Əsas səhifə > Yazılar, Əli Kərimli > Seldən də böyük fəlakət – bizim hökumət

Seldən də böyük fəlakət – bizim hökumət

Başqa hansı ölkəni tanıyırsınız ki, orada kompensasiya üçün hökumətə üz tutan fəlakət qurbanını döyüb, qıçını sındırırlar, həbs edirlər?

Dövlətimizə sahib çıxa bilməsək, hamımızın bəxtınə əzilməkdən pay düşəcək

Kür yatağını aşıb, 10 minlərlə insanı qaçqına çevirəndə məlum idi ki, bu fəlakət zahirən göründüyü və təqdim olunduğu kimi heç də tam olaraq təbii fəlakət deyil. Daha çox yarıtmaz idarəetmənin, məmur acgözlüyünün, bacarıqsızlığın törətdiyi fəlakətdir. Kür də, daşqın suları da xeyli müddətdir çəkilib gedib. Amma sel qaçqınlarının həyatı bundan yaxşılaşmayıb. Çünki fəlakətin əsl mənbəyi olan hakimiyyət qalır. Qaldıqca da oğurluq, talançılıq, hər şeyini itirmiş insanlara acımasız, etinasız münasibət də qalır.

***

Bloqumdakı yazıları daimi izləyən oxucular bilir ki, son 3 yazımı demokratiya uğrunda dünya təcrübəsinə həsr etmişdim. Mövzunu daha bir yazı ilə də yekunlaşdırmaq istəyirdim. Amma bu gün qəzetlərdən sel daşqınlarının evsiz-eşiksiz qoyduğu sabirabadlıların başına gətirilənləri oxuyanda gündəmim dəyişdi. Evlərini, mal-qaralarını, əkin sahələrini – bir sözlə bütün dolanışıq mənbələrini itirmiş bu insanlar ədalətli kompensasiya tələbi ilə rayon mərkəzinə doğru yürüş edən zaman onları Çevik Polis Alayının Sabirabadda yerləşdirilmiş hissəsi qarşılayıb, həm də elə-belə yox, dəbilqəli, dəyənəkli, qalxanlı. Aksiya iştirakçısı danışır ki, polis arvad-uşaq, qoca-kişi bilmədi, hamını saldı dubinkanın altına. Çörək istəyən xalqa divan tutulub. 19 nəfər aksiya iştirakçısı polis tərəfindən saxlanılıb. Mətbuat ədalətli kompensasiya tələb edən daha bir sel qaçqınının – Mürsəlli kənd sakini Əlimirzə Qəhrəmanovun İcra Hakimiyyətindəki uğursuz söhbətdən sonra intihar etməsindən də yazır.

***

Bu adamlar nə istəyirmiş? Nədən hökumət bu qədər qəzəblənib? Hakimiyyəti özündən nə çıxarıb? Bəlkə onların könlündən prezidentləri, nazirləri, digər oliqarxlar kimi yaşamaq keçirmiş? Bəlkə onlar da həddlərini aşıb, övladlarına Dubayda villa, işləməyən ailə üzvlərinə bank sahibi olmaq tələb edirmişlər? Yoxsa, bu adamlar da Bakıda aksiya keçirən müxalifətçilər kimi “azad seçki” tələb edirmişlər?

Məlum olur ki, aksiya iştirakçılarının heç də belə ciddi iddiaları olmayıb. Aksiya iştirakçısı tələblərini belə izah edib: ”Belə də hökumət olar? Adam var ki, pomidor-xiyarın dadını bilmir. Uşağına bir dondurma almağa imkanı yoxdur. Belə də zülm olar? Belə çıxır ki, biz Azərbaycan vətəndaşlığından imtina etməliyik”.

Belə görünür ki, hökuməti özündən çıxaran Sabirabad camaatının etiraz etmək, acınacaqlı vəziyyətləri ilə barışmamaq istəyidir. İlham Əliyev hakimiyyəti motiv və məqsədindən asılı olmayaraq hər bir etiraz cəhdinə potensial təhlükə kimi yanaşır. Ədalət və hüquq tələbi də onların nəzərində kriminaldır.

***

Bütün maddi imkanlarını itirmiş insanlara 400-800 və ya 1000 manat pul verilir. O pulu da hamıya vermirlər. Cəmi bir-neçə yüz insan kompensasiya alıb. Kür qaçqınlarına kompensasiya məqsədilə büdcədən 300 milyon manat ayrılmışdı, seli bəhanə edib maaşları, pensiyaları da artırmadılar. Bəs hanı o 300 milyon? Sadə hesablama təsdiq edir ki, əhaliyə kompensasiya olaraq cəmi bir-neçə milyon manat pul xərclənib, bəs qalan pullar kimlərin daha da harınlaşmasına sərf olunacaq? Niyə bu işdə də hesabatlılıq, şəffaflıq yoxdur?

Azərbaycan hakimiyyəti Rusiya hökumətini təqlid etməyi çox xoşlayır. Psevdomüxalifət yaratmaqdan suveren demokratiya cəfəngiyatına qədər çox şeyi Rusiya hakimiyyətindən əxz edib. Maraqlıdır, bəs Rusiyadan yaxşı şeyləri niyə öyrənmirlər? Rusiyanın son yanğınlardan itkisinin 15 milyarddan artıq olduğu bildirilir. Buna baxmayaraq hökumət xalqdan qənaət etməmək qərarına gəlib. Rusiyada evi, təsərrüfatı təbii fəlakət nəticəsində məhv olmuş insanlara ilkin olaraq cibxərcliyi kimi adambaşına 330 dollar, yanmış evlərə görə isə 75 000 dollar kompensasiya verilir. Kompensasiyaların miqdarı arasındakı fərq əslində Rusiyada və Azərbaycanda insana verilən dəyər arasındakı fərqi göstərir. Mən qəsdən təbii fəlakət qurbanlarının vəziyyətini demokratik ölkələrin vətəndaşlarının vəziyyəti ilə müqayisə etmədim. Çünki demokratik bir ölkədə vətəndaşa belə saymaz, biganə münasibəti heç təsəvvür etmək olmaz.

***

Biz deyəndə ki, xalqın azad seçki hüququ yoxdursa, o özünə prezident və parlament seçmək imkanından məhrumdursa, onun başqa heç bir hüququnun təminatı yoxdur, bəziləri hesab edirdi ki, biz məsələləri çox “siyasiləşdiririk”. Budur, nəticə göz qabağındadır. Əgər hökumət bilsəydi ki, onun taleyi xalqın noyabr ayında parlament seçkilərində verəcəyi səslərdən asılıdır, xalqı bu şəkildə çörəklə imtahana çəkməyə cəsarət edə bilərdimi?

Elə gün yoxdur ki, mətbuat oliqarxların ailə üzvlərinin bədxərcliyindən, milyonları havaya sovurmasından, tüfeyli, azğın, harın həyat tərzindən yazmasın. Onların həyat tərzi ilə Kür qaçqınlarının acınacaqlı durumu necə böyük ziddiyyət təşkil edir. Buna baxmayaraq siz hansısa nazirə belə ikrah yaradan həyat tərzinə görə “gözün üstə qaşın var” deyildiyini gördünüzmü? Kim deyəcək onlara bu sözü? Hamısı eyni təfəkkürün, oxşar mənəviyyatın daşıyıcıları deyilmi? Baxın dörd bir tərəfinizə, hansı ölkədə bu miqyasda özbaşınalıq, dövlət etiketinin aşınması, məsuliyyətsizlik var? Başqa hansı ölkədə belə kəskin təbəqələşmə, kimsəsizin, sadə insanın malının bu miqyasda əlindən alınması, hüququnun bu şəkildə tapdanması var? Başqa hansı ölkəni tanıyırsınız ki, orada kompensasiya üçün hökumətə üz tutan fəlakət qurbanını döyüb, qıçını sındırırlar, həbs edirlər?

***

Mütləq hakimiyyətə malik olan hökumət sıra ilə hamının hüquqlarını tapdalayır. Birinə kompensasiya vermirlər, başqasının şəhərdə 20-30 il içində yaşadığı evini uçururlar, o birinin övladının cibinə narkotika atıb olan-qalanını əlindən alırlar, digərinin biznesini çökdürürlər və s. Əgər hər birimiz bu qədər haqsızlığın içində yalnız özümüzü və ailəmizi xilas etmək barədə düşünsək, növbə hamımıza çatacaq. Azərbaycan hamımızın sevdiklərimizlə bərabər içində olduğumuz nəhəng gəmidir. Özümüzü və sevdiklərimizi xilas etməyin tək yolu bu batmaqda olan nəhəng gəmini xilas etməkdən keçir. Dövlətimizə sahib çıxa bilməsək, hamımızın bəxtınə əzilməkdən pay düşəcək. Qarşıdan gələn parlament seçkiləri ölkədə vəziyyəti dəyişmək üçün daha bir fürsətdir. Həmrəy və bir olsaq, ətalətdən qurtula bilsək, xalqla hesablaşmayan hakimiyyəti cəzalandıra bilərik.

Bizim və sizin azadlığımız uğrunda!

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Avqust 14, 2010 tarixində, saat 9:15 səhər

    Görüm əliyevlər daşın qurbanlarına verdikləri kompenssiyalara gerçəkdən möhtac olsunlar. Tanrı da artıq bu məmləkətdən üz çevirib

  2. Ebulfez Qurbanli
    Avqust 14, 2010 tarixində, saat 5:23 axşam

    Gerek Ilham Eliyevin cuzi de olsa xalqa cani yansin ki, Azerbaycan hokumeti de Rusiya kimi tebii felaketden zerer cekmish insanlara duz-emelli yardim etsin.Eliyevlerin gozu doymayib.İllerdir deyirdiler ki bunlarin-eliyevin gozu doyub.Buyurun,dunyanin hec bir olkesinde bele acgoz tapmazsan.

  3. Təzəxan Mirələmli
    Avqust 14, 2010 tarixində, saat 6:27 axşam

    Salam, Əli bəy! Son olaylar bir daha subut edir ki, bu hakimiyyətin yeganə qorxusu xalqin kutləvi etiraz aksiyalarindandir.
    Bakidan fərqli olaraq regionlarda etirazçilara daha kəskin və aqressiv münasibət gostərilməsi isə yerlərdə vəziyyətin daha da dözülməz olmasinin hakimiyyət tərəfindən bir nov etirafidir. Ilham və ona yarinan Ramin Usubov, Eldar Mahmudov, Kəmaləddin Heydərov insanlari təşviş, qorxu içində saxlamaqla oz hakimiyyətlərini qorumaga çalişirlar. Lakin xalqin səbri daha tükənib. Haminin ayaga qalxmaq vaxti yetişib.

  4. Mecid
    Avqust 14, 2010 tarixində, saat 7:32 axşam

    Mütləq hakimiyyətə malik olan hökumət sıra ilə hamının hüquqlarını tapdalayır. Birinə kompensasiya vermirlər, başqasının şəhərdə 20-30 il içində yaşadığı evini uçururlar, o birinin övladının cibinə narkotika atıb olan-qalanını əlindən alırlar, digərinin biznesini çökdürürlər və s. Əgər hər birimiz bu qədər haqsızlığın içində yalnız özümüzü və ailəmizi xilas etmək barədə düşünsək, növbə hamımıza çatacaq.-elave serhe ehtiyyac gormedim.

  5. Zümrüd Yağmur
    Avqust 15, 2010 tarixində, saat 7:03 səhər

    “Belə də zülm olar, demək biz Azərbaycan vətəndaşlığından imtina etməliyik?” Sabirabadda seldən ziyan çəkənin dedikləri bunlar, amma bu zərər çəkənlər elə o selin səbəbkarı hakimiyyət nümayəndələrinin birinin milyon dollarlıq mülklərindən xəbər tutanda eynən də belə deyirlər. ” Onların olmamış kimin olaçaq, hakimiyyət onlardasa, pul da onlarda olmalıdır.” Bu yanaşma ilə nə sellər gəlib getsə də insanların etirazı elə kiçik qışqırmalardan uzağa getməyəcək, bunun nəticəsi də o olacaq ki, insanlar acından da öləcək, bir tərəfdəsə neft səltənətinin sahibləri dəbdəbə ilə yaşayacaq. Azərbaycan xalqı hakimiyyət və hakimiyyətdəkilərə münasibətini dəyəşməyincə elə bu problemlər də qalacaq. Düzdür, bu xalq bir dəfə də olsun Əliyevlər hakimiyyətinə səs verməyib, amma bu xalq Əliyevlər hakimiyyətinə qarşı dirənmir də, bu da ölkədə sizin dediyiniz kimi seldən də böyük fəlakətdir.Hakimiyyət iki adamın belə bir yerə yığışmağından qorxduğu halda , adi pıçıltılardan çəkindiyi vəziyyətdə bu qorxaqları əslində xalqın kütləvi aksiyaları ilə tarixin çöplüyünə göndərmək mümkündür, qorxu üzərində qurulmuş bu tiranlığın sonunu mütləq xalq gətirməlidir, Azərbaycanda baş verənlərin çox az hissəsi başqa bir ölkədə olsa xalq çoxdan ayaqlanmışdı. Xalq bu triranlığın məhvində öz iştirakının vacibliyini anlamayınca məhz elə belə də qalacaq, seldən əzuiyyət çəkənlər döyüləcəkdə, hələ üstəlik həbs də ediləcək.

  6. RUSLAN
    Avqust 17, 2010 tarixində, saat 9:23 səhər

    maraqli yazi ucun tewekkurler daxili siyasetin ic uzunun acilmasi ucun bel yazilarin yazilmasi cox maraqli va vacibdir.tewekkurler ali bey

  7. Avqust 17, 2010 tarixində, saat 7:44 axşam

    Dünyanın az bir ölkəsində bu qədər yalan, özbaşınalıq və öz vətəndaşlarına qarşı repressiya var. Sel, daşqınlar az qala 4 aydır qurtarıb, hələ də heç kimə qara qəpik verməyiblər. Yaxşı belə münasibət insanidirmi? Yox.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: