Əsas səhifə > Müsahibələr, Əli Kərimli > Populyar Rusiya mediasında Əli Kərimli ilə maraqlı müsahibə

Populyar Rusiya mediasında Əli Kərimli ilə maraqlı müsahibə

AXCP sədri Azərbaycan, Rusiya və İranı gözləyən böyük dəyişikliklərdən danışdı

Rusiyanın populyar və çoxtirajlı nəşrlərindən biri, “Arqumentı i faktı” qəzetinin həftəlik versiyası olan “Arqumentı nedeli” qəzeti (570 000 tirajla çıxır) AXCP sədri Əli Kərimlidən geniş müsahibə alıb. Müsahibədə Avropa İnsan Haqları Məhkəməsinin Əli Kərimlinin xeyrinə çıxardığı qərar, eləcə də dünyada və regionda baş verən proseslər barədə danışılır. Müsahibəni təqdim edirik. Müsahibə qəzetin online səhifəsi  “arqumentı.ru”dan götürülüb.

– Avropa Məhkəməsinin qərarını necə qarşıladınız?
– Əlbəttə, biz Mərkəzi Seçki Komissiyasının 2005-ci ildə bizi qanunsuz və əsassız olaraq deputat mandatından məhrum etməsini təsdiq edən bu qərardan razıyıq. Ancaq, məsələn, ödənişin həcmi ilə razı deyiləm. Ümumi məbləğə alınmamış deputat maaşı, mənəvi zərər, məhkəmə xərcləri daxildir. Bütün bunlar məhkəmənin qərarına əsasən mənə verilməli olan 30 min avrodan xeyli çoxdur. Ancaq bizim haqlı olmağımızın etiraf edilməsi sevindirici haldır.

Demokratiya bütün insanlığa xas universal dəyərdir

– Son vaxtlar dünyada bir sıra ölkələri silkələyən hadisələr baş verir. Onlar müxtəlif cür şərh edilir. Siz necə hesab edirsiniz, “Ərəb baharı”, Liviya, Suriya, Rusiyada parlament seçkilərindən sonrakı siyasi böhran – bunlar bir zəncirin halqalarıdır? 
– Şübhəsiz, bu, demokratikləşmə adlanan vahid qlobal prosesdir. Mən heç vaxt o fikri bölüşməmişəm ki, hansısa xalqlar demokratiya şəraitində yaşamağa layiqdir, hansılarsa yox, çünki onlar hələ buna hazır deyillər, yaxud onların ayrıca inkişaf yolu var. Demokratiya bütün insanlığa xas universal dəyərdir.
Hələ “Ərəb baharı”ndan xeyli əvvəl mən Latın Amerikası, Ispaniya, Yunanıstan, Filippinin demokratiya uğrunda dinc mübarizəsini diqqətlə tədqiq edirdim və belə qənaətə gəldim ki, bütün xalqlar nə vaxtsa mütləq demokratiya yolunu seçir və ona qeyri-zorakı yolla nail olmaq olar. Təəssüf ki, ərəb ölkələrində sərt diktatura idi və qan tökülməsindən qaçmaq mümkün olmadı. Ancaq Rusiyada vəziyyət xeyli fərqlidir. Burda da demokratiyaya doğru dəyişikliklər gedir, ancaq cəmiyyət daha çox dəyişikliklərə hazırdır, hakimiyyət isə görünür, yeni çağırışlara konstruktiv yanaşır. Ümid var ki, Rusiyadakı dəyişikliklər zorakılıq və ciddi ictimai sarsıntılara gətirib çıxarmayacaq. Bizdə, Azərbaycanda da 2005-ci il seçkilərindən sonra böyük mitinqlər oldu, ancaq hakimiyyət tərəddüd etmədən müxalifətin susdurulması üçün bütün güc və vasitələrdən – qoşun, gözyaşardıcı qaz, suatanlar, rezin dəyənəklərdən istifadə etdi. Minlərlə insan döyüldü. Məni çox sevindirir ki, Rusiyada buna bənzər nəsə baş verməyib və Inşallah, baş verməz. Görünür, Rusiya elitası və hətta hakimiyyətin özü də anlayır ki, ölkəyə dəyişiklik lazımdır. Deməli, dinc prosesə ümid var. Tarix demokratiyaya qarşı nələrinsə qoyulması cəhdlərini çox görüb. Faşizm, kommunizm, hərbi diktatura. Ancaq heç vaxt alternativ yollar yaxşı nəyəsə gətirib çıxarmayıb. Indi artıq heç kim rəsmi səviyyədə demokratik dəyərlərə qarşı çıxmır. Lakin bəzi qeyd-şərtlərə əl atırlar. Demokratiyanın milli, suveren və digər variantları barədə danışmağa başlayıblar. Əlbəttə, hər ölkənin müəyyən özünəxas xüsusiyyətləri var. Ancaq demokratiyanın əlifbası var: seçkilər ədalətli olmalıdır, KIV azad olmalıdır, məhkəmələr müstəqil olmalıdır, hakimiyyətin qollara bölünməsi və azlıqların hüquqları təmin olunmalıdır. Bunsuz, sadəcə olaraq, demokratiya ola bilməz.

Bütün avtoritar rəhbərlər xarici düşmən obrazından istifadə edir

– Demokratik dəyərlərdən və prosedurlardan kənara çıxmaq üçün həmişə bəhanə tapmaq olar. Məsələn, ölkənin parçalanmadan xilas edilməsi. Yaxud ölkəni zəiflədib onun təbii sərvətlərini ələ almaq istəyən xarici düşmənlərin hiylələrinə qarşı müqavimət. Guya, belə şəraitdə hakimiyyət demokratiyanı müəyyən qədər boğmağa məcburdur. Kimin üçünsə bu, inandırıcı səslənir. Ən azı bizdə, Rusiyada.
– Belə izahlar yeni deyil. O cümlədən bizdə. Bir çox məsələləri bizim hakimiyyət indiyə qədər Ermənistanla faktiki müharibə şəraitində olması ilə izah edir və bildirir ki, bu səbəbdən özümüzə plüralizm və demokratik azadlıq imkanı verə bilmərik. Bu, orijinal deyil, bütün avtoritar rəhbərlər hakimiyyəti saxlamaq və rejimi sərtləşdirmək üçün xarici düşmən obrazından istifadə edir. Rusiyada indi vətəndaş cəmiyyəti oyanıb. Bir az əvvəl sizdə ciddi siyasi qüvvə kimi müxalifətin mövcudluğu etiraf olunmurdu. Əslində, müxalifət demək olar ki, görsənmirdi. Ancaq son mitinqlər göstərdi ki, Rusiyanın fəal siyasi həyatına kütləvi şəkildə nəinki ənənəvi müxalifət qüvvələri, hətta intellektual səviyyəsi çox yüksək olan, orta sinif adlanan tamamilə yeni adamlar qoşulub. Əlbəttə, hakimiyyətin bu prosesi hələ bir neçə illiyə təxirə salmağa, yaxud ləngitməyə gücü və imkanı var. Ancaq onda cəmiyyətin təzyiqi elə həddə çatacaq ki, ölkədə real inqilabi situasiya yarana bilər. Bu, kobud səhv olardı. Bizim gördüyümüz səbəb yox, nəticədir.
Indi artıq Rusiya əhalisinin üçdə biri internet vasitəsilə rahat şəkildə informasiya əldə edə bilir. Hakimiyyətin informasiya üzərində inhisarı dağıdılıb. Bundan əlavə, Rusiya getdikcə daha çox dünya iqtisadiyyatına inteqrasiya olunur. Ölkəni artıq Qərblə sıx iqtisadi əlaqələr, texnologiya və investisiyalarsız qətiyyən təsəvvür etmək mümkün deyil. Onlarsız modernizasiya həyata keçirilə bilməz. Ancaq normal münasibətlərin inkişafı üçün hamı tərəfindən qəbul edilmiş qanun və normalarla yaşamaq, ümumi dəyərləri bölüşmək lazımdır. Ona görə mən əminəm ki, Rusiya islahatlar yolu ilə gedəcək. Bunu ölkənin maraqları diqtə edir.

Rusiya dünyaya yaxşı tərəfdaş kimi lazımdır

Eyni zamanda böyük narahatçılıqla qeyd edirəm ki, sanki kimsə Rusiyanın yeni qızğın silahlanmasına təkan verir. Əgər Rusiya yenidən buna qarışsa, böyük səhvə yol verəcək. Birincisi, bu, aşkar uduzulmuş yoldur. Ikincisi, bunun üçün əbəs yerə xalqın real rifahı naminə xərclənə bilən böyük resurslar sərf ediləcək. Heç kim Rusiyanı təhdid edə bilməz. Heç kim onun təbii sərvətlərini əlindən almaq barədə düşünmür. Rusiya dünyaya yaxşı tərəfdaş kimi lazımdır. Rusiya nəhəng iqtisadi potensialı, təbii sərvətləri, insan resursları olan böyük ölkədir. Rus xalqı savadlı və istedadlıdır. Əgər Rusiya demokratiyanı seçsə, tezliklə dünyanın ən inkişaf etmiş və hörmətli ölkələrindən biri olacaq.

– Indi Azərbaycanda Rusiyaya münasibət necədir?
– Bizim rus xalqı ilə bağlı yaxşı xatirəmiz var. Biz rus tarixini, ədəbiyyatını, incəsənətini bilir və sevirik. Ümumiyyətlə, ruslara yaxşı yanaşırıq, Ancaq onu da yadda saxlamaq lazımdır ki, Ermənistanla Azərbaycan arasında müharibənin fəal mərhələsində Rusiyadakı müəyyən siyasi dairələr Ermənistanın qələbəsi üçün çalışırdı. Bu onun üçün edilib ki, nəticədə Ermənistanın özü bu «qələbənin» əsirinə çevrilsin və Azərbaycan gələcəkdə ərazilərinin bir hissəsinin işğalı məsələsinin həll yollarını Rusiya vasitəsilə axtarsın. Bu, çox zərərli və son nəticədə faydasız siyasətdir. Bu, xalqlarımız arasında insani və mədəni səviyyədə gözəl münasibətlərə baxmayaraq, bir çox sadə azərbaycanlıları Rusiyadan uzaqlaşdırdı. Problemin həlli Rusiyanın və Azərbaycanın demokratikləşməsidir. Yeni adamlar və yeni yanaşmalar şübhəsiz ki, bütün bu problemləri həll edəcək. Rusiya bizim qonşumuzdur. Rusiya bizim dostumuz olub və olacaq.

Insan şüurlu şəkildə ancaq iki halda ölümə gedir

– Bir daha «ərəb baharına» qayıdaq. Sizə elə gəlmir ki, Liviya ümumi kontekstdən xeyli kənarda qalır? Əgər Tunis və Misirdə bu ölkələrin vətəndaşları özləri öz talelərini həll edirdisə, Liviyada söhbət aşkar şəkildə xarici müdaxilədən gedirdi. Bu, bir çoxlarına nəsə bir «dünya gizlini», guya, bütün bu xalq hərəkatlarını maliyyələşdirən və təşkil edən Dövlət Departamenti barədə danışmağa əsas verdi.
– Bizim dövlət təbliğatı da bütün bu prosesləri Qərbin müəyyən dairələrinin müdaxiləsi ilə izah edir. Onların izah edə bilmədiyi yeganə sual odur ki, Qərb real şəkildə həyatı ilə risk edən və şüurlu şəkildə güllənin üstünə gedən yüz minlərlə insanı küçələrə necə çıxara bilib? Bunu hansı pulla etmək olar? Suriyada artıq beş mindən artıq adam ölüb. Onların böyük əksəriyyəti real təhlükədən xəbəri olan, ancaq şüurlu şəkildə mitinqlərə çıxıb Əsəd rejiminin dəyişdirilməsini tələb edən dinc əhalidir. Siz demək istəyirsiniz ki, onlar bunu hansısa başqa ölkənin pulu ilə edirlər?! Insan şüurlu şəkildə ancaq iki halda ölümə gedir. Ya vətən uğrunda, ya da öz şərəfi, azadlıq hüququ uğrunda. Liviyada ilk günlərdə Benqazidə tamamilə dinc nümayişlər keçirildi. Bəs Qəzzafi neylədi? O, dərhal yerli qarnizona nümayişçilərə qarşı silah işlətmək əmri verdi. Ancaq ilk toqquşmadan sonra qarnizon nümayişçilərin tərəfinə keçdi. Beləcə Qəzzafinin tərəddüd etmədən öz xalqına qarşı tank və təyyarələrdən istifadə etdiyi vətəndaş müharibəsi başladı. Bütün dünya seçim qarşısında qaldı: tam  adekvat olmayan tirana ölkəni dinc əhalinin qanına boyamağa imkan vermək, ya da yox. Və seçim edildi.
Yeri gəlmişkən, bu gün bir çoxları Suriyada qan tökülməsinin qarşısını almaq üçün heç bir konkret addım atmayan BMT-nin mövqeyindən narazıdır. Elə Rusiya kimi, rəsmi Azərbaycan da faktiki olaraq Bəşər Əsədi dəstəkləyir. Bunu anlamaq olar, ancaq bununla barışmaq çətindir. Nəyə görə Suriya xalqı sərbəst şəkildə öz hökumətini seçmək hüququna malik deyil? Nəyə görə Suriyada hazırkı rejimi dəstəkləyənlər öz gələcəyini məhz Əsədlə assosiasiya edir?
Hər şeyin arxasında qəsd görəndə və hər şeyi konkret mənfəətlə qiymətləndirəndə ABŞ və ümumilikdə Qərbin Misirdə tamamilə Qərbyönlü, ABŞ və Israilin sadiq dostu olan Mübarəkin devrilməsindən nə əldə etdiklərini anlamaq çətin olur. Indi orada hakimiyyətə, yumşaq desək, Qərb təfəkküründən xeyli uzaq olan adamlar gəlir. Yaxud Liviyada, Qəzzafi ilə münasibətlər qurmaq daha asan idi, nəinki indiki rəhbərliklə. Bütün bunlar xalqın avtoritar rejimi devirmək səyi kimi izah oluna bilər. Bütün bu “ümumdünya sui-qəsd” nəzəriyyəsi soyuq müharibə dövrünün ritorikasından – hər şeyi xarici düşmənlərin hərəkəti ilə izah etməkdən başqa bir şey deyil.

Iranda olan təkcə nüvə problemi deyil

– Bəs indi Iranda nə baş verir? Siz yaxınsınız, bu ölkədəki situasiyanı daha yaxşı bilirsiniz. Elə təəssürat var ki, Iran fəal və şüurlu şəkildə dünya birliyi ilə münaqişəyə gedir, baxmayaraq ki, bunun ilk növbədə özü üçün fəlakətli nəticələri ola bilər.  
– Doğrusu, bizim üçün indi bu, əsas məsələdir. Orada nə baş verir, əslində, anlamaq çətindir. Iran hakimiyətinin rəsmi mövqeyi, dünya birliyinin Irana hamımızın bildiyi iradları var. Hər yeni gün bizi yeni münaqişəyə yaxınlaşdırır. Bu, bizi hamıdan çox narahat edir. Birincisi, Iran bizim müəyyən ümumi sərhədimiz olan yaxın qonşumuzdur. Ikincisi, orada on milyonlarla etnik azərbaycanlı yaşayır. Bizim çox güclü tarixi, mədəni və dini əlaqələrimiz var. Bir çox azərbaycanlılar Iranda baş verənlərə laqeyd deyil. Təəssüf ki, bizdən az şey asılıdır. Yaxşı olardı, Iran hakimiyyəti zavod və gizli obyektlərini açıb dünyaya göstərsin, sübut etsin ki, həqiqətən də nüvə silah yaratmaq niyyəti yoxdur. Əgər elə deyilsə, onda dərk etməlidir ki, belə niyyət Iranın maraqlarına ziddir. Çünki tamamilə aydındır ki, dünya Iranın atom bombasına sahib olmasına imkan verməyəcək. Iran xalqının xatirinə belə planlardan imtina etmək lazımdır. Üstəlik də Iranda olan təkcə nüvə problemi deyil. Biz 2009-cu ildə Iranda seçkilərin saxtalaşdırılmasının şahidi olmuşuq. Onda milyondan artıq insan küçələrə etiraz mitinqlərinə çıxdı. Başqa tərəfdən, Iran çoxmillətli ölkədir. Indiki rejim onlar üçün bərabər imkanlar yaratmır. Ona görə də bir çoxları, o cümlədən azərbaycanlılar bərabər hüquq və azadlıqlar tələb edir. Bu da çox ciddi problemdir.

Evimizdə demokratiya qurmaq ancaq bizim işimizdir

– Bizdə daima müxalifətin Dövlət Departamentinin və Qərbin hesabına dolanması ilə bağlı söhbətlər açılarkən ümumilikdə belə təəssürat yaranır ki, Qərb demokratik dəyərlərin müdafiəsindən çox, keçmiş SSRI respublikalarında stabilliyin olmamasında maraqlıdır. Siz xaricdən həmrəylik və dəstək his edirsiniz, yoxsa “suda boğulanın xilası” onun öz əlindədir?
– 2003-cü ildə bizdə kifayət qədər güclü müxalifət var idi. Biz seçkilərdə uğur və qələbəyə tam ümid edirdik. Ancaq o zaman, qəribə olsa da, Azərbaycanda marağı olan dünya liderləri (ABŞ, Rusiya, Türkiyə, Fransa) Ilham Əliyevi dəstəklədilər. Ancaq onların dəstəyi ilə hakimiyyət irsən atasından ona keçə bilərdi. 2005-ci ildə bizim müxalifət bloku parlament seçkilərində inamlı qələbə qazandı. Ancaq seçkilər tamamilə saxtalaşdırıldı. Əvvəl Avropa Şurasının Parlament Assambleyası bizi dəstəklədi, dörd gün bu məsələ AŞ PA-da müzakirə olundu, ancaq sonda biz məğlub olduq. Onda, hətta AŞ PA rəhbəri dedi ki, neft dollarları Avropa Şurasına yol tapdı. Qərb «stabilliyin» xatirinə tez-tez insan haqlarının pozulmasına, seçkilərin saxtalaşdırılmasına göz yumur. Bu, mənim bəzi dostlarımı hiddətləndirir. Ancaq kim deyir ki, Qərbdə bütün rəhbərlər idealistdir? Siyasətçilər ilk növbədə praqmatikdirlər. Onlar üçün birinci yerdə öz dövlətlərinin maraqları dayanır. Ondan sonra ümumbəşəri dəyərlər, başqa ölkələrdə demokratiya və sair. Ancaq Qərb cəmiyyətləri azaddır, orada kifayət qədər idealist də var.
Başqa ölkələrdən əhəmiyyətli dəstək gözləmək səhv olardı. Biz heç gözləmirik də. Biz açıq şəkildə deyirik: bizə öz prinsiplərimizlə yaşayıb, öz dəyərlərimizi qorumaq vacibdir. Bizə sizin köməyiniz lazım deyil. Ancaq əgər haradasa saxtalaşdırma baş verirsə, deməyin ki, seçkilər düzgün və ədalətli keçirilib. Yalan danışmayın, bu, bizə kifayət edir. Yəqin artıq çoxdandır xaricdən dəstəklə bağlı illüziyalarımızın olmaması yaxşılığa doğrudur. Evimizdə demokratiya qurmaq ancaq bizim işimizdir. Bizdən başqa heç kim bunu etməyəcək.

– Sizin daxili duyğularınıza görə, bizim mürəkkəb və həyəcanlı dünyamızdan nəyin qoxusu gəlir? Bahar və qızıl gül, yoxsa kükürd və barıt iyi?
– Hələlik bir şey aydındır: bu il çox çətin olacaq. Həm Azərbaycan, həm də Rusiya üçün. Ümid var ki, mütərəqqi tendensiyalar, vətəndaş fəallığı artacaq və hansısa nəticə əldə edə biləcək. Eyni zamanda ehtiyatlanma da var. Ancaq gəlin, yenə də nikbin olaq və gələcəyə ümidlə baxaq. Ümid edək ki, dünyanı idarə edən adamların barıtsız keçinmək üçün ağlı və məsuliyyəti kifayət edəcək.

“Azadlıq” qəzeti, 19 yanvar

Kateqoriyalar: Müsahibələr, Əli Kərimli
  1. namiq shemkirli
    Fevral 22, 2012 tarixində, saat 6:54 axşam

    Azərbaycan müxalifətinin Rusiya ictimaiyyətinə yenidən təqdimatı baxımından kifayət qədər əhəmiyyətli müsahibədir.Dogru olaraq vurğulanır ki, ölkələrimiz arasındakı problemlərin xeyli hssəsinin həlli hər iki ölkədə demokratik rejimlər qurulduqdan sonra mümkündür. Çünki demokratik hakimiyyətlər hakim rejimlərin maraqlarından deyil, milli maraqlardan çıxış edirlər. Rusiyanın uzunmüddətli milli maraqları baxımından, xırda və perspektivsiz Ermənistanla müqayisədə, Azərbaycanla və bütövlükdə türk dünyası ilə strateji əməkdaşlıq qurmaq daha əhəmiyyətlidir.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: