Əsas səhifə > Yazılar, Əli Kərimli > Bu günün ən effektli mübarizə vasitəsi… Pinoçet kimi diktatorları məğlub edən mübarizə haqda

Bu günün ən effektli mübarizə vasitəsi… Pinoçet kimi diktatorları məğlub edən mübarizə haqda

Hökumət cəbhəçilərin, müsavatçıların və digərlərinin 31 iyulda Fəvvarələr meydanında keçirdiyi etiraz aksiyasından çox narahat olub. İqtidardakılar müxalifətçilərin heç Nərimanov, Gənclik metrostansiyası qarşısındakı meydanlara toplaşmasını həzm edə bilmir. İndi isə artıq birləşmiş müxalifət «azad seçki», «istefa», «Qarabağ» şüarlarını Bakının tam mərkəzində səsləndirir.

Bu mitinqdən sonra daha çox nümayişçinin həbs edilməsi, həbs edilənlərə mülki geyimli şəxslərin hədə-qorxu gəlməsi müxalifətçiləri qorxutmaq cəhdidir. Hakimiyyət gedən prosesin özü üçün neqativ sonluğundan qorxur. Qorxduğu üçün qarşısındakıları qorxutmağa cəhd edir.

Müxalifətçilərin sərt reaksiyası – həbsxanada yeganə mümkün olan etiraz aksiyasına, aclığa başlaması hökumətin bu cəhdini də alt-üst etdi.

Dünən aclıq edənlərə müraciət edib, aclığı dayandırmalarını xahiş etmişdim. Sağ olsunlar, artıq aclığı dayandırıblar. Qəti şəkildə əminəm ki, şəhərin mərkəzində keçirilən dinc etiraz aksiyaları hazırda aclıq aksiyasından daha effektlidir. Gücü, enerjini bu aksiyaların davamlı olmasına və artan xətt ilə inkişaf etməsinə yönəltmək lazımdır. Bunun üçün isə cəmiyyətin mənəvi gücünü artırmaq lazımdır. Mənəvi gücün də fiziki güc kimi özünəməxsus mənbələri var. İnsanın vicdanı, qüruru, ləyaqəti, dini inancları, dəyərlər sistemi ən mühüm mənəvi güc qaynaqlarıdır. Amma eyni zamanda aparılan mübarizənin uğuruna inanmağın, bilikli olmanın, o cümlədən pozitiv dünya təcrübəsindən məlumatlı olmanın da mənəvi gücü, özünə inamı artırdığına əminəm. Bu məqsədlə də dünyadakı dinc mübarizə təcrübəsi ilə bağlı 2 yazı yazmışam. Bu gün də Çili xalqının qəddar diktator Pinoçeti necə məğlub etməyindən yazmaq niyyətindəyəm.

Çili xalqı diktator Pinoçetə necə qalib gəldi?

Bir qayda olaraq insanlar yalnız həyata keçirə biləcəklərinə inandıqları arzuları reallaşdıra bilirlər. Dünya xalqları indi bizim Azərbaycanda mövcud olandan qat-qat güclü, qəddar, pullu diktatorları dinc mübarizə vasitəsilə məğlub edib.

Çili Cənubi Amerikanın ən qədim və sabit demokratiyaya malik dövlətlərindən idi. Marksist Salvador Alyenda da 1971-ci ildə demokratik seçki yolu ilə hakimiyyətə gəlmişdi. Əslində, o, yalnız 36% seçici səsi almışdı, amma sağçı qüvvələrin çoxlu partiyaya parçalandığı şəraitdə bu 36% səs ona hakimiyyətə gəlmək üçün kifayət etmişdi. Onun həyata keçirdiyi sosialist islahatları opponentlərini daha da artırdı. Sahibkarlar, kilsə, ordu çox narazı idi. Ordu növbəti seçkini gözləmək fikrində deyildi.

1973-cü ildə hərbi çevriliş baş verdi. Generallar öz hərbi hissələrinə prezdient aparatına hücum əmri verdi. Qısa müddətdə prezident apparatı xarabalığa çevrildi. Alyenda ölmüşdü, böyük ehtimalla özü-özünü öldürmüşdü. Hərbi xunta hakimiyyəti ələ aldı. Xuntanın başçısı isə prezident Salvador Alyendanın çevrilişdən 1 ay qabaq ordu komandanı təyin etdiyi general Pinoçet idi.

Hərbi xunta qanuni hakimiyyətin devrilməsini ölkənin «kubalaşmasının» qarşısını almaq zərurəti ilə izah edirdi. Xalqa vəd etdilər ki, ölkədəki vəziyyəti «sağlamlaşdıran» kimi seçki keçiriləcək, konstitusiya qaydası bərpa olunacaq.

Seçkilər keçirilməsə də hərbi xunta çalışırdı ki, vaxtaşırı keçirdiyi referendumlarla (baxmayaraq ki, bu referendumlar da saxtalaşdırılırdı) hakimiyyətini legitimləşdirsin.

«Sağlamlaşdırma» tədbirləri isə olduqca qəddar və zorakı idi. Minlərlə adam həbs olundu. Adamların oğurlanması, işgəncə, ölüm hökmləri, ölkədən sürgün etmək adi hala çevrilmişdi. Dövlət orqanları, mətbuat, universitetlər hərbçilərin nəzarətinə keçdi. Aliyenda hökumətində nazir və digər mühüm vəzifələr tutmuş bir çox şəxslər dövlət terroru nəticəsində öldürüldü.

General Pinoçet ölkədə mütləq hakimiyyət yaratmışdı. Dövlətin büdcəsi onun şəxsi cibinə, onun şəxsi düşmənləri dövlətin düşmənlərinə çevrilmişdi. Ölkədə qadağaların hansı absurd həddə çatdığını göstərən 2 detalı xatırladım. Solçu inqilabçılar arasında gitara ilə çalıb oxumaq çox populyar olduğundan Pinoçet ictimai yerlərdə gitara çalmağı qadağan etmişdi. Kubanın Çili xalqına «neqativ» təsirinin qarşısını almaq üçün isə Kuba haqda olan istənilən kitabların müsadirə olunub yandırılması göstərişi verilmişdi.

Amma onu etiraf etmək lazımdır ki, Pinoçet ölkəni çox qəddar üsullarla idarə etsə də, həyata keçirdiyi liberal iqtisadi siyasətlə Çili iqtisadiyyatını yaxşı inkişaf etdirmişdi. Bəlkə bu da səbəblərdən biri idi ki, Çili xalqı Pinoçetin hakimiyyətinin ilk 10 ilində ona qarşı kütləvi müqavimət təşkil edə bilmədi.

İbrətamiz məqamlardan biri də bu idi ki, yalnız 1980-ci ildə (hakimiyyəti qəsb edəndən 7 il sonra), yeni konstitusiya ilə özünün ömürlük hakimiyyətinə zəmin yaratdıqdan sonra Çilidə Pinoçetə qarşı əsl ümumxalq mübarizəsi başlandı. 1983-cü ildə artıq müxalifət bir araya gəldi. 1983-cü ildən başlanan elliklə dinc mübarizə mərhələsi 5 il ərzində artan xətlə diktatorun məğlubiyyətinə qədər davam etdi.

Pinoçetin qəddarlığı artdıqca, narazılar da çoxalırdı. Vaxtilə onu dəstəkləyən kilsə artıq repressiyalara etiraz edirdi. Əvvəllər onu dəstəkləyən ABŞ hökumətləri artıq onun etdiklərinə göz yummaq istəmirdilər. BMT başda olmaqla beynəlxalq təşkilatlar da Pinoçet hökumətinə təzyiqləri artırırdılar.

Bütün bu təzyiqlər və daxildən get-gedə güclənən dinc mübarizə generalı geri çəkilməyə məcbur etdi. Əvvəlcə, işçilərin özünə həmkarlar ittifaqları yaratmaq və tətil etmək hüququ tanındı. Bir qədər sonra xunta dinc mübarizə yolu seçmiş müxalifət koalisiyası ilə dialoqa başlamağa məcbur oldu. Bu arada dünyada baş verən 2 hadisə də Çili müxalifətini ruhlandırdı, Pinoçeti isə öz taleyi haqda daha ciddi düşünməyə məcbur etdi. 1986-cı ildə 2 məşhur tiran Haitidə Duvalye, Filippində Markos hakimiyyətdən və ölkədən qovuldu. Xüsusilə seçkiləri saxtalaşdırdığı üçün Filippindən qovulmuş Markosun taleyi Pinoçetin sonrakı davranışına mühüm təsir etmişdi. Pinoçet nə zamansa Çilidən qovulmaq təhlükəsindən çox ehtiyatlanırdı.

Müxalifət yaranmış əlverişli məqamı dəyərləndirərək 2 il qabaqdan 1988-ci ildə keçiriləcək referenduma hazırlıq kompaniyasına başladı. 10 ildən artıq müddətdə qeyri-leqal vəziyyətdə fəaliyyət göstərən müxalifət partiyaları öz şəbəkələrini bərpa edirdi, minlərlə yeni könüllü dinc mübarizəyə qoşulurdu. Çili qadınları, gənclər müxalifətin gücünə güc qatdılar. Tətil, nümayiş, siyasi məzmunlu konsertlər bütün Çili ərazisini və ən müxtəlif təbəqələri əhatə edirdi.

Pinoçet hökuməti isə daha çox seçiciləri pul ilə satın alacağına ümüd edirdi. Kasıb məhəllələrə pulu sel kimi axıdırdılar. Yeri gəlmişkən, müxalifətin sosial bazasını pul ilə satın almağa dövlət səviyyəsində, ilk mütəşəkkil təşəbbüsü Cənubi Afrikada Aparteid rejimi etmişdi. Pinoçet də bu üsulun çox effektli olacağını düşünürdü. Bunları ona görə xatırlatdım ki, əvvəla İlham Əliyev “pulumuz çoxdur, biz hər şey edə bilərik” iddiasında olan ilk dövlət başçısı deyil, ikincisi tarixi təcrübə bir qayda olaraq pulun qüdrətinə çox güvənən liderlərin sonda məğlub olduğunu təsdiq edir.

Nəhayət, 1988-ci ilin referendumu gəlib çatdı. Referendum ərəfəsi keçirilmiş sorğular təsdiq edirdi ki, seçicilərin 70-80%-i Pinoçet rejiminə qarşı olsa da, yenə həmin seçicilərin 80%-i rejimi məğlubedilməz sayırdı, hakimiyyət dəyişıkliyinə inanmırdı. Amma buna baxmayaraq Pinoçet referendumda məğlub oldu. Hətta müxalifət liderləri də təəccüblənmişdilər ki, referendum niyə əvvəllər olduğu kimi, bu dəfə də saxtalaşdırılmadı? Belə məlum oldu ki, Pinoçet kimi qəddar diktator da Çili xalqının elliklə verdiyi məsajı qəbul etmişdi. O məsaj isə çox sadə və bərmənalı idi. 5 il ərzində davam edən kütləvi dinc mübarizə ilə xalq Pinoçeti də, digər xunta üzvlərini də inandırmışdı ki, artıq o, əvvəlki qayda ilə yaşamaq istəmir.

Bəzi mənbələr iddia edir ki, Pinoçet referendumu saxtalaşdırmasa da, sonradan referendumun nəticələrini ləğv edib, ölkədə fövqəladə vəziyyət rejimi tətbiq etməyə cəhd göstərib. Bu halda isə hətta ən yaxın adamları da, hərbi xunta üzvləri də onu müdafiə etməkdən imtina edib. Onun fövqəladə vəziyyət tətbiq etmək haqda fərmanını Pinoçetin gözü qarşısında cırıb, parça-parça edərək ayaq altına atıblar.

Pinoçet tam təkləndi. Hakimiyyəti itirdikdən sonra beynəlxalq məhkəmələrin mühakiməsindən onu yalnız çox qoca olması və səhhətinin pisləşməsi xilas etdi.

Çili xalqı çox əziyyət çəkdi. 15 il diktatura şəraitində yaşadı. Amma təslim olmadı, barışmadı, yorulmadı, bezmədi. İtkilər versə də, sonda qalib gəldi. Demokratiyanı bərpa etdi. Bəşəriyyətə qəddar Pinoçet diktaturasına qalib gəlmək nümunəsini bəxş etdi.

Çili nümunəsində altını cızmaq istədiyim bir neçə önəmli nəticə var:

– Qəddar Pinoçetin uğursuz sonluğu növbəti dəfə təsdiq etdi ki, repressiyalar, qəddarlıq, zorakılıq insanların azadlıq eşqinə qalib gəlmək iqtidarında deyil.

– Avtoritar rejimlərin əldə etdiyi (düzdür, bu, nadir hallarda baş verir) iqtisadi inkişaf da xalqların siyasi azadlıqlar istəyini boğa bilmir.

– Bir qayda olaraq avtoritar liderlərin sonu onlar ömürlük hakimiyyətə iddia edən zaman başlanır. Ömürlük hakimiyyətə iddia müxalifətin hamılııqla mübarizəyə qoşulması üçün ciddi motivlər yaradır, cəmiyyəti silkələyir, avtoritar liderin yanında olan iddialı şəxslərin hərəkətə keçməsinə səbəb olur.

– Öz xalqı qarşısında etimadı, nüfuzu, legitimliyi itirən hakimiyyət beynəlxalq dəstəyini də labüdən itirir.

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Teymur
    Avqust 6, 2010 tarixində, saat 4:46 axşam

    Əli bəy bir daha təşəkkürlər sizə. Hər yazdığını məqalə biz gəncləri daha mübariz, daha cəsur, olmağa səsləyir. Pinoçet qoca və xəstə olduğu üçün həbsi ev dustaqlığı ilə əvəz olundu. Ancaq ilham əliyev cavan və sağlamdır. Təbii ki fiziki cəhətdən sağlamdır. Onun Azərbaycan xalqına qarşı uyğuladığı faşizm idarəçiliyin və cinayətlərin cavabı mütləq olacaq.

  2. Əsəd
    Avqust 7, 2010 tarixində, saat 8:09 səhər

    Əli bəy çox maraqlı yazıdır. Bir daha aydın olur ki, Əliyevlərin tayfa iqtidarından azad olmağın yolu yalnız xalqşn mübarizəyə qoşulmasından keçir.Evdə,çayxanalrda dost tanış arsında narazılıq etməklə dəyişikliyə nail olmaq mümkün deyil.Dəyişikliklərin yolu meydanlarda mübariz apran müxalifətçiləri yalnız buraxmamaqdır.

  3. Vüqar Səmədli
    Avqust 7, 2010 tarixində, saat 8:13 səhər

    Azərbaycanda azadlıq və demokratiya uğrunda başlanmış mübarizənin taleyi meydanlarda, özü də Leninin məşhur”kim-kimi”prinsipi ilə həll olunacaq.Çünki aydın görünür ki, bu iqtidar beynəlxalq etirazları nəzərə almaq niyyətində deyi.Məşhur xalq məsəli var. ilan ulduz görməsə ölmür.Bunların ulduzun göstərmək üçn millət meydanlara çıxmalıdır.

  4. Vüqar Səmədli
    Avqust 7, 2010 tarixində, saat 8:46 səhər

    Əli bəy bu seriyadan olan yazılıarınızı çox vacib hesab eirəm. Xalqımız görsün ki, demokratiyaya qovuşmuş xalqlar onu xonçada hədiyyə kimi qəbul etməyiblər,fəal mübarizə ilə,qurbanlar verərək öz azadlıqlarını əldə ediblər. Ona görə də biz Qərbin davranışlarından aslı olmaq əvəzinə bir xalq kimi öz gücümüzə arxlalanıb haqlarımızı əldə etməliyik.

  5. Natiq Güləhmədoğlu
    Avqust 7, 2010 tarixində, saat 10:10 səhər

    İnanıram ki, biz də öz mübarizəmizlə Əliyevlərin kürəyini yerə vurağacıq və dünyanın hansısa yerində bir Əli Kərimlli Azərbaycan müxalifətçilərinin mübarizəsini örnək gətirən yazılar yazacaq.
    Təşəkkür Əli bəy

  6. Avqust 7, 2010 tarixində, saat 10:13 səhər

    Dogrudanda bu eliyev rejimi Azerbaycani bir xarabaliga cevirib, ve ustunde agaliq edir. Bugun milletin duwduyu stuasiya hec zaman bu qeder agir ve dehwetli olmayib. Bir terefden ruwvetxorluq diger terefden zor aparati xalqin meneviyatin sindirib. adini ziyali qoyub hakimiyet qapisinda yallananlar ise xalqin ustunden kecib bu hakimiyyetin sufresinin qirintilari ile dolanir ve bunu inkiwaf hesab etmekdedir.
    Qisasi Eli bey bugun xalqin yalniz sizin kimi fedakar partiya liderine ehtiyaci var. Siz neolar bu xalqi duwduyu dehwetli veziyyetden qurtarin. Onsuzda kimse sizden savayi bu milete yiye cixmaq gucunde deyil

  7. Təzəxan Mirələmli
    Avqust 7, 2010 tarixində, saat 10:29 səhər

    Salam, Əli bəy, bir daha təşəkkürlər. Sizin dünya diktatorlarinin aqibətindən bəhs edən yazilariniz ictimaiyyətdə çox müsbət qarşilanir. Elə bir az öncə bu haqda müzakirəlerimiz oldu. Oz adimdan və bu müzakirəlerde iştirak eden ziyalilarimiz adindan size teşekkurümüzü bildirik. Ən bəyəniləni isə sizin gəldiyiniz neticeler ve bu neticelerin Azərbaycan reallıqlari ilə muqayisəsidir. Amma bir şeyi də nəzerinize çatdirmaq isteyirem ki, bizim diktatorun ve onun nokerlerinin bize ele ce de butün dunyaya siridiqlari iktisadi inkişaf proqramlarinin da saxta oldugu tezlikle uze cixir. Milyonlar hesabina tikintisi başa gelen obyektler qirmizi lenti kesilenden derhal sonra temire dayanir.

  8. Cemil Qasimov
    Avqust 7, 2010 tarixində, saat 8:09 axşam

    Ali beyin yazisinda Cili muxalifetinin qelebesinde esas meqamlardan biri kimi muxalifetin bir araya gelmesi gosterilib.Hette ayzinin evvelinde vurgulanir ki Salvador 36 faiz ses toplayanda muxalifet bir arada deyildi.Herbi xuntanin dovrunde ise birleshdi ve xalqin dinc mubarizesini teshkil ede bildi.Nehayetde qalib oldu.Indi bizim muxalifetde birleshmelidir.

  9. Asif
    Avqust 8, 2010 tarixində, saat 5:33 səhər

    Əli bəy bu yazıları yazır ki,bizi ruhlandırsın. Bizi inandırsın ki, bizdən də ağır şəraitdə yaşayıb mübarizə aparıb qalib gələnlər olub. Amma mən bu yazını oxuyub bir az da bədbin oldum. Necə olur ki, başqa xalqlar Pinoçet kimi həqiqi diktatorun kürəyini yerə vurur, biz isə bu cındırların əıində qalmışıq?

  10. Alim
    Avqust 8, 2010 tarixində, saat 5:36 səhər

    Dünyanın hər yerində diktaturalara qalib gəlmək üçün müxalifət birləşir. AXCP və Musavatın birləşməsini istəyirəm. Bu birlik baş tutsa hamı bu birliyin ətrafına toplanacaq.

  11. Avqust 8, 2010 tarixində, saat 5:44 səhər

    Ali bey, bu meqalenizde diktatorlarla bagli novbeti seriallardandir.En maraqlisi olacagini indiden desem,yanilmaram.Chunki,diktatur deyende ilk novbede insanin goz onune Pinechet ve Suxarto gelir.Bu meqalede ibratamiz 2 cumle mene daha xosh geldi:
    1. Qorxduqlari ucun qarshidakilari qorxutmaga cehd edirler.
    2.Dovletin budcesi shexsi cib,diktatorun shexsi dushmeni ise dovletin dushmenine chevrilir.
    Diqqet etsek,goruruk ki,bu 2 yanashma ve dushunce terzi Ilham Eliyevin idareetme siyasetinin felsefesin ve ana xettin teshkil edir.Bax,bu elaqeni achdigi uchun meqale boyuk tesir gucune malikdir.

  12. Zümrüd Yağmur
    Avqust 9, 2010 tarixində, saat 2:44 axşam

    Hakimiyyətin təklənməsi, eynən Piniçetin taleyini yaşaması üçün həm müxalifət birləşməli, həm də xalq birləşmiş müxalifətin ətrafında cəmlənməlidir. Mübarizələr qalibiyyətə hesablansa da, Azərbaycanda illərdir insanlar hec bir nəticə əldə etməsələr də mütləq bir gün diktatura burda da məğlub olacaqdır və bu indi, hər şeyə rəğmən dayanan mübariz insanların səyləri nəticəsində baş verəcək. Xalq bu mübarizədə hələlik iştirak etmir, amma su boğazına yığılanda qalxacağına kimsə şübhə etməsin, tarixdə diktaturaların sonunun gəlməsi faktları boldur. Azərbaycanda da diktatura bu tarixi faktların sırasında öz yerini alacaq, eynən bu gün tarixin çöplüyünə atılmış Pinoçet kimi…

  13. Avqust 10, 2010 tarixində, saat 8:56 səhər

    Aqusto Pinoçetin yaşadığı 91 il ömrünün 1990-cı ildən sonrakı dövrü (hakimiyyəti təhvil verdiyi il) həyatının xoş günlərini də onun yadından çıxardı. Əksər Çili vətəndaşları onu lənətlədi, bütün dünya xalqları onu qınadı və ayağını hara qoydusa etirazla qarşılandı. Ömrünü ev dustağı kimi başa vurdu. Hər gün yaşadığı malikanəsinin qabağında üzərinə qar-qarış yağdıran, lənət püskürən Çili vətəndaşlarını gördü. Çölə də çıxa bilmədi. Bu bir diktatorun gündə bir neçə dəfə ölüb-dirilməsi idi. Heç bir ölkədə diktaturanın sonu yoxdur. Ən mülayim və qəbul edilən yol demokratiya yoludur. Çörçil demişkən, “Ancaq nə etməli ki, insanlıq hələ bundan yaxşısını icad etməyib!”

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: