Əsas səhifə > Yazılar, Əli Kərimli > İqtidar tərəfdarları necə tərksilah edildi?

İqtidar tərəfdarları necə tərksilah edildi?

Əliyevlər rejimi də məğlubiyyətə məhkumdur

Ərəb dərsləri silsiləsindən üçüncü yazı

Ərəb inqilabları ilə bağlı üçüncü – sonuncu yazımda bu inqilabların birbaşa Azərbaycana, ölkəmizin daxilindəki siyasi mübarizəyə təsirini təhlil etməyə çalışacağam.

İnqilablar heç şübhəsiz ki, Azərbaycan siyasətinə də güclü təsir etdi. Dəyişiklik dalğasının əhatə etdiyi ölkələrdə inqilablara qədər mövcud olmuş vəziyyət barədə geniş məlumatlar alan sadə azərbaycanlının ilk reaksiyası bu olurdu ki, o ölkələrdə də vəziyyət  bizdəki kimi imiş.

Həqiqətən də oxşarlıqlar saymaqla qurtarmaz. «Ümummillilərin» addımbaşı rast gəlinən heykəlləri; onların anadan olduğu və hakimiyyətə gəldiyi günlərin atəşfəşanlıqla, zorla bayram etdirilməsi; nəinki rejim başçılarının, həm də hakim ailənin üzvlərinin qeyri-məhdud səlahiyyətə malik olması; ölkənin əsas sərvətlərinin hakim ailənin və onların yaxını hesab olunan daha bir neçə oliqarxın əlində cəmlənməsi; hakim ailənin siyasi liderlər “yetişdirmək” üzrə müstəsna hüquqlara malik olması; hakimiyyəti qorumaq üçün bütün vasitələrin məqbul sayılması; zahiri təmtəraq və parıltının altında gizlədilən acgözlük, səviyyəsizlik, vulqarlıq, kin və nifrət azərbaycanlıya öz ölkəsini yada salırdı. Onlar qeyri-ixtiyari düşünürdülər ki, bütün bunlar bizim üçün yenilik deyil. Biz bunları hər gün görürük.

Xalqımız ərəb xalqlarının hətta bizdən də ağır şərtlər altında zalımlarla apardığı mübarizəni çox diqqətlə müşahidə edirdi. 10 illər ərzində əzilmiş, sərvəti və hüquqları əlindən alınmış, yaltaqlığa, saxtakarlığa məcbur edilmiş insanlar mübarizəyə başladıqdan sonra hər dəfə qəddar diktatorlara qalib gəldikcə bizim xalqda da özünə inam hissi güclənirdi.

Mentalitet baxımdan, yumşaq desək, heç də bizdən yaxşı vəziyyətdə olmayan, demokratiya ənənələri baxımından, hətta bizdən də pis durumda olan ərəb xalqlarının demokratik dəyişikliklər, azadlıq üçün göstərdiyi fədakarlıq və əldə etdiyi nəticələr bir göz qırpımında hökumətin ideoloji aparatını, təbliğat maşınını sındırdı. «Bizim demokratiya ənənələrimiz yoxdur, bizim milli mentalitetimiz demokratiyaya hazır deyil» deyən hökumət xorunu bir andaca tərksilah etdi.

Hər kəs əmin oldu ki, demokratiya ümumbəşəri dəyər, azadlıq hər kəsin haqqıdır. Azərbaycandakı sülalə rejimi də çökəcək. Müşahidəmə görə, ərəb inqilablarından sonra artıq cəmiyyətdə bizdəki ailə hakimiyyətinin əbədi olub-olmayacağı mübahisə, müzakirə predmeti deyil. İndi daha çox ölkəmizdə də olacağı labüd görünən köklü dəyişikliklərin nə vaxt baş verəcəyi müzakirə mövzusudur.

Ərəb inqilabları hətta hakim ailənin də davranışlarına təsir göstərib. Əvvəllər hakimiyyəti daimi olaraq öz əllərində saxlayacaqlarını, azyaşlı övladlarını da prezident görmək istədiklərini açıq-açığına və fəxrlə xarici mətbuata danışırdılarsa, indi bu kimi mövzulardan ən azı hazırki mürəkkəb zamanda danışmamağa çalışırlar. Düzdür, hesab etmirəm ki, XXI əsrdə sülalə hakimiyyəti yaratmağın fəxr ediləsi yox, eyib bir iş olduğunu başa düşüblər və planlarından daşınıblar. Amma hər halda indilikdə bu barədə danışmağa cəsarət etmirlərsə, bu da pozitiv dəyişiklikdir.

Azərbaycanın indiki hakimiyyəti heç vaxt xalq iradəsinə, dəyər və prinsiplərə istinad etməyib. Amma hakimiyyətin ideoloji aparatı boş da oturmayıb. Bu hakimiyyəti nəyə görə dəyişmək olmaz fikrini özünəməxsus şəkildə «arqumentləşdirirdilər». Ərəb inqilabları iqtidarı çox qısa müddətdə tərksilah etdi. İnqilablara qədər iqtidarın açıq və gizli tərəfdarlarının istifadə etdiyi əsas «arqumentlərə» nəzər salaq.

Birinci “arqument”

Azərbaycan hökumətinin pulu çoxdur. Həm rəsmən dövlətə aid olan pul, həm də son 18 ildə oğurluq yolu ilə özününkiləşdirilmiş vəsaitlər 10 milyardlarla dollarla hesablanır. Bu pulun ən azı bir qismi gözdən pərdə asmaq üçün olsa da, infrastruktur layihələrinə xərclənir, inkişaf illüziyası yaradılır. Maaşlar, pensiyalar az olsa da, amma hər halda verilir, əsas iş yerləri özlərinə məxsusdur. Əllərində olan çoxlu pulla ehtiyac duyanda, bütöv qəzetləri, QHT fəallarını, hətta partiya və siyasətçiləri də satın ala bilirlər.

“Arqument”in iflası

Amma bir gün bu “arqument” etibarlılığını itirdi. Xalqımız gördü ki, devrilən və devriləcəyi şübhə doğurmayan diktatorların hamsının pulları 10 milyardlarla ölçülürmüş və bu onları xilas edə bilmədi. Onların hansı inkişaf illüziyası yarada bilməmişdi? 6 milyonluq Liviyanın bütün dağıntılardan sonra qalan pulu Azərbaycanın bütün rezervlərindən 4 dəfə çox idi. Həkimin maaşı 1800 ABŞ dolları idi. Qəzzafi sıravi muzdlu döyüşçülərinə belə burada rejimin satın aldığı ictimai-siyasi xadimlərə verildiyindən çox pul verirdi. Xeyri olmadı. Növbəti dəfə təsdiq olundu ki, azadlıq eşqi, ədalət istəyi, ləyaqət hissi hər cür maddiyatdan daha üstündür. Rejim yandaşlarının bu arqementi belə ifşa olundu.

İkinci “arqument”

5 yüz mindən artıq adamı – az qala bütün işləyənləri zorla da olsa YAP-a üzv ediblər. Adamlar ən azı işinin xatirinə məcburdur ki, hökuməti müdafiə etsin. Polisə az qala ordu qədər pul ayrılır. Müxtəlif adlarla adamları silahlandırırlar. Bura inqilabdan əvvəlki Gürcüstan və ya Qırğızıstan deyil ki, polis aylarla maaş almasın, sayı az olsun, ona görə də hökuməti qorumaq istəməsin və ya bacarmasın.

“Arqument”in iflası

Devrilən diktatorların hansının polisə verməyə pulu yox idi? O diktatorların hər biri polis və təhlükəsizlik qüvvələri üzərində bərqərar olmamışdımı? Polis və təhlükəsizlik qüvvələri o cəmiyyətlərdə ən imtiyazlı təbəqə deyildimi? İnqilab olmuş ərəb ölkələrində bütün işləyənlərin zorən üzv edildiyi yapsayağı hakim partiyalar yox idimi? Əlbəttə, var idi və bunu artıq xalqımız bilir. Müqayisəni çox uzatmamaq üçün yalnız bir faktı yenidən yada salıram. Misirdə Mübarək rejiminin keşiyində 1,4 milyon polis dururdu. Hakim partiyanın üzvlərinin sayı isə milyonlarla hesablanırdı. Xeyri olmadı. Xalq qalib gəldi. Bu «arqument» də istifadə müddəti bitdiyi üçün yararsızdır.

Üçüncü “arqument”

Xalq kimdi ki, inqilab etsin? Bəzi ölkələrdə sabitliyi pozan, rəngli inqilablar edən xaricilərdir. Onlar da burada bunu etməz. Onlara neft, qaz lazımdır. Onu da İlham Əliyev verir onlara. Nə qədər neft var, xeyri yoxdur. Yenə neft qurtarandan sonra bəlkə…

“Arqument”in iflası

Xalqlar kim olduqlarını, nə qədər böyük güc olduqlarını yalın əllə qanlı diktatorları devirməklə hər kəsə sübut etdilər. Neftə, qaza gəldikdə isə Liviyada Azərbaycanda olduğundan 6-7 dəfə artıq neft var. Gündəlik hasilat da 1,6 milyon barrel – bizdə olduğunda 1,6 dəfə çox idi. Bunun da 85%-i birbaşa Avropaya ixrac edilirdi. Kömək etmədi. Yeni gələn hökumət Avropaya neft satmayacaqmı? Avropa bunu anlamayacaq qədərmi sadəlövhdür? Avropa almağa neftmi tapmır? Avropa özü indi Suriyaya qarşı çox unikal sanksiya tətbiq edir. Suriyadan neft və qaz almaqdan imtina edib. Xalq başa düşdü ki, Qərb ona lazım olan nefti başqa alternativ mənbələrdən də ala bilər. “Bütün dünya bizim neftə möhtacdır” söhbəti də nağıldır. Əksinə, biz özümüz o qədər nefti Qərbdən başqa kimsəyə sata bilmərik. Beləliklə, bu “arqement” də keçərliliyini itirdi.

Dördüncü “arqument”

İlham Əliyev Lukaşenko deyil, demokratiya ilə bağlı çağırışlara məhəl qoymasa da, strateji məsələlərdə Qərbin istədiyini edir (Əfqanıstana əsgər göndərmək, antiterror koalisiyasına qoşulmaq, Bakı-Ceyhan boru xətti və s.). Əsas da Qərbin strateji maraqlarıdır. İnsan haqları, demokratiya boş söhbətdir.

“Arqument”in iflası

Xalqımız gördü ki, məsələn, Misir lideri Hüsni Mübarək nəinki Qərbin bəzi istəklərini minnətlə yerinə yetirirdi, hətta  bütün regionda ABŞ və bütövlükdə Qərbin ən etibarlı müttəfiqi sayılırdı. Ərəb dünyasından böyük təpkilərə baxmayaraq İsrail və ABŞ-la etibarlı dostluq edirdi. Hətta prezident Barak Obama müsəlman dünyasına müraciətini Qahirədən etmişdi. Hamı razılaşar ki, Mübarək Qərb üçün İlham Əliyevdən müqayisə olunmaz dərəcədə vacib, mühüm müttəfiq idi. Amma bir gün Misir xalqı öz haqlarını kütləvi şəkildə tələb edəndə ABŞ başda olmaqla Qərb və Türkiyə diktatorla deyil, xalqla birlikdə olmağı seçdi. “Bizimkilərin” təbirincə “boş söhbət” olan insan haqları və demokratiyanı uzun illərin etibarlı müttəfiqindən belə üstün tutdu. Bu “arqument” də yararlılığını itirdi.

Beşinci “arqument”

Bunlar hakimiyyəti heç vaxt başqalarına verməzlər. Filankəslərin ətrafındakı silahlı dəstələr nə günə hazırlanır? Xalqı heç vaxt saymayacaqlar. Görsələr gücləri çatmır, camaata güllə də atarlar.

“Arqument”in iflası

Ərəb diktatorları bütün diktatorların sonuncu arqumenti olan gücdən də istifadə etdilər. Dinc insanları silahlı dəstələri tərəfindən gülləbaran etdirdilər. Nəticə isə özləri üçün də çox fəlakətli oldu. Qan tökməklə heç kim qalib ola bilmədi. Əksinə, avtoritar liderlər qəddarlıq etdikcə özlərinin və yaxınlarının taleyini daha da  çətinləşdirdilər, cəzaları daha da ağır oldu. Bir daha təsdiq olundu ki, zülm və ədalətsizlik bəzən insanları elə həddə çatdırır ki, adi zamanlarda onları qorxudan ölüm və qan belə hallarda insanları daha da qətiyyətli və barışmaz olmağa sövq edir.

Çox yaxşı ki, bu “arqument” də artıq inandırıcılığını itirdi. Qoy heç kim artıq belə qeyri-insani vasitələrlə hakimiyyətini qorumaq haqda düşünməsin. Onsuz da faydası olmayacaq.

***

Beləliklə, bütün avtoritar rejimlər kimi Azərbaycandakı rejimin də məğlubiyyətə məhkum olduğu, dəyişikliklərin sadəcə zaman məsələsi olduğu. xalqların dinc mübarizəsinin məğlubedilməzliyi, hakimiyyət tərəfdarlarının özünətəsəlli arqumentlərinin yararsızlığı isbata ehtiyac olmayan aksiom kimi qəbul edilməlidir.

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: