Əsas səhifə > Yazılar, Əli Kərimli > Azərbaycanın “analoqsuz” inkişafı Rəqəmlərdə

Azərbaycanın “analoqsuz” inkişafı Rəqəmlərdə

Təqribən 1 il yarım  bundan qabağa qədər İlham Əliyevin o çıxışı olmazdı ki, orada ümumi daxili məhsul (ÜDM), büdcə artımından bəhs edən rəqəmlər gətirilməsin, pulumuzun çoxluğundan, açılan yeni iş yerlərindən,  iqtisadiyyatımızın  “analoqu olmayan” inkişafından danışılmasın.

Sonra dünya iqtisadi böhranı başladı. İlk vaxtlar Ilham Əliyev böhranın Azərbaycana təsirini tamamilə danmağa səy göstərdi. Daha sonra isə sosial-iqtisadi  vəziyyət ağırlaşdığından  hakimiyyət susmağa, iqtisadi inkişaf nağılını efirdən yığışdırmağa qərar verdi.

Məlum oldu ki, ölkənin iqtisadi inkişafı barədə deyilənlər uydurulmuş yalandan başqa bir şey deyilmiş. Ölkə iqtisadiyyatının neft, qaz satmaq üzərində qurulduğu və neft və qazdan tam asılı olduğu təsdiqləndi. Nəhayət, vətəndaşlarımız da əsassız inkişaf nağıllarını dinləmək məcburiyyətindən xilas oldular.

Amma bu təqribən 1 il çəkdi. Neftin barelinin qiyməti 70$ -ı keçəndən sonra İlham Əliyev  Azərbaycanın iqtisadi inkişafı barədə dediklərinə yenidən inanmağa başlayıb.

Euronewsa müsahibədən sonra Gəncə və Göyçayda da  İlham Əliyev Azərbaycanın “analoqsuz” inkişafı barədə yenidən danışmağa başlayıb. Deməli, mövzuya daha ətraflı yanaşmağa dəyər.

Azərbaycan iqtisadiyyatının ötən ilki iqtisadi böhrandan necə çıxdıgına və gerçək vəziyyətinə nəzər yetirmək üçün bəzi statistik rəqəmləri diqqətinizə çatdırmaq istəyirəm. Əvvəlcədən qeyd edim  ki, rəqəmlər  Statistika Komitəsi və  Kömrük Komitəsinin hesabatlarından götürülüb.

Faktlar yaman tərs şeydir

2008-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi təqribən 55 milyard $ olmuşdusa, ötən il bu rəqəm 2.6 dəfə azalaraq cəmi 20.8 milyard $ olmuşdur. Ölkə ixracatındakı azalma daha dəhşətli rəqəmlə ifadə olunur. İxrac 2008-ci ildəki 47.7 milyard $ dan 33 milyard $ və ya 3 dəfə azalaraq 14.7 milyarda düşüb. Təkcə ixracatdan ölkəsinə  əvvəlki illə müqayisədə  33 milyard $ az valyuta gələn bir ölkənin başçısı necə iddia edə bilir ki, onun ölkəsi böhrandan az ziyan çəkib?

Ötən il ölkənin büdcə gəlirləri nəzərdə tutulduğundan 20% az yerinə yetirilib. Bu il isə hələ hökumət özü dövlət büdcəsi gəlirlərinin 2 milyard manat və ya 17% azalmasını planlaşdırır.

2009-cu ildə ölkə iqtisadiyyatına qoyulan xarici sərmayələr 33.4% və ya 1.477 milyard $ azalıb. Milli Bankın rezerv vəsaitləri 1 milyard manat azalıb.

Daha konkret sahələr üzrə də bəzi statistik məlumatları bilmək pis olmazdı. Ötən il 93 müəssisə məhsul istehsalını dayandırıb. Tikinti ilə məşğul olan 220 şirkətin 70-i il ərzində tikinti bazarını tərk etməli olub.

Bütövlükdə, 50 000 iş yeri bağlanıb. Kimya sənayesində 38%,  hava nəqliyyatında sərnişin daşımaları  33%, dəmiryollarında 26%, poladtökmədə 34% və s. Azalmalar olub. Bütün sahələr üzrə detallı məlumata ehtiyac varmı? Keçən il ölkə iqtisadiyyatının  dəhşətli itkilərlə üzləşdiyi artıq yazılmış rəqəmlərlə sübut olunmurmu? Heç rəqəmə ehtiyac varmı? Hər kəs özünün, yaxınlarının  həyatında əmin olmadımı 2009-cu il  iqtisadi baxımdan nə qədər çətin il oldu?

Bu qədər bərbad statistik məlumatlardan sonra necə iddia etmək olar ki, dünya iqtisadi böhranının bizim ölkəyə təsiri az olub? Necə iddia etmək olar ki, sən demə biz ötən il bütün dünyadan fərqli olaraq  iqtisadi yüksəliş yaşamışıq?

Bu yazını yazdıqca öz-özümə düşünürəm ki, deyəsən axı bir məsələdə İlham Əliyev haqlıdır. Bu ölkədəki iqtisadi “inkişafın”, idarəetmənin həqiqətən analoqu yoxdur. Siz elə bir ölkə tanıyırsınız ki, onun ixracatı 1 ildə 3 dəfə azalsın? Bir ildə büdcəsi 17%  kiçilən ölkə necə tanıyırsınız? Bəs elə bir neft ixrac edən ölkə (baxmayaraq ki, əksəriyyəti inkişaf etməmiş ölkələrdir) tanıyırsınız ki, neft fonduna yığılan vəsaitlərinin  91%-i elə həmin il cari büdcə xərclərinə xərclənsin? Büdcəsinin 49%-i neft fondundan transferlər hesabına təmin olunsun? Mən tanımıram. Həqiqətən, belə sərişdəsiz idarəetmənin dünyada analoqu yoxdur.

Nədən başlamalı?

Mən realist olduğum üçün bilirəm ki, iqtisadiyyatın inkişafına nail olmaq üçün:

  • onu liberallaşdırmaq;
  • inhisarlardan xilas etmək;
  • korrupsiya ilə mübarizə aparmaq;
  • ədalətli rəqabət mühütü yaratmaq ;
  • xüsusi mülkiyyətin toxunulmazlığına təminat vermək;
  • iqtisadiyyatın kriminallaşmasının qarşısını almaq;
  • hüququn aliliyini təmin etmək kimi köklü tədbirləri yalnız bu iqtidar dəyişdikdən sonra reallaşdırmaq mümkün olacaq.

Ona görə ki, korrupsiya və inhisar bizim ölkədə dövlət siyasətinin bir hissəsidir. Saxta seçkilərlə birlikdə rejimin uzun ömürlüyünün güc mənbəyidir. Onlar öz oturduqları budağı özləri kəsməzlər.

Amma ölkə iqtisadiyyatını acınacaqlı vəziyyətdən, tamamilə neft asılılığından xilas etmək üçün, heç olmazsa rejimin mahiyyətini dəyişməyən və deməli onun üçün təhlükəli olmayan  bəzi təcili tədbirləri indi də həyata keçirmək olar və lazımdır:

  • İlk növbədə qeyri-neft sektoruna sərmayələri artırıb, bu sahədə sözdə yox, gerçək inkişafa nail olmaq;
  • Xarici ölkələrə investisiya adı ilə axan milyardları ölkə daxilində istehsalın dirçəldilməsinə yönəltmək;Vergi və kömrük orqanlarında elementar qayda yaratmaq, sahibkarların soyulmasına heç olmazsa maratorium qoymaq;
  • Ölkə sahibkarlarını ucuz kreditlə təmin etmək;
  • İqtisadiyyatımıza xarici sərmayələrin cəlb olunması üçün xüsusi proqram əsasında məqsədyönlü fəaliyyət göstərmək.
Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Kərimov Sahib
    Fevral 16, 2010 tarixində, saat 5:31 səhər

    Əli bəyin yazdıqları,göstərdiyi problemlər həqiqətən ciddi araşdırılmalıdır və özünə,xalqına sayğılı hökumət buna diqqət yetirməlidir.Üstünə bir də onu əlavə edək ki,ölkədə korrupsiyanın səviyyəsi iki dəfə azalsa,büdcənin də iki dəfə artma imkanı var.Ölkədə pul əməliyyatlarının həyata kecirildiyi elə bir sahə yoxdur ki,orada dəhşətli korrupsiya əməliyyatları olmasın.Büdcənin sosial xərcləmələrinə gəldikdə isə,təkcə aztəminatlı ailələrə verilən yardımların nə cür verildiyi əhaliyə məlumdur.Ümumiyyətlə iqtidarın iqtisadi siyasətinin harasından baxsan bərbad bir düzən var.

  2. Qurban
    Fevral 16, 2010 tarixində, saat 8:21 səhər

    Sanballi tehlildir. Muxalifet belke dushunur ki, bele yalanlara xalq onsuz da inanmir. Sizin ucun tecublu de olsa yazim ki, hele de onlara inananlar var. Ona gore de bele arqumentlerle yalanci hakimiyyetin cavabi verilmelidir. Sag olun.

  3. mehdi
    Fevral 16, 2010 tarixində, saat 8:32 səhər

    Bu faktlarla tanış olan hökumət məmurları söylədikləri yalanlar üçün görəsən utanacaqlarmı?

  4. Ilqar Abdullah
    Fevral 16, 2010 tarixində, saat 10:50 səhər

    Hec,onlarda utanan sifet var?

  5. Fuad Qəhramanlı
    Fevral 16, 2010 tarixində, saat 11:25 səhər

    Əli bəyin təhlilində bu günkü Azərbaycan reallığı heç bir subyektivliyə yol verilmədən, hakimiyyətin özü tərəfindən təqdim olunan rəqəmlər vasitəsi ilə obyektiv ifadə olunub. Bu hakimiyyətin yalanlarını,soyğunçuluğunu ifşa etmək üçün hər hansı xüsusi tədqiqatat aparmadan belə, ortada olan rəqəmləri bir araya gətrib real mənzərəni tam canlandırmaq olar. Bu məqalədən də hakimiyyətin yalan üzərində qurulmuş kimliyi ifşa olunur, ancaq məsələnin digər narahatlıq doğuran tərəfi bizm cəmiyyət kimi bu problemə münasibətimizin adekvat olmamasıdır. Axı soyulan,üzünə hər gün efirdən yalan söylənilən,haqqı tapdanan insanlar oturub gözləməməlidirlər ki, Əli bəy bu faktları deyirsə elə onların da əvəzindən bu hakimiyyətə etiraz etmək,ədalət uğrunda mübarizə aparmaq elə təkcə bir nəfərin və ya bir partiyanın işidir. Gözümüzün qabağında Yunanaıstanda insanların iqtisadi problemlərə görə iqtidara necə etiraz etdikləri örnəyi yaşanmaqdadır. Ayrı-ayrı əhali qrupları şəklində etirazlarımız bir yana dursun,heç olmasa insanlar onların haqqı uğrunda mübarizə aparan partiya və liderlərin apardığı mübarizədə kütləvi iştirak barədə düşünməlidirlər.Vətəndaş iştirakçılığı olmadan,narazı insanların ictimai müqaviməti yaradılmadan Azərbaycanı bu hakimiyyətin əlindən azad etmək mümkün olmayacaq.

  6. Namiq Shemkirli
    Fevral 16, 2010 tarixində, saat 11:48 səhər

    Ölkəsinin inkişafına nail olmuş dövlət başçılarının birindən jurnalistlər soruşurlar: “İnkişafa nail olmaq üçün dövlət başçısı daha çox iqtisadiyyatı yoxsa hüququ bilməlidir”. O isə cavabında deyir: ” Dövlət başçısı üçün ən vacib olanı onun öz ölkəsini sevməsidir. Qalanı xırda detallardır”. Bizimkilər isə Azərbaycanın yalnız neftini, qazını, pulunu sevirlər. Neft gəlirləri azalanda isə həmin pulu xalqın dərisindən çıxarmağı yaxşı bilən “yumurtadan yun qırxanları” vəzifələrə gətirirlər.

  7. asif
    Fevral 16, 2010 tarixində, saat 2:39 axşam

    Əli bəyin tənqidi nə qədər sərt olsa da, təklifləri bir o qədər konstruktivdir. Hökumətin ağlı olsa dərhal Əli bəyin təkliflərinin icrasına başlayar.Çoxdan bunu gözləyirdim ki, müxalifət liderləri yalnız tənqid etməsinlər, həm də çıxış yolları göstərsinlər.

  8. Elnur Sadigov
    Fevral 16, 2010 tarixində, saat 2:53 axşam

    Hokumet bir defe Eli beyin tenqidinden netice chixarib.Ipoteka kreditlerinin verilmesine Eli beyin Azadliqdaki musahibesinden bir az sonra bashlanildi.

  9. Teymur
    Fevral 16, 2010 tarixində, saat 3:03 axşam

    Her halda Ilham Eliyev yalan danishmaqda davam edecekdir.Ali beye tehlillerine gore teshekkur edirik

  10. Nuru
    Fevral 16, 2010 tarixində, saat 3:35 axşam

    Gedb xarici təşkilatların hesabatlarını da araşdırmaq lazım deyil. Hökümətin öz orqanları öz-özünü ifşa edir. Əli bəy sizə dərin təhlil qabiliyyətinizə görə təşəkkür edirəm. İnanıramki sizin simanızda bu ölkəni dərindən düşünən insanlar var. Yazınıza görə sağ olun.

  11. Seymur H.
    Fevral 16, 2010 tarixində, saat 5:53 axşam

    Aydın məslədir ki, hakimiyyət birbaşa ya dolayı bu analizi təkzib etmıəyə çalışacaq. Amma əsas məslə bu deyil. Birincisi Azərbaycan cəmiyyətinin düşünən təbəqəsi bu faktlar ətrafında ciddi düşünməlidirlər və yaxşı olardl ki, bu mənzərə ictimai müzakirəyə çıxarılsın. İkincisi Azərbaycan hakimiyyəti “uzaqgörən” siyasəti bir tərəfə qoyub gözünü açmalıdır və yaxında baş verən daha doğrusu törətdiyi iqtisadi cinayətkarlığa baxmalıdır. İqtisadiyyatın dövrilik məntiqindən başı çıxanlar yaxşı bilir ki, bu siyasətin ən böyük zərbəsi lazımı anda bu hakimiyyətə dəyəcək. Bizm bu hakimiyyəti düşünmək dərdimiz təbii ki, yoxdu. Amma cəmiyyətin də bu siyasətdən daha çox zərbə aldığı ortadır. Buna görə də bəzi adamlar enerjilərini bu istiqamətlərə yönəltməli İlham Əliyevi açıq tənqid etməlidirlər. Faktlarla. HAKİMİYYƏTİN ƏN ƏSASSIZ ARQUMENTLƏRİNƏ “CƏFƏNGİYYATDIR” demək yerinə bu cəfəngiyyatı və iqtisadi iflas modelini açıb xalqa göstərmək izah etmək lazımdır…

  12. Mehemmed
    Fevral 16, 2010 tarixində, saat 6:48 axşam

    Deyilenlere onuda elave etmek isteyirem ki,olke iqtisadiyyatinda dominant rola malik olan neft sektorunun xususi chekisi azalmayinca,olkeni neft “iynesine” oturmagin daha agir neticleri olacaq.Chunki,indiki shertler daxilinde bu saglam iqtisadiyyat deyil,neft iqtisadiyyatidir.Eger UDM-un 60%, budce daxilolmalarinda neft sektorunun xususi chekisi 73%,xarici ticaret emeliyyatlarinda-ixracatda neft ve neft mehsullarinin xususi chekisi 97,5%,olke iqtisadiyyatina daxil olan xarici investisiyalarin 80%-i neft sektoruna axirsa,bunun adi “neft iqtisadiyyati” deyilse,bes nedir? Ona gore,neftin dunya bazarinda qiymeti,yaxud ona adekvat olaraq hasilati azalirsa,demek bu amilin ozu kifayet edir ki,olke iqtisadiyyati kataklizmlerle mushahide olunsun.Bele olan halda ise olke iqtisadiyyati neft sektorundan,neft sektoru ise dunya bazar konyukturundan asili veziyyete dushur.
    Bu meqale zengin statistik baza ve ciddi iqtisadi mulahizlerle zengin meqale olmaqla,olduqca real tesir gucune malik olan esl tehlil yazisidir.Men shexsen,chox beyendim.

  13. Vahid Qocayev
    Fevral 16, 2010 tarixində, saat 6:57 axşam

    Əli bəy yazınızı maraqla oxudum. Məqalədə ifadə olunan bütün faktlara rəğmən İlham Əliyevin Azərbaycanı dünyada iqtisadi inkişaf göstəricilərinə görə birnci adlandırmasına təkcə siyasi tənqid məsələsi kimi baxmaq doğru deyil, bu həm də bir əxlaq məsələsidir. Bütöv bir xalqın üzünə, nəinki müxalifətin hətta hakimiyyət orqanlarının təqdim etdikləri rəqəmlərlə belə yağ yalan olduğu sübut olunan fikirləri söyləmək mənəvi və əxlaqi bir problemdir. Bu problemin də əsası Azərbaycanda 70-ci illərdəki “pripiska” əməliyyatları ilə qoyulub.Ona görə də bu gün ölkədə siyasi maraqların deyil,həqiqətlə yalanın,əxlaqla mənəviyyatsızlığın mübarizəsi gedir.Artıq hər kəs seçimində harada olduğunu müəyyənləşdirməlidir…

  14. Arzu Həmidov
    Fevral 16, 2010 tarixində, saat 8:01 axşam

    Bu gün cəmiyyətimiz təkcə demokratiya, insan haqları kimi məsələlərə görə deyil,eyniz zamanda sosoial haqlarına görə bu hakimiyyətə qarşı mübarizədə fəal olmalıdır. Əks təqdirdə bir neçə idən sonra neft ixracı azalandan və bundan gələn gəlirlər azalandan sonra bu gün “mənə nə”deyənlər istəsələr belə yaranacaq gərginliklərdən yaxalarını kənara çəkə bilməyəcəklər. O zaman artıq gec olacaq və bizləri də Nigeriya xalqının aqibəti gözləyəcək. O zaman inkişaf üçün şanslar da əldən çıxmış olacaq. Ona görə də nə qədər ki fürsət var məncə bir xalq olaraq gələcəyimizi düşünüb ölkəmizi bu korrupsioner dəstənin əlindən qurtarmağa çalışmalıyıq.

  15. Fevral 16, 2010 tarixində, saat 10:05 axşam

    Mamed yaxsi yazmisdi Azerbaycanda inkisafsiz artim bas verir

  16. Mehemmed
    Fevral 18, 2010 tarixində, saat 7:41 axşam

    Iqtisadi artim,iqtisadi inkiashafdan ferqli anlayishdir.Iqtisadi artim evvelki ille muqayisede UDM-in muvafiq artma faizidir.Yeni bizde neft hasilati ne qeder artirsa,UDM shishir,hasilat veya neftin qiymeti dusherse,UDM azalir.Evvelki illerde UDm-in 33% heddinde artigi halda,2009-cu ilde UDM cemi 9,3% artib.Niye?Sebebi yazdigim amilde ve qlobal maliyye bohraninin olke iqtisadiyyatina tesirindedir.
    Iqtisadi inkishaf ise iqtisadiyyatin keyfiyyetlendirilmish formasidir.Daha ciddi meseleler var,onlarin uzerinde ishleyirem.Inshallah,may ayinda “Iqtisadi artim,yoxsa iqtisadi inkishaf” adli kitabi chap etdirecem.Onda bununla etrafli tanish olmaq ve yeniden muzakire etmek imkanimiz olacaq.

  17. Rəşad Yaşar
    Fevral 19, 2010 tarixində, saat 6:44 axşam

    Əvvəla Əli bəyin yazısına münasibət bildirmədən onu qeyd edim ki, yazı daha çox konseptual xarakter daşıyır.Bele ki statistik rəqəmlərlə iqtisadi təhlil əvəzinə həmişə qeyd olunan məsələlərə yer verilib. Yəni , hakimiyyətdəki iqtidar iqtisadiyyatımızın inkişafına maneə olur, ölkədə korrupsiya halları baş alıb, işszilik, cəmiyyətdəki sosial tarazlıq və s. kimi qəlibləşmiş fikirlər yenə də ön plandadır. İqtisadi təhlildə isə Əli bəy çıxış yolunu deyəsən ənənəvi qaydada nəşr olunan “İQTİSADİYYAT” kitabındakı iqtisadi inkişaf yolunda tapıb.Buradan xatırlatmaq istəyirəm ki, əsas olan nəzəriyyədəki bilikləri xalqa çatdırmaq deyil, nəzəriyyəni praktikada reallaşdırmaqdır. Bugün mən də bir iqtisadçı olaraq istəyirəm ki, problemlərin həlli yolu illər boyu qəlibləşmiş iqtisadi münasibətlər yox, müasir gündəlik həyatımızda baş verən iqtisadi dəyişikliklərə uyğun, yəni günümüzün kapitalist tələbatlarına cavab verən bir çıxış yolu olsun.Hər şeyi siyasiləşdirmək olar, ama unutmayaq ki hər şey siyasət deyil. Günümüzün əsas problemlərinin mənbəyi iqtisadiyyatımıza dayanır. Bizim iqtisadi siyasətdəki gələcəkdə əldə edəcəyimiz uğurlar ölkənin hərtərəfli inkişafına, o cümlədən demokratiyanın, müstəqil siyasət yeritmənin yaranmasına geniş şərait yaradacaqdır. Hər şeyə rağmən, Əli bəyin yazdığı bu yazını maraqla oxudum və inanıram ki Əli bəy Azərbaycanda geniş potensial savada malik olan bir şəxsdir. Və çalışsın ki əhalinin dəstəyi ilə yenidən siyasi hakimiyyətin yuxarı instansiyalarında fəal şəkildə təmsil olunsun.Hörmətlə, Rəşad YAŞAR

  18. Ilham
    Fevral 20, 2010 tarixində, saat 11:12 səhər

    Azərbaycanda mövcud olan iqtisadiyyat, yəni inhisar-monopoliya sistemi dunyada analoqu olmayan bir mexanizmdir. Ölkəyə xaricdən gətirilən hər şeyə, adi toyuq ətinə belə əvvəlcədən muəyyən olunmuş haqq tələb olunur. Hər tonuna 3-4 min manat alinib dövlət budcəsinə cəmi 400-500 manat gömruk haqqi ödənilir. Muəyyən məhsullar var ki, onlari respublikaya ancaq bir adam gətirə bilər, məsələn banan krali Bəylər kimi. Gömruk komitəsində gara kassanin həcmi 70-80% civarindadir. Buradan görmək olar ki, Azərbaycanin budcə gəlirləri faktiki 40 mlrd dollar oldugu halda, rəsmən bu rəgəm 12 mlrd civarindadir. Yəni loru dildə desək, Azərbaycanin 60% sərvəti talanilir, daha dogrusu hakimiyyət tərəfindən mənimsənilir. Bu da 25-30 mlrd dollara bərəbərdir. Belə pullari hec bir hakimiyyət əldən buraxmaq istəməz, ona görə də Azərbaycanda hakimiyyətin demokratik seckilər yolu ilə dəyişməsi xulyadir, ancaq inqilab yolu ilə dəyişə bilər. Xalqin buna nə qədər hazir olmasi isə başqa mövzudur, daha dogrusu muəmmalidir.

  19. Anar
    Fevral 20, 2010 tarixində, saat 1:15 axşam

    Rəşad bəy, Sizin yaxşı iqtisadçı olmağınıza şübhəm yoxdur. Amma biləsiniz ki, Əli Kərimli çox böyük bir partiyanın sədridir və onun hər sahə üzrə müşavirləri, müavinləri, ən başlıcası isə komandası var. Sizdən fərqli olaraq o, hər gün hər sahə üzrə məlumatlar, statistika ilə təmin olunur. Ona görə də özünüzü müqayisə edəndə ehtiyatlı olun (görün kiminlə müqayisə edirsiniz).

  20. Mehemmed
    Fevral 21, 2010 tarixində, saat 6:11 axşam

    Men burada yazi yazan insanlarin fikirlerine daha chox onem verdiyim uchun,bezi chixishlar diqqetden yayinmir.Reshad beyin,fikirlerine hormetle yanashmaqla,bezi iradlarimi bildirmek isteyirem.Onun fikirlerini qisaca olaraq morterzeye almaqla ona aydinliq getirmek isteyirem
    1. (Iqtisadiyyata umumi baxish) Ali beyin teklif etdiyi iqtisadiyyatdaki texiresalinmaz tedbirler kimi,onun genish ve alternativ yollarinin altistiqametleri deyil,sadece konseptual yanashmanin zeruri eden baxishi ortaya qoyub.Ona gore,bele konseptual baxishlar adeten sxolastik ve umumu mezmunlu tesir bagishlaya biler.Amma bu ona esas vermir ki,sizde bundan telesik qerar chixarib,”Iqtisadiyyat” kitabi ile bagli anologiya getiresiz.

    2. (Iqtisadiyyatdaki veziyyeti siyasileshmek meselesi).Eslinde,indiki halda olke iqtisadiyyatindaki veziyyetin murtece xarakteri onun iqtisadi aletler,qanunlar vasitesile tenzimlenmesinden chox,siyasi standartlara,mulahizlere bagliligidir.Chunki,ele saheler var ki,hemin sahenin institsional ve qanunvericilik bazasi zeif deyil,sadece hemin sahedeki mehz SIYASI IRADENIN yoxlugu hemin saheni daha boyuk bohranlara salir,monopolistlere tehvil verir.Mehz hemin sahelerde siyasi iradenin yoxlugu hesabina olke iqtisadiyyati daha chetin duruma dushur.Ona gore,bele meselelerde siyasi mulahizenin sezilmesi realligin diqtesi ile baglidir.Onuda elave edende ki,bu mulahizenin muellifi siyasi partiya sedri,ictimai xadimdir,onda o ele belede olmaldirir.
    Axi,siyasetin ozude iqtisadiyyatdaki veziyyetin xarakterina gore formalashir deye,siyasetchilerin dilinin uzunulugu mehz iqtisadi dinamikaya adekvat olaraq mueyyenleshir.Mehz ona goredir ki,ekonomiksde siyaseti iqtisadiyyatin temektuzleshmish formasi hesab edirler.

    3.(Siyasi instansiyada temsil olunmaq). Ali bey,sadece mutexessis olmadigi uchun,onun hansisa siyasi komanda da temsil olunmaq iddiasi ola bilmez.Chunki,o ozu iqtidara geleceye teqdirde oz siyasi komandasi hesabina bashqalarinin hemin komanda da temsil olunmasina sherait yaradacaq siyasetchidir.

  21. Fevral 24, 2010 tarixində, saat 12:07 axşam

    Dünən İmişli rayonundan döndüm. Rayon və kəndlər bərbad gündədir. Gündüzlər günorta, gecələr saat 2.00-də işıqlar söndürülür və bir de səhər 8.00-də yandırılır. Kəndlər zülmətə bürünür. İstilik də yox. Hər bir ailə, evin bir otağina toplaşır. Həm orda yeyir, həm də yatır. Bir otağı qızdırmağa gücləri də zorla yetir. Hər tərəf palçıq və bərbadlıq içində. Hanı analoqu olmayan inkişafımız? Öz insanlarımız soyuqdan donursa, hansı haqla elektrik enerjisini və qazı digər ölkələrə satırıq? Hansı hakimiyyət öz vətəndaşlarına qarşı belə bir addım atar? Cavab var. Azərbaycan. Çox yazıqlar olsun!

  1. Fevral 16, 2010 tarixində, saat 4:32 səhər

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: