Əsas səhifə > Müsahibələr, Əli Kərimli > “Azadlıq”dan daha böyük birlik istəyirik

“Azadlıq”dan daha böyük birlik istəyirik

28 -01 -2010

Əli Kərimli: “Mənə heç kim izah edə bilməz ki, daha böyük koalisiya yaratmaq əvəzinə olan birliyimizdən imtina etməliyik»

«Avtoritar rejimlərdə seçkiyə 9 ay qalmış demokratik qüvvələr onları ayıran yox, birləşdirən məqamları axtarıb tapmalıdırlar»

Seçki müzakirləri müxalifətdaxili ittihamları gücləndirib. Bu dəfə ittihamlar partiya rəhbəri səviyyəsində səsləndirilir. Bir neçə gün əvvəl Müsavat başqanı İsa Qəmbər digər partiya sədrlərinin ünvanına «Rusiyanın, İranın, MTN-nin agenti» ifadəsini işlətmişdi.
Birlik müzakirlərinin aparıldığı dönəmdə bu açıqlama olduqca maraq doğurdu.
Qeyd edək ki, İsa Qəmbər  yalnız AXCP ilə birgə seçkiyə qatılmağa hazır olduğunu bəyan edib.
AXCP sədri Əli Kərimli ilə söhbətimizdə müxalifətdaxili müzakirələrdən, birlik modellərdən və qarşılıqlı ittihamlardan danışmışıq.

– Əli bəy, bələdiyyə seçkilərinin nəticələri fonunda cəmiyyətin, hakimiyyətin və müxalifətin parlament seçkilərinə hazırlığını necə qiymətləndirirsiniz?

– Baxmayaraq ki, bələdiyyə seçkiləri faktiki seçki kimi keçirilmədi, hətta əvvəlki illərdə olan demokratiyanın imitasiyası da baş vermədi. Ancaq paradoksal olsa da, mənim də, cəmiyyətin də parlament seçkiləri ilə bağlı gözləntiləri fərqlidir. Ötən ili demokratiyadan uzaq, demokratiyanın məhdudlaşdırılması ilə xarakterizə olunan il kimi yola salsaq da, amma bu ilin seçkiləri siyasi mübarizə üçün müəyyən imkanlar yaradacaq.

– Hansı mənalarda?

– Əvvəla, parlament seçkiləri prezident və bələdiyyə seçkilərindən pozitiv mənada çox fərqlənir. Bələdiyyə seçkilərinə cəmiyyət bir qayda olaraq çox əhəmiyyətsiz kimi baxır, çünki yerli idarəetmə orqanlarının səlahiyyətləri həddindən artıq məhduddur, beynəlxalq maraq da olmur. Bu mənada bələdiyyə seçkilərinin ölkədə nəyisə dəyişəcəyinə adamları inandırmaq olmur. Belə olduqda isə bələdiyyə seçkiləri əvvəlki illərdən də passiv keçir. Prezident seçkilərində isə yalnız bir yerə seçki keçirilir. Ölkədə saxtakarlıq şəraiti qaldıqca adamlar başa düşürlər ki, həmin bir yerə də hökumətin namizədi saxtalaşdırılaraq təyin olunacaq. Parlament seçkilərində isə kifayət qədər fərqli vəziyyət var. Əvvəla, bu seçkilər bələdiyyə seçkilərindən daha əhəmiyyətlidir və insanları inandırmaq olur ki, parlament seçkilərində ölkənin taleyi ilə bağlı hansısa dəyişikliklər ola bilər. Həm də bir çox ölkələrin təcrübəsi göstərib ki, parlament seçkiləri köklü dəyişikliklərin başlanğıcı olub, bu mənada bələdiyyə seçkilərindən fərqlənib. Prezident seçkilərindən ona görə fərqlənir ki, parlament seçkilərində tam və qəti qələbə və tam və qəti məğlubiyyət yoxdur. Ola bilsin ki, bir çox dairələrdə müxalifət məğlub olsa da, hansısa dairələrdə uğur qazana bilir. Yaxud qələbələr hansısa həddə rəsmiləşə bilməsə də, amma proseduru davam etdirmək olur. Məsələn, 2005-ci ilin parlament seçkilərində bütün saxtalaşdırmalardan sonra “Azadlıq” blokunun 8 nümayəndəsinin seçildiyi etiraf olunmuşdu. O başqa məsələdir ki, üçümüz mandatdan imtina etdik. Hazırda 40 namizədin şikayəti Avropa Məhkəməsində icraata götürülüb. Yəni prezident seçkilərindən fərqli böyük qələbə olmasa da, hansısa kiçik qələbələr istisna deyil. Amma böyük qələbələr də prinsipcə istisna deyil. Ona görə də parlament seçkilərinə maraq çox olur, o cümlədən parlament seçkilərinə iqtidarlı-müxalifətli və müstəqil olaraq yüzlərlə adam qatıldığından ictimai fəallıq kəsb edir. Beynəlxalq marağı da nəzərə alsaq parlament seçkiləri ictimai fəallığı gücləndirmək və demokratiya uğrunda müəyyən addımların atılması üçün yaxşı imkanlar yaradacaq.

– Ancaq təhlükələrdən danışanlardan da var. Müttəfiqiniz Lalə Şövkət bildirib ki, bələdiyyə seçkiləri parlament seçkiləri öncəsi məşq olduğundan daha süst keçə bilər, ona görə o, namizədliyini irəli sürməyəcək…

– Əvvəla, Lalə xanım cəmiyyəti hökumətin niyyətindən xəbərdar edir. O, demir ki, biz əlimizi yanımıza salıb hakimiyyətin niyyətini həyata keçirilməsini gözləməliyik. Lalə xanım cəmiyyətə mesaj verir ki, bələdiyyə seçkilərindən sonra biz bilməliyik ki, özümüz insanları kütləvi şəkildə mübarizəyə səfərbər edib hansısa dəyişikliklərə nail ola bilməsək hakimiyyətin niyyəti tam bir partiyalı sistemə keçməkdir.

– Bəs onun seçkilərdən geri çəkilməsini necə izah edərdiniz?

– Bu, geri çəkilmə yox, seçkilərdə iştirak etməməklə bağlı qərardır. Yəqin ki, özü lazım bilsə daha ətraflı izahatını verər. Amma Lalə xanım namizəd olmasa da müxalifətin, öz partiyasının, blokun qələbəsi üçün ciddi əzmlə çalışmaq əzmindədir. Mən onunla tez-tez əlaqə saxlayıram, o, yenə də özünə inamlı əhval-ruhiyyədədir. Bu il də Lalə xanım mübarizənin ön sıralarında olacaq.

– Ümumiyyətlə, Lalə xanımla seçkilərə və müxalifətin birliyinə yanaşmanızda ziddiyyət və fikir ayrılığı varmı?

– Biz Lalə xanımla çox yaxşı münasibətlərdəyik və bu, siyasi münasibətlərin üstündədir. Mən Lalə xanımda Azərbaycan siyasətçilərində görmədiyim bir çox xüsusiyyətləri görmüşəm. Ona görə də aramızdakı ziddiyyətlərdən danışmaq yersizdi, çünki belə şey yoxdur. Amma aramızda fərqli fikirlər ola bilər və biz bu məsələləri müzakirə edib ortaq məxrəcə gəlirik. Bilirsiniz, nə qədər insan varsa, bir o qədər də özünəməxsus subyektiv fikirlər var. Nəinki blokda, bir partiyanın daxilində də ilk baxışda bütün məsələlərə yekdil münasibət olmur, müzakirə tələb olunur, qarşılıqlı arqumentlərin hesablanması nəzərdə tutulur. Bu müzakirələr millətimiz, müxalifət üçün ən doğru olanı tapmaq üçündür. Belə olduqda hansısa antoqonist ziddiyyətdən və fərqli maraqlardan söhbət gedə bilməz. Ən yaxşını və doğrunu tapmaq üçün fikir mübadiləsindən söhbət gedir ki, bu, parlament seçkilərində iştirakın formalarından ibarətdir.

– Son zamanlar Siz də, müavininiz Fuad Qəhrəmanlı da müxalifətin birliyinin necə olması haqqında məqalələr yazmısınız. Müsavat rəsmiləri isə açıq şəkildə bəyan edirldər ki, birlik deyəndə yalnız AXCP ilə əməkdaşlığı nəzərdə tuturlar…

– Əvvəla, bu barədə Sizdən öncə başqa bir jurnalist də sual vermişdi. Mən məhz parlament seçkilərində iştirak etməklə bağlı Müsavat Partiyasının “Azadlıq” bloku ilə əməkdaşlıq etmək istəmədiyi barədə rəsmi mövqeyə rast gəlməmişəm. Ümid edirəm ki, belə bir mövqe olmayacaq. Hesab edirəm ki, Siz keçmişdə olan müzakirələrin təsiri altında bu sualı verirsiniz. Əvvəllər müxalifətin müxtəlif formatları yaranan zaman belə müzakirələr olub. Yəni “Azadlıq” bloku ilə Müsavat Partiyası arasında xoşagəlməz müzakirələr baş verib. Amma mən bilən parlament seçkiləri ilə əlaqədar istinad etdiyiniz mövqe Müsavat tərəfindən ifadə olunmayıb. Ona görə də qarşıdan gələn seçkilərdə demokratiya üçün çalışan qüvvələrə şərait yaradılmalıdır ki, ümummüxalifət birliyində təmsil olunub öz xidmətlərini xalq üçün versinlər. Amma hesab edirəm ki, mübarizənin mərkəzində “Azadlıq” bloku ilə Müsavat birlikdə dayanmalıdır. Bu mənada bu təşkilatlar arasında gərginlik yaratmağa yönələn açıqlamaları doğru saymıram.

– Müsavat Ali Məclisinin sədri Sülhəddin Əkbər qəzetimizə bu günlərdə deyib ki, onlar yalnız AXCP ilə birgə seçkilərdə iştirak etmək istəyirlər. Bu, Sizə nəsə demirmi?

– Xeyr! Bir daha vurğulamaq istəyirəm ki, zaman-zaman mətbuat vasitəsi ilə müzakirələr aparmışıq. Həm də təmaslarımızda demişik ki, hər hansı birləşmə təklifləri mövcud olandan daha mükəmməl birliyə doğru yönəlməlidir. Hər hansı birləşmə təklifi parçalanma assosasiyası yaratmamalıdır. Hazırda ölkənin üç partiyası beş ilə yaxındır ki, bir yerdə fəaliyyət göstərirlər. Bəli, etiraf edirik, bu birlik ölkənin demokratik resurslarını səfərbər etmək üçün yetərli deyil. Bu mənada “Azadlıq” blokundan da daha böyük birlik istəyirik. Onda niyə olanı parçalayaq? Necə başa düşmək olar bu məntiqi ki, hazırda “Azadlıq” bloku var. Bu yaxınlarda keçirilən sorğuların nəticəsində blokunun parlament seçkilərində müxalifətin əsas qüvvəsi kimi göstərilmişdi. Ancaq mən özüm blokun təsisçilərindən biri kimi düşünürəm ki, daha geniş birlik yarada bilək. Yarada bilmiriksə, olanı nə məqsədlə dağıtmağımızı başa düşmürəm. Mənə heç kim izah edə bilməz ki, biz daha böyük birlik yaratmaq əvəzinə olan birliyimizdən imtina etməliyik.

– Amma Müsavat rəsmiləri AXCP ilə birliyi ideoloji eyniliklə əsaslandırırlar…

– Bu şəkildə partiyaları dəyərləndirmək düz deyil. Bunlar hamısı keçilmiş mərhələlərdir. Həm də qarşılıqlı ittihamlar olan bir mərhələydi. Bilirsiniz, bizim neçə illər ərzində qarşılıqlı ittihamlar səsləndirməyə, biri-birimizi gözdən salmağa vaxtımız olub, hətta lazım olduğundan da çox olub. Çox təəssüf ki, hər dəfə seçki məğlubiyyətindən sonra müxalifət düşərgəsi daha yaxşı toparlanıb qələbə üçün birlik formatını axtarmaq əvəzinə qarşılıqlı ittihamlara üstünlük verib. Bu, təəssüf doğursa da, qismən başa düşüləndir ki, seçkilərdən sonra belə əhval-ruhiyyə Azərbaycan siyasətinə hakim olub. Mənim üçün çox qəribədir ki, seçkilərdən əvvəl bu cür qarşıdurma müxalifət düşərgəsində gücləndirilir. Hətta bəzən belə görünür ki, şüurlu şəkildə gücləndirilir. Bu, əlifbadır ki, bizim kimi avtoritar rejimlərdə seçkiyə 9 ay qalmış müddətdə demokratik qüvvələr onları ayıran, biri-birinə qarşı qoyan məqamları yox, birləşdirən məqamları axtarıb tapmalıdırlar. Niyə biz bu sadə həqiqətə əməl etməyək ki?

– Siz qarşılıqlı ittihamlar deyəndə Müsavat başqanı İsa Qəmbərin son açıqlamalarını nəzərdə tutursunuz?

– Mən ümumiyyətlə Azərbaycan müxalifətinin keçmişi ilə bağlı bu ifadəni işlətdim.

– Bəs İsa Qəmbərin son açıqlamalarını necə qiymətləndirirsiniz?

– Niyə elə hesab edirsiniz ki, mənim hər açıqlamamı İsa bəy, onun hər açıqlamasını mən qiymətlətləndirməliyəm? Biz ekspertik? Bizim fikrimizə oxucu, seçici və millət münasibət bildirsin. Axı hər dəfə biri-birimizin açıqlamalarımıza şərh versək münasibətlərimizi necə daha da yaxşılaşdıra bilərik? Yaxud seçki ilində müxalifətin birliyini necə yarada bilərik? Ona görə hər bir siyasətçinin açıqlamasına və əməlinə də seçici qiymət verməlidir, dar mənada da oxucu.

– Mən ona görə bu məsələnin üzərində dayanıram ki, İsa Qəmbərin dediklərinə müttəfiqiniz Lalə Şövkətin müavini Əvəz Temirxan çox sərt münasibət bildirdi. Bu mənada Sizin də reaksiyanız lazım deylmi?

– Xeyr, təhrif edirsiniz. Əvəz bəy İsa bəyin dediklərinə hər hansı sərt münasibət bildirməyib. Əvəz bəy “Yeni Müsavat”dakı yazılarla bağlı danışıb.

– Əli bəy, Əvəz Temirxan MIA.Az saytına bu barədə danışaraq bildirib ki, İsa Qəmbər 37-ci ilin ovqatında danışır və bizim qəzet də bu açıqlamanı dərc edib…

– Natiq bəy, mən dedim, ikinci dəfə təkrar edirəm, mənə, müxalifət partiyasının sədri və bloku həmsədri kimi müxalifəti birləşdirən məqamları cəlb etmək lazımdır. Sizə nəyə görə əks lazımdır?

– Əks lazım deyil. Məni düzgün başa düşün. Onda sualı belə qoyuram, İsa Qəmbərin məlum açıqlaması müxalifətin birliyini yaxınlaşdırır, yoxsa…?

– Mən elə indicə sualınıza cavab verdim. Yəni nəyə görə siyasətçilərin biri-birinin açıqlamalarını şərh etməyi doğru saymıram. Əgər sualın cavabını verdimsə, onda vaxtımızdan səmərəli istifadə edək.

– İsa Qəmbər demişdi ki, müxalifət düşərgəsində, İranın, Rusiyanın, MTN-in, Ramiz Mehdiyevin adamları var…

– Natiq bəy, sualınıza cavab vermişəm, buyurun davam edin.

– Aydındır! Nədənsə müxalifət düşərgəsində gözləmə mövqeyi var. O mənada kimsə gəlib seçki öncəsi durumu dəyişəcək, yalnız bundan sonra parlament seçkilərində namizəd olmağa dəyər. Bu münasibəti bölüşürsünüzmü?

– Xeyr. Hesab edirəm ki, il başlayandan olduğumuz düşərgədə ciddi müzakirələr başlanıb. Biz müxalifətin bir araya gəlməsi, daha uğurlu formatda birləşib 2010-cu il seçkilərinin yaratdığı fürsətdən cəmiyyəti fəallaşdırmaq üçün maksimum istifadə ilə bağlı ciddi işə başlamışıq. Həm ictimai təşkilatların, həm blokun buna hazırlanması prosesi gedir. Həm də paralel olaraq artıq partiyalardan birbaşa parlament seçkilərinə yönəlmiş hazırlıqlar da aparılır. Ola bilsin cəmiyyətin hansısa kəsimində dediyiniz gözlənti ola bilər. Amma siyasi qüvvələr də belə gözləmə mövqeyi ola bilməz. Hamımız yaxşı bilirik ki, özümüz özümüzə çarə tapmasaq, nəticə əldə etməsək heç kim bizi azadlığa qovuşduran deyil.

– Siz namizədliyinizi verəcəyiniz dairəni müəyyənləşdirmisinizmi?

– Xeyr!

– Təxminən nə vaxta müəyyən ola bilər?

– Hansısa dairədən namizəd olmağım mənim fikirlərimin çox az bir hissəsini məşğul edir. 2005-ci ildə ümumi səylərimin çox kiçik bir hissəsini öz dairəmdə qələbəyə sərf etdim. Demək olar ki, bütün gücümü blokun uğuru üçün səfərbər etdim və o rayon qalmadı ki, orda blokun namizədlərinin kampaniyasında iştirak etməyim. Ona görə indi özüm üçün bir dairədə seçki işini qurmaq düzgün olmazdı. Mənim üzərimdə bir partiyanın, hətta blokun məsuliyyətinin bir hissəsi var. Bu mənada hamının marağını və bütövlükdə seçki kampaniyasının strategiyasını düşünməyim düzgün olardı.

– Ancaq siyasi baxımdan fəal olanları Əli Kərimlinin hansı dairədən namizəd olması məşğul etmirmi?

– Məşğul etsin də. Kimlərsə qüvvələrini səfərbər etsin, sövdələşmələr edib hökumət namizədlərini düşünsün. Niyə də məşğul olmasınlar?

– Siz istəmirsiniz ki, cəmiyyət hansı dairədən namizəd olacağınızı bilsin?

– Vaxt çatanda elan edəcəyəm. Partiyadaşlarımla, mənimlə birgə olan müxalifətçilərlə məsləhətləşəcəm. İndi nə olub, heç nə olmamış Əli Kərimli öz dairəsini müəyyənləşdirməklə məşğul olmalıdır?!

– Bəzi siyasilər dairələrini müəyyənləşdirdiyinə görə bu sualları verirəm.

– Mən artıq sözümü dedim.

Natiq CAVADLI

http://www.bizimyol.az/?mod=news&act=view&nid=33750

  1. Yanvar 28, 2010 tarixində, saat 6:01 axşam

    Əli bəyin söylədiklərində nə qədər böyük həqiqətlər var. Doğrudan da bu gün müxalifəti və cəmiyyəti birləşdirən məqamlar üzərində dayanmaq lazımdır, onları parçalayan məqamların yox. Bax elə bu şüar da ola bilər. Dəyişmək lazımdır. Həm münasibəti, həm də hər kəs özünü.

  2. Ali Rza
    Yanvar 29, 2010 tarixində, saat 8:38 səhər

    Müxalifətin birliyi barədə çağırış və fikirləriniz yüksək qiymətə layiqdir. Birlik üçün göstərdiyiniz səylərdəki səmimiyyətə görə isə xüsusi təşəkkürlər…
    Kaş ki birliyə çağırdığınız həmkarlarınız da demokratiya naminə Sizin qədər səmimiyyət, fəallıq və fədakarlıq göstərmiş olyadılar…
    Lütfən bir neçə suala da aydınlıq gətirərdiniz: istəməzdik,ama birdən birlik yönündə çağırış və səyləriniz nəticə vermədi, arzuladığınız birlik alınmadı, onda seçki taktikanız nədən ibarət olacaq?
    Birlik alınmasa demokratik düşərgədəki vəziyyət və Azərbaycanda demokratiyanın qalib gəlmə perspektivləri necə olacaq?
    Birlik baş tutacağı halda demokratik düşərgənin nəticələrini rəsmiləşdirə biləcəyi qələbəsi mütləq görünürmü?

  3. Teymur
    Yanvar 29, 2010 tarixində, saat 9:45 səhər

    Ali Karimlinin movqeyi-ittihamlardansa birleshdirilen deyerlerden danishmasi en yaxshisidir.Indi hami bu movqeden cixish etmelidir.Bizi birleshdirilin meqamlar one cekilmelidir ki Azerbaycani bu irticanin girovundan qurtaraq

  4. Kamran Azad
    Yanvar 29, 2010 tarixində, saat 9:52 səhər

    Dogrudan da bu ne movqedir ki real birlik pozulsun?

    Bir genc kimi Ali Karimlinin yanashmasini destekleyirem.Bu qeder az vaxt qaldigi dovrde niye parcalnam olmalidir ki?Eliyevlere qarshi birlik olmalidir

  5. Yanvar 29, 2010 tarixində, saat 11:32 səhər

    Hemisheki kimi chox deyerli ve duzgun fikirlerdir. Her kes Ali bey kimi muxalifetin birliyina chalishsa chox sheylere nail olmaq mumkundur. Bu sahede Size ugurlar, Ali bey. Umid edirik buna nail ola bileceksiz.

  6. Yanvar 29, 2010 tarixində, saat 12:11 axşam

    Bilirsiz,mene bezen ele gelir ki,bu birlik haqqinda daha semimi ve butun varligi ile chalishanlarla, ona hele munasibet bildirmeyen,bu yolda teshebbuskar kimi gorunmeyenler arasinda bezen beraberlik isharsei qoyulur.Men ele bilirem,hansisa prinsipial meqamda razilashmani pozanlar indi,daha chox barishiga,konsensusa,shertsiz birlshmeye meylli olmali idi.Indi baxiram,kechmishi ile geleveyine probem yaratmayan Ali bey,var gucu ile subuta yetirmekdedir ki,birlik zeruridir.Ozude,hech bir shert qoymadan.Indi ozunu muxalifet sayan partiya bashqanlari movqe ortaya qoymalidirlar ki,biz de birge fealiyyetin terefdariyiq.Eslinde,men dushunurem ki,”Musavat”in tek AXCP ile emekdashliq formatin sechmeyi,ya AXCP-nin ozunun davamli muteffiqerinin itirilmesine(herchend ki,men bunu real saymiram)getirib chara biler,yada birliyin umumiyyetle alinmamasina sebeb ola biler.Onda AXCP-de shert qoya biler ki,biz parlamentdeki susqun N.Nesiblini,I.Ekberlini ve digerlerinin temsil etdikleri partiyalarida muxalifet hesab etmirik.Belelikle alem qarishacaq bir-birine ki,indi gorek kim real muxaileftdi? Vallah,ayibdir!

  7. Sənubər
    Yanvar 29, 2010 tarixində, saat 5:11 axşam

    Müxalifətin birliyi üçün Əli bəyin göstərdiyi səyi dəstəkləməmək mümkün deyil, bu gün parlament seckilərində qələbə əldə olunarsa bunun ancaq birliklə olacağına kimsə şübhə etmir. Təəcüblü olan o olar ki, bu birliyə qarşı kimsə çıxsın və doğrusu Musavatın irəli sürdüyü fikirlər daha cox bəhanəyə oxşayır. Məgər anlamırlar ki, bu dəfə də qələbə olmazsa bundan ən cox zərər cəkən bütün demokratik qüvvələr olacaqlar. Musavat da birlik tələbini qəbul etməlidir, bu təkcə AXCP-nin istəyi deyil, həm dəbu rejimdən narazı olanların tələbidir…

  8. Akif
    Yanvar 29, 2010 tarixində, saat 5:29 axşam

    Əli bəyin müxalifət partiyalarını ayıran deyil,birləşdirən məqamlar üzərində durmalıyıq yanaşması onun müxalifət liderləri içərisində daha müdrik bir yol tutduğunu göstərir. Məncə bu ölkədə dəyişiklik istəyən hər kəs,fərdi narazılığı buraxıb,müxalifətə dəstək olmağa çalışmalıdır.Mən heç bir partiyanın üzvü deyiləm,ancaq Əli bəy sizin bu birlik təşəbbüslərini izlədikdəın sonra mən AXCP-yə qoşulmaq qərarına gəldim.

  9. Sadiq
    Yanvar 30, 2010 tarixində, saat 10:08 səhər

    Mən hesab edirəm ki, müxalifətin birlik modeli Müsavatın da və Azadlıq blokuna qatılması şəklində olması daha doğrudur.Əgər Müsavat partiyası əvvəlcədən öz üzərinə 2005-ci ildə etdiklərini etməmək öhdəliyi götürməyəcəksə onda bu birliyə ehtiyac varmı bu barədə düşünmək gərəkdir. Müsavat 2005-ci ildə olduğu kimi,müttəfiqlərini buraxıb saxta seçkilərin nəticələrini qəbul edəcəksə onda bəlkədə bu birliyə heç ehtiyac yoxdur,çünki əsas məsələ seçkidən sonra aparılacaq siyasi mübarizədə hər kəsin neçə iştirak edəcəyidir. Fikrimcə Əli bəy, bu məsələyə aydınlıq gətrilmədən Müsavatla birlik üzərində bu qədər təkid etməyə ehtiyac yoxdur.

  10. Aqşin
    Yanvar 30, 2010 tarixində, saat 10:20 səhər

    Əgər ortada birləşmək istəyi varsa mən də bu məsələyə münasibət bildirən hər kəsi elə Əli bəydən örnək götürməyə təmkinli,davranmağa çağrıram. Mən heç bir partiya üzvü deyiləm və xarici kompaniyada işləyirəm.İnanın burada olan əcnəbi həmkarlarım bizim müxalifətin hakimiyyətin bu qədər təzyiq və vəhşi davranışları qarşısında pərakəndə olmasını anlaya bilmədiklərini söyləyirlər.Unutmayaq ki,bu gün bizə kənardan da baxırlar,və nəsə edə bilməsək ilk növbədə zərbə özümüzə dəyəcək.Buradan həm Əli bəyə,həm İsa bəyə,həm də Lalə xanıma salamlarımı göndərirəm və sizə birgə uğurlar arzulayıram.

  11. Kamal
    Yanvar 31, 2010 tarixində, saat 9:08 axşam

    Salam Ali bey! Tessuf edirem ki, memleketimiz dunyanin her terefinde oldugu kimi “qeyri belli” quvveler terefinden istedikleri kimi idare edilir. En dehshetlisi ise idare mexanizminde dovletlere ve milletlere qarshi boyuk ayriseckilikler mushahide olunur. Eger bir nece ereb dovletleriyle muqaise edib ozumuze tesginlik vermek istesek, tessuf ki, itkilerimize gore onlardan da geri qalan terefimiz yoxdur. Azerbaycanda demokratiya isteyenler cox gucsuzdur. Demokratiya dediyimizde, cemiyyetimize avropa insan haqqlarini, yashayish seviyyesini ve mexanizmini anlayiram. Bunun ucun bir prezidentin deyishmesi, parlament heyyetini terkibinin bele insan haqqlarina hormet edecek insanlarla evezlenmesi demokratik cemiyyet quruldu demek deyildir. Demokratiya yeni dogulmush ushaqlara her bir azadligin ailesinin daxilinde verilmesiyle bashlaya biler. Ailesinden alacagi butun haqqlariyla genish cemiyyete baxan ushaq ve Azerbaycan cemiyyetinin gelecek bazasini teshkil eden ushaqlar boyudukce dovletden oz haqqlarini ala bilecek. 30-35 illik bele bir sure lazimdir, eksi teqdirde …

  12. Ilhame
    Fevral 7, 2010 tarixində, saat 6:16 axşam

    Eli bey siz ela siyasetchisiz. Amma size Lale Şovketin, Evez Temirxanin vekili kimi chixish etmek yarashmir.

  13. ghanbar
    Fevral 8, 2010 tarixində, saat 10:41 səhər

    Salam Ali Kermilinin baxishlarin geleceye chox mubet görurem.Ali kerimli azerbaycan dilini chox gözel bacarir ve gözel chicish aparir.bir rehber gerek dogma vetende dogolmish ola ki vetene urek yandira hörmetli ilham eliyev ne azeri turkidi ve ne de azerbaycanda dogulubdi tebiidi ki onun azerbaycana hech bir ehsasi olmasin o yazig bilmir ki azerbaycan erazisinin mesafeti hardan hariyadir. o yazix 6 il den önce xata edib bir danish aparipdi ki herden bir defe tv,den yayirlar.ozamanacan ki neft var xalqa gun yoxdu. dua edin ki azerbaycanda neft bitsin ki hem topraqlar azad edilsin ve…

  14. teymur
    Fevral 8, 2010 tarixində, saat 5:22 axşam

    Allah qoysa yeqinki bu irticanin elinden yeqin nevaxtsa qurtara bileci

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: