Əsas səhifə > Müsahibələr, Əli Kərimli > “İNDİ MÜBAHİSƏ SÜLALƏ HAKİMİYYƏTİNİN SON GÜNLƏRİNIN NƏ VAXT OLACAĞI İLƏ BAĞLIDIR”

“İNDİ MÜBAHİSƏ SÜLALƏ HAKİMİYYƏTİNİN SON GÜNLƏRİNIN NƏ VAXT OLACAĞI İLƏ BAĞLIDIR”

“Media forum” portalına müsahibəm (I hissə)

AXCP sədri, müxalif İctimai Palatanın Koordinasiya Şurasının üzvü Əli Kərimli “Media forum”un qonağı olub, saytın əməkdaşlarının suallarını cavablandırıb.

– 2011-ci il Azərbaycan, o cümlədən müxalifət üçün necə keçdi?

– Azərbaycanda qeyri-demokratik, xalqın seçmədiyi bir hakimiyyət var. Hakimiyyət seçki yolu ilə formalaşmadığına, ölkədə rəqabət mühiti olmadığına, real çoxpartiyalı sistem işləmədiyinə görə arxada qalan illər bir-birinə bənzəyir. Çox yeknəsəq, bir-birini təkrarlayan illər yaşayırıq. Mühüm siyasi proseslər, demək olar, baş vermir. Bu, yalnız Azərbaycana xas deyil. Belə vəziyyət avtoritar, totalitar rejimlərin hamısına xasdır. Bu ölkələrdə dəyişikliklər əsasən iqtisadiyyata aid rəqəmlərdə ifadə olunur. Siyasi sistemdə isə durğunluq hökm sürür.

Amma bu il Azərbaycandakı durğunluq, qəbiristanlıq sabitliyi bir qədər pozulub. Çünki bəzi ərəb dövlətlərində baş verən inqilablar 2011-ci ilə öz damğasını vurub. Ərəb dövlətlərində baş verənlər istənilən ölkəyə və sahəyə ciddi təsir göstərib. Biz 2011-ci ildə dünyada cərəyan edən ictimai-siyasi proseslərdən danışsaq, mütləq “ərəb baharı”nın üzərinə gəlib çıxırıq. Bu yalnız Azərbaycana aid deyil, istənilən ölkənin siyasi yekunlarını qiymətləndirsək, istər-istəməz proseslərə “ərəb baharı” prizmasından yanaşmaq lazımdır. Hesab edirəm ki, ərəb inqilabları bəşər tarixinə Böyük Fransa, Rus Burjua inqilablarından sonra ən böyük təsir göstərən inqilabi proseslərdir. Həmin inqilablar dünyanı necə dəyişdisə, ərəb inqilabları da bəşəriyyətin arxitekturasına əl gəzdirir, dünyada böyük bir dəyişikliyə səbəb olur. Ona görə də bu dalğa Azərbaycandan da yan keçmədi, cəmiyyəti silkələdi. Bunu açıq demək lazımdır.

Bu dalğa nəticə etibarı ilə Azərbaycan cəmiyyətində müəyyən ictimai-siyasi fəallığa təkan verdi. Düzdür, biz müxalifət olaraq 2010-cu ilin parlament seçkisindən sonra artıq lazımi addımları atmışdıq. Parlament seçkisində əhalinin yalnız 15 faizinin seçki ilə maraqlandığının əyani şahidi olduq, əhalinin 85 faizi isə prosesi boykot etdi. Biz o zaman həyəcan təbili çaldıq və AXCP-Müsavat seçki blokunun təşəbbüsü ilə əvvəlcə seçki forumları keçirildi, dekabrın 28-də isə İctimai Palata formalaşdırıldı. İctimai Palatanı yaradan zaman yeni formatdan istifadə etdik. Artıq bu, partiyaların ənənəvi birliyi deyildi, vətəndaş cəmiyyəti, gənc liderlər, internet fəalları, ziyalılar, müstəqil medianın təmsilçiləri birliyin yaradılmasında iştirak edirdi. Biz hamını prosesdə iştirak etməyə çağırmışdıq.

Amma ərəb inqilabları prosesə təkan verdi. Nəticədə Azərbaycanda müəyyən ictimai-siyasi fəallıq yarandı. Hökumətin qadağalarının hökm sürməsinə baxmayaraq uzun fasilədən sonra minlərlə insanın iştirakı ilə bir neçə dəfə kütləvi etiraz aksiyası keçirildi. Xüsusən də aprelin 2-də paytaxtda olan mitinq son illərin ən güclü etiraz aksiyası idi. 2005-ci ilin noyabrın 26-da keçirilən mitinqdən sonra 2 aprel faktiki olaraq ən güclü aksiya oldu. 2005-ci ildən sonra ilk dəfə idi ki Azərbaycan hökumətini müxalifətlə hesablaşan gördük. Düzdür, onlar bunu etiraf etmədilər, müxalifətlə hesablaşdıqlarını dillərinə gətirmədilər. Bəs o isterik kampaniya nə idi? Bütün televiziyalar axşam saatlarını müxalifətə həs etmirdimi? Hətta bizim evin qabağına gəlib çıxmışdılar. Müsavat Partiyasının qərargahının qarşısında silsilə aksiyalar keçirirdilər. Nəydi şüarları? Deyirdilər ki, biz müxalifətin sabitliyi pozmasına imkan verməyəcəyik, müxalifət xaos yaratmaq istəyir və sair. Amma cəmi bir-iki il qabaq deyirdilər ki, Azərbaycanda ümumiyyətlə müxalifət yoxdur. Hakimiyyətin panika və isterikaya düşməsi də siyasi fəallığın artmasından doğurdu.

O aksiya fonunda bizim 17 əqidə yoldaşımız həbs olundu. Bundan sonra da bir neçə aksiya keçirildi. Biz ilk dəfə yaşanan bir fenomenin də şahidi olduq. İrimiqyaslı repressiyalardan sonra müxalifət taqətdən düşmədi, yenə də müəyyən tədbirlər keçirdi. Düzdür, əvvəlki intensivlik olmadı. Çünki insanlar indiki qüvvələr nisbətinin hələ böyük nəticələrə imkan vermədiyini hiss etdilər. Amma müxalifət öz strukturunu qoruyub saxladı, gücləndi. İctimai-siyasi proseslərə il ərzində müxtəlif təbəqələr qoşuldu.

2011-ci il İctimai Palatanın real alternativ kimi özünü təsdiqləməsi ilə xarakterizə olundu. Eyni zamanda bu il Azərbaycan dindarlarının siyasi meydana daha aktiv müdaxiləsi, gənclərin, vəkillərin, hüquqşünasların ictimai-siyasi fəallığı, ziyalıların ciddi ictimai mövqe ortaya qoyması ilə yadda qaldı. Ona görə də bütün əvvəlki illərlə müqayisədə 2011-ci ildə ictimai-siyasi düşərgənin toparlandığını, aktivliyinin artdığını qeyd edə bilərik.

İl belə bir atmosferdə keçdi və yekunlar da buna uyğundur. Hesab edirəm ki, ən mühüm yekun Azərbaycandakı sülalə rejiminin əbədi olmamasına, sonun da heç də uzaqda olmadığına cəmiyyətin inanmasıdır. Əvvəlki illərdən fərqli olaraq indi mübahisə sülalə hakimiyyətinin davamlı olub-olmaması ilə bağlı deyil. İndi mübahisə sülalə hakimiyyətinin son günlərinin nə vaxt olacağı ilə bağlıdır. Hesab edirəm ki, bu, 2011-ci ilin ən mühüm siyasi yekunudur. Azərbaycan cəmiyyətində bir konsensus yarandı. Bu qeyri-rəsmi konsensus ondan ibarətdir ki, vəziyyət belə davam edə bilməz, davam etməməlidir, Azərbaycanı da bir ailə əbədi olaraq idarə etməməlidir və edə bilməyəcək, dəyişikliklər zəruridir və olacaq. Növbəti ildə bunun dəqiq cizgiləri ilə tanış olacağıq.

– Müxalifətin 2012-ci illə bağlı planları nədir? Qarşıdakı il Azərbaycan üçün necə keçəcək? Hazırda bunun hansısa əlamətləri özünü göstərirmi?

– Bir neçə səbəbə görə qarşıdakı il çox gərgin keçəcək. Əvvəla, “ərəb baharı” adlanan proses Rusiyada da cərəyan edir. Bəzi jurnalistlər artıq bunu “Rusiya qışı” adlandırır. Ərəb ölkələrindən başlanan dalğa “Rusiya qışı”nın simasında davam edir və başqa ölkələrə də sirayət edəcək, proses yekunlaşmayıb. 2012-ci ildə xüsusən də bizim regionla bağlı çox ciddi hadisələr baş verə bilər. Biz, demək olar ki, dünyadakı böyük siyasi kataklizmlərin episentrinə düşə bilərik. Həm də İranla bağlı hadisələr sürətlənib, bu ölkənin hazırkı hakimiyyəti ilə Qərb arasında qarşıdurma artıb, İran əleyhinə sanksiyalar şiddətlənir. Artıq İrana qarşı hərbi əməliyyatlar belə müzakirə olunur. Bu bizi siyasi proseslərin episentrinə sala biləcək bir durumdur.

İkincisi, Rusiyada seçkidən sonra çox ciddi proseslər başlandı. Bu, azad seçki və demokratik dəyişikliklər uğrunda mübarizənin ilk mərhələsidir. Orda hər şey hələ indi başlayır. Hadisələr genişlənəcək, dərinləşəcək, dramatikləşəcək. Xüsusilə də dekabr ayından mart ayına qədər Rusiyada proseslər həddindən artıq gərgin keçəcək. Rusiyada demokratiya uğrunda başlanan mübarizənin yeni-yeni qüvvələrin hesabına kütləviləşəcəyini gözləyirəm. Bu il dekabrın 24-nə təkcə Moskvada deyil, Rusiyanın 70 şəhərində böyük mitinqlər təyin olunub. Bu o deməkdir ki, bizim böyük və güclü şimal qonşumuzun ərazisində ciddi hadisələr baş verəcək. Təbii ki, bunun Azərbaycana təsiri olacaq.

Azərbaycandakı hökumətyönlü politoloqlar müsəlman ölkələrindəki inqilabların təhlilini aparanda deyirdilər ki, Azərbaycanın ərəb dünyasına heç bir aidiyyəti yoxdur, Azərbaycan MDB-nin bir hissəsidir. Onların açıqlamalarından belə çıxırdı ki, Rusiyanın qeyri-rəsmi nüfuz dairəsindəyik və Rusiyada baş verən hadisələrdən asılıyıq. Yeri gəlmişkən, indi onların səsi gəlmir. Növbəti mərhələdə bu çoxbilmişlərdən belə bir açıqlama gözləyirəm ki, onlar Azərbaycanı müstəqil olmasına görə Kuba ilə müqayisə etsinlər və desinlər ki, nə qədər Kuba durur, biz də duracağıq.

Hər halda Rusiyadakı proseslərin Azərbaycana çox ciddi təsiri olduğunu hökumətin danışan “dilləri” də etiraf edirdilər. Düzdür, indi onlar dərin fikrə gediblər, böyük həyəcan içindədirlər… Burda da ümumi fikir və qənaət var ki, Rusiyada baş verənlər, nəhayət, Azərbaycana təsir edəcək. Regionun özü ilə bağlı ciddi proseslər gedir. Ərəb inqilabları, “rus qışı” və sairə olmasa belə, regionun özü ilə bağlı ciddi proses gedir.

– Nədir bu proses?

– Avropa Birliyi Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz ölkələrini rəsmən Şərqi Avropa ölkələri adlandırdı. Bu, bir əsrlik mübahisənin hüquqi müstəvidə həlli deməkdir. Azərbaycanın bu birliyə üzv olması xeyli çəkə bilər və avropalı olmağın əsas şərti də bu deyil. Amma Avropa Birliyinin 27 ölkəsinin yığışıb Azərbaycanın da Şərqi Avropa ölkəsi olduğunu etiraf etməsi böyük, tarixi hadisədir. Deməli, Cənubi Qafqazın Avropaya inteqrasiyası, demokratikləşməsi mühüm məsələdir. Bu məsələlər Gürcüstanda bir qədər irəli getdiyinə görə Ermənistan və Azərbaycanda siyasi proseslərin, islahatların sürətlənməsi strateji nüansdır. Buna görə də Cənubi Qafqaz diqqət mərkəzində olacaq.

2012-ci il Ermənistanda seçki ili, Azərbaycanda isə seçki ərəfəsi ilidir. Əgər söhbət prezident seçkisi kimi mühüm seçkidən gedirsə, bu, siyasi proseslər üçün ayrıca bir stimuldur. Azərbaycanda 2012-ci ilə daha iki faktor öz damğasını vuracaq. Bunlardan biri ondan ibarətdir ki, Azərbaycan iqtidarının əsassız olsa da lovğalandığı iqtisadi artım, ümumi daxili məhsul  göstəricisinin rəqəmləri artıq yoxa çıxıb. 2011-ci ilin yekunlarına görə, nəinki dünyada, hətta MDB dövlətləri arasında Azərbaycan ümumi daxili məhsul göstəricilərinə görə axırıncı yerdədir. Amma hakimiyyət rəsmilərindən səs çıxmır. Bir vaxtlar ən mühüm faktor budur deyirdilər. İndi izah etsinlər ki, nədən qürrələndiyiniz bu göstəriciyə görə ölkə Ermənistandan, hətta Qırğızıstandan da geri qalır. Müstəqil ekspertlər bunun neftlə bağlı olduğunu deyəndə onlar bunu öz fəaliyyətlərinin, siyasətlərinin nəticəsi kimi dəyərləndirirdilər. Zəhmət çəkib indi açıqlama versinlər və azalmanın da məsuliyyətini daşısınlar. Hanı analoqu olmayan inkişaf? İqtisadi göstəricilərin aşağı düşməsi istər-istəməz ölkənin siyasi həyatına da təsir göstərəcək.

2011-ci ildə baş verən pozitiv proseslər – İctimai Palatanın əsas alternativ kimi özünü təsdiq etməsi, ziyalıların, gənclərin, internetin ictimai prosesə müdaxilə eləməsi 2012-ci ildə yüksələn xətlə gedəcək. Çünki bu proseslərin hamısı 2011-ci ildə başlanğıc mərhələsində, rüşeym halında olub. Əslində o proseslərin hamısı daha ciddi faktor kimi yetkinlik mərhələsinə 2012-ci ildə gəlib çıxacaq. Mən 2012-ci il üçün ölkədə çox ciddi siyasi fəallıq proqnozlaşdırıram.

Gələn ilin ölkədə demokratiya uğrunda mübarizədə həlledici il olacağına inanıram. Prinsip etibarilə dünyada, regionda gedən proseslərdən, Azərbaycan xalqının hadisələrə reaksiyasından asılı olaraq ölkədəki inkişafın sıçrayışla dəyişməsi ehtimalını da istisna etmirəm. Biz təkamül yolu ilə, hökumətin bütün müqavimətlərinə baxmayaraq siyasi sistemdə bir qədər demokratikləşməyə doğru gedirik. Yenə də hökumətdən asılı olmayan səbəblərdən. Hökumət yenə də sərbəst toplaşma azadlığını, partiyaların fəaliyyətini məhdudlaşdırır. Amma internet geniş yayıldıqca hökumətin media üzərində senzurasının əhəmiyyəti itir. Yeni-yeni gənc, ictimai qüvvələr ictimai-siyasi proseslərə qoşulduqca siyasi müxalifəti marginallaşdırmaq tapşırıqları əhəmiyyətsizləşir, artıq nəticə vermir. Hakimiyyət artıq elə bir vəziyyətə düşüb ki, direktivləri yerimir, ölkə köhnə qayda ilə idarə olunmur.

– Nəzarət gücü azalıb deyirsiz?

– Bəli, nəzarət gücü azalıb, əvvəllər dəqiq işlyən mexanizmlər artıq işləmir. Cəmiyyətin ən müxtəlif təbəqələri etiraz edir, köhnə qaydalarla barışmır. İctimai Palatanın dekabrın 13-də keçirilən toplantısında maraqlı bir hadisə oldu. Biz mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı işçi qrupu yaratmağa və kütləvi imza kampaniyasına start verdik. Məlum oldu ki, Sumqayıtda obyektləri əlindən alınma ehtimalı olan 63 sahibkarın adından bir nəfər gəlib. Vətəndaş öz şikayətini İctimai Palataya çatdırdı. Həmin şəxs orta sahibkardır, tək deyil və 63 nəfəri təmsil edir. Bir neçə il əvvəl bunu təsəvvür etmək olardımı? Yox yəqin ki.

Həmin tədbirdə evi sökülən neçə insan da iştirak edirdi. Cəmisi bir il əvvəl Qış bulvarının tikintisi ilə bağlı mənzillərin sökülməsinə başlananda bizim nümayəndələr həmin ərazidə olub vətəndaşlara öz köməklərini təklif etmişdilər ki, bu problem ictimailəşsin, evi sökülənlərə hüquqi xidmət göstərilsin, media dəstəyi verilsin. O zaman onların reaksiyası belə olmuşdu ki, bizim məsələmiz siyasiləşməsin, biz hökumətlə dil tapacağıq. Cəmi bir il əvvəl, proseslərin ilkin mərhələsində insanlarda, cəmiyyətdə belə bir düşüncə hakim idi. Amma bu gün bizim mülkiyyət hüququ ilə bağlı keçirdiyimiz tədbirlərdə həmin insanlar iştirak edirlər. Hətta işçi qrupuna könüllü şəkildə daxil olurlar, deyirlər ki, biz bu prosedə iştirak etmək istəyirik. Bu gün daşqın nəticəsində evlərini itirənlərdən tutmuş Bakıda mənzilləri sökülənlərə, obyektləri əlindən alınanlara, o cümlədən Zülfüqarlı qardaşları kimi böyük biznesmenlərə qədər hamısı başa düşüb ki,  susmaqla problemin həlli mümkün olmayacaq. Bu, yeni tendensiyadır. Bu tendensiya 2012-ci ildə güclənəcək və həlledici olacaq. 2012-ci il Azərbaycan üçün maraqlı və hətta həlledici il olacaq.

– Adətən Azərbaycan hakimiyyəti həm nəzəri, həm də praktiki baxımdan Rusiyadakı idarəçilik üsullarından nümunə götürür. Sizcə, bu ölkədə gedən proseslərin Azərbaycana da təsir etmə ehtimalı varmı? Orada baş verə biləcək dəyişikliklər Azərbaycan hakimiyyətini öz siyasətində korrektələrə vadar edə bilərmi?

– Əvvəlcə Azərbaycandakı rejimi xarakterizə edək. Fikrimcə, Azərbaycandakı rejim Rusiyadakı avtoritar rejimlə ərəb ölkələrindəki sülalə rejimlərinin sintezindən ibarətdir. Azərbaycanın indiki hakimiyyəti Şərqdən ailə hakimiyyətini götürüb. Ailə hər şeyin fövqündədir, hakimiyyət daimi və ömürlük olmalıdır, atadan oğula və ailə daxilində transfer olmalıdır. Şərq diktatorlarına xas olan qeyri-məhdud hakimiyyətdən irəli gələn qəddarlıq, dözümsüzlük, müxalifəti zəiflətmək yox, məhv etmək, hakimiyyətdə olanlara qarşı çıxanlara dözümsüzlük göstərmək, qohumlar arasında nazirlikləri, parlamenti bölüşdürmək – Azərbaycandakı rejim bunların hamısını Şərqdən götürüb.

Rusiyadan götürdüyü isə demokratiyanın imitasiyasıdır. Rusiyadakı avtoritar sistemdə bütün demokratik institutları yaradıb gözdən salmaq ənənəsi mövcuddur. Avropa Şurası çox böyük mübarizədən sonra Azərabycanda İctimai Televiziyanın yaradılmasına nail oldu və hesab etdi  ki, bununla böyük qələbə əldə edib. Əslində isə hakimiyyət onu ikinci dövlət televiziyasına çeviridi. Burada çətin bir iş yoxdur. Elə bil dedilər ki, ombudsman təsisatının yaradılması üçün mübarizə aparırsız, yaradaq, olsun daha bir dövlət idarəsi. Bələdiyyə istəyirsiz, burada da problem yoxdur, yaradaq, icra hakimiyyətinin bir şöbəsi də artıq olar. Yəni imitasiyalarla demokratik təsisatları gözdən salmaq, hər şeyin saxta nümunələrini yaratmaq. Bax, Rusiyadan da bunları – yalançı suveren demokratiya nəzəriyyəsini əxz ediblər. Ramiz Mehdiyev böyük-böyük məqalələr yazıb Rusiyada Putinin ideoloqlarının ortaya qoyduğu bu qondarma nəzəriyyəni əsaslandırmağa çalışırdı.

İndi Rusiyada ciddi proseslər gedir. Hələlik oradakı proseslərlə bağlı birmənalı proqnozlar verməzdim. Hələ bilmək olmaz ki, yaxın dövr üçün o proseslər nə ilə nəticələnəcək. Uzun dövrlə bağlı isə proqnoz vermək olar. Aydın olan budur ki, artıq Rusiyada hakimiyyət legitimliyini tam itirdi. Bu ölkədə keçirilən parlament seçkisinin ən mühüm nəticəsi budur – artıq rus xalqı hesab edir ki, indi formalaşmış hakimiyyət onun könüllü şəkildə səs verib seçdiyi hakimiyyət deyil. Rusiyada ilk dəfədir belə hal yaşanır. Bu ölkədə avtoritarizmin yaşı çox olsa da, etiraf etmək lazımdır ki, prezident olduğu dönəmdə Vladimir Putin və rəhbərlik etdiyi partiya əsaslı-əsassız kifayət qədər populyar idi. Həm Putin, həm də rəhbərlik etdiyi partiya xalqdan səs alırdı. Rejimin əleyhdarları onu bəyənmirdilər, etirazlarını bildirirdilər, bununla belə, qeyri-legitimlik söhbəti yox idi. Son 12 ildə ilk dəfədir ki, Rusiyada rejim legitimliyini itirdi. Əgər legitimliyini itiribsə, hakimiyyət mütləq gedəcək. Bu aksiomdur. 21-ci əsrdə qeyri-legitim olan hakimiyyətin heç bir perspektivi yoxdur. Amma nə vaxt və necə? Bu, açıq sualdır. Ona görə də mən sizinlə razıyam, burada hadisələrin həm sürətli inqilabi, sıçrayışlı inkişaf ssenarisi ola bilər, həm də prosesin bir qədər uzanması mümkündür.

Sizin verdiyiniz sual ikinci hissəyə aiddir. Birdən Rusiyada proseslər uzansa, nə baş verəcək? O dəqiqdir ki, proseslər uzansa belə, Rusiya hakimiyyəti indiki kimi qala bilməyəcək. Müəyyən transformasiya olunacaq və keçid bir hakimiyyət formalaşacaq. Yarımdemokratik, yalnız müəyyən kilid sahələrə nəzarət edə bilən, amma cəmiyyətə total nəzarəti itirmiş və son günlərini yaşayan hakimiyyət formalaşacaq. Rusiyadakı indiki hakimiyyət iş başında ən yaxşı halda belə qala bilər: demokratiyanı bir qədər artırmaqla, şikayətlərə baxmaqla, xalqla qarşıdurmadan qaçmaqla, mətbuata azadlıq verməklə, liberal kəsimə dəyişiklik mesajı verməklə, özünün də bu dəyişikliklərə müqavimət göstərmədiyini nümayiş etdirməklə, supergüc olan nüvə dövlətində daha iri kataklizmlərə şərait yaratmaq istəmədiyini göstərməklə. İnqilabi ssenarilərin baş verməməsi üçün bunları edə bilərlər. Belə bir variant ola bilər.

Əlbəttə, bu, Rusiya xalqının verəcəyi reaksiyadan da asılıdır. Onlar proseslərin necə inkişaf edəcəklərini müəyyənləşdirəcəklər. Rusiyada proseslər bu ssenari üzrə inkişaf etsə belə, yenə də bunun Azərbaycana təsiri olacaq. Əgər orda bu ikinci ssenari reallaşacaqsa, Kreml hakimiyyəti nəinki müvəqqəti olacaq, həm də zəifləyəcək. Bunun nəticəsində Rusiya hakimiyyətinin dünyada jandarm olmaq imkanları itəcək.

BMT-nin insan hüquqları komissarı Suriyada insan itkilərinin 5 min nəfərdən artıq olduğunu elan edib. Bəşər Əsəd bu qədər insan qətlə yetirib. Rusiya və Çin hakimiyyətləri onu qoruyur. İndiyə qədər o qəddar rejimə qarşı ciddi sanksiyaların tətbiq olunmasına imkan vermirlər. Rusiya hakimiyyətinin zəifləməsi ona avtoritar rejimlərin babası statusunu saxlamağa imkan verməyəcək. Bu hakimiyyət keçid dövrü üçün birtəhər öz ömrünü uzada bilsə də, artıq dünyada indiki imkanlara sahib olmayacaq. Bu ssenari reallaşacağı təqdirdə Rusiyadakı hakimiyyət daha çox beynəlxalq aləmlə müəyyən aralıq razılaşmalar əldə etməkdə maraqlı olacaq və “dəymə mənə, dəyməyim sənə” prinsipi ilə hərəkət edəcək. Yəni mən jandarm olmaqdan imtina edirəm, amma siz də buralarda prosesləri sürətləndirmək üçün çalışmayın. Belə ssenari də ola bilər. Amma düşünürəm ki, bu da uzun çəkməyəcək.

Kateqoriyalar: Müsahibələr, Əli Kərimli
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: