Əsas səhifə > Yazılar, Əli Kərimli > Diktatoru yıxan qadınlar hərəkatı

Diktatoru yıxan qadınlar hərəkatı

Tiranlarla mübarizədə dünya təcrübəsi: Ən çıxılmaz vəziyyətlərdən də çıxış yolu olur

Parlament seçkilərinə az qalmış ölkənin milli-demokratik qüvvələri AXCP və Müsavatın vahid seçki blokunda, gələcəkdə isə hətta vahid partiyada birləşmək niyyətlərindən xeyli ruhlanmış kimi görünürlər. Bu arada cəbhəçilər və müsavatçılar 31 iyulda eyni vaxtda və eyni yerdə keçirəcəkləri etiraz aksiyasına hazırlaşırlar. İnanıram ki, müxalifətin birləşməsi, fəal mübarizə yolunu tutması xalqımızın özünə inamını və sabaha ümidinü artıracaq.

Keçirilən etiraz aksiyaları, müxalifətin birləşməsi, hətta parlament seçkiləri belə, ümumi strategiyamızın çox mühüm mərhələləridir. Əsas strategiyamız isə demokratik, dinc mübarizə vasitəsilə mövcud qeyri-demokratik rejimi dəyişib, ölkədə demokratiyanı bərqərar etməkdir. Bu strategiyanı özü üçün qəbul etmiş insanların dünyadakı dinc mübarizə nümunələri ilə tanış olmasını faydalı hesab edirəm.

Bloqumdakı son yazımda qeyd etmişdim ki, bəzi qeyri-demokratik rejimlərdə xalqların apardığı dinc mübarizə tarixindən yazmaq fikrim var. Bu qəbildən ilk yazımı hansı ölkədən yazacağımı düşündüyüm zaman mediada Argentinanın keçmiş diktatoru, uzun illərdir ki, ömürlük həbs cəzası çəkən Videlanın yenidən mühakimə olunması haqqında məlumat yayıldı. Mən də qərara gəldim ki, Argentinadan başlayım. Bəşəriyyətin rastlaşdığı ən qəddar diktaturalardan biri bu ölkədə bərqərar olmuşdu.

Hökumət minlərlə adamı oğurlayıb öldürürdü

1930-73-cü illər arasında Argentinada hərbçilər tərəfindən 8 dövlət çevrilişi baş vermişdi. Yalnız 2 dəfə demokratik seçki keçirilmişdi. General Videla isə 1976-cı ildə hakimiyyəti çevriliş yolu ilə ələ keçirmiş 9-cu general idi.

70-ci illərdə özünü Çe Qevaranın ardıcılları elan etmiş solçu partizanlarla ifrat sağçı, antikommunist qüvvələr arasında silahlı qarşıdurma var idi. Hərbçilər də hakimiyyət iddialarını geniş xalq kütlələrinə məhz bu qarşıdurma ilə izah edirdilər. Fürsətdən istifadə edib bütün fərqli düşünənləri, diktaturaya etiraz edənləri məhv edirdilər. Videla əleyhdarlarına qarşı sonradan tarixə “çirkin müharibə” kimi düşmüş savaşını başladı. Ölkə boyu hər yerdə gizli həbsxanalar yaradıldı. Xüsusi olaraq bu məqsədlə yaradılmış yarımhərbi birliklər hökumətin təhlükəli hesab etdiyi adamları gecələr oğurlayıb, gizli həbsxanalarda saxlayırdılar.

O zamanlar dünyada 2 sistem arasında davam edən soyuq müharibə, “Kubanın dəstəklədiyi solçu inqilabçıların qarşısını almaq zərurəti” Videla kimilərin əl-qolunu daha da açırdı. Onlar da “kommunist inqilabının qarşısını almaq” adı altında əleyhdarlarına qarşı bütün vasitələrdən istifadə edirdilər.

Minlərlə insan məhkəməsiz, mühakimə olunmadan oğurlanır, işgəncəyə məruz qalır və ya öldürülürdü. Bir neçə ilin ərzində 30 mindən artıq adam oğurlanmışdı, yoxa çıxmışdı. Ən dəhşətlisi isə o idi ki, bu qədər iri miqyaslı terror hökumət tərəfindən gizlədilirdi. Hökumət rəsmiləri iddia edirdilər ki, bu qədər insanın yoxa çıxmağından onların guya xəbəri yoxdur.

General Videlanın öz açıqlamaları isə əslində şübhəyə yer qoymurdu ki, terror dövlət səviyyəsində aparılır. Videla deyirdi: “Biz dağıdıcı, pozucu ünsürləri məhv edəcəyik. Sonra da dəqiqləşdirirdi ki, dağıdıcı ünsürlər yalnız o adamlar deyil ki, əllərində silah, partlayıcı maddə var, həm də o adamlardır ki, “Argentinanın özünəməxsus həyat tərzinə qarşı çıxırlar” Bu “özünəməxsus həyat tərzi” ifadəsi sizə nəsə xatırlatdımı?

Buanes-Ayresin qubernatoru isə daha da dəqiqləşdirirdi: “Biz əvvəlcə dağıdıcı ünsürləri, sonra onlarla əməkdaşlıq edənləri, ardınca onlara simpatiyası olanları, ən nəhayət, biganə və qorxaqları öldürəcəyik”.

Təsəvvür etmək çətin deyil ki, belə bir kütləvi terrorun yaratdığı qorxu şəraitində oğurlanan adamları müdafiə etmək nə qədər təhlükəli idi. İlkin mərhələdə yoxa çıxmış fəalları müdafiə edənlər özləri də yoxa çıxdıqdan sonra dövlət terrorunun qurbanları tam müdafiəsiz qaldı. Yoxa çıxmış gənclərin anaları hamıdan artıq iztirab çəkirdi. Həyəcan və iztirabdan onların boğazından yemək keçmirdi, gözlərinə yuxu getmirdi. Bir çoxu artıq yataq xəstəsi olmuşdu. Nəhayət, analar başa düşdülər ki, özlərindən başqa heç kim onların övladları ilə maraqlana bilməyəcək. Övlad sevgisi ölüm qorxusuna qalib gəldi.

Dünyanın ən qəddar diktatorunu devirmək üçün analar hərəkatı

O vaxta qədər siyasətlə maraqlanmayan analar siyasi mübarizəyə – Argentinanın qədərini dəyişən mübarizəyə başladılar. 1977-ci ilin aprel günlərinin birində 14 ananın bir araya gəlməsilə başlanan hərəkata tezliklə yüzlərlə, sonralar isə minlərlə ana qoşuldu. Analar bütün ölkə boyu bir-birini tanımaq üçün özlərinə simvol – fərqləndirici nişan da düşündülər. Başlarına ağ çalma bağladıqlarından bu anaların hərəkatı “Ağ çalmalı analar hərəkatı” kimi tanındı.

Analar başa düşürdülər ki, xuntanın əsas məqsədi cəmiyyətin tam susmasına və cinayətlərinin xalqdan gizlədilməsinə nail olmaqdır. Ona görə də onlar ilk növbədə susmamaq, rejimin cinayətlərini ifşa etmək qərarına gəldilər. Bütün təzyiq və risklərə baxmayaraq onlar toplaşıb dinc aksiyalar keçirirdilər, gizli həbsxanaları, orada saxlanılanları, onlara verilən işgəncələri xalqa çatdırırdılar. Oğurlanan insanların siyahılarını tutub, onların müdafiəsi üçün imzalar toplayırdılar. General Videlaya açıq məktublar yazırdılar. Gecələr analar şüar yazmaq üçün şəhərə çıxırdılar. Körpülərə, qatar vaqonlarına, avtobuslara, bina divarlarına şüarlar, oğurlanan insanlar haqda məlumatlar yazırdılar. Çoxlu sayda müxtəlif məzmunlu kitabçalar və vərəqələr yayırdılar.

Düşünməyin ki, xunta analara əl qaldırmırdı. Yaramazlar dünyanın hər yerində bir-birinə bənzəyir. Anaların aksiyaları təlim görmüş itlərlə dağıdılırdı, rejim onları da həbs edirdi, anaların bəziləri yoxa çıxırdı. Övladları kimi bəzən onların özlərini də gecələr xəlvət həbs edirdilər. Amma analar ölümdən qorxmayaraq, mübarizəni davam etdirirdilər.

Ağ çalmalı analar Hərəkatı” xuntanı necə devirdi?

Mətbuatda sərt senzura olsa da, analar hərəkatı bir neçə il ərzində ardıcıl fəaliyyətlə rejimin cinayətlərini açıb argentinalılara göstərə bildi.

Argentina cəmiyyətini məlumatlandıra bildikdən sonra analar xuntanın cinayətlərini dünya miqyasında yaymağa başladılar. Onlar 3 nəfərlik qruplarla, turist gəzintisi adı altında xarici ölkələrə səfərlər edərək rejimin cinayətlərini ifşa edirdilər.

1978-ci ildə Argentina futbol üzrə dünya çempionatına “ev sahibliyi” edirdi. Dünyanın hər yerindən çoxlu jurnalistlər gəlmişdi. Analar bu günlərdə jurnalistlərlə, hətta Avropa ölkələrindən gələn futbolçularla yaxşı əlaqə qurub, onların vasitəsilə Argentinada baş verən rəzaləti dünyaya çatdırırdılar. Bir çox tanınmış avropalı futbolçular anaların aksiya keçirdiyi meydana gəlib, onlarla həmrəy olduqlarını nümayiş etdirdilər.

Həmin il Argentina həm də Beynəlxalq Səhiyyə Konfransına “ev sahibliyi” edirdi. Analar bu beynəlxalq tədbirdən də xuntanı dünya miqyasinda ifşa etmək üçün istifadə etdilər. Artıq hərbi xuntanın həm ölkə daxilində, həm də dünya miqyasında maskası yırtılmışdı, onun qeyri-insani mahiyyətindən hamı xəbər tutmuşdu.

Analar beynəlxalq hüquq-müdafiə təşkilatları ilə yaxşı əlaqə yaratdılar. Bu təşkilatlar da Argentinada baş verən çirkin müharibə haqda xüsusi hesabatlar hazırlayırdı. Argentina daxilində də analardan ruhlanaraq yerli hüquq müdafiəçiləri, hətta kilsə səsini ucaltmağa başladı.

Diktator hətta öz tərəfdarları, ordu daxilində də dayaqlarını itirirdi. Tezliklə ordu komandanları arasında parçalanma baş verdi. Hərbi Hava Qüvvələri ordu və donanmadan ayrıldı… 1981-ci ilin martında general Videla devrildi. Onu general Qaltieri əvəz etdi. Xunta sifətini dəyişməyə ehtiyac duyurdu.

***

İki ildən sonra Argentinada seçki keçirildi. Konstitusiyalı demokratiya bərpa olundu. Əlbəttə ki, Argentina xuntasının çökməsində kəskin iqtisadi böhranın və Folklənd adaları uğrunda 1982-ci ildə Böyük Britaniya ilə aparılan müharibədəki məğlubiyyətin də çox mühüm rolu oldu. Amma məhz övladları oğurlanaraq repressiyaya məruz qalmış anaların həyatları bahasına apardıqları rəşadətli, dinc mübarizə rejimi ifşa edib, onun legitimliyini sarsıtmışdı.

Argentina təcrübəsindən altını cızmaq istədiyim nəticələr:

1. Rejimin qəddarlığı və repressiyaların şiddəti belə, diktatorun hakimiyyətinin daimiliyinə təminat vermir.

2. Bir qayda olaraq, çıxılmaz vəziyyətlər olmur. Ən çıxılmaz vəziyyətlərdə də çıxış yolu var.

3. Qeyri-demokratik rejimin çökməsində ən mühüm kilid məsələ rejimin xalqın nəzərində tam legitimliyini itirməsidir. Xalq hesab edəndə ki, onu qeyri-demokratik üsulla idarə edənlərin hakimiyyətdə olmağa mənəvi haqları və hüquqi əsasları yoxdur, rejimin tam süqutu artıq zamana bağlı məsələ olur.

***

Hazırda bəşəriyyətin dinc mübarizə tarixindən bəhs edən onlarla kitablar var. Bu mövzuda daha artıq məlumat almaq istəyənlərə Piter Ackerman və Cack Duvallın birlikdə yazdığı “A FORCE MORE POWERFUL” – “Daha güclü qüvvə” kitabını oxumağı məsləhət bilərdim.

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. inara
    İyul 26, 2010 tarixində, saat 10:36 axşam

    Əli bəy, təşəkkur edirəm bu maraqlı yazıya görə. Bizdə rejim bundan bir qədər daha az qəddardır. Deməli mübarizə üçün daha çox imkanlar var. Bəzən düşünürəm, FB-da səviyyəsiz statuslar yazan, guya bu rejimdən narazı olan gənclər buna sərf etdikləri enerjini dünya tarixindən mövcüd dinc mübarizə üsullarını öyrənərək hərəkət etsə idilər daha faydalı olardı. Məlumat üçün bildirim ki, Polşada Yaruzelski rejimi vaxtı ictimai təşkilatların apardıqları orijinal mübarizə üsulları da maraqlıdır. Bilirsiniz ki, onlar sonra “Solidarnost” təşkilatı yaratdılar və diktaturaya qalib gəldilər. Siz həm çox mübariz və intellektual insansınız. Uğurlar!

  2. Ebulfez Qurbanli
    İyul 27, 2010 tarixində, saat 6:43 səhər

    Ela yazidir.Bele isti gunlerde bu yazilar herareti bir qeder de qaldirir.
    Inaniram ki butun pis zamanlarda cixish yollari olur.Bu yollar inamli vetendashlari qelebeye catdirir.Men bu yazini oxuduqca dushundum ki bizim ede bileceyimiz cox sheyler var.Edecyik de.

  3. Cemil Qasimov
    İyul 27, 2010 tarixində, saat 6:55 səhər

    Yeqin ki bizim mubarizeden kenarda qalan xanimlarimizda bu proese qoshulacaq.Onlar mubarizeye six qoshulduqca savashimiz daha donmez xaraketr alacaq

  4. Səidə
    İyul 27, 2010 tarixində, saat 7:28 səhər

    Əli bəy yazınızı maraqla oxudum,təşəkkür edirəm çox belə dəyərli məqalə üçün. Məqalədən də aydın görünür ki,doğurdan da bizdəkindən də qəddar rejimlərə qarşı demokratik,dinc mübarizə ilə nəticəyə nail olmaq mümkün olubsa, deməli mübarizə aprmağaına dəyər.Sadəcə olaraq qorxaqlar, birdə təslim olanlar “xeyri yoxdur” düşüncəsi ilə başqalarını da özləri kimi düşdükləri vəziyyətlə barışmağa vadar edirlər, ancaq bu bir reallıqdır ki,mübarizə aprdıqca və onunun sərhədlərini genişləndirdikcə avtoritarizm süquta məhkumdur.mübarizənin alternativi yoxdur sizə uğurlar.

  5. Valeh
    İyul 27, 2010 tarixində, saat 7:33 səhər

    Əli bəy fikirləriniz bölüşürəm, bu rejimə qarşı ya mübarizə aprmalıyıq,yada ki, susaraq onun yaşamasına şərait yaratmalıyıq. Əslində bu məqaləniz cəmiyyətimiz üçün gözəl bir nümunə xatırlatmasıdır. Argentinada qadınlar Videla kimi qəddar diktatora qarş mübarizə aprmaqdan çəkinməyiblərsə, bizdə kişilər bundan özləri üçün nəticələr çıxarmalıdırlar.

  6. Nüsrət
    İyul 27, 2010 tarixində, saat 7:41 səhər

    Əli bəy, yazınızı oxudum və düşününrəm ki,bizm üçün maraqlı nəticələr çıxaramaq olar. İlk növbədə məişətin küncünə sıxışdırılmış qadınlarımız da bu gün Əliyevlər rejiminə qarşı mübarizədə iştirak edə bilərlər və bunu başlamaq üçün FB-şəbəkəsində də isitifadə etmək olar. Qadınlarımız FB- şəbəkəsindən istifadə etməklə daha qısa müddətdə təşkilatlanmaq imkanı qazanmış olarlar. Bu həmdə risk dərəcəsini də maksimium azaldar. Mübarizədə iştirak edən qadınlar bu barədə düşünsələr yaxşı olar.

  7. Nailə
    İyul 27, 2010 tarixində, saat 7:48 səhər

    Diktaturalar nə qədər qəddar olurlarsa olsunlar,əgər toplumda mübarizə varsa geci tezi bu onların sonunu gətirir. Mən mitinqlərdə iştirak edib polislə qarşı- qarşıya gələn mübarz qadınlarımızı bir örnək sayıram və hesab edirəm ki,bu rejimə qarşı mübarizə təkcə kişilərin vəzifəsi deyil,həmdə qadınlarımız da istəsələr kişilərlə bərabər xalqımızn sabahı uğrunda mübarizədə iştirak edə bilərlər.Biz bir xalq kimi,buna qadirik və Azərbaycan qadını öz ölkəsinin taleyində rol oynayacaq yüksək ictimai şüura sahibdir.

  8. Turan
    İyul 27, 2010 tarixində, saat 11:01 səhər

    Çox gözəl və ruhlandırcı yazıdır. Əli bəy bu məqaləsi ilə cəmiyyətin bəzi qorxaq erkəklərinə mesaj yollamış oldu. Təşəkkürlər Əli bəy!
    Onu da əlavə edim ki, bu gün Azərbaycanın azadlığı, demokratiyaya qovuşması yolunda fədakar savaş aparan Gözəl Bayramlı, Zümrüd Yağmur, İradə Nəriman kimi xanımlarmız da var.

  9. Mecid
    İyul 27, 2010 tarixində, saat 11:49 səhər

    Eli bey siz bu yazi ile ilham eliyeve hec bir sans vermediniz

  10. elshad
    İyul 27, 2010 tarixində, saat 3:14 axşam

    Əsl maarifləndirmə işidir. Çox sağ olun. Siyasətə 100 metrlik qaçış yarışı kimi deyil, marafon yarışı kimi baxmaq lazımdır. Siz bu yazılarla öz ardıcıllarınızı yetişdirirsiniz.

  11. İyul 27, 2010 tarixində, saat 4:40 axşam

    Bir dəfə demişəm istəyirəm bu dəfə yazım. Əli bəy kimi digər partiya sədrləri də yazsınlar. yox mən demirəm ki, hər kəs İlham əliyevi tənqid etsin. Konstruktiv “müxalifət lideri” konstruktivlikdən, Dubay mülklərini dilə gətirə bilməyən “lider” müxalifətin birləşməsindən yazsın. Cəhənnəmə boş-boşuna danışmaqdansa bu daha yaxşıdır.
    Daha qarboçovu öldürməkdən, YAP-ın süpürgəçisi ilə görüşmək niyyətində bulunmaqından bizlərə açıqlama verməsin.
    yazı xoşuma gəldi. Eladir/ isteyerdim coxlari bele yaza bilsin

  12. İyul 27, 2010 tarixində, saat 4:42 axşam

    Bu yazini oxuyandan sonra dusundum ki, mitinq neden ele bu gun yox ayin 31-dir
    Insanin mubarie ezmini artirir
    Esq olsun Eli bey!!!

  13. Elnur
    İyul 27, 2010 tarixində, saat 5:53 axşam

    Bu yazini oxuyanda basha dushursen ki, eslinde Azerbaycanda diktatura-filan yoxdur. Bizdeki rejim diktaturaya parodiyadir. Ama mubarize aparan insanlar o cur qeddar rejimlere de iradeleri ile qalib gelibler. Biz ise bu maygululerin elinde aciz qalmishiq. Bu yaziya gore sag olun Eli bey. Men shexsen indiki aciz durumumuza gore utandim. Men bilen utanan tek men olmadim. Bu rejimle hami mubarize aparmalidir.

  14. Asif
    İyul 27, 2010 tarixində, saat 5:59 axşam

    Bu yazı 31 iyul mitinqinə ən yaxşı çağırışdır. Hamı mitinqə gəlsin. Dərdimizi bir-birimizə danışmaq çıxış yolu deyil. Özümüz özümüzə arxa olmalıyıq. Bütün millət ayağa qalxmalıdır.

  15. Mehemmed Talibli
    İyul 27, 2010 tarixində, saat 7:03 axşam

    Son aylarini siyasi fealiyyetinden elave yaradici ve bir chox hallarda ise maariflendirici funksiyani yerine yetirmeye yoneltmsih Ali bey,heqiqeten choxlu sayda parametrlerine gore olchiyegelmez siyasetchidir.Bu meqalede Argentinanin son 80 ilinin mubarize tarixini,”Agchalmali analar herekati”nin olkedaxili siyasi rolundan,diktaturla mubarize ezminden genish tehliller verir.Bir daha tesdiq olunur ki,dunyanin her yerinde diktaturanin tebieti ve siyasi xaraketeri eyni olur.Amma mubarize usullari ferqli ve qelebe resepti eyni olmaya biler.
    Choxlu sayda muxtelif mezmunlu meqaleleri ile Eli bey subut edir ki,tek siyasetchi oldugu uchun ustun keyfiyyetlere malik deyil.Eli bey,tarixchi,iqtisadchi olsaydi bele,yene hemin sahenin chox sechilmish fikir adami,ela tedqiqatchisi ve lideri olacaydi.
    Bu meqaleler siyasi mubarizenn ehemiyyetin ve psixoloji optimizmin artirir.

  16. Ramil
    İyul 27, 2010 tarixində, saat 11:08 axşam

    Bugün Gözəl xanımın nümunəsini görəndə inanırsan ki, Azərbaycanda da demokratiyaya gedən yolda lokomotiv rolunu qadınlar oynayacaq. Qadınlarımız azadlıq mübarizəsində böyük qüvvədir. Əsas təşkilatlanmaqdır.

  17. Dilshad
    İyul 30, 2010 tarixində, saat 11:53 səhər

    Eli bey,yaziniza gore teshekkur edirem.Bu yaziniz da,o biri yazilariniz kimi yuksek seviyyede maariflenme ishine komek eden yazidir.Allah Sizi qorusun!

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: