Əsas səhifə > Yazılar, Əli Kərimli > İlham Əliyev də haqq-ədalət axtarırmış…

İlham Əliyev də haqq-ədalət axtarırmış…

İlham Əliyevin İslam İnkişaf Bankının toplantısındakı çıxışından 2 məqam diqqətimi cəlb etdi. Qarabağ problemindən danışan dövlət başçısı deyib ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar- BMT, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İTK Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu məzmunlu qətnamələr qəbul ediblər. Ermənistan bu nüfuzlu təşkilatların mövqeyini nəzərə almalıdır. Müvafiq qətnamələri yerinə yetirməlidir. Çıxışda 2-ci diqqətimi çəkən məqam isə o oldu ki, İlham Əliyev haqq-ədalət prinsiplərinə müraciət edirdi, bizim haqlı olduğumuzu, ədalətin bu məsələdə bizim yanımızda olduğunu söyləyirdi. Bu fikirlərə heç bir iradım yoxdur. Konkret bu halda İlham Əliyev şəxsən özünü deyil, Azərbaycanı təmsil etdiyinə görə o haqlı idi.

Belə məlum olur ki, İlham Əliyev də yuxarıda adı çəkilən beynəlxalq təşkilatları nüfuzlu qurumlar sayırmış, onların tövsiyyə və qətnamələrinin yerinə yetirilməsini zəruri hesab edirmiş. Məni təəccübləndirən də elə bu oldu. Axı həmin mötəbər qurumların hamısı son illərdə, dəfələrlə Azərbaycan hökumətindən siyasi məhbusları azad etməyi, seçkiləri saxtalaşdirmamağı, vətəndaşların mitinq, nümayiş hüququna hörmət etməyi, saxtakar seçki komissiyalarının dəyişdirilməsini tələb edib. Hər dəfə də hökumət bu qətnamələri, tövsiyyələri eynən Azərbaycan Konstitusiyası kimi sadəcə kağız parçası sayıb, qulaqardına vurub.

Hüquq (fərq etməz həm beynəlxalq, həm də milli hüquq) o zaman hüquq olur ki, hər kəsin hüququn müəyyən etdiyi normalara uyğunlaşmaq, onlara əməl etmək məcburiyyəti olsun. Qarabağ probleminə görə biz azərbaycanlıların hamıdan artıq ehtiyacı var ki, beynəlxalq hüquq işləsin, BMT başda olmaqla beynəlxalq təşkilatlar nüfuzlu olsun. Çünki bunun alternativi “güclülər haqlıdır” kimi cəngəllik qaydalarıdır. Beynəlxalq hüququn yetərincə işlək olmaması bizim düşmənlərə şans verib ki, bizim torpaqlarımızı işğal edib, əsarətdə saxlayırlar.

Deməli, Azərbaycan obyektiv olaraq beynəlxalq hüququn və beynəlxalq təşkilatların güclənməsində maraqlı olmalıdır. Beynəlxalq hüquqa uyğun davranış həm də bizim milli marqlarımızın tələbidir. Azərbaycan iqtidarı isə tam əksinə, hər dəfə beynəlxalq təşkilatların məsələn, “siyasi məhbusları azad edin” tipli tövsiyyələrini nəzərə almamaqla gücü çatdığı qədər beynəlxalq qurumların nüfuzdan salınmasında iştirak edir, onların legitimliyini sarsıdır. Adama deyərlər ki, 5-10 siyasi məhbusu hökumətin girovundan qurtara bilməyən beynəlxalq təşkilat o böyüklükdə Qarabağı necə işğaldan azad etdirsin? Kimdir onları dinləyən? Siz onları dinləyirsinizmi ki, onlara şikayət də edə biləsiniz? Beynəlxalq təşkilatlara appelyasiya etməzdən qabaq gərək özün onların tövsiyyələrini,qətnamələrini yerinə yetirəsən.

Ya haqq-ədalətdən heç danışma, ya da yarımçıq danışma

Etiraf edim ki, İlham Əliyevin çıxışında haqq-ədalətə istinad etməsi də məni xeyli təəccübləndirdi. Bizim dövlət başçısının leksikonunda belə sözlərə bir qayda olaraq rast gəlinməz. Sevinməyə tələsməyin. Bu dəfə də İlham Əliyev haqq-ədaləti ölkədə yox, yalnız uzaqlarda, beynəlxalq aləmdə axtarırdı. Amma haqq-ədalətdən yarımçıq danışmaq olmaz. Ya bu mövzuda heç danışmayacaqsan, ya da tam danışacaqsan. Ona görə də dövlət başçısına bəzi məsələləri xatırlatmaq istədim.

Əlbəttə, erməni işğalçıların bizim ərazilərimizi işğal etməsi, 100 minlərlə soydaşımızı öz yurd yerlərindən didərgin salıb, zülmə məruz qoyması haqsız və ədalətsiz hərəkətdir, bəraəti olmayan cinayətdir. Amma unutmayaq ki, gəncləri demokratikləşmə uğrunda mübarizəyə cəlb etmək istəyən Ruslan Bəşirlini tələyə salıb, şərlədib 5 il ərzində həbsdə çürütmək də, Emin Milli və Adnan Hacızadə kimi yüksək təhsilli və xalqına xidmət haqqında düşünən gəncləri böhtana salıb həbs etdirmək də haqq-ədalət prinsiplərinə ziddir. Elmarın öldürülməsinin ört-basdır edilməsinə mane olan Eynulla Fətullayevin başına gətirilənlər də, başının üstündə “İlham, istefa” şüarı qaldırmış gənc fəal Rövşən Nəsirliyə polis idarəsində verilən işgəncələr də eyni qaydada haqq-ədalət prinsiplərinə ziddir.

Düşməndən də, dünya birliyindən də haqqa gəlməyi, ədalətli olmağı tələb etmək mümkündür, hətta lazımdır. Amma bu zaman gərəkdir ki, başında durduğun rejimin zülm verdiklərinə münasibətdə də haqqı, ədaləti unutmayasan.

Haqq və ədalət o zaman insanın köməyinə çatar ki, insan bu prinsipləri yalnız aciz duruma düşdükdə, özündən güclü rəqiblə mübarizədə vəziyyəti çıxılmaz olanda xatırlamasın, həm də ondan asılı olanlarla, ondan zəif olanlarla münasibətdə də haqq-ədalət prinspini unutmasın.

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Zümrüd Yağmur
    İyun 24, 2010 tarixində, saat 7:19 səhər

    İlham Əliyevin haqq ədalətdən danışması bütün hallarda absurddur, hətta Qarabağ məsələsində onun adələtdən danışıb nələrisə sütub etməyə çalılşmasını saxta görürəm, çünki illərdir Azərbaycanın ermənilərdən azad olan hissəsinin özünü yarıtmaz siyasəti ilə elə duruma salıb ki, onun ölkə təəəssübü çəkəcəyini güman etmək sadəlövhlükdür və elə buna görə də kimsə ona inanmır. İlham Əliyevin ölkənin erməni işğalından azad hissəsinin öz işğalında saxlayıb talaması, fərqli düşüncəyə dözümsüzlüyü, diktatura qurması və nəhayət Qarabaşö azad etmək üçün müharibənin lazımlılığından danışması da kimsəni son günlərə qədər rahatsız etmirdi, müharibə seckiyə əngəl üçün başlaya bilər, bu da Azərbaycana deyil, hakimiyyətin mənafeyinə uyğun olduğundan yenə də ölkəni fəlakətə sürüklkəyəcəkdir. Budur İlham Əliyevin vətən, Qarabağ təəssübkeşliyi və elə qarşısında çıxış etdiyi qurumlar da bu adamın kimliyini bilidiyindən yəqin ki, onun təəssübkeşliyinə ironiya ilə yanaşırlar.

  2. İyun 24, 2010 tarixində, saat 9:01 səhər

    İlham Əliyevin heç vaxt haqq-ədalətdən danışmaq haqqı yoxdur. Necə ki, Heydər Əliyevin danışmaq haqqı olmayıb, eləcə də varisinin…
    Məm İlham Əliyevin yerində olsaydım və Allah eləməmiş onun kimi dövlət başçısı olsaydım (halbuki buna mənim istedadım çatmaz) ikicə gündən sonra İSTEFAya gedərdim.
    İTV hər xəbər başında BMT-nin məlum qətnaməsini səsləndirir. Əgər İsmayıl Ömərovun yerində olsaydım hər xəbər başında aparıcılara belə fikri söyləməyi tapşırardım: “Əliyevlər arıq 17 ildir ki, hakimiyyəti zəbt ediblər. 2003-cü ildən bu yana daha ciddi şəkildə quldiurluq baş alıb gedir. Buna dünya birlıiyi və azərbaycan xalqı
    hələ də dözür…”
    Cəsarəti çatarmı?.. İlham Əliyev səndən bir xahişim var: “Heç vaxt danışma…” Onsuzda bu gərəyin deyil…

  3. Elnur
    İyun 24, 2010 tarixində, saat 9:32 səhər

    Artiq sozler bitib. Ilham Eliyev arqumentsizlikden eziyyet cekir.

  4. Turan
    İyun 24, 2010 tarixində, saat 9:45 səhər

    Əli Kərimli yenə də ilham əliyevə heç bir şans buraxmadı. Əli bəy yazıda doğru qeyd edir ilham əliyev haqq və ədaləti yalnız özünə lazım olanda yada salmamalıdır. İlk öncə atasının illər öncə Azərbaycanın daxilində yaratdığı qeyri-ədalətli situasiyanı dəyişməlidir.
    İnsanlarımızın azğın məmurlar tərəfindən sünmürülməsinə şərait yaradan, haqqını tələb edən vətəndaşlara qarşı vəhşi metodlar tətbiq edilməsi göstərişini verən ilham əliyevin ədalətdən danışmağa mənəvi haqqı yoxdur. Az qalıb lap az..
    ilham əliyev sənə ədalətin nə anlam verdiyini göstərəcək ŞƏXS var. Xaricdən tələb etdiyin ədaləti ilk öncə özündən tələb et və dəf ol məmləkətimizdən… İnşallah o gün uzaqda deyil…

  5. Qənimət Zahid
    İyun 24, 2010 tarixində, saat 7:11 axşam

    Əli bəyin opponentlə mübahisədə arqumentləri həmişə sarsıdıcı, yeri gələndə məhvedici nəzakət üzərində qurulur. Bu, təkcə Azərbaycan siyasətçilərinin deyil həm də Azərbaycan jurnalistlərinin örnək götürəcəyi bir mübahisə mədəniyyətidir.
    Sərt mövqe, əyriliklərlə barışmazlıq, ümumbəşəri dəyərlərə qarşı olanlarla davamlı və yorulmadan, missiyanın müqəddəsliyini dərk edərək ardıcıl mübarizə aparmaq çox möhtəşəm bir insani keyfiyyətdir: ilahi mahiyyətli dəyərdir. Bu, Əli Kərimlinin mübarizəsində ana xəttdir və bu xətt onun bütün çıxışlarından keçir. Onun Azərbaycanda olması, Azərbaycanda yaşaması, Azərbaycanda mübarizə örnəkləri verməsi çox gözəldir.

  6. İyun 24, 2010 tarixində, saat 9:35 axşam

    Məsələ burasındadır ki, İlham Əliyev söylədiklərinin cəmiyyətdə obyektiv və düzgün qarşılandığını düşünür. Əfsuslar ki, dövlət başçısı ona təqdim olunan yanlış statistikanı, rəqəmləri, bir sıra beynəlxalq təşkilatların hesabatlarda səsləndirdikləri və kontekstdən çıxarılmış mövqelərini, o cümlədən iş yerlərinin açılması ilə bağlı statistikanı real vəziyyətin göstəricisi kimi təqdim edir və bu zaman unudur ki, ən azından bu nitqə qulaq asan əksər əhali qrupu işsizdir və onlarda prezidentin yalan danışması təsəvvürünü yaranır.

  7. Nazlı Bayram
    İyun 25, 2010 tarixində, saat 5:23 səhər

    Sözün bitdiyi yer buna deyərlər…Əli bəyin arqumentləri və məntiqi qarşısında duruş gətirəcək bir kimsəni tanımıram.Alternativ axtarışında olan cəmiyyətimiz artıq bu ALTERNATİVİN fərqində olmalıdır…

  8. qerib
    İyun 25, 2010 tarixində, saat 6:47 səhər

    Ilham Eliyev bu mentiqle, bu qabiliyyetle demokratiya olan olkede 1ay da prezident ola bilmez. Her shey aydindir ki, niye demokratiya ve azad reqabetden qorxur.

  9. arif
    İyun 25, 2010 tarixində, saat 6:54 səhər

    Hərdən mənə elə gəlir ki, Əli bəy blogunda yazmağa başlayandan sonra İlham Əliyev çalışır ki, daha da az danışsın. Bilir ki, nə isə səhf bir şey deyən kimi Əli Kərimli osəhvi onun üzünə vuracaq.

  10. vugar
    İyun 25, 2010 tarixində, saat 6:57 səhər

    Bu hökumətdə heç kimin haqdan, ədalətdən danışmağa ixtiyarı yoxdur. İlham Əliyevin isə heç yoxdur

  11. rafael
    İyun 25, 2010 tarixində, saat 10:42 səhər

    İlham Əliyev heç vaxt nə ölkədə, nə də beynəlxalq aləmdə ədalət baydarı kimi görünməyəcək. Əli bəyin arqumentləri çox doğrudur. Öz ölkəsində rüşvətxorlar, korrupsionerlər, yaltaqlıq növbəsinə duran insan ordusu saxlayan bir rejimin rəhbəri ermənilərdə, dünyada niyə ədalət axtarır ki? Amma Əli bəy, biz sadə vətəndaşlar müxalifətdən də bir tərpəniş gözləyirik. Bizim xalqın qabağa düşüb gedən liderə çox böyük ehtiyacı var. Siz isə bu missiyanı üzərinizə götürməkdən sanki ehtiyat edirsiniz. Kütlə yönləndirməyi deyil, yönləndirilməyi sevir.Kütlənin qarnını Rəqsanənin, Elarizin açıq parklardakı YAP tədbirlərindəki düşük mahnıları ilə doyuzdurmaq məncə kifayətdir. İndi meydanları Əli bəy kimi məntiqli siyasətçilərin çıxışları və onu dinləməyi bacaran kütlə ələ almalıdır.Əli bəy, lütfən təşəbbüsü ələ almaq üçün iradənizi toplayın. Axı siz bu xalqın seçilmişlərindən birisiniz. Siz satqın müxalifət imicini dağıtmalısınız. Sizə güvənirik!!!

  12. kamran
    İyun 26, 2010 tarixində, saat 11:57 səhər

    Bu iqtidar ona gorə belə uzun müddət hakimiyyətdə qala bilib ki, bizdə müstəqil tv yoxdur. Təsəvvür edirəm ki, bizdə də Türkiyədə olduğu kimi müxalifətə sözünü deməyə tv-lər imkan yaratsaydı xalq necə tez mariflənərdi,hakimiyyətə qarşı çıxardı. Xaricdə Tv yaratmaq haqında düşünün Əli bəy. Onsuz da mübarizənin ağırlığı sizin üzərinizdədir.

  13. namiq shemkirli
    İyun 26, 2010 tarixində, saat 11:58 səhər

    Qarabağ ermənilərinin Azərbaycana qarşı ən kəsərli arqumentlərindən biri budur: demokratiyanın boğulduğu, insan haqlarının ayaqlar altında əzildiyi, hətta azərbaycanlıların belə baş götürüb qaçdığı Azərbaycanda biz necə yaşaya bilərik? Bəlkə bu arqumentə ATƏT, BMT, AŞ kimi təşkilatların qarşısında cavab verəsiniz ay ədalətdən dəm vuran prezident.

  14. həbib
    İyun 26, 2010 tarixində, saat 12:01 axşam

    O gün İlham Əliyev çıxışına bismillahla başlayıb. Deyirəm bəlkə hakimiyyəti itirmək qorxusu İlham Əliyevi dindar etdi.

  15. İyun 27, 2010 tarixində, saat 8:08 axşam

    Eli beyin,Ilham Eliyevden ustun keyfiyyeti(muqayise ne qeder qusurlu olsada)onun mentiqinde ve kechdiyi heyat yolundaki ardicilliq prinsiplerine sadiq qalmasidir.I.Eliyev yadina dushende ve xeyir edende ele deyerlerden danishir ki,insanin ayagi yere yapishir.Amma heyati prinsiplerine ve idoloji deyerlerine daxilen bagli insanlarin istenilen nitqi kimlerise chashdirmir.Amma siyasete peshe kimi baxmayan ve sadece qurulun ssenaride yer alan I.Eliyevin prezidentliyi hele chox olkeleri bize guldurecek.Dunya dagilsada,yene islah olunmayacaq,siyasete tetbiq etdiyi shexsi xarakteri kenardan sezilecek ve opponentlerine yene qerezli,dushmen munasibetde olacaq.Ona gorede her zaman tenqid olunacaq,bir neferde olsun bele hech bir sechicini,memuru ozune bagli ede bilmeyecek.
    Eli beyin tamamile dogru buyurdugu kimi ya haqdan tam danishacaqsan,yada hech danishmayacaqsan fikri olduqca serrast ifadedir.L.Tolstoy vaxtile deyirdi ki,YARIMCHIQ HAMILE OLMUR, O YA YA OLUR,YA OLMUR.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: