Əsas səhifə > Müsahibələr, Əli Kərimli > 2010-cu ilin yekunları ilə bağlı Azadlıq qəzetinə müsahibəm

2010-cu ilin yekunları ilə bağlı Azadlıq qəzetinə müsahibəm

“Zəiflər və qorxaqlar qəddar olur”

Əli Kərimli: «Əliyevlər rejimi xalqın etimadını itirdikcə, xalqdan uzaqlaşdıqca daha da aqressivləşir, qəddarlaşır»

«İndi bütün dünya bilir ki, Azərbaycandakı rejim həm də kriminal mahiyyətli bir hökumətdir»

AXCP sədri Əli Kərimli 2010-cu ilin yekunları və 2011-ci illə bağlı fikirlərini “Azadlıq”a açıqlayır.

– Əli bəy, 2010-cu ili ümumi olaraq necə xarakterizə edərdiniz?

– Son illərdə yaşadığımız illərin demək olar ki, hamısı bir-birinə bənzəyir. Illər gəlib keçir, ölkəmiz isə yerində sayır, bəzi hallarda geriyə gedir. Ölkənin bir sıra mühüm problemləri var ki, 10 ildən artıqdır xroniki hal alıb. Illərin gəlib keçməsilə həmin problemlərin həlli imkanları itirilir. Məsələn, götürək Azərbaycanın köklü problemi olan Qarabağ münaqişəsini. Əvvəlki illərdə olduğu kimi 2010-cu ildə də problemin həll olunması istiqamətində heç bir addım atılmadı. Hətta mən deyərdim ki, bu il ərzində problemin həlli bir qədər də çətinə düşdü.

Bundan başqa, ölkədə demək olar ki, hər il korrupsiya, rüşvət yalan, saxtakarlıq kimi, cəmiyyətin deqradasiyasına səbəb olan hallar mühüm sosial bəlalar kimi qarşıya çıxır və təəssüf ki, illər gəlib keçsə də, bu kimi halların aradan qaldırılması üçün də heç bir işlər görülmür. Xalqla hökumət arasında birliyin, vətəndaş həmrəyliyinin əldə olunması fürsətləri itirilir. Beləliklə, ümumiləşdirib deyərdim ki, 2010-cu il də Azərbaycanda itirilmiş illərdən biridir.

Bu il həm də parlament seçkiləri ili idi. Və bu ilki parlament seçkiləri Azərbaycanda indiyə qədər keçirilmiş seçkilərin hamısından daha pis şəkildə keçirildi.

Təsadüfi deyil ki, indiyə qədər də 2010-cu il parlament seçkiləri beynəlxalq birlik tərəfindən tənqid olunur. Birinci dəfə idi ki, ABŞ Dövlət Departamenti, Avropa Birliyi səviyyəsində Azərbaycandakı seçkilərin beynəlxalq standartlara uyğun olmadığı bəyan edildi. Bu baxımdan parlament seçkiləri də Azərbaycanda geriyə atılmış, iqtidarla xalq arasındakı qarşıdurmanı daha da dərinləşdirən bir addım kimi xarakterizə olunur.

Amma 2010-cu ildə başqa elə hadisələr də baş verdi ki, siyasi baxımdan, hətta parlament seçkilərini də kölgədə saxladı. Məhz bu ildə Azərbaycandakı rejimin beynəlxalq səviyyədə tam ifşası prosesi başlandı. Ilin əvvəlində dünyanın çox nüfuzlu KIV-lərində Azərbaycan hökumətinin mahiyyətini açan materialların dünya ictimaiyyətinə çatdırılması prosesinə start verildi. Və bütün il ərzində, xüsusilə, “Vikiliks”in açıqlamalarından sonra daha da intensiv şəkildə bütün dünya mediası Azərbaycan hökumətinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırdı. Indi bütün dünya bilir ki, Azərbaycanda ölkəni orta əsrlər təfəkkürü ilə idarə edən bir rejim iş başındadır. Indi bütün dünya bilir ki, Azərbaycandakı rejim korrupsiya simvollarından biridir. Indi bütün dünya bilir ki, Azərbaycandakı rejim ölkənin bütün sərvətlərinə sahiblənib. Ölkənin bütün sərvətləri başda Ilham Əliyevin ailəsi olmaqla bir neçə ailə arasında bölünüb. Indi bütün dünya bilir ki, Azərbaycanda demokratiyaya, özgə fikirliliyə hansı münasibət var.

Nəhayət, indi bütün dünya bilir ki, Azərbaycandakı rejim təkcə korrupsiyanın simvolu deyil, təkcə qeyri-legitim hökumət deyil, həm də kriminal mahiyyətli bir hökumətdir. Ona görə 2010-cu ili həm də 1993-cü ildən sonra Azərbaycanda möhkəmlənmiş avtoritar rejimin beynəlxalq səviyyədə tam ifşası və təcridi ili kimi də xarakterizə etmək olar. Məhz bu il aydın oldu ki, Azərbaycan hökuməti apardığı yarıtmaz siyasəti nəticəsində ölkəni bütün dünya miqyasında hər kəsdən təcrid edib. Əliyevlər rejimi indi hamı ilə açıq savaş içindədir. Bu isə ölkənin milli maraqlarına, xüsusilə də Qarabağla bağlı maraqlarına böyük təhlükə yaradır.

– Bəs 2010-cu ili müxalifət üçün necə xarakterizə etmək olar?

– 2010-cu ili müxalifət üçün 2005-ci ildən sonra davam etmiş siyasi süstlükdən qurtulma ili kimi xarakterizə etmək mümkündür. Məhz bu ildə müxalifət düşərgəsində canlanma, fəallaşma, qüvvələrin səfərbər olunması, inteqrasiya istiqamətində müəyyən addımların atılması müşahidə olundu. Məhz bu ildə uzun fasilədən sonra hökumətin razılığı olmadan dəfələrlə kütləvi etiraz aksiyaları keçirildi. Məhz bu ildə uzun illər cəmiyyətin arzuladığı müxalifətin birliyinin ən mümkün olan formatı tapıldı. Nəhayət, məhz bu ilin sonunda, dekabr ayının 28-də Azərbaycanın real müxalifət partiyalarının və demokratiya üçün çalışan vətəndaş cəmiyyətinin birgə iştirakı ilə Ictimai Palata formalaşdırıldı. Beləliklə də 2010-cu ildə növbəti ilin daha fəal siyasi ilə çevrilməsi üçün zəminlər yarandı.

– Parlament seçkilərinə toxundunuz və qeyd etdiniz ki, bu ilki seçkilər əvvəlkilərdən daha pis şəkildə keçirildi. Sizcə, hakimiyyətin bu ilki seçkilərdə, hətta imitasiyadan da imtina etməsinin səbəbi nədir?

– Bu, bir tərəfdən hakimiyyətin özünə inamının daha da azalması ilə bağlıdır. Bilirsiniz, zəiflər və qorxaqlar qəddar olur. Özünə inananlar, güclülər isə hər zaman qəddarlıqdan uzaq olurlar. Əliyevlər rejimi də xalqın etimadını itirdikcə, xalqdan uzaqlaşdıqca daha da aqressivləşir, qəddarlaşır. Bu tendensiya parlament seçkilərində də özünü göstərdi.

Digər tərəfdən, rejimin qorxu içində olması həm də onunla bağlıdır ki, bizim bildiyimiz kimi onlar da beynəlxalq miqyasda təcrid olunduqlarını bilirlər. Bu onları panik, isterik əhval-ruhiyyəyə gətirir. Ona görə də az-çox müstəqil sözünü deyə bilən, aparılan siyasətə etiraz edən qüvvələrin hamısını özlərinə düşmən bilirlər. Və tamamilə idarə olunan, heç bir müxalifətin olmadığı parlamentə ehtiyac duyurlar. Şübhəsiz ki, burada qeyri-insani bir keyfiyyətin də rolu var. Bu adamlar əziyyət çəkmədən əldə etdikləri milyardların sayəsində xeyli dərəcədə azğınlaşıblar. El arasında deyildiyi kimi, gözləri ayaqlarının altını görmür. Ona görə də hesab edirlər ki, əgər ölkənin milyardlarına sahibdirlərsə, bütün dövlət mexanizmi onların şəxsi iradəsi ilə idarə olunursa, o zaman xalqla hesablaşmağa, hansısa kompromis əldə etməyə də ehtiyac yoxdur. Onların pulu və dəyənəyi var və hesab edirlər ki, xalqla da elə bu şəkildə rəftar etmək lazımdır. Yəni, bu ilki parlament seçkilərinin daha biabırçı şəkildə keçirilməsinə mənəvi deqradisiyanın da təsiri olub.

– Demokratik qüvvələrin formalaşdırdığı Ictimai Palatanın perspektivi barədə nə deyə bilərsiniz? Bu qurumu demokratik düşərgənin birgə fəaliyyəti üçün uğurlu format hesab etmək olarmı?

– Əvvəla, Ictimai Palata Azərbaycanın demokratik qüvvələrinin növbəti mərhələdə daha yaxşı səfərbər olunmasının bir mexanizmi kimi ortaya çıxıb. Siyasi mübarizədə mexanizm çox önəmlidir, amma o, avtomatik nəticələr əldə etmir. Mexanizmdən baxır kimlər nə dərəcədə məharətlə istifadə edir. Ona görə də mən Ictimai Palata ilə bağlı optimistəm və onun yaranmasını müsbət qiymətləndirirəm. Hesab edirəm ki, nəhayət uzun illərdən sonra siyasi partiyaların, vətəndaş cəmiyyətinin, gənclər təşkilatlarının, azad mətbuat təmsilçilərinin bir arada olub azad müstəvi formalaşdırması mütərəqqi haldır. Amma cəmiyyəti ondan da xəbərdar etmək istəyirəm ki, növbəti məyusluğu yaşamamaq üçün yenə də fərqində olmalıyıq ki, uğurlu təşkilatlanma bizi avtomatik olaraq uğurlu nəticələrə aparıb çıxara bilməz. Biz bu mexanizmi Azərbaycan demokratiyası üçün, xalq üçün çox yaxşı işlədə bilməliyik. Hamımız bu prosesdə birlikdə, səmimiyyətlə, ürəklə çalışmalıyıq. Ictimai Palata bizim birgə fəaliyyətimizə meydan yaradıb. Amma biz daha yaxşı, daha həmrəy çalışmasaq, öz-özünə nəticə əldə edilə bilməz. Bu baxımdan hesab edirəm ki, Ictimai Palatanın yaranması müəyyən əlavə imkanlar vəd etsə də, bu imkanlar çox ciddi çalışma nəticəsində reallaşdırıla bilər.

– 2010-cu ildə AXCP və Müsavatın bir təşkilatda birləşməsi gündəmə gəldi. Bu məsələ hazırda nə yerdədir?

– Xalq Cəbhəsi Partiyasında hər kəs bu təşəbbüsü tərəddüdsüz olaraq müdafiə edib. Həmçinin bu ideya cəmiyyətdə çox populyar olub. Demokratik dəyişiklikləri arzulayan insanların böyük əksəriyyəti bu iki təşkilatın bazasında şərti olaraq superpartiya adlanan bir qurumun formalaşmasına olduqca vacib və faydalı bir iş kimi baxıblar. Biz də bu sosial sifarişi dəyərləndirmişik. Və cəmiyyət şahid oldu ki, biz bu məsələdə axıra qədər səmimi davranmaqdayıq. Xalq Cəbhəsi Partiyasının qurultayının birliklə bağlı qərarı var. Partiyanın sıravi üzvündən sədrinə qədər heç kimin bu məsələdə tərəddüdü yoxdur. Amma birlik iki tərəfin arzusu ilə baş tuta bilər. Biz qərarımızı rəsmən Müsavat Partiyasına təqdim etmişik. Müsavat Partiyasında da bu istiqamətdə müzakirələr başlanıb. Bu müzakirələrlə bağlı fərqli dəyərləndirmələr var. Müsavat Partiyasının indiki və keçmiş funksionerləri tərəfindən bu məsələyə müxtəlif şərhlər verilib. Biz isə öz mövqeyimizdə israrlıyıq. Biz AXCP ilə Müsavatın birləşməsini istəyirik. Və səbrlə Müsavat Partiyasındakı müzakirələrin başa çatmasını gözləyəcəyik. Hələ də ümidvarıq ki, bu müzakirələr bütövlükdə birləşmə lehinə qərarla nəticələnəcək.

Onu da deyim ki, bizim gözləməyimiz oturub gözləmək deyil. AXCP-nin 2011-ci il üçün fəaliyyət planı hazırlanıb və yaxın günlərdə Ali Məclisdə müzakirəyə çıxarılacaq. Biz 2011-ci ili güclü təşkilatlanma, mübarizə ilinə çevirməkdə qərarlayıq. Bu il keçirdiyimiz qurultayda hər kəsə nümayiş etdirdik ki, AXCP yaşadığı çətinlikləri, böhranları arxada qoyub. 2010-cu ildəki siyasi mübarizə də göstərdi ki, AXCP ölkənin demokratiya uğrunda mübarizənin önündə olan bir təşkilatdır. Biz bu mübarizəmizi istənilən halda aparacağıq. Amma biz köklü dəyişikliklərə daha tez nail olmaq üçün siyasi qüvvələrin təmərküzləşməsində, o cümlədən AXCP ilə Müsavat Partiyasının birləşməsində maraqlayıq.

– Ümumiyyətlə, 2011-ci illə bağlı planlarınız və gözləntiləriniz nədən ibarətdir?

– Hesab edirəm ki, 2011-ci il ciddi siyasi mübarizə ili olacaq. Biz seçki islahatı uğrunda mübarizə aparacağıq, həmçinin “Siyasi partiyalar haqqında” Qanunla bağlı ciddi çalışmalarımız olacaq. Ictimai Palatının demokratiyaya öz töhfəsini verməsini təmin etmək üçün ciddi səylər göstərəcəyik. Fikrimcə, 2011-ci il müxalifətin daha toparlandığı, gücləndiyi və aktiv siyasi mübarizə aparmaq iqtidarında olduğunu göstərə bilən bir il olacaq.

Eyni zamanda hesab edirəm ki, növbəti il korrupsioner və kriminal mahiyyətli Əliyevlər rejiminin daha da təcrid olunması, ölkədə sosial-iqtisadi çətinliklərin kəskinləşməsi ilə xarakterizə olunacaq.

Vidadi Məmmədov

Kateqoriyalar: Müsahibələr, Əli Kərimli
  1. araz
    Mart 7, 2011 tarixində, saat 8:58 səhər

    Allah sizi bize cox gormesin.caqqallar suruyle,BOZ QURDLAR YALNIZ GEZER.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: