Əsas səhifə > Yazılar, Əli Kərimli > Türkiyədə çap olunmuş yazım

Türkiyədə çap olunmuş yazım

Əli Kərimli Türkiyəyə səsləndi

Çərşənbə, 19 Yanvar 2011 17:05 Oxunub: 2111

İlham Əliyev Azərbaycan demək deyil, tənqidlərinizi onun öz adına ünvanlayın…”

“Türkiyənin Le Monde-u” AXCP sədrinin məqaləsini dərc edib

“Xalqımız əsarətdən qurtulub demokratiyasını qurduqdan sonra heç vaxt qardaş Türkiyənin uğurlarından xoşlanmayan qüvvəni iqtidar etməz”

Türkiyənin nüfuzlu nəşrlərindən olan “Turquie diplomatique” (“Türk diplomatiyası”) qəzeti AXCP sədri Əli Kərimlinin məqaləsini dərc edib. Məqalədə AXCP sədri Türkiyə ictimaiyyətinə səslənir və qardaş ölkəni Azərbaycanda demokratiya uğrunda mübarizəyə laqeyd yanaşmaqda qınayır.

“Turquie diplomatique” Türkiyədə daha çox diplomatik çevrələrin və fikir mərkəzlərinin qəzeti – sözçüsü kimi xarakterizə olunur. Qəzet əvvəllər dünyanın ən populyar nəşrlərindən olan “Le Monde” (Fransa) türkcə variantı kimi dərc edilib. Sonradan isə müstəqil qəzet kimi fəaliyyət göstərməyə başlayıb. Lakin adını dəyişməyərək fransızca saxlayıb.

AXCP sədrinin məqaləsini olduğu kimi təqdim edirik.

Azərbaycanın demokratikləşməsi Türkiyəyə lazım deyilmi?

İndi bütün dünya bəzi istisnalarla ya demokratiyaya doğru gedir, ya da ölkəsində bərqərar etdiyi demokratiyanı təkmilləşdirir. Bəli, bir zamanlar demokratiyaya alternativ kimi təqdim olunan idarəetmə sistemləri çox qüdrətli görünürdü. Stalinin liderliyi ilə Sovet totalitarizmi, Hitlerin liderliyi ilə faşist diktaturası qısa zaman kəsiyində inkişaf, qüdrət illüziyası yarada bilmişdi. Tarix bu kimi rejimlərin xalqlara inkişaf və rifah deyil, yalnız zülm və acı gətirəcəyini çox qısa zamanda sübut etdi. Bir vaxtlar dünya miqyasında geniş yayılmış kommunist hərəkatlarının da iflasından sonra bu gün demokratiyanın dünya miqyasında ciddi bir alternativinin olmadığını deyə bilərik.

Azərbaycan xalqı hər fürsətdə demokratiyanı seçir

Azərbaycan xalqı da tarixən əlinə düşən hər fürsətdə demokratiyanı seçir. XX əsrin əvvəllərində Rusiya imperiyası dağılan zaman xalqımız həm öz müstəqil dövlətini, həm də böyük liderimiz Məhəmməd Əmin Rəsulzadənin öncüllüyü ilə bütün Şərq dünyasında ilk demokratiyanı – Azərbaycan Xalq Cümhuriyyətini qurdu. İki il sonra bolşevik Rusiya Azərbaycanı işğal edib, hələ çox kövrək olan demokratiyanı da ölkəmizdə məhv etdi. Azərbaycanda tam 70 il kommunist işğalı dövrü davam etdi.

Əliyevlər bir dəfə də demokratik seçki keçirmədi

Nəhayət, Qorbaçovun “perestroyka”sından sonra Azərbaycanda yenidən paralel olaraq həm müstəqillik, həm də demokratiya uğrunda böyük xalq hərəkatı başlandı. Bu dəfə hərəkatın lideri sizin yaxşı tanıdığınız, ümid edirəm ki, hələ də xatırladığınız Əbülfəz Elçibəy idi. Azərbaycanda bağımsızlıq və demokratiya uğrunda mübarizədə milyonlarla insan iştirak edirdi. 1989-cu ildə Almaniyanın dünyaca məşhur “Şpigel” jurnalı Azərbaycan xalqını dünyada ilin xalqı elan etdi. Sovetlər Birliyinin süqutu ilə müstəqilliyini bərpa edən Azərbaycan qısa bir zaman içində demokratiyasını da bərqərar etdi. Sovetlər dönəmində siyasi məhbus həyatı yaşamış Ə.Elçibəy azad, ədalətli seçkilər nəticəsində prezident seçildi. Yeni hökumət dərhal ciddi demokratik islahatlara başladı. Amma Azərbaycanı sevməyənlər bu vəziyyətlə barışmadı. Jəmi 1 il sonra Rusiya və İranın mühafizəkar dairələri tərəfindən dəstəklənən bir qrup qiyam qaldırdı. Ə.Elçibəy iqtidarı zorla devrildi. Heydər Əliyev bir çevriliş sonucu olaraq Azərbaycanda hakimiyyəti ələ keçirdi. O zamandan bu günə qədər – 17 il ərzində ata və oğul Əliyevlər bir dəfə də demokratik seçki keçirmədi. Seçkilərdən felən zəbt etdikləri hakimiyyətə qanunilik donu geyindirmək, gözdən pərdə asmaq üçün istifadə etdilər.

2010-cu il parlament seçkiləri də tam saxtalaşdırıldı

Bu qısa tarixi ekskursu ona görə etdim ki, xalqımızın öz iradəsini hürr şəkildə ifadə etməyə imkan tapan kimi demokratiyanı və azadlığı seçdiyini, kommunizmi və avtoritarizmi isə Azərbaycanı sevməyən dış güclərin ya birbaşa (1920-də), ya da dolayısı ilə (1993-də) Azərbaycanda bərqərar etdiyini xatırladım.

7 noyabr 2010-cu ildə Azərbaycanda parlament seçkiləri keçirildi. Seçkilər tam olaraq saxtalaşdırıldı. Müxalifətdən olan namizədlərin 60 faizi heç seçkiyə buraxılmadı. Seçkiyə buraxılmış müxalifətçi namizədlərin tam əksəriyyəti seçkiyə gələn seçicilərin çoxunun səsini alsa da, hökumət məmurları, müxalifətdən olan müşahidəçiləri seçki məntəqəsindən qovaraq, hökumət namizədlərinin lehinə topa-topa bülletenlər tökərək seçkinin nəticəsini saxtalaşdırdı. Parlamentə bir nəfər də müxalifətçi seçilmədi. Seçkiləri müşahidə etmiş bütün ciddi beynəlxalq təşkilatlar – ATƏT, AB, ABŞ seçkilərin beynəlxalq standartlara uyğun olmadığını, saxtalaşdırıldığını bəyan etdilər.

İmkan verməyin ki, şübhəli əlaqələri olan mənfəət qrupları Azərbaycan xalqına zülm edən, sərvətlərini ata malı kimi mənimsəyən, haqq və özgürlüklərini əlindən alan korrupsioner rejimə Türkiyə adından çıxış edərək dəstək olsun

Türkiyədən gəlmiş müşahidəçilər saxta seçkiləri tərifləyirdilər

Bizim, zatən dünyadan başqa bir gözləntimiz yoxdur. Baş verənləri adı ilə çağırsalar, yetər. Nə qədər əziyyət və qurbanlar bahasına olsa da, Azərbaycanı demokratiyaya biz özümüz aparacağıq. Başqa heç kimsədən ümidimiz və gözləntimiz yoxdur.

Bu arada Türkiyədən gəlmiş, bəlkə də gətizdirilmiş çoxsaylı müşahidəçilər xalqımızı növbəti dəfə məyus etdilər. Ona görə “növbəti dəfə” sözündən istifadə etdim ki, bu baş verənlər ilk deyildi, zatən hər dəfə seçkilərdən sonra belə olur. Türkiyədən gəlmiş çoxsaylı müşahidəçilər – çoxu da millət vəkili idi – hökumətin tam nəzarətində olan televiziyalardan bu saxta seçkiləri tərifləyirdilər. Bu seçkilərin son dərəcə demokratik olmasından yorulmadan, saatlarla bəhs edirdilər.

Bu zaman azad seçmək hüququndan məhrum edilmiş xalqımızın nə düşündüyünü təsəvvür etmək istərmisiz?

Təsəvvür edin, sizdə belə seçki keçirilir, ürəyiniz partlamazmı?

O zaman gözlərinizi yumub təsəvvür edin ki, sizdə belə bir parlament seçkiləri keçirilir. Ölkə boyu bütün seçki komissiyaları iqtidar partiyasının tam kontrolundadır, bütün seçki komissiyalarının sədrləri bir partiyanın – iqtidar partiyasının üzvləridir. Seçim kampaniyası zamanı müxalifətin mitinq və nümayiş keçirməsinə dövlət izn vermir, bütün televiziyalar müxalifətə qapalıdır. Ölkədə bütün quruluşlar – məhkəmələr, ordu, həmkarlar ittifaqları da daxil olmaqla, hətta 1 partiyaya da yox, 1 şəxsə bağlıdır, onun əmrləri ilə hərəkət edir. Parlamentə 1 nəfər də müxalifətçinin seçilməsinə imkan verilməmişdir. Hələ gözlərinizi açmayın və düşünün ki, bu arada Azərbaycandan gəlmiş yüzlərlə seçki gözləmçisi qardaşlarınız televiziyalarınıza doluşub, sizi inandırmaq istəyirlər ki, sizdə dünyanın ən adil, azad seçkisi keçirilib. Ürəyiniz partlamazmı? Biz də beləcə acı təəssüratlar yaşadıq.

Biz küsmədik, Türk millətinə şikayət etmək qərarına gəldik

Türkiyədən gəlmiş gözləmçi soydaşlarımızı saxtakarlığın, yalan və hiylənin himayədarı kimi görmək üzdü bizi. Təəssüf etdik. Amma böyük Türk millətindən küsmədik, incimədik. İnsan öz millətindən heç zaman küsməməlidir zatən. Biz bu yalançı gözləmçilərdən, haqqı, ədaləti, dürüstlüyü Azərbaycandakı korrupsioner hökumətə satan mənfəət qruplarından Türk millətinə şikayət etmək qərarına gəldik. İmkan verməyin ki, bu şübhəli əlaqələri olan mənfəət qrupları Azərbaycan xalqına zülm edən, sərvətlərini ata malı kimi mənimsəyən, haqq və özgürlüklərini əlindən alan korrupsioner rejimə Türkiyə adından çıxış edərək dəstək olsun.

Unutmayın, İlham Əliyev Azərbaycan demək deyil

Həmin mənfəət qrupları belə hərəkətləri ilə təkcə Azərbaycanda yaşayan soydaşlarının deyil, Türkiyənin də maraqlarına zərbə vurur. Hər bir seçki saxtakarlığına haqq qazandırdığınız İlham Əliyev bu yaxınlarda bəlli oldu ki, heç Türkiyənin enerci mərkəzi olmasını da qəbul etmirmiş.

Türkiyədəki bəzi qardaşlarımız bilərəkdən və ya bilməyərəkdən tez-tez bir şeyləri qarışdırır. Biriləri İlham Əliyev rejiminə verdiyi dəstəyi Azərbaycana dəstək kimi təqdim edir. Bir başqa qardaşlarımız da İlham Əliyevin Türkiyəyə yönəlik yanlışlıqlarını, səhvlərini Azərbaycanın səhvi, yanlışlığı kimi təqdim edir. “WikiLeaks”in İlham Əliyevin Türkiyə əleyhinə olan fikirlərini yayımlamasından sonra Türkiyə mediasında “Azərbaycanın “dostluq və qardaşlıq” mesajlarının saxtalığı göründü”, “Azərbaycan Türkiyəni arxadan bıçaqladı” kimi yanlış və haqsız ifadələr işləndi.

Qardaşlarım, lütfən bunu heç unutmayın, İlham Əliyev Azərbaycan demək deyil. İlham Əliyevin əməllərini, açıqlamalarını tənqid etmək istəyirsinizsə, bu tənqidlərinizi şəxsən onun öz adına ünvanlayın. Azərbaycanın nə günahı? O, nə zaman Azərbaycan xalqından azad, ədalətli seçkilərdə dəstək aldı ki? Azərbaycan xalqı onu nə zaman prezident seçdi ki?

Azərbaycanın demokratikləşməsi Türkiyəyə lazım deyilmi?

Azərbaycanda yaşayan insanlar da zatən sizin biriniz. Eyni millətə aid sadə insanların “dostluq və qardaşlıq” mesajları necə saxta ola bilər? Azərbaycan Türkiyəni heç zaman “arxadan bıçaqlamaz”. Azərbaycanlılar heç zaman unutmaz ki, 92 il öncə paytaxtımız Bakını yadelli işğalçılardan azad etmək üçün canlarından keçmiş minlərlə Türk əsgər və zabiti bu torpaqlarda əbədi olaraq uyuyur.

Maləsəf, xalqımız hələ azad deyil, öz milli iradəsini iqtidar edə bilməyib. Heç şübhəniz olmasın ki, indiki əsarətdən qurtulub demokratiyasını qurduqdan sonra bu xalq heç vaxt qardaş Türkiyənin uğurlarından xoşlanmayan bir siyasi qüvvəni iqtidar etməz.

Hər kəsi bu sual üzərində düşünməyə dəvət edirəm: Azərbaycanın demokratikləşməsi Türkiyəyə lazım deyilmi?

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. namiq shemkirli
    Yanvar 25, 2011 tarixində, saat 8:08 səhər

    Son dərəcə mühüm olan bu məsələni qbqrtdığınız üçün sizə təşəkkürlər Əli bəy! Türk dünyasında, eləcə islam dünyasında həqiqi demokratiyaya sahib olan yeganə dövlət Türkiyədir. Amma rəsmi Ankara nə türk cümhuriyyətlərində nə də başqa müsəlman ölkələrində demokratiyani dəstəkləməyə tələsmir. Türkiyə özü demokratik ölkədirsə, deməli ölkədaxili ictimai rəyin hakimiyyətə təsiri də böyükdür. Bu səbəbdən də müxalifətdə olan müsəlman demokratları türk ictimai rəyinə birbaşa təsir etməklə vəziyyəti dəyişə bilərlər. Bu baxımdan, zənnimizcə türk cümhuriyyətləri (və ümumilikdə müsəlman) demokratlarının koordinasiyalı fəaliyyəti səmərəli ola bilər.

  2. Azərbaycan
    Yanvar 25, 2011 tarixində, saat 3:36 axşam

    Hörmətli Əli bəy.Mən də bir vətəndaş kimi bu millətin halına cox acıyıram.Biz nə vaxta qədər durub gözləyəcəyik ki, yuxarı eşalonda olan kürdlər və digər tullantılar bizi əzib və Azərbaycanımızı talayacaqlar.Nə vaxta qədər siz susacaqsınız.

  3. vasif efendi
    Fevral 3, 2011 tarixində, saat 3:55 axşam

    Əli bəy!Mən bu yazıya bir dəfə münasibət bildirmişəm.Amma qısa olaraq oxuculara demək istəyirəm ki,Doğurdanda bu yazı bu günkü ictimai-suyasi vəziyyəti düzgün dəyərləndirən mükəmməl bir nümunədir.Yəni bu məqaləni oxuyaraq bundan sonra atılacaq addımları tənzimləmək mümkündür.Yəni bu nümunə bütün demokratik düşərgəyə aiddir.

  4. Ahıskalı
    Fevral 15, 2011 tarixində, saat 10:43 səhər

    Sn Ali bey Ben Türkiyeden yazıyorum.Çalışmalarınızı gönülden destekliyorum.Allah yardımcınız olsun çünkü işiniz gerçekten çok zor.Ama imkansız değil.Arap ülkelerinde bile yeter diye bilen bir kitle var.Dünyada eğitim seviyesi en yüksek ülkelerden biri olan AZERBAYCAN da yeter demek çok daha kolay olamlı.Sadece yılmamak,korkmamak,çalışmak ve sabretmek.Türkiye size açıktan destek vermeye bilir bu siszi umutsuzluğa sevketmesin.Sadece prosedür gereği.Ben aliyev hanedanını seven bir Türk olabileceğini düşünmüyorum.En azından Türkiyede karşılaşmadım.Bir gün mutlaka bavulunu eline alıp moskovanın yolunu tutacak.Başarılar diliyor saygılarımı sunuyorum.

  5. Aprel 28, 2011 tarixində, saat 2:34 axşam

    salam Cenab Ali Kerimli sizin ad gununuzu tebrik edirem men bir vatandas kimi sizi destekleyirem.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: