Əsas səhifə > Yazılar, Əli Kərimli > Nəhayət,«Lazım» gəlib çıxdı

Nəhayət,«Lazım» gəlib çıxdı

Rusiyanın Ermənistanın müdafiəsini öz üzərinə götürməsinin fəsadları haqqında

Bir zamanlar yaman dəb düşmüşdü İlham Əliyev hökumətinin xarici siyasətini tərifləmək. Hətta uzun illər rejim əleyhdarları sırasında olmuş, sonradan aldıqları əlverişli kommersiya təkliflərinə yox deməyə dili gəlməyən, bu səbəbdən də düşərgəsinə dönük çıxanlar da hakimiyyətə yarınmaq tapşırığını məhz bu şəkildə yerinə yetirirdilər.

«Xarici siyasətdəki uğurlardan» danışmaq həm də ona görə geniş yayılmışdı ki, İlham Əliyev hökumətinin daxili siyasətdə uğur qazandığını hətta stajlı məddahlar da, yeni islah olunmuş dünənki müxalifətçilər də iddia etməyə çətinlik çəkirdi.

Xarici siyasət isə bir az qəliz məsələdir. Onun nəticələrinin uğurlu və ya uğursuz olduğunu daxili siyasətdən fərqli olaraq sadə vətəndaş hər gün öz həyatında hiss etmir. Aparılan xarici siyasətin gözlə görülə biləcək, maddiləşmiş nəticələrinin ortaya çıxması isə hər zaman vaxt tələb edir.

Görünür, İlham Əliyev də həm bunları, həm də müxalifətin televiziya efirindən, deməli həm də milyonlarla təmas imkanından məhrum edildiyini nəzərə alıb ictimai fikirdə məhz «xarici siyasətdəki uğurlarla» manipulyasiya etməyi qərarlaşdırmışdı. Hazırda bütün ciddi beynəlxalq dairələr tərəfindən ironiya ilə qarşılanan, ölkə daxilində isə çoxdan lətifəyə çevrilmiş «lazım gələrsə» ilə başlayan içi boş, saxta ritorika da nə ermənilərə, nə dünyaya deyil, ölkə daxilindəki publikaya yönəlmiş klassik populizmdən başqa bir şey deyildi.

Rejim hər zaman «Qarabağ» şüarından istifadə edib, amma Qarabağı geri almaq üçün heç bir əməli iş görməyib. Qarabağı düşünən hökumət orduya, əsgərə, zabitə göz bəbəyi kimi baxmalı idi. Daha ordunu ölüm konveyerinə çevirməməli idi. Kasıbı, pulsuzu ön cəbhəyə, zəngini təhlükəsiz hərbi hissələrə göndərməməli idi. Ölkənin iqtisadiyyatı həqiqətən inkişaf etdirilməli idi, ölkə iqtisadiyyatı tam şəkildə neftdən, onun dünya bazarındakı qiymətindən asılı duruma salınmamalıydı, neftdən gələn milyardlar korrupsiya layihələri vasitəsilə mənimsənilməli deyildi.

Ölkəyə yeni dostlar, müttəfiqlər tapılmalı idi. Təbii və strateji müttəfiqlərlə münasibətlər korlanmamalı idi. Ölkə arxalı düşmən qarşısında təklənməməli idi.

Azərbaycan toplumunu daxildən gücləndirmək, demokratik islahatlar, hüquq və imkan bərabərliyi, hüququn aliliyi əsasında milli həmrəyliyə, dövlət-xalq birliyinə nail olmaq lazım idi. Amma rejim öz acgözlüyü, ədalətsizliyi, tüfeyli həyata bağlılığı ilə hakimiyyətlə xalq arasında uçurumu dərinləşdirir.

Bütün bunları ya dərk etməmiş, ya da bacarmamış hökumət öz səriştəsizliyini ört-basdır etmək, qısamüddətli xallar qazanmaq üçün «lazım gələrsə…» ritorikasına başladı.

Bu siyasətin səhv olduğu şübhə doğurmurdu. Əvvəla ona görə ki, bu sözlərin real siyasət olmadığı, sadəcə şüar olduğu ilk gündən məlum idi. Müharibə haqqında ciddi düşünən hökumət cəbhə xəttinin 1-2 kilometrliyində qaçqınlar üçün qəsəbə saldırmazdı. Ordusuna 60-cı illərin köhnə tanklarını almazdı (mənbə: Belarus prezidenti Lukaşenko), yeganə həqiqi müttəfiqimiz Türkiyə ilə yerli-yersiz problem yaratmazdı, Dünya Birliyini, nüfuzlu beynəlxalq təşkilatları xırda işlərə görə özündən küsdürməzdi.

Real olmayan müharibə hədələri həm də və daha çox ona görə səhv idi ki, əsl işğalçıya – topraqlarımızın 20%-ni zəbt etmiş düşmənə şans verirdi ki, onlar özlərini dünyaya yenə də «qurban» kimə təqdim etsinlər. Məgər erməni bizim torpaqlarımızı işğal edəndə dünyaya elanmı vermişdi bu barədə? Torpaqları geriyə də bağıraraq yox, vuruşaraq almaq lazım idi. Buna müvafiq güc yox idisə, hay-küy salmaq yox, səssizcə hazırlaşmaq lazım idi.

Allah Üzeyir bəyə rəhmət etsin. Onun personajının «Aç qapını gəlib səni öldürək» deməsi yadınıza düşdümü? Tam 100 il sonra da həmin təfəkkürün Azərbaycanda hələ də iqtidar olmasına nə deyəsən?

Qarabağ da, işğal olunmuş ətraf rayonlar da qeyd-şərtsiz Azərbaycan torpaqlarıdır. Onları bütün vasitələrlə işğaldan, azad etmək Azərbaycan dövlətinin nəinki hüququ, hətta vəzifəsidir. Amma işğal olunmuş torpaqlar boş bəyanatlarla azad olunmaz. Tarixdə problemin həllinin çoxlu maraqlı nümunələri var. Məsələn, 90-cı illərdə keçmiş Yuqoslaviyada etnik münaqişələr alovlananda Xorvatiya daxilində də bir separatizm hərəkatı başlanmışdı. Xorvatiya daxilindəki. Serb Krainası ilə xeyli savaşdı. Nəticə yox idi, çünki Serb Krainasına Serbiya kömək edirdi. Xorvatiya prezidenti Tucman atəşkəs sazişi imzaladı. Atəşkəs dövründə heç kim onun müharibə hədələrinə rast gəlmədi. Amma Xorvatiya hökuməti ciddi şəkildə müharibəyə-həlledici döyüşə hazırlaşırdı… Separatçı Serb Krainası növbəti dəfə atəşkəsi pozanda Xorvat ordusu ildırım sürətilə- 3 günlük hərbi əməlliyatla problemini həll etdi. İndi Xorvatiya unitar dövlətdir. Bütün ərazisinə də 100% nəzarət edir.

Tarixdə yüzlərlə örnək var ki, əslində müharibəyə özü hazırlaşan dövlət başçıları çalışıb ona nail olublar ki, hərbi əməliyyatları başlamaq məsuliyyəti düşmən tərəfin üzərində qalsın. Bu nümunələrin yalnız birindən bəhs edəcəyəm. Teylor «Liderlik uğrunda mübarizə» əsərində «Dəmir kansler» Bismarkın o zamankı Fransa imperatoru III Napoleonu Prussiyaya müharibə etməyə necə sövq etdiyini təsvir edir. 19-cu əsrin 2-ci yarısında Almaniya hələ də vahid dövlətdə birləşə bilməmişdi. Avropada heç bir böyük dövlət almanların birləşib ən böyük olmasını istəmirdi. Avropanın mərkəzində 30-a qədər kiçik Alman dövlətinin varlığı qonşuları razı salırdı. Amma Almaniyanın birləşməsinə ən böyük maneə Fransa idi. Bismark Prussiyanın kansleri təyin edildikdən sonra sistemli şəkildə Almaniyanın birləşdirilməsinə başladı.

Bismark xırda Alman dövlətlərini zorla da olsa Prussiyaya birləşdirirdi. Amma bu işi başa çatdırmağa Fransa imkan vermirdi (Almaniyanın birləşməsini özünə təhlükə sayırdı). Bismark başa düşürdü ki, Fransa ilə müharibə qaçılmazdır. Amma qərara gəlmişdi ki, müharibəni Fransaya başlatdırsın. Bu məqsədlə indiki dil ilə desək bir informasiya təxribatı törətdi. Prussiya kralının Fransa səfirinə yazdığı məktuba əvvəlcə özü əl gəzdirdi. Kralın etiket daxilində yazdığı məktubu xeyli sərtləşdirdi. Sonra da məktubu mətbuata sızdırdı. Həm də ona nail oldu ki, mətbuatda Prussiya kralının məktubu Fransanın təhqir olunması kimi şərh olundu. Fransız auditoriyası özündən çıxdı. İmperator III Napoleon Prussiyaya müharibə elan etdi. Müharibəyə çoxdan hazırlaşan Prussiya qısa müddətdə parlaq qələbə çaldı. İndiki etik prinsiplərdən uzaq olsa da Prussiya rəhbərliyi Almaniyanın birləşməsi haqqında qərarı Parisdə Versal sarayında elan etdi. İndi özünüz düşünün, nədən yüzillər ərzində almanların bacarmadığını bacarıb Almaniyanı birləşdirmiş «dəmir kansler» Bismark demirdi ki, Almaniyanın birləşməsinə Fransanın mane olmağa haqqı yoxdur. O bu siyasətindən imtina etməlidir. Lazım gəlsə…

Demədi, amma etdi. Bütün böyük fatehlər kimi.

Nəhayət, keçək əsas mətləbə. Bu günlərdə ölkəmizin milli maraqlarına real təhlükə yaranır. Rusiya Ermənistanla imzaladığı yeni hərbi sazişlə Ermənistanın müasir silahlarla silahlanmasına və bütövlükdə təhlükəsizliyinə təminat verir. Açıq şəkildə bildirilir ki, Rusiyanın Ermənistandakı hərbi bazalarından Ermənistanın müdafiəsi üçün istifadə olunacaq. Rusiya rəsmiləri bu qərarlarını Azərbaycanın Qarabağ problemini hərbi yolla həll etmək niyyətinin qarşısını almaq zərurəti ilə izah edirlər. Başqa sözlə İlham Əliyevin burada daxili auditoriya üçün işlətdiyi əsassız bəyanatlardan bəhanə kimi istifadə edib, Ermənistanı gücləndirirlər. İndi Azərbaycan tərəfdən müharibə təhlükəsinin olmadığını bilirlər. Sadəcə fürsətdən istifadə edib Ermənistanın uzaq gələcəyini də sığortalamaq istəyirlər. Azərbaycanda gələcəkdə köklü dəyişikliklər baş verməsi ehtimalına hazırlıq üçün.

Bütün bunlardan aşağıdakı nəticələr çıxır:

1. İlham Əliyevin «balanslaşdırma» adı altında təqdim olunan, əslində isə qeyri-müəyyənlikdən ibarət olan xarici siyasəti də, «lazım gələrsə» ritorikası da tam iflasa uğrayıb. Səriştəsiz rəhbərlərin səhvinə görə hesabı hər zaman təəssüf ki, xalqlar ödəməli olur. Səriştəsiz xarici siyasət bütövlükdə ökləmizi dalana dirəyib.

2. Demokratikləşmə qorxusundan Qərbdən, o cümlədən Türkiyədən uzaqlaşan Azərbaycan, Rusiyanı da özünə dost edə bilmədi. Rusiyaya edilən saysız-hesabsız güzəştlər, reveranslar nəticəsiz qaldı. Əvvəlcədən də bilindiyi kimi Rusiya Azərbaycana Ermənistandan daha yaxın olmadı, hətta formal neytrallıq da saxlamadı (hökumət Türkiyənin acığına Rusiyaya qaz satışını artıranda hökumət mətbəxindən dolanan «Qarabağsevərlərin» «Rusiyanın köməyi ilə Qarabağı alacağıq» nağılları yadınızdadırmı?).

3. Rusiyanın Azərbaycana qarşı atdığı bu addım ən azı yaxın gələcəkdə Qarabağ probleminin hərbi yolla həllini istisna edir. Siyasi yolla həlli üçün isə bizim dünya miqyasında yetərli dəstəyimiz yoxdur. Məsələn, Gürcüstan, Moldaviya kimi.

4. Amma yenə çıxış yolu var. Rusların məşhur atalar sözündə deyildiyi kimi hər bir pis işin bir yaxşı tərəfi də var. «Lazım» nəhayət, gəlib çıxdı. Amma bu dəfə başqa missiya ilə. İndi «Lazım» gəlib ki, Azərbaycan birmənalı Qərb seçimi etsin. Bu durumda Azərbaycana uğur vəd edən tək bir yol var. Qərbə, NATO-ya sürətlə inteqrasiya etmək, Türkiyə ilə hərbi müttəfiqliyə nail olmaq.Yalnız bu yolla Azərbaycanın ərazi bütövlüyünə və davamlı təhlükəsizliyinə təminat yaratmaq olar. İndi də bunu etməmək, Azərbaycanın milli maraqlarına, Qarabağa, işğal olunmuş torpaqlarımıza birbaşa xəyanət olardı

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Təzəxan Mirələmli
    Avqust 21, 2010 tarixində, saat 1:39 səhər

    Salam, Əli bəy!
    Bu yazını oxumaq və ona münasibət bildirmək elə bir zamana təsadüf etdi ki, səhərin bu gözəl çağında Allahdan Sizə və bütün azadlıq mücahidlərinə dualar arzulamaqla məndə bir daha qələbəmizin lap yaxınlaşdıgına əminlik yaratdı. Şəxsən mənim (elə zənn edirəm azca da olsa bu millətin halına biganə olmayan hər bir şəxsin) ürəyimdən keçən saözlərə görə sizə təşəkkürlər.

  2. mehman
    Avqust 21, 2010 tarixində, saat 7:24 səhər

    Əli bəy salam.Apardığınız təhlillər çox aydındır,başqa sözlə görünən dağa nə bələdçi.Gün kimi aydındır ki,hazırkı iqtidar heç bir halda müharibə etməyəcək,çünki qorxaqdır,xalqı qorxutmaq üçün bəzi imitasiyalar edə bilər,amma total müharibə aparmayacaq,boş-boş növbətçi sözlərdi dedikləri,ay belə ordumuz var,bircə “lazım” gəlsə vurub dağıdarıq.Heç nə NATO,nə də Türkiyə ilə də əməkdaşlıq etməyəcək.Çünki pul bunların gözünü bağlayıb, hətta 14 milyona ən güclü F-16 təyyarələrini qoyub 17 milyona(satış qiyməti 15 milyondur) 24 ədəd JF-7 təyyarələrinin almaq istəməsi məsələsi axırıncı əyani sübutdur.
    Əli bəy, mən heç iqtidarı da qınamıram.
    məni başqa bir şey düşündürür,torpaqların işğalından 18-ci ildir keçir.Hazırda Bakıda Qarabağı tanımayan,lazımi gözləməkdən şüurları,mənlikləri pas atmış,yalançı,harın,şərəfsiz bir nəsil formalaşıb,nə Qarabağı tanimaq istəmirlər,nə də ki,öz yerlərinə qayıtmaq üçün vuruşmaq istəmirlər.Bəlkə Siz ümumxalq nüfuzunuzdan istifadə etməklə onları şərəfə dəvət edəsiniz,bəlkə partizan müharibəsinə heç olmasa başlasınlar.Hazırkı həssas durumda (seçki) nə qədər ağrılı olsa da,bu mövzuya dəymək lazımdır.millət vuruşmaq istəmirsə onda iqtidarın nə günahı

  3. Mecid
    Avqust 21, 2010 tarixində, saat 10:57 səhər

    ilham eliyevin 7 ildi gozlediyi Lazimi Eli bey getirdi.ilham,lazimda geldi indi kimi gozleyrisen?

  4. Səadət
    Avqust 21, 2010 tarixində, saat 11:26 səhər

    Siz dediyiniz “Lazım”dan İ.Əliyev ilan ala çatıdan qorxan kimi qorxur.Belə görünür ki, onun havanı yumruqlaya-yumruqlaya nağılını danışdığı “lazım” daha gələsi olmadı. Eybi yox, özünü göndərərik onun yanına…

  5. Vüqar Səmədli
    Avqust 21, 2010 tarixində, saat 3:17 axşam

    Əli bəy, çox ciddi arqumentlər və dəmir məntiq ilə Əliyevlərin Qrabağla bağlı aprdıqları siyasətin iflas etdiyini sübut edirsiniz. Bu uğursuzluğun məsuliyyətini təbi ki, ilk növbədə İlham Əliyev daşıyır.Ancaq bundan sonra bizm gözləmə mövqeyində olmağımız həm də bu məsuliyyəti bölüşməyimiz anlamına gəlir.indi hər kəs özünə sual verməlidir-Mən vətənin bu ağır anında nə edə bilərəm. Ölkədə dəyişiklik üçün mən nə edə bilərəm. Bax bu suallara hər bir vətəndaşın cavab verməsi zamanı gəlib.

  6. Rasim Sadıqov
    Avqust 21, 2010 tarixində, saat 3:26 axşam

    Əli bəy salam. böyük bir yalanın sonuna gəldik. İlham Əliyev bundan sonra Qarabağla bağlı danışarkən nə deyəcək,mənə maraqlıdır.Məncə deyəcəklər ki,bizim xarici siyasətimizn əsas məsələsi “lazımın”gəlməsinə nail olmaqdır. Buna nail olmaq üçün Rusiya ilə ciddi müzakirələr aparıb,”lazımı”gətirdikdən sonra Qarabağı azad edəcəyik. Ona görə də biz Qrarbağdan öncə “lazım”uğrunda mübarizə aprmalıyıq və s.bax bu qədər qeyri ciddiliyə və mənasız boşbboğazlığa bənzəyəcək bu iqtidarın Qrabağ ritorikası.Məncə bu sondur və indi növbə xalqındır.Biz öz torpaqlarımız uğrunda mübarizəyə elə bizi yalanla uyutmağa çalışan Əliyevlər rejiminə qarşı mübarizədən başlamalıyıq.

  7. Vidadi
    Avqust 21, 2010 tarixində, saat 3:29 axşam

    Əli bəy, Qarabağa gedən yol Prezident aparatından keçir. Prezident apratına gedən yol isə AXCP-Müsavat birliyindən keçir.Bu iqtidara ümid bəsləmək yox,onu dəyişdirmək uğrunda mübarizə aprmaq gərəkdir.

  8. Гюндюз Ализаде
    Avqust 21, 2010 tarixində, saat 6:41 axşam

    Выступает ЛИ… Россия за мир на Кавказе ?
    Кремль продолжает расширять свой контроль над наземным, морским и воздушным пространством Кавказского региона и не собирается отказываться от своих проверенных временем геополитических принципов. Продление сроков нахождения Российской базы в Гюмри направлено, в первую очередь, на укрепление влияния России в регионе. Это послужет усилению напряжения в регионе. Оснащенная ЗРК С-300 и истребителями МиГ-29 и численностью личного состава около 5 тысяч человек база – является реальной угрозой наряду с другими соседями также для Азербайджана. Что же касается базирования российской авиации и С-300 в Армении, то можно сказать, что стратегическое воздушное пространство над Южным Кавказом и частью Черного моря находится под полным и мощным контролем России. Поскольку российская военная база на территории Армении, кроме осуществления функций по защите интересов РФ, также обеспечивает совместно с армянскими Вооруженными силами безопасность Армении. Российская сторона, в соответствии с документом, обязуется снабжать армянскую сторону современным и совместимым вооружением, военной (специальной) техникой. Кроме того, применение воинских формирований российской военной базы будет осуществляться на основе взаимных договоренностей сторон. Учитывая слов Д.Медведева сказанных на пресс конференции в Армении о том, что РФ верна союзническим обязательсвам перед Арменией в рамках ОДКБ, в случае возникновения кризисных ситуаций в регионе будет действовать в соответствии со своими союзническими обязательствами и в связи с выше изложенными, у меня появились некоторые обоснованные сомнения по поводу участия России в составе Минской группы ОБСЕ и о беспристрастности посреднических усилий Российской Федерации при решении вопросов касающихся конфликта связанной Нагорным Карабахом и возвратом оккупированных Арменией Азербайджанских земель.

  9. Mehemmed Talibli
    Avqust 22, 2010 tarixində, saat 3:01 axşam

    Ali bey,siz narahat olmayin.Bunlar yenede ozleri hetta bilmedikleri “balansli” xarici siyaset kursundan danishacaqlar.Amma bu defe z.oruclar,m.qurbanlilar qabaga verilecek.Gerchekden olkenin ne sulh yolu ile torpaqlarinin perspektivi gorunur,nede herbi yol istisna olunurdu.Indi bu yolda baglandi.Demek,bunlar sizin teklif etdiyiniz Qerbe ve NATO standartlarina inteqrasiya yolu tutmayacaqlar.Chunki,bunun hakimiyyetin saxlanmasini mumkunsuzluyunu anlayirlar.Bunun islahata mehkumluq yolu oldugunu bildikleri uchun “ne herb,ne sulh” felsefesi ile problemi konservleshdirecekler.Teki hakimiyyeti bir azda surdursunler.Probleme tarixi kontekstde qlobal ve strateji baxanlar bu problemin suretlendirmekde maraqli ola biler.Bunlar birinci olaraq milleti taqetden salirlar,sonrada agir shertlere boyun eydirirler.Bilirler ki,istenilen kapitulyasiya aktina imza atmaq olar,onun uchun ilkin olaraq milletin ictimai muqavimetini qirmaq lazimdir,sonrada boyundurugu kechirmek lazimdir.Indiye qeder xarici olkelerin borc-xeracin verib,susdururdular,bundan sonra nece edecekler ve butun bu olanlara nece hesabat verecekler?
    Sizin bu meqalenize eslinde XIN-i beyanat vererek aydinliq getirmelidir.Azi bununla bagli TV-de size cavablar vermek uchun “ekspertler” devet etmeldirler.Axi,bu xarici siyasetden danishanlara sert shille oldu…

  10. namiq shemkirli
    Avqust 24, 2010 tarixində, saat 12:13 axşam

    Bu hakimiyyətin müharibə edəcəyinə şəxsən mən heç zaman inanmamışam. Tutaq ki müharibə oldu. Birinci variant.Azərbaycan qələbə qazandı. Özünüz düşünün, Qarabağdan QƏLƏBƏ ilə qayıdan, şərəf hissini bərpa etmiş 100-150 minlik ordu qarşısında bu cılız və korrupsioner hakimiyyət nə qədər davam gətirə bilər? İkinci variant: Məğlubiyyət. Bunun da hakimiyyəti bircə anda süpürüb atacağı gün kimi aydındır. Bunlara Garabağ müharibəsi yox, atəşkəs nefti lazımdır. Yağlı və rahat neft milyardları hara, qanlı, problemli müharibə hara…

  11. Avqust 26, 2010 tarixində, saat 10:08 səhər

    Kiçik və qeyri-demokratik ölkələr balanslı siyasət apara bilməz. Balans yaratmaq istədiyimiz ölkələrlə hərbi, ticari, iqtisadi və siyasi cəhətdən bərabər olmalıyıq. Bu yoxdur. Üstəlik də, Azərbaycanın avtoritar rejim olması buna imkan vermir. İstənilən halda, güclü bir ölkəyə bağlılıq lazımdır. Məsələn, Gürcüstan əmindir ki, arxasında ABŞ var. Azərbaycanın isə 100% əmin olduğu ölkə yoxdur. Hətta, Türkiyənin tam müdafisinə bel bağlamaq olmaz. Çünki, Azərbaycan iqtidarının Türkiyə siyasəti o qədər bərbad gündədir ki, iki ölkə arasında açıq mətnlə narazılıqlar ortaya qoyulur. Azərbaycan, regionda təklənməkdədir. Bir vaxtlar belə bir cümləni İran haqqında da işlətmişdim. Bu cür daxili və xarici siyasət Azərbaycanın gələcəyini şübhə altına alır. Ona görə də, gözləmək olar ki, hökumət yaxın zamanlarda siyasətinə kardinal dəyişikliklər etsin.

  12. Abbas Eli
    Avqust 27, 2010 tarixində, saat 5:55 axşam

    Ehsen Eli bey!…

    • Avqust 31, 2010 tarixində, saat 11:29 səhər

      Təşəkkür edirəm, çox sağ olun.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: