Əsas səhifə > Müsahibələr, Əli Kərimli > “Hökümətimizin susqunluğuna görə Azərbaycandan küsməyin, onu xalqımız seçməyib”

“Hökümətimizin susqunluğuna görə Azərbaycandan küsməyin, onu xalqımız seçməyib”

Türkiyənin “Haber1” internet qəzetinə Fransanın məlum “soyqırım” qanunu ilə bağlı verdiyim müsahibə. (Çevirmə “Azadlıq” qəzetinə məxsusdur).

“Onlar nəinki Türkiyənin, heç Azərbaycanın da maraqlarını müdafiə etmir”

«Bu anda mütləq Türkiyədə olar, Azərbaycan xalqının dəstəyini çatdırardım»

MÜSAHİBƏNİN ORİJİNALI BURADA

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyə dünyayla əlaqələrini təhlükə altında qoyaraq, Azərbaycanı bir an da olsun tək buraxmayıb. Amma Azərbaycan hökuməti Türkiyənin məlum vəziyyətini soyuqqanlılıqla izləyərək “susmaq qızıldır” prinsipinə söykənmiş vəziyyətdə. Bəlkə bu da bir siyasət. Amma susmayanlar da var. Məsələn, Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli bəlkə də Azərbaycanda tək adam olaraq Türkiyəyə dəstəyini həmişə verib. Bu dəfə də Fransanın Konstitusiyaya zidd qərarına qarşı çıxaraq, Azərbaycan və Türkiyəni bir araya gətirəcək təkliflər irəli sürüb.

Bu absurd qanuna qarşı Türkiyənin reaksiyası təbiidir

– Hazırda Türkiyə müxalifəti və iqtidarı bir fikir, mövzu ətrafında birləşmiş vəziyyətdə: Fransada “inkar qanunu”na qarşı nələrsə etmək.
– Fransa parlamentinin qəbul etdiyi qanun tarixi həqiqətləri olmayan, yalnız siyasi konyukturaya, hətta seçki konyukturasına əsaslanıb. Bu qanun azad düşüncəyə, Fransanın da qatıldığı Avropa İnsan Hüquqları Konvensiyasına, eyni zamanda Fransanın öz Konstitusiyasına ziddir və Türkiyə tarixinə qarşıdır. Əgər bu qanun qüvvəyə minsə, o zaman digər ölkələr üçün pis nümunə ola bilər, Fransada yaşayan yüzminlərlə türkün həyatı çətinləşər, erməni lobbisi pis niyyəti ilə daha da irəli gedərək, dünya səviyyəsində aqressiv anti-türk tebliğatına güc verər. Ona görə hesab edirəm ki, bu absurd qanuna qarşı Türkiyənin reaksiyası təbiidir. Türkiyə cəmiyyətinin bu mövzuda bir araya gələrək reaksiya verməsi çox əhəmiyyətlidir. İqtidarla müxalifət ölkədaxili problemlərdə bir araya gəlməsə belə, mövzu millətin, ölkənin taleyi ilə bağlı olunca, birləşib dünyaya səsini çatdıra bilməsi çox əhəmiyyətlidir.

Fransa azad düşüncəyə qarşı çıxan ölkə kimi tanınacaq

– Türkiyə eyni zamanda bu qanunun qüvvəyə minməsinə qarşı mübarizə aparır…
– Mütləq səy göstərmək lazımdır. Çalışmaq lazımdır ki, Fransa Senatının 60 üzvü Konstitusiya Məhkəməsinə “inkar qanunu”nun ləğvi üçün müraciət etsin. Avropa Birliyi qurumlarının bu qanunu ekspertizadan keçirməsinə, beynəlxalq hüquq müdafiə təşkilatlarının onun ləğvi üçün bir araya gəlməsinə nail olmaq lazımdır. Hesab edirəm ki, Fransada yaşayan türklər və azərbaycanlılar icma olaraq bu qanuna qarşı çıxmalı, buna görə cəza aldıqda Avropa İnsan Haqları Məhkəməsinə şikayət etməlidirlər. Bu qanunla Fransa dünyada azad düşüncəyə qarşı çıxan ölkə kimi tanınacaq.

Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır

– Mövzu millətin haqqı uğrunda mücadilə olduqda təbii ki, qardaşların bir araya gəlməsi də vacibdir. Yəni Türk dünyasının taleyi müzakirə mövzusu olduğu bir halda Azərbaycan hökumətinin susması, mövqe göstərməməsi çok təəccüblüdür.
– Haqlısınız. Rəsmi Bakının susqunluğu anlaşılmır. Təntənəli yığıncaqlarda “bir millət, iki dövlət” deyib hayqıranlar indi nədən görünmürlər? Sanki baş verənlərin Azərbaycanla heç bir bağılığı yox. Bu necə siyasətdir? Bu siyasəti yanlış sayır və sərt şəkildə tənqid edirik. Türkiyəyə qarşı olan hər hansı bir addım, eyni zamanda Azərbaycana qarşıdır və əksinə. Fransanın qəbul etdiyi bu qanun Azərbaycan dövlətinin maraqlarını da hədəfə alıb. Bu qanun Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, Xocalı qətliamını törətmiş erməniləri dünyaya qurban, zərər çəkmiş kimi təqdim edir, eyni zamanda onları daha aqressiv siyasət yürütməyə həvəsləndirir. Türkiyənin çətin günlərində ölkə başçısı İlham Əliyev susmamalı, Azərbaycanın Türkiyəni dəstəklədiyini göstərməli, onunla eyni mövqedə olduğunu bəyan etməlidir. Azərbaycan və Türkiyə arasında yaradılmış Strateji Əməkdaşlıq Şurası dərhal bir araya gəlməli, Fransanı bu yanlışdan daşındırmaq üçün birgə tədbirlər həyata keçirməlidir.
Biz Azərbaycan müxalifəti olaraq bu mövzuda prinsipial mövqeyimizi ilk gündən göstərmişik. Azərbaycan xalqı çoxluq etibarilə bizimlə, Türkiyə ilə eyni fikirdədir. Türkiyədəki qardaşlarımıza demek istəyirəm ki, lütfən hökumətimizin susqunluğuna görə Azərbaycan xalqından inciməyin. Bu hökuməti xalqımız seçməyib. Ona görə də nəinki Türkiyənin, heç Azərbaycanın da maraqlarını müdafiə etmir.

Azərbaycanın atmalı olduğu addımları dərhal təklif etdim

– 23 yanvar Fransa Senatının “inkar qanunu”nu qəbul etdiyi gün kimi yaddaşlarımıza yazıldı. Qarşıda isə bizi daha həyacanlı bir gün gözləyir. İndi Fransa prezidentinin necə qərar verəcəyi, son qərarın nə olacağı müzakirə mövzusu. Əgər Azərbaycan hökuməti bu dəfə də susmağa üstünlük versə müxalifət lideri Əli Kərimli hansı addımı atacaq?
– Senat  qərarını verən kimi dövlət başçısına mətbuat vasitəsilə müraciət edib, Azərbaycanın atmalı olduğu addımları təklif etdim. Təklif etdim ki, Azərbaycan və Türkiyə liderləri bir araya gəsin, Azərbaycan hökuməti Türkiyə ilə tam olaraq eyni mövqedə olduğunu, Türkiyəyə qeyd-şərtsiz və tam dəstək verdiyini bəyan etsin. Eyni zamanda Fransanın ATƏT-in Minsk qrupunda həmsədrlikdə qala bilməyəcəyini açıq ifadə etsin. Fransaya təzyiq məqsədilə ticarət və iqtisadiyyat sahəsində atılacaq addımlar da Türkiyə ilə sinxronlaşdırılmalıdır. Təsisçilərindən olduğum İctimai Palata da dərhal toplanıb bəyanat qəbul etdi. İctimai Palata Fransa səfirliyi qarşısında etiraz, Türkiyə səfirliyi qarşısında isə dəstək aksiyası keçirəcək. Fransa  parlamentində qəbul olunmuş qanuna etiraz etmək üçün yürüş keçirmək qərarına da gəldik. Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Bakı meriyası qarşısını almasa izdihamlı Türkiyəyə dəstək yürüşü təşkil edəcəyik.

Hökumət müxalifətin zəif olmadığını yaxşı bilir

– Bir neçə gün öncə Rusyanın “arqument.ru” saytında müsahibənizi oxudum. Azərbaycanda güclü müxalifətin mövcud olduğu vaxtın 2003-cü ilə təsadüf etdiyini demisiniz. Bəs 2012-ci ilin Azərbaycan müxalifəti hansı gücüylə Türkiyəni bu çətin durumda dəstəkləyəcək?
– Azərbaycan müxalifəti 2003 və 2005-ci illərdə o qədər güclü idi ki, hətta şərtlər bərabər olmasa da seçkilərdə qalib gəlməyi bacardı. Yeri gəlmişkən, bu günlərdə Avropa İnsan Haqları Məhkəməsi mənim və dostlarımın 2005-ci il parlament seçkilərində qazandığımız qələbəni təsdiqlədi və hüquqlarımı pozduğu üçün hökumətə 30 min avro cərimə kəsdi. 2005-ci ildən sonra müxalifətə daha çox basqı olub. 2003-cü ilə qədər beynəlxalq təşkilatlar Azərbaycanı qismən azad ölkə olaraq görürdü, amma 2003-cü ildən sonra Azərbaycan azad olmayan ölkə hesab edilir.

– Azad olmayan ölkədə isə müxalifətin gücü görünməz…
– Haqlısınız. Əgər müxalifət partiyalarının yürüş keçirmək imkanı yoxdursa, televiziya kanalları illərdir qapılarını müxalifət liderlərinin üzünə bağlayırsa, seçkilər hər zaman saxtalaşdırılırsa, o zaman müxalifət gücünü necə göstərə bilər ki?! Hökumət müxalifətin zəif olmadığını yaxşı bilir.  Müxalifətin öz gücünü nümayiş etdirmək imkanı zorla əlindən alınıb. Ona görə də hökumət demokratik seçki keçirməyə qorxur. Müxalifəti zəif olan iqtidar niyə görə seçki yarışından qorxsun? Yeri gəlmişkən, Ərəb baharının yaşandığı ölkələrdə də müxalifət kənardan zəif görünürdü, amma sonra bütün dünya gördü ki, xalqlar öz ailə hakimiyyətlərinə necə nifrət edirmişlər. Azərbaycan xalqı da indiki hakimiyyəti qəbul etmir. İlk demokratik seçkidə bu hakimiyyətin məğlub olacağına əminəm.

Türkiyəyə haqlı savaşında dəstək verməyə çalışırıq

– Azərbaycan iqtidarının müxalifətlə bir araya gəlməməsi ölkədə durumun çox qarışıq olduğunu göstərir. Ölkə parçalanıb, öz daxilində bir araya gələ bilmirsə, qardaş Türkiyəyə necə dəstək ola bilər?
– Əvvəllər Heydər Əliyev, indi isə İlham Əliyev heç zaman müxalifətlə bir araya gəlmədi. Təkcə bu faktor Azərbaycan hakimiyyətini xarakterizə etmirmi? Əgər ölkə içində sağlam, sivil iqtidar-müxalifət münasibətləri olsaydı, o zaman Azərbaycan daha güclü olardı, səsi dünyada daha yüksəkdən eşidilərdi. Bu çətin şərtlərlə belə biz bacardığımız qədər Türkiyəyə haqlı savaşında dəstək verməyə çalışırıq.

– Bir neçə gündür Türkiyə mediyası Azərbaycanı qardaş ölkə kimi qınayır. Haqsız da sayılmazlar. Bəlkə hələ gec deyil, məsələn, Türkiyənin taleyinin həll olunduğu bir məqamda Azərbaycan müxalifəti iqtidarla dialoq təklifi verə bilərmi?
– Belə bir çətin durumda Azərbaycan hökumətinin heç bir təpki göstərmədən susması Türkiyə toplumunu və mediasını necə narahat edir, yaxşı anlayıram. Zatən bizlər də narahat oluruq və bu üzdən hökumətimizin susmasına Türkiyə mediasından daha çox təpki göstəririk. Amma çox istərdim ki, Azərbaycan hökumətinin mövqeyi Azərbaycan xalqının mövqeyi kimi anlaşılmasın. Azərbaycan xalqı, xüsusən də müxalifəti daim Türkiyəyə dəstək vrəcək. Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir.
Biz həmişə hökumətlə dialoq tərəfdarı olmuşuq. Amma hökumət bunu qəbul etmir. Bu gün də dediyiniz kimi, hələ gec deyil. Hökumətimiz Türkiyəyə dəstək versə, biz də müxalifət olaraq onun bu yöndə addmlarını dəstəkləyəcəyik.

– Bütün bu olaylarda Əli Kərimli müxalifət lideri olaraq mübarizə meydanında yalnız qalıb, amma geri çəkilmək fikrindən də çox uzaq görünürsüz. İnşallah, bu sizi qorxutmaz…
– Azərbaycanda repressiv rejim mövcuddur. Ölkəmizdə gerçəkləri söyləmək o qədər də asan deyil. Hökumət mənim millət vəkili mandatımı ləğv etdirib. Partiyamızın binası yox, yeni qərargah kirəyələməyimizə icazə verilmir. Yüzlərlə partiyadaşımız siyasi məhbus həyatı yaşayır. Hazırda 10 üzvümüz siyasi fəaliyyətinə görə həbsdədir. Hökumət mənə pasport vermir, 6 ildir ölkədən kənara çıkmağım yasaqlanıb. Təbii ki, pasportum olsaydı, bu anda mütləq Türkiyədə olar, Azərbaycan xalqının dəstəyini çatdırardım.
Bütün bunlara rəğmən özümü yalnız hiss etmirəm, mücadilədən bezmirəm. Çoxlu sayda partiyadaşlarımın, vətəndaşlarımızın dəstəyini hiss edirəm. Ayrıca, dediyiniz gerçək olsa belə, bunları söyləyə bilərəm: Gerçəkləri söyləyə bilmək, azadlıq, ədalət uğrunda çalışmaq, mücadilə aparmaq çox zövqverici bir işdir.

Kateqoriyalar: Müsahibələr, Əli Kərimli
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: