Əsas səhifə > Müsahibələr, Əli Kərimli > “İlham Əliyev niyə hələ də susur?”

“İlham Əliyev niyə hələ də susur?”


AXCP sədri Fransanın “inkar qanunu”na qarşı mühüm təkliflər verdi

Azərbaycan və Türkiyə rəhbərləri təcili bir araya gəlməlidir

Fransa parlamentinin aşağı palatasında qəbul edilən “erməni soyqırımı”nı inkara görə cəza qanunu Senatda da müzakirəyə çıxarılaraq qəbul edildi. Fransa Senatının qərarı ilə bağlı bu və başqa sualları AXCP sədri Əli Kərimliyə ünvanladıq. Ə.Kərimli əvvəlcə qəbul olunan qanuna qiymət verdi:

– Bu, hər şeydən əvvəl anti-demokratik qanundur. BMT-də və Avropada qəbul edilmiş insan hüquqları ilə bağlı konvensiyalara ziddir. Fikir, ifadə və söz azadlığına qarşıdır. Ona görə də hesab edirəm ki, dünyada söz azadlığının keşiyində duran bütün quruluşlar bu qanuna qarşı fəaliyyətə başlamalıdırlar.
Ikincisi, bu qanun həm də antikonstitusiyondur. Fransa Senatının həm Hüquq, həm də Konstitusiya Komissiyası bəyan etdi ki, bu qanun Fransanın Konstitusiyasına ziddir, onun əsaslarına xələl gətirir.
Üçüncüsü, bu qanun qərəzlidir. Türkiyəyə və Azərbaycana qarşı yönəlib. Tarixi həqiqətlərin deyil, saxtakarlıqların, yalanın üzərində qurulub və məqsədi xalqlar arasında nifaqı aradan qaldırmağa deyil, qarşıdurmanı daha gücləndirməyə yönəlib, Türkiyənin və Azərbaycanın milli maraqlarına qarşı çevrilib.
Bir halda ki, fransız qanunvericiləri özlərində tarixlə bağlı qanunlar vermək, dəyərləndirmək hüququ görürlər, o zaman yaxşı olardı, əvvəlcə gözlərinin qarşısında bu gün baş verən böyük qanun pozuntularına münasibət bildirəydilər. Necə olur ki, Azərbaycanın 20 faiz torpaqları hazırda da Ermənistanın işğalı altında olur və Fransa qanunvericiləri buna göz yumur? Xocalı soyqırımı tarixi baxımdan çox da uzaq vaxtda baş verməyib. Bu faciə ilə bağlı bütün tarixi faktlar foto və video şəklində rəsmiləşib. Necə olur ki, bu soyqırıma göz yumulur? Əsrin əvvəlində mart soyqırımı ilə bağlı bütün sənədlər Xalq Cumhuriyyəti tərəfindən toplanılıb, buna reaksiya verilmir, amma Türkiyə və Azərbaycanı hədəf götürən belə bir qanun qəbul edilir. Ona görə bu qanun qərəzlidir, haqsızdır, ədalətsizdir. Türkiyənin və Azərbaycanın maraqlarına yönəlmiş bir qanundur.
Nəhayət, dördüncüsü, bu qanun Fransanın özünün milli maraqlarına qarşı yönəlib. Fransanın dövlət maraqları erməni lobbisinın maraqlarına qurban verilib. Nəticə etibarilə bu qanunun qəbulundan sonra Fransanın milli maraqları zərər çəkmiş olacaq, bu dövlətin geosiyasi mövqeyi sarsılacaq. Fransanın Türkiyə, Azərbaycan ilə münasibətlərində ciddi problemlər yaranacaq.
Hesab edirəm ki, bu qanun Fransa tərəfindən çox böyük səhv oldu və bu səhvi düzəltmək lazımdır.

Minsk Qrupunda Fransanı Avropa Birliyi əvəz etsin

– Azərbaycan nə etməlidir? Azərbaycanla Türkiyə arasında Strateji Əməkdaşlığa dair Şura fəaliyyət göstərir. Bu təşkilat çərçivəsində fəaliyyət uzlaşdırıla bilərmi?
– Hesab edirəm ki, Azərbaycan və Türkiyə liderləri təcili şəkildə biraraya gəlməlidir və baş vermiş hadisə ilə əlaqədar ortaq mövqe sərgiləməlidirlər. Azərbaycan rəhbərliyi açıq şəkildə ifadə etməlidir ki, bu qanun yalnız Türkiyəni deyil, eyni zamanda Azərbaycanı da hədəf götürüb. Çünki bu qanun Azərbaycan torpaqlarını işğal etmiş, azərbaycanlılara qarşı soyqırım həyata keçirmiş, dövlətimizin rəsmi düşmənini haqlı çıxaran bir sənəddir. Ona görə Azərbaycan hökuməti, nəhayət, tərəddüdü aradan qaldırıb, bu qanunla bağlı birmənalı mövqe ifadə etməlidir.
Tətbiq olunacaq tədbirlər Azərbaycan və Türkiyə hökumətləri arasında birlikdə razılaşdırılmalıdır. Artıq KIV-lər bu qanunla əlaqədar Türkiyənin atacağı addımların ilk anonsunu verirlər. Yaxşı olar ki, Azərbaycanla Türkiyə arasında Strateji Əməkdaşlıq Şurası birgə tədbirlər həyata keçirsin. Birgə tədbirlər ona yönəlməlidir ki, bu qanun sonda ləğv olunsun. Fransa ictimaiyyəti, dünyadakı bütün huquq quruluşları ilə müvafiq iş aparılmalıdır. Heç bir halda Azərbaycan və Türkiyə bu qanunla barışmamalı və onunla yaşamağa öyrəşməməlidir. Bu qanunu dəyişmək üçün bütün səylər səfərbər olunmalıdır.
Amma Azərbaycan və Türkiyə bu qanunu dəyişmək üçün apardıqları kampaniya zamanı bir məqamı da gözdən qaçırmamalıdır, səhvə yol verməməlidir. Indi bizim düşmənlərimiz çalışacaqlar ki, bu səhv hərəkətdən istifadə edərək nəinki Türkiyə və Azərbaycanın Fransa ilə münasibətlərini daha da gərginləşdirsinlər, hətta onları Avropaya inteqrasiya kursundan imtinaya sövq etsinlər. Nəticədə türk və azərbaycan xalqlarının bütövlükdə Qərbə etimadı sarsılmış olsun. Bu məqsədlə çalışacaqlar ki, Qərbin başqa ölkələrində də buna oxşar qanunlar qəbul olunsun. Ona görə də biz bir tərəfdən sistemli şəkildə bu qanunun ləğv edilməsi və başqa ölkələrə sıçramaması üçün tədbirlər planı həyata keçirməliyik, digər tərəfdən isə imkan verməməliyik ki, beynəlxalq erməni lobbisi Türkiyə və Azərbaycanın Avropaya inteqrasiya kursundan sapdırılmasına nail olsun, bütövlükdə Qərblə bizim ölkələri qarşıdurmaya sövq etsin. Ona görə də biz paralel olaraq digər Qərb ölkələri ilə işimizi gücləndirməliyik. Həm o ölkələrdə buna oxşar qanunların qəbulunun qarşısını almalıyıq, həm də bütövlükdə Qərbə inteqrasiya siyasətindən imtina etməməliyik. Məsələn, konkret halda artıq aydındır ki, Fransanın indiki hakimiyyəti Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasında tərəfsiz arbitr ola bilməz. Fransa artıq ATƏT-in Minsk Qrupunda həmsədrlik haqqını itirib. Təklif edərdim ki, Azərbaycan hökuməti Minsk Qrupundakı həmsədrliyin Fransadan alınıb Avropa Birliyinə verilməsinə nail olsun. Beləliklə, biz bir tərəfdən Fransa hakimiyyətinin səhv hərəkətlərinə görə cəzalanmasına nail olarıq, o biri tərəfdən isə Avropa ilə əlaqələrimizə xələl gəlməsinə imkan vermərik.
Hökumətlərarası Strateji Əməkdaşlıq Şurası elə xüsusi tədbirlər planı həyata keçirməlidir ki, Fransa cəmiyyəti bu qanun qüvvədə qaldıqca onun öz maraqlarına zərər dəyəcəyini başa düşsün. Bilsin ki, Fransanın iqtisadi, geosiyasi, siyasi, diplomatik maraqları erməni lobbisinin məmnun olmasından ötrü böyük bir regionda ziyan görəcək.

Biz vaxtında çağırış edəndə, məhəl qoyulsaydı…

– Bu qanunla bağlı rəsmi Bakının reaksiyasını necə qiymətləndirmək olar? Azərbaycan hakimiyyəti baş verənlərə yüksək səviyyədə münasibət bildirməyə sanki ehtiyat edir…
– Mənə maraqlıdır, Ilham Əliyev niyə hələ də susur? Nə vaxt danışacaq? Niyə hesab edir ki, baş verənlərin Azərbaycana aidiyyvəti yoxdur?! Əgər biz vaxtında çağırış edəndə ki, Azərbaycan hökuməti Fransanın, bu absurd qanun qəbul edilərsə, ATƏT-in Minsk Qrupunda həmsədrliyinin, Azərbaycandakı irimiqyaslı iqtisadi layihələrdən yararlanmasının mümkün olmayacağını açıq şəkildə Fransa ictimaiyyətinin, dövlətinin nəzərinə çatdırsın, buna məhəl qoyulsaydı və bu məqamları dövlət başçısı özü ifadə etsəydi, bəlkə də bu qərar qəbul edilməzdi. Nəzərə alaq ki, bu qanun yekdilliklə qəbul olunmayıb. Onun əleyhinə çıxış edənlər lehinə çıxış edənlərin 2/3 qədəri olub. Əgər Azərbaycan da öz ağırlığını bura əlavə etsəydi, bəlkə də nəticə əksinə olardı.

Bu epizodik hadisə deyil, qarşıdan 2015-ci il gəlir

– Əgər Fransa hakimiyyəti Türkiyənin konkret sanksiyalar elan etməyə qədər göstərdiyi təzyiq qarşısında mövqeyini dəyişmədisə, Azərbaycan hansı təsirli təzyiq vasitələrindən istifadə edə bilərdi?
– Konkret şəraitdə Azərbaycan Türkiyə ilə müqayisədə kiçik dövlət olsa da, Fransaya təsir etmək imkanları heç də Türkiyədən az deyil. Ən azı iki sahədə tale elə gətirib ki, Fransanın milli maraqlarının təmin olunmasında Azərbaycanın rolu var. Birincisi, ATƏT-in Minsk Qrupundakı həmsədirlik Fransa üçün dünya dövləti şöhrətini yaradıb, böyük bir regionda onun geosiyasi maraqlarının təmin olunmasına imkan verir və bu, Azərbaycanın razılığa olmadan həyata keçirilə bilməz. Ikincisi, Fransanın neft şirkətləri Azərbaycanın bütövlükdə Xəzər regionunun enerji resurslarından faydalanırlar və faydanı artırmaq, milyardlarla gəlir əldə etmək planları üzərində düşünürlər. Bu iki məsələ Fransa üçün kifayət qədər əhəmiyyətli məsələlərdir. Əgər Azərbaycan hökuməti aydın, birmənalı mövqe ortaya qoysaydı və Fransa rəsmiləri başa düşsəydilər ki, bu absurd qanunun qəbul edilməsi böyük bir regionda Fransanın iqtisadi, siyasi maraqlarını zərbə altında qoyacaq, bəlkə də onlar fərqli düşünərdilər.
Indi gec olsa da, hələ ümidlər tam itməyib. Qarşıda Fransa Konstitusiya Məhkəməsinin qərarı var. Nəhayət, parlamentdə bir gün qəbul olunan qanunların, bir gün də ləğvi perspektivi var. Ona görə də Azərbaycanla Türkiyə eyni mövqedən sistemli, ardıcıl şəkildə birgə mübarizə aparmalıdırlar. Həm də nəzərə almaq lazımdır ki, bu, epizodik bir hadisə deyil. Qarşıdan 2015-ci il gəlir. Sözdə erməni soyqırımının 100 illiyi ilə bağlı beynəlxalq erməni lobbisi böyük kampaniyalar planlaşdırır. Bütövlükdə Azərbaycan və Türkiyənin milli maraqlarına zidd olan çoxlu başqa, analoji qanunların, qərarların dünya miqyasında qəbulu üçün neçə illərdir ki, erməni lobbisi sistemli iş aparır. Nəhayət, Azərbaycan rəsmilərinin də ayılmasının vaxtıdır. Türkiyə ilə əl-ələ verib, beynəlxalq  erməni lobbisinin bu siyasətinin qarşısını almaq üçün sistemli şəkildə dövlət siyasəti aparılmalıdır.

Əliyevlər baş verənlərə sülalə maraqlarından yanaşır

– Bəs, Azərbaycan hakimiyyətinin Fransa qarşısında çəkingən mövqe sərgiləməsinin səbəbi nədir?
– Azərbaycan hakimiyyəti yalnız özünün iqtidarda qalmasını düşünür və bütün dünyada baş verənlərə o nöqteyi nəzərdən baxır ki, baş verən hadisələr onun sülalə hakimiyyətinin taleyini təhdid edir, yoxsa yox. Bir qayda olaraq bütün dünyada hökumətlər baş verən hadisələri öz milli maraqları baxımından dəyərləndirirlər. Azərbaycanda isə milli mənafe anlayışı rəsmilərə yaddır. Onlar yalnız ailə və hakimiyyət mənafeyi haqqında düşünürlər, hesab edirlər ki, dünyanın artan xətlə hakimiyyətdən demokratiya tələb etdiyi, Azərbaycanın korrupsioner, anti-demokratik mahiyyətinin qınandığı bir vaxtda, əgər hazırkı Fransa prezidentinin Azərbaycan hökumətinə loyal münasibəti varsa, bu, Azərbaycanın, Türkiyənin, Qarabağın taleyi ilə bağlı Fransanın atdığı maraqlarımıza zidd addımlara göz yumulmasına yetərlidir. Məsələ çox sadədəir. Onları daha çox şəxsi maraqlar düşündürür. Ona görə də bu kimi addımlara səssiz qala bilirlər.

Xəyal Şahinoğlu, “Azadlıq” qəzeti

Kateqoriyalar: Müsahibələr, Əli Kərimli
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: