Əsas səhifə > Müsahibələr, Əli Kərimli > “ÖLKƏNİ DEMOKRATİKLƏŞDİRMƏK ÜÇÜN BÜTÜN QÜVVƏLƏRLƏ, O CÜMLƏDƏN İSLAMÇI SİYASİ QÜVVƏLƏRLƏ KONSENSUS TAPMALIYIQ”

“ÖLKƏNİ DEMOKRATİKLƏŞDİRMƏK ÜÇÜN BÜTÜN QÜVVƏLƏRLƏ, O CÜMLƏDƏN İSLAMÇI SİYASİ QÜVVƏLƏRLƏ KONSENSUS TAPMALIYIQ”

“Media forum” portalına müsahibəm (III hissə)

– İnqilab olmuş ərəb ölkələrində dini idarəçilik qurulması ehtimalı necə, böyükdürmü?

– Mən bu ölkələrin demokratikləşəcəyini düşünürəm. Bütün Qərb politoloqları deyirdilər ki, birinci Tunisə fikir vermək lazımdır, çünki bu ölkə ərəb dünyasının alışqanı oldu. Hardasa Tunis bütün proseslərdə estafeti əlində saxlayıb. Bu gün Tunis ərəb dünyası üçün müəyyənedici faktora çevrilib.

Çoxları belə fikir yürüdürdü ki, ərəb ölkələri içərisində Türkiyənin nüfuzu artıb, bu ölkə ərəb dünyası üçün model dövlətə çevrilib. Tunisdəki seçkilər bunu bir daha təsdiq etdi – seçkini udan siyasi qüvvə açıq-aşkar deyir ki, biz Türkiyənin Ədalət və İnkişaf Partiyası kimi təşkilatıq. Tunisin Liberal Partiyasının lideri ölkənin prezidenti seçildi, hər bir təminat verildi ki, demokratiya davamlı olacaq, çoxpartiyalılıq davamlı olacaq və dünyəvi dövlət sistemi yaşayacaq.

Düzdür, orda belə bəyanatlar da səsləndi ki, ölkədə şəriət qanunları işləyəcək. Amma bu bizim başa düşdüyümüz mənada deyil. Yəni ancaq şəriət qanunlarının olmasından söhbət getmir. Məsələn, sovet hüquq sistemi germanlardan qalma sistemdir. Bu o demək deyil ki, sovet hüququ german hüququ idi. Tunisdəki açıqlamanın mənası budur ki, onların qanunlarının əsasını “Quran”dan, Məhəmməd peyğəmbərdən gələn prinsiplər təşkil edəcək. Bilirsiniz ki, “Quran” həm də bir hüquq məcəlləsidir. Tunisdəkilər bunları nəzərdə tuturlar və burada qəbahət yoxdur. Onlar açıq-aşkar təminat verirlər ki, dünyəvi dövlət olaraq qalacaqlar.

Mərakeşdə çox yaxşı proses getdi, orda belə bir nümunə yarandı ki, dəyişikliklər yuxarıdan olsun. Kral imkan verdi ki, referendum keçirilsin, nəticədə hakimiyyət hökumətə və parlamentə verildi, müxalifətdə olan islam partiyası hökumət qurdu və elan etdi ki, Mərakeş dünyəvi dövlət olacaq, ən yaxın tərəfdaşı Avropa olacaq.

– Misirdəki seçkilərdə qalib gəlmiş “Müsəlman qardaşları” barədə də bunları demək olarmı?

– Ötən illərdə bu təşkilatda ciddi şəkildə transformasiya baş verib. Əlbəttə, biz onları uzun illər radikal qüvvə kimi tanımışıq, amma nə bilmək olar? Bəlkə Hüsnü Mübarək öz repressiyalarına haqq qazandırmaq üçün bu təşkilatın üzərinə “radikal” damğasını yapışdırıb? Zamanla onları görəcəyik. Misirdəki seçkilərdə səslərin 40 faizini “Müsəlman qardaşları” təşkilatının əsasında yaranmış Azadlıq və Ədalət Partiyası toplayıb. Bu partiya da Türkiyənin Ədalət və İnkişaf Partiyasını özünə model olaraq seçib. Ona görə də hesab edirəm ki, bir müddət siyasi islam ərəb ölkələrində iqtidar olacaq. Bu, özlərini təqdim etmək üçün onlara bir şansdır.

Gözləntim belədir ki, onlar mülayim islam partiyaları olacaqlar və dünyəvi dövlət sistemini dəyişməyəcəklər. Onlar teokratik dövlət qurmayacaqlar və çoxpartiyalılığı məhv etməyəcəklər. Bu mümkün də deyil.

Bu gün Misirdə, Tunisdə gördüklərimiz onun sübutudur ki, həmin ölkələrdə liberal görüşlü insanlar azlıqdadır. Misirdə onlar 15 faiz səs aldılar. Tunisdə də həmin qaydada. Amma onlar meydandadırlar, aktivdirlər, haqları uğrunda mübarizə aparırlar, istəkləri uğrunda ciddi müqavimət göstərirlər. İnternet fəalları, gənclər əsas passionar qüvvədir. Ola bilər ki, səsvermə prosesində islamçı qüvvələrdən çox geri qalırlar. Amma küçə və meydanlarda geri qalmır, fəaldırlar. Bu isə balans tapmağa kömək edəcək. Dünyanın səyləri, xüsusilə Türkiyənin pozitiv nümunəsi təlqin edir ki, mötədil islam olmaq lazımdır. Onlar bunu qəbul ediblər. Digər tərəfdən cəmiyyətin daxilindən başqa bir müqavimət də var. Ona görə də mən keçid dövrünün müəyyən çətinliklərindən sonra bu ölkələrin çoxpartiyalı sistemə keçə biləcəyini və perspektivdə Türkiyədəki Ədalət və İnkişaf Partiyası tipli partiyaların uzun müddət üstün mövqedə olacağını proqnozlaşdırıram.

– Sizcə, Azərbaycandakı müxalifət qüvvələri xalq hərəkatını və ondan sonrakı prosesləri idarə etmək iqtidarındadırmı?

– Kütləvi xalq hərəkatlarının müəllifi həmişə xalq olur. Partiya bu hərəkatın, o cümlədən inqilabi prosesin təşəbbüskarı və hərəkətvericisi ola bilməz.

– Bəs niyə lider ideyası Azərbaycanda bu qədər populyardır?

– Məncə, Azərbaycan cəmiyyətini bir az çaşdırıblar. Uzun illər bizdə hakimiyyətdə olan qüvvəyə iqtidar, ona qarşı olan qüvvələrə müxalifət deyiblər. Amma nə onlar əməlli iqtidardırlar, nə də biz normal qaydada müxalifət ola bilirik. Çünki ölkədə seçki prosesi yoxdur. Hakimiyyətdəkilər iqtidar olmaq statusunu haradan alıblar? Bizim müxalifətdə hansı fəaliyyət imkanları var? Biz əslində dissident qrupları kimi fəaliyyət göstəririk. Azərbaycan xalqının bir hissəsini çaşdırıblar ki, guya burda demokratiya var. Demokratiya olanda insanlar seçkiyə, liderlərə indeksləşirlər. Digər tərəfdən, şərqli olmağımız da lider mövzusunu aktuallaşdırır. Nə qədər ki, ölkədəki mövcud sistem çökməyib, bu cür seçkilərlə məsələ öz həllini tapa bilməz. Xalq hərəkatlarına rəhbərlik məsələsinə gəlincə, burada söhbət ancaq siyasi partiyaların idarəetmə bacarığından gedə bilər.

Məncə, Azərbaycan müxalifətinin belə bir bacarığı var. Xüsusilə ölkənin mühüm siyasi partiyaları İctimai Palatada birlikdə olduğuna görə və təkcə siyasi partiyalar deyil, vətəndaş cəmiyyətinin də mühüm bir hissəsi bu qurumda təmsil olunduğuna görə, eləcə də ölkənin demokratik, alternativ elitasında bir həmrəylik mühiti olduğuna görə çox ciddi qarşıdurmalar yoxdur. Artıq bu mərhələ keçib. Azərbaycan xalqı hamılıqla mübarizəyə qalxanda Azərbaycan müxalifəti prosesi uğurla idarə edə biləcək.

– Ərəb dünyasında baş verənlər Türkiyəni yeni bir rolda irəli çıxardı. Azərbaycanda demokratiyaya, insan haqlarına dəstək verən qüvvələrdən danışanda bizə ən yaxın ölkə olan Türkiyənin rolu qeyd olunmur. Nə mənfi, nə də müsbət mənada. Sizcə, “ərəb baharı”na qədər Türkiyə Azərbaycanla bağlı hansı mövqe tuturdu, indi hansı mövqedədir?

– Türkiyədə hazırda hakimiyyətdə olan qüvvə xoşa gəlib-gəlməməyindən asılı olmayaraq demokratik, xalqın seçdiyi qüvvədir. Demokratiyanın yoxluğundan vaxtilə əziyyət çəkmiş qüvvədir. İndiki baş nazir siyasi məhbus həyatı yaşayıb. Ona görə də onların daxilində demokratiyaya hörmət var. Sadəcə, hakimiyyətə gəldiyi ilk mərhələdə bu partiya diqqəti Türkiyənin daxilinə yönəltmişdi. Bir tərəfdən ölkə içərisində möhkəmlənmək qayğıları vardı, o biri tərəfdən də Türkiyənin sərhədlərində elə rejimlər vardı ki, Türkiyə istəsəydi də, təkbaşına heç nə edə bilməzdi. “Sıfır problem” strategiyası da ordan yarandı.

Amma sonradan iki mühüm dəyişiklik oldu və partiyanın indiki siyasəti ortaya çıxdı. Birincisi, Ədalət və İnkişaf Partiyası, yəni AKP Türkiyənin daxili siyasətində mümkün olan hər şeyi elədi. İndiki baş nazir Ərdoğan üçüncü dəfə seçkini qazanandan sonra onun Türkiyə daxilində reallaşdıra bilmədiyi bir şey qalmamaşdı. Həm də nəzərə almaq lazımdır ki, bu onun son seçkisidir, daxildəki bütün hədəfləri arxada qoyub, indi daha sərbəstdir.

İkinci dəyişiklik dünyada, xüsusilə də ərəb dünyasında baş verənlər oldu. Bunlar AKP hökumətinə bu mesajı çatdırdı ki, fəal olmaq lazımdır, bu dəyişikliklər həlledici ola bilər. Yada salım ki, ilkin mərhələdə AKP astagəl mövqedə idi. Amma sonra prosesləri çevik dəyərləndirdilər və prosesin gedişində siyasətlərini korrektə etdilər. İnandılar ki, başlanan proses ciddidir, ölkədə baş verənlər emosional bir partlayışın nəticəsi deyil, bütün regionu bürüyə bilən siyasi prosesdir. Burada AKP prosesin gedişatında öz siyasətini korrektə etdi və xalqa yönəlik siyasətə keçdi. İndi də rəsmi siyasətləri ondan ibarətdir ki, AKP iqtidarı Türkiyədə xalqlardan yararlanır, avtoritar rejimlərə qarşıdır.

Azərbaycana münasibətdə, məncə, bu münasibət keçərli olacaq. Amma o zaman ki, xalq ayağa qalxacaq. Nə qədər xalq ayaqda deyil, Türkiyədən idealist mövqe gözləmək sadəlövh yanaşma olardı. Hələ ki, Azərbaycandakı hakimiyyət vəziyyətə nəzarət edir, mühüm qərarlar verə bilir və daxildən onu təhdid edən heç bir ciddi qüvvə yoxdur, bu siyasət davam edəcək, Türkiyə də, başqa qüvvələr də hökumətlə əməkdaşlığı davam etdirəcəklər. Azərbaycan xalqı öz sözünü deyəndə bütün dünya, eləcə də Türkiyə xalqın çağırışlarına daha diqqətli olacaq.

– Azərbaycan müxalifətinin Türkiyə ilə münasibətləri yetərincədirmi?

– Mənəvi, ideoloji baxımdan yanaşsaq, Azərbaycan müxalifətinin avanqard qüvvəsi Türkiyə ilə yaxın münasibətdədir. Ola bilər ki, bütün Türkiyə cəmiyyəti bizim hamımızı yaxşı tanımır, amma əksəriyyət Elçibəyi tanıyır və bilir ki, bu gün Azərbaycanda Rəsulzadənin və Elçibəyin davamçısı olan qüvvələr var. Milli kimlikli və bu gün də türklük davasını davam etdirən qüvvə var. Yəni mənəvi baxımdan ciddi birlik var. Biz də burda Türkiyə ilə bağlı bütün məsələlərə çox həssas yanaşırıq. Amma bu münasibətlər gündəlik siyasi əlaqə səviyyəsində çox zəifdir. Görünür, Türkiyədə belə bir yanlış yanaşma var ki, Azərbaycan hökuməti ilə münasibətlərin qorunub saxlanmasının tək yolu müxalifətlə münasibətləri gözardı etməkdən keçir. Bəlkə də bu, Azərbaycan hökumətinin şərtidir, bilmirəm. Əgər belədirsə, onların məsuliyyətini bir qədər azaldır.

Hesab edirəm ki, bu yanlış yanaşma zamanla aradan qalxmalıdır. Türkiyə Azərbaycanla əməldə də qardaş kimi hərəkət eləməlidir. Qardaş nə deməkdir? Onun yaxşılığını istəmək. Azərbaycanın yaxşılığını istəmək isə onun demokratikləşməsindən keçir. Bunu istəmədən heç kimi öz səmimiliyinə inandırmaq olmaz. Qardaş Türkiyə azərbaycanlıların hürr olmasını istəyirsə, deməli, bizim yaxşılığımızı istəyir. Mən Türkiyə mətbuatına verdiyim müsahibələrimdə də demişəm kik, bu demokratiya yaxşı şeydirsə, niyə azərbaycanlı qardaşlarınız üçün də istəmirsiniz, əgər pis bir şeydirsə, niyə özünüz mənimsəmisiniz?

– Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bir müddət əvvəl müsahibəsində təxminən belə demişdi ki, türk kimliyimizi qabartmaq doğru deyil. Bu haqda siz nə fikirdəsiz?  Eyni zamanda, o, Azərbaycan Xalq Cümhuriyyətinin çar Rusiyasında gedən proseslər nəticəsində yarandığını, həmin dövrdəki siyasi qüvvələrin hədəfində müstəqil dövlət qurmaq məqsədinin olmadığını və “az sayda” Azərbaycan ziyalılarının Rusiya ziyalılarının fikirlərindən bəhrələndiyini də demişdi. Müxalifət düşərgəsindən bunlarla bağlı fikir bildirən olmadı. Siz bu fikirləri bölüşürsüzmü?

– Hökumətin xeyli nümayəndəsi, xüsusən də bir qayda olaraq bu işlərlə məşğul olan Ramiz Mehdiyev elmi, tarixi görünmək iddiasındadır. Əslində isə psevdoelmi və psevdotarixi yazılar yazılır. Biz əvvəlki mərhələlərdə belə yazıları, çıxışları geniş şərh edirdik, lazımi reaksiya verirdik. Ancaq indi bu tip yazıları ciddiyə almırıq. Eyni zamanda cəmiyyət də artıq belə yazıları ciddiyə almır. Bu adamların absurdu Heydər Əliyevi Azərbaycan dövlətinin banisi elan etmək həddinə qədər gəlib çatıb. Bura artıq sözün qurtardığı yerdir, bu adamlarla nə danışasan, nəyin müzakirəsini aparasan? Heydər Əliyevi Azərbaycan dövlətinin banisi elan edən, bu qədər absurd danışan adamlarla nəyinsə polemikasını aparmağın mənası qalmır. Ona görə də belə yazılarla bağlı uzun-uzadı polemikaya girmirik.

Soy-kökümüzə gəlincə, biz Azərbaycan dövlətinin vətəndaşlarıyıq, biz hamımız azərbaycanlıyıq. Bizi birləşdirən məfhum olaraq azərbaycanlı olmağımızı qabardırıq, burada bir qəbahət yoxdur. Amma eyni zamanda bu ölkədə yaşayan xalqlar arasında türk etnosunun əksəriyyət təşkil etdiyini söyləməkdə də bir qəbahət yoxdur. Bu gün vahid millət kimi görünən Avropa millətlərinin özləri də çoxlu sayda xalqların toparlanmasından formalaşıb. Elə faransızları götürək. Fransada çox sayda kiçik xalq yaşayıb. Onlar hamısı fransız adı altında birləşdilər. Çünki ən böyük etnos fransızlar idi. Bu gün bizim soy-kökümüzün birbaşa türk keçmişinə bağlı olmasını söyləməmizdə heç bir problem olmalı deyil. Burada hər hansı problem axtarmaq, öz kimliyini ifadə etməyə mane olmaq qeyri-demokratik təfəkkürün göstəricisidir. Belə təfəkkür sahibləri hesab edirlər ki, kiminsə özünü ləzgi, talış və yaxud başqa xalq adlandırması da qəbahətdir. Biz isə deyirik ki, nə bu ölkədə əksəriyyət təşkil edən etnosun özünü türk adlandırmasında bir problem var, nə də talışın, ləzginin, tatın, avarın özünü öz kimliyi ilə təqdim etməsində problem var. Azərbaycan bizi birləşdirən ümumi vətəndir, məfhumdur. Azərbaycanda heç kimin bir-birindən artıq hüququ yoxdur, bu xalqların hansısa birinci, hansısa ikinci, üçüncü dərəcəli deyil. Ona görə bu məsələlərdə də keçmişin tabuları aradan qalxmalıdır. Hər şey olduğu kimi deyilməlidir.

– Bir il əvvəl – İctimai Palata formalaşdırılanda əsas məqsədin ölkədə təkrar parlament seçkisinin keçirilməsinə nail olmaq olduğunu elan etmişdiniz. Bu niyə mümkün olmadı və qurumun bugünkü hədəfi nədir?

– İctimai Palata hədəfindən geri çəkilməyib və yenə də növbədənkənar parlament seçkisinin keçirilməsini tələb edir. 2012-ci ildə bu tələb daha da qüvvətli formada ifadə olunacaq. Bu il şərtlər yeni parlament seçkisinin keçirilməsinə nail olmağa imkan vermədi. Mən müsahibə boyu həmin şərtlərdən danışmışam və təkrarlamağa ehtiyac görmürəm. Üstəlik, biz İctimai Palatanı yaradanda deməmişdik ki, 2011-ci ildə növbədənkənar parlament seçkisinin keçirilməsini təmin edəcəyik. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Ölkə daxilində qüvvələr nisbəti nə vaxt  imkan versə, o zaman buna nail olacağıq. Bu məsələ bizim üçün prioritet olaraq qalır. Hakimiyyət İctimai Palatanın həm təkrar seçki tələbinə, həm də “Demokratiyaya yumşaq keçidin yol xəritəsi” sənədinə qeyri-konstruktiv yanaşır. Ona görə də İctimai Palatada belə qənaət formalaşıb ki, görünür, Azərbaycandakı problemlərin hamısı birlikdə həll olunmalıdır. Bu qənaət günü-gündən güclənir. Hökümət konstruktiv dialoqa, mərhələli islahatlara qadir olmadığını sübut edir. Bütün cəmiyyət bunu görür. Bizdən asılı olmayan səbəbdən hakimiyyət xalqı sövq edir ki, Azərbaycanda rejim dəyişikliyi bütün tələblərdən önə keçsin.

– İctimai Palatanın sonuncu sessiyasında hakimiyyətə ünvanlanmış bəyanat qəbul olunub. İndiki reallıqda yenidən müraciət etməyin bir anlamı varmı? Qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün İctimai Palatanın taktikasını dəyişməsi mümkündürmü?

– Buna ehtiyac yoxdur. Biz təkliflərimizi vermişik. Hər sessiyada hakimiyyətə təklif verməyimiz haqda fikirlər yanlışdır. Biz Azərbaycan xalqına, o cümlədən bütün dünyaya nümayiş etdirdik ki, müxalifət, onun avanqard qüvvəsi olan İctimai Palata ölkədəki problemlərin həllini addım-addım islahatların aparılması, ölkənin tədricən demokratikləşdirilməsində görür. Bu bizim təklifimizdir və onu hakimiyyətə göndərmişik, cəmiyyətə açıqlamışıq. Hökumətsə bunu qəbul etmir, çünki nə dialoqa, nə də konstruktiv islahatlara qadirdir. İndi artıq bizim hamımızın üz tutduğumuz bir arbitr var, o da xalqdır. Biz öz mövqeyimizi göstərdik, hakimiyyət də özünün etinasızlıq, saymazlıq mövqeyini nümayiş etdirdi. Xalq da bunu gördü və özü nəticə çıxarıb günün birində siyasət meydanına çıxacaq. Onda artıq həmin yol xəritəsinin qəbul edilib-edilməməsi aktual mövzu olmayacaq.

– İctimai Palatanı 2013-cü ilin prezident seçkisinə vahid bir komanda, qurum kimi aparmaq mümkün olacaqmı?

– Əvvəla, bölgədə, ölkədə siyasi proseslər o qədər sürətlənib ki, indidən 2013-cü ilin prezident seçkisi haqda danışmağı düzgün saymıram. Artıq illər yox, aylar ərzində böyük dəyişikliklər baş verir. Ona görə də 2013-cü illə bağlı böyük planlar, perspektivlər haqda düşünmək lazımdır və biz bunu edirik. Amma bu barədə danışmağa ehtiyac yoxdur. Hesab edirəm ki, ilindən asılı olmayaraq İctimai Palata köklü dəyişikliklərə vahid komanda kimi getməlidir. Eyni zamanda bu qurum ölkədə köklü dəyişikliklərə nail olandan sonra da vahid komanda kimi məsuliyyəti öz üzərinə götürməldir. Mən bunu doğru sayıram və bunun üçün çalışaram.

– 2013-cü iln prezident seçkisində namizəd olacaqsınızmı?

– Mən yaxınlarda bu suala cavab vermişəm və geniş də müzakirə olunub. Siz jurnalistlərin sualları nəticəsində bu mövzuların hər gün İctimai Palatanın liderləri tərəfindən aktuallaşdırılması insanlarda yanlış təəssüratlar yaradır. Onlara elə gəlir ki, bizim mübarizəmiz ancaq namizəd, sonra isə prezident olmaq uğrundadır. Axı bu gün bizim üçün prioritet məsələ xalqın xilası, ölkənin avtoritar rejimdən qurtuluşudur. Biz bunlara nail olmalıyıq.

Bütün şərtlər indi olduğu kimi qalacaqsa, bu status-kvoda namizəd olmağın nə mənası var? Bu durumda namizəd oldun nə, olmadın nə? Deməli, indiki vəziyyət dəyişməli və bu prosesdə hamı iştirak etməlidir. Bu gün kimin üçünsə mən uyğun namizəd deyiləm, digəri üçün başqa namizədlər uyğun deyil. Biz prosesi hansısa namizədin üzərinə fokuslaşdıranda diqqət yayınır, həmin namizədi bəyənməyən insanlar prosesdən kənarda qalır. Axı indi bizim məqsədimiz hansısa namizədin ətrafında birləşmək deyil. Məqsədimiz ölkədə köklü dəyişikliklər şüarı ətrafında hamını səfərbər etməkdir. Evi sökülən də, aldadılan da, iş tapa bilməyən də, siyasi cəhətdən repressiyaya məruz qalan da, bütün narazılar, azadlıq istəyənlərin hamısı bir araya gəlməlidir. Bizim şüarlarımız, irəli sürdüyümüz tezislər birləşdirici olmalıdır.

– Son bir il Azərbaycanda islamçı qüvvələrin aktivləşməsi və siyasət meydanında daha çox görünmələri ilə də yadda qaldı. Bu il 20 islamçı haqda məhkəmə hökmü çıxarılıb. Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanda demokratik müxalifətin yerini dini qüvvələr tuta bilər. Bunu real hesab edirsizmi?

– Mən hesab etmirəm ki, onlar İctimai Palatada təmsil olunan və ənənəvi olaraq milli-demokratik qüvvələr adlandırılan düşərgəni əvəz edə bilərlər. Onların tamamilə başqa gündəliyi, sosial bazası var. Biz etiqad azadlığına hörmətlə yanaşmağın tərəfdarıyıq. Hesab edirik ki, Azərbaycan vətəndaşlarının ideya, ideologiya seçmək azadlığı olmalıdır. Kimlərsə Azərbaycanın gələcəyini başqa cür təsəvvür edə bilərlər, o cümlədən bizdən fərqli görə bilərlər. Bu vətəndaşların hərəkətlərində qanun pozuntusu olmayınca onların azadlığı təmin olunmalıdır. Ona görə də biz həbs olunmuş islamçı fəalların hüquqlarını müdafiə edirik. Biz onları siyasi məhbus sayırıq. Bu adamların hakimiyyətin iddia etdiyi cinayətləri törətmədiyinə əminik. Biz bilirik ki, onlar rejimi sərt tənqid etdiklərinə, sərt ritorikalarına görə həbs olunublar. Azərbaycanın xüsusi xidmət orqanlarının evlərdən silahı hansı üsullarla çıxardığını da yaxşı bilirik.

Biz Azərbaycanda islamçıların hələlik hər hansı qeyri-qanuni, zorakı tədbirlər həyata keçirməməsindən çox məmnunuq. Bu, çox mühüm məsələdir. Hakimiyyət bir çox halda onları zorakılığa, qanunsuz hərəkətlərə təhrik edir. Məcburi saqqalqırxma, saqqala od vurma əməliyyatları, insanların ailələrinə basqılar buna xidmət edirdi. Hakimiyyətin belə bir primitiv düşüncəsi vardı və fikirləşirdilər ki, Qərbə göstərmək lazımdır ki, bizim rəqiblərimiz islamçılardır, onlar radikaldırlar, terrorçudurlar, adam öldürürlər və onda bizə kart-blanş veriləcək ki, müxalifətin hamısının kökünü kəsək. Bəlkə ərəb inqilablarından sonra bu düşüncələrini dəyişiblər, bilmirəm. Hökumətin bir çox dairəsi bu adamları zor müstəvisinə çəkmək üçün təxribatlar törədib. Bu səbəbdən biz həbs olunan islamçıları siyasi məhbus hesab edirik.
Biz onları öz dini etiqad azadlıqlarını Azərbaycan dövlətinin maraqları çərçivəsində realaşdırmağın yolunu tapmağa, dünyəvi dövlət strukturu çərçivəsində öz dini etiqad azadlıqlarını təmin etməyə çağırırıq.

Eyni zamanda özümüzün də kimliyimizi ortaya qoyuruq. Deyirik ki, biz Azərbaycan dövlətini qurmuşuq, milli-demokratik düşərgə olaraq ölkənin gələcəyini çoxpartiyalı, plüralist, demokratik, hüququn aliliyinin təmin olunduğu sosial dövlət kimi görürük. Azərbaycanın gələcəyini Avropada görürük. Azərbaycanın hər bir vətəndaşının dini etiqad azadlığına hörmət olunmasının tərəfdarıyıq. Biz nəinki buna tərəfdarıq, dini etiqad azadlığına tam təminat verəcəyik. Azərbaycanda islamçıların öz dünyagörüşünə, sərt tənqidlərə görə həbs olunmayacağına təminat verəcəyik.

– İctimai Palatanın sonuncu sessiyasında yazıçı-publisist Rafiq Tağının xatirəsinin yad edilməsi məsələsi ciddi mübahisələrə səbəb oldu. İctimai Palatanın Koordinasiya Şurasının üzvü, qurumda dini kəsimi təmsil edən Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu qətlə yetirilən yazıçının xatirəsinin yad olunmasına imkan vermədi. Bunu dini qüvvələrin artıq İctimai Palataya da ciddi təsir göstərməsinin göstəricisi saymaq olarmı?

– Hacı İlqar İbrahimoğlu vətəndaş cəmiyyətinin kifayət qədər tanınmış, mütərəqqi fikirli nümayəndəsidir. İctimai Paltanın sonuncu sessiyasında bununla bağlı yanlış yanaşmalar oldu. Bəziləri bilə-bilə, bəziləri bilməyərəkdən məsələləri qarışdırdılar. Prinsipal olaraq Rafiq Tağının xatirəsini yad etməmək kimi bir mövqe heç kimdə olmayıb. Sadəcə bir çoxları hesab etdi ki, hər iclasda bunu etmək lazım deyil. Ondan əvvəlki sessiyada Rafiq Tağının xatirəsini yad etmişdik. Rafiq Tağının dəfn olunduğu gün bizim iclasımız vardı. Məlum oldu ki, biz dəfnə çata bilmirik. İsa Qəmbər məsələ qaldırdı və biz mərhumun xatirəsini bir dəqiqəlik sükutla yad etdik. Yas mərasimində iştirak etdik, dəfələrlə bəyanatlarla çıxış etdik. Rafiq Tağının öldürülməsinə münasibətdə, bunun insanlıq əleyhinə bir cinayət olmasını söyləmək məsələsində, o cümlədən xatirəsinin yad olunmasında İctimai Palata daxilində hər hansı fikir ayrılığı olmayıb. Bununla bağlı söylənənlər stəkanda fırtına əməliyyatına bənzəyir.

Hacı İlqar da bu məsələlərdə İctimai Palatanın ümumi mövqeyini bölüşüb. Ona görə də Azərbaycan cəmiyyətində dindar kəsimlə, islamçı siyasi qüvvələrlə milli-demokratk düşərgə arasında münasibətləri gərginləşdirmək, qarşıdurma səviyyəsinədək artırmaq heç kimin, xüsusən də özünü liberal hesab edən adamların marağında deyil. Açıq demək lazımdır ki, bu yalnız dəyişikliklərin ölkəyə gec gəlməsini istəyənlərin marağına uyğundur. Azərbaycanda dəyişikliklər olmasını istəyən hər kəs cəmiyyətdə konsensus əldə olunmasına çalışmalıdır, bunda maraqlı olmalıdır. İctimai Palatanın rəhbərliyi cəmiyyətdə bu konsensusun formalaşdırılmasında maraqlıdır, buna çalışır. Biz ölkəni demokratikləşdirmək üçün bütün qüvvələrlə, o cümlədən islamçı siyasi qüvvələrlə müəyyən bir konsensus tapmalıyıq, buna tərəfdarıq. Bu o demək deyil ki, bizim mövqelərimiz üst-üstə düşəcək. Ola bilər ki, gələcəkdə ciddi siyasi yarışma məhz milli-demokratik qüvvələrlə islamçılar arasında olacaq. Amma bir oyun qaydası olacaq. Biz də bu oyun qaydasına uyğun yarışacağıq, bir-birimizi məhv etməyəcəyik.

Kateqoriyalar: Müsahibələr, Əli Kərimli
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: