Əsas səhifə > Yazılar, Əli Kərimli > Təşəkkürlər, Türkiyə!

Təşəkkürlər, Türkiyə!

Türkiyədə keçiriləcək parlament seçkilərindən yazmaq fikrim var. Yox, mənim  YAP kimi qardaş ölkənin daxili işlərinə qarışıb, hansısa partiyanın xeyrinə çağırış etmək niyyətim yoxdur. Hamımız Türk xalqının iradəsinə hörmətlə yanaşmalıyıq. Şəxsi simpatiyalarımızdan asılı olmayaraq, xalq kimi seçsə, biz də bu seçimə hörmətlə yanaşacağıq. Zatən, Türkiyə-Azərbaycan münasibətləri partiyaların və hökumətlərin fövqündə olan bir işdir.

Mən Türkiyədə sona çatmaqda olan seçki kampaniyasının iki məqamından bəhs edəcəyəm. Qeyd edim ki, Türkiyədə də demokratiyanın hələ daha da təkmilləşməsinə ehtiyac olduğunu, oranın da siyasətində bəzən ürək bulandıran işlər baş verdiyini bilirəm. Amma etiraf etmək lazımdır ki, ən elementar hüquqları belə əlindən alınmış azərbaycanlı üçün Türkiyə televiziyalarından izlədiyi seçki kampaniyası əsl demokratiya nümunəsidir.

Demək olar ki, bütün ciddi televiziya kanalları iqtidar və müxalifət partiyalarına bərabər imkanlar yaradır. İqtidar və müxalifət liderləri hər gün xalqın gözü qarşısında debatdadırlar. Üzərinə dövlət idarə etmək kimi məsuliyyətli vəzifə götürmüş şəxslərin seçkiləri saxtalaşdırmaq kimi bir əxlaqsızlığa cəhd edəcəyi heç kimin ağlına gəlmir. Müxalifət liderlərinin yeri rəsmi dövlət protokolu ilə müəyyən edilib. Hər gün 100 minlərlə insan mitinqlərə qatılır, amma heç kim “ay aman, sabitlik pozuldu, ölkədə xaos yaranacaq” deyərək hay-küy salmır, “yaxşı, bunlar getsə yerinə kim gələcək?” tipli primitiv suallarla öz hərəkətsizliyinə və qorxaqlığına bəraət axtarmır. Tam əksinə, Türkiyə gözümüz önündə hər gün böyüyür, güclənir və bütün türk xalqlarına demokratiyanın üstünlüklərini əyani şəkildə nümayiş etdirir. İnanıram ki, Türkiyədən gördüyü bu nümunələr bizim xalq üçün də izsiz keçmir, 100 minlərlə insanın demokratiya, azadlıq arzularını alovlandırır, bizi böyük dəyişikliklərə yaxınlaşdırır.

İkinci toxunmaq istədiyim məqam isə Türk toplumunda müşahidə etdiyim dinamizm, hər kəsin öz haqları uğrunda mərdliklə mübarizə aparmasıdır. Ümid edirəm ki, həmvətənlərim Türkiyə televiziyalarında yalnız seriallara yox, xəbər proqramlarına da baxırlar. Baxmayaraq ki, müstəqil məhkəmə sistemi var, xalq qarşısında məsuliyyət daşıyan və xalq tərəfindən mütamadi dəyişdirilə bilən (deməli, xalqla hesablaşmağa məcbur olan) hökumət və parlament iş başındadır, bu xalq hər gün  mübarizə aparır. Daha yaxşı, daha qürurlu yaşamaq, yeni-yeni imkanlar əldə etmək, dövlət orqanlarını, vəzifəli şəxsləri vətəndaşla daha sayğılı davranmağa məcbur etmək üçün Türk xalqı hər gün mübarizə aparır, əldə etdikləri ilə kifayətlənmir. Həmkarlar təşkilatları, tələbə birlikləri, müxtəlif dərnək və vəqflər, işsizlər, işçilər, kəndlilər, haqqının pozulduğunu düşünən hər kəs meydanlardadır.

Etiraf etmək lazımdır ki, xüsusilə də Azərbaycanda soydaşlarımızın əksəriyyətinin haqsızlıq, hüquqsuzluq və zülmlə “dinc-yanaşı yaşaması” fonunda, hətta zirəklərimizin, mübarizlərimizin belə hər hansı  tədbirdən sonra azı 5-10 gün istirahətə ehtiyac duyması şəraitində bizimlə eyni millət olduğuna hətta YAP rəhbərliyinin də şübhə etmədiyi Türk xalqının bu qədər enerjili, hərəkətli, mübariz olması təəccüb doğurur. Bizim eyni kökdən gələn bu iki toplum hazırda niyə bu qədər fəqlidir?

Əminəm ki, əsas səbəb Türk toplumundan fərqli olaraq bizim toplumun azad olmamasıdır. Uzunmüddətli əsarət, qeyri-demokratik idarəetmə istənilən xalqın mübarizə əzmini bir müddət zəiflədə bilir, təşəbbüskarlığı boğur, insanları hər şeyin azı ilə kifayətlənməyə öyrədir. Belə toplumlarda həyat o qədər çətin olur ki, özünüqoruma  instikti bütün başqa maraq və dəyərləri müvəqqəti də olsa, üstələyir. İnsanlar yeni nələrisə əldə etməkdən daha çox əlində olanları qorumaq haqqında düşünür.  Adamlar qorxaqlaşır, yazıqlaşır, başının salamat olması üçün çox şeyə dözür. Gözünü açıb zorun hakimiyyətini görən yeni nəsillər gözüqıpıq böyüyür. Bütün bu neqativ təzahürlərə görə isə məsuliyyəti əlbəttə ki, antiinsani rejimlər daşıyır.

Demokratiya, onun gətirdiyi şəxsi azadlıq duyğusu isə insanların ləyaqət, özünə inam hissini gücləndirir. Azadlıq insanda aşağılıq deyil, üstünlük kompleksi yaradır. İnsanlar daha yaxşı həyata layiq olduqlarına inanırlar. Azad cəmiyyətdə insanlar daha təşəbbüskar olurlar. Azad rəqabət mühiti insanların hətta  istedadının da açılmasına, cəmiyyətə təqdim olunmasına uyğun şərait yaradır. Hər gün özünü bəladan qorumaq hissi ilə yaşamayanlar daha cəsur olurlar.

Biz də millətimizə bu böyük və sehrli azadlıq duyğusunu yaşatmaq üçün çalışırıq. Hakimiyyətə gəlir mənbəyi, soyub-talamaq, xalqdan oğurlanan pullara görə lovğalanmaq imkanı kimi baxanlar bizi necə başa düşsün? Hələ qarşıdan 15 iyun gəlir. Ailəliklə hakimiyyətə gəlmələrini bayram kimi qeyd etməkdən utanmayanlar, 40 ilə yaxın bir müddətdə hakimiyyətdən beş əllə yapışıb, qopmayanlar rəqiblərini hakimiyyətə can atmaqda, hakimiyyət hərisi olmaqda ittiham edəcəklər…

Təşəkkürlər, Türkiyə! Canın və qanın bahasına olsa da, milli və şəxsi azadlıqlarını hər zaman qoruduğun üçün, 93 il öncə şərqdə ilk respublika qurmuş, indi isə sülalə hakimiyyətinin əsarətində yaşayan azərbaycanlı qardaş və bacılarına azadlıq və demokratiyanın nələrə qadir olduğunu öz nümunənlə göstərdiyin üçün, azadlığa can atan bütün şərq xalqlarına model dövlət ola bildiyin üçün.

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Malik
    İyun 10, 2011 tarixində, saat 4:59 axşam

    Aferin Eli Bey!!! Sizin kimi dahi siyasetciden ancaq bele nitqler esitmek olar! Insallah bizim saxtakar hokumetimizin sonu geler!

  2. Fikret Huseynli
    İyun 10, 2011 tarixində, saat 5:22 axşam

    Chox gozel, ehateli, analitik bir yazidir. Eshq olsun Eli beye!

  3. Təzəxan Mirələmli
    İyun 10, 2011 tarixində, saat 6:04 axşam

    Təşəkkürlər, Türkiyə! Təşəkkür Əli bəyə!

  4. Mammad Ibrahim
    İyun 10, 2011 tarixində, saat 6:10 axşam

    Bir kelime ile MOHTESEM.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: