Əsas səhifə > Yazılar, Əli Kərimli > Saxta seçkilərə sözardı və ya yeni mərhələnin vəzifələri haqda

Saxta seçkilərə sözardı və ya yeni mərhələnin vəzifələri haqda

Növbəti dəfə xalqı layiq olmayanlar təmsil edəcək. Yenə də haqlılar zorla məğlub edildilər. Parlament legitim olmayacaq. Vətəndaşlarımızın seçkiyə, qanunçuluğa, dövlətimizə olan inamına növbəti güclü zərbə dəydi.

Məni daha çox o narahat etdi ki, seçkidə seçicilərin iştirak səviyyəsi həddindən artıq aşağı oldu. Məlum oldu ki, hakimiyyətin seçkiləri davamlı şəkildə saxtalaşdırması insanların seçki prosesinə inamını sarsıdıb. Faktiki olaraq xalqın böyük əksəriyyəti seçkiləri boykot etdi. Hakimiyyətin uzun illər ərzində həyata keçirdiyi seçkiləri gözdən salma siyasəti artıq «nəticə verib». Bakı şəhərində seçiclərin real olaraq yalnız 15%-ə qədəri seçkilərdə iştirak edib (rayonlarda bu rəqəm azacıq artıq olub). İqtidar-müxalifət mübarizəsi də yalnız bu 15% seçicnin arasında gedib. Əlbəttə, özümüzə təsəlli verə bilərik ki, seçkidə iştirak etmiş bu 15%-in daxilində müxalifət tərəfdarları hakimiyyətin inzibati yolla seçkiyə gətirdiklərindən daha çox olub (“karusel”i nəzərə almıram). Amma mən ölkəmizdə durumun nə qədər acınacaqlı olduğunu bəzilərində pessimizm yaradar deyə ört-basdır etməyin tərəfdarı deyiləm.

Hər bir xəstəliyin müalicəsi düzgün diaqnozdan başlanır. Bu bir faktdır ki, seçkidən-seçkiyə məntəqələrə müxalifətə səs vermək üçün gedənlərin də, iqtidara  səs vermək üçün gedənlərin də sayı dramatik dərəcədə azalır. Xalqın 80-85%-i seçkidən çəkilməklə iqtidarlı-müxalifətli bütün siyasi qüvvələri «oyundan kənar» vəziyyətə salıb. Hazırda əksəriyyətin biganəliyi və ümidsizliyi xalqımızın taleyi üçün hətta hakimiyyətin siyasətindən də böyük təhlükəyə çevrilib.

Bilirəm ki, əqidə dostlarımın çoxunu 2 qrup insanların davranışı dəhşətə gətirib. Əvvəla, minlərlə YAP-çı məntəqə seçki komissiyası sədrlərinin, bəzi hallarda onlara kömək edən komissiya üzvlərinin, «yüzbaşıların», məktəb direktorları, MİS müdirləri kimi məmurların seçkiləri saxtalaşdıran zaman nümayiş etdirdiyi açıq həyasızlıq xeyli adamda şok yaradıb. Həm də ona görə ki, bu adamların xeyli hissəsi ağsaqqal, ağbirçək yaşına çatmış həmvətənlərimiz olub. Bir çoxu artıq nənə, baba olmuş bu insanlar fürsət düşən kimi özlərini ətrafdakı adamlara ziyalı, oxumuş adam qiyafəsində təqdim etməyə çalışırlar. Məntəqələrdə bütün dinlərin və əxlaqi dəyərlərin lənətlədiyi saxtakarlığı məhz belə «oxumuş, ziyalı» adamlar həyata keçirirdi.

İkincisi, hakimiyyət “karusel” əməliyyatlarında sıravi icraçılar kimi sözün həqiqi mənasında həyatda hər şeydən, o cümlədən öz həyatını düşünmək imkanından da məhrum etdiyi kasıb, imkansız binəsiblərdən istifadə edirdi. Ürək yandıran mənzərə idi. Hakimiyyətin acgöz, yarıtmaz siyasəti nəticəsində işə, çörəyə möhtac edilmiş lümpenləşmiş insanlar qanunsuz olaraq çoxlu sayda məntəqədə səs verirdilər ki, onları bu çarəsiz duruma salanlar hakmiyyətdə daha çox qala bilsin.Əlbəttə, belə adamların hərəkəti hər yerdə ictimai qınağa tuş gəlməlidir. Hansını mümkündürsə utandırmaq, hansını mümkünsə başa salmaq lazımdır. Lakin, dostlar, belə hallara görə millətimizə küsməyin, millətimizdən bədgüman olmayın. Millətimizi belə acınacaqlı duruma salanlara nifrətinizi artırın.

Nəzərə alın ki, belə anomaliyalar yalnız bizim millətin başına gəlməyib. Bütün totalitar və avtoritar rejimlər insanların ən naqis cəhətlərni inkişaf etdirməyə və bu naqislikdən istifadə etməyə müvəffəq olurlar. Yüzlərlə xalqın tarixindən oxşar misallar tapmaq olar.

Hətta bu kütləvi saxtakarlıqla  keçən  seçkinin də pozitiv cəhətləri oldu

Birinci dəfə deyil. Bu tayfa hakimiyyətinin neçə seçkini saxtalaşdırmasının məyusluğunu yaşamışıq? İndi yazacaqlarım bəzi adamlara paradoks kimi görünəcək. Amma bu faktdır ki, bu dəfəki seçkilər bütün əvvəlkilərdən daha kütləvi və daha həyasızcasına saxtalaşdırılsa da, indi, cəmiyyətdə məyusluq 2003 və 2005-ci il seçkilərindən sonra olduğundan azdır. Hətta deyərdim ki, bu dəfəki seçki saxtakarlığı kütləvi məyusluq və pessimizm yox, insanlarda etiraz, qəzəb, mübarizə əzmi doğurub.

Bu dəfəki seçkidən sonrakı dövrün bir neçə pozitiv cəhətlərinə və bu pozitiv cəhətlərin yaratdığı imkanlara diqqəti cəlb etmək istəyirəm.

1. Bu dəfə seçkinin ağır nəticələri gözlənilməz olmadı və ona görə də müxalifət düşərgəsində şok yaratmadı. Qeydiyyat mərhələsindən başlayaraq hökumət ictimaiyyəti məlum seçki nəticələrinə «hazırlayırdı». Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə cəmiyyətdə də, müxalifət düşərgəsində də seçkidən böyük gözləntilər yox idi. İmkan olduqca biz də vətəndaşlarımıza, tərəfdarlarımıza izah edirdik ki, bu seçkilər mübarizənin yalnız bir taktiki mərhələsidir. Əsas məqsədlər uğrunda mübarizə isə seçkidən sonra da davam edəcək.

2. Əvvəlki seçkilərdən sonrakı dövrlərdə kütləvi məyusluğun mühüm mənbələrindən biri olan beynəlxalq təşkilatların «demokratiya istiqamətində daha bir addım» bəyanatları olmadı. Əlbəttə, yaxşı olardı ki, beynəlxalq birlik seçkilərdə gördüklərini diplomatik dillə deyil, elə olduğu kimi ifadə edərdi. Amma bu da bir faktdır ki, əvvəlki seçkilərdən sonra beynəlxalq təşkilatların, Qərb dövlətlərinin verdiyi qiymətlərdən müxalifət təəccüblənərdi və təəssüf edərdi. İndi isə hökumət təəssüflənir və təəccüblənir. Xalq gördü ki, dünya ölkəmizə demokratiya gətirmək naminə hansısa maraqlarından vaz keçmək fikrində olmasa da, hər halda bu saxtakarların da siyasətindən məmnun deyil, onları müdafiə etmir. Əksinə, Qərblə korrupsioner hökumətimiz arasındakı qeyri-rəsmi konfrantasiya dərinləşir.

3. Birinci dəfədir ki, seçki saxtakarlığından sonra müxalifət düşərgəsində qarşıdurma, əlavə parçalanmalar, məğlubiyyətin məsuliyyətini bir-birinin üstünə atmaq deyil, daha da geniş tərkibdə birləşmək, mübarizəni birlikdə davam etdirmək tendensiyası müşahidə olunur.

4. Hökumətin demokratiyanın imitasiyasnıdan imtina etməsi və müxalifətçillik haqqında təsəvvürlərini dəqiqləşdirməsi də ictimai maraqlar baxımından faydalı oldu. Məlum oldu ki, hökumət yalnız AXCP və Müsavatı deyil, az-çox öz mövqeyi olan, dəyişiklik istəyən, hətta «konstruktirləşəndə» də sifətini itirməmək haqda düşünən insanları da parlamentdə görmək istəmir. Hətta hakimiyyətə münasibətdə nisbətən loyal olmaq da mükafatlandırılmır. İndi hökumətin müxalifətçilərdən və müstəqil şəxslərdən istədiyi nisbətən mülayimləşmə, loyallaşma deyil, tam kapitulyasiyadır. Bunu isə çox az sayda adam özünə rəva görəcək.

Növbəti və daha kütləvi seçki saxtakarlığı əlbəttə ki, demokratik düşərgədəki hər kəsi apardığımız mübarizənin perspektivləri barədə yenidən düşünməyə sövq edəcək. İstisna etmirəm ki, əvvəllər şahidi olduqları seçki saxtakarlıqlarından artıq bezmiş, yanılmış bəzi adamlar üçün 7 noyabr seçkiləri daha da ağır nəticələr doğuracaq. Yenidən çıxış yolunu ölkəni tərk etməkdə, yaxud da hər şeydən əlini üzmüş, taleyilə barışmış biganələr ordusuna qoşulmaqda görənlər də olacaq. Amma heç şübhəm yoxdur ki, son rüsvayçı seçkilər ölkəmizdə köklü dəyişikliklər arzulayan minlərlə insanı ölkəmizi orta əsrlərə qaytarmaq istəyən rejimlə daha ardıcıl, daha kütləvi, daha peşəkar və daha qətiyyətli mübarizəyə sövq edəcək. Azadlıqlarımız uğrunda mübarizədə yeni mərhələ başlatmaq lazımdır.

Yeni mərhələnin önəmli vəzifələri

Bu mərhələnin prioritetləri, əsas vəzifələri ictimai müzakirələrdən sonra müəyyənləşməlidir. Hesab edirəm ki, ilk növbədə yeni mərhələnin avanqard siyasi qüvvəsini formalaşdırmalıyıq. “AXCP-Müsavat” seçki bloku özünü doğrultdu. Bu qədər ədalətsiz və qeyri-bərabər rəqabət şəraitində belə blokun müdafiə etdiyi namizədlər xeyli səs aldı. Bütün saxtakarlıqdan sonra “AXCP-Müsavat” blokunun dəstəklədiyi qeydiyyatdan keçmiş namizədlərin yarıdan çoxu – 25 nəfər MSK-nın rəsmi nəticələrinə görə, öz dairələrində ikinci olublar. Birincilik demək olar ki, əksər dairələrdə saxtakarlıqla müəyyənləşdiyindən, dairələrdəki rəsmi ikinciləri qalib saysaq böyük səhv etmərik. Onu da nəzərə alanda ki, blokun namizədi olan daha 4-5 dairədə nəticələr ümumiyyətlə tanınmaz hala salınıb, baş-ayaq edilib, razılaşmalıyıq ki, seçkiyə gələn azsaylı seçicilərin əksəriyəti yenə də “AXCP-Müsavat”ı seçib.

İndi AXCP və Müsavatın bir partiyada birləşməsinin tam zamanıdır. Bu birləşmədən yaranacaq böyük partiya rejimlə mübarizənin əsas avanqardı missiyasını həyata keçirə bilər. Bu birlik çoxsaylı partiya və ictimai qrupları da özünə birləşdirməklə Milli Azadlıq Hərəkatının minlərlə fəalını yenidən aktiv siyasi mübarizəyə qoşa bilər. Siyasətə yeni qoşulmaq qərarı vermiş çoxsaylı gənclərin seçimi ola bilər.

Ölkədə geniş demokratik dəyişikliklər uğrunda ümumxalq hərəkatına ehtiyac var. Köklü dəyişiklik istəyən siyasi partiyaları, haqsızlıqla qarşılaşmış müstəqil namizədləri, azadlıq istəyən mətbuat təmsilçilərini, həqiqi demokratiya arzulayan vətəndaş cəmiyyəti fəallarını, gənc liderləri bir araya gətirən, onların gücünü, resursunu, potensialını birləşdirə bilən vətəndaş hərəkatı yaradılmalıdır.

Gəncləri ictimai-siyasi həyatda iştiraka ruhlandırmaq növbəti mərhələnin əsas prioritetlərindən olmalıdır. Parlament seçkilərində bir çox gənc siyasətçi namizəd olaraq, yüzlərlə gənc isə könüllü fəallar olaraq iştirak edib seçki kampaniyasına rəngarənglik gətirdi. Amma Azərbaycan gəncliyinin daha böyük potensialı olduğunu görürəm. Yeni mediyanın inkişafı gənclərin daha kütləvi şəkildə ictimai-siyasi fəaliyyətə qoşulmasına zəmin yaradır. Biz xeyli vaxtdır ki, partiya rəhbərliyində gəncliyin daha yaxşı təmsil olunmasını təşviq edirik. Əminəm ki, bütün sahələrdə gənclərə daha cəsarətlə etimad göstərilməlidir, onların özünü təsdiqinə imkanlar yaradılmalıdır. Gənclər özləri ilə bərabər siyasətə yeni texnologiyalar, yeni yanaşmalar, yeni üslub və vasitələr gətirəcək.

Siyasətdən və sekçidən əlini üzmüş milyonlarla insanı ictimai-siyasi prosesin iştirakçısına çevirmək uğrunda mübarizə bu mərhələnin əsas vəzifələrindən olmalıdır. Yorulmadan, usanmadan bu laqeyd və ya ümidsiz vətəndaşlarımıza ölkədəki köklü dəyişikliklərin onların şəxsi həyatında, dolanışığında hansı müsbət dəyişikliklər yaradacağını izah etməliyik. Hamı mübarizəyə qoşulmaz (dünyanın heç bir yerində bu olmur), amma hamı həyatının müəyyənləşməsində iştirakçı ola bilər və olmalıdır.

İndi internet bizə əvvəlki illərlə müqayisədə daha çox sayda insanlarla təmas qurmağa, fikirlərimizi paylaşmağa imkan yaradır. Gələcək illərdə bu imkanlar daha da artacaq. İnternetin imkanlarından daha səmərəli istifadə etmək də bizim mühüm vəzifələrdəndir. Amma biz unutmamalıyıq ki, insanlarla birbaşa, canlı ünsiyyət hələ də ən yaxşı təbliğat vasitəsi olaraq qalır.

Milyonlarla insanın ictimai-siyasi prosesdən kənarda qalmasının bir səbəbi də cəmiyyətimizin strukturlaşmamasıdır. Vətəndaş cəmiyyətinin inkişafını təşviq etmək, müxtəlif maraq qruplarından tələbə-gənclər təşkilatlarına və həmkarlar ittifaqlarına qədər hər cür təşkilatlanmaların, müxtəlif şəbəkələrin formalaşmasının dəstəklənməsi, həvəsləndirilməsi, müdafiə olunması strateji vəzifələrimizdən olmalıdır.Ölkəmizi demokratiyaya keçidə hazırlamaq üçün daha fundamental hazırlıqlara ehtiyac var. Cəmiyyətin bütün kəsimlərində insanları dövlətdən asılı olmadan öz həyatlarını, güzaranlarını qurmağa çağırmalıyıq. Hökumətdən iqtisadi asılılığı olmayan hər bir vətəndaş potensial olaraq azadlıq tərəfdarıdır.

Nəhayət, 7 noyabr seçkiləri bizim toplumu daha bir illüziyadan azad etdi. Hamı üçün bir daha aydın oldu ki, bu ölkədə hələ ki seçkilər hakimiyyəti dəyişmək, parlamenti, prezidenti seçmək vasitəsi deyil. 17 il bundan qabaq zəbt olunmuş hakimiyyəti vaxtaşırı «qanuniləşdirmək», gözdən pərdə asmaq vasitəsidir. Ona görə də hər dəfə seçkiləri gözləmək, seçkidən-seçkiyə fəallaşmaq səhv taktikadır. Parlament seçkilərinin nəticələrini irili-xırdalı bütün müxalifət partiyaları tanımayıb. Hər kəs seçkilərin nətcələrinin ləğv olunması və yeni seçkilərin keçirilməsini tələb edir. Odur ki, yeni seçkilərin keçirilməsi üçün 2013 və 2015-ci illəri gözləmək, ona hazırlaşmaq səhv olardı. Ölkəni demokratik seçkilərə hazırlamaq üçün hər gün, hər ay çalışmalıyıq. Azad, ədalətli seçkiləri cəmiyyət üçün «olmazsa olmaz» təlabatına çevirməliyik.

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Noyabr 13, 2010 tarixində, saat 2:34 axşam

    Əli Bəydən növbəti gözəl bir yazı. Təşəkkürlər…

  2. Təzəxan Mirələmli
    Noyabr 13, 2010 tarixində, saat 3:32 axşam

    Xoş gördük, Əli bəy. Bu ilki, seçkilərdə məni ən çox ruhlandiran gənclər oldu. Müşahidəçilik missiyasini həyata keçirən istər müsavatçi, cəbhəçi gənclər, istərsə də müxtəlif qeyri-hökumət təşkilatlarindan olan gənclər əsl mübarizə əzmi sərgilədilər. Öz “müəllimlərini” yaxşica utandirdilar.

  3. fərid
    Noyabr 14, 2010 tarixində, saat 3:20 səhər

    Hər vaxtınız xeyr Əlibəy.Bu seçkilərdə müxalifət hakimiyyətin iç üzünü açaraq nəin ki, Azərbaycan Xalğına bütün düyaya göstərdi ki,17 il öncə kimlər hakimiyyətə gəlib və məqsədləri nədir.İlk nöbədə içtimaiətə açıqlanmadır ki, Yeni Azərbaycan adı ilə faliyyət göstərən siyasi qurum nədir.Ümuniyyətlə bu Yeni Azərbaycan deyəndə bunu hansı kontestdə qəbul etməliyik.YAP ətrafında toplananlar YA -nın nə olduğunu hələ dərk etmirlər.Bunun açıqlamnası vacib məsələdir.Ona görə mətbuat və informatsiya şəbəkəsində xahiş olunsun ki, YA onlar necə başa düşürlər.Bu YA hansı sərlərdədir.Bəlkə hakimiyyət sahibləri YA qarabaqsız görürlər,bəlkıə onlara elə Abşeronda bəs edir.Belə olmasaydı keçirdikləri seçkidən və onun nəticələrindən utanardılar.

  4. Noyabr 14, 2010 tarixində, saat 5:58 səhər

    Bəyaqdan fikirləşirəm nə şərh yazım, ağlıma heçnə gəlmir. Sadəcə əla🙂

  5. Rəşadət Axundov
    Noyabr 14, 2010 tarixində, saat 10:02 səhər

    Əli Kərimli fərqi! Eşq olsun!!!

  6. Noyabr 14, 2010 tarixində, saat 10:04 səhər

    Gozel serhdi tewekur edirem… herakat diyende huquqsunas 76 sayli daireden namized olmuw Xalid Bagirovun teklif etdiyyi 125 ler herakati en gozel variantdir…butun narazi tebeqeni 125 ler herakatinin etrafinda birlewmeye devet edirem

  7. Noyabr 14, 2010 tarixində, saat 10:06 səhər

    Cox deqiq yazidi.Iki shey xususi olaraq diqqetimi celb etdi.1.Bu seckiden sonra meyuslugun olmamasi.2.Novbeti 2013 ve 2015 seckilerini gozlememek teklifi.Butovlukde ise meqale yaxin dovr ucun proqram senedimiz olmalidir.Xususen AXCP-Musavat birliyi ile bagli deyilenleri ,daha boyuk birliyin reallashmasini qeyd etmek yerine dusher.

  8. Noyabr 14, 2010 tarixində, saat 10:06 səhər

    31 saylı dairədə, 21 saylı məntəqədə hamını çölə çıxarıb sonradan möhürlənmiş protokol veriblər. Bu barədə nəsə ətbuatda rastlamadım. Bilməyən varsa, nə qədər gec deyil işıqlandırsın və şikayətlərə əlavə etsin,lütfən. Bu həmin məntəqədidr ki, AXCP-MÜsavat müşahidəçilərinin də məntəqə sədrinə qahamrlığının şahidi oldum. Və həbs olunmağıma da onların köməyi oldu. Yazını isə, ürək ağrısı ilə oxudum. Uğurlar!

  9. Zümrüd Yağmur
    Noyabr 14, 2010 tarixində, saat 11:30 səhər

    Bu seçkilər bir daha sübut etdi ki, hakimiyyəti seçkilərlə məğlub etmək olmayacaq. Yol uzun və çətindir, amma seçki sonrakı nifrətin itilənib daha kəskin bir hala gəlməsi üçün doğurdan da partiyaların, bütün bu yöndə işləyən qurumnalrın birlikdə olub yeni xalq hərəkatına başlaması vacibdir. Bu işdə təkcə siyasilər iştirak etməməlidir, yeni nəsil yazarlar, ictimai təşkilatlar da bu yolda siyasilərlə birgə olamlıdırlar ki, əsil xalq hərəkatı formalaşa bildisin. Sovet imperiyasına qarşı xalq hərakatı yarda bilən xalq əminəm ki, YAp imperiyasına da qarşı davam gətirə bilər.

  10. Vüqar
    Noyabr 14, 2010 tarixində, saat 1:04 axşam

    Mən Əli bəyin yazısı ilə tam razıyam. Tezliklə AXCP və Musavatın birləşməsinə nail olmaq lazımdır. Bir az vaxt keçsə yenə də mane olanlar olacaq. Demokratiya hərəkatı ideyası da maraqlıdır.

  11. Elnur
    Noyabr 14, 2010 tarixində, saat 1:10 axşam

    Bu yazida novbeti merhele ucun konsepsiya gordum.En esasi melum olur ki, Eli bey novbeti defe de qelebesinin ogurlanmasindan sarsilmayib.Kim bu yolu axira qeder gede bilse o da qalib gelecek.

  12. Fuad Qəhramanlı
    Noyabr 14, 2010 tarixində, saat 4:12 axşam

    Kifayət qədər çətin və mürəkkəb keçid mərhələsindəyik.Artıq inersiya ilə davam etmək mümkün deyil, demokratik hərakatın mütləq konsolidasiya olunmasına ehtiyac var. Belə bir konsolidasiyanın əsasını isə AXCP-Müsavatın bir partiyada birləşməsi təşkil edə bilər. Məqalədə Əli bəyin təklif etdiyi fvəzifələr təkcə bir partiyanın resurs və gücü ilə gerçəkləşə bilməz,heç bu vəzifələr AXCP-Müsavat birliyi ilə də məhdudlaşmamalıdır. O mərhələyə gəlib çatmışıq ki, partiya sərhədlərini aşaraq cəmiyyətin avtoritarizmə etiraz edən bütün təbəqələrinin, fərd və qrumlarının iştirakı ilə geniş əhatəli hərəkatın yaranmasına ehtiyac var. Bu işdə təkcə lider və partiya funksionerlərinin deyil,hər kəsin roluna və töhfəsinə ehtiyac var. Məsuliyyətlərin paylaşıldığı və vətəndaş iştitakçılığı üzərində qurulmuş ümum xalq hərkatına nail ola bilsək onda ölkədə demokratik dəyişiklikləri də gerçəkləşdirmək mümkün olacaq.

  13. Yazar
    Noyabr 15, 2010 tarixində, saat 12:37 səhər

    Əgər müxalifət daha bir ciddi üstünlük qazanmaq istəyirsə, ədəbiyyat adamlarını prosesə cəlb etməyin yolunu fikirləşməliyik. Lütfən bütün yazarlara “yaltaq”, “”AYB-çi” və s. kimi damğalar vuraraq kənara qoymayın. Onsuz da gözdən salınmış ziyalılara daha bir zərbə vurmayın. Onları ictimai-siyasi məsələlərdə ciddi dialoqlara dəvət edin. Bir sözlə, nə edirsiniz edin, ədəbiyyat adamını adam yerinə qoyun və onu öz vəzifəsinin başına gətirin. Sitat: “İnsanlara ədəbiyyat… qədər təsir edən ikinci bir qüvvə yoxdur” – Heydər Əliyev

  14. Noyabr 15, 2010 tarixində, saat 3:56 səhər

    i like

  15. Noyabr 15, 2010 tarixində, saat 9:24 səhər

    Salamlar,Əli bəy! Sizin həm dünyadakı irtica rejimlərinin necə yıxılması haqda yazılarınız,həm də vəziyyətdən necə
    çıxmaq haqda son yazınız məni bir vətəndaş olaraq bəzi mülahizələr söyləməyə cəlb etdi.
    Fikrimcə,birinci addım Axcp-Müsavat birliyini gecikmədən rəsmiləşdirmək olmalıdır.İkinci addım Rəsulzadə-Elçibəy ideologiyasına söykənən demokratik Azərbaycan uğrunda Hərəkat olmalıdır.Bu Hərəkata xaricdə yaşayan soydaşlarımızı,ləyaqətini itirməmiş ziyalıları,iş adamlarını ,tələbələri,gəncləri qoşmaqla əsaslı bir proqram hazırlayıb
    xalqı bu Hərəkata,demokratik Azərbaycan quruculuğuna inandırmaq lazımdır.Əhali arasında təbliğat işi önəmli yer tutmalıdır.Hərəkatın birinci şüarı hamının qəbul edə biləcəyi seçki komissiyalarinin yaradılması,normal seçki qanunvericiliyi
    yaradılması,normal seçki keçirilməsı ilə bağlı olmalıdır.Bu istiqamətdə işlərə elə bu gündən ,bu andan başlamaq lazımdır və sizin də qeyd etdiyiniz kimi prezident və parlament seçkilərini gözləməyə heç bir lüzum yoxdur,əksinə növbədənkənar parlament və prezident seçkiləri keçirilməsi uğrunda mübarizəyə başlamaq lazımdır.Parlament seşkiləri təzəcə bitib və müxalifətin əlində seçki saxtakarlıqları ilə bağlı kifayət qədər faktlar var.Bütün dairələr üzrə seçki saxtakarlıqlarını toplayıb,əhatəli təhlilini aparıb,bütün faktları sistemli şəkildə təbliğat işinə yönəltmək çox vacibdir.Hakimiyyətin saysız-
    hesabsız layihələrlə büdcəni necə dağıtmaları,bütün şirkətlərdə olan vergi yayınmaları,saysız-hesabsız korrupsiya faktları
    və s. toplanaraq əhali arasında təbliğat işinə yönəldilməlidir.
    Müxalifətin seçkilərdə iştirakı ilə bağlı bəzi fikirlərimi də sizinlə bölüşmək istərdim . AXCP-Müsavat seçki blokunu
    yaradarkən bir-birinə güzəştə getmək istəməyən müxalifətçiləri mən heç cür anlaya bilmirəm.Onsuz da məlum idi ki,ən
    yaxşı halda bu iqtidar AXCP-Müsavat blokuna 5-6 yer verə bilər.17 illik tarixdən nəticə çıxarmamaq müxalifətin ən ciddi nöqsanıdır.Tutaq ki bu 5-6 yeri verəydilər AXCP-Müsavat blokuna ,nə dəyişəcəkdi ki? Əksinə xarici müşahidəçilərin rəyi daha yumşaq olacaqdı.Məncə AXCP-Müsavat blokunun bir çox namizədləri əqidə mübarizəsi yox ,mandat mübarizəsi aparırlar.Nəhayət real müxalifət bu seçki oyunlarında iştiraka son qoyub ,bütün ambisiyaları kənara atıb ,bir ideya ətrafında birləşərək özləri ilə yox,mandata görə yox,həqiqətən də vətən üçün ,xalqımız üçün bu hakimiyyətlə ən ciddi mübarizəyə elə bu andan başlamalıdır.
    Sonda Əli bəy,sizə,İsa bəyə ,bütün məsləkdaşlarınıza müraciət edərək demokratik cəmiyyət uğrunda mübarizədə sonadək bir olmağı xahiş edirəm.Allah Sizlərə yar olsun!

  16. Noyabr 15, 2010 tarixində, saat 4:39 axşam

    Eziz Eli bey!

    Aldiginiz qurshaqalti zerbelerden sonra bele bir manifestle cixish etmenize cox sevinir, bu yazidan sonra demokratiya isteyi olan vetendashlarimizda inamin ölmesine imkan vermeyeceyiniz, öhdenize düshen missiyani yerine yetirmenize eminliyimin artdigini diqqetinize catdirmaq isterdim. Size ve dostlariniza mübarizenizde ugurlar arzulayiram.

  17. qurban memmedov
    Noyabr 15, 2010 tarixində, saat 9:58 axşam

    “Nəhayət, 7 noyabr seçkiləri bizim toplumu daha bir illüziyadan azad etdi. Hamı üçün bir daha aydın oldu ki, bu ölkədə hələ ki seçkilər hakimiyyəti dəyişmək, parlamenti, prezidenti seçmək vasitəsi deyil. 17 il bundan qabaq zəbt olunmuş hakimiyyəti vaxtaşırı «qanuniləşdirmək», gözdən pərdə asmaq vasitəsidir.”
    Salam hörmətli Əli bəy!
    Yazı əla, arqumentlər yerində, analiz də həmçinin.
    Ancaq yuxarıdakı sətrlərdə yazdığınız nəticəyə 2005-ci il seçkilərindən sonra gəlməyə sizə nə mane olurdu?
    Sizcə, 17 il çox deyilmi seçkilərdə iştirakın mənasızlığını başa düşmək üçün?
    Nə qədər təəccüblü olsa da, azərbaycan xalqı 80-85 faiz seçkiyə getməməklə sizin indi gəldiyiniz nəticəni çoxdan başa düşdüyünü sübut edib.
    Mən inanıram ki, Siz, “seçkilər hakimiyyəti dəyişmək, parlamenti, prezidenti seçmək vasitəsi deyil. 17 il bundan qabaq zəbt olunmuş hakimiyyəti vaxtaşırı «qanuniləşdirmək», gözdən pərdə asmaq vasitəsidir” deyəndə tam səmimisiniz. Onda niyə seçkiyə getdiniz, niyə seçkiyə qatılıb rejimin cinayətkar niyyətlərinə qanuni don geydirdiniz?
    Bunları yazmaqla Sizi ittiham etmək və ya nədəsə günahlandırmaq fikrindən çox uzağam. Bu səhvi seçkidə iştirak edən bütün müxalif qüvvələr buraxdı.
    Hər halda, bu gün gəldiyiniz nəticə acı bir reallıqdır və bu reallıqdan qurtuluş yolu kimi təklif etdiyiniz ümumxalq hərakatının zəruriliyi fikri yeganə yoldur.
    Olduqca ağır vəzifədir. Ancaq mən ümid edir və inanıram ki, xalqımız özündə güc və inam tapıb bu yolda lazım olan hər şeyi edəcəkdir. Bu işin ağırlıq yükü yenə də Sizin və sizi sevənlərin çiyinlərinə düşəcəkdir.
    Cəmiyyətin real aparıcı müxalif gücü AXCP-Musavat birliyindədir. Siz bu birliyin reallaşmasına nail ola bilsəz, qalan qüvvələrin də bu birliyə qoşulması zərurət olacaq.
    Ancaq “müxalif mətbəxtin” bəzi nüansları şəxsən Sizə aydın olduğu üçün bir məsələni xatırlatmağı özümə borc bildim.
    Bu birlik məsələsində tələsin. Birliyin baş tutmayacağına səbəb ola biləcək heç bir şəxsi, heç bir partiyanı və ya qrupu yaxın qoymayın. Əslində bu gün yeganə real qüvvə “AXCP-Müsavat”dır. Başqalarının, bu birliyin baş tutması və ya daha geniş koalisiyaya nail olmaq üçün, dəvət edilməsi yalnız birliyin baş tutmamasına səbəb olacaqdır.
    Sizə və sizə inananlara, sizi sevənlərə uğurlar arzulayıram.
    Hörmətlə, Qurban Məmmədov

  18. Noyabr 16, 2010 tarixində, saat 2:47 axşam

    Gozel seneddir.Apardigimiz mubarizenin mayaki olacagina eminem.Size ve silahdashlariniza ugurlar arzu edirem.

  19. namiq shemkirli
    Noyabr 16, 2010 tarixində, saat 8:33 axşam

    Gəlin özümüzə bir sual verək. İqtidar ildən-ilə niyə daha da aqressivləşir? Bircə müxalifətçini də parlamentə buraxmamaq, 50-100 nəfərin də bir yerə toplaşmasına imkan verməməklə hakimiyyət əslində nə dərəcədə qorxduğunu nümayiş etdirir. Öz zəifliyini,ictimai dayaqlarının sarsıldığını görür və qorxur. Bu aqressivlik hakimiyyət sahiblərinin iliklərini donduran cox acı bir qorxunun nəticəsidir. Cəmiyyətdən qorxunun və təzyiqlərini getdikcə artıran beynəlxalq aləmdən qorxunun nəticəsidir. Nə etdiklərini gözəl anlayırlar və qorxurlar. Qorxmağın,panikaya düşməyin nəticəsi isə kobud səhvlər olur. Məgər bu sayaq biabırçı “seçki” hakimiyyətin kökünü baltalayan ən kobud səhv deyilmi?

  20. Noyabr 18, 2010 tarixində, saat 12:15 axşam

    Biz özümüzə də tənqidi yanaşmalıyıq. İndiyə kimi, deyirdik ki, artıq zaman yetişib, dünya da bezib, artıq iqtidar bütün dayaqlarını itirib və son nəfəsidir. Əslində, biz müxalifət olaraq, ürəyimizdən keçənləri reallıq kimi qələmə vermək, xalqın inamının sınmasının qarşısını almaq və mübarizənin tempinin düşməsini saxlamaq istəyirdik. Əli bəy, yazısında bu məsələlərə də toxunub. Amma, məncə o gün bu gündür. Güclər, mütləq təmərküzləşməli və böyük bir vətəndaş hərəkatına çevrilməlidir. Müxalifət üzünü xalqa tutmalı və mənbəyini də ondan götürməlidir. Bir-bir, iki-iki görüşmək, mübarizədən küsənləri geri qaytarmaq, bacarıqlılıarı gör
    əvləndirməyə ehtiyac var. Mənə belə gəlir ki, 1988-ci ildən başlanan mübarizə məntiqi və riyazi baxımdan sıfır nöqtəsinə yuvarlandı. İndi hər şüy yüksələn xətt üzrə getməlidir. Əgər məntiq və riyaziyyat bizi aldatmırsa…

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma