Əsas səhifə > 1, Müsahibələr, Əli Kərimli > Azərbaycan yarıtmaz idarəetmə səbəbindən böyük siyasətdən uzaqlaşdırılıb

Azərbaycan yarıtmaz idarəetmə səbəbindən böyük siyasətdən uzaqlaşdırılıb

“Hakimiyyətin mövqeyi qətiyyən dəstəklənmir”
2010-04-28
Vidadi Məmmədov
Azadlıq qəzetinə müsahibə:
“İndi özümü cavan yaşlarımda olduğundan daha möhkəm hesab edirəm”«Tez-tez dayanmaq, hər dəfə «bu seçimim doğrumu oldu, yanlışmı oldu» kimi tərəddüdlər mənlik deyil»

Bu gün AXCP sədri Əli Kərimlinin 45 yaşı tamam olur. Doğum gününü təmtəraqla qeyd etməyən AXCP sədrinə ən yaxşı hədiyyə iki gün öncə cəbhəçilərin Əliyevlər hakimiyyətinin yaratdığı sükut rejimini pozması oldu. Biz bu müsahibədə ona 45 yaşını xatırlatmağa cəhd etsək də, o yenə də gündəmin əsas məsələlərinə toxunmağa üstünlük verdi. Beləliklə, 45 yaşı tamam olmuş Əli Kərimli ilə ən son hadisələri və 45 yaşın verdiyi üstünlükləri dəyərləndirməyə cəhd edək.

“Işin başlanğıcı uğurla baş tutdu”

– Əli bəy, seçki ilində ilk aksiyanız baş tutdumu?
– Aksiyanın keçirilməsindən çox razı qaldım. Fürsətdən istifadə edib, piketə qatılan bütün cəbhəçiləri, “Azadlıq” blokundan olan müttəfiq partiyaların fəallarını və aksiyaya qoşulmuş bitərəf insanları, əsasən gəncləri təbrik edirəm, onlara təşəkkürümü bildirirəm. Aksiya qarşısına qoyduğu əsas məqsədə nail oldu. Azərbaycan və dünya ictimaiyyətinin diqqəti 10 il ərzində Avropa Şurasına üzv olan bir ölkədə hələ də vətəndaşların sərbəst toplaşmaq azadlığının olmadığına cəlb edildi. Dünya ictimaiyyətinə nümayiş olundu ki, vətəndaşlar sivil qaydada, mədəni şəkildə azad seçki tələb edir. Lakin Azərbaycanda elə bir qrup hakimiyyətdədir ki, “azad seçki” şüarını özü üçün təhqir sayır və bu şüarın səslənməməsi üçün sözün əsl mənasında adamların ağzını qapayır. Bu baxımdan aksiya yüksək əhval-ruhiyyə ilə keçdi. Insanların atdıqları addımların doğru olduğuna inamlarını görməmək mümkün deyildi. Məndə belə əminlik yarandı ki, işin başlanğıcı uğurla baş tutduğuna görə, bu il nəzərdə tutduğumuz fəaliyyəti uğurla davam etdirib başa çatdıra biləcəyik.

“Mübarizənin önündə olmaqda davam etməliyik”

– Aksiyaların davamı və miqyası barədə nə düşünürsünüz? Bundan sonra da Bakı Şəhər Icra Hakimiyyəti müraciətinizə uyğun cavab vermədiyi halda aksiyalar keçiriləcəkmi və bu, piket formasında olacaq, yoxsa mitinq?
– Mən bu arada mətbuatın diqqətindən yayınan kiçik bir pozitivə diqqəti cəlb etmək istəyirəm. Bu dəfə əvvəlki vaxtlardan fərqli olaraq Bakı Şəhər Icra Hakimiyyəti mitinqlə bağlı müraciətimizə birmənalı yox demədi və ənənəvi olaraq yalnız Bibiheybətdəki meydanı göstərmədi. Şəhərin kənarında, Əhmədlidə, 20-ci sahədə, Binəqədidə də başqa meydanlar təklif olundu. Biz, əlbəttə, haqlı olaraq həmin meydanların sərbəst toplaşmaq azadlığının reallaşdırılması üçün uyğun hesab etmədik. Həm də burada söhbət ondan gedir ki, aksiya keçirəcəyimiz yeri müəyyənləşdirmək Bakı Şəhər Icra Hakimiyyətinin işi deyil. Bu, bizim hüququmuzdur. Ona görə də biz bu təkliflərlə razılaşa bilməzdik. Amma burada hər halda çox kiçik, zərrəbinlə də olsa görünən pozitiv hərəkət var idi ki, nəhayət, deyəsən, hakimiyyətdə “dediyimiz dedikdi” yanaşması ilə uzağa getməyin mümkün olmadığını anlayıblar. Başa düşüblər ki, sərbəst toplaşmaq azadlığını təmin etmək lazım gələcək. Çünki bu, bütün dünyanın tələbidir. Ona görə də mən istisna etmirəm ki, növbəti mərhələlərdə bizə sərbəst toplaşmaq azadlığını reallaşdırmağa imkan verən hansısa meydanlarda aksiyaların keçirilməsinə maneə yaradılmayacaq. Ola bilsin ki, bu, dərhal baş verməsin. Amma yaxın vaxtlarda bu hüququn reallaşacağına inanıram. Bu, əlbəttə ki, mübarizəsiz də olmayacaq. Ona görə də mübarizə davam etməlidir. Biz yəqin ki, yaxın günlərdə partiyanın Ali Məclisinin Rəyasət Heyətində, daha sonra “Azadlıq” blokunda aksiyaların davamı ilə bağlı müzakirələr aparacağıq. Bizim bu tipli qərarlarımız kollegial qaydada qəbul olunur. Amma mən təşkilatdakı ümumi əhval-ruhiyyəni bilirəm və özüm də bu əhval-ruhiyyəni bölüşürəm. Hesab edirəm ki, mübarizə davamlı olmalıdır, heç bir tərəddüd göstərilməməlidir. Biz də vətəndaşlarımızın hüquq və azadlıqlarını reallaşdırmaq uğrunda mübarizənin önündə olmaqda davam etməliyik. Şübhə etmirəm ki, aksiyalar davamlı və böyüyən miqyasda olacaq. Bu məsələdə təşkilat daxilində hər hansı tərəddüd yoxdur. Aksiyaların konkret günü, vaxtı və formasına gəlincə, bu, müzakirələrdən sonra bəlli olacaq.

“Biz çox olduqca hökumətin repressiya dişinin kəsəri azalacaq”

– Belə fikirlər səslənir ki, daxildəki vəziyyət xaricdən Azərbaycan hakimiyyətinə edilən təzyiqlərə adekvat deyil. Demokratik düşərgə bu balansı nə vaxt yaradacaq?
– Açığı, hələ düşünmürəm ki, xaricdən hakimiyyətə güclü təzyiqlər olub. Prinsipcə çox yüngül formada Azərbaycan hakimiyyətinə işarə verilib ki, bu şəkildə idarəetmə dünyanı razı salmır. Hesab edirəm ki, Azərbaycan hökumətinin siyasətində dəyişiklik olmasa, onlar öz siyasətlərini daha sivil məcraya salmasalar, yəqin ki, bundan sonra güclü təzyiqlərdən söhbət gedəcək.
Daxildəki əhval-ruhiyyəyə gəlincə, bilirsiniz, ölkə əhalisinin mütləq əksəriyyəti rejimdən narazıdır. Siz aksiya ilə bağlı müxtəlif internet forumlarda aparılan müzakirələrə diqqət etsəniz görərsiniz ki, onlar kütləvi etiraz aksiyalarını, müxalifətin fəaliyyətini təqdir edirlər. Hökumətin fəaliyyəti isə kəskin tənqid olunur. Burada söhbət 90-95 faizlik çoxluqdan gedir. Yəni, ictimai rəy baxımından məsələ aydın və birmənalıdır. Azərbaycan hakimiyyətinin mövqeyi qətiyyən dəstəklənmir. Hakimiyyəti qorxuya salan da budur. Xalqdan qorxmasaydılar, xalqın içində dayaqları olduğunu düşünsəydilər aksiyalardan bu qədər ehtiyat etməzdilər. O başqa məsələdir ki, bu narazılıq, bu kütləvi etiraz hələlik meydanlara çıxmır. Meydanlara çıxanların sayı narazı olanların yüzdə biri, mində biri ilə ölçülə bilər. Bu da uzun illər ərzində hökumətin məqsədyönlü şəkildə cəmiyyətdə yaratdığı qorxu ilə əlaqədardır. Ona görə də ilk aksiyada cəbhəçilər və blokun müttəfiq partiyalarının fəalları belə qərara gəldilər ki, hələ geniş mənada xalqa çağırış edilməsin. Qorxunu adamların qəlbindən çıxarmaqdan ötrü cəbhə funksionerləri, cəbhəyə yaxın olan gənclər, müttəfiq partiyaların fəalları ilk addımı atmağı öz üzərlərinə götürdülər ki, başqa adamlara bunun dəhşətli, qorxulu olmadığını nümayiş etdirsinlər. Biz çox olduqca hökumətin repressiya dişinin kəsəri azalacaq. Ona görə də biz birinci aksiyanı yalnız birbaşa bu prosesdə iştirak edən insanların gücü ilə keçirdik, xalqa çağırış etmədik. Amma növbəti mərhələlərdə artıq xalqa da çağırış edəcəyik. Daha çox sayda insanın bu aksiyalarda iştirakını istəyəcəyik. Regionlarda mitinqlərin keçirilməsi, kütləvi aksiyaları artan xətlə aparmaq barədə düşünəcəyik. Bütün bunların hamısı yəqin ki, cəmiyyətdə uzun illərin repressiyalarının yaratdığı qorxunu dağıtmağa kömək edəcək. Mən artıq onun ilk əlamətlərini, çox sürətlə qorxunun cəmiyyətdə dağılacağını görürəm. Müxalifət olaraq bizim də borcumuz bu prosesi ardıcıl, qətiyyətlə davam etdirməkdən ibarətdir.

“Vətəndaşına hörmət etməyən hökumətə dünyada heç kim hörmət etmir”

– Ilham Əliyev Müdafiə Nazirliyində keçirdiyi müşavirədə bəyan etdi ki, Azərbaycanı izolyasiya etmək mümkün deyil və son hadisələr də bunu göstərdi. Sizcə, dövlət başçısı son hadisələr deyəndə nəyi nəzərdə tuturdu?
– Doğrusu, onun bu bəyanatını başa düşmək xeyli çətindir. Çünki son hadisələr onun söylədiklərinin əksini göstərib. Azərbaycan faktiki olaraq izolyasiya olunub. Azərbaycanın taleyi ilə bağlı məsələlər onsuz müzakirə edilir. Yenə də Türkiyənin xarici işlər naziri məlumat verdi ki, Rusiya prezidentinin Ankaraya səfərində əsas müzakirə edilən məsələlərdən biri Qarabağ münaqişəsi olacaq. Baxın, son vaxtlar Türkiyə rəsmiləri bu məsələni Azərbaycandan daha intensiv şəkildə dünya miqyasında müzakirəyə çıxarırlar. Çünki Azərbaycanın bunu etmək imkanları məhdudlaşıb. Azərbaycan çox təəssüf ki, yarıtmaz idarəetmə səbəbindən böyük siyasətdən uzaqlaşdırılıb. Ona görə də mən Ilham Əliyevin müşavirəni Müdafiə Nazirliyində deyil, Xarici Işlər Nazirliyində keçirməsini daha yaxşı başa düşərdim. Nə olub? Ilham Əliyev Azərbaycan böyük siyasətdən uzaqlaşdırıldığına görə hamıya savaş elan edəcək? Burada Müdafiə Nazirliyinə aid bir iş yoxdur axı. Düzgün diplomatiya işlətmək, ölkənin daxili siyasətini düzəltmək lazımdır. Ölkənin xarici siyasəti daxili siyasətin davamıdır. Ölkənin bütün maraqlarını kürsü maraqlarına qurban vermək lazım deyil. Ölkənin vətəndaşına hörmət etmək lazımdır. Öz vətəndaşına hörmət etməyən hökumətə dünyada heç kim hörmət etmir. Indi XXI əsrdir. Indi əsrin tələbləri tamamilə başqadır. Öz vətəndaşına qənim kəsilən, zülm edən, hüquqlarına hörmət etməyən, onu bədbəxt etmək üçün fürsət, bəhanə axtaran bir hökumətə dünya miqyasında necə hörmət oluna bilər? Bu gün sivil ölkələr, sivil xalqlar, sivil siyasətçilər, müasir dünyagörüşlü insanlar belə bir geridə qalmış təfəkkürlə idarə olunan hökumətə necə hörmətlə yanaşa bilərlər? Ona görə də bu ölkəni yaranmış acınacaqlı durumdan çıxarmaq üçün ilk növbədə Ilham Əliyev siyasətini dəyişməlidir. Özünün rəhbərliyi ilə aparılan anti-demokratiya, xalqla qarşıdurma siyasətindən imtina olunmalıdır. Tədricən də olsa, siyasi islahatların önü açılmalıdır. Bunun üçün beynəlxalq aləmdə də yeni açılımlara ehtiyac var. Əvvəllər buraxılmış bir sıra səhvlər aradan qaldırılmalıdır. Buna görə də müşavirənin keçirilmə ünvanı səhv salınıb. Müdafiə Nazirliyində yox, Xarici Işlər Nazirliyindən müzakirələr aparıb, indiyə qədər bərbad günə salınmış xaric siyasəti düşdüyü sıfır nöqtəsindən çıxarmaq lazımdır.

“Mənim üçün ad günləri hesabat məqamlarıdır”

– Əli bəy, 45 yaşınız tamam olur. Bu vaxtadək xeyli siyasi hücumlara məruz qalmısınız. 45 yaş üçün bu hücumlar çox deyilmi və məruz qaldığınız hücumları bu yaşda necə qarşılayırsınız?
– Görünür, siyasətə çox tez gəlmişəm. Ona görə də uzun illər çox cavan olmağım siyasətdə mənə nöqsan kimi tutulub. Bəlkə ona görədir ki, indi yaşımın üstünə gələn yaşlar məni narahat etmir, əksinə bir az da rahatladır. Çünki hesab edirəm ki, mənə qarşı olan bəzi dairələrin əlindəki arqumentlərdən biri də aradan çıxıb. Artıq 45 yaşlı adama “çox gəncsən və onun üçün siyasi proseslərin mərkəzində ola bilməzsən” kimi iradlar tutmaq olmur. Bu iradlar təbii şəkildə aradan qalxır.
Yaş özü ilə bərabər təcrübə, müdriklik gətirir. Insan çox şeyi oxuyub öyrənə bilər, amma təcrübə yalnız yaşandıqca qazanılır. O cümlədən müdriklik də yalnız yaşandıqca qazanılır. Bu baxımdan, əlbəttə, indi mən özümü cavan yaşlarımda olduğundan daha möhkəm, daha dayanıqlı hesab edirəm. Indi öz həyatımı çox dərindən dərk etmişəm. Nə istədiyimi çox dəqiq bilirəm. Artıq necə yaşamalı olduğumla bağlı axtarışlarım yoxdur. Mənim üçün bütün daxili qərarlar artıq verilib. Özümü tamamilə tapmışam. Bilirəm ki, bir insan kimi doğru bildiyim yolda addımlayıram. Doğru bildiyim yolda inamla yürüməyi, davamlı olaraq yürüməyi sevən insanlardanam. Tez-tez dayanmaq, hər dəfə “bu seçimim doğrumu oldu, yanlışmı oldu” kimi tərəddüdlər mənlik deyil. Daxilən verdiyim qərarların, mənəvi seçimin haqlı olduğuna varlığımla inanıram. Ona görə də heç bir tərəddüdsüz bütün imkanlarımı, mənəvi, intellektual, şəxsi imkanlarımı doğru bildiyim həqiqətlərin uğur qazanması uğrunda səfərbər edirəm. Əslində o adamlardanam ki, hər gün özümə hesabat verirəm. Ad günləri isə o mənada fərqlidir ki, günlük yox, illik hesabat vermək lazım gəlir. Doğru bildiyim amallara mənə inanaları yaxınlaşdıra bildimmi? O istiqamətdə hansısa iş görə bildimmi? Öz üzərimdə yetərincə işləyə bildimmi? Məndən gözləntisi olan insanların ümidlərini doğrultmaq üçün ardıcıl fəaliyyət göstərə bildimmi? Bütün bunların hesabatını vermək lazım gəlir. Açığı, mənim üçün ad günləri məhz hesabat məqamlarıdır.

Kateqoriyalar: 1, Müsahibələr, Əli Kərimli
  1. AzerD
    Aprel 28, 2010 tarixində, saat 8:00 səhər

    Tebrik edirem! 50 yashinizi prezident olaraq qeyd edesiniz.

  2. Saadet
    Aprel 28, 2010 tarixində, saat 8:29 səhər

    Əli bəy,doğum gününüz mübarək! Yaman gözdən uzaq, elə tələbəlik illərindəki kimi gənc görünürsünüz!:))Sizin və bizim azadlığımız naminə sağlıqla neçə yibileylərə!!!

  3. Zümrüd Yağmur
    Aprel 28, 2010 tarixində, saat 9:33 səhər

    Doğru bildiyiniz həqiqətlər uğrunda apardığınız mübarizənin sonunda haqq etdiyiniz məqamda olmanızı arzu edirəm. Bu həm də Xalqımın əldə edə biləcəyi ən böyük mükafat olar. Xalqıma bu mükafatı, Sizə isə xalqınıza vermək istədiyiniz ədalətli idarəetmənin gercəkləşməsi yolunda olan əngəlləri aradan qaldırmaq əzmi arzulayıram!

  4. Anar
    Aprel 28, 2010 tarixində, saat 12:50 axşam

    Təbriklər Əli bəy!

  5. Aprel 28, 2010 tarixində, saat 4:35 axşam

    ali bey man sizi tabrik ediram siza uzun omur can saqliqi ala sadati arzulayram xalqmiza isa ikinci qarabaq muharbasinda harbida olmus xususi tayinatlarda xidmat etmis ali bas kamandan arzulayram.

  6. Aprel 28, 2010 tarixində, saat 4:41 axşam

    tabrik ediram

  7. Fuad Qəhrəmanlı
    Aprel 28, 2010 tarixində, saat 7:08 axşam

    Əli bəy hər bir xalqın taleyində mühüm dəyişikliklər,ciddi dönüşlər hansısa böyük şəxsiyyətlərin liderliyi ilə gerçəkləşir.Bu şəxsiyyətlər məqsədə nail olana qədər çox böyük çətinlikərdən,gərgin mübarizələrdən keçirlər.Bu çətin anlar həm də tanrı sınağıdır və çətin anlarda bir çoxlaraı bu tarixi şəxsiyyətləri tərk edərək,onlarla sonuna qədər böyük hədəflərə gedən yolda ola bilməmişlər.Ancaq sonunda bu tarixi liderlər uğrunda mübarizə apardıqları hədəfləri gerçəkləşdirib tarix yaratmışlar. Əli bəy, siz də xalqımızın müasir tarixini yaradacaq,xalqımızıın taleyini dəyişdirəcək bir missiyanı üzərinizə götürmüsünüz və bu günədək apardığınız mübarizəniz bu böyük yolun bir hissəsidir.Bu böyük yolun böyük yolçusuna uğurlar diləyirəm və sizə böyük qələbə arzulayıram.Sizin qələbəniz xalqımızın köləlik,ədalətsizlik üzərində zəfəri olacaq. Allah yolunuz açıq etsin.

  8. Cavidan
    Aprel 28, 2010 tarixində, saat 7:12 axşam

    Əli bəy sizin 28 apreldə doğulmanız da görünür təsadüfi deyil.Allah siz 28 aprel sovet istilasına əvəz olaraq bu xalqa bəxş edib.Çünki inanıram ki,siz xalqımızı indiki Əliyevlər əsarətindən və Qarabağımız erməni işğalından azad edəcək lider olacaqsınız.Uğurlar sizə.

  9. namiq shemkirli
    Aprel 28, 2010 tarixində, saat 8:14 axşam

    Efirlərdən, ekrranlardan uzaq salmaqla Sizi xalqdan “gizlətməyə” cəhd edə bilərlər. Amma Siz varsınız, və Sizin, Cəbhənin, “Azadlıq”-ın sadəcə fiziki varlıgı Azərbaycanda demokratiya şamının sönməməsi, butun küləklərə sinə gərib yanması deməkdir. Zaman yetişəcək və bu şamın nə zamansa kövrək görünən alovundan çox-çox böyük tonqallar çatılacaq. Ad gününüz mübarək ƏLİ Bəy.

  10. Ebulfez Qurbanli
    Aprel 28, 2010 tarixində, saat 8:33 axşam

    Təbrik edirəm,Əli bəy!
    Sizinlə qürur duyuruq!

    Var olsun Ustadimiz!

  11. Mehemmed
    Aprel 29, 2010 tarixində, saat 9:40 səhər

    Butun illerde ad gunlerinizi 1000-ler,10000-ler birbasha ve dolayi formada bolushurse,kutlayirsa,vallah bu bashqa heyatdir.Ozude chox nadir insanlara,shexiyyetlere mexsus heyatdir.Bununla yalniz fexr etmek olar.Hazirda siz siyasi heyatinizin chox ciddi sinaq dovrunun en chetin,murekkeb ve eyni zamanda agir dovrunu yashayirsiziniz.Amma yenede umidli,arxayin ve guzlu gorunursuz.Butun bu auraniz ne qeder insanlari meyuslugun girdabindan chixarir,onlara guc verir ve umidli edir? Shubhesiz,chox boyuk!Bunun siyasi liderler uchun chox vacib keyfiyyet oldugu melum.Chunki,siz mence ele mehz siyaset uchun dogulmusuz.
    Sizin yashinizla siyasi fealiyyetinizin illeri arasinda o qeder ferq var ki,bezen insana ele gelir ki,biz bashqa tarixi shexsiyyet,siyasetchi haqqinda danishiriq.Chunki,siz siyasetin episentirnde olmaqla bu zamani chox boyuk gorsetmisiz.Ona gore muasir Azerbaycan siyaseti deyende siz,sizi deyende ise muasir Azerbaycan siyasetinin avanqardi goz onune gelir.Bunu qazanmagin yolu mesheqqetli heyatdan kechir.Indi siz mehz kechdiklerinizin fererhini yashayirsizniz.Kechmishiniz mubarek!
    Sizi urekden tebrik edir ve Azerbaycan uchun mueyyenleshdiririyiniz hedeflerinize chatasiz!

    Derin hormetle Mehemmed Talibli

  12. Aprel 30, 2010 tarixində, saat 4:00 axşam

    Əli bəy, Siz Vətənimizin qəhrəman, fədakar oğlu olaraq Azərbaycanın tarixi şəxsiyyətləri sırasında görkəmli yer tutmusunuz. Xalqımızın ağır günlərində həmişə bütün liderlərə örnək olmusunuz. Bu da xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sizin yolunuz haqq-ədalət yoludur, yolunuz uğurlu olsun! Allah ədalətli, öz xalqına fədakarlıqla, ləyaqətlə xidmət edən insanın yanındadır. Sizə can sağlığı, böyük müvəffəqiyyətlər arzulayırıq!

  13. Ilqar Nasibov
    Aprel 30, 2010 tarixində, saat 4:14 axşam

    Əli Bəy Siz Azərbaycanda Elçibəydən sonra tək lider olmağa layiq siyasətçisiniz. Son zamanlar sizin mətbuatdakı çıxışlarınız və ictimai-siyasi hərəkətləriniz Naxçıvanda da insanları ruhlandırır. Azərbaycanda demokratiyanın qələbəsinə inanan və prinsipial olaraq hədəfinizə doğru getdiyiniz yolda inanıram ki, böyük xalq kütləsinin çiyinlərində olacaqsız. Bu çətin və ağır işdə sizə yeni-yeni uğurlar arzulayıram.

    Hörmətlə, İlqar Nəsibov.

  14. Dilshad
    May 1, 2010 tarixində, saat 2:32 axşam

    Sizinle qurur duymamaq mumkun deyil.Allah sizin yolunuzu hemishe achiq elesin.Herterefli xalqin yaninda olan lidersiniz.Ad gununuz mubarek

  15. May 3, 2010 tarixində, saat 3:55 axşam

    allah siza komak olsun ali bey

  16. May 4, 2010 tarixində, saat 5:36 axşam

    Dostlar, hamınıza təbrik və xoş sözlər üçün təşəkkür edirəm.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: