Əsas səhifə > Müsahibələr, Əli Kərimli > “Dövlət başçısını debata çağırıram”

“Dövlət başçısını debata çağırıram”

“Yeni Müsavat” qəzetinə müsahibəm

“Hakimiyyət ziyalıların da mesajından düzgün nəticə çıxarmalıdır”

“Yeni parlament seçkilərinin keçirilməsi yalnız müxalifətin istəyi deyil”

Azərbaycanda son (7 noyabr) parlament seçkilərindən bir il ötdü. Həmin seçkilərin nəticələrini ölkənin real müxalifəti tanımadı və yeni parlament seçkiləri tələbi ilə İctimai Palata (İP) adlı bir qurum təsis elədi. Bu mənada hazırkı parlamentlə İP bir növ yaşıd hesab olunurlar. İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli ilə söhbətdə ona ilk sualımız da bu mövzuda oldu. Əli bəy ötənilki parlament seçkilərini Azərbaycanda indiyədək keçirilmiş seçkilərin ən saxtası adlandırdı.

– İllərlə davam edən seçki saxtakarlığı onunla nəticələndi ki, Azərbaycan vətəndaşlarının böyük bir qismi 2010-cu il parlament seçkilərini boykot etdi. Seçicilərin cəmi 15 faizə qədəri seçkidə səs verdilər. Ona görə də seçkilərdən dərhal sonra biz – seçkilərdə AXCP-Müsavat bloku kimi iştirak edən siyasi qüvvələr seçkilərin nəticələri tanımayan ictimaiyyət nümayəndələrinə müraciət edib yeni bir formatda birləşməyi təklif etdik. Bir neçə aylıq müzakirələrdən sonra indi hamıya məlum olan İctimai Palata formalaşdı. Bunu xüsusi qeyd eləmək istəyirəm ki, İctimai Palatanı biz 2010-cu il, dekabrın 28-də təsis etmişik. O zaman hələ “Ərəb baharı” başlamamışdı. Beləcə, siyasi partiyaları, vətəndaş cəmiyyəti nümayəndələrini, ziyalıları, demokratik dəyişikliklər arzu eləyən fəal vətəndaşları, azad mətbuat təmsilçilərini bir sırada birləşdirə bilən, bütövlükdə əsas amalı demokratik dəyişikliklər olan bir vətəndaş hərəkatı formalaşdı. Bu il İctimai Palatanın təşəbbüsü ilə bir sıra aksiyalar keçirildi. Hazırda İctimai Palatanın 17 fəalı həbsdədir. Amma mübarizəmiz davam edir. Hesab edirik ki, birinci mərhələ üçün təşkilatlanma işini əsasən həyata keçirmişik. Rayonların yarıdan çoxunda İctimai Palata təşkilatlanıb, yerli şöbələr formalaşıb və hakimiyyətin repressiya dalğasının sınağından da çıxa bilib. Bir çoxlarında belə illüziya var idi ki, yeni repressiya dalğası mübarizəni yenidən sıfırdan başlamağa məcbur edəcək, İctimai Palata bu təzyiqlərə dözməyəcək. Amma İctimai Palata, onun fəalları repressiyalara mərdliklə sinə gərdi, cəmiyyətdə hamılıqla qorxunun möhkəmlənməsinə imkan vermədi. İctimai Palatanın apardığı mübarizə cəmiyyətin ayrı-ayrı kəsimlərini də daha aktiv, daha fəal mövqe tutmağa sövq edib. Bu ilin ərzində biz müşahidə etdik ki, İctimai Palata hakimiyyətlə mübarizədə tək deyil. Cəmiyyətin ayrı-ayrı seqmentlərindən mübarizə təşəbbüslərini müşahidə etdik. Məhkəmə prosesləri zamanı vəkillərin artıq müstəqil ictimai qüvvə olaraq prosesdə iştirak etdiyinin şahidi olduq. Vəkillər, xüsusilə gənc vəkillər hakimiyyətin qarşısında elə çətinliklər yaratdılar ki, iqtidar təkcə müxalifətlə yox, vəkillik institutu ilə mübarizəyə başladı, bir neçə nəfər mübariz insan Vəkillər Kollegiyasından uzaqlaşdırıldı. Hazırda biz ziyalılarımızın aydın mövqe nümayiş etdirməsini müşahidə edirik. Artıq cəmiyyətin bu kəsimi də fərqindədir ki, bundan sonra susmaq olmaz, dəyişikliklər Azərbaycana da gəlib çatmalıdır. Heç şübhəsiz, cəmiyyətin ayrı-ayrı təbəqələrinin, o cümlədən gənclərin daha fəal mövqe tutmasına İctimai Palatanın apardığı mübarizə ilə yanaşı, ərəb ölkələrində baş verən böyük demokratik dəyişikliklərin də müsbət təsiri olub. Azərbaycan cəmiyyətində hər kəs başa düşür ki, demokratik dəyişikliklər labüddür, Azərbaycanın inkişafı buna bağlıdır. Bizə xoşdur ki, ayrı-ayrı təbəqələr də bu prosesə qoşulur. Əlbəttə, əgər bu hadisələr parlament seçkilərindən əvvələ düşmüş olsaydı, o halda Azərbaycanda parlament seçkiləri tamamilə fərqli bir mühitdə, fərqli şəraitdə keçərdi və çox fərqli də nəticələr doğurardı. Amma tarixi bu şəkildə təhlil eləmək olmaz – hansı hadisə nə vaxt olsaydı nə olardı. Fakt budur ki, Azərbaycan hakimiyyəti 2010-cu il parlament seçkilərində ən böyük səhvlərindən birinə yol verib, xalqın seçmədiyi, dəstəkləmədiyi, hətta tanımadığı insanları yığaraq parlament elan edib.

Bu səhv Azərbaycan hakimiyyəti üçün ağır nəticələr doğuracaq. Heç şübhə yoxdur ki, cəmiyyətin böyük əksəriyyətini birləşdirən faktorlardan biri də indiki parlament və ona inamsızlıqdır. Yeni parlament seçkilərinin keçirilməsi bu gün yalnız müxalifətin istəyi deyil. İstənilən az-çox düşünmə qabiliyyəti olan insanlar başa düşür ki, bu parlament təyin olunub, xalqı təmsil etmir. Hər gün yeni-yeni ictimai xadimlər, ziyalılar, müxalifət təmsilçiləri yeni parlament seçkilərinin keçirilməsini ölkə üçün zəruri hesab edirlər. Ona görə də düşünürəm ki, bir il bundan qabaqkı parlament seçkilərinin o şəkildə total saxtalaşdırılması hakimiyyətin ciddi səhvlərindən biri idi.

– İctimai Palatanın strukturlarının təkmilləşdirilməsi gözlənilirmi? Bu ay üçün hansı tədbirlər planlaşdırılıb?

– İctimai Palata ən müxtəlif məsələlərlə bağlı ictimai dinləmələr təşkil edir. Axırıncı sessiyadan sonra noyabrın ilk günlərində imkan tapıb Azərbaycan mətbuatının durumunun müzakirəsini təşkil elədik. Orada bir sıra mühüm qərarlar qəbul olundu. O cümlədən bu mövzuya daha bir dəfə beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə qayıtmaq barədə qərar qəbul olundu. Bir neçə gündür ki, hamı bayram istirahətindədir. Amma sabahdan (bu gündən – red.) İctimai Palatanın aktiv fəaliyyəti yenidən bərpa olunur. Biz bir sıra tədbirlər planlaşdırmışıq. Bu ay üçün nəzərdə tutmuşuq ki, ictimai vəsaitlərin xərclənməsi üzərində ictimai nəzarəti həyata keçirmək, Neft Fondundan xərcləmələrə ictimai nəzarəti təmin etmək üçün bir müzakirə keçirək. İctimai Palatanın Korrupsiya ilə mübarizə komissiyası belə bir tədbir planlaşdırır. Azərbaycanda insanların kütləvi şəkildə mülkiyyət hüququndan məhrum edilməsini də ictimai müzakirəyə çıxarmaq fikrindəyik. Minlərlə ailə əvəzi ödənilmədən mənzillərindən, xüsusi mülkiyyət obyektlərindən məhrum edilir və bu artıq qlobal bir məsələyə çevrilib. Hətta beynəlxalq təşkilatlar səviyyəsində əsas müzakirə olunan mövzulardan biridir. Noyabrda bu məsələni də müzakirəyə çıxarmaq fikrindəyik. Eyni zamanda Azərbaycanın Avropaya inteqrasiya prosesinə hakimiyyətin yaratdığı maneələri ictimai müzakirəyə çıxarmaq niyyətindəyik. Çünki Azərbaycan hakimiyyəti bu sahəni öz monopoliyasında saxlayıb hər şey edir ki, Azərbaycan Avropa strukturlarına inteqrasiya olunmasın. Bu isə xalqın köklü maraqlarına ziddir. Azərbaycan hökuməti Ümumdünya Ticarət Təşkilatına qoşulmamaqla Azərbaycanı Avropa Birliyi ilə daha dərin iqtisadi əməkdaşlıqdan məhrum edir, müstəqilliyimiz, demokratik inkişafımız, ərazi bütövlüyümüz üçün Avropa Birliyinin verə biləcəyi üstünlüklərdən xalqı məhrum edir. Bütün bunların hamısını ona görə edir ki, Azərbaycandakı qeyri-demokratik şərait davam etsin, seçkiləri saxtalaşdıra bilsin. Hakimiyyət özünün bu maraqlarına görə xalqı daha perspektivli gələcəkdən məhrum edir. Bu məsələ də ictimai müzakirəyə çıxarılacaq.
Bizim həmçinin fikrimiz var ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı verdiyi qərarların ictimai müzakirəsini təşkil edək. Azərbaycandan Avropa Məhkəməsinə gedən şikayətlərin 90 faizində Azərbaycan vətəndaşları dövləti məğlub edirlər. Bu da ölkədə məhkəmə sisteminin tam iflasının sübutudur. Bununla əlaqədar olaraq da ictimai müzakirələr planlaşdırırıq. Planlar genişdir. O cümlədən İctimai Palatanın strukturlarını təkmilləşdirməklə bağlı planlarımız var. Yeni komissiyaların yaradılması bir neçə həftədir ki, İctimai Palatada müzakirə olunur. Həmçinin daxili qərarımız var ki, ildə bir dəfə İctimai Palatanın faktiki rəhbərliyini həyata keçirən Koordinasiya Şurasına seçkilər keçirək. Əsasnaməyə dəyişikliklər də təklif olunur. Regional təşkilatlanma davam edir. Elə mən sizə müsahibə verdiyim saatlarda Biləsuvarda İctimai Palatanın təsis toplantısı keçirilir. Dünən (srağagün-red.) Bərdədə İctimai Palata təsis olunub. Regional təşkilatlanma sürətlə davam edir.

– Ziyalılar Forumunun son toplantısında şair Ramiz Rövşən Azərbaycanda inqilab istəmədiyini bəyan etdi. Hörmətli şairimizin bu tezisi mediada birmənalı qəbul edilmədi, müxtəlif şərhlərə rast gəldik. “İnqilab istəmirəm” tezisinə sizin münasibətiniz necədir?

– Mən Ziyalılar Forumunun son toplantısını, orada verilmiş bəyanatları yüksək qiymətləndirirəm. Rüstəm İbrahimbəyov, Cəmil Həsənli, Rafiq Əliyev, Ramiz Rövşən kimi Azərbaycanın çox tanınmış, hörmətli ziyalılarının öz səsini ucaltmaları, onların ölkədə islahat tələb etmələri, milli birlik axtarışına çıxmaları çox təqdirəlayiq haldır. Əslində Azərbaycan cəmiyyəti uzun zaman məhz bunu ziyalılardan gözləyib. İndi təqdirəlayiq haldır ki, bu baş verir. Biz hörmətli ziyalılarımızın mövqelərinə çox önəm veririk. Ramiz Rövşənin inqilab istəməmək çağırışına gəlincə, yəqin ki, Ramiz bəy islahatların zərurətini hakimiyyətə çatdırmaq üçün o ifadəni istifadə edib. Bununla Ramiz bəy yəqin onu demək istəyib ki, əgər islahatlar olmayacaqsa, nəinki Ramiz Rövşənin, xeyli adamın arzulamadığı inqilab qaçılmaz ola bilər. Mən bunu daha çox hakimiyyətə xəbərdarlıq kimi qiymətləndirirəm. Hakimiyyət ziyalıların da mesajından düzgün nəticə çıxarmalıdır. Ölkədə daha ciddi kataklizmlərin, inqilabi proseslərin təkan almaması üçün vaxt itirmədən dəyişikliklərə başlamaq lazımdır. Nəhayət, bu ölkədə sivil qaydalar bərqərar olunmalıdır. Bu baxımdan ziyalılarımızın vətəndaş mövqeyi ortaya qoymasını təqdir edirəm. Çox təəssüf edirəm ki, hakimiyyət nə qədər geri düşüncəli olduğunu növbəti dəfə ortaya qoydu. Yalnız vətəndaş mövqeyi ortaya qoyduğuna görə akademik Rafiq Əliyevi işindən azad etdilər. Bu, Azərbaycan hakimiyyətinin mahiyyətini bir daha nümayiş elətdirir. Amma mən ziyalılarımızı çağırardım nəinki Rafiq müəllimə qarşı bu repressiyadan sonra daha ehtiyatlı mövqe tutsunlar, əksinə, Rafiq müəllimi müdafiə üçün başlanmış prosesə əlavə təkan vermək üçün hamılıqla mövqe bildirmək lazımdır. Rüstəm müəllimin o fikri ilə razıyam ki, 15 ildir ziyalılar susublar, indi danışmaq lazımdır. İndi danışmayan adamları gələcək nəsillər bağışlamayacaqlar.

– YAP-çı deputat Siyavuş Novruzov sizi və İsa Qəmbəri təkidlə debata dəvət edir. İsa Qəmbər bildirib ki, diskussiyalara hazırdır, əslində hakimiyyət təmsilçiləri debat çağırışlarında səmimi deyillər. Siz necə, debata hazırsınızmı?

– Biz uzun zamandır hakimiyyətin qərarı ilə heç bir telekanala buraxılmırıq. 6 ildir müxalifət liderlərinə nəinki debat imkanı, bir açıqlama vermək imkanı da verilmir. Mən dəfələrlə dövlət başçısı İlham Əliyevi debata çağırmışam və yenə çağırıram. Hətta təklif etmişəm ki, özü buna hazır deyilsə, icra aparatının rəhbərini, parlamentin sədrini, YAP-dakı ikinci adamı da öz təmsilçisi olaraq mənimlə debata göndərə bilər. Başa düşürəm ki, onun üçün çətindir birbaşa özünün debata çıxmağı. Çünki bilir ki, onu çox sərt suallar gözləyir və həmin sualların heç birinin cavabı yoxdur onlarda. Siyavuş Novruzovla da debata çıxmağa müxalifətdən nümayəndələr olacaq. Müxalifət funksionerləri onun debat çağırışına müsbət cavablar veriblər, onunla lazımi səviyyəli debat aparacaqlar. Mən şəxsən Azərbaycan hakimiyyətini təmsil eləmək imkanında olan istənilən ciddi adamla debata hazıram.

Etibar SEYİDAĞA

Kateqoriyalar: Müsahibələr, Əli Kərimli
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: