Əsas səhifə > Yazılar, Əli Kərimli > Müxalifətin ən güclü silahı haqqında

Müxalifətin ən güclü silahı haqqında

Son 3 ay ərzində müxalifət artıq 8 etiraz aksiyası keçirib. Bu aksiyalar zamanı indiyə qədər 100-lərlə müxalifətçi qısa müddətə də olsa həbs olunub, 10-larla insan inzibati həbs cəzasına məruz qalıb, fiziki və mənəvi təhqirlərə məruz qalanlar da olub. Amma əksər müxalifət fəalları mübarizəni davam etməkdə qərarlı görünürlər. Məncə ilkin nəticələrə gəlmək və başlanmış prosesin mahiyyətinə, sabahına, perspektivinə nəzər yetirmək üçün uyğun vaxtdır.

Keçirilmiş aksiyaların dəyərləndirilməsi

Artıq keçirilən aksiyaların hələlik çox böyük və həlledici olmasa da, ilkin müsbət nəticələrindən danışmaq olar:

1. Uzun illərin qadağalarının yaratdığı süstlükdən sonra Azərbaycan müxalifətçilərinin özünə, gücünə inamı əhəmiyyətli dərəcədə bərpa olunub. Məhz bu özünəinam müxalifət fəallarının qorxu və ətalətə qalib gəlməsinə səbəb olub.

2. .Ardıcıl səylər beynəlxalq təşkilatların da hərəkətə keçməsinə səbəb olub. ATƏT, AB, AŞ-sı kimi qurumlar 3-4 illik susqunluqdan sonra nəhayət ki, indi bizim sərbəst toplaşmaq azadlığımıza dəstək verir, bu məqsədlə hökumətlə danışıqlar apardıqlarını açıqlayırlar.

3. Səmimi və ya qeyri-səmimi olmasından asılı olmayaraq “Müxalifət haradadır? Niyə hökumətlə mübarizə aparmırlar? Bu xalqın qabağına düşmürlər?” tipli suallar təbii şəkildə yoxa çıxdı. Real müxalifət partiyaları əməldə sübut etdilər ki, uzun illərin qeyri-bərabər mübarizəsi və repressiyalar müxalifət partiyalarını öz əsas missiyalarından uzaqlaşdıra bilməyib. Onlar yenə də azadlıq, ədalət, qanunçuluq, islahatlar uğrunda mübarizənin önündədirlər.

4. Ən azı 100-lərlə insan hər həftə xalqımıza əyani şəkildə nümayiş etdirir ki, rejimin konstitusiyaya zidd qaydalarını baykot etmək, belə tələblərə itaətsizlik də göstərmək mümkündür. Həmin şəxslərin sərbəst toplaşmaq azadlığı özləri tərəfindən artıq təmin olunub. Bəli, onlar harada istəyirlərsə, heç kimdən icazə gözləmədən, orada da toplaşıb etirazlarını ifadə edirlər. Deməli bu mümkündür. Bunu başqaları da edə bilər.

Kim istəsə bu siyahını bir az da uzada bilər. Lakin, bütün bunlarla yanaşı obyektiv təhlil üçün o da etiraf olunmalıdır ki, biz aksiyalarımızın qətnamələrində irəli sürdüyümüz tələblərimizin heç birinin həyata keçirilməsinə hələ ki, nail olmamışıq. Etiraz aksiyaları indiki mərhələdə əsasən müxalifət fəalları tərəfindən həyata keçirilir. Aksiyalarda xalqin geniş iştirakı təmin olunmayıb. Ona görə də aksiyalara qoşulanların sayında artım dinamikası müşahidə olunsa da, hələlik bu etirazlar kütləviliyi ilə fərqlənmirlər.

Başlanmış prosesin mahiyyəti haqqında

Bizlər vətəndaş hüquq və azadlıqlarını hər addımda pozan, ədalətsiz, soyğunçu, qəddar, avtoritar rejimlə zorakılıqsız, dinc nübarizəyə başlamışıq. O dinc mübarizəyə ki, son 1 əsrdə dünyanın əhəmiyyətli şəkildə dəyişməsinə səbəb olub. Dinc mübarizə xalqların, əzilib istismara məruz qalan insanların diktatorlara, tiranlara, hər cür qeyri-demokratik rejimlərə qarşı kəşf etdiyi ən təsirli silahdır. Təqribən 1 əsrlik tarix ərzində kimlər bu “silah”dan ardıcıl və peşəkarcasına istifadə edibsə qalib gəlib, məqsədinə nail olub. Bu “silah” müstəmləkə asılılığından xilas olmaq istəyən xalqlar üçün də, irqi ayrı-seçkiliyə məruz qalanlar üçün də, vaxtilə seçki hüquqları olmayan qadınlar üçün də, totalitar və avtoritar rejimlərin əsarətində inləyən xalqlar üçün də ən təsirli vasitə olub.

Dinc mübarizə strategiyası mübarizənin prinsiplərinə sədaqətli olmağı, rejimlə hər hansı əməkdaşlığın istisna olunmasını, mübarizənin ardıcıl, davamlı aparılmasını, mübarizədə maksimum kütləviliyə nail olmağı nəzərdə tutur.

Hər bir qeyri-demokratik rejim o vaxta qədər hakimiyyətdə qala bilir ki, bütövlükdə xalq nəzdində olmasa da, öz tərəfdarlarının məsələn, ordunun, polisin, hüquq mühafizə orqanlarının, hakim partiyanın, oliqarxiyanın və s. yanında hansısa legitimliyə malik olur. Daha sadə ifadə etsək, rejim başçısının hakimiyyət iddiası ən azı onun yaxın çevrəsinin nəzərində haqlı görünür. Ardıcıl dinc mübarizə də məhz rejim tərəfdarlarının vicdanlarına müraciətdir. Ardıcıl, davamlı dinc mübarizə rejimin bütün eybəcərliklərini, anti-insani mahiyyətini çılpaqlığı ilə üzə çıxarır. Bu isə müəyyən mərhələdən sonra onunla nəticələnir ki, rejimin ənənəvi tərəfdarları belə hakimiyyətin addımlarına görə utanmağa başlayırlar. Rejimin ənənəvi tərəfdarları tam gözdən düşmüş hakimiyyəti müdafiə etməyi öz ləyaqətlərinə sığışdırmadığı an qeyri-demokratik rejim süqut edir.

Böyük Britaniya Hindistanın müstəqilliyini tanımaq qərarı verəndə hələ də bu ölkəni əsarətdə saxlayacaq hərbi gücə malik idi, amma artıq əksər ingilislər Hindistanda etdiklərinə görə özlərinə haqq qazandıra bilmirdilər. İşğalçı rejim öz tərəfdarlarının belə gözündə legitimliyini itirmişdi. ABŞ hökuməti Ötən əsrin 60-cı illərində afroamerikalıların hüquqlarını tanımaq qərarına ona görə gəlmədi ki, afroamerikalılar Avropa kökənli amerikalılardan daha güclü olmuşdu, xeyr, tam əksinə Martin Lüter Kinqin liderliyi ilə afroamerikalıların dinc mübarizəsi ona nail oldu ki, bütövlükdə Amerika cəmiyyəti irqçiliyi özünə rəva görmədi. İrqi ayrı-seçkilik amerikalıların gözündə legitimliyini itirdi.

Cənubi Amerikadakı çoxsaylı hərbi xuntalar da ötən əsrin 80-ci illərində iflasa uğrayıb, demokratiyaya keçidə razılıq verəndə heç kim onları tərksilah etməmişdi, ənənəvi olaraq onları müdafiə edən ordu da polis də, terror aparatı da yerindəydi. Amma demokratiya fəallarının ardıcıl dinc mübarizəsi onunla nəticələnmişdi ki, hərbçilər də, polis də etdikləri əməllərə görə xəcalət çəkirdi.

Şərqi Avropada 1989-cu ildə bir-birinin ardınca çökən kommunist rejimlərinin də, Ukraynadakı Kuçma rejiminin də, Gürcüstandakı Şevarnadze rejiminin də və daha neçə bu qəbildən olan rejimlərin də ordusu, polisi, uzun illər əmrlə idarə olunmuş məhkəməsi, 100 minlərlə, milyonlarla üzvləri olan hakim partiyaları, parlamentlərdə çoxluğu var idi. Amma elə bir an gəldi ki, 10 illər ərzində hakimiyyəti müdafiə etmiş həmin şəxslər, rejimi müdafiə etməyi daha özlərinə sığışdırmadılar. Çünki, həmin rejimlər Vatslav Havelin çox sərrast ifadəsi ilə desək “gücsüzlərin gücü” olan legitimliklərini itirmişdilər. Rejimin yalan üzərində bərqərar olduğunu, insanlıq və ədalət prinsiplərinə zidd idarə olunduğunu hər kəs qəbul etmişdi.

İtaətsizlik və dinc mübarizəni ilk dəfə Mahatma Qandi bitkin bir təlim halına gətirdi. O, Hindisatanda başladıqları dinc mübarizəni sataqraxa- həqiqətdə inadcıllıq adlandırdı. Mahatma Qandi dinc mübarizəni “ruhən güclü olanların, soydaşlarının taleyinə biganə olmayanların, qalib gəlmək əzmində olanların, həqiqəti qələbəsi üçün ölümə belə hazır olanların” silahı elan etmişdi.

Mahatma Qandi və silahdaşları öz mübarizələri ilə təkcə Hindistanın deyil, dünyanın qədərini dəyişdilər. Qandidən sonra da 10-larla ölkədə dinc mübarizə üsullarından diktatorlara, tiranlara, qeyri-demokratik rejimlərə qarşı uğurla istifadə olundu. Növbəti yazılarımda xalqların ədalət, azadlıq, demokratiya, həqiqət uğrunda apardığı çətin,amma həqiqətən də şərəfli dinc mübarizə tarixindən bəhs edəcəyəm. Bir halda ki, artıq bizlər də bu yoldayıq, əminəm ki, bu “uzun, incə yolu” bizdən qabaq keçmiş xalqların təcrübəsini öyrənmək, həmin təcrübə ilə silahlanmaq faydalı ola bilər.

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. İyul 8, 2010 tarixində, saat 8:10 səhər

    Dolgun fikirlerle zengin olan bu meqale mubarizenin sivil usulunun mahiyyetini ve neticelerini ortaya qoyur.Azerbaycandaki son aylarin mubarizesinin neticlerinden shexsen men hedsiz kutlevilik ve deyishiklik gozlemirem.Bu olke daxilinde movcud narazaliqlarin ifade olunmsasinin mahiyyetini gorsetmekdir,miqyasin yox! Chunki,bu mubarizeye qarshi inzibati ve repressiv guc iqtidar terededir.Min nefer olsa,min nefer polis ve mulki geyimli huquq-muhafize orqanlarinin emekdashlari chixacaq,1000 olsa,yene o hedde zerersizleshdirilesi chetin ish deyil.Amma bu mubarizenin olduqca boyuk siyasi mahiyyeti oldugu uchun o ciddi neticeler dogurmaq gucundedir.Onun neticelerini indiden zeif qiymetlendirmek onun siyasi mezmununa kolge salmaq meqsedi gudur.Onsuzda ele ve mohteshem aksiyalar olsa bele iqtidarin tuporu olan butun TV-ler onun ancaq noqsanlarin,say azligin gosterecek.Ona gore bele aksiyalarin mahiyyetini qiymetlendirmek uchun saylarin yox,sanbalin aramaq lazimdir.Bu aksiyalardan ruhlanan beynelxalq gucler hech vaxt etmedikleri indi iqtidara qarshi derin narazliqlarinin ananosunu verir.WP-ki meqaleler bu narazliqlarin dogan aksiyalarin tezahuru kimi qiymetlendirmelidir.

  2. namiq Shemkirli
    İyul 8, 2010 tarixində, saat 8:21 səhər

    Möhtəşəm bir yanaşma. Zənnimcə bu yazının tezisləri sadə dildə xırdalansa (məsələn, seçki kompaniyasındakı televiziya çıxışlarında) bu,əgər belə demək mümkünsə, müxalifətin özünün “legitimliyini” xalqın qözündə artırar. Çünki, müxalifətşilər mübarizənin mahiyyətini anlasalar da geniş kütlənin xeyli hissəsi bu mübarizəni “kreslo davası” kimi qiymətləndirir. Heç şübhəsiz bu yanaşma mahiyyətcə yeni bir yanaşmadır, və “demokratiya nədir”, “müxalifət nə istəyir” kimi sualların cavabını xalqın içinə yeridəcək. Təşəkkürlər Əli bəy! Siz müxalifətin mübarizəsini çox möhtəşəm və kütlə tərəfindən anlaşılan yeni ideoloji bazaya köklməyə qərarlısınız.

  3. Saadet
    İyul 8, 2010 tarixində, saat 10:20 səhər

    Bu millət mübariz, amma bəzən böyük səhvlər buraxan millətdir. Xalq 1993-cü ildə bu hökumətə yol açmağın acısını yetərincə çəkdi. Amma mübariz bir xalqı əbədi itaətə tabe etdirmək mümkün deyil.Biz hökmən qalib gələcəyik! Bunun alternativi ola bilməz!

  4. Fuad Qəhramanlı
    İyul 8, 2010 tarixində, saat 11:01 səhər

    Hazırkı dönəmdə inzibati resursları əlində saxlamış,böyük maddi sərvətlərə sahib bir iqtidara qarşı bu gün müxalifətin apardığı mübarizənin məntiqini anlamaq baxımından çox dəyərli yazıdır.Bu mübarizənin fəlsəfəsi dinc müqavimət yolu ilə hakimiyyətin daha çox zorakılıq və hüquqsuzluqlara əl atmasına nail olmaq, bu qanuansuzluq və zorakılıqların mənəvi iztirabı altında hakim komandanı tərəddüd və peşimançılığa düçar etməkdir.Bu gün Azərbaycan xalqı daha bu qədər olmaz deyirsə, bu mübarizə davam etdiyi təqdirdə hakimiyyətin daxilindən də daha bu qədər olmaz etirazlarının bir gün ucalmayacağına heç kim zəmanət verə bilməz.Yetər ki,biz sayımız artıraq, öz prinsipiallığımız və mübarizə əzmimizlə cəmiyyətin vicdnının yatmasına imkan verməyək və Qarabağı satan,öz xalqına pul və sərvət üçün hər cür alçaldılmaını və zülmü rəva görən bir hakimiyyətin məmurlarına vicdan güzgüsü olub hansı çirkabda olduqlarını göstərək.Bizi tutsunlar,döysünlər,represiyalara məruz qoysunlar ancaq biz usanmasaq,sınmasaq onlar günlərin bir günü sınmağa ,etdiklərindən peşiman olmağa məhkumdurlar.Çünki haqsızdırlar,təkcə Azərbaycan xalqı deyil,beynəlxalq ictimaiyyətdə onlara doğru yolda olmadıqlarını israrla deməkdədir.

  5. Səid Zalov
    İyul 8, 2010 tarixində, saat 11:23 səhər

    Əli bəy, fikirlərinizlə razıyam,ancaq bu iqtidardakıların ölmüş vicdanının oyanması mümkündürmü? Bunlar elə cinayətlərə batıblar,bu xalqın başına elə oyunlar açıblar ki, çətin onlarda azacıq da olsa vicdan qala .Bu ölkədə Qandizmə yer yoxdur,bunları qalstukundan tutub oturduqları stuldan aşağıya çəkməsən,vicdansızların nə zamansa etdikləri haqsızlıqlardan bezəcəyini gözləmək mümkün deyil.Bunlarla öz dilində danışmaq gərəkdir.

  6. Mecid
    İyul 8, 2010 tarixində, saat 5:37 axşam

    Qeleminize quvvet,ela yazidi.

  7. həbib
    İyul 8, 2010 tarixində, saat 6:08 axşam

    Hem hokumetle mubarize aparib, hem de maarifcilik etmek asan olmaz. Sag olun Eli bey.

  8. elshad
    İyul 8, 2010 tarixində, saat 6:12 axşam

    Təəssüf ki, belə məqalələri hamı oxuya bilmir. Yaxşı olar ki, belə yazıların qəzet oxumayan, internet istifadəçisi olmayan adamlar arasında yayılmasının yolunu tapasınız.

  9. Ebulfez Qurbanli
    İyul 8, 2010 tarixində, saat 7:34 axşam

    Yeqin ki bu yazidan sonra bezi noqsan tutmaqla meshgul olanlar ya mubarizeye qoshular ya da susarlar.

  10. Cemil
    İyul 8, 2010 tarixində, saat 8:14 axşam

    Ali bey tarixden cekdiyi numunlerle bilirsizmi ne deyir?Onu deyir ki daha mohkem ve iradeli olub davam etmeliyik.Bu yolda varam!

  11. Ramil
    İyul 8, 2010 tarixində, saat 8:48 axşam

    Əli bəyin tarixi bilikləri məni həmişə təəcübləndirir. İstənilən analoji hadisəyə XX əsr azadlıq mübarizəsi və demokratiyadan nümunə gətirə bilir. Bizim yap-çı deputatlarda bu savad varmı? Başlarına döyəcləsən Qobustandakı qavaldaşın səsi gələr.

  12. Turan
    İyul 9, 2010 tarixində, saat 4:52 axşam

    Əli bəyin hər yeni məqaləsi AZADLIQ davasının qalibiyyətlə nəticələnməsi inamını artırır. heydərizmin Azərbaycanda silinməsinə az qalıb. Yetər ki, həmrəy bir olaq.

  13. Samir
    İyul 9, 2010 tarixində, saat 6:57 axşam

    her bir diktatura rejiminin sonu vardir …

  14. İyul 12, 2010 tarixində, saat 5:46 axşam

    Ali beyin bu meqalesinden sonra dinc mubarizenin eleyhine hokumet metbuatinda choxlu sayda yazilar yazildi,sherhler verildi.Amma bunlarda bu meqalenin arqumentasiyasini ve ehemiyyetini azaltmadi.Butun bunlar onu gosterir ki,heqiqetin uzu birdir,qalanlari cizmaqaradir.

  15. Ulvi
    İyul 12, 2010 tarixində, saat 7:54 axşam

    Tam destekleyirm!

  16. Elnur Sadigov
    İyul 16, 2010 tarixində, saat 12:20 səhər

    Qaranligi nece yox etmek olar? Ishigi yandirmaqla!

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: