Əsas səhifə > Yazılar, Əli Kərimli > Misir dərsləri

Misir dərsləri

Məğlubedilməz diktator yoxdur. Azad olmaq qərarını hələlik elliklə verməmiş millətlər var.

3 həftədir ki, Misir inqilabı dünya gündəminin əsas məsələsidir. Hələ uzun müddət bəşəriyyət bu inqilabı müzakirə edəcək. Misir inqilabı bizim son illərdə şahidi olduğumuz məxməri inqilablardan deyildi, gerçək bir inqilab idi. Şübhə etmirəm ki, Misir inqilabı Fransa inqilabından və Rusiyadakı 1917-ci il fevral inqilabından sonra bəşəriyyətin inkişafına ən çox təsir edən bir inqilab olacaq. Bu inqilab həm də ona görə hələ uzun illər müzakirə mövzusu, dərsliklərin predmeti olacaq ki, əvvəlki böyük inqilablardan fərqli olaraq bu inqilab dünyanın gözü qarşısında baş verdi. Milyardlarla insan bu inqilabı demək olar ki, televiziya və internet vasitəsilə canlı olaraq izlədilər. Mən də zaman-zaman Misir inqilabından çıxardığım nəticələri, gəldiyim qənaətləri, ümumiləşdirmələri oxucularla bölüşmək niyyətindəyəm.

Misirdə hakim partiyaya milyonlarla üzv qəbul etdirmişdilər. Burada adamları YAP-a hansı yollarla üzv etdirirlərsə, orada da həmin üsullardan istifadə olunurdu. Parlamentdə bir-neçə istisna ilə yalnız H. Mübarəkin partiyası təmsil olunurdu. Polisin sayına görə isə Misir özünəməxsus rekord müəyyənləşdirmişdi. Ölkədə 1.4 milyon nəfər polis “sabitliyin keşiyindəydi”. İnqilab başlayandan sonra məlum oldu ki, inzibati yolla formalaşmış bu çoxmilyonluq iqtidar partiyası yalnız bir işə yaradı- qəzəblənmiş kütlənin nifrətini özünə cəlb etməyə. Qahirədə nümayişçilərin ilk yandırdığı bina hakim partiyanın mərkəzi ofisi oldu. Sonra da növbə regional ofislərə çatdı. 1.4 milyonluq qəddar polis ordusu da rejimi qoruya bilmədi. Polis idarələri də narazı xalqın qəzəbini özünə cəlb etmiş obyektlərdən oldu. Onlar da yandırıldı. Polislər isə həvtələrlə adam içinə çıxa bilmədilər. 100 000-lərlə xüsusi xidmət əməkdaşlarının müxalifətçiləri izləməsi də, 1000-lərlə müxalifət fəalının müxtəlif qurama cinayət işləri ilə həbs olunması da, rejimi qoruya bilmədi.

Misirdəki prosesləri 2008- ci ildən izləyirəm. Təqribən o vaxtlardan H. Mübarək varis planını reallaşdırmağa başladı. Özündən sonra hakimiyyəti oğlu Camala ötürmək istəyirdi. İndi hamı bilir ki, Tunis inqilabı Misir inqilabını bir kotalizator kimi sürətləndirdi. Amma əminəm ki, inqilabı məhz H. Mübarəkin varis planı yetişdirmişdi.27 il sərt avtoritarizmə dözmüş insanlar nə zamansa bu zülmün bitəcəyini gözləyirdi. Məlum olanda ki, rejim əbədilik iddisındadır. Sülalə hakimiyyəti davam edəcək, insanlar bu zülmdən xilas olmaq üçün özlərini qətiyyətli qərarlar verməyə hazırladılar.

1-ci nəticə:

Heç bir qadağa və təqiblər, inzibati resurslar və güc tətbiqi daimi hakimiyyətə təminat yarada bilməz. Fironların sonu əbədi hakimiyyətə iddia ilə gəlir.

Misirdə kütləvi narazılığın yaranmasının səbəbləri çox idi. Rəsmən əhalinin 40%-dən artığı kasıblıq həddindən aşağı səviyyədə yaşayırdı. İşsizlik, ədalətsizlik, təbəqələşmə geniş yayılmışdı. Ölkədə keçirilən bütün seçkilər saxtalaşdırılırdı. Xalqın seçki yolu ilə hökumət və parlamenti dəyişmək imkanı yox idi. Həyatın bütün sahələrində azadlıqlar məhdudlaşdırılmışdı. Korrupsiya və rüşvət adi həyat normasına çevrilmişdi. Amma bütün bunlarla yanaşı qonşu Tunisdə olduğu kimi burada da insanları daha çox hakim ailənin hər şeyə sahib olmaq istəyi, hədsiz var-dövlət toplaması qəzəbləndirirdi.

2-ci nəticə:

Avtoritar liderlərin 1-ci bəlası hakim ailənin acgözlüyüdür.

Misir inqilabı bizim ölkəmizdə çox populyar olan “filan ölkədə demokratik dəyişikliklərə demokratiya paytaxtlarının münasibəti necə olar?” tipli suala da cavab verdi. Cəmi 3 həvtə bundan qabağa qədər H. Mübarəkin bütün Ərəb dünyasında ABŞ və bütövlükdə Qərb üçün ən mühüm, etibarlı, vazkeçilməz müttəfiq olduğu bəlli idi. Hətta söhbət belə bir vacib müttəfiqdən getsə də Misir xalqı kütləvi şəkildə ayağa qalxanda Qərb haqlı olaraq azadlıq uğrunda mübarizəyə qalxmış xalqla həmrəy olmağı seçdi. ABŞ və AB rəsmilərinin 25 yanvardan 3 fevrala qədər ki, dəyişən mövqeyinin dinamikasını təhlil edib əmin olmaq olar ki, xalqın kütləviliyi, özünə inamı artdıqca ABŞ və Avropa siyasətçilərinin də xalqın tələbinə dəstəyi artırdı.

3-cü nəticə:

Növbəti dəfə sübut olundu ki, azadlıq uğrunda mübarizəyə qalxmış xalqın daxili gücü, müqaviməti, kütləvi mübarizəsi beynəlxalq aləmin dəstəyini də labüd edir.

İnternet gerçəkdən də dünyanı dəyişir. Bir daha təsdiq olundu ki, elmi-texniki tərəqqi – indiki halda internet, mobil rabitə siyasi dəyişikliklərə də yol açır. Milyonlarla insanı aktiv ictimai- siyasi fəaliyyətə cəlb edir . Misirdə narazı kütlənin, xüsusilə gənclərin şəbəkələşməsində, aktiv siyasi mövqe tutmasında xüsusilə facebookun müstəsna rolu oldu. Misirdə 5 milyon insan bu sosial şəbəkənin istifadəçiləri idi.

Yeni mediya təkcə ölkələrin daxili siyasətini canlandırmayıb, beynəlxalq münasibətləri də ciddi şəkildə dəyişib. Əvvəllər hətta demokratik dövlətlər də daxildə öz vətəndaşlarına münasibətdə demokratik prinsiplərə əməl etsələr də, xarici siyasəti demokratik prinsiplərə görə deyil, “real siyasət” adlanan dövlət maraqlarına görə qurardılar. Amma bu gün internetin, peyk rabitəsinin, sosial şəbəkələrin varlığı səbəbindən nəinki insan haqlarının pozulması, o cümlədən siyasi kataklizmlər, seçki saxtakarlığı da heç bir ölkənin tam olaraq daxili işi ola bilmir. İndi dünyada tarix milyardlarla insanın gözü qarşısında və iştirakı ilə yazılır. Artıq demokratik ölkələrin hökumətlərinin imkanı yoxdur ki, digər ölkələrdə baş verənləri öz xalqlarından gizlətsinlər və dövlət maraqlarını əsas gətirib, istədikləri qərarları versinlər. Misir inqilabını demək olar ki, canlı izləyən amerikalı və ya avropalı öz hökumət başçılarının diktatoru dəstəkləməsinə imkan verərdimi? Qərb liderləri hansısa motivlərlə mübarizə aparan xalqı deyil, diktatoru dəstəkləsəydilər seçki zamanı öz xalqları tərəfindən cəzalandırılardılar. Artıq hər bir xalqın azadlıq mübarizəsi, həm də başqa xalqlar tərəfindən dəstəklənir.

4-cü nəticə:

İnternet azadlıq istəyən insanların əlində bu gün ən təsirli silahdır. O nəinki ölkədaxili vəziyyəti, hətta beynəlxalq münasibətlərin, xarici siyasətin də ənənəvi prinsiplərini dəyişir.

H. Mübarək tam 18 gün öz xalqına qarşı dirəniş göstərdi. Bu 18 gündə bəlkə də əvvəlki 30 ildə olduğundan da artıq nifrət qazandı.

Polislərinə “vur” əmrini verdi. 300-dən artıq dinc nümayişçi ölürüldü. İnternet bütünlüklə qapadıldı. Bu onu xilas etməyəndə paytaxta ordu yeridib, tankların arxasında gizlənib, islahat görüntüsü ilə xalqı aldatmağa və yormağa çalışdı. Bu da onu xilas etməyəndə ölkədə vətəndaş müharıbəsinə cəhddən belə çəkinmədi. Mülki geyimli polisləri, xüsusi xidmət əməkdaşlarını, hakimiyyətin qeyri- rəsmi cəza dəstələrini silahlandırıb atlarla, dəvələrlə nümayişçilərin üstünə göndərdi. Bir sözlə hakimiyyət hərisi olan, qətiyyətli və acımasız diktatorun edə biləcəyi hər şeyi etdi. Amma heç bir nəticə əldə etmədi.

Bütün diktatorlar gördü ki, qorxu hissinə qalib gəlmiş, azadlıq uğrunda son döyüşə qərar vermiş xalqlar məğlubedilməzdir. Ən iyrənc təzyiq vasitələrinin də aciz və gücsüz qaldığı məqamlar var.

H. Mübarək məqsədə çatmaq üçün bütün qeyri-insani vasitələri məqbul bilən, qəddar biri idi. Eyni zamanda etiraf olunmalıdır ki, cəsarətli bir şəxs idi. 2 dəfə müharibədə iştirak etmiş, 2 hərbi akademiya oxumuş peşəkar hərbçi idi. O Bakiyev, Ben Əli kimi liderlərlə müqayisə olunmaz dərəcədə fərqli idi. Nə indi, nə gələcəkdə heç bir avtoritar lider Mübarəkin məğlubiyyətini onun qətiyyətsizliyi, səhlənkarlığı ilə izah edə bilməz. O mükəmməl bir ŞƏR qüvvə idi, amma o da xalq qarşısında məğlub oldu. Deməli, istisna olmayacaq. Dünyadakı 20-30 avtoritar liderin hamısı, İlham Əliyev də daxil olmaqla labüdən məğlub olacaq. Hansı avtoritar lider nə zaman məğlub olacaq? Bu sualın cavabını xalqlar verəcək. Hansı xalq köklü dəyişiklik qərarını nə vaxt verəcəksə, onda da azad olacaq.

5-ci nəticə:

Məğlubedilməz diktator yoxdur. Azad olmaq qərarını hələlik elliklə verməmiş millətlər var.

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Fevral 14, 2011 tarixində, saat 12:07 səhər

    Mence bizdada temizleme iwleri aparmag lazimdi.Amma bizde rusiya ve iran kimi duwmenlerda varki,ermeniler onlardan hetta gucsuz gorunur.Bizim bu hakimmiyyata garwi galxmagimiz problem deyil,problem yarana bilecek hadiselerdan ruslarin ve farslarin bundan istifade ede bilecekleridi.Tarixda bele praktika var.

    • Fevral 14, 2011 tarixində, saat 6:52 səhər

      Bu yazı elə məncə xalqa müraciətdir. Misir dərsi çoxlarına çox şey öyrədəcək. Vay o kəslərin halına ki, axının əleyhinə getmək istəyir

  2. Araz
    Fevral 14, 2011 tarixində, saat 4:51 səhər

    ALi bey, mence xalqa achiq video muracietlerin vaxti chatib. Xalqa bu gunlerde rehberliyi siz etmelisiniz. Bu mesuliyyeti qiymetlendirin. Teshekkur edirem.

    • Anar
      Fevral 14, 2011 tarixində, saat 7:59 səhər

      Araz bəylə tamamilə razıyam. Video ilə müraciətlər çox təsirli olar.

  3. Fevral 14, 2011 tarixində, saat 5:39 səhər

    Dəyərli yazıdır. Misir prezidenti Hüsnü Mübarək bütün diktatorlar üçün bir örnək idi. Bu gün də bir çox diktatorlar onun qurduğu sxem üzrə idarəiçilik aparırlar. Mübarəkin yıxılmasından sonra artıq heç bir diktatura uzun müddət qala bilməyəcək. Dünya dəyişir və dəyişmək istəməyən Mübarəkin taleyini yaşayacaq.

  4. elxan
    Fevral 14, 2011 tarixində, saat 6:37 səhər

    Əli bəyin misir haqında yazdığı yazını müzakirə etmək,o qədərdə ehtiyac duymuram. Səbəb Əli bəy xalqa öz mesajın verir xalq və başqa rartiya nümayəndələri papağın qabaqlarına qoyub, yaxşı-yaxşı fikirləşsinlər. Xalq ücün, vətən ücün, dəyərli insanlar ücün.Düşünürəm ki, hər şeyin acıq danışmaq məqamı gəlib, yoxsa cox adamlar ortalıqa cıxacaq. Mən də deyirəm xalqa vidio vasitəsilə catdırmaq lazımdır, hansı proseslər cərəyan edir, ölkədə və yaxud da dünyada.

  5. vasif efendi
    Fevral 14, 2011 tarixində, saat 7:26 səhər

    Bu məqalədəki 3-cü nəticə ilə əlaqədar onu əlavə etmək istəyirəm ki.həqiqətən bu gün dünya dövlətlərinin xalqları öz rəhbərlərinin ölkələrinin xarici siyasətində tutmaq istədiyi və keçmişdə reallıq adlandırdıqları mövqeyi sərgiləməyə imkan vermirlər.Bu gün Türkiyə mətbuatı ilə tanış olduqda bu hadisənin şahidi oldum.Türkiyə mətbuatı Erdoğan igtidarını digər ərəb diktatorlarını dəstəkləməkdə ittiham edir.Və bunu vicdan siyasəti kimi qiymətləndirir.Bu siyahıya YYəmən,Cəzair və Suriya dövlətləri daxildir.

  6. Təzəxan Mirələmli
    Fevral 14, 2011 tarixində, saat 8:15 səhər

    Sağ olun, Əli bəy! Realliği tam əks etdirən bir yazidir. Nəticələr və yolu dəqiq göstərmisiniz. Qalir bundan ELLIKLE yararlanmağimiz.

  7. Fevral 14, 2011 tarixində, saat 1:35 axşam

    Ali beyin Misir inqilabini ehemiyyetine gore Fransa burjua ve Rusiyada bash vermish fevral burjua inqilabi ile eynileshdirmesi cox ciddi meseledir.Tekce Fransiz burjua inqilabinin davamli neticesi olaraq butun qerb yarimkuresi azadliga qovushmushdusa bele qenaet hasil olur ki,Misir inqilabida butun sherqi azadliga qovushdurmaqla neticelenecek.

  8. Mehemmed
    Fevral 14, 2011 tarixində, saat 2:23 axşam

    Misir firounun bur tersliyinin zerbesini tek Mubarek hokumeti deyil,aile uzvleri de chekdi.Vaxtile Mubareki islahatlara nezaketle chagiran ABS-a sonradan qoca diktator dil tokmeye bashladi ki,tecili birge hokumet yaradaraq islahatlara gedecek.Amma onda artiq her shey gec idi.Sonradan ise daha fundamental reformalarin gec oldugunu dediler ve xalqin ictimai tezyiqinin qarshisinda uzusulu istefa vermeyi meslehet gorduler.18-ci gunu Mubarek tarixi fiorunluq taktikasinin kechmediyini gorub,olkeden qachdi.Bu 18 gunluq taleyuklu tarixi hadiseleri Ali bey,chox ustaliqla ve derin kontenti ile ifade edib.Diktatorlar uchun bu tezisler ibratamiz ve resept xarakterlidir.Oyrenin diktatorlar,oyrenin.Belke onda daha az sehv edersiz.Daha pisi ise odur ki,siz tarixden,ozude canli tarixden nese oyrenmirsiz.

  9. Fevral 14, 2011 tarixində, saat 4:30 axşam

    Əli bəy, çox sağ olun bu yazıya görə…
    “H. Mübarək məqsədə çatmaq üçün bütün qeyri-insani vasitələri məqbul bilən, qəddar biri idi. Eyni zamanda etiraf olunmalıdır ki, cəsarətli bir şəxs idi. 2 dəfə müharibədə iştirak etmiş, 2 hərbi akademiya oxumuş peşəkar hərbçi idi.O Bakiyev, Ben Əli kimi liderlərlə müqayisə olunmaz dərəcədə fərqli idi….” İlham əliyevi də onunla müqayisə etmək olmaz!
    ilham əliyevin hüsnü mübarək… Əliyevlər üçün də bu gündən var…

  10. Sabir Cabbarov
    Fevral 14, 2011 tarixində, saat 6:10 axşam

    Adi bir vətəndaş kimi Əli Kərimlinin siyasi analizlərini oxuyuram. Doğurdan da Azərbaycanda həqiqi siyasətçi var. Prezident Aparatı üstəgəl nazirlər kabineti toplaşsa bir belə yazı ortaya qoya bilməzlər. Sevə-sevə, bir an dayanmadan oxudum.

  11. Natiq Güləhmədoğlu
    Fevral 15, 2011 tarixində, saat 9:35 səhər

    “Məğlubedilməz diktator yoxdur. Azad olmaq qərarını hələlik elliklə verməmiş millətlər var”.

    ƏIi bəyə möhtəşəm yazı üçün ancaq təşəkkür etmək və belə bir inqilabı etməyi ondan beklediyimi yazmaq istərdim…

  12. Mammad Ibrahim
    Fevral 15, 2011 tarixində, saat 8:08 axşam

    Bu yazini vereqe halinda cap edib yaymaq lazimdir,bu xalqa muracietdir.100-de 80 effekt verer!

  13. namiq shemkirli
    Fevral 15, 2011 tarixində, saat 9:53 axşam

    Misir inqilabının Azərbaycana real təsirinə diqqət yönəltmək istərdim. Bu inqilab əliyevlər rejimini qorxutdu. Və bunu hamı gördü:- antikorrupsiya isteriyasında. Son 2-3 həftəyə qədər iqtidarın əsas gücü onda idi ki, o, nə xalqdan, nə müxalifətdən nə də beynəlxalq aləmdən qorxmadığını ictimai rəyə yeridə bilmişdi. Misir fonundakı antirüşvət çabalaması isə çoxluq tərəfindən birmənalı olaraq “bunlar qorxdular” kimi dəyərləndirildi. Rejimin geri addım atması onu xalqa qarşı işlətdiyi ən güclü silahdan-“əliyevlər məğlubedilməzdir” mifindən məhrum etməkdədir. “Hakimiyyətdəkilər qorxdular” fikrinin geniş yayılması bir tərəfdən cəmiyyəti ruhlandırırsa, digər tərəfdən də, hakim düşərgə daxilində çaşqınlıq və vahimə yaradır.

  14. Fevral 16, 2011 tarixində, saat 5:54 səhər

    Şərq dünyası oyanır. Bu sevindirməyə bilməz. İnsanlar azad və bərabər doğulur. Allah qarşısında da onlar bərabərdir. Yaxın 5-10 il bütün millətlərin oyanış dövrüdür. İnana bilmərəm ki, 5 ildən sonra ciddi bir diktatura hələ də yaşaya bilsin. Diktaturaları bütün dünya inkar edir.

  15. Qahraman
    Fevral 18, 2011 tarixində, saat 8:11 axşam

    bela bir samballi yaziya gora cox saq olun.Na yaxwi ki, SIZ varsiz…

  16. Haci
    Fevral 19, 2011 tarixində, saat 11:36 axşam

    Çox gözəl yazınıza görə təşəkür. Əli bəy hesab etmirsinizmi ki, şəxsən Siz gecikir və bu əlverişli zamanı əldən verirsiniz?
    Düzdü mən siyasətçi deyiləm, amma fikirləşirəm ki, vaxt itirmədən hazırlıqlarınıza başlamalısınız.

  17. orxan
    Fevral 21, 2011 tarixində, saat 4:09 axşam

    Mence her seyi oz adiyla cagirmag lazimdi …..qisacasi islahatlar aparilmasa hemin hadiseler bizdede bas vere biler

  18. araz
    Fevral 24, 2011 tarixində, saat 7:04 səhər

    heyatda hec ne ebedi deyil/yalniz…..

  19. araz
    Fevral 24, 2011 tarixində, saat 7:35 səhər

    sadece 350 yada 400 qurban vermek lazim gelecek.milyonlarin xosbextliyi ucun bu reqem azdir bele.onsuzda son bir nece ilde yuzlerle insan ozunu asib oldurub ve bu hele de davam edir.sizlerde olan ureyin (bu yolda cox seyi qurban vermisiniz)30% 2 milyon insanda olsa (artiq bu desteyi iqtidar ozu son 2-3 ilde sizin ucun formalasdirib) Siz ve Isa bey bizim liderlerimiz olacaqsiniz.ve men milyonlarla hemvetenim kimi eminem ki,bu yaxin zamanda bas verecek.inanin ki,bezileri geceleri (bu son hadiselerden sonra)hec de rahat yata bilmir.ama biz yatiriq.cunki milyonlarla dusmenimiz yoxdur yasadigimiz olkede.onlar sadece oz heyatlarini cehenneme ceviribler xalqin pullariyla.bu sadece bir xestelikdir (bin eli kimi pullari sandiga yigmaq) amma insan omru qisadir.coxu da eminem ki,seker xestesidir.esq olsun size.amma bu defe dayaginiz boyuk olacaq.bunu siz de bilirsiniz.biz haziriq.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: