Əsas səhifə > Müsahibələr, Əli Kərimli > «Bu qədər absurd fikirlərlə dünya auditoriyasına çıxmaqmı olar?»

«Bu qədər absurd fikirlərlə dünya auditoriyasına çıxmaqmı olar?»

“Azadlıq” qəzetinə müsahibəm

«İlham ƏLiyev üçün bu müddəti başa vurmaq böyük uğur olardı»

«Üçüncü dəfə prezidentliyə iddia etmək Azərbaycana da, İlham Əliyevə də yaxşı heç nə vəd etmir»

Dövlət başçısı Ilham Əliyev “Əl- Cəzirə” telekanalına müsahibə verib. Müsahibədə müxalifətin ünvanına bir sıra ittihamlar irəli sürən I.Əliyev eyni zamanda bu günün və dünənin siyasi reallıqlarını təhrif olunmuş formada təqdim etməyə çalışıb. I.Əliyevin müsahibəsində əks olunan məqamlara AXCP sədri Əli Kərimlinin münasibətini öyrəndik. Ilk sualımız isə I.Əliyevin Azərbaycanın müstəqilik qazanması tarixilə bağlı kanala söylədikləri haqda oldu:

– Azərbaycanın müstəqillik qazanmasında Milli Azadlıq Hərəkatının rolunu danan Ilham Əliyev bildirib ki, Azərbaycan SSRI-nin dağılmasından sonra tarixi bir prosesin, təkamülün nəticəsi olaraq müstəqillik əldə edib…

– Təəssüf ki, Ilham Əliyev müstəqilliyin 20 illiyi ərəfəsində dünyanın ən məşhur telekanallarından birinin efirindən Azərbacan həqiqətlərini yaymaq imkanından istifadə etməyib. Əksinə, Azərbaycanı müəyyən məsələlərdə bir qədər qaralayıb. Əvvəla, Ilham Əliyev və bir çoxları müstəqilliyin qazanılması prosesində iştirak etməsələr də, Azərbaycanda milyonların iştirakı ilə xalq hərəkatı olub. Azərbaycanda, Gürcüstanda, Ermənistanda, Baltikyanı respublikalarda, Rusiyanın özündə olan böyük xalq hərəkatları SSRI adlı “şər imperiyasının” çöküşünü sürətləndirib. Bundan sonra da biz hamımız müstəqilliyimizi əldə etmişik. Təsadüfi deyil ki, ən nüfuzlu alman jurnalı “Şpigel” 1989-cu ildə məhz bizi dünyada “ilin xalqı” elan edib. Azərbaycan dövlətinə rəhbərlik edən şəxsin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən, müstəqilliyi əldə etmək üçün hansı fədakarlıqlardan keçməsindən, “20 Yanvar” şəhidlərindən danışmaq vəzifə borcu idi. Amma əvəzində biz nə görürük? Yenə də dövlət mənafeləri yox, cılız intriqalar üzdədir. Özünün şəxsən bu prosesdə iştirak etməməsindən doğan komplekslər hiss olunur, böyük bir auditoriya qarşısında Azərbaycanın müstəqilliyinin xalqın mübarizəsinin nəticəsi olmadığı vurğulanır. Kimə lazım idi belə bir hesabat? Bu, birbaşa Azərbaycanın maraqlarına dəyən zərbədir.

Əliyev dünyanı aldatmağı özünə rəva görür

– Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda demokratiyanın acınacaqlı durumundan tez-tez bəhs edirlər. Ancaq Ilham Əliyev müsahibəsində bildirir ki, ölkəmizdə əsas siyasi azadlıqlara heç bir məhdudiyyət qoyulmur…

– Onu qəbul edirəm ki, siyasətdə bütün həqiqətlər deyilə bilməz. Müəyyən həqiqətlər var ki, dövlət başçısı və başqa siyasətçilər də bu barədə susa, mövzudan yayına bilərlər. Amma dövlət başçısı olan şəxsin milyonlarla insanın bildiyi həqiqəti danaraq, yalan məlumatları tirajlamasını heç cür təsəvvür edə bilmirəm. Bunu mən bir dövlət başçısına uyğun görmürəm. Bütün dünya şahiddir ki, Azərbaycanda fundamental hüquq və azadlıqlar məhdudlaşdırılır. Altı ildir ki, bu ölkədə nəinki müxalifət, heç bir vətəndaş sərbəst toplaşmaq azadlığından istifadə edə bilmir. Bu faktı necə danmaq olar? Necə inkar etmək olar ki, altı ildir ki, teleməkana müxalifət liderləri buraxılmır? Necə danmaq olar ki, Azərbaycanın bütün yeni tarixi ərzində həmişə həbsxanalarında siyasi məhbuslar olub. Bu il yenə də Ictimai Palatanın on yeddi nəfər təmsilçisi, otuzdan artıq inanclı insan məhkum olunub. Bunların hamısı əlbəttə ki, siyasi məhbuslardır.
Ilham Əliyev iddia edir ki, müxalifətə bərabər rəqabət imkanı yaradıb. Buna necə iddia etmək olar ki, ana müxalifət partiyası olan AXCP-nin altı ildir, ofisi əlindən alınıb, sədrinə pasport verilmir, mərkəzdə və rayonlarda aksiya keçirilməsinə qadağa qoyulub. AXCP rəhbərliyində olan şəxslərin, az qala yarısı siyasi məhbuslardır. Xalq Cəbhəsinin ali kollegial orqanında altı nəfər keçmiş siyasi məhbus var, iki nəfər də hazırda məhbus həyatı yaşayır. Bütün bunlar dünyaya məlum olduğu halda, necə iddia etmək olar ki, Azərbaycanda fundamental hüquqlar təmin edilib.
Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının təmin edilməməsi hazırda dünya birliyinin gündəmindədir. Azərbaycanda vətəndaşların təkcə sərbəst toplaşmaq azadlığı yox, mətbuat və söz azadlığının təmin olunmaması da dünyanın gündəmindədir. Bu ölkədə dini etiqad azadlığının, mülkiyyət hüququnun təmin olunmadığı bütün dünyanın bildiyi faktlardır. Təəssüf edirəm ki, hamının bildiyi bu faktları yanlış formada təqdim etməyi dövlət başçısı özünə rəva bilir.

Əliyev şəxsi maraqlar naminə dövlətin imicini tapdalayır

– Müsahibədə müxalifətin də ünvanına sərt ittihamlar var. Ilham Əliyev konkret ad çəkməsə də, bildirib ki, müxalifət liderləri beynəlxalq təşkilatların təmsilçilərilə görüşlərində onlara dəstəyin müqabilində Qarabağı Ermənistana vermək, təslim etmək barədə vədlər verirlər…

– Təbii ki, bu da bir ağ yalandır. Azərbaycan müxalifətinin aparıcı kəsimi hər zaman ərazi bütövlüyü mövqeyindən çıxış edib, Qarabağ üçün mübarizə aparmış, çalışmış insanlardır. Mən bunu ilk növbədə öz adımdan deyirəm. Amma beynəlxalq təşkilatlarla görüşlər əksər hallarda bir yerdə keçirilir.
O barədə də əminliklə deyə bilərəm ki, digər müxalifət liderləri arasında da Qarabağı təslim edəcək şərəfsizliyi üzərinə götürəcək adam yoxdur. Ilham Əliyev özü də bunu bilir.

– Bəs o zaman nə məqsədlə belə bir yalan məlumat “Əl-Cəzirə” vasitəsilə dilə gətirilir?

– Görünür, Ilham Əliyev fərqindədir ki, Azərbaycanın milli maraqlarına zidd bir siyasət aparır. Artıq beş ildir ki, Ilham Əliyev və onun hökumətinin xarici işlər naziri Elmar Məmmədyarov Qarabağın yekun statusunu ermənilərin səsverməsindən asılı edən bir təklifi müzakirə edir. Cəsarət edib beş ildə bu təklifə “yox” deməyiblər. Mütəmadi olaraq bu təklifi əsasən qəbul etdiklərini söyləyirlər. Azərbaycan xalqı fərqindədir ki, Qarabağın yekun statusu həmin ərazidə yaşayan ermənilərdən asılı olacaqsa, Qarabağ Azərbaycanın tərkibində qalmayacaq. Görünür, Ilham Əliyev apardığı bu yanlış siyasətin diskomfortunu yaşayır. Qarabağla bağlı atdığı yanlış addımların məsuliyyət hissi onu sıxır, ona görə də bəri başdan rəqiblərini şərləmək yolu tutur. Özünün etməyə hazırlaşdığı əməlləri opponentlərinin üzərinə atır. Belə yerdə deyirlər, “adımı sənə qoyum, səni yana-yana qoyum”. Necə olur ki, Qarabağın taleyinin referendum yolu ilə razılaşdırılmasına “hə” deyən bir dövlət başçısı özünü vətənpərvər kimi qələmə verir, amma onu illərlə bu təslimçilik aktından çəkindirməyə çalışan müxalifəti isə Qarabağı satmaqda ittiham edir? Bu, absurd fikirlərdir. Üstəlik, bu fikirlərin dünya mediasında da tirajlanması Azərbaycanın maraqlarına ziddir. Hansı məqsədlə dünyanın gündəminə belə bir məsələ çıxarılır ki, guya Azərbaycanda Qarabağı təslim etməyə hazır olan güclər mövcuddur.
Nədir Azərbaycanın dövlət başçısının marağı? Azərbaycanın maraqlarına uyğun olmayan və dövlətin mövqelərini düşmən qarşısında zəiflədən açıqlama ilə çıxış etməkdə niyyət nədir? Təbii ki, burada heç bir milli maraqdan söhbət getmir. Müsahibə boyu hər yerdə şəxsi maraqlar naminə Azərbaycanın imicinin tapdanmasından söhbət gedir.

Əliyev atasını bacarıqsız kimi göstərmək istəyir?

– Ilham Əliyev Azərbaycanda müxalifətin zəif olduğunu söyləyib və bunu ölkədə onun rəhbərliyilə aparılan iqtisadi inkişafla əlaqələndirib. Bildirib ki, məhz onun səyləri nəticəsində ölkədə yoxsulluq 49 faizdən 9 faizə düşüb, büdcə xərcləri 20 dəfə artırılıb və güclü sosial müdafiə sistemi yaradılıb…

– Əvvəlcə onu deyim ki, rəqəmlərdə “pripiska” var. Xüsusilə, yoxsulluğun aşağı salınması ilə bağlı rəqəmlərdə. Digər tərəfdən, Ilham Əliyev son on ili özündən əvvəlki illə müqayisə etməklə kobud səhvə yol verib. Bilmirəm, o, bunu bilərəkdən edib, yoxsa bilməyərəkdən. Ilham Əliyev öz müqayisəsilə atası Heydər Əliyevin bacarıqsız bir dövlət başçısı imicini formalaşdırıb. Belə çıxır ki, Heydər Əliyev ölkəyə rəhbərlik etdikdən sonra ölkədə elə vəziyyət yaranıbmış ki, Ilham Əliyev səkkiz ilin ərzində həmin o göstəricilərin hamısını dəfələrlə yaxşılaşdırıb. Belə çıxmırmı ki, Heydər Əliyev daha bacarıqsız siyasətçi imiş? Ilham Əliyev bunu təlqin etmək istəyir? Az-çox məlumatlı adam başa düşür ki, burada söhbət ondan gedir ki, istər Heydər Əliyevin, istər Xalq Cəbhəsinin, istərsə də Mütəllibovun vaxtında Azərbaycan bu qədər neft satmırdı. Indi əldə olunan nəticələrin də Ilham Əliyevə heç bir aidiyyəti yoxdur. Bütün bunlar neft satışından əldə olunan pulların hesabınadır. Əgər bu həqiqətdən söhbət gedirsə, o zaman Ilham Əliyev bu nəticələri öz xidməti kimi niyə qabardır? Bu vəsait Azərbaycanın sərvətlərinin satışından əldə olunur, özü də səmərəsiz istifadə olunur. Ona görə də Ilham Əliyev neft satışı ilə öyünmək əvəzinə onun izahatını verməlidir ki, nəyə görə Azərbaycan kimi böyük potensialı olan ölkənin ixracatının 95 faizi neft və neft məhsullarından ibarətdir. Belə bir ölkənin büdcə gəlirlərinin 73 faizi birbaşa neft gəlirlərindən asılıdır. Daha 20 faizdən artığı da dolayısı ilə neft gəlirlərindən ibarətdir. Nəyə görə bu ölkənin neft satmaqdan başqa iqtisadiyyatı yoxdur? Niyə neft pulları bu şəkildə talan edilir və ölkəmiz dünyanın ən korrupsioner dövlətlərindən biridir?
Burada başqa bir məqam da var. Ilham Əliyev bu suala cavabında demokratiya haqqında təsəvvürlərinin nə dərəcədə məhdud olduğunu ortaya qoyub. Sən demə, ölkə o qədər yaxşı idarə olunurmuş ki, ona görə də bu ölkədə müxalifətin fəaliyyətinə ehtiyac yox imiş. Məgər Azərbaycan ABŞ-dan, Ingiltərədən, Fransadan, Almaniyadan, Yaponiyadan yaxşı idarə olunur? Çox maraqlıdır. Nəyə görə bu gün Obamanın, Sarkozinin, Merkelin ciddi müxalifəti var, amma Ilham Əliyev elə bir idarəetmə sirri bilirmiş ki, Azərbaycanda müxalifət üçün heç bir imkan yox imiş… Xəsislik etməsin, sirrini bölüşsün adlarını çəkdiyim dövlət başçıları ilə. Onlar da bilsinlər ki, ölkəni necə idarə etmək lazımdır ki, orada müxalifət olmasın. “Mən ölkəni o qədər yaxşı idarə edirəm ki, ölkədə müxalifət yoxdur”… Bu qədər absurd fikirlərlə dünya auditoriyasına çıxmaqmı olar? Ən güclü dövlətlərdə müxalifət daha güclü olur. Dünyanın inkişaf rəmzi sayılan ölkələrdə müxalifət hər zaman güclü olur və bu dövlətlərdə tez-tez hakimiyyətlər dəyişir. Bütün dünya bunu başa düşüb. Təəssüf ki, Azərbaycan dünyaya bu şəkildə təqdim olundu.

– Dövlət başçısının daha bir ittihamı onunla bağlıdır ki, müxalifət liderləri istefa vermirlər, 20 ildir ki, bir vəzifədədirlər?

– Birincisi, bu həqiqət deyil. Bu 20 il söhbəti kiməsə aid ola bilər, amma bütövlükdə müxalifətə aid deyil. Ikincisi, bunu bütün dünyanın qarşısında Konstitusiyanı dəyişib və ömürlük hakimiyyətə can atan adam deyəndə daha da gülünc görünür. Üçüncüsü, bunu o adam deyir ki, ata-oğul birlikdə ölkəni qırx ildən çoxdur idarə edirlər və hakimiyyətdən getməyi də faciə kimi qəbul edirlər. Belə adamların bu barədə danışmağa heç haqqı yoxdur. Və nəhayət, dördüncüsü, Azərbaycanda demokratiya olan kimi Qərbdə olan siyasi mədəniyyət ölkəmizdə də oturuşacaq. Seçkilərdə uğur qazana bilməyən siyasi liderlər əlbəttə ki, öz mövqelərini tərk edəcəklər. Əgər biz seçkilərdə uğur qazanırıqsa, Ilham Əliyevin məmurları bu qələbəni saxtalaşdırırlarsa, buna görə müxalifət liderləri xalqın dəstəyini itirə bilməz ki… Xalq yaxşı bilir ki, mən iştirak etdiyim bütün seçkilərin qalibi olmuşam. Iştirak etdiyim parlament seçkilərinin ikisində qələbəmi hökumət də etiraf edib. Üçüncüsündə – 2005-ci ildə hətta MSK da etiraf edib, daha sonra Konstitusiya Məhkəməsi ləğv edib. Nəhayət, dördüncü dəfə son parlament seçkilərində iştirak etmişəm. Nəzarət olan, müşahidəçilərimin iştirak elədiyi 28 məntəqənin 22-də qələbə protokolu əldə eləmişəm. Altı məntəqədə isə polis əməliyyatı keçiriblər. Müşahidəçiləri ATƏT polisin əlindən güclə alıb. Orada da mənim qələbəm şübhəsizdir. Bunu bütün Azərbaycan xalqı bildiyinə görə də uzun illər keçməsinə baxmayaraq, müxalifətə dəstək davam edir. Çünki Azərbaycanda hələ demokratiya bərqərar olunmayıb. Demokratiya və azadlıq uğrunda mübarizə gedir. Azadlıq əldə olunana qədər mübarizə davam edəcək. Ilham Əliyev heç düşünməsin ki, bu cür şantajlarla müxalifət liderlərini mübarizədən çəkindirə bilər. Əgər saxtakarlıq və zorakılıqla qələbəmizi əlimizdən alırlarsa, biz buna görə mübarizəmizi dayandırmayacağıq. Azərbaycan xalqı da bunun fərqində olduğuna görə müxalifət liderlərinə dəstək davam edir.

İlham Əliyevin üçüncü dəfə namizədliyini verməyə mənəvi haqqı yoxdur”

– Əliyev bəyan edib ki, 3-cü müddətə prezidentliyə namizədliyini irəli sürmək barədə hələ düşünməyib. Bu açıqlamanı nə dərəcədə səmimi saymaq olar?

– Əgər dünyada baş verənləri az-çox izləyib, təhlil edirsə, heç bir halda namizədliyini verməsin. Təbii ki, onun haqqı yoxdur ki, üçüncü dəfə namizədliyini irəli sürsün. Bu, dünyada qəbul olunmuş ümumi qaydadır. Ümumi qaydadır ki, hər bir şəxsə dövlət başçısı postunda olmağa iki dəfə imkan yaradılır. Bütün dünya bu hüquqdan istifadə edir. Indi bu ölkənin parlamenti Ilham Əliyevin əlindədirsə və o, istədiyini parlamentə diqtə edə bilirsə, seçki komissiyaları onun nəzarətindədirsə, bu o demək deyil ki, o, Konstitusiyanın başına istədiyi oyunu açaraq, əbədi hakimiyyətdə qala bilər. Əvvəla, o, üçüncü dəfə prezidentliyə namizəd olması üçün hüquqi əsas yaradıbsa belə, bu, saxta hüquqi əsasdır. Onun namizəd olmağa haqqı yoxdur. Heç bu barədə düşünməsin. Hesab edirəm ki, bundan sonra qaldığı iki il müddətində, o düşünməlidir ki, indiyə qədər onsuz da onun hakimiyyəti legitim olmayıb. Ona görə də bu müddəti başa vurmaq onun üçün böyük uğur olardı. Üçüncü dəfə prezidentliyə iddia etmək Azərbaycana da, Ilham Əliyevin özünə də yaxşı heç nə vəd etmir. Məncə, elə indiki tərəddüdlü mövqeyində qalsın, dünyadakı siyasi prosesləri və tendensiyaları, Azərbaycan xalqının istəklərini, siyasi mədəniyyətin gərəkənlərini nəzərə alaraq heç bu istəyə düşməsin.

“O bilir ki, Avropa Birliyi sülalə hakimiyyətinə son qoyacaq”

 – Dövlət başçısı Azərbaycanın Avropa Birliyinə üzvlüklə bağlı perspektivlərinə toxunarkən bildirib ki, Azərbaycan hakimiyyəti realist mövqe sərgiləyir. Əgər belə bir təklif səslənərsə, o, müzakirə olunacaq, yox, səslənməsə Azərbaycan “bizi qəbul edin deyə qapını sındırmaq” niyyətində deyil…

– Bu, saxta təkəbbürdür. Əsl mahiyyət isə Avropa Birliyindən uzaq gəzib, ayrıca götürülmüş bir ölkədə avtoritarizmi və sülalə hakimiyyətini möhkəmləndirmək istəyidir. Ilham Əliyev başa düşür ki, Avropa Birliyi ilə sıx inteqrasiya onun sülalə hakimiyyətinə son qoya, Azərbaycanı demokratik seçkilərə yaxınlaşdıra bilər. Ona görə hər şeyi edir ki, Azərbaycan xalqının iradəsinə zidd olaraq Azərbaycanı Avropadan uzaq tutsun. Avropa Birliyi dünyada, bizim coğrafiyamızda mövcud olan ən mütərəqqi sistem, quruluşdur. Bütün ölkələr gözümüzün qabağında Avropa Birliyinə can atıblar. Əvvəl üzv, daha sonra namizəd olublar. Bununla da daha yaxşı həyat şəraitinə nail olublar. Baltikyanı ölkələrin, Polşanın, Çexiyanın, keçmiş sovet rejimində olan digər Şərq bloku ölkələrinin həyat şəraitinə baxın. Bu dövlətlərin hamısı Avropa Birliyinə daxil olandan sonra klassik Avropa dövlətinə çevriliblər. Təsadüfi deyil ki, qardaş Türkiyə də uzun illərdir Avropa Birliyinin üzvü olmaq çabası göstərir. Avropa Birliyinə bu çoğrafiyada üzv ola bilmək, əslində, elitar dövlətlər klubuna daxil olmaq deməkdir. Hakimiyyəti isə bu maraqlandırmır. Azərbaycan hakimiyyətini maraqlandırır ki, Avropa Birliyində hüququn aliliyi, sivil qaydalarla yaşamaqdansa, qoy cəngəllik qanunları olsun və onlar istədikləri qədər dövlətin sərvətini talaya bilsinlər. Ona görə də hakimiyyətə Avropa Birliyi lazım deyil.

Xəyal Şahinoğlu

Kateqoriyalar: Müsahibələr, Əli Kərimli
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: