Əsas səhifə > Müsahibələr, Əli Kərimli > Xalqımız əbədi olaraq bir sülalənin əsarətində qalmağa layiq deyil

Xalqımız əbədi olaraq bir sülalənin əsarətində qalmağa layiq deyil

Ukraynanın «Maydan» internet qəzetinə müsahibəm. Tərcümə “Azadlıq” qəzetinə məxsusdur.

«Ölkəmizdə demokratik dəyişikliklərin bərqərar olmasına çox qalmayıb»

– Qarabağ problemi ilə bağlı aparılan 17 illik danışıqlar hələ ki, heç bir nəticə verməyib. Sizin bu problemi çözmək, müharibədəki məğlubiyyətdən azərbaycanlıların aldıqları psixoloji travmaları aradan qaldırmaq üçün xüsusi bir reseptiniz varmı?
– Həqiqətən də BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası Azərbaycanın Qarabağ bölgəsinin və ətraf rayonların işğalını pisləyən, işğalçı ordunun həmin əraziləri qeyd-şərtsiz tərk etməsini tələb edən müvafiq qətnamələr qəbul etsə də, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar nəticə vermir. Ermənistan beynəlxalq hüquqa tabe olmur. Beynəlxalq birlik isə onu BMT-nin qətnamələrinə və digər beynəlxalq təşkilatların tələblərinə tabe olmağa məcbur edə bilmir. Bu fakt həm də mövcud beynəlxalq təhlükəsizlik sisteminin iflasıdır.
“Azərbaycanlıların müharibədə ermənilərə məğlubiyyətdən aldıqları psixoloji travma” isə ümumiyyətlə mövcud deyil. Azərbaycan ordusu açıq, üzbəüz hərbi əməliyyatlarda ermənilərə məğlub olmayıb, əksinə bir-çox qələbələr qazanıb. İndiki məğlub durumumuz isə bizim haqq etdiyimiz məğlubiyyətin və ya Ermənistanın layiq olduğu qələbənin nəticəsi deyil. Daha çox üçüncü tərəfin – Rusiyanın Ermənistana dəstəyinin nəticəsidir. Münaqişənin ilk mərhələsində Rusiya nəinki Ermənistan ordusunu silahlandırib Azərbaycan ordusunun yaranmasına isə mane olurdu, hətta Xocalı, Şuşa da daxil olmaqla bir çox mühüm Azərbaycan şəhər və kəndlərinin işğalında birbaşa iştirak edirdi. Nəhayət, 1992-ci ildə AXC sədri Əbülfəz Elçibəy prezident seçildikdən sonra Azərbaycanda ordu yaradıldı. Cəmi bir-neçə aya İşğal olunmuş Qarabağ torpaqlarının 40%-dən çoxu azad edildi. 1993-cü ildə yenə də Rusiya və İran xüsusi xidmətlərinin yaxından iştirakı ilə Azərbaycanda Əbülfəz Elçibəy hakimiyyəti devrildi və keçmiş kommunist lider Heydər Əliyev hakimiyyətə gətirildi. Heydər Əliyevin isə ilk addımlarından biri  AXC hökuməti zamanı qurulmuş hərbi hissələri – 33 batalyonu tərxis etmək oldu. Qarabağ yenidən müdafiəsiz qaldı və düşmən bu fürsətdən yararlanıb müdafiəsiz qalmış rayonları işğal etdi. Beləliklə, ermənilərin əldə etdiyi hərbi qələbələr ya Rusiya Silahlı Qüvvələrinin birbaşa iştirakı ilə, ya da əsasən silahsız dinc əhali üzərində olub. Ona görə də Azərbaycan ordusu özünü məğlub saymır və məğlubiyyətin psixoloji travmasını daşımır.
Hesab edirəm ki, problemin həlli Azərbaycan və Ermənistanın demokratikləşməsindən, bütövlükdə Cənubi Qafqazın Avropa Birliyinə inteqrasiyasından keçir. Dünyada heç bir dövlət Qarabağın “müstəqilliyini” tanımayıb. Bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Bu belə də davam edəcək. Hələ bu cür korrupsiyalaşmış, avtoritar idarəetmə ilə belə Azərbaycan münaqişənin güclü və daha da güclənməkdə olan tərəfidir. Azərbaycanda demokratiya bərqərar olandan sonra isə bu fərq kəskin şəkildə artacaq. Ermənistanın bu reallıqları qəbul etməkdən başqa şansı qalmayacaq. Digər tərəfdən isə Ermənistanın Avropa Birliyinə daxil olmaq perspektivi bu ölkəni seçim etməyə məcbur edəcək: bundan sonra da Rusiyanın peyki kimi qalmaq, yoxsa həqiqətən də müstəqil  və inkişaf edən dövlətə çevrilmək? Yeri gəlmişkən, bu, həmçinin Ermənistanla Türkiyə arasında mövcud olan problemlərin həllinə kömək edə bilər.

Hökumət torpaqların hərbi yolla qaytarılması vaxtını qaçırıb

– Bu günə problemi hərbi yolla çözmək və ermənilərin ələ keçirdiyi torpaqları geri qaytarmaq üçün Azərbaycan rəhbərliyində lazımınca siyasi iradə, orduda isə gərəkli hərbi potensial varmı?
– Azərbaycan bütün mühüm göstəricilərə görə hərbi baxımdan  Ermənistandan üstündür. Azərbaycan ordusu daha böyükdür və daha yaxşı silahlanıb. Hərbi əməliyyatlar başlasa, Azərbaycan ordusu Ermənistan ordusundan fərqli olaraq işgaqçılıq müharibəsi yox, öz torpaqlarını işğaldan azad etmək üçün vətən müharibəsi aparmalı olacaq ki, bu da bizim orduya həm də mənəvi üstünlük qazandırır. Azərbaycan iqtisadiyyatı isə Ermənistan iqtisadiyyatından müqayisəyəgəlməz həddə güclüdür. Ermənistanın başqasının köməyi olmadan bizim torpaqları bundan sonra da işğalda saxlamaq şansı yoxdur. Amma bütün bunlara baxmayaraq hesab edirəm ki, Azərbaycan hökuməti işğal olunmuş torpaqlarımızı hərbi yolla qaytarmaq vaxtını və fürsətini əldən verib. İndi hərbi yolu üçün uyğun vaxt deyil. Əgər Ermənistan yenidən Azərbaycana qarşı işğalçılıq hərəkətlərinə yol verərsə, o halda əlbəttə ki, Azərbaycan ordusu bu dəfə bütün işğal olunmuş torpaqları azad etməyə hazır olmalıdır.

– Nə zaman və hansı şərtlər çərçivəsində Azərbaycandakı rejimin demokratikləşməsi mümkündür?
– Biz AXCP və Ictimai Palata olaraq, ölkədə köklü dəyişikliklər – rejim dəyişikliyi uğrunda mübarizə aparırıq. Azərbaycan xalqının demokratiya uğrunda mübarizə təcrübəsi çox zəngindir. Biz həm 1918-ci ildə Rusiya imperiyasından, həm də 1991-ci ildə SSRI-dən qurtulan kimi ölkəmizdə demokratik hakimiyyət qurmuşuq. Hər iki halda, demokratik rejimlər xarici dəstəklə devrilib. Dünyada mövcud olan  demokratik dövlətlərin xeylisi öz ölkələrində demokratiyanı xarici qüvvələrin köməyilə bərqərar edib. Paradoksa baxın ki, biz azərbaycanlılar iki dəfə öz daxili resurslarımızla ölkəmizdə demokratik respublika qurmuşuq və hər dəfə ölkəmizdə demokratiya xarici təsirlə məğlub etdirilib. Bunu bizim ölkənin xüsusi geosiyasi mövqeyi ilə izah etmək olar. Azərbaycan çox çətin regionda yerləşir.
Bütün bunlara baxmayaraq, biz optimistik. Inanırıq ki, üçüncü dəfə də ölkəmizdə demokratiyanı məhz öz daxili resurslarımızla bərqərar edə biləcəyik. Üstəlik, bu dəfə onu qoruyub, möhkəmləndirə də biləcəyik. Azərbaycan rejimi bu dəfə xaricdən ciddi dəstək ala bilməyəcək. Ona görə ki,  qlobal demokratikləşmə prosesi, hətta bizim çətin regionu da əhatə etmək üzrədir. Azərbaycan xalqı isə bütün təbəqələri, nəsilləri ilə dəyişiklik istəyir. Azərbaycan xalqı ona layiq deyil ki, bir sülalə onu əbədi olaraq əsarətdə saxlamaq fikrinə düşsün. Aydındır ki, mən indi bu dəyişikliklərin Azərbaycana konkret nə vaxt və hansı yolla gələcəyini deyə bilmərəm. Amma əminəm ki, ölkəmizdə demokratik dəyişikliklərin bərqərar olmasına çox qalmayıb.

Hakimiyyət müxalifətin mövcudluğunu etiraf edir

– Müxalifət partiyalarının birləşməsi üçün yaradılan Ictimai Palatanın təsisi ölkənizdəki siyasi qüvvələrin balansına hər hansı formada təsir etdimi?
– Biz Ictimai Palatanı “Ərəb baharı”ndan əvvəl – 2010-cu ilin sonlarında təsis etdik. Əsas məqsədimiz də cəmiyyətin bütün demokratik potensialını dəyişikliklər üçün səfərbər etmək idi. Indi Ictimai Palatada vətəndaş cəmiyyətinin, gənclər təşkilatlarının, ziyalıların və azad mətbuatın mühüm hissəsi müxalifət partiyaları ilə bir araya gəlib demokratik dəyişiklik üçün çalışır. Doğru olan da budur. Dünya təcrübəsi sübut edir ki, demokratik olmayan rejimlərə qalib gəlmək üçün cəmiyyətin bütün demokratik potensialı səfərbər olmalıdır. Azərbaycanda ilk demokratik respublika qurulanda – 1918-ci ildə dünyada yalnız 25 ölkədə demokratik respublika mövcud idi. Ötən 94 ildə dünya yaxşılığa doğru çox dəyişib. Indi dünyada azad olmayan ölkələrin sayı 30 civarındadır. Təəssüf ki, bizim ölkə də həmin azad olmayan ölkələr sırasındadır. Bu durum xalqımıza qarşı böyük haqsızlıqdır. Ictimai Palata indiki rejimin əsas alternatividir. Çoxsaylı həbs və zorakılığa baxmayaraq, ötən il hakimiyyətə ciddi narahatlıq yaşadan bir neçə etiraz mitinqi keçirdik. Bu il də köklü siyasi dəyişiklik tələbilə etiraz mitinqləri keçirmək planlarımız var. Ictimai Palata təsis olunana qədər hakimiyyət, hətta ölkədə müxalifətin varlığını belə, etiraf etmək istəmirdisə, onun yaranmasından sonra müxalifətin mitinqlərindən təlaş keçirdiyini gizlədə bilmir. Dünənə qədər yox saydığı müxalifəti radikal olmaqda, sabitliyi pozmaqda ittiham edir.

Rejim demokratiyaya qarşı mübarizədə Rusiyaya arxalanır

– Azərbaycan Moskvada Qərbyönümlü və anti-Rusiya təşkilatı kimi qiymətləndirilən GUAM-ın əsas üzvlərindən biridir. Bu təşkilatın dörd üzvündən hansı ən zəif bənddir? Hansı şərtlər çərçivəsində Azərbaycan GUAM-ı tərk edə bilər?
– GUAM üzvü olan dövlətlərin əsas məqsədi müstəqilliyini möhkəmləndirməkdir. Bu məqsədlə də bu dövlətlər Avroatlantik məkana inteqrasiyada maraqlıdırlar. Avropa Birliyinin qiymətləndirməsinə görə, “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində ən ciddi uğurları Moldova əldə edib. Gürcüstan bu sahədə ikinci, Ukrayna isə üçüncü yerdədir. Təəssüf ki, bizim ölkəmiz bu siyahıda beşinci yerdə olmaqla – siyahıda dördüncü GUAM üzvü olmayan Ermənistandır – zəif bəndə çevrilib. Bir qayda olaraq, dövlətlərin xarici siyasəti daxili siyasətin davamı olur. Azərbaycanın indiki rəhbərliyi ölkənin daxilində demokratik islahatların genişlənməsindən narahat olduğundan Qərbə inteqrasiyaya yönəlmiş bütün fəaliyyətlərdən de-fakto imtina edir. Digər tərəfdən, günü-gündən güclənən demokratiya dalğasına qarşı yalnız Rusiyanın köməyinə ümid etdiyindən Azərbaycan hökuməti GUAM-dakı fəaliyyəti artıq önəmli hesab etmir. Amma bütün bunlara baxmayaraq, Azərbaycan GUAM-dan çıxmaz.

– Rusiya Gürcüstan, Qara dəniz, Ukrayna və Polşadan keçməklə Xəzər dənizindən Baltik dənizinə qədər neft nəqli koridorunun yaradılması ilə bağlı Azərbaycanın mövqeyinə necə təsir edə bilər?
– Azərbaycan və Rusiya neft, qaz istehsalçısı kimi enerji bazarında bir-birinə təbii rəqibdir. Rusiya çalışır ki, Avropa enerji bazarında öz güclü mövqeyini daha da gücləndirsin və hətta bəzən siyasi məqsədlər üçün də bu üstünlüyündən istifadə edə bilsin. Ona görə də Rusiya Avropanın ondan enerji asılılığını azaldan layihələrin hamısına, o cümlədən sizin haqqında bəhs etdiyiniz layihəyə də qısqanclıqla yanaşır. Azərbaycanın maraqları isə tələb edir ki, neft-qaz ixracatçısı kimi öz neft və qazını dünya bazarına daha şaxələnmiş, çoxsaylı neft və qaz boru kəmərləri vasitəsilə çıxara bilsin. Bakıdan sizin ölkəni də keçməklə Baltikaya qədər neft boru xəttinin çəkilməsi hər iki ölkənin maraqlarına uyğundur. Rusiyanın bu və bu qəbildən layihələrə müqaviməti isə getdikcə zəifləyəcək. Bir tərəfdən Rusiyada demokratik prosesin dərinləşməsi, digər tərəfdən isə Avropanın özünün Rusiyadan enerji asılılığını azaltmağa yönəlmiş təşəbbüsləri onunla nəticələnəcək ki, Rusiya da enerji bazarındakı ümumi qaydalara uyğun hərəkət etsin. Burada da müəyyənedici faktor siyasi iddialar yox,  iqtisadi fayda olmalıdır. Xüsusilə, Avropada kiminsə kimisə uzunmüddətli enerji asılılığında saxlayacağına ümid etməsi uzaqgörməyən, nəticəsiz siyasətdir.

Rusiya avtoritar dövlətlər zolağında qalmaqda maraqlı görünür

– Ukraynada avtoritar tendensiyaların güclənməsi Kiyevlə Bakı arasındakı münasibətlərə təsir edibmi? Azərbaycandakı və Ukraynadakı avtoritar rejimlər arasında əməkdaşlıq, mehriban qonşuluq əlaqələri mümkündürmü?
– Azərbaycanın demokratik qüvvələri Ukraynanı özünə dost, strateji müttəfiq olaraq görür. Biz istəyirik ki, Ukrayna demokratik, inkişaf etmiş, güclü dövlət olsun. Inanıram ki,  ölkələrimiz demokratikləşdikcə müttəfiqlik münasibətlərimiz daha da dərinləşəcək. Dünyanın hər yerində demokratlar bir-birinə yaxın olduğu kimi, avtoritar liderlər də öz aralarında həmrəyliyə nail olurlar. Bu baxımdan güman etmək olar ki, son illərdə Ukrayna hökumətinin müxalifətə təzyiqləri gücləndirməsi bizim avtoritar hakimiyyətin ürəyincədir. Amma Azərbaycan hakimiyyəti Rusiya hökumətini qıcıqlandırmamaq üçün bu məmnunluğunu ifadə etməz.

– Siz, 2011-ci və bu ildə Azərbaycanla Rusiya arasındakı əlaqələrdə inkişaf əlamətlərini görürsünüzmü? Kremlin bu gün üçün Azərbaycana hansı təsir imkanları var?
– Baxmayaraq ki, enerji bazarında Azərbaycan və Rusiya arasında rəqabət var, ən azı, zahirən Azərbaycan-Rusiya münasibətlərində hazırda ciddi problem müşahidə olunmur. Təəssüf ki, Rusiya hələ də ətrafında avtoritar dövlətlər zolağının qalmasında maraqlı görünür. Əliyev hakimiyyətinə xoş münasibətin də kökündə bu amil durur. Əminəm ki, bu siyasət Rusiyanın öz milli maraqları baxımından da səhvdir. Dünyanın demokratik kəsimi ilə konfrontasiya, qeyri-demokratik rejimləri isə müdafiə siyasətini davam etdirmək Rusiyanın inkişafına və gələcəyinə xidmət etmir. BMT Baş Məclisində Suriya ilə bağlı son səsvermə zamanı Rusiya və Çini yalnız 10 dövlət dəstəklədi, həm də hansı dövlətlər?! Təcrid olunmuşların, bütün mənada geridə qalmışların   çevrəsində olmaq Rusiyaya hansı faydanı verə bilər? Rusiyanın Azərbaycana təsir imkanlarına gəldikdə isə, belə imkanlar hələ də az deyil. Nəzərə almaq lazımdır ki, xalq tərəfindən seçilməyən rejimlər xarici təzyiqlərə açıq olurlar.

Kateqoriyalar: Müsahibələr, Əli Kərimli
  1. serhat
    İyun 26, 2012 tarixində, saat 1:24 axşam

    Türkiyeden selam olsun.Daima yanınızdayız.Var ol ÖZGÜR AZERBAYCAN…

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: