Əsas səhifə > Çıxışlar, Əli Kərimli > “Nə vaxta qədər Azərbaycanın, Türkiyənin maraqları bir medalın girovluğunda qalacaq?!”

“Nə vaxta qədər Azərbaycanın, Türkiyənin maraqları bir medalın girovluğunda qalacaq?!”

AXCP sədrindən İlham Əliyevə ağır suallar (“Azadlıq” qəzeti)

“Biz avropaya milli kimliyimizlə, tariximizlə, dini inancımızla qürur duyaraq getmək istəyirik, onları qurban vermək bahasına yox”

AXCP sədri Əli Kərimi İctimai Palatanın 8 yanvar sessiyasında geniş və ciddi maraq doğuran çıxış etdi. Alqışlarla qarşılanan çıxışında AXCP sədri İctimai Palatanın 2011-ci ilin dekabrında keçirilmiş sonuncu sessiyasından bəri yaşanan bir sıra hadisələrə toxundu, həm demokratik düşərgəyə, həm Azərbaycan hakimiyyətinə, həm də beynəlxalq birliyə mühüm mesajlar ünvanladı.

Çıxışdan seçmələr:

“Ərəb baharı”, “Rusiya qışı”

Dünya tarixinə “diktatorları, tiranları yıxan il” kimi düşən 2011-ci illə xüdahafizləşdik və 2012-ci il yenidən anons etdi ki, dəyişikliklər davam edəcək. “Ərəb baharı” ilə başlayan proses “Rusiya qışı” ilə davam etməkdədir. Artıq demokratik proseslər MDB məkanına gəlib çatıb. Biz böyük və güclü qonşumuzun – Rusiyanın demokratikləşməsində maraqlıyıq. Hesab edirik, Rusiyanın demokratikləşməsi həm Azərbaycanın, həm MDB məkanının demokratikləşməsinə töhfə verən hadisədir. Biz Ictimai Palata olaraq, Rusiyanın demokratikləşməsi üçün çalışan qüvvələrlə həmrəy olduğumuzu ifadə edirik.

Ilham Əliyevin məsuliyyəti

Təəssüf ki, ötən ilin sonunda Azərbaycan cəmiyyətinin ümidlə gözlədiyi əfv fərmanı yenidən bu ümidlərin qırılmasına gətirib çıxardı. Ilham Əliyev növbəti dəfə sübut elədi ki, siyasi məhbusları daha uzun müddətə həbsxanada saxlamaq bilavasitə onun təşəbbüsüdür. Hətta hakimiyyət nümayəndələri olan adamlar da bu əfv fərmanı ilə nəhayət, siyasi məhbus probleminin həllinin tərəfdarı olduqlarını bəyan etdikləri halda, son nəticədə biz vicdan məhbuslarından birinin azad edildiyini gördük. Digərləri yeni ili həbsxanada qarşılamalı oldular.
Bu hal yeni bir situasiya yaradır. Siyasi məhbus problemi bizim üçün ən önəmli işlərdən biridir. Amma hesab edirəm, Ictimai Palata daxildən silkələnib qərar verməlidir ki, bu məsələ artıq bizim gündəlik işimiz olmalıdır. Bir nömrəli işimiz də yox, günlük işimiz. Elə bu sessiyadan sonra vətəndaş cəmiyyətinin ən müxtəlif strukturlarını toplayıb, siyasi məhbus probleminə daha ciddi necə təpki verə biləcəyimizi müzakirə etməliyik. Bu məqsədlə ən müxtəlif kütləvi aksiyalar keçirməliyik. Vicdan məhbuslarını azad etmək bizim ən ümdə prioritetimiz olmalıdır.

Rafiq Tağının qətli

Ictimai Palatanın axırıncı sessiyasından bəri ötən müddətdə, xaincəsinə qətlə yetirilmiş Rafiq Tağının 40 mərasimi də oldu. Artıq bu qətlin iki ayı tamam olur, amma onun üstü açılmır. Əksinə, cəmiyyət narahatdır ki, cinayətin ört-basdır edilməsi prosesi gedir.
Bu qətl baş verən kimi, Ictimai Palata prinsipial mövqeyini bildirərək, onu azad sözə, ölkənin demokratik qüvvələrinin birliyinə qarşı addım kimi kəskin pislədi. Qətllə bağlı bir çox versiyaların ola biləcəyini ifadə etdik. Amma çox təəssüf ki, bəzən ictimai diskussiyalarda o versiyalardan ancaq birinin üzərində dayanılır, digər versiyalar arxa plana keçirilir. Azərbaycan hakimiyyəti də bundan – öz məsuliyyətinin arxa plana keçirilməsindən çox məmnundur.
Biz Ictimai Palata olaraq, bu qətlə görə Azərbaycan hakimiyyətinin məsuliyyətinin gündəmdən düşməsinə imkan verməyəcəyik. Burada bu qətlin üstünün açılmasını tələb edən çox açıq, birmənalı mövqe ortaya qoymalıyıq. Azərbaycan cəmiyyəti əsl qatilləri görmək istəyir. Onlar məsuliyyətə cəlb olunmalıdır. Bu, indi baş verməsə də, sabah bunu həyata keçirməliyik.

Fransanın yanlışı

Daha bir mühüm məsələdən danışmaq istəyirəm. Söhbət Fransada uydurma erməni soyqırımıyla bağlı qəbul edilən, fransız xalqına da yaraşmayan qanundan gedir. Bu qanunun Senatda təsdiqlənməsi, nə qədər absurd görünsə də, “erməni soyqırımı”na inanmayanların mühakimə olunması, külli miqdarda cərimələnməsi deməkdir. Bu, fikir və ifadə azadlığına qarşı, eyni zamanda, Fransa cəmiyyətini geriyə atan addımdır.
Biz Ictimai Palata olaraq Avropa Birliyinə üzvlüyü hədəfləmişik. Təbii, onun da fərqindəyik ki, Avropa Birliyinin sütunlarından biri Fransadır. Amma Fransa da belə səhvə yol verməməlidir. Eyni zamanda, Azərbaycan hakimiyyəti də öz susqunluğu ilə Fransa hakimiyyətini bu yanlışa sövq etməməlidir. Azərbaycan hakimiyyəti niyə susur? Bu qanun qəbul ediləndən sonra azərbaycanlılar nə edəcəklər? Ilham Əliyev getməyəcəkmi Fransaya? Gedəcəyi təqdirdə nə edəcək? Qəbul edəcəkmi olmayan bir şeyi? Məsuliyyətdən qorxub qondarma soyqırımı etirafmı edəcək?

Ilham Əliyevə səsləniş

Hökumət heç nə etmirsə, etməsin. Bizim mövqeyimiz aydın olmalıdır. Biz hər zaman qardaş Türkiyə ilə birgə olmağın tərəfdarıyıq. Amma açıq etiraf etməliyik, bizim bu məsələdəki mövqeyimiz yalnız və yalnız qardaş Türkiyə naminə də deyil. Bu qərar ilk növbədə Azərbaycanın maraqlarına yönəlib. Bu qanun qəbul edilsə, Fransa Minsk Qrupunda necə həmsədr olacaq, bizə necə sülh gətirə biləcək? Fransa necə tərəfsiz olacaq, necə biz ona inana biləcəyik? Ona görə də biz aydın şəkildə müraciət etməliyik ki, Fransa xalqı da, siyasətçiləri də bilsinlər və nəzərə alsınlar: əgər Azərbaycanın, Qarabağın, Türkiyənin maraqlarına qarşı yönəlmiş bu qanun qəbul olunarsa, gələcəkdə Fransa şirkətlərinin Azərbaycanda milyardlar qazanması mümkün olmayacaq. Qanun qəbul olunarsa, Minsk Qrupunda Fransanın tərəfsiz həmsədrliyi mümkün olmayacaq. Və burdan Ilham Əliyevə səslənib deyirəm: nə vaxta qədər Qarabağın, Azərbaycanın, Türkiyənin strateji maraqları bir medalın girovluğunda qalacaq?!

Avropa Birliyinə qurbansız…

Biz hamımız eşitmişik ki, siyasət taktiki gedişləri, diplomatiyanı sevər. Tam səmimiyyətimlə deyirəm, prinsipləri olmayan, dəyərlər üzərində qurulmayan manevrlər də, diplomatiya da heç kimə fayda verə biməz. Biz avropalı tərəfdaşlarımızla açıq olmalıyıq. Bizim yolumuz Avropa Birliyinə inteqrasiya yoludur, amma biz Avropaya milli kimliyimizlə, milli tariximizlə, dini inancımızla qürur duyaraq getmək istəyirik, onları qurban vermək bahasına avropalaşmaq istəmirik.

Xalq üçün xalqla!

2011-ci ilə qədər Azərbaycanda bir illüziya vardı, narazı insanlar düşünürdülər ki, müxalifətdəki qüvvələr bir araya gəlib fəal mübarizəyə başlasa, azadlıqların önü açılacaq, dəyişikliklər baş verəcək. Ötən ildən müxalif qüvvələrin əsas özəyi bir araya gəldi. Fəal, fədakar mübarizəyə baş vuruldu. Yüzlərlə insan həbs olundu, onların 17-i bu gün də həbsxanadadır, amma bu, kifayət etmədi. 2012-ci ilin  fəaliyyət proqramını bunun üzərində qurmalıyıq, yalnız müxalifətin birliyi, fəaliyyəti yetməz, xalqın hamılıqla  prosesə qoşulması lazımdır.
Biz xalq üçün mübarizə aparırıq, amma bizim devizimiz “Xalq üçün xalqsız” ola bilməz. Devizimiz “Xalq üçün xalqla birlikdə!” olmalıdır. Və bizim bu il əsas fəaliyyət istiqamətimiz xalqın ən geniş spektrini bu mübarizəyə cəlb etmək olmalıdır. 2012-ci ili xalqımızın əksəriyyəti böyük ümid ili kimi qəbul edib. Bu il mübarizə vəd edir. Hamımız çalışmalıyıq ki, Ictimai Palatanın əsas məqsədlərinə nail olaq. Növbədənkənar parlament seçkilərinin keçirilməsini,  ölkədə köklü dəyişikliklərin həyata keçirilməsini əsas prioritetə çevirməyi bacarmalıyıq.

Ictimai Palatanın müttəfiq gördükləri

Azərbaycan cəmiyyəti 2011-ci ildə xeyli şəkildə təşkilatlanıb. Müxalifətdən kənarda da bəzi qüvvələr öz mövqelərini ifadə etməyə başlayıb. Amma bəzən çaşdırıcı fikirlər səsləndirilir. Guya Azərbaycan cəmiyyətində yeni-yeni qüvvələrin siyasət meydanına gəlməsi, kimisə (buradakılar işarə edilərək) narahat edir. Tam və açıq şəkildə Ictimai Palata adından bəyan edirəm: təki Azərbaycanda daha çox, yeni-yeni qüvvələr ədalət uğrunda mübarizəyə, bu rejimə qarşı mübarizəyə qoşulsun. Biz bu mübarizəyə qoşulmuş Azərbaycan ziyalılarına, gənclərinə, vətəndaş cəmiyyətinə, bloqçularına hər zaman dəstək vermişik. Bundan sonra da onlara mənəvi, siyasi dəstək verəcəyik. Azərbaycanda köklü dəyişikliklər üçün mübarizə aparan hər kəsi özümüzə müttəfiq, yoldaş bilirik və onların hamısını köklü dəyişikliklər uğrunda mübarizəyə səsləyirik.

Ictimai Palataya rəqib ola bilməyəcəklər

Bəzən hakimiyyətə yaxın media belə bir məsələni də gündəmə gətirir ki, filan yerdə Ictimai Palataya alternativ yaradılır. Ictimai Palataya alternativ yarana bilməyib, bilməyəcək də. Ona görə yox ki, mən ölkənin bütün proqressiv, demokratik qüvvələrinin burada olduğunu iddia edirəm. Xeyr. Sadə səbəbdən Ictimai Palataya alternativ yaranmayacaq. Əgər o qüvvələr ədalət, azadlıq naminə rejimlə mübarizə aparacaqlarsa, biz onlara əlimizi uzadacağıq – bizə münasibətlərindən asılı olmayaraq. Hakimiyyətlə ciddi, səmimi mübarizə aparanlarla dil tapacağıq, kompromis əldə edəcəyik. Çünki bizim üçün Azərbaycanın xilası bir nömrəli məsələdir. Səmimi şəkildə kim mübarizə meydanına atılacaqsa, xalqımız da, biz də görəcəyik və onlarla rəqib yox, müttəfiq olacağıq. Yox, əgər kimsə, müxtəlif yollarla hökumət ssenarilərində rol alıb oyun oynayacaqsa, bu, keçməyəcək. Cəmiyyət artıq müxalifətlə müxalifət rolu oynayanları yaxşı seçir.

365 günün 365-də də…

Ictimai Palata hakimiyyətin ciddi alternatividir, köklü dəyişikliklər burada olanların missiyasıdır. Biz bunu həyata keçirmək üçün ölkəmizi konsensusa gətirməliyik. Dəyişikliklər burada əsas ideya olmalıdır. Ən müxtəlif formatlı diskussiyalarla dəyişikliklər ideyasını arxa plana keçirmək cəhdlərinə yol verməməliyik. Azərbaycanda 365 günün 365-də də gündəmdə bir məsələ olmalıdır: əzilən, soyulan, zülm edilən bu xalqın səfərbər olub rejimdən xilas olması. Bu məsələni gündəmin 2-ci bənd məsələsinə çevirmək istəyən hər kəs bizim təpkimizlə üzləşməlidir. Heç kimə imkan verməyəcəyik ki, hər hansı nəzəri mülahizələri, olmayan, şişirdilən təhlükələri rejimlə mübarizənin önünə keçirsin.

Dünya təcrübəsinin öyrətdikləri

Dünya təcrübəsi göstərir ki, Azərbaycandakı kimi avtoritar rejimlərdən xilasın bir yolu var: ideoloji mövqeyindən, millətçi, dindar, solçu, ateist, sağçı olmağından asılı olmayaraq, demokratiya və özgürlük istəyirsənsə, dəyişikliklər üçün bir sırada yer almalısan. O dəyişiklikləri gerçəkləşdirəndən sonra hər kəsin haqqı qorunacaq, hər kəsin hüququ təmin ediləcək.
Biz Ictimai Palata olaraq çox aydın şəkildə bəyan edirik: Azərbaycan dövlətçiliyinə sadiq qüvvələrik. Bizim üçün bu dövlətin qurucularının qaldırdığı o bayraq müqəddəsdir. Bizim ideoloji təməlimiz o bayraqda əksini tapıb. Biz o bayraqda olan milli şüurumuzu, milli mənliyimizi ifadə edən dəyərlərə, bizim dini inancımıza, Islam kimliyimizə, çağdaş dövlət qurmaq istəklərimizə sədaqətliyik. Biz heç kimin başqalarına qarşı dözümsüzlük şəraiti yaratmasına biganə qala bilmərik. Hər kəsin bu ölkədə tənqid etmək və öz ideyalarını təbliğ etmək imkanı olmalıdır. Amma heç kimə öz mövqeyinə, ideyasına, bəyəndiyi əqidəyə görə dözümsüzlük şəraiti yaradılmamalıdır.

Hər kəsin hüququna təminat, inancına hörmət…

Bizim qurmaq istədiyimiz dövlətdə hər kəsin hüquqları təmin olunmalıdır. Ateistin öz istədiyi kimi yaşayıb, öz fikrini ifadə etmək azadlığı təmin olunmalıdır. Nəinki Islam dininə tapınanların, başqa din mənsublarının hamısının da hüquq və azadlıqları təmin olunmalıdır. Hər kəsin inancına hörmət olunmalıdır və hər kəs də bilməlidir ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti müsəlmandır, Islam dininə tapınıb.
Ayrı-ayrı adamların hərəkətləri tənqid və təhlil oluna bilər, amma bütövlükdə natamamlıq kompleksi yaradan hərəkətləri doğru hesab eləmirik. Biz çağdaş, müasir hüquq dövləti qurmaq iddiasında olan qüvvəyik, amma eyni zamanda nə tariximizdən, nə də milli və dini kimliyimizdən utanırıq, əksinə, onlarla qürur duyuruq.

Kateqoriyalar: Çıxışlar, Əli Kərimli
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: