Əsas səhifə > Yazılar, Əli Kərimli > Ilham Əliyevin tənqidi haqqında

Ilham Əliyevin tənqidi haqqında

Son zamanlar çox müzakirə olunan mövzulardan biri də ölkədə baş verən neqativ işlərə, yarıtmaz idarəçiliyə, qanunsuzluqlara  görə İlham Əliyevin şəxsi məsuliyyətindən bəhs edənlərlə, buna cəsarət etməyənlərin bəzən birbaşa, bəzən də qiyabi yolla apardıqları polemikadır.

1-ci qrupa aid olan cəsarətli yazarlar, inanırlar ki, ölkədəki vəziyyətə düzgün  diaqnoz qoyulmadan, həqiqətlər açıq və uca səslə olduğu kimi deyilmədən, oxucu ilə, vətəndaşla səmimi münasibət yaratmaq, insanları azadlıq və demokratiya uğrunda mübarizəyə cəlb etmək olmaz. Onlar inanırlar ki, şərin meydan suladığı Azərbaycan cəmiyyətində  həqiqətləri sona qədər deməmək, mövqe bildirmək gərəkən zamanlarda susmaq, şər rejimi ilə hər hansı iş birliyi, onun eybəcərliklərini ört-basdır etmək cəhdi, əslində şərin ömrünü uzatmağa edilən yardımlardır.

2-ci qrupa aid etdiyimiz, özünü daha ehtiyatlı və realist sayan yazarlar isə iddia edirlər ki, özləri, karyeraları, biznesləri üçün əlavə risklər yaratmadan mümkün olanı (oxu risksiz olanı) etmək də, yarımçıq da olsa, həqiqətlərdən bəhs etmək də cəmiyyətə xidmətdir. Bu adamlar bəzən hətta bir az da qabağa gedib həqiqətləri olduğu kimi yazanları özündənrazılıqda, radikallıqda ittiham edirlər.

Bu polemikanı demokratiya uğrunda mübarizənin sabahı üçün önəmli saydığımdan, qərara gəldim ki, bu mövzuda yazıb, həqiqətləri olduğu kimi, sona qədər cəsarətlə deyə bilən yazarlara dəstək verim.

İnanıram ki, kütləvi özünəsenzura şəraitində yarımçıq deyilmiş həqiqətlər əslində mahiyyətcə yalandan başqa bir şey deyil. Xalqın başının altına yastıq qoyub onu aldatmaq cəhdidir. Daha aydın və anlaşıqlı danışaq. Məsələn, seçkilərin saxtalaşdırılmağına görə yalnız Məzahir Pənahovun məsuliyyətindən bəhs etmək, hər seçkidən sonra polisin xalqa divan tutmasına görə  yalnız Ramil Usubovun məsuliyyətindən, korrupsiyada dünyaca  məşhur olmağımıza görə yalnız Kəmaləddin Heydərov, Ziya Məmmədov və digər nazirlərin, rayonlardakı despotizmə görə yalnız  icra başçılarının, məhkəmə sisteminin faktiki məhv edildiyinə görə yalnız Ramiz Rzayev və Fikrət Məmmədovun məsuliyyətindən bəhs edib, bu sistemin başında duran İlham Əliyevin şəxsi məsuliyyəti barədə susmaq nədir? Yarımçıq deyilmiş həqiqətmi, yoxsa yalanmı?

Şübhəsiz ki, sadaladığım və sadalamadığım nazirlər, vəzifəli şəxslər, məsul olduğu sahədə baş verən qanunsuzluqlara görə şəxsən məsuliyyət daşıyırlar. Lakin yalnız onların məsuliyyətindən danışmaq, onların özünün də vinti olduqları korrupsiya piramidasının başında duran şəxsdən bəhs etməmək doğru deyil. Siz inanırsınız ki, məsələn, Məzahir Pənahovun MSK-da başqa məmurla əvəz olunması  avtomatik olaraq demokratik seçkiyə yol açacaq? Yaxud Ramil Usubov başqa biri ilə əvəz olunsa polis daha nümayişçiləri döyməyəcək? Kəmaləddin Heydərov işdən çıxarılsa daha korrupsiya olmayacaq? Başqa nazirləri də və vəzifəli şəxsləri sadalamağa ehtiyac varmı? Bu sülalə hakimiyyəti  illərində nə qədər nazir, icra başçısı dəyişib. Bu yüzlərlə vəzifəli şəxsin başqaları ilə əvəz olunması rejimin mahiyyətini zərrə qədər dəyişdirə bilibmi?

Həqiqətləri sona qədər demək, İlham Əliyevi şəxsən tənqid etmək, həm də ona görə zəruridir ki, toplumun üzərindəki, günü-gündən sıxlaşan qorxu buludları dağılsın. Əminəm ki, bu gün azadlığın, demokratiyanın əsas düşməni qorxu, biganəlik və ümidsizlikdir. Amma o da məlumdur ki, biganəlik və ümidsizlik də əslində daha çox qorxudan törəmədir. Qorxu mühitini dağıtmaq azadlığın yolunu açacaq.

Onu da unutmayın ki, o cəsarətli yazarlar İlham Əliyevi tənqid etməsəydilər, siz də rahatlıqla, məsələn, nazirləri, icra başçılarını, digər vəzifəli şəxsləri tənqid edə bilməzdiniz.

Necə oldu ki, İ. Əliyevi adlı tənqid etmək bir ölçü halına gəldi? Qorxub-qorxmamağın meyarına çevrildi?

Əslində bu onun etirafıdır ki, ucadan deyilməsə də, cəmiyyət miqyasında belə bir konsensus var ki, bu ölkədə tənqidçi jurnalistikaya qarşı repressiyalara birbaşa təlimat verən İlham Əliyevdir. Bu ölkədə avtoritarizm o qədər klassik variantına uyğunlaşıb ki, “mükəmməlləşib ki” heç bir nazirin, oliqarxın bir jurnalistin həbsinə qərar vermək imkanı yoxdur. Bütövlükdə cəmiyyət kimi jurnalistlər də, siyasətçilər də, deputatlar da bilirlər ki, ölkədə baş verən neqativ hallara görə şəxsən İlham Əliyevin məsuliyyəti haqda danışmasan, yazmasan, ölkədəki acınacaqlı vəziyyətə görə iqtidarı ümumi şəkildə tənqid etmək, hətta ayrı-ayrı oliqarxları, vəzifəli şəxsləri adbaad da tənqid etmək həyat və azadlıq üçün təhlükəli deyil.

Daha çox adam bu qaydalarla hesablaşdıqca, bu «qaydalara» uyğun jurnalistika və siyasətlə məşğul olduqca bu qaydalar daha da legitimləşir, qaydalara uymayanlar isə təkləndikcə, sıraları seyrəldikcə, daha böyük risklərlə üzləşirlər, həqiqətləri demək, yazmaq üçün axına qarşı getmək məcburiyyətində qalırlar. Məhz rejimin qaydalarına uyğunlaşan komformistlərin çoxalıb ümumi-tendensiya yaratması, dürüst, doğruçu olmağı, ağa ağ, qaraya-qara demək bacarığını adi həyat tərzi insanlığın, adi şərti olmaqdan çıxarır, qəhrəmanlıq həddinə yaxınlaşdırır.

Bu səbəblərdən həqiqətləri axıra qədər – kəskinliyi ilə deməyi bacaranlar, rejimin jurnalistika və müxalifətçilik üçün cızdığı çevrəyə uyğunlaşanları azadlıq üçün təhlükə sayır.

Hökumətin islah edə bildikləri isə maraqlıdır ki, azadlıq carçılarına, hökumətin bəlkə özündən də  çox nifrət edir. Belələri yeri gəldi-gəlmədi yeganə suçu doğruları yazmaq, söyləmək olan, xalqın azadlıq ideallarına qovuşması üçün hər gün həyatını  riskə atan adamlara aqressiya nümayiş etdirirlər. Bu cəsarətli adamlara minnətdar olmaq əvəzinə, onları aşağılamağa çalışırlar. Nə baş verir? Haradandır bu aqressiya? Nədir bu kor nifrətin səbəbi? Məncə bu sualın cavabını A. Kamyu öz «Süqut» əsərində çox gözəl izah edir…

Kamyu «Süqut» əsərində bir sənayeçi təsvir edir. Onun həyat yoldaşı olduqca gözəl, mükəmməl, hər kəsin heyran olacağı bir adam idi. Bütün bu məziyyətlərinə baxmayaraq, ona xəyanət edirdi. Onun qarşısında təqsirlilik hissi onu dəli edirdi. Dərk edirdi ki, heç kim, hətta özü də onun alicənab, dürüst adam olduğunu təsdiq edə bilməz. Həyat yoldaşının kamilliyi daha da qabarıq görününcə, o daha da dəli olurdu. Sonda təqsirlilik hissi dözülməz həddə çatdı. Güman edin o nə  etdi? Daha həyat yoldaşına xəyanət etmədimi? Yox. Günlərin birində sənayeçi hər gün öz varlığı ilə ona nə qədər pis adam olduğunu xatırladan həyat yoldaşını öldürdü…

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Fevral 3, 2010 tarixində, saat 10:41 axşam

    Təşəkkürlər Əli bəy

    Məni qabaqladınız bu mövzuda Səmimiyyət adlı yazı yazmağı düşünürəm uzun müddətdi.

    Sizin fikirlərinizi də oxumaq xoş oldu.

  2. Fuad Qəhramanlı
    Fevral 4, 2010 tarixində, saat 9:06 səhər

    Əli bəy, tamamilə razıyam,gerçəkdən də bu gün Azərbaycanda yaşanan problemləri, siyasi hakimiyyətin xarakteri ilə,onun başında duran İlham Əliyevin fəaliyyəti ilə bağlı oduğunu görməzlikdən gələnlərin, bu problemləri hansısa məmurun özfəaliyyəti kimi təqdim etmək istəyənlərin sayı o qədər çoxalıb ki,bizlər bəzən iki cəbhədə mübarizə aparmalı oluruq. Bir tərəfdən İqtidar, o biri tərəfdən də müxalifətçilərlə eyni düşərgədə durub ancaq İlham Əliyevin simasında yaxşı”çar” obrazı yaradanlar.Bu sonuncular əslində İlham Əliyevin birbaşa məsuliyyətindən danışanları ifrat radikalizmdə,aqressivlikdə günahlandırıb,cəmiyyətdə bu cür cəsarətlə davranan insanlara ictimai etimadı,güvəni sarsıtmağa çalışmaqla hakimiyyətin bacara bilmədiyini-arxadan zərbə vurmaq işini həyata keçirirlər.Bunlar üçün siyasi mübarizə anlayışı çoxdan siyasi biznes anlayışı ilə əvəz olunub və əslində prinsipial, mübariz insanların fəaliyyəti fonunda onların,çəsarətsizlikləri,həqiqəti təhrif etmələri daha çox nəzərə çarpır və bu konstruktivlər belə fərq nəticəsində ictimai nüfuzdan və tirajdan düşüdüklərindən narahat olurlar.

  3. Ebulfez Qurbanli
    Fevral 4, 2010 tarixində, saat 10:19 səhər

    Cox maraqla oxudum.Son gunlerde ali beyin vurguladigi 2-ci qrup adamlar cesaretli yazarlari “radikal” adlandiriraq bunu menfi qiymetlendirirdiler.Yaxshi cavab oldu belelerine…

  4. Zümrüd Yağmur
    Fevral 4, 2010 tarixində, saat 11:06 səhər

    Azərbaycanda əslində haqq və həqiqətə münasibətin özündə bir yalana sarılma,qeyri səmimilik görünməkdədir və bu üzdən də kimin yalancı, kimin doğrucu, kimi qəhrəman, kimin də qorxaq olduğunu seçmək çətinləşməkdədir. Bu gün Azərbaycanda həqiqətin çirkləndirilib gərəksizləşdirilməsi, hər şeyin haqqın, həqiqətin, insani keyfiyyətlərin qurban verilərək əldə olunması ilə mümkünə çevrilməsi nəticəsində Əliyevlər hakimiyyətini ilk növbədə toplumun haqq anlayışını erroziyaya uğradıb. Tam ,əsil olan həqiqəti gizlətmək üçün yarımçıqıq həqiqətləri söyləyib bununla da öz qorxaqlığına, dönüklüyünə bu qədər rahatlıqla haqq qazandırmağı bacaranların əli ilə dönməz, haqqı haqq bilənlərin həqiqətin özü kimi dəyərsizləşdirilməyə,hörmətdən salınmağa çalışılır. Həqiqəti bilib onu əməlində ifadə etməyənlərlə bağlı Quranda deyilir ki, imanı əməlində əks olunmayanın inamı ürəyində gərəksiz bir yükdür. Azərbaycan cəmiyyəti də əslində bu yüklə yaşayır.

  5. Vüsal Əsədli
    Fevral 4, 2010 tarixində, saat 11:57 səhər

    Əli bəy,sizinlə razyam,doğurdan da İlham Əliyevə münasibət müxalifət düşərgəsində olanların görçək mövqeyini müəyyənləşdirmək üçün lakmus kağızı hesab oluna bilər. Kimsə onun adını çəkib tənqid eə bilmirsə deməli,səmimi deyil və onun müxalifətçiliyi dediyiniz kimi yarımçıq həqiqətləri söyləməklə, dövlət başçısını ictimai məsuliyyətdən və cavabdehlikdən kənarda saxlamağa xidmət edir. Müsavat partiyasının rəhbərliyində İsa Qəmbərdən başqa heç kim İlham Əliyevi tənqid etmir,Rauf Arifoğlu isə “Yeni Müsavatda” onun dolayı təbliğatını aparırır.Bu necə müxalifətçilikdir.

  6. Ilqar Abdullah
    Fevral 4, 2010 tarixində, saat 12:14 axşam

    Zumrud Yagmur,Allah mentiqi sevir.Eger,sen kimin haqq,kiminse nahaqq,kimin semimi,kiminse qeyri-semimi,kimin yalan,kiminse dogru oldugunu aydinlashdirmaq isteyirsense,onda mentiqe esaslan.Bax, sene bele bir sual verirem.Bir özü,bir de muavininden ibaret olan 50-den cox cirtdan partiya gelib iki boyuk partiya olan AXCP ve ya Musavata qoshulmaq istemirlerse,onda onlar ne haqla muxalifetin birleshmish blokundan danishirlar?Burda mentiq ishe dushur ve deyir ki,bu cirtdanlar xalqin deyil oz maraqlarini gudurler.Duzune qalsa,parlament seckilerine qeder olan vaxtda AXCP ve Musavatin da bir partiyada birleshib iqtidara qarshi vahid bayraq altinda mubarize aparmaqlarini isterdim.Partiyanin adi ne olacaqsa,bunu sonra muzakire etmek olar.Azerbaycanda iki partiya olmalidir,bir iqtidar,bir de muxalifet.50-den cox cirtdan partiya hec kime lazim deyil,bunlar ancaq real muxalifetin ishine mane olur,vessalam.

  7. Vüqar Soltanlı
    Fevral 4, 2010 tarixində, saat 1:28 axşam

    Mən müəlliməm və heç vaxt siyasətlə məşğul olmamışam və belə bir fikrim də yoxdur. Ancaq yaşadığım ölkədə baş verənlər,milli sərvətlərimizin talan edilməsi,korrupsiya,hüquqsuzluq,elə bir həddə çatıb ki,bu təkcə siyasətlə məşğul olanları deyil hər bir kəsi narahat edən məsələ sayılmalıdır. Çünki bunlar bizim həyatımıza,gələcəyimizə birbaşa təsir göstərən problemlərdir. Məncə Əli bəyin yuxarıda toxunduğu kimi tam həqiqətin uca səslə söylənilməsi təkcə iqtidar müxalifət məsəlsi olmayıb həm də toplumun ən əsas problmidir.Bu gün biz təkcə partiyalara deyi bir tərəfdə əsil,tam həqiqəti söyləyənlərə, digər tərəfdə isə həqiqəti təhrif edib,yarımçıqlaşdıranlara,ümumiyyətlə onu məhv etmək istyənlərə bölünmüşük . Əli bəy sizin yaratmaq istədiyiniz birlik məncə ilk növbədə bax bu həqiqəti uca səslə söyləyənlərin ittifaqı olmalıdır və burada yarımçıq həqiqət səsləndirənlərə yer olmamalıdır.

  8. Vaqif Aslanlı
    Fevral 4, 2010 tarixində, saat 2:07 axşam

    İlaqar bəy, siz doğurdan da birlik tərəfdarısınızsa,onda məsələyə məntiqli yanaşmağı bacarın.Bu gün müxalifətin birlik təşəbbüsləri ona görə maneə ilə üzləşməyib ki,çırtdanlar var və onlar kiməsə birləşmək istəmirlər.Səbəb odur ki,Müsavat partiyası başqanı heç bir əsas olmadan Lalə xanımı hansısa ölkənin agenti olmaqda suçlandırır və 2005-ci ildə olduğu kimi Azadlıq bloku şəklində birləşmə təşəbbüslərini pozmağa çalışır. Məgər birlik üçün bütün partiyaların eyni gücdə olması gərəkdir,hardan götürmüsünz bu qaydanı.Birlik üçün partiyaların ortaq hədəfi olması gərəkdir.2005-ci ildə ADP AXCP və Müsavatdan kiçik idi,nə oldu bəs ozaman AXCP və Müsavat ADP ilə necə bir yerdə ola bildilər.Lalə xanım 2003-cü ildə seçkidə 3-cü səs almışdı,indi izah edin o hansı əsasla kənarda saxlanılmalıdır.Siz başa düşürsünüzmü ki,bu ölkənin demokratik potensialı necə zəiflədilib,indi bu halda ictimai rəydə nüfuz sahibi olan belə bir lideri hansı əsasla kənarda qoymaq olar. Guya güclü dediyiniz Müsavatın qərargahında 5-10 nəfərin tapılmadığını,çoxlarının ümidsizləşib getdiyini bilmirsiniz.Artıq əvvəlki güç belə yoxdur,bəlkədə şəraitdən xəbəriniz yoxdur.2003-cü ildə İsa Qəmbər Bədrəddinə qədər,hətta müavini olmayan tək adamlıq partiyaları belə bir yerə yığmışdı,ki kmin güçü nəyə çatırdısa onu da etsin,indi nə oldu lalə xanım kiisini bəyənməz oldu.Necə olurdu ki,həmin Müsavat,AXCP 2009-cu ildə həmin kiçik dediyiniz partiyalarla birləşib,Qarabağ və Respublika uğrunda hərəkat yarada bildilər,indi olmaz.Necə oldu ki,AXCP 5 il ərzində AXCP kiçik partiya dediklərinizlə birgə Azadlıq blokunda ola bilir, Müsavat yox.Biraz kompleksiz düşünməyi bacarın,sıbıt kimin gücünün çox kiminin az olmasından yox,cəmiyyətin etibar etdiyi liderlərin rəhbərlik etdiyi koalisiyanın yaradılmasından gedir ki,burada həmdə ziyalılara da yer olmalıdır.Əgər burada Müsavtçıları yer məsələsi narahat edirsə onda deməlidirlər ki,yerlərin bölgüsündə partiyaların gücü nəzərə alınmalı və buna uyğun kvota müəyyənləşdirilməlidir.Obyektiv olun,axı bunu deyən yoxdur,deməli məsələ böyüklük -kiçiklik məsələsi,buna uyğun olaraq kimə nə qədər yer düşməsi deyil, məsələ birlik təşəbbüslərini pozmaqdır.
    Məsələnin əsli odur ki,Müsavat artıq mübarizə aparmaq istəmir,ona görədə Əli bəyin səsləndirdiyi birlik təşəbbüslərini pozmaqla hakimiyyətə öz xidmətini təklif edir ki,bunun qarşılığında yer ala bilsin.Razı deyilsinizsə bir nümunə gətirə bilərsinizmi ki,İsa bəy xaric bu partiyanın Məclis sədrindən tutmuş,başqan müavinlərinədək,divan üzləri də daxil olmaqla Əli bəyin yuxarıda toxunduğu kimi İlham Əliyevin adını birdəfə də olsun çəkiblər.

    P.S. İlqar bəy sizə agent deyilsə və deyilsə ki,sübut et ki agent deyilsiniz onda bu sizə necə təsir göstərər.Sonra da sübut istəniləndə İsa bəy kimi deyilə bu barədə informasiyanı İqtidardakı mənmbələrdən almışam.Sonra da Siyavuş Novruzov deyə ki,yəqin ki,bir şey bilirlər belə deyillər.Onda sizcə nəzəri olaraq sizə deyilən bu böhtanın haradan qaynaqlandığını düşünərsiniz?

  9. Mustafa
    Fevral 4, 2010 tarixində, saat 2:57 axşam

    Salam bey. Movqeye gore teshekkurler. 2 ci qrupa aid olanlarin siyahisi daha cheshidlidi – iqtidarin sifarishini yerine yetirenler, qezete sadece ish yeri kimi baxanlar ve s. adlar chekdeydiz lap ela olardi.

    bir daha teshekkurler

  10. Sənubər
    Fevral 4, 2010 tarixində, saat 5:01 axşam

    İlqar bəy, Əli bəyin bu dəfəki yazısında müxalifətin birliyi məsələsinə yox, cəmiyyətdə yaratdığı problemlərə görə İ, Əliyevin haqq etdiyi tənquddən kənarda qalmasının doğru olmadığına toxunulub.Məncə elə siz də məqalədə qeyd olunan ikincilər kimi diqqəti İ.Əliyevin tənqid olunmasından yayındırıb müxalifət daxili məsələri kimin güclü, kimin zəif olmasına yönəltməklə elə ikincilərin də yolunu gedirsiniz. Mövqeyinizi yazıdakı məsələrlə bağlı bildirsəniz daha yaxşı olar, əgər İ. Əliyevin tənqid olunması ilə bağlı yazıya aid rəy bildirməkdən cəkinirsinizsə eləsə yazıya aid olmayan rəy də yazmayın.

  11. Ilqar Abdullah
    Fevral 4, 2010 tarixində, saat 5:24 axşam

    Vaqif bey,Isa bey cixishlarinin hec birinde Lale xanimi agent adlandirmayib,siz bunu haradan goturmusunuz mene aydin deyil.Isa beyin agentler baredeki cixishi 2-3 hefte bundan qabaq olub ve nedense buna Lale xanim dunen sert shekilde reaksiya verdi.Burdan bele bir sual yaranir,eger sen agent deyilsense neye gore bele aqressiv reaksiya verirsen ve ozunu shubhe altina qoyursan,axi Isa bey senin adini cekmeyib?Dediyim kimi,Azerbaycanda 50-den cox xirda partiya yaranib ve bunlarin fealiyyeti neden ibaretdir,bir Allah bilir,bir de ozleri.Men bir biteref adam kimi bele fikirleshirem ki,bu partiyalar, eger Azerbaycan dovletinin ve xalqinin geleceyi barede dushunurlerse,mutleq vahid muxalifet partiyasinda birleshmelidirler.Vetenperver,edaletsever muxalifetci hec vaxt xirda partiyalara parcalanmaz ve sonra da hansisa secki bloklarinda minnet qoya -qaya birleshmek goruntusu yaratmaz,Vaqif bey.

  12. Ilqar Abdullah
    Fevral 4, 2010 tarixində, saat 6:04 axşam

    Senuber xanim,Ilham Aliyevi tenqid etmekle biz ne elde edeceyik,onsuz da cemiyyetin butun tebeqesi,kendlisinden tutmush ,biznesmenine kimi onu apardigi daxili ve xarici siyasetine gore sert tenqid edirler.Tenqide qalsa, Yeni Musavat qezetinden cox, hem Ilham Aliyevi,hem de Heyder Aliyevi tenqid eden olmayib.Neticesi ne oldu?Hec bir shey.Indi, sizin ishletmek istediyiniz tenqid siyasetini musavatcilar coxdan sinaqdan keciribler,hec bir effekti olmayib.Odur ki, siz gecikmisiniz beyler ve xanimlar.

  13. Namiq Shemkirli
    Fevral 4, 2010 tarixində, saat 6:28 axşam

    Maraqlı yazıdır. Əli bəy hamının bildiyi, lakin əksəriyyətin yan keçdiyi cox sadə və eyni zamanda incə məqama toxunur: Cəsarətlilərin sayı azaldiqca onlara olan təzyiqlər də artır. Məqalənin belələrinə dəstək məqsədilə yazıldığı vurğulanır. Elədir ki,var! Bu yazı bir nümunəni yadıma saldı. 44-cü ildə faşist konslagerindəki bir polyak katoliki yazırdı. ” Faşistlər əvvəlcə yəhudilərin dalınca gəldilər. Mən susdun, çunki yəhudi deyildim. Bir muddət sonra kommunistlərin dalınca gəldilər. Mən yenə susdum. Axı kommunist deyildim. Sonra provaslavları apardılar. Provaslav olmadığım üçün yenə susdum. Sonda məni aparmağa gəldilər. Heç kim dillənmədi. Çünki məhəlləmizdə heç kim qalmamışdı”.

  14. Sənubər
    Fevral 4, 2010 tarixində, saat 7:10 axşam

    İlqar bəy, İlham Əliyevi tənqid etməklə əlimizə nə keçəcək sualı sizin bu məsələyə münasibinizin mahiyyətini göstərir.İlham Əliyevi tənqid etməklə əlinizə nə keçəcəyini gözləyirdiniz ki,keçmədi, indi də ona görə tənqid etməməklə əlinizə nəsə keçəcəyinə ümid bəsləyirsiniz.Bəlkədə siz bu ələ keçirmə prosesindən nəsə əldə edənlərdən deyilsiniz,ancaq Yeni Müsavatın redaktoru Rauf Arifoğlu İlham Əliyevi tənqid etməkdən imtina edəndən sonra əlinə çox şey kerçib. Ona görədir ki, Müsavat rəhbərliyində bu gün daha kimsə İlaham Əliyevi tənqid etmək istəmir.Biz sizdən fərqli olaraq demokratiya uğrunda mübarizəyə ələ nəsə keçirmək istəyi kimi yanaşmırıq.
    İndi sualınıza cavab verim.İlhamı tənqid etməklə biz cəmiyyətimizdə artan qorxu xofunu ardan qaldırmağa,insanlara problemlərin əsil səbəbkarını göstərməyə çalışırıq.Bizim bu günədək nəsə əldə edə bilməməyimizin səbəbi İlham Əliyevi tənqid etməyimiz deyil,əksinə bir vaxtlar tənqid edənlərin sırasında olanların sizn də düşündüyünüz kimi nəsə əldə etməyə çalışmaq istəyi ilə, daha İlaham Əliyevi tənqid etməkdən imtina etməsi və bir də rejimin zorakılığı olub. Biz müxalifətiksə və xalqı aldatmırıqsa nə etməliyik,problemlərə görə birbaşa məsuliyyət daşıyan İlham Əliyevi niyə tənqid etməməliyik,başq yol varmı varsa da bu artıq Fail Qəzənfəroğlunun,Rauf Arifoğlunun yoludur ki bunun müxalifətçiliyə dəxli yoxdur.
    P.S sizi bir neçə dəfə bu cür müzakirələrdə iştirak edib arqumentasiyanızın yetərsizliyi və fikrinizi əsaslandıra bilməməyinizə görə çətin duruma düşən görmüşəm.Lütfən təkcə fikir bildirməyə çalışmayın,həmdə onu əsaslandırmağın da qayğısına qalın. Maraqlıdır,yuxarıda Vaqif Aslanlının sizə ünvanlanmış cavabına münasibət bildirə bilməmisiniz.

  15. Garib
    Fevral 4, 2010 tarixində, saat 7:19 axşam

    Azerbaycan tv-leri hamisi bire deymez,biri de hece.Yeyinti senayesi kurdlere tapshirilib,gida mehsullarina ne gatirlarsa milletin fikirleri deyishir-ziyalilar yatirilir. tv-de 25-ci kadrdan istifade olunur.Din ,,alimleri,, tost deyirler.Exprementimiz hele bitmeyib,70-ci illerin Iranini xatirladir.Ali bey maragli mövzudur.ALLAHu akbar…

  16. Dilber
    Fevral 4, 2010 tarixində, saat 7:44 axşam

    Eli bey,yazinizi oxudum.Elbette deyilenler heqiqetdir.Amma burda bir “amma” var…..Teesuf ki,bizi bu gune qoyan “amma”lardir.Qeyd edirsiniz ki,heqiqetleri sona qeder demek,xususen de Ilham Eliyevi tenqid etmek zeruridir.Indiqayidiram “amma”ya,problem prezidentden cox bizim xalqimizdadir,milletimizin ikiuzlu,yaltaq numayendelerinin coxalma faizindedir!!!beli,bu deqiqe siravi adamdan tutmush selahiyyetli shexslere qeder ekser insanlar qorxaq,yaltaq ve riyakardirlar.Bedbextciliyimiz de budur!!!

  17. Ilqar Abdullah
    Fevral 4, 2010 tarixində, saat 8:32 axşam

    Senuber xanim,mashallah sozlerle chox gozel janqlyorluq edirsiniz,amma siyaset sizlik deyil.Eger,cemiyyetden qorxu xofunu aradan qaldirmagin yolunu Ilhami tenqid etmekde gorursunuzse berekallah,ustadiniza.Bashqa yol sorushursunuz.Bu bloqda artiq necenci defedir yaziram ki,butun heqiqi vetenperver,edaletsever,imanli muxalifetciler bir partiyada birleshmelidirler,daha 50 yere bolunmemelidirler.Bu,yol deyilmi,Senuber xanim?Bayaq yazdigim kimi yene de yaziram,insanlarda qorxu xofu yoxdur,onlar her gun ve her yerde,evde ve evden kenarda Ilham Aliyevi apardigi daxili ve xarici siyasetine gore tenqid edirler.Onlarin,hec qorxu xofunu aradan qaldirmaq adi altinda apardiginiz tebligata ehtiyaclari da yoxdur.Eger,siz deseydiniz ki,biz cemiyyetde oz geleceklerine,ovladlarinin geleceklerine,yashadiqlari olkenin geleceyine olan inamsizligi,biganeliyi aradan qaldirmaga calishiriq ve onlarin siyasi mustevide fealliqlarini artirmaq ucun yollar axtaririq,men iki elli size ses veredim.Yene de deyirem, sadece tenqid etmekle hec neye nail olmayacaqsiniz.(ele kecirmek sozunu yazmiram,halbuku elde etmek yazmishdim.nedense, ele kecirmek sozunden cox xoshunuz gelir,gorurem)Vaqf beye ise lazimi cavabi yazmisham,eger gormemissinzse ve ya gorub,oxuyub basha dushmemizsinizse,bu, menim problemim deyil.

  18. Anar
    Fevral 6, 2010 tarixində, saat 11:53 səhər

    Salam! Yazi olduqca maraqli bir meseleni ehate edir. Mence, bir suala da aydinliq getirilseydi, lap ela olardi – olkede bash veren korrupsiya, rusvet, siyasi teqib ve s. arxasinda kim durur? I.Eliyevin qurduqu sistem, memurlar, qoxsa, birbasha ozu?
    Mesele burasindadir ki, 2 il onceye qeder bu problemlerin bir coxundan prezidentin xeberi olmadiqi dushuncesini men de bolushurdum. Amma…
    Menim – AMEA-nin siravi bir ishcisinin – bir kitaba gore ishden qovulmaqim, hebsime cehd, mehkemelere cekilmeyim ve indiye qeder teqiblerden qurtarmamaqimin bir sebebi var – I.Eliyev. Eger siravi bir olke vetendashinin siyasi tezyiqlere meruz qalmasi birbasha prezidentin raziliqi ve isteyi ile reallashirsa, demeli, butun her sheyin bashinda I.Eliyevin durduquna shubheniz olmasin. Elcibey doqru olaraq deyirdi ki, eger prezident menim xeberim yoxdur deyirse, bilin ki, yalan deyir. Beli, prezidentin her sheyden xeberi var. Ona gore piramidanin basinda duran ve her sheyi goren goz – butun mesuliyyetin dashiyicisidir!
    O ayri sohbetin movzusu ki, bir jurnalist tenqid hedefi kimi I.Eliyevi sece bilmir, evezinde komanda uzvlerinden kimise hedef secir. Bilirsinizmi niye?
    Cunki olkede I.Eliyevi tenqid eden materiali cap etmek musteyilliyini ozunde saxlayan hetta 2 qezet bele qalmayib. Yazmaq ve demek istediklerimizi harda catdiraq ictimaiyyete?
    Eli bey, mence problemin kokunde – bezi hemkarlarimin dolayisiyla tenqidinde bashlica problem bu! Teessuf ki, 1-2 musteqil qezetin I.Eliyevi birbasha tenqid eden materiali derc etmemesinin sebebi de tekce musteqilliyinin elinden alinmasi (satilmasi da demek olar) deyil, hem de Birincinin tapshiriqi ile hemin orqanin butun vasitelerden istifade edilerek susdurulmasi planinin movcudluqudur. Yeni H.Eliyev dovrunden ferqli olaraq, indi musteqil fealiyyet gostermek aqlasiqmaz derecede cetindir – her halda, Q.Zahidin o cur biabirci shekilde sherlenmesi de dediklerimi subut edir. Ve ona da tam eminem ki, onun hebsine de prezident ozu shexsen raziliq verib.
    Cixish yolu nedir?
    Eli bey, novbeti yazinizin bu movzuya hesr olunacaqina ve neinki yazinizin, hetta fealiyyetinizin de bu yonde gucleneceyine umudvaram.

  19. Mehemmed
    Fevral 8, 2010 tarixində, saat 9:46 səhər

    Chox shukur,adi qarin heyatimizi girov goturduyu gunler arxada qaldi.Bu 3 gunde hech olmasa,neinki,FB-da maraqli yazishmalarda feal ishtirakchi olmadiq,hemchinin elementar kommunikasiyadan mehrum veziyyetde bele,qezet,kitab oxumaq imkanlarimiz olmadi.Bunu sadece meishet qaygisi kimi achiqlamadim.Bu realligin ozu Ilham Eliyevin iddiali suretde inkiashafdan,qlobal ugurlarindan danismagina orta statistik azerbaycanlilarin movcud durumunun cavabidir.Axi,elementar qish hazirligi yerinde olmayan ve elektrik xetlerinin dozumsuz veziyyetde olmasina gore,hemen siradan chixan enerji sistemi axi hemin inkishaf haqqinda nese deyir? Son illerde tekce cenab prezident enerji sektoruna beynelxalq maliyye insitutlarindan 750 milyon dollar kredit almisiz ve xerclemisiz? Bu kreditin adi elektrik meftillerinin yenilenmesine serf olunmayibsa,onda siz hansi enerji ugurlarindan danishirsiz?Bunu Con qardash bilmeye biler,axi biz hemin problemi “derimizle” hiss edirik?!Bax,buradan chixardigim netice bele oldu ki,siz musahibeni yerli KIV-e ona gore vermirsiz ki,onlar cesaretli olub,hetta size ciddi problemlerden sual vermeyede biler,amma sizin dedikleriniz onlarinda aci etirafa sebeb olacaq.Siz yerli KIV-e ona gore musahibe vermirsiz ki,sizin reqemler uzerinde soyledileriniz onlarin heyatlari ile tezad teshkil edecek.Siz ona gore yerli KIV-e musahibe vermirisiz ki,ozunuzu Azerbaycan sigmayan beynelxalq siyasetin subyekti hiss edirsiz.Siz ona gore yerli KIV-e musahibe vermirisizniz ki,oz vetendashlarinizi memnun etmek, sizin hokumete ses vermek imkanlari deyil,daha chox beynelxalq reyin ehemiyyeti maraqlandirir.Chunki,bu olkede kimin hansi reyde olmasina gore iqtidarlarin olmasina munasibet yaranmir,esas mesele Mezahirin hansi “texnoljiya” ile sechkileri firlatmasidir.

  1. Fevral 4, 2010 tarixində, saat 5:15 səhər

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: