Əsas səhifə > Yazılar, Əli Kərimli > İtaətkarlıq simvolları

İtaətkarlıq simvolları

Mobil telefonlara yüklənmiş «Mən həmişə fəxr etmişəm ki, mən Azərbaycanlıyam» ifadəsi, aidiyyatı olan-olmayan bayram günlərində televiziyaların küncündə yerləşdirilən  məlum şəkillər, apteklərdən  ərzaq dükanlarına qədər – bütün obyektlərdəki “müqəddəs” ata və oğlun partretləri… və s. qorxunun və itaətkarlığın simvolları deyilmi?

Əslində bu simvollarla həmin şəxslər yuxarılara ismarıj çatdırırlar ki, bəli mən sizdən qorxuram, sizə itaət etməyə, sizin təbəəliyinizi qəbul etməyə hazıram. Amma mənə imkan verin, dükanımda ərzağımı satım, özümü, ailəmi dolandırım.

Heç bir insan alçalmağı sevmir, az və ya çox dərəcədə ləyaqət hissi hamıya aiddir. Utanmaq hissi də birbaşa ləyaqət və qürur hissi ilə bağlıdır. Bütün insanlarda az və ya çox dərəcədə şərəf və ləyaqət hissi olduğu üçün hər bir kəsin də etməyə utandığı əməllər də var. Hər bir insana digərlərinin verdiyi qiymət, eləcə də özünün verdiyi «özünəqiymət» önəmlidir. Siz açıq şəkildə: «Mən qorxağam, itaət etməyə, təbəəliyi qəbul etməyə hazıram» deyən birini təsəvvür edə bilirsinizmi? İnsanlar bir qayda olaraq çalışırlar ki, o həddə qədər alçalmasınlar. Amma avtoritar rejimlər də vətəndaşlarından tələb edir ki, itaətə hazır olduqlarını ifadə etsinlər. Avtoritar başçılara heyranlıq əfsanələri də bu zaman yaranır.

Bir çox adamlar utanmamaq üçün və ya utandığını başqalarından gizlədə bilmək üçün özlərini də aldatmağa çalışırlar, qorxaqlığı və itaətkarlığı gizlətməyə imkan verən heyranlıq əfsanələri uydurub, özlərini də yenicə uydurduqları nağıla inandırmağa çalışırlar. Əlbəttə ki, “mən bu-bu səbəblərə görə “ulu öndəri və onun layiqli davamçısını” dəstəkləyirəm” demək, “mən cəsarətsiz və qorxaq olduğum üçün hakimiyyəti zəbt edənlərə xidmət edirəm” deməkdən daha “abırlı” görünür.

İnsanların cəmiyyətdəki ierarxiyada tutduğu mövqe artdıqca, özünü aldatma fəndi də daha mürəkkəb olur. Əgər məsələn, bir turizm şirkətində, məktəbdə, özəl klinikada, hər-hansı ticarət obyektində işləyən bir adam üçün heç bir izahatsız – əfsanə uydurmadan ofis kabinetində iki məlum ata-oğul partretini saxlamaq özünü, biznesini qorumaq üçün kifayətdirsə, cəmiyyətdə daha üstün mövqelər tutan adamlar öz itaətkarlığını daha «intellektual» məsajla çatdırmalıdır. Beləsi məsələn, ulu öndərin 1993-cü ildə Azərbayanı xilas etməsini «elmi şəkildə» izah edə bilər. Yox əgər adam təzə «islah olunmuş»lardandırsa, onda onun 1993-ə müraciət etmək şansı yoxdur. Təzə uydurulmuş əfsanələrin birini seçməlidir.

İ.Əliyev çox çalışsa da, «yeni açılan iş yerləri» və «analoqu olmayan iqtisadi inkişaf» belə şüara çevrilmədi. Axı söhbət az-çox tanınmış adamlardan gedir. Onlar elə əfsanə uydurmalıdır ki, onun yalan olduğu hamıya və dərhal məlum olmasın. Ona görədir ki, şəxsən mən az-çox tanınmış bir ictimai xadimin «İlham Əliyevi ona görə dəstəkləmək lazımdır ki, o, 740 min iş yeri açıb, ya da analoqsuz iqtisadi inkişafa nail olub» dediyini xatırlamıram.

Məsələn, 2008-ə qədər belələrinə “İlham Əliyevin uğurlu xarici siyasəti” əfsanəsi daha cəlbedici görünürdü . Bu abstrakt şüar o zaman 2 cəhətdən əlverişli idi. Əvvəla ona görə ki, 2003-cü ildə onun hakimiyyətə gəlməsinə doğrudan da ciddi beynəlxalq dəstək olmuşdu. 2-cisi xarici siyasətin yanlışlığının üzə çıxması üçün nisbətən uzun müddət tələb olunur. Xarici siyasətin iflası faktı qəti şəkildə aydınlaşandan sonra intellektual itaətkarlar yeni əfsanələr yaratmağa girişdilər.

Məsələn, bütün xarici təzyiqlərə baxmayaraq, Qarabağı müdafiə edən «millətçi» prezidenti dəstəkləmək zərurətindən danışmaq xeyli cəlbedici əfsanə idi. Bir tərəfdən hakimiyyəti loyallığına əmin edirsən, o biri tərəfdən də cəmiyyətin az məlumatlı hissəsinə özünü vətənpərvər kimi sırıyırsan.Amma bu kompaniyanı da İlham Əliyev özü dayandırası oldu. Hökumət Qarabağın statusunun referendum yolu ilə müəyyən edilməsini nəzərdə tutan Madrid prinsipləri ilə razılaşdığını deyəndən sonra bu lozunq çox bayağılaşdı. Azacıq da olsa özünəhörmət hissi qalmış insanların, artıq bu şüarın arxasında gizlənməsi mümkün olmayacaq. İlham Əliyev onları da çətinə saldı.

Hökumətətrafı çevrələr və son illərdə islah olunub, düşərgəsini dəyişmişlər yeni itaətkarlıq simvolu axtarışındadırlar. Artıq bir neçə təklif də var. Məncə yaxın gələcəyin itaətkarlıq şüarı Oktay Əsədov tərəfindən irəli sürülən «prezidentimiz nə sağına, nə də soluna baxmır» şüarı olacaq. Məncə çox uğurlu variantdır. Həm yaltaqlanırsan, həm də özünü elə aparırsan ki, guya dünyadan təcrid olunan prezidentinlə qürur duyursan.

Niyə də yox?

Kuba kommunistləri Kastro qardaşlarının, şimali koreyalılar ata-oğul Kimlərin 10 illər ərzində sağa və sola baxmadan «irəli getməsi» ilə fəxr edə bilir, qonşuluğumuzda- İranda nə qədər adam «sağa da, sola da baxmayan» prezidentləri ilə qürur duyur, xeyli sayda Venesuela vətəndaşı «sağa da, sola da baxmayan» prezidentləri ilə fəxr edə bilir, nədən bu ölkənin “vətənpərvəri, intellektualı” da fəxr etməsin ki, bizim dövlət başçısı da eynən adını çəkdiyim liderlər kimi «nə sağa baxır, nə də sola»?

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Mecid
    May 11, 2010 tarixində, saat 6:21 axşam

    Bey,fikir verin iqtidar terefdarlarinin artiq danismaga bir seyleridde qalmiyib.Eyni sozleri tekrarlayib tekrarlayib deyirler,cavablarinida alannan sonra eslinde deyisiklik istediklerini ama mumkun olmayacaqini deyerek eslinde qorxduqlarini etiraf eleyirler.heyderizmin meglub olub,qalib gelmek yalniz oz elimizdedi,bunuda bacaraciq.Yazilarinizi daha cox oxunmasina nail olaraq pessimizimi aradan qaldira bilerik.Davamini gozleyirik,ugurlar.

  2. namiq shemkirli
    May 11, 2010 tarixində, saat 8:15 axşam

    Azərbaycanda itaətkarlığın da analoqu olmayan növü yaranıb. Kubalıların da, koreyalıların da, elə venesuellalılarin da xeyli hissəsi öz liderləri ilə həqiqətən fəxr edirlər. Düz və ya səhv edirlər, bu başqa sualdır. Bizdə isə dədə-balanın portretini başı üstündən asanların çox böyük əksəriyyəti rejim sahiblərinə nifrət edirlər. Sadə vətəndaşlar bir yana, polisi, hərbiçisi, kömrükçüsü və daha kimlər portretlətin altındaca rejimin qabırğasına döşəyirlər. Əslində belə yalançı itaətkarlığı yeritməklə hakimiyyətdəkilər özlərini aldadırlar. Anlamırlar ki, zorla itaətə məcbur edilənlərin nifrəti də gisası da ağır olur.

  3. May 11, 2010 tarixində, saat 10:44 axşam

    Chox teessuf ki, insanlar qorxu ile yashamaqa oyreshibler. Ve bu qorxu artiq sevgi formasini alib. Insanlar qorxduqlari sheyi sevdiklerini sanirlar. Men prezidentin chixishlarina baxib gozu yasharan onlarla insan gormushem. Bu insanlarda sheref, leyaqet ve s. insani hisslerin hech biri qalmayib. Bu olkede sadece ve sadece koklu deyishiklikler lazimdi. Bir basha insanin shexshi heyatina tesir eden deyishiklikler olmalidi.

    Artiq bu xaql korrupsiya ile barishib. Ve bu rejimin korrupsioner olmasi arqumenti xalqa celbedici gelmir. Mence artiq mubarizenin yeni konsepsiyasi yazilmalidi. Bu istiqametde biz hamimiz bir yerde ishlemeliyik.

  4. Əvəz
    May 12, 2010 tarixində, saat 7:48 səhər

    Əli bəy,yenə də aktual mövzuya toxunmusunuz. Bu qorxaq və yaltaqları tez-tez utandırmaq lazımdır. Onlar bilməlidilər ki, özlərini aldatsalar da bizi aldada bilməzlər.

  5. Əliyev Rüstəm
    May 12, 2010 tarixində, saat 7:55 səhər

    Sizin intellektual yaltaglar adlandırdıqlarınız cəmiyyətə daha çox ziyan vurur. Çünki belələri daha məharətlə öz qorxaglığını, cəsarətsizliyini gizlədir. Özündən elə şeylər uydurur ki, xeyli avam adamı da çaşdırır.

  6. Ebulfez Qurbanli
    May 12, 2010 tarixində, saat 7:58 səhər

    YAZININ BU HISSESIN YAP-cilara CATDIRAQ.:)

    Hökumətətrafı çevrələr və son illərdə islah olunub, düşərgəsini dəyişmişlər yeni itaətkarlıq simvolu axtarışındadırlar. Artıq bir neçə təklif də var. Məncə yaxın gələcəyin itaətkarlıq şüarı Oktay Əsədov tərəfindən irəli sürülən «prezidentimiz nə sağına, nə də soluna baxmır» şüarı olacaq. Məncə çox uğurlu variantdır. Həm yaltaqlanırsan, həm də özünü elə aparırsan ki, guya dünyadan təcrid olunan prezidentinlə qürur duyursan.

  7. Turan
    May 12, 2010 tarixində, saat 8:00 səhər

    Yazınızı çox bəyəndim. Ümumiyyətlə mən belə hesab edirəm ki, liderlər həm də bizim hamımızın gördüyü, hadisə və proseslərin izahını verməklə, xalqı marifləndirməklə hələ də bəsirət gözü bağlı olanların gözlərini açmağa kömək etməlidir. Sizə bu yolda uğurlar arzulayıram.

  8. Enver
    May 12, 2010 tarixində, saat 8:47 səhər

    Bilirsiz,necədi?Əslində milliyətçilik də sağa-sola baxmır.Norveçi misal çəkək.Norveç nə AB-yə üzv olur,nə də digər tənqidlərə fikir verir.İşləri öz xalqlarıyladı,Xalqa işləyirlər.Bizim də belə olmağımızı istəyirəm.

  9. Orxan
    May 12, 2010 tarixində, saat 9:49 səhər

    Çox gözəl yazıdır.Bütün xəbərsiz YAP sevənlərin hər fikri artıq iflas edib.Bunu sizin də söyləməniz məlumatsız xalqımıza yayılmağı üçün böyük təkan olacaq.Uğurlar bəy!

  10. May 12, 2010 tarixində, saat 1:54 axşam

    Yazının sonunda verilən paraqraf təsirli çıxıb. Əslində, istər sadə vətəndaş, istərsə də, məmur ürəyindən keçəni deyə bilmədiyinə görə, işlətdiyi ifadə anekdoto çevrilir.

  11. Zümrüd Yağmur
    May 12, 2010 tarixində, saat 4:18 axşam

    Azərbaycanda insanların yanaşma tərzindəki eybəcərliklər yaltaqlığın əsasında dayanır. insanlar özündən güclü hesab etdiyinin qarşısında susmasını, ona yaltaqlanasını zəifin qarşısında olduğu ilə etniləşdirmir, yaltaqlıq insanın qarşısındakına görə dəyişir, güclünün gücü yaltaqlıqdakı qəbahəti hecə endirir və insanlarımız bunu özünə sığışdırmağın utancını yaşamır. Bir zamanlar adi tərs baxışa dözməyn Azərbaycan kişisi indi kiminsə qarşısında əyilib əlini öpməyi özünə qəbahət hesab etmir, çünki sındırılmış qürur, oynanılmış ləyaqət, alcaldılmış şəxsiyyətiun üstünlüyü olmadığından yaltaqlıq qəbahətlikdən çıxır. Digər yandan kimsə artıq ictimailəşmış yaltaqlığın insanı alcatması düşüncəsində deyil,işi bundan aşır deyib kecirlər, analar yaltaq oğluna südünü haram etmir, çünki ona qürurlu oğul deyil, pullu oğul lazımdır,qadın ərinə yaltaqlanması ilə gözündən düşdüyünü söyləmir, əksinə bank hesabı kimi baxdığı ərinin yaltaqlanması deyil, gətirəcəyi, bu yaltaqlıqla qazanaçağı pul önəmli…
    qorxuya gəlincə insanlar ikiüzlülüyü özlərinə maska edirlər, qorxurlar, bunu ətrafdan gizlətməyə çalışırlar, amma bu gün polisdən qorxan azərbaycan insanı qorxduğunun ondan yüksək və artıq olmadığı düşüncəsini yuxusunda belə görməkdən qorxur.
    Azərbaycanda insanlar dində, məfkurədə deyil, qorxuda qardaşlaşıblar…
    Dükanlarında, maşınlarında şəklini gəzdirdikləri ata və oğul cütlüyünə yaltaqlanmaq, onlardan qorxmaq qəbahətinin sıxıtısını kimsə yaşamır, çünki bizdə övladları xoxanla qorxudub bu hakimiyyət üçün kölə yaradan valideyinlərin yanaşma və düşüncəsində qorxu və yaltaqlığın insanı alcaldan bir davranış tərzi olması haqqında şüur yoxdur..

  12. Sehla Feyruzova
    May 12, 2010 tarixində, saat 6:55 axşam

    Eli bey,yazinizi hemiseki kimi diqqetle oxudum. Biz gencler bugùn ölkede bas verenleri cox diqqetle izleyirik. Onlarin artiq cixis yolu yoxdur. Hansi siyasete el atsinlar bilmirler. TV-lerde danisdiqlarina usaqda gùler. Bilmirler ne etsinler. Qarsidan gelen seckilerde muxalifetin aktiv istirak edeceyini bilib canlari qorxuya dùsùb. Artiq beynelxalq teskilatlar,dùnya metbuati bunlarin ne ile mesgul oldugunu cox gözel bilir. Sonlarina cox az qalib. Özlerini aldatsalar da,xalqi aldada bilmeyecekler.Azerbaycanda gùclù mariflendirmeye ve böyùk bir XALQ HEREKATI yaratmaga ehtiyyac var. Bu yolda Azadliq blokuna ve bu blokun ardinca gedenlere ugurlar!!! Möhkem olaq,biz qazanacagiq!

  13. Fuad Qəhramanlı
    May 12, 2010 tarixində, saat 7:13 axşam

    Əli bəy, çox dəyərli yazıdır və milli yaltaqlıq fenomeninin sosial psixoloji mahiyyətini çox dəqiq ifadə etmisiniz.Yaltaqlıq niyə buq qədər kütləviləşib,ən qorxulusu da odur ki,bu yaltaqlıq Stalinə,Maoya duyulan pərstiş və ya məddahlıq deyil. Çünki bu liderləri mədh edən insanlar səmimi şəkildə özlərini onların simasında bir bütə tapındırmışdılar və söylənilənlərə inanırdılar. Bizdə isə yaltaqlananlar mədh etdiklərinin fövqəllliyinə inanmırlar,fürsət düşən kimi onun qarasınca da deyinirlər.Əli bəy, bu təkcə yaltaqlıq deyil,həm də riyakarlıqdır özü də yaltaqlıqdan daha təhlükəli və daha iyrənc. Bu hakimiyyətin gücü də məhz bu riyakarlıqdadır.Çünki şərəfsizliyində qəbahət görməyən,çörək qazanmaq bəhanəsi ilə rəzilliyinə bəraət qazandıran bu insanlar hətta o qədər irəli gediblər ki,özləri kimi olmayanları ağılsız,zəmanənin nəbzini tuta bilməyən zavallı adlndırırlar.Məncə bizm ən böyük problemimiz təkcə bu iqtidar deyil,problemimiz həmdə xalqımızn xaraktrindəki kütləvi riyakarlıqdır.Kimə barmaq tuşlayıblarsa sınıb,hansı alçaqlığı sifriş ediblərsə icraçılar növbəyə durub. Ona görə də bizlər öz fəaliyyətimizlə təkcə bu rejimə qarşı mübarizə aparmlı deyilik,həm də şəxsi nümunə ilə fərqli insan nümunələri göstərməklə yaltaqlıq və çoxüzlülüyü legitimləşdirən azərbaycanlı xarakterini dəyişməyə çalışmalıyıq.

  14. Ramil
    May 13, 2010 tarixində, saat 1:45 axşam

    Satirik yazıya görə təşəkkürlər Əli bəy. Saxta vətənpərvərlik donunu geyənlərə qarşı zərb-məsəl olacaq bu yazıdakılar.

  15. Parviz Abbasov
    May 25, 2010 tarixində, saat 9:48 səhər

    Insanların,onların dəyərlərinin mənəvi aşınmadan qorunmasının,xilas edilməsinin çox vacib və təcili olduğu bir səviyyədəyik.Təhsilsizlik boşluğu get-gedə daha çox genişlənir və dərinləşir.3-5-10 illərdən sonra mənzərə daha eybəcər olacaq. Allah qorusun !

  16. Sentyabr 17, 2010 tarixində, saat 5:23 səhər

    “dahi”lider bu milleti ele rezil gune qoydu ki bu gun bu millet hemin “saga ve sola baxmadan ” hereket eden “liderler” ile fexr edirler.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: