da behs eleseydiniz cox maraqli olardi. bu fikir menim ozumde formalasib, o dovru yasayan cox yaxin insanlarin danisdiqlari mende bele fikirleri oyadib. o insanlar ki cox muhum vezifelerde olmagina baxmayaraq XCnin ilk illerinden isden istefa etmislerdi. onlarin danisdiqlari seylerden hec yerde niyese behs olunmur… sebeb????

  12. Ebulfez Qurbanli
    Yanvar 19, 2010 tarixində, saat 8:18 axşam

    Eli bey,bunu bir defe sizden eshitmishdim.Bunu bir daha bölüshmeyiniz cox yaxshi oldu.

  13. mercanli
    Yanvar 20, 2010 tarixində, saat 12:30 səhər

    eli bey davami gelse cox yaxsi olar,tek bu movzuda yox azerbaycanin yaxin tarixinde bas veren diger olaylarida.ugurlar

  14. Yanvar 20, 2010 tarixində, saat 8:45 səhər

    Men achigi Eli beyin olumle bu formada rastlashmagindan xebersiz olmusham.Chunki,metbuatda bu haqda hech yazilmayib.Ola bilsin ki,burada tevazokarligin rolu boyuk olub,amma xalqin her sheyi bilmesi ve sag qalanlari qinamamasi uchun mence deyilesi mumkun gercheklikleri demek yaxshi olar.
    Mene seher “Azadliq”dan oxuyub memnun eden o oldu ki,Eli bey girov veziyyetde Mudafie Shurasinin resmisi olmagini tesdiq eden vesiqeni gizletmeye cehd etmesi ve bundan teshkilata qarshi istifade planlarini pozmaq uchun istifadesi haqqinda dushunmesi,hemin kritik anda fenomenal dushunce terzi Eli beyde mesuliyyet hissinin ne derecede yuksek olmasini ortaya qoymush oldu.Bu yazinin xronolji ardicilligi 20 yanvarin huzn gunu deyil,qehremanliq gunu ve tarixi olmasini bir daha tesdiq etmish oldu.

  15. Anar Məmişov
    Yanvar 20, 2010 tarixində, saat 1:40 axşam

    Mən yazının Adını heç bəyənmədim. “20 Yanvar günü mən necə sağ qaldım”?. Həmdə hadisənin il dönümündə olması mənə çox pis təsir etdi. Sanki 20 Yanvardan “Özünütəbliğ” vasitəsi kimi istifadə etmək istəyirsiz. Onda bu Hakimiyyətlə sizin nə fərqiniz oldu bəy?….

  16. elnur
    Yanvar 20, 2010 tarixində, saat 2:33 axşam

    Yazi cox xoshuma geldi.Hem de regbetim olan siyasetcinin daha bir fexr edilesi cehetini de oyrenmish oldum.Anar memishov seninle ise qetiyyen razi deyilem.Bashqa zamanlarda biz hamimiz demirikmi ki,siyasi liderler haqqinda her sheyi bilmek isteyirik.Buyur bil.Indi Eli bey neylesin? Bashina gelenleri xalqdan gizletsin ki,birden Anarin xoshuna gelmez?

  17. Teymur Eliyev
    Yanvar 20, 2010 tarixində, saat 2:47 axşam

    Ali bey cox yaxshidir.Sizinle qurur duyuruq!

    Anar Memishov,nece yazmalidir ki?

    Ali Karimli bashina gelen hadiseni yazib.Bahsqa terefden bu yazida Ali bey Azadliq ve Millet ugrunda olume bele hazir oldugun numayish etdiribse bunun neyi pisdir?
    Belke de “virtula alemin qehramanlari” bundan numune gotursunler?

  18. Ilham
    Yanvar 20, 2010 tarixində, saat 2:50 axşam

    Sag olun Eli bey,yaxshi yazmisiniz.Anara ise demek isteyirem ki, siyasetcinin ozunu teblig etmesi eslinde normal bir ishdir.Biri orada yalandan olmayan 700 000 ish yerinden danishir,acindan olen milletin iqtisadi inkishafindan danishir ve hec birimiz qorxumuzdan sesimizi cixarmiriq. bu adam ise oz halal tercumeyi-halinin bir vereqini danishib.Yaxshi alinib,tebii ki, senin de hiss etdiyin kimi tebligatina ishleyib.Indi neyleyek?Belke yigishib Eli beye muraciet edek ki, size hormet getiren emelleriniz barede danishmayin,yazmayin.Cunki cavanliginda gununu kazinolarda kecirmeyen,kef ehli olmayan adamlardan bizim xoshumuz gelmir.

  19. ershad
    Yanvar 20, 2010 tarixində, saat 3:35 axşam

    Dostlar, evvela Eli beyin demokratizminden gelin sui istifade etmeyek.Yaranmish imkandan haqsizliq etmek ucun istifade etmeyek.Eli bey, menden olsa Anar kimi adamlarin yazilarini hec bura yerleshdirmeyin.Ne sizin, ne de bizim ureyimiz bulanmasin.Eger bu shexs hele de sizinle iqtidarin ferqini basha dushmeyibse bununla polemika aparmagin ne menasi var.Ama men ozume zidd gedib ona qisa cavab yazmaq isterdim.Sorushursan ki, sizinle iqtidarin ne ferqi oldu bey?Bu movzuda cox uzun danishmaq olar, ama en qisasi-Eli bey 20 yanvarda harada olmagindan danisha bilir.Huneri var sizin Ilham da danishsin ki, o harada olub hemin gece?Iqtidarin 2-ci adami Artur Rasizade ise rus qoshunlarini Bakiya cagirmaqla meshgul idi.Bu gunki azadligi oxuyun.Ferqi basha dushdun.

  20. Rauf
    Yanvar 20, 2010 tarixində, saat 3:57 axşam

    Anar bəy, yazılan yazıya başqa konteksdən yanaşmaq düzgün deyil.Burda özünütəbliğ yox, sadəcə yaşananların yaşandığı kimi paylaşılması var.Və mənə maraqlıdır siz bilirsinizmi indiki prezident o gün harda olub?

  21. islam
    Yanvar 20, 2010 tarixində, saat 4:59 axşam

    Əli bəy, hamını,hər şeyi tənqid etmək həvəskarlarına çox üz verməyin.Onlara qalsa günün birində deyəcəklər ki,hökumətin sizin qərərgahı almasından,sizə pasport verməməsindən də danışmayın,mandatdan imtinadan heç söhbət salmayın.26 noyabr 2005-dəki çıxışınızı isə facebookdan,yığışdırın və s.çünki yaşadıqlarınızın hamısı sizin təbliğinizə işləyir.

  22. Arif Səfərli
    Yanvar 20, 2010 tarixində, saat 5:44 axşam

    Məncə Anara fikir verməmək gərəkdir.Onu başa düşmək olar,İlham Əliyevin həyatının elə bir günü yoxdur ki,ondan danışa biləsən,o çünki o heç zaman bu xalqını nə mübarizə anlarında,nə dəki acı günlərində millətimizlə birgə olmayıb.Ona görə də Əli bəyin xatirələri təbi olaraq onun kimilərdə özünü təbliğ təəsüratı yaradır. Çünki bu xatirələr əslində Əli bəyin və onunla birgə milli azadlıq mübarizəsində iştirak etmiş bir çoxlarının bu gün xatirəsini yad etdiyimiz şəhidlərlə o məşum gecədə eyni yolda yürüdüklərini,sadəcə tale yazısına görə sağ qala bildiklərini göstərir.Və bu xatirələr Əli bəyin şəhidlərimizin getdiyi yoldan keçib gəlmiş lider olduğu həqiqətini göstərir.Bir tərəfdə kazinolardan gəlmiş və həyata ,hakimiyətə qumar oyunu kimi baxan, milli sərvətlərimizi qumar uduşu sayan İlham Əliyev,o biri tərəfdən 20 yanvarda təsadüf nəticəsində adı şəhidlərimizin sırasına düşməmiş və və həyatını xalqının milli və demokratik haqları uğrunda mübarizəyə sərf etmiş Əli bəy. Məncə keçmişindən utanmadan danışanların, millətimizə aidiyyəti olan bir ömür yaşamışların xalqımızın gələcəyindən danışmaq haqqı var.Əli bəy siz bu haqqı qazanmış lidersiniz.

  23. Arzu
    Yanvar 20, 2010 tarixində, saat 5:49 axşam

    Əli bəy çox maraqla oxudum.Sizi daha çox gözəl siyasi çıxılar edə bilən şəxs kimi tanıyırdım.Bu çür maraqlı yaza bilmənizə sizi başqa yöndən də mənə tanıtdı.Görəsən İlham Əliyev öz keçmişindən heç olmas bir səhifəlik də olsa nəsə yaza bilərmi.

  24. Vəzir Əsəd
    Yanvar 20, 2010 tarixində, saat 5:57 axşam

    Əli bəy mən İlham Əliyevlə bağlı yazılanlarla razı deyiləm. Mən inanıram ki,o da 90-cı illərdə kazinoda udzmağın həyacanını Əli bəyin rus əsgərlərinin qarşısında keçirdiyi gərginlikdən daha təsirli verə bilər. O zaman axı Heydər Əliyev oğluna bu qədər sərvət bağışlamadığı üçün İlham üçün kozinoda uduzmağın nə demək olduğunu yəqin ki,hər kəs təssəvür edə bilər.Çox istərdim ki,o da bu barədə xatirələrini yazsın.

  25. Yanvar 20, 2010 tarixində, saat 6:03 axşam

    Konstruktiv tənqid olar. Amma, qərəz və obyetivlikdən uzaqlıq yolverilməzdir.

  26. Anar Məmişov
    Yanvar 20, 2010 tarixində, saat 6:25 axşam

    Mənim Nə İlhamım var Nə Heydərim var… Amma qanı yerdə Qalmış bu qədər “Şəhidim” var… Siz nədən yazını oxuyanda yalnış yozursuz anlamadım. Yazımı yerləşdirməyin deyirsiz demək Sizdə bu günki İqtidar nümayəndələri kimi Senzura qoymaq isdəyirsiz. Demək sizdə hakimiyyətdə gəlsəz sizin hər dediyinizlə razılaşmağa məcbur olmalıyıq biz. Mən subyektiv fikrimin arxasındayam ki bu Yazının 20 yanvar günü ərəfəsində yazılması mənim ürəyimcə deyil. Birdə məhşurlardan hansısa deyib “Mən sənin fikrinlə razılmaya bilərəm amma sənin fikirlərini sərbəst söyləmən üçün canımdan belə keçərəm”.. Bəylər bəlkə bizdə belə olaq… Fikirlərimizi sərbəst söyləyə bilək. Bu rejimin yolu ilə gedib sadəcə Məthiyyələr yazmayaq…..

  27. cavid
    Yanvar 21, 2010 tarixində, saat 8:39 səhər

    Eli bey yazinizi heyacansiz oxumaq olmur.Anar sene demek isteyirem ki, burada bezileri istemese de Eli bey senin tenqidi sherhlerini sehifeye yerleshdirir.Ona gore de senin yuxarida yazdigin…Demək sizdə hakimiyyətdə gəlsəz sizin hər dediyinizlə razılaşmağa məcbur olmalıyıq biz…fikrin yersizdir.hakimiyyete gelen menim,senin kimi sherh yazanlar yox,allah qoysa Eli kerimli ozu olacaq.Onun da demokratizmini gorursen.Bir de ki, sen niye mubahise edirsen ki?senin subyektiv fikrini oxuduq.Seni topa tutan yoxdur ki. Sen de bashqalarinin,hem de coxlugun fikrini oxu.Tolerant ol.Shexsen men eminem ki,Eli bey bashina gelenler barede 20 il susmaqla yersiz tevozakarliq edib.Men tesevvur edirem ki, indi hakimiyyetde olan liderlerin heyatinda bele sherefli sehifeler olsaydi her 20 yanvarda 3 gun tv-ler zehlemizi tokerdi.Belke film zadda cekerdiler.

  28. islam
    Yanvar 21, 2010 tarixində, saat 8:51 səhər

    20 yanvar hadiselerinden ele 20 yanvarda yazarlar.Burada cetin basha dushulen goresen nedir.Shubhem yoxdur ki, Eli bey 20 yanvar xatirelerini bashqa bir gunde yazsaydi, onda da deyen olacaqdi ki, bu meseleni saxlayib 20 yanvarda yazmaq yaxshi olardi ki,yerine dushsun.

  29. Nermin
    Yanvar 21, 2010 tarixində, saat 10:47 səhər

    Başlıq gözəldir. Bilmirəm niyə, amma mənə təbliğdən çox bir gəncin çiyin-çiyinə çalışdığı Anadolu türkləri demişkən “dava arkadaşlarını”itirmə acısını yaşayaraq etdiyi vicdan mühasibəsinin nəticəsi, öz-özünə verilən cavabları kimi gəldi. 20 Yanvar-birlik və zəfər günüdür!

  30. Anar Məmişov
    Yanvar 21, 2010 tarixində, saat 12:58 axşam

    Xanım Mən olsam belə yazardım Mən necə ölmədim?.. Əgər “Dava Arkadaşlarımı” itirdikdən sonra hər hansı bir yazını yazmağa məcbur qalsaydım……

  31. Fuad Qəhramanlı
    Yanvar 21, 2010 tarixində, saat 7:03 axşam

    Anar bəy,bir qədər səbirli və obyektiv olmağa çalışın. Nədir sizi özünüzdən belə çıxaran,niyə sizin fikirləriniz bloqa qoyulmağına baxmayaraq,bu iqtidarla bənzətmə apararaq sizə qarşı senzura qoymağa görə ittiham edirsiniz. Əli bəy bir bloqunda sizə belə sərbəst fikirlərinizi ifadə etmək imkanı verirsə, İlham Əliyev dövlətin olan televiziyalarda bir müxalif fikrin eşidilməsinə belə imkan vermir. Əgər obyektiv görünmək istəyirsinizsə bu fərqi qiymətləndirməyi bacarmanız gərəkdir.Digər tərəfdən özünü reklam o zaman olur ki,insan hansısa haqqı çatmayan iddialara can ata,olduğundan fərqli görünməyə çalışa. Deyin Əli bəyin xatirələrində bunlardan hər hansı biri varmı.Sizin məntiqlə onda heç kim öz keçmişindən danışmamalıdır ki,bu özünü reklamdır.Bəs 20 Yanvarda bu xatirələr danışılmayacaqsa nə zaman danışılmalıdır.Siz müxalifətə qarşı qərəzli olan biri kimi Əli bəyin dilindən müsbət görünə bilən hər hansı bir hadisəni eşitmək istəmirsinizsə və bunun ona qarşı rəğbət oyatdığından əndişələnirsinizsə məncə problem Əli bəydə deyil,sizin qərəzli mövqeyinizdəir.Bu sizin “mən olsa idim yazının adını mən necə ölmədim qoyardım” demənizdən də görünür.Verilən cavablara deyəcək bir söz tapmamısınız deyə heç bir məna ifadə etməyən ad dəyişikliyi fikri ilə nə demək istəmisiniz. Nə deməkdir bu,belə çıxır ki siz ona görə narazısınız,Əli bəy yazının adını belə qoymayıb,belə qoysa idi sizn nəzərinizcə problem olmayacaqdı.Onda siz bunu reklam saymayacaqdınız.Anar bəy, Mübariz Qurbanlıya oxşamayın,haqsız çıxdığınız yerdə haqsızlığınızı etiraf etməyi bacarın,bu sizi qərəzli görünməkdən saxlayar.Fikrinizi əsaslandıra bilmədiyiniz halda mübahisəyə girməyin.

  32. Rəşadət Axundov
    Yanvar 22, 2010 tarixində, saat 10:43 səhər

    Çox təccüb edirəm ki, ciddi və hörmətli adamlar oturub Anarın diletant arqumentlərinə vaxt və əsəb ayırıb palaz boyda cavablar yazır. Boş verin bu adamı, bu adama nəinki İlham Əliyev hətta Bayram Kürdəxanılının da prezident olmağı artıqdır. İşinizdə olun. Qoyun yazsın da, boş bekarçılıqdı.

  33. tural
    Yanvar 22, 2010 tarixində, saat 11:27 səhər

    Sag ol Reshadet.Kishi adamsan.Elave edecek bir shey yoxdur.Super!

  34. Anar Məmişov
    Yanvar 22, 2010 tarixində, saat 3:16 axşam

    Demək düzünü deyirəm ki palaz boyda cavab yazılır. Hamı mövzunu yox mənim şərhimi müzakirə edir. Hərçən ki mən sadəcə subyektiv fikrimi bildirmişdim. Düz söz acı olur. O ki qaldı mənim İlham Əliyevə qarşı heç bir siumpatiyam yoxdu sizin bəlkədə əksəriyyətinizdən çox mən ona nifrət edirəm. Sadəcə bu şərhlərdən sonra düşünürəm ki Əliyevlər rejimini yıxmaqda sizlərə arxalanmaqda bəlkədə yanılırammış. Rəşadət bəydən soruşmaq isdərdim ki Bayram Kürdəxanlı kimdir? Onun haqqında məlumat versəz bəlkədə doğurdanda mən onu prezdentim olaraq seçərdim……..

  35. Fuad Qəhramanlı
    Yanvar 22, 2010 tarixində, saat 5:11 axşam

    Anar yazdıqlarına olan reaksiya sənin doğru dediyinə görə deyil,belə olsa idi özündən başqa da kimsə sənə dəstək verərdi,tam əksinə bu sənin yanlış fikirlərinə görədir.Sən bunu ictimai qınaq kimi qəbul et,yox əgər ictimai qınağa tuş gəlib,haqsız mövqedən çıxış etməkdən zövq alırsansa onda məncə sənə psixiatr cavab versə daha doğru olar. Məncə insan doğrunu axtarmalıdır,acığa düşüb haqsız mövqedə israr etmək haqsız yerə ittiham etdiyini daha qabarıq şəkildə haqlı göstəriri.Bax bu halda sən öz haqsız mövqeyinlə istəmədən Əli bəyin haqlı mövqeyini reklam edirsən.Əgər fərqinə varmadan tənqid etmək şakərindirsə,onda İlham Əliyevdən yapış,həm tənqid etməyə çox şey taparsan,həm də bu qədər qərəzli görsənməzsən.

  36. Anar Məmişov
    Yanvar 22, 2010 tarixində, saat 5:27 axşam

    Fuad bəy kim deyib ki mən İlham Əliyevi tənqid etməmişəm. Buyurun bir örnək. Hərçənd ki heç isdəməzdim bunu sadəcə məcburiyyətdəndi.

    “Lazım” gəlsə biz öz torpaqlarımızı müharibə
    yolu ilə geri qaytaracıq.
    İlham Əliyev

    Neçə ildi qulağımız səndədi
    Şuşa yolu dumandadı çəndədi
    Axı bizim inkişaf da öndədi
    Aşot bizə hələ çoxmu güləcəy
    Baş komandan “Lazım” nə vaxd gələcəy?

    Qarabağda neçə şəhər talandı
    Od vurdular qəlbimizdə qalandı
    Yoxsa sənin sözlərin də yalandı
    Millət bu cavabı haçan biləcəy
    Baş komandan “Lazım” nə vaxd gələcəy?

    Sən nə dedin bizdə HƏ söylədik
    Səni bizlər addım addım izlədik
    Bəs deyilmi bir bu qədər gözlədik
    Yoxsa bizim ümidimiz öləcəy?
    Baş komandan “Lazım” nə vaxd gələcəy?

    Şəhid anası ürəyin dağlayır
    Xarı bülbül bulaq təki çağlayır
    Xəbər var ki Xocalı qan ağlayır
    Axı onun yaşını kim siləcəy
    Baş komandan “Lazım” nə vaxd gələcəy?

    Namə yazıb yolla sən bu ATƏTƏ
    Qarışmasın heç bizim siyasətə
    Gül hey salsın Oskaryanı xəlvətə
    Erməni sülhlə torpaqmı verəcəy?
    Baş komandan “Lazım” nə vaxd gələcəy?

    İlham Əliyevə ünvanlanıb. Bu şeri oxuyanda bir Çox YAPçılard hətta burdakından daha çox insan mənə etiraz etdi. Demək İctimai qınaqdı bu?

  37. Yanvar 22, 2010 tarixində, saat 6:49 axşam

    Məncə təkcə Əli bəy deyil, o hadisələrin şahidi və iştirakçısı olmuş hər bir Azərbaycan vətəndaşı bu cür yazılar yazmalıdır. Belə yazılar tarixi qələmə almaq baxımından çox gərəklidir. Bu baxımdan Əli bəyin yazısını təqdir edirəm.

  38. Yanvar 22, 2010 tarixində, saat 8:44 axşam

    Men bu yazishmada olan ferqli movqeleri o zamana qeder sehrchi qala bilerdim ki,bu sadece ferqli fikir olaraq qalsin.Indi geronde ki, Eli beyin meqalesinde bashliq kimi chixarilan fikrin ferqli interpetasiyasi(izahi)verilir,onda bu fikirin muellifine bildirmek isterdim ki,gelin o zaman edaletli olmagimiz uchun bezi faktlari yadimiza salaq.
    Eli beyin hemin vaxt-20 yanvardaki olumle uz-uze dayanmish veziyyetini,sheraitini goz onune getirek.Ichkili veziyyetde olan rus herbchileri ve ellerinde avtomat.Kesdikleri basha sorgu yox….Bu veziyyetde eli yalin ve shushe qablarda onlari zerersizleshdirmek uchun ustlerine gelmish hazirliqli gencler…Bundan da daha agir veziyyet varmi ki,insan bunu hansisa veziyyetle muqayise etsin.Gelin vicdan hissimizi itirmeyek.
    Eksine men yuxaridaki reydimde de bildirmishdim ki,bunu neinki,gec deyilib,dile getirilib,ozude chox yubanib.Eger Eli beye bele heyatinin bu kritik meqamini dile getirib divident qazanmaq isteyi olsaydi,onda gerek 20 yashindan meydanlardaki siyasi mubarizesi haqqinda epopeya yazardi.Chunki,onun heyati uchun olumle uz-uze qalan ve durush “vidini” itirmeyen ikinci bir siyaset adami tanimiram.Heyati tehlukelerle,sui-qesdlerle dolu olan,olumun pencesinde daim vurushan bir insanin onda gerek heyatinin butun epizodu gundemi zept etsin.
    Gelin Ilhamin hikkesinden,tekebburunden qorxub adini chekmek qeder cesaretsizlik gosterib,tevazokar liderin demokratizminden istifade etmeyek.

  39. Azad
    Yanvar 23, 2010 tarixində, saat 6:07 axşam

    Hə Anar sən YAP-çıların etirazını ictimai qınaq yox,ictimai təqdir kimi qəbul edə bilərsən. Burada tənqid olunan sənin şəxsiyyətin deyil haqsız olan fikrlərindir.İlhamla bağlı yazdıqların haqlı olduğu üçün bu məsələdə kimsə YAP-çılar xaric səni qınamır, əgər sənə qarşı bir qərəz olmuş olsa idi onda sən etdiyin kimi fərqinə varmadan sənin bu şerinə görə də səni qınayardılar. Bax xalqımızda seçkilərdə bu iqtidara səs vrməməklə əslində bu rejimə münasibətdə müxalifətlə bir mövqedən çıxış edir, o üzdən də bil ki, YAP-çıların tənqid etdiyini xalqımız təqdir edir. Xalqın təqdiri isə bu ölkədə İlham Əliyev deyil, xalqın etirz və tələblərinin təımsilçisi olan Əli bəydir. Anar sənə yazılanlar da dostcasına səni yanlışdan saxlamaq üçündür.Doğruya doğru,yanlışa da yanlış demək vicdan məsələsidir.

  40. AZEIST
    Fevral 5, 2010 tarixində, saat 10:17 axşam

    siz Allah besdirin. bos bos movzu ustunde niye mubahise aparirsiz? menim sualima nie cavab yazilmadi? her gun girib baxiram bura ama hele de cavabi gormemisem……

  41. Fevral 4, 2012 tarixində, saat 8:03 səhər

    Gercekden maraqli yazidi!

  42. Efraim Korkut
    Yanvar 21, 2013 tarixində, saat 8:25 səhər

    Sizin şahsınızda Azarbeycanlı kardeşlerime şehitleri için rahmet diliyorum..Olayların tekrar yaşanmaması için Cenab-ı Allahtan sizlere yardımcı olmasını dilerim.Sizleri seviyoruz.Türk halkı olarak arkanızdayız..Ve bir hatırlatma:Vahhabi araplarla bizi bir tutmayın.Biz kardeşiz..

  1. Yanvar 20, 2010 tarixində, saat 10:41 axşam

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: