Əsas səhifə > Müsahibələr > “Müxalifətin böyük birliyi üçün imkanlar qalır”

“Müxalifətin böyük birliyi üçün imkanlar qalır”

24 February, 2010

Əli Kərimli: «Lalə Şövkətə qarşı ittihamlar həm haqsızdır, həm də böyük ədalətsizlikdir»

«Hələ də hesab edirik ki, «Azadlıq»la «Müsavat»ın və digər demokratik qüvvələrin əməkdaşlığı yarana bilər»

Əli Kərimli

AXCP sədri Əli Kərimli ilə budəfəki müsahibəmiz müxalifət daxilində baş verən son proseslərlə bağlıdır. Söhbət “casus” ittihamlarına görə Müsavat və ALP rəhbərliyi arasında yaşanan gərginlik, bunun bütövlükdə müxalif düşərgəyə təsirindən gedir.
– Əli bəy, bir müddət əvvəl müxalifətin qarşıdan gələn seçkilərə birgə getməsi barədə təşəbbüslərlə çıxış etdiniz, hətta bu mövzuda ayrıca məqalə də yazdınız. Amma deyəsən, təşəbbüsünüzə uyğun cavab ala bilmirsiniz. Bunu deyərkən, müxalifətdə xarici dövlətlərə işləyənlərin olduğu barədə Müsavat başqanı Isa Qəmbərin partiya Məclisinin toplantısında səsləndirdiyi və sonradan mətbuatda intensiv hallandırılan ittihamları, ALP rəhbərliyinin buna verdiyi cavabları və iki partiya arasında kəskinləşən münasibətləri nəzərdə tuturuq. Baş verənlərin fonunda AXCP-nin mövqeyi nədən ibarətdir?
– Bizim mövqeyimiz müxalifətdəki dostlarımıza, həmkarlarımıza xeyli əvvəldən məlumdur. Müxalifətin birliyi barədə müzakirələr hələ mətbuata çıxmamışdan əvvəl, bu mövzuda həm Isa bəylə, həm də “Azadlıq” blokundakı müttəfiqlərimizlə söhbətlərim olmuşdu. Isa bəyə bildirmişdim ki, qarşıdan gələn parlament seçkilərində müxalifətin ciddi birliyinin yaranmasına tərəfdarıq. “Azadlıq” blokunda da indiki münasibətləri davam etdirməkdə maraqlıyıq. Xalq Cəbhəsi parlament seçkilərində də “Azadlıq” blokuyla birgə olmaqda qərarlıdır. “Azadlıq” blokundakı müttəfiqlərimizdən kənarda hər hansı birlik təsəvvür etmirik. Amma eyni zamanda Müsavat Partiyası ilə də parlament seçkilərində birlik əldə etmək niyyətindəyik. Xalq Cəbhəsi olaraq mövqeyimiz bundan ibarətdir ki, “Azadlıq” bloku və Müsavat əsas mərkəz olmaqla müxalifətin birliyi qurulsun. Bu birlik ətrafında ölkənin digər demokratik qüvvələri, vətəndaş cəmiyyəti nümayəndələrini, ölkədəki nüfuzlu şəxsləri toplayaraq müxalifətin vahid birliyi formalaşdırıla bilər. Demək istəyirəm ki, bu hadisələrdən xeyli qabaq Müsavat rəhbərliyi mövqeyimizi bilirdi ki, Müsavatla əməkdaşlıq, birlik tərəfdarıyıq, amma bu birliyi yalnız “Azadlıq” bloku-Müsavat çərçivəsində görürük. Müsavatla əməkdaşlıq naminə “Azadlıq” blokunu dağıtmaq fikrində deyilik.
Eyni zamanda mövqeyimiz “Azadlıq” blokundakı müttəfiqlərimizə də məlum idi. Müttəfiqlərimizə də Xalq Cəbhəsinin mövqeyini çatdırmışdım ki, bizim üçün blok çox qiymətlidir, blok üzrə müttəfiqlərimizə inanıb güvənirik və parlament seçkilərində də birgə hərəkət etmək niyyətindəyik. Amma eyni zamanda Müsavatla da birlik formatını tapmağın tərəfdarıyıq. Hesab edirik ki, “Azadlıq” blokunu qoruyub saxlamaq şərtilə, Müsavatla “Azadlıq” blokunun bir araya gəlməsi ölkədəki müxalifət qüvvələrinin parlament seçkisi ərəfəsində birləşməsinin mühüm şərtidir. Biz bu mövqeyimizi “Azadlıq” bloku üzrə müttəfiqlərimizə də rəsmi şəkildə çatdırmışıq, imkan olduqca mətbuatla da bölüşmüşük. Mövqeyimiz sabit olaraq qalır. Biz “Azadlıq” blokundakı mövqeyimizdə qalırıq, israrlıyıq. Amma eyni zamanda hələ də hesab edirik ki, “Azadlıq”la Müsavatın və digər demokratik qüvvələrin əməkdaşlığı yarana bilər.

“Bu çəkidə siyasətçilər agent ola bilməzlər”

– Bəs onda Müsavat başqanı və funksionerlərinin müttəfiqiniz Lalə Şövkətə ünvanlanan “casus” ittihamlarına münasibətiniz necədir?
– Əvvəllər bu ittihamlar ümumi şəkildə səslənmişdi. Bilavasitə Lalə xanıma ünvanlanmamışdı, onun adı çəkilməmişdi. Ona görə də bu məsələyə münasibət bildirməmişdim. Amma sonradan Müsavat Partiyasından müxtəlif yönəldici şəxslər, Müsavata yaxın mətbuat Isa bəyin Məclisdəki məlum açıqlamasını Lalə xanıma ünvanlamağa, onu hədəf seçməyə başladılar. Bu da əlbəttə ki, çox böyük təəssüf doğurur. Hər şeydən əvvəl Lalə xanım kiminsə agenti ola biləcək səviyyədə siyasətçi deyil. Bu çəkidə siyasətçilər ümumiyyətlə agent ola bilməzlər. Bu çox absurd fikirdir. Ikincisi, Lalə xanım öz kimliyini, millətimizə nə qədər bağlı olduğunu iyirmi illik siyasi fəaliyyəti ilə ortaya qoyub və bu müddət ərzində heç kimə əsas verməyib ki, ona qarşı belə absurd ittihamlar irəli sürsün. Üçüncüsü isə hesab edirəm ki, bu ittihamlar əsassız, ədalətsiz və qərəzli olduğuna görə, sadəcə ölkədəki müxalifət düşərgəsindəki siyasi münasibətləri gərginləşdirməyib, eyni zamanda bu düşərgədəki mənəvi mühiti pozur, ona xələl gətirir.
– Cavab zəmnində olsa da, eyni tonda “casus” ittihamları ALP funksionerləri tərəfindən Müsavat başqanı Isa Qəmbərin də ünvanına səsləndi. Buna münasibətiniz necədir?
– Vəziyyətin belə həddə gəlib çıxmağına təəssüflənirəm. Dediyiniz kimi, Liberal Partiyasının funksionerləri də qarşılıqlı ittiham zəmnində olsa da, sonradan Isa bəyə qarşı sərt ittihamedici açıqlamalar verdilər. Mən o, ittihamları da doğru saymıram, əsassız hesab edirəm. Gərək partiya funksionerləri, hansı partiyada olmağından asılı olmayaraq ölkənin nüfuzlu siyasi liderləri haqqında, o cümlədən Lalə xanım, Isa bəy kimi liderlər barəsində danışan zaman acıqla həqiqətə uyğun olmayan ittihamlar səsləndirməsinlər. Qarşılıqlı münasibətləri daha da kəskinləşdirmək üçün bir-biriylə yarışmasınlar. Bunların hamısını səhv yanaşma sayıram və hesab edirəm ki, qarşılıqlı sərt açıqlamalar mütləq dayandırılmalıdır.

“Müxalifətin daha böyük birliyi üçün imkanlar qalır”

– Amma müxalifət həm də seçkilərə hazırlaşmalıdır. Indi baş verənlərin fonunda seçkilərdə iştirak formanızı necə görürsünüz?
– Biz əlbəttə ki, seçki hazırlıqlarını davam etdiririk. Ölkədə hər iki-üç ildən bir ciddi seçki kampaniyası imkanı olur – ya prezident, ya da parlament seçkiləri keçirilir. Hər belə ümummilli seçki ölkədə vəziyyəti dəyişməyə müxalifət qüvvələri üçün bir şansdır. Biz bir neçə aydan sonra Azərbaycan müxalifətinə yaranacaq bu şansı itirməməliyik. Ona görə də heç nədən asılı olmayaraq seçki hazırlıqlarımızı davam etdirməliyik. Bu baxımdan biz ilk növbədə Xalq Cəbhəsinin imkanlarına, fəallarının gücünə, təşkilatçılıq bacarığına istinad edərək, bu seçki kampaniyasına hazırlaşacağıq. Eyni zamanda “Azadlıq” bloku üzrə müttəfiqlərimizlə münasibətləri qoruyub saxlayaraq, daha da gücləndirəcəyik. Xüsusilə vurğulamaq istəyirəm ki, “Azadlıq” seçki bloku deyil, müvəqqəti yaranan seçki bloklarının fövqündə dayanan sınaqdan çıxmış siyasi ittifaqdır. Heç şübhəsiz ki, parlament seçkilərində “Azadlıq” bloku birlikdə iştirak edəcək. Eyni zamanda hesab edirəm ki, son bir ayda baş verənlər nə qədər məyusedici olsa da, müxalifətin daha böyük birliyi üçün imkanlar hər halda qalır. Qarşıdakı aylarda çox mühüm dəyişikliklər ola bilər. Regionda da ciddi dəyişikliklərin olması mümkündür. Ölkənin daxilində, müxalifət düşərgəsində böyük dəyişikliklər baş verə bilər. Elə bir situasiya yarana bilər ki, biz müxalifətdaxili birliyin, xüsusilə də “Azadlıq” bloku ilə Müsavat arasında parlament seçkilərinə yönəlik birliyin yaranması mövzusuna yenidən qayıda bilərik. Düşünürəm ki, bu, tamamilə mümkündür.
– Qarşılıqlı ittihamlar artıq kifayət qədər kəskin həddə çatdığı və hətta Lalə Şövkət Müsavatla bir yerdə ola bilməyəcəklərini elan etdiyi halda bu nikbin gözləntilərin doğrulacağı çətin təsəvvür olunmur ki?
– Onda gəlin görək, bu gün biz birləşməmək barədə son qərarımızı elan etməklə nəsə qazanırıqmı? Güman etmirəm ki, müxalifətin pərakəndəliyi bizim ölkənin milli maraqlarına, demokratik qüvvələrin və təmsil etdiyimiz partiyaların maraqlarına uyğundur. Burada biz Peyğəmbərimizə istinad edə bilərik ki, qarşıya çıxan əgər yaxşı iş deyilsə, səbr eləmək lazımdır, bəlkə o yaxşıya çevrildi. Qarşımıza yaxşı iş çıxsaydı, tələsərdik, onu tez reallaşdırmağa çalışardıq. Amma qarşımıza çıxan pis işdirsə, düşünmək lazımdır, tələsik qərarın çıxarılması bizə nə verə bilər?
Təkrar etmək istəyirəm ki, indiki situasiyanı dəyişə bilən çoxlu hadisələr baş verə bilər. Çox versiyalardan söhbət açmaq olar, amma mən birinin üzərində dayanıram. Bilirsiniz ki, böyük qalmaqala səbəb olmuş bu fikir, Müsavat başqanı tərəfindən partiyanın Məclisində açıqlanıb. Isa bəyin bu açıqlamasında heç bir siyasətçinin, o cümlədən Lalə xanımın adı çəkilməyib. Isa bəyin açıqlaması bu cür olub ki, ölkədə Irana, Rusiyaya və Azərbaycan MTN-ə işləyən qüvvələr var, Müsavat Partiyası onlarla bir ola bilməz. Sonradan Müsavata yaxın media, Müsavat funksionerləri, hətta Isa bəy də bəzi eyhamları ilə bu ittihamların hədəfinin Lalə xanım olduğu fikrini yaratdılar. Amma hər bir halda bir müsbət fakt var ki, bizi bu situasiyadan çıxara bilər. Bu da ondan ibarətdir ki, Isa bəy özü şəxsən bu ittihamların hədəfinin Lalə xanım olduğunu açıq şəkildə söyləməyib. Isa bəy yaxın günlərdə xüsusi bir açıqlama ilə çıxış edib, onun ittihamlarının hədəfinin Lalə xanım olmadığını, bu fikri səsləndirən zaman Lalə xanımı düşünmədiyini söyləyə bilər. Təsəvvür edirsiniz, bu halda necə böyük dəyişiklik ola bilər.
Yəqin, bir neçə gün bundan qabaq Klassik Xalq Cəbhəsinə yaxın mətbu orqanda Lalə xanım haqqında getmiş iyrənc bir yazıdan hamının xəbəri var. Həmin yazıdan sonra düşünmək çətin deyildi ki, Klassik Xalq Cəbhəsiylə Liberial Partiyanın münasibəti necə ola bilər. Amma cəmi bir gün sonra Mirmahmud bəy xüsusi açıqlama ilə çıxış edib, Lalə xanımdan üzr istədi və məsələyə onun aidiyyəti olmadığını söylədi. Beləliklə, narazılıq aradan qalxdı. Baxmayaraq ki, fakt faktlığında qalır və bəlkə də həmin yazı ilə bağlı qəzetə qarşı məhkəmə işi davam edir, amma hər halda münasibətlər Lalə xanım və Mirmahmud bəy münasibətləri müstəvisindən çıxdı. Görün, situasiya nə qədər dəyişdi. Indi əgər Isa bəy də açıqlama verib, Lalə xanımı qəsd etmədiyini söyləyəcəksə, yenidən Müsavat Partiyası ilə “Azadlıq” bloku arasında danışıqların aparılması üçün tam zəmin yaranmış olacaq. Mən hər halda Isa bəydən bunu gözləyirəm.

Xəyal Babayev

http://azadliq.az/?p=48850

Kateqoriyalar: Müsahibələr Etiketlər:
  1. Fevral 24, 2010 tarixində, saat 7:53 səhər

    Əli bəyin səsləndirdiyi fikirlərlə tam razıyam və bölüşürəm. Məgər bizim bu gün hədəfimiz “casus” axtarışına çıxmaqdırmı? Müxalifətin bir hədəfi var. O da bu regimi tarixin arxivinə göndərib, demokratik qüvvələrin hakimiyyətini bərpa etməkdir. Bunun kənarında baş verən bütün hadisələr həqiqətdən uzaqdır və müxalifətin parçalanmasına xidmət edir.

  2. asif
    Fevral 24, 2010 tarixində, saat 8:06 səhər

    Düzgün yanaşmadır. Lalə Şövkətə layiq olduğu dəstəyi vermək,ancaq Musavatla da birlik üçün çalışmaq.İndi görək İsa bəy nə deyir.

  3. arzuman
    Fevral 24, 2010 tarixində, saat 8:13 səhər

    İndi top yeniden Isa beyin meydanindadir. Aydinliq getirsin gorek kimdir bu Rusiya agenti. Ya Eli beyin dediyi kimi aciqlasin ki, o sozleri deyende Lale xanimi nezerde tutmurdu, ya da cetine dushende sozu firlatmasin ki, men Lale xanimin adini cekmemishem.

  4. Vasif
    Fevral 24, 2010 tarixində, saat 8:27 səhər

    Əli bəy, mən cəbhəçiyəm. Sizin müxalifəti birləşdirmək məqsədilə çalışdığınızı bilirəm. Sizə bu işdə uğurlar arzulayiram.Amma bəy,siz birlik üçün can yandırdıqca bəzi nadan adamlar elə bilir ki, AXCP zəifdir. Biz bilirik ki, bu belə deyil. Cəbhəyə dəyən zərbələr hansı partiyaya dəysəydi indi ondan heç nə qalmazdı. Amma cəbhəçilər yenə də yerlərindədirlər. Sabah mitinqlər başlayanda biz hamıdan çox olacağıq meydanlarda 2005-ci ildə olduğu kimi. Demək istəyirəm ki, yaxşı ki, demisiz ki. seçkidə əsas AXCP-nin öz gücünə arxalanacaqsız.Əgər o biri partiyaların da birliyinə nail olsaz əla olar,ancaq o birilər yenə də intriqa ilə məşğul olsalar onda da narahat olmayın. Bəy bizə arxalana bilərsiz. Biz yenə hazırıq.

  5. mikayıl beybala
    Fevral 24, 2010 tarixində, saat 8:32 səhər

    Əli bəy öz təmkinli və məntiqi hərəkətləri ilə müxalifətin birliyinə nail olacaq…Müsavatla Lalə Şövkət arasında yaranmış soyuqluq müvəqqətidir. Bu soyuqluğu yaradan qüvvələr isə məlumdur. Bunlar o qüvvələrdir ki, onlar AXCP-ni parçaladılar… Bu dəfə onların qaraguruh niyyətləri həyata keçməyəcək.

  6. taleh
    Fevral 24, 2010 tarixində, saat 8:35 səhər

    Əli bəy, Bənənyardan Rza müəllimin ölümünə çox pis olmuşam. Sizə və bütün cəbhəçilərə baş sağlığı verirəm. Əli bəy nə vaxta qədər bunlar bizi qırmaqda davam edəcək?

  7. Anar
    Fevral 24, 2010 tarixində, saat 9:16 səhər

    Təşəkkürlər Əli bəy! Xalqımız, tarix Sizin fəaliyyətinizi yüksək qiymətləndirəcək! İnşallah İsa bəyin də böyüklüyünü gözləyirik və buna inanırıq. Hər an situasiyanı dəyişə bilərik. Liderlər sözlərinin çəkisinin fərqində olmalıdırlar həmişə.

  8. Arzu Həmidov
    Fevral 24, 2010 tarixində, saat 9:02 axşam

    Əli bəy, siz birlikdən danışdıqca Müsavat rəhbərliyi gah Lalə xanıma,gahda ki biz AXCP ilə bağlı aşağılayıcı fikirlər səsləndirirlər. Açıq görünür ki,bunlar müxalifətin birləşməməsi üçün əllərindən gələni edirlər və ümüid edirlər ki,cəbhəçilərin də əsəbləri dözməyib,onlara nəsə deyəcəklər bununla da ortam daha da gərginləşəcək. Bunlar sisi indidən iqtidara satıb mandat almaq istəyirlər,siz Müsavatdan nə gözləyirsiniz ki,onlarla birləşmək istəyirsiniz.

  9. Zahid Səmədli
    Fevral 24, 2010 tarixində, saat 9:05 axşam

    Əli bəy çox dəyərli fikirlərinizə görə təşəkkür edirik. Ancaq fərqindəsinizmi ki,sizdən və Lalə xanımdan başqa ortada mübarizə aparmaq istəyən qüvvə yoxdur.Müsavatçılara mübarizə deyil,mandat gərəkdir.2005-ci ildə onlar sizi meydanda tək qoyub saxta parlamentə qatıldılar,indi də yenəmi sizləri satıb mandat almaları üçn onlara yeni fürsət vermək istəyirsiniz.

  10. Vahid Nuriyev
    Fevral 24, 2010 tarixində, saat 9:11 axşam

    Əli bəy mən siyasətdən uzaq adamam.Ancaq mövcud vəziyyətin dəyişməsi üçün müxalifətin bir araya gəlməsi ilə bağlı fikirlərinizi bölüşürəm. Başa düşə bilmirəm,ilin günün bu vaxtında İsa Bəy niyə müxalif düşərgəni agent axtarışı ilə məşğul edir.Bu yoolla sizlər hakimiyyətə qalib gəlmək istəyirsiniz. Hər halda kənar bir insan kimi deyim ki,bu cür işlər müxalifətə zərbə vurur.

  11. Adil Əsgərov
    Fevral 24, 2010 tarixində, saat 9:17 axşam

    Mən hər zaman müxalifətin meydanda verdiyi mübarizələrdə iştirak etmişəm.2003-cü ildə Prezident seçkilərinə görə 20 gün həbsdə yatmışam.İsa bəyin Azadlıq bloku ilə birləşmək istəməməsi məni çox ağrıdır.2003 cü ildə İqbal Ağazadə ilə bir blokda olan İsa bəy nədən bu gün Lalə xanıma qarşı kin püskürür. Bu bölüçülükdən ancaq iqtidar uduşlu çıxır.

  12. Rəşadət Axundov
    Fevral 25, 2010 tarixində, saat 7:15 səhər

    2010 da belə getdi…

  13. MM
    Fevral 25, 2010 tarixində, saat 2:13 axşam

    Muxalifet ele layiq oldugu durumdadir Bele sohbetlere gore

  14. Vuqar
    Fevral 25, 2010 tarixində, saat 3:10 axşam

    Beli reshadet bey getdi..Özü də İsa Qambarin sayesinde…

  15. Zümrüd Yağmur
    Fevral 25, 2010 tarixində, saat 4:08 axşam

    Müxalifətin birliyinin zəruruliyini Misavat anlayır, amma nədən kimsənin inanmadığı, məntiqli olmayan səbəblərlə bu birliyi pozmağa çalışır, anlaşılan deyil. Məgər Musavat başqanı, funksionerləri bilmirlərmi ki, Bu hakimiyyətin qarşısına parcalanmış halda deyil, birgə çıxmaq lazımdır.Bilirlər və buna getmirlərsə qoy Musavat partiyası ictimaiyyətə acıqlasın ki, niyə iqtidara sərf edən gedişlər edir…

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: