Əsas səhifə > Yazılar, Əli Kərimli > Analoqsuz hökumət

Analoqsuz hökumət

Analoqsuz hökumətimiz Kürü də öz maraqlarına xidmət etməyə razı salıb. Bu adamların hər şeydən pul çıxarmaq məharətinə söz ola bilməz. İndi də yeni çay tikmək qərarına gəliblər. Suqovşanı ləğv edib Arazı Xəzər dənizinə qədər «uzatmaq» fikrinə düşüblər. Gördünüzmü kifayət qədər sadə məsələni necə «fırladıb» olduqca bahalı layihəyə çevirdilər? Kürün deltasını təmizləmək, Kürətrafı bəndləri möhkəmlətmək, Mingəçevir su anbarında suyun səviyyəsini mövsümə görə ağılla idarə etmək, korrupsiya xatirinə anbarda suyun səviyyəsini yüksək saxlamaq vərdişindən imtina etmək kifayət idi ki, Kür ram edilsin. Zatən Kür son 70 ildə ciddi fəsad törətməmişdi. Yenə də təsdiq olundu ki, bunların məqsədi daşqınların qabağını almaq deyil, yeni bahalı layihələrə zəmin yaratmaqdır. Təsəvvür edirsiniz, bu avantüra baş tutsa, millətə neçəyə başa gələcək? 100 km çay yatağı qazmaq, ətrafındakı bəndləri bərkitmək, üstündən N qədər körpülər tikmək, neçə kəndi köçürmək, 1000 hektarlarla yararlı torpaq sahələrini məhv etmək və s. Layihə yox, əsl xəzinədir korrupsionerlər üçün.

Bu arada Kür yalnız Sabirabadın, Hacıqabulun, Saatlının İmişlinin kəndlərini yerlə-yeksan etmir, həm də hökumətin Eynulla Fətullayevə qarşı növbəti rüsvayçı şər kompaniyasını da arxa plana keçirir.

İqtidar yenə ənənəvi siyasətinə sadiqdir. Hədəf seçdiyi şəxslərə qarşı cəmiyyətin tör-töküntülərindən vasitə kimi istifadə edir. Yadınızdamı Qənimət bəyə, Aqil Xəlilə qarşı hökumət necə adamlardan istifadə etmişdi? Kimlərin ifadələrini əsas götürmüşdü? Bəs indi necə xəbəriniz varmı hakimiyyətin Eynulla bəyin üzünə durdurduqları hansı şərəfsiz, insanlığa ləkə sayılacaq cinayəti törətmiş yaramazlardır? http://www.azadliqradiosu.az/content/article/2042174.html  (bu şəxslərin törətdikləri cinayətləri təsvir etmək, bu barədə danışmaq belə çox çətindir) İndi gördünüzmü, İlham Əliyev hakimiyyətinin əsas dayaqları, istinad nöqtələri kimlərdir? Hakimiyyətdə olanları cəmiyyətin sındırılmış tör-töküntüləri ilə yaxın edən, birləşdirən nədir? Nədən bu 2 tərəf bir-birini başa düşməyə, bir-birinə kömək etməyə bu qədər meyillidirlər? Seçkilər yaxınlaşdıqca, hökumət küncə sıxışdırıldıqca daha hansı məxluqları üstümüzə qısqırdacaqlar?»

Mən yazılarımda, çıxışlarımda bir qayda olaraq İlham Əliyevdən başqa heç kimin adını çəkmirəm. Mən bilirəm ki, avtoritar rejimlərdə xırda vintciklər heç nəyi həll etmir. Rejimin mahiyyətini onu quran və ona hazırda rəhbərlik edən müəyyənləşdirir. Bu baxımdan rejimin törətdiklərinə görə də daha çox rejimin basında duran şəxs məsuliyyət daşıyır. Amma bu prinsipial yanaşma insanlığa zidd, bəzi hallarda cinayət xarakterli əməlləri bilavasitə törədənləri də şəxsi məsuliyyətdən qətiyyən azad etmir. Kütləvi aksiya zamanı 72 yaşlı ağbirçəyə zor tətbiq edən polis nəfəri də, cəmiyyətin sözün həqiqi mənasında tör-töküntüsü olanlardan alınan ifadələri mötəbər sübut sayıb onların əsasında rejim əleyhdarlarını azadlıqdan məhrum edən hakimlər də, işgəncə tətbiq edərək insanları törətmədikləri əməlləri boynuna olmağa məcbur edən müstəntiqlər də cəmiyyətin güclü ictimai qınağını hər zaman üzərlərində hiss etməlidirlər.

Azərbaycanın faktiki məhv edilmiş məhkəmə sistemi haqqında ayrıca danışmaq lazımdır. İndi Azərbaycan məhkəmələrinə nə qədər çalışsan da, hakimiyyətin müstəqil bir qolu deyə bilməzsən. Məhkəmələrə siyasi tapşırıq olanda onlar onu əsgər kimi – sorğu-sual etmədən dərhal icra edirlər. Qalan hallarda isə işlərin taleyini bir qayda olaraq rüşvət həll edir.

Məhkəmə sistemimizin belə acınacaqlı durumda olmasının əlbəttə ki, müəyyən obyektiv əsasları da var. 3 il istisna olmaqla (2 il ADR və 1 il AXC hakimiyyəti illəri) bütün tariximiz boyu məhkəmələr morarxlara, mütləq hakimiyyəti olanlara xidmət edib.

Monteskye «İngiltərənin dövlət quruluşu haqqında» əsərində Qərbin və Şərqin monarxiyalarını müqayisə edərək yazırdı ki, Avropa ölkələrinin tam əksəriyyətində (söhbət hələ XVIII əsrdən gedir) Şərq ölkələri ilə müqayisədə daha mötədil quruluşlar var. Bu da onunla əlaqədardır ki, Qərb monarxları qanunverici və icraedici hakimiyyətləri öz əllərində saxlasalar da, məhkəmə hakimiyyətini idarə etməyi öz təbəələrinin ixtiyarına vermişlər. Şərqli hökmdarlar isə hər 3 hakimiyyəti əllərində saxlamaqla dəhşətli istibad yaratmışlar.

Müstəqil məhkəmə hakimiyyətinin Qərbin indiki inkişaf səviyyəsinə qalxmasında xüsusi rolu olub. Tarixdən bir neçə örnək misallar gətirmək istəyirəm.

19-cu əsrin 80-ci illərində məhkəmələr ədalətsiz hesab etdiyi üçün Fransa hökumətinin dekretini yerinə yetirməkdən imtina edir. Hökumət təkid etdikdə isə 400 hakim birlikdə hakimlikdən istefa verir, daha 2000 nəfər hüquqşünas isə hökumətə qarşı etinaz aksiyalarına başlayır.

Yenə Fransa məhkəmələrinin çıxardığı qərarın ölkənin taleyinə güclü təsirini göstərən daha bir misal: Müdafiə Nazirliyi rəhbərliyi öz səhvlərini ört-basdır etmək məqsədi ilə Dreyfus familiyalı bir kapitanı əsassız olaraq Almaniya lehinə casusluqda ittiham etmişdi. Məhkəmə də saxta yolla quraşdırılmış sübutlar əsasında günahsız zabiti ömürlük məhkum etmişdi. 1906-cı ildə (7 il sonra) növbəti məhkəmə baxışı zamanı Apelyasiya Məhkəməsi müəyyən etdi ki, kapitan Dreyfus müdafiə nazirliyi rəhbərliyinin quraşdırdığı saxta ittihamın qurbanı olub. Kapitan azadlığa çıxdı, amma hökumət tam tərkibdə istefaya getməli oldu.

Daha bir misalı isə 1950-ci illərdə irqçi rejimin-Aparteidin idarə etdiyi Cənubi Afrika Respublikasının məhkəmə təcrübəsindən gətirmək istəyirəm. Nelson Mandelanın ömürlük məhkum olub 28 ilə yaxın həbsdə yatması məlum məsələdir. Bu o zaman oldu ki, 60-cı illərdə həbs edilmiş Mandela məhkəmədə irqçi rejimə qarşı qarilla savaşını təşkil etdiyini özü də etiraf etdi. Ondan qabaq 50-ci illərdə isə ingilis müstəqil məhkəmə ənənələrinə istinad edən Cənubi Afrika məhkəmələri rejimin Mandelanı uzun müddətə həbs etmək istəyini 2 dəfə rədd etdi. Baxmayaraq ki, Mandela rejimə qarqı itaətsizlik, rejimin tətbiq etdiyi qayda və qanunlara tabe olmamaq kampaniyasına başçılıq edirdi. Məhkəmələr nəzərə aldılar ki, Mandela yalnız dinc mübarizə vasitələrindən istifadə edib, irqçi rejimin bütün təzyiqlərinə baxmayaraq onu təqsirkar çıxarmadılar. Hətta Aparteid rejiminin məhkəmələrindəki obyektivlik və ədaləti Əliyevlər xanədanında təsəvvür edə bilirsinizmi?

Azərbaycanın çox ciddi məhkəmə islahatına ehtiyacı var. Yalnız məhkəmə hakimiyyəti müstəqillik qazandıqdan sonra hakimiyyət bölgüsü və qanunun aliliyi prinspindən ciddi danışmaq olar. Ölkədə insan hüquq və azadlıqlarına, o cümlədən mülkiyyətin toxunulmazlığı hüququna yalnız müstəqil və peşəkar məhkəmələr təminat verə bilər. Müstəqil və peşəkar məhkəmə hakimiyyəti korrupsiya və rüşvətlə mübarizədə uğur qazanmağın zəruri şərtidir. Ancaq təəssüf ki, belə köklü islahatları yalnız ölkədə siyasi hakimiyyət dəyişikliyinə nail olduqdan sonra həyata keçirmək mümkün olacaq.

İndilikdə isə Eynulla Fətullayevin məhkəmə işinə qayıtmaq istəyirəm.

Həyatın dibindəki insanlardan hansısa yollarla alınmış saxta ifadələr əsasında hökm verəcək hakim bilməlidir ki, xalqın ictimai mühakiməsi zamanı rejimin sərtliyi ona qətiyyən bəraət verməyəcək. İnsanın hər zaman seçim imkanı var. Hətta indiki rejim şəraitində də seçim imkanı var. Mən iddia etmirəm ki, hamı bir nəfər kimi ədalət, azadlıq, dürüstlük uğrunda mübarizə aparsın. Xeyr, kim istəmir və ya bacarmır, aparmasın bu mübarizəni. Amma heç olmazsa qəddar rejimin bir parçası, bir vintiki olmaqdan imtina etmək olar axı.

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Nadir Ağayev
    May 24, 2010 tarixində, saat 6:53 səhər

    Əli bəy çox təsirli yazıdır. Mən bu nəticəni çıxardım ki,hər şey millətin xarakteri ilə bağlıdır.Niyə bizdə bir hakim aldığı qanunsuz sifarişlərə görə ədalətsiz hökm çıxarmaqdan imtina etmir. Baxın dünyada elə bir xalq tapmaq olar ki,İlham Əliyev kimi zəif və səriştəsiz birisi ona rəhbərlik etsin. Bizim xarakterimizdəki qorxaqlıq,sərvət və vəzifə hərisliyi İlham Əliyev kimi bacarıqsız birini hakimiyyətdə saxlamağa yetir.Nədən fransız hakiminin 19-cu əsirdə etdiyini biz 21-ci əsrdə edə bilmirik.Bu təkcə şüur və ictimai inkişaf səviyyəsi ilə bağlı məsələ deyil.Bu hər şeydən öncə əxlaq və ləyaqətlə bağlı problemdir. Çox təəsüf.

  2. Sara Seyidova
    May 24, 2010 tarixində, saat 7:11 səhər

    Əli bəy mən müxalifət liderlərinin fikirlərini mətbuatdan həmişə izləmişəm. Razılaşmadığım bir məsələ var, həmişə hakimiyyət tənqid olunur,ancaq xalqımız heç zaman təndiq olunmur. Nəticədə öz qüsurlarını görməyən xalq ,sonra da özündən razı şəkildə başlayır müxalifəti zəiflikdə günhlandırmağa,hansısa səhvlər axtarmağa. Zənnimcə sizn bu yazınızda da o məsələyə toxunulub,ki,biz bir millət kimi mübarizə apra bilmirik.Niyə bu qədər hakim içərisində bir kişi tapılmadı ki,mən bu şərəfsizliklə barışa bilmərəm deyib istefa verməsin.Vəya niyə bir polis zabiti mən xalqıma dəyənək vura bilmərəm deyib paqonlarını söküb atmadı.Vəya itirməyə Lenin demiş zəncirdən başqa heç nəyi olmayan yüz minlərlə insan niyə gəlib müxalifətin keçirdiyi mitinqlərdə iştirak etmir.Bu xalqa hansı zülmü edirsənsə daha çox sınır,əyilir. Əslində sizlər bu şəraitdə mümkün olan hər şeyi edirsiniz,lakin xalq bu prosesdə iştirak etmədiyi üçün Əliyevlər rejimi də yaşamaqda davam edir.Məncə müxalifət ilk növbədə xalqla işləməli onu başa salmağa çlışmalıdır ki,nə qədər ki,biz toplum kimi səsimiz çıxarmayacağıq bu ölkədə ədalətsizlik,korrupsiya davam edəcək.

  3. Vaqif
    May 24, 2010 tarixində, saat 7:19 səhər

    Əliyevlərin milyardlarla sərvəti bu xalqın oğurlanmış gələcyindən,yaşadığı faciədən çıxır. Bu hakimiyyət xalqının qanını soran vampirlərdən təşkil olunub.Ona görə də onlardan hansısa ləyaqətli hərkəti gözləməyinə dəyməz.Ancaq Firon da əlində çəlik tutmuş Musanın qarşısında özünü “Allah”sayırdı.İndi də İlham Əliyev dəyənəklədiyi əliyalın xalqın qarşısında özünü sahbi mütləq hiss edir,ancaq o öz etdiyi zülmün qurbanı olacaq,xalqın qan qarğışında qəhr olacaq.

  4. Turan
    May 24, 2010 tarixində, saat 7:35 səhər

    Əli bəy, sizin o fikirlə tam razıyam ki, ölkədə baş verən qanunsuzluqlara görə əsas məsuliyyəti bu rejimin başında duran şəxs daşıyır. Ama o yaşlı qadını sürüyən alçağa heç kim deməmişdi ki, o qadını mütləq sürümək lazımdır. Yəni o vicdansız o qadının qolundan tutub kobudluq etmədən avtobusa mindirsəydi onu işdən çıxaracaqdılar ki, qadını niyə sürümədin? Ölkədə o qədər zatı qırıq var ki, bir deyiləndə 5 qat etməyə hazırdılar.

  5. Asəf
    May 24, 2010 tarixində, saat 7:44 səhər

    Mənə elə gəlir ki, Əli bəyin bu yazıda bizlərə demək istədiyi odur ki, vicdansızcasına hər cür pis işləri görməyə hazır olan icraçılar hər yerdə utandırılmalıdır. Zorakılıq edən polis işçisi də, saxtakar məhkəmə, prakuror, seçki komissiyası sədri də də hər yerdə qınanmalıdır, onlar hər şeyi rahatlığı üçün edirlər. Elə eləməy lazımdır ki, onlar hər yerdə diskanfort hiss eləsinlər, utansınlar

  6. Fərid
    May 24, 2010 tarixində, saat 7:48 səhər

    Allah onların Eynullaya,Qənimətə,Aqilə, Mirzəyə, Ruslana başqa yaxşı adamlara etdiklərini öz başlarına gətirsin. Qanun qanmırsız, Allahdan qorxun, ay bədbəxtlər.

  7. namiq shemkirli
    May 24, 2010 tarixində, saat 8:17 səhər

    Əli bəyin yazdıqları ilə tamamilə razıyam və səbəbləri ilə bağlı düşündüyümü qısaca yazmaq istəyirəm. Məhbusları seçib ən şərəfsizlərindən şahid qismində istifadə etdikləri kimi hakimləri də seçirlər. Ən şərəfsiz, ən ləyaqətsiz qərarlara of demədən imza atanları hakim, rəis, müdir edirlər. Əliyevlər idarəçiliyinin ən böyük özəlliklərindən biri budur. Şərəfi, ləyaqəti olanlar isə ya sistemlərdən qovulur,ya da əhəmiyyətsiz işlərə keçirilirlər. Çünki bunlar bu milləti, bu xalqı əsla sevmirlər. Millətini sevənlər millətinin şərəfini və şərəflisini yüksəldərlər.

  8. Əli Məmmədov
    May 24, 2010 tarixində, saat 8:25 səhər

    Elektron qəzetlərdə, bəzən də dostlarla telefon danışıqlarında çox eşitdiyim və oxuduğum bəzi fikirlər məni məyus edir.Xalqın çox hissəsinin sadəlövlüyü, qəflət yuxusundan ayılmaması ən böyük bədbəxtliyimizdir. Bir tərəfdən də onları başa düşmək də olar. Gecə gündüz 5-6 televiziya kanalı ancaq yalanları təbliğ edirlər. Heydər Əliyevlə ilham Əliyev də televiziya ekranlarının daimi kadırlarıdır. Qəzetlərdə də eyni mənzərə. Həqiqəti yazan bir iki müxalifət qəzetləri var ki, onların da əsas xalq kütləsinə çatdırılmasına süni maneçilik törədilir. Demək istədiyim odur ki, hansısa haqsızlıqlarla üzləşirlər, evləri sökülür, kompensasiya ala bilmirlər, polis zorakılığına məruz qalırlar, təhqir olunurlar, döyülürlər, İlham Əliyevlə, Mehriban Əliyeva ilə görüşməyə cəhd edirlər ki, tapdalanmış hüquqlarını bərpa etsinlər. Ən ağrılı yerimiz budur. Bütün təbliğat vasitələri allahsız Əliyev sülaləsinin əlindədir, gördüklərinə və eşitdiklərinə inanmağa məcburdurlar. Ancaq xalqın əksəriyyəti anlamır ki,baş oğruya, baş cinayətkara, baş ateistə onun tulalarınından şikayət etməyin nə faydası var. Axı bu haqsız göstərişlər hamısı şəxsən İlham Əliyevdən, onun xanımından gəlir. Onun göstərişi və razılığı olmadan heç bir nazir, icra nümayəndələri, polis məhkəmə və prokurorluq orqanlarında heç kimin cürəti çatmaz ki, bircə manat rüşvət alsın, yaxud da hansısa haqsızlığa yol verə bilsin. Buna görə Əli Kərimli haqlı olaraq qeyd edir ki,əsas tənqid hədəfi şəxsən İlham Əliyevdir. Məmim də hər gün ən azı bir iki şərhim çap olunur. Şərhlərimi oxuyanlar yaxşı bilir ki, mənim də əsas tənqid hədəfim İlham Əliyevdir.Bu adam heç vaxt halal pulla yaşamayıb,zəhmətin nə olduğunu bilmir, xalqın arasında olmayıb, Azərbaycan xalqı müstəqilliyini necə və nə vaxt qazandığını da bilmir. İlham Əliyev çıxışlarının birində müstəqillik qazanmamızı Heydər Əliyevin zəhmətinin nəticəsi kimi qeyd etmişdir. Yəni İlham Əliyev bunu hardan bilsin ki? Xalq müstəqillik uğrunda mübarizə aparanda İlham Əliyev Azərbaycanın pullarını dünyanın bahalı otellərində havaya sovururdu. Elə Eynulla Fətullayevin qondarma məhkəməsində də onun göstərişi ilə ifadə verən mənaviyyatsızlar da İlham Əliyevin səviyyəsinin baris nümunəsidir. Ona görə də nə İlham Əliyevdən, nə də onun mənaviyyatsız nökərlərindən Azərbaycan xalqı ədalətli heç nə gözləməsin. Ölkədə haqq ədalətin bərpası, demokratiya,tərəqqi, ancaq və ancaq Əliyev iqtidarının tarixin zibilliyinə atılmasından sonra mümkündür. Bu ilki fürsətdən istifadə edib, bu rəzil rejimin axırına çıxa bilməsək, tarix bu səhvi bizə bağışlamayacaq.

  9. Lamiye
    May 24, 2010 tarixində, saat 10:40 səhər

    Eli bey ellerinize saqliq. cox gozel yazdiniz. Cox deqiq analiz etmisiniz. tezlikle haqq ve edalet sizin sayenizde oz yerini tapacaq

  10. Tapdiq
    May 24, 2010 tarixində, saat 10:54 səhər

    Ali bey, bu meqalenizde evvelki meqaleleriniz kimi sert, Azerbaycanin bu realliqlarini genis ehate edir. Bundan dolayi size tesekkur edirem. Ali bey men hec bir partiya mensubiyyetim yoxdur. Telebeyem ve bu gun vetenimizin halina her bir vetensevr insan kimi aciyiram. Ve bu amansiz, talanci ve rezil iqtidara qarsi rehberlik etdiyiniz AXCP ve onun terfdarlarina shexsen size ugurlar dileyirem.
    Movcud Azerbaycan hakimiyyetinin oz vetendaslarina erazi butovluyune milli menevi deyrlerine amansiz movqe tutmasi aciq hiss olunur. Uzun illerdir davam eden neticesiz Qarabag danisiqlari, olkede bas alib geden rusvetxorluq ve korrupsiya hallari, Azerbaycanin adinin en berbad siyahilarda onde olmasi ve s…. kimi uzatmaq olar.
    Azerbaycani qurtarmaq ucun savsamaq lazimdir bu iqtidarla, qorxmaq lazim deyil. ilham eliyev qorxdugu ucun de mehz cirkab yollara el atir zor isledir. Ancaq ozu de yaxsi bilir ki, onun omrune az qalib ve bunun yaxinlasdigi gorduyu ucun de kime geldi nece geldi saldirir.
    ilham eliyev tukenib iqtidar rezil olub. haydi mubarizeye. AZADLIQ AZADLIQ yene de AZADLIQ!!!

  11. Zümrüd Yağmur
    May 24, 2010 tarixində, saat 1:50 axşam

    Yazı mənə Soljenitsinin “Yalansız yaşamaq” adlıəqaləsini xatırlatdı, xüsusilə sonuncu çümlə… İnqilabcı ola bilmirsənsə ürəyindəki dirənişlə qarşı dur, dillənə bilmirsənsə yalana qarışıb zor aparatının vintciyi olma…Əslində bu yanaşma bizim cəmiyyətin siyasətə qarışmıram deyənlərinin devizi, həyat fəlsəfəsi olmalıdır, hamı inqilabçı olmur, bu mümkün də deyil, amma insanlar ürəyini, əməlini, dilini, yanaşmalarını dəyişib vintcik olmaq kimi aşağılayıcı durumdan özünü qoruya bilər.

  12. RUSLAN
    May 24, 2010 tarixində, saat 4:27 axşam

    ALİ BAY ÇOX MARAQLİ YAZİLAR YAZİRSİNİZ SİZİN BUTUN YAZİLARİNİZİ OXUYUR VA SİYASİ FALİYYATİNİZİ YAXİNDAN İZLAYİRAM. SİZ MUMKUN OLANİ EDİRSİNİZ MANİM SİZLARA BİR NECA SUALİM VAR. NİYA AXC MUSAVAT BİRLASHMİR? NADAN? NİYA? NA VAXT OLACAQ BUNLAR? HAMİSİ BU YAZİQ SİXİLMİSH AZİLMİSH XALQİ MİLLATİ MARAQLANDİRİR DUSHUNSURUR XALQİN MİLLATİN AYAGA QALXMASİNA TASİR EDİR BU MASALALARA SON QOYUN SECKİLARA AZ QALİB. BİLİRAM BU MASALALAR SİZİ BİZDAN DA COX NARAHAT EDİR AMMA BUNLAR OLMAYİNCA NA MİLLAT QALXACAQ NA POLİS DAYANAYİN YERA QOYACAQ NA DA MUXALİFAT NAYASA NAİL OLACAQ AMMA BİRLİK DA KAGİZ PARCASİ UZARİNDA YOX SANAD UZARİNDA YOX BEYİNLAR, AQİDALAR, RUHLAR BİRLASHSİN TANRI SIZA YARDIMCI OLSUN

  13. vetendash
    May 24, 2010 tarixində, saat 10:23 axşam

    hormetli beyler!!!icaze verin sizinle tam razilashmayim…eliyev ilham Azerbaycani nece idare edir ve ya etmir,ishleyen ancaq onun zulm mashinidir-bu onun oz secimidir.yaddan cixarmayaq ki zulm edenle zulme tabe olan eyni gunahin sahibleridir.meger eliyev ilham qoymur ELCIBEYIN vefatindan sonra(TANRI BEYE REHMET ELESIN)muxalifeti bir araya gelmeye?BEYLER,BIZ SIZLERIN BIR YEDE OLMAQINIZI TELEB EDIRIK!Hikmet beyin tebirince desek,koroqluluqdan el cekmeyin vaxtidir.SIZLERIN BIR YERDE OLMASI YUZ MINLERLE VETENDASHI TEREDDUDDEN QURTARAR!!!

  14. May 25, 2010 tarixində, saat 2:35 axşam

    Bu yazıdan ciddi nəticə çıxarmaq tələb olunur. Yazının iki abzasını oxuyandan sonra birdən ağlıma bir fikir gəldi və hətta, özüm üçün də nəticə çıxardım. Bu hökumət korripsionerdir və əgər bundan sonra hətta ruşvətsiz bir layihə də irəli sürsə belə bunun düzlüyünə inanılmayacaq. Ona görə ki, göz gördüyündən qorxar. Bu gün ölkədə büdcə pullarını dağıdan, xalqın cibindən oğurluq edən, büdcə pulu ilə xanlıq iddiasına düşənlər cəzalandırılmayıb. Bu baş verməyincə, etimad ola bilməz. Ona görə də, bəli, Arazın yeni qolu da rüşvət və korrupsiyaya bataraq tikiləcəkdir.

  15. Mecid
    May 25, 2010 tarixində, saat 5:21 axşam

    Bu hakimiyyetin semimiliyine inanan insan,ya heddinden artiq saf olmalidi yada ki bunlara yarinmaqa calisan insan olmalidi.Biz haqqliyiq,Biz duz yoldayiq,Biz insan kimi yasamaq isteyirik,Biz QALIB GELECEYIK…

  16. Fuad Qəhramanlı
    May 25, 2010 tarixində, saat 5:48 axşam

    Hörmətli Vətandaş,sizn birlik arzularınızı tamamilə bölüşürəm və təqdir edirəm. Doğurdan da bu gün qarşımızda duran problemlərin böyüklüyü,iqtidarın zorakılığı və davamlı seçki saxtakarlığı müxalifətin birləşməsini zəruri edir.Elə bu zərurəti nəzərə alaraq Əli Kərimli bu bloqda yerləşdirilmiş yazı ilə çıxış edərək müxalifət partiyalarının seçki ərəfsində birləşməsi ,daxili intiriqalara son verərək mütəşəkkil güc kimi seçkiyə getməsi təşəbbüsü ilə çıxış etdi.Hətta Əli bəy birtərəfli qaydada bəzi müxalifət partiya funksionerlərinin ittihamlarına belə cavab verməyəcəyini və bununla da əsas hədəfin hakimiyyət olması ilə bağlı mesaj verdi.Bundan sonra nə baş verdi,Əli bəyin bu birlik təklifinə cavab olaraq Azadlıq blokundakı müttəfiqi Lalə xnıma qarşı böhtan kompaniyasına start verildi. Daha sonra AXCP lideri Müsavat partiyasına blok yaratmaq mümkün olmursa heç olmasa birgə mitinqlər keçirmək və seçki dairələri üzrə namizədləri razılaşdıtmaq təklifi ilə müraciət etdi.Təəsüf ki,bu təklifimizə bu günədək müsbət cavab yoxdur. İki gün öncə AXCP Rəyasət Heyyəti28 may bayram mitinqinin və 5 iyunda etiraz mitinqinin digər müxalifət partiyaları ilə birgə keçrilməsi ilə bağlı mətbuatda da çap olunmuş qərar qəbul etdi. Ancaq nəticə nə oldu,nəinki,bizm birgə mitinq təklifimiz qəbul olunmur,hətta belə görünür ki,sizn birgə görmək istədiyiniz bu siyasi qüvvələrin mitinq keçirmək istəyi belə yoxdur.İndi siz deyin bu məsləyə ya kimin haql,kimin haqsız olmasına fərq qoymadan münasibət bildirilməli və birliyi pozanla istəyənə fərq qoyulmamalı,ya da ki ,birliyi pozan ictimai qınağa məruz qoyulub birliyin alınması üçn ictimai təzyiq göstərilməlidir. Hörmətli Vətəndaş Sizdən də istədiyimiz budur ki,bizm birlik təkliflərimiz cavabsız buraxıb,meydanda biz tək buraxan bu cənablardan niyə belə etdiklərinin hesabını sorun. Əks təqdirdə cəmiyyətimiz məsələlərəbelə ümumi yanaşıldıqda belələri öz bölücü fəaliyyətlərini davam etdirməkdən çəkinməyəcəklər.

  17. vetendash
    May 26, 2010 tarixində, saat 9:38 axşam

    Fuad bey,1988-den herekatdayam.AXC-nin seckili orqanlarinda olmusham.men tekce Eli beyden teleb etmirem.bu yazim Isa beyin de bloqunda var.cemiyyet Eli beyle Isa beyi ancaq herekatcilarin defninde bir yerde gerur.teklifi bir daha bildirirem-HEQIQI MUXALIFET QURUMLARIN LIDERLERI(TEKCE SIYASI PARTIYALARIN YOX)OZ TESHKILATLARINDA FEVQALEDE REJIME KECILMESINE NAIL OLMALIDIRLAR.sonra liderler bir aray gelib NE ETMELI-den bashlamalidirlar.Allaha shukur ki herekatda Penah bey.var.liderler xeyir dua verse,Penah bey mene ele gelir ki birliyin yaranmasinda lazim olani ede biler.Vallah vaxtinda helledici addim atilmasa,sonra neinki xalq,liderler ozleri de ozlerini baqishlamayacaq.BOYUKLUK GESTERIB ILK ADDIMI ATMAQ MEQAMIDIR!!!ALLAH AMANINDA!!!

  18. May 27, 2010 tarixində, saat 5:39 axşam

    Felaket etrafinda yaradilan shounun illuziyasindan uzaqlashib,gerchekliyi qavrayan bu yazini mutleq oxusunlar.Burada aydin suretde felaketin esl sebebleri ile beraber,sebebkarlarida gosterilir.Bu iqtidarin her sheyden pul chixarmaq meharetini bir letife ile elaqelendirmek isteyirem.
    Chox agilli insanlardan biri olan Bender her sheyden pul chixarmaqda meshhur idi.Gunlerin birinde her sheyin itiren Bender fikirli veziyyetde sildirim bir dagin eteyine gelib durur.Onun chox maraqla baxdigi dag etrafdaki turistlerinde maraqlarin celb edir.Birden onlarin qarshisinda dagin tarixinden yarimchiq melumatlari tursitlerin diqqetine chatdiran Bender axirda bura xeyli insanin yigishdigini gorub,bashlayir bir bashdan sonadek turistlerden pul yigmaga.Turistler sual verende ki,bu ne puldur? Cavab verir ki,dagin temirine hemishe burada pul yigilir.

    P.S.Amma bu Bender Kemaleddin Heyderov ve ya Ehmed Ehmedzade olmayib…

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: