Əsas səhifə > Yazılar, Əli Kərimli > Tunisdən İlham Əliyevə məsaj var

Tunisdən İlham Əliyevə məsaj var

Polislərin döyə-döyə öldürdüyü bəxtsiz gənc və bizim cinayətkarcasına biganəliyimiz haqda

Hələ də dünyanın aparıcı KİV-lərinin gündəmində Tunis inqilabıdır. Gözlərimizin qarşısında daha bir diktator siyasi səhnəni tərk etdi. Demokratiya dalğası Yaxın Şərq diktaturalarına da çatdı. Tunisdə baş verənlərin Ərəb dünyası başda olmaqla bütün avtoritar rejimlərə ciddi təsiri olacaq. Demokratikləşmənin alternativi olmayan bir qlobal proses olduğu, sərhəd tanımadığı, hər bir xalqın bir gün tez- bir gün gec bu inkişaf yolunu seçəcəyi növbəti dəfə təsdiqləndi.

Hər bir xalqın inqilabı siyasi tarixə öz yeni ştrixlərini əlavə edir. Çünki mahiyyətcə oxşar olsa da hər bir inqilabi dəyişiklik başqalarından fərqlidir, özünəməxsusdur. Tunis inqilabı da dinc mübarizə nəzəriyyəsinə yeni ştrixlər əlavə etdi.

Son illərdə baş vermiş bir çox məxməri inqilablardan sonra(Gürcüstan, Ukrayna, Qırğızıstan) belə bir fikir yaranmışdı ki, bir qayda olaraq məhz müəyyən demokratik elementlərin mövcud olduğu ölkələrdə dinc mübarizə uğur əldə edir və məxməri inqilabla nəticələnir. Bu qənaətdən də siyasi prosesin hər bir iştirakçısı özünə lazım olan nəticəni çıxarırdı. Bizlər- ölkənin demokratik inkişafında maraqlı olan qüvvələr demokratiya ətrafındakı çərçivəni genişləndirməyə, demokratik müstəvini böyütməyə çalışdıqca , İlham Əliyev və komandası da 2006-cı ildən sistemli və ardıcıl şəkildə demokratik insitutları daha da zəiflədib, məhv etməyə çalışırlar.

Dövlət başçısı və komandası desab edirdi ki, seçki prosesi gözdən salındıqca, opponent siyasi partiyalar zəiflədikcə, azad mətbuat sıradan çıxarıldıqca, vətəndaş cəmiyyəti nəzarətə götürüldükcə onların sülalə hakimiyyətini heç kim, heç bir güvvə təhdid etməyəcək.

Ona görə da rejim öz opponentlərini zəiflətdikcə, özünə inamı daha da artırdı, xalq arasında deyildiyi kimi gözləri ayaqlarının altını görmürdü.

Hətta özlərindən razı şəkildə Şevarnadze, Kuçma, Bakiyev kimi liderləri zəif iradəli olmaqda, müxalifəti vaxtında-beşiyindəcə boğa bilməməkdə gınayırdılar.

Tunis prezidenti Ben Əli də İlham Əliyev kimi “uzaqgörən və tədbirli” siyasətçi idi. O hətta İlham Əliyevin özünə maksimum proqram hesab edəcəyi tədbirləri də “ uğurla” reallaşdırmışdı. Ölkədə 1 dənə də olsun real müxalifət partiyasının formlaşmasına, təşkilatlanmasına imkan verməmişdi. Müxalifətçilər daha çox həbsxana və mühacirətdə olurdular, mətbuat üzərində hökümət monopoliyası tam idi. Konstruktiv müxalifət yetişdirmək lahiyəsi uğurla reallaşdırılmışdı, parlamentdəki yerlərin 25% bu 6 konstruktiv müxalifət partiyası arasında bölüşdürülmüşdü. Adam o qədər “tədbirli” idi ki, öz ətrafında belə xalqın heç olmazsa 5%-nın rəğbətini qazanmış siyasətçi saxlamazdı, vaxtında zərərsizləşdirərdi. Üstəlik Tunis əhalisi demokratik ənənələrdən də tam olaraq məhrum idi. 54 illik müstəqillik tarixində cəmi 2 prezident görmüşdülər. Heç birini seçməmişdilər. Hər ikisi hakimiyyəti özü zəbt etmişdi. Nə prezident özü, nə də kənar müşahidəçilər onun hakimiyyətinə hər hansı təhlükə görmürdülər…

Korrupsiya, rüşvət, ədalətsizlik, hüquqsuzluq buralarda olduğu kimi dövlət idarə etməsinin əsas prinsipləri hesab olunurdu. Ölkənin bütün gəlir gətirən biznes sahələri Ben Əlinin ailəsinin, klanının, ona yaxın oligarxların inhisarında idi. Amma bütün bunlara baxmayaraq hətta bizim YAP-çıların da həsəd apara biləcəyi “davamlı ictimai-siyasi sabitlik” var idi ölkədə.

Dekabrın ortalarında baş vermiş bir hadisə isə Tunisin qədərini dəyişdi. Küçə ticarəti ilə məşğul olan bir gənc ona öz səyyar köşkündə göyərti satmağa imkan verməyən polisin özbaşınalığına dözməyib özünü yandırdı. Küçələrdə plansız , əvvəlcədən hazırlanmamış xalq etirazları başladı. Əvvəlcə iqtisadi tələblərlə mitinqlər keçirilirdi. Nümayişçilər qiymət artımına və işsizliyə etiraz edirdilər. Sonralar siyasi tələblər irəli sürən nümayişçilər birbaşa prezidentin istefasını tələb etdilər.

Polis nümayişçilərlə çox qəddarcasına davranırdı. Nümayişləri dağıtmaq üçün azərbaycanlılara tanış olan bütün xüsusi vasitələrdən istifadə olundu. Hətta təhlükəsizlik qüvvələrinə nümayişçilərə atəş açmaq göstərişi də verilmişdi. Hökumət özü 10-larla nümayişçinin öldürüldüyünü etiraf edirdi. İndisə təsdiq olunur ki, təqribən 1 aya yaxın davam edən bu qarşıdurma zamanı polislərin atəşi ilə 90 nəfər nümayişçi öldürülmüşdü. Amma bu qədər qətllər də, xalqa açılan atəş də boğaza yığılmış Tunis xalqını qorxuda bilmədi. Etiraz aksiyaları prezident ölkəni tərk edənə qədər davam etdi. Nəhayət, xalq bu ölkədə də qalibgəldi. 23 illik mütləq hakimiyyətdən sonra prezident Ben Əli rüsvaycasına ölkədən qaçdı.

Ölkədəki bütün demokratik institutları tam olaraq məhv etməyə çalışan İlham Əliyevə önəmli məsaj bu dəfə uzaq Tunisdən gəldi. Bu məsajda deyilir ki, korrupsiya və rüşvət, ədalətsizlik, qanunsuzluq, zorakılıq, saxtakarlıq davam edəcəksə, hətta alternativ siyasi qüvvələrin zəiflədilməsi, məhv edilməsi də hakimiyyətinizin davamlılığına təminat verməyəcək. Barıt çəlləyi bir gün partlayacaq. Boğaza yığılan xalq sizdən xilas olmağın yolunu tapacaq.

Əslində, mən Tunisdə baş verənlər haqda deyil, Bakıda polislərin sözün birbaşa mənasında döyüb-öldürdükləri gəncin Elvin Əsgərovun faciəsindən yazmaq istəyirdim. Elvinin atası da, dayısı da Qarabağ uğrunda savaşda şəhid olublar. Bu vətən üçün canlarından keçiblər. Elvinin anası və digər doğmaları deyir ki, bu 31 yaşlı gənci Azərbaycan polisləri döyə-döyə öldürüblər. Zatən Elvinin şəkilləri hər şeyi deyir.

Cəmiyyət Elvinin başına gələnlərin şokundan çıxmamış, dünənki qəzetlər başqa bir vətəndaşımızın- Ramin Məhərrəmovun polis özbaşınalığından bezərək özünü yandırmağından yazdı.

Hələlik, biz toplum olaraq həyacanlanmaq, əzilənə qahmar çıxmaq, baş verənlərə adekvat münasibət bildirmək keyfiyyətlərini itirmiş kimi görünürük. Biz toplum olaraq nə zaman dərk edəcəyik ki, bu ölkədə heç kim Elvin və Raminin başına gələnlərdən sığortalanmayıb? Nə qədər ki, bu qeyri-insani rejim var bizim hər birimiz, bizim doğmalar da bu ölüm dəzgahının qurbanı ola bilər. Hər kəsin səssizcə öz növbəsini gözləməsindən axmaq qərar ola bilərmi?

Təəssüf ki, bizim cəmiyyət üçün hələlik belə məlumatlar sadəcə statistika kimi qarşılanır. İlin sonunda jurnalistlər və hüquq müdafiəçiləri hesablayıb, yekun vuracaqlar ki, bu il polislər nə qədər insanımızı döyə-döyə öldürdü, nə qədər insanımızı isə intihara məcbur etdi.

Kim bilmir ki, polisə vətəndaşları işgəncə verərək öldürmək imkanını siyasi hakimiyyət verib? Polisdən hər zaman xalqa qarşı dəyənək kimi istifadə edən hakimiyyət. Polis yaxşı bilir ki, ondan tələb olunan yalnız bu hakimiyyətə loyallıqdır. Qanunçuluq, hüquq qaydası, insan hüquqları bu ölkədə yalnız kağız üzərindədir. Mitinqi canla-başla dağıtdınsa, xalqdan oğurlanmış hakimiyyətə sədaqətlisənsə, istədiyini edə bilərsən. Zatən, bu ölkədə vətəndaş siyasətin subyekti deyil obyektidir. Onunla bir əşya kimi davranılır.

Əgər bir ölkədə dövlət başçısı bütün millətin qarşısında açıq şəkildə bəyan edirsə ki, 26 noyabr 2005-ci ildə Qələbə meydanında vətəndaşlara divan tutan polisləri cəzalandırmağı beynəlxalq təşkilatlar tələb etsə də , mən buna imkan vermədim, belə bir ölkədə polisin adamı döyə-döyə öldürməsi, intihara məcbur etməsi gözlənilən deyilmi? Məlum deyilmi ki, hüquq mühafizə orqanlarındakı bu cəzasızlıq mühüti də, bu qeyri-insani dərəcədə qəddarlıq da birbaşa İlham Əliyevdən ilhamlanır?

Hə, indi xatırladım ki, polisin döyüb öldürdüyü, intihara sövq etdiyi insanlardan yazmaq istərkən, niyə yazımı Tunisdən başladım? Tunisdəki inqilab da polis özbaşınalığından bezib, özünü yandırmış bir gəncin faciəsindən başlamışdı…

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. seymur
    Yanvar 17, 2011 tarixində, saat 10:05 səhər

    yalnız ağılsızlar öz səhvklərindən nəticə çıxarırlar, hatta bunu bacarmayanlar da var.. Əli bəyin yazsında da aydın görünür ki, bu perespektiv hər diktator üçün var. Məhz ona görə hər inqilabın öz modeli var ki, heç bir diktator, özündən əvvəlkinin başlna gələnlərdən nəticə çıxarmır. onların hər birini ayrıca və orjinal yola salmaq lazım olur!! Biz bunu edəcəyik!

  2. Anar
    Yanvar 17, 2011 tarixində, saat 10:21 səhər

    Realliq budur ki bele hakimiyyetler ne qeder mohkm olsa da sonu budur-rusvayciliqla bash goturub getmek.Bizim olkemizde de bu olacaq/

  3. Ramin DEKO
    Yanvar 17, 2011 tarixində, saat 11:15 səhər

    Əli bəy, yenə möhtəşəm bir yazı ilə çıxış etmisiniz. Əslində bloqunuza qoyduqunuz bu şəkili mən ortalığa çıxartmışam (təvəzökarlıqdan uzaq olsa da deyim). Elvinin ailəsi ilə ən yaxından media təmsilçisi kimi mən iştirak edirəm. Kim məndən onun ailəsi ilə görüşməyi istəyirsə birinci şərtim bu olur – elə yazmalısan ki, mənim yazımda güclü olmasın. Təbii bu zarafatdır.
    Amma siz bu yaazını o qədər gözəl yazmısınız ki, daha bunu deyə bilmirəm. Gərək bundan sonra belə deyim. Əli Bəyin yazısından yaxşı yazı olmasın )))))

  4. ruslan
    Yanvar 17, 2011 tarixində, saat 12:06 axşam

    ali bey hemisheki kimi maraqli movzuya toxundunuz cox kecmayacak bu dalga azarbaycana gelecek buna sizda bixda xlqda amindir amma dunyanin an ahshatli diktator cevrilishi azarbaycanda bakida olacaq bunu acisi hakimiyye ucun dehshetli olaaq.2011 maraql hadislarla zengin olacaq xususan azarbaycan ucun

  5. Elnur
    Yanvar 17, 2011 tarixində, saat 12:58 axşam

    Əli bəy, sizinlə razıyam ki, biz bir xalq olaraq hələ də baş verənlərə vaxtında və sərt reaksiya verə bilmirik. Sağ olun ki, siz bu yazını yazdız. Bir az ürəyimiz soyudu.

  6. Asif
    Yanvar 17, 2011 tarixində, saat 1:01 axşam

    Bütün diktatorlar rədd olacaq. Hamsı qulağını açıb eşitsin. Onların sabahı yoxdur.

  7. Kama
    Yanvar 17, 2011 tarixində, saat 1:46 axşam

    Allah bunlarin cezasini versin. Umid edirem, siz bu milleti ireli aparib diktatorlarin hakimiyyetine son qoyacaqsiniz. Ugurlar!!!

  8. Mecid
    Yanvar 17, 2011 tarixində, saat 1:52 axşam

    Əli bəyin bir sözü var idi: Hakimiyyət xalqla rus ruleti oynayır. Gün keçdikcə bunun nə qədər doğru olduğunun şahidi oluruq.

  9. Fuad
    Yanvar 17, 2011 tarixində, saat 2:58 axşam

    Məqalənin Tunisdən İlham Əliyevə mesaj var başlığı əslində həm də bir xəbərdarlıqdır. Zorkılıq və ədalətsizlik öz sonunu gətrir,bu gün Azərbaycan xalqını sındırılmış, öz ağır taleyi ilə barışmış zən edən İlham Əliyevdə Tunis prezidenti Ben Əlin arxayınlığı var,ancaq o özüdə daxil olmaqla ətrafındakı kim təminat verə bilər ki, topxanda ağacın qırılmassına etiraz edərək yüz minlərlə meydana axışan Azərbaycan xalqı günlərin birində evlərin sökülməsinə,əmlakların alınmasına, vergi talançılığına, polis vəhşiliyinə etiraz olaraq yenə də meydanlara axışmayacaq, əlbəttə ki, bu baş verəcək, Markesin “Gözlənilən bir qətlin tarixçəsi” adlı əsərinin adına bənzətmə etsək bu ölkədə gözlənilən bir xalq üsyanının qaçılmazlığı barədə xəbərdarlıqlara qulaq asmamağın ən böyük zərbəsi də sonda bu hakimiyyətə dəyəcək.

  10. Turan
    Yanvar 17, 2011 tarixində, saat 4:58 axşam

    ilham eliyev Tunisde bas veren “Yasemen inqilabi”ndan sonra yaxsi-yaxsi dusunse pis olmaz. Azebaycanda yasanan olaylari siradan bir olaydir deyib kecmek heyderizm tokuntulerine baha basa gele biler. Eli bey dogru buyurursunuz bir gun gec bir gun tez mutleq azadliq ve demokratiya qalib gelir. ilhamin da olkeden qacacagi gune az qalib lap az.hara qacsa da son unvani qapali tecridxana olacaq

  11. namiq shemkirli
    Yanvar 17, 2011 tarixində, saat 7:15 axşam

    Bu hakimiyyət kartdan düzəldilmiş evciyə bənzəyir. Kənardan çox möhkəm və möhtəşəm görünür. Əslində isə bircə barmaq çırtması da kifayətdir ki bu kağız evcik səpələnib dağılsın. Bunu özləri də yaxşı bilirlər. Rejimin hədsiz qəddarlaşması da bu qorxudan irəli gəlir. Tunisdə inqilabı alovlandıran qığılcım bir gəncin özünü yandırması oldu. Azərbaycanda bu qığılcımın hansı hadisə olacağını isə, zənnimcə, o qədər də uzaq olmayan qələcək göstərəcək.

  12. Ilgar Nasibov
    Yanvar 18, 2011 tarixində, saat 12:51 axşam

    Əli Bəy çox sağ olun ki, siz bir siyasətçi olaraq tez-tez özünüzün obyektiv və subyektiv fikirlərinizi oxuculara çatdırırsınız. Azərbaycanda normal cəmiyyətin formalaşmasının şahidi olcağıq. Artıq yüksək səviyyəli məmurlar da bu rejimdən cana doyublar. Ciddi hərəkat başlasa mən inanıram ki, Tunus hadisələri burada da təkrar olunacaq.

  13. Yanvar 18, 2011 tarixində, saat 7:54 axşam

    Bu meqalenin en vacib ve ehemiyyetli siyasi mesaji heqiqeten olke rehberinin ozune goture bileceyi ibretlerdir.Amma chox teesuf ki,TARIX YALNIZ TARIXDEN DERS GOTURENLER UCHUNDUR.Bizim hokumetin xammal ixraci hesabina elde etdiyi neft pullari gozunun altini gormeyine imkan vermir.Ona gore bele ozunden razi ve tekebburlu siyasi davranish numayish etdirir.Amma bu aci sonluga aparir.Sevindirici hal orasidir ki,bu davranishlari achiq qerezle davam etdirenler ozlerini daha da hemin hedefe yaxinlashdirir.
    Dunyanin sonu deyil ki?Yashayiriq gorerik.Amma inaniram ki,bizim omrumuz bu aci sonlugu gormeye imkan verecek.Bu gune ozume inandigim qeder inaniram.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: