Əsas səhifə > Müsahibələr, Əli Kərimli > “Azərbaycanın siyasi səhnəsinə yeni nəsil gəlir”

“Azərbaycanın siyasi səhnəsinə yeni nəsil gəlir”

“Regnum” agentliyinə müsahibəm “Azadlıq” qəzetinin tərcüməsində

“İlham Əliyev regionda marağı olan bütün dövlətlərlə münasibətləri korlayıb”

Əli Kərimli: «Biz rüşvət və korrupsiya ilə məşğul olmadıq, hakimiyyətdən sui-istifadə etmədik, xalqla əlaqəni kəsmədik»

İctimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli Rusiyanın “Reqnum” agentliyinə müsahibə verib. Ə.Kərimli agentliyin Azərbaycanda gedən ictimai-siyasi proseslərlə bağlı suallarını cavablandırıb.

“Birdən gördülər ki, minlərlə gənc əsl vətəndaş kimi formalaşıb”

– Martın 17-də Bakıda gənclərin keçirdiyi mitinq hələ də son günlərin ən vacib hadisəsi olaraq qalır. Hakimiyyətin mitinq üçün ucqar və yararsız yer ayırmasına, havanın da olduqca qarlı və çovğunlu olmasına baxmayaraq aksiyada bir neçə min gənc iştirak edirdi. Nə baş verir?
– Qısaca deyim ki, Azərbaycanın ictimai-siyasi səhnəsinə yeni nəsil çıxır. Azərbaycan hökuməti çox çalışırdı ki, bu, baş verməsin. Uzun illər hakimiyyətin ideoloji aparatı, o cümlədən bütün telekanallar ölkənin ictimai-siyasi problemlərini gizlətməklə məşğul idi. Çalışırdılar ki, insanlar, əsasən də böyüməkdə olan nəsil həyat, dövlətin, cəmiyyətin problemlərinin əsl səbəbləri, hətta öz problemləri, gələcəkləri barədə düşünməsin. Gənclərə təlqin edirdilər ki, onlar həyatda daha çox ölkənin inkişafındakı pozitivlər, yaxud necə əylənmək barədə düşünməlidirlər. Həyatda uğur əldə etmək üçün isə onlar loyal olmalı, ya idmanla, ya da şou-bizneslə məşğul olmalıdırlar. Istəyirdilər ki, gənclər sosial şəbəkələrdən yalnız tanışlıq saytları kimi istifadə etsin. Alınmadı. Birdən gördülər ki, minlərlə yüksək savadlı gənc dövlətin, cəmiyyətin inkişafı ilə bağlı ciddi diskussiyalar aparan əsl vətəndaş kimi formalaşıb. Müxalifət partiyalarının gənclər təşkilatları sürətlə böyüyür. Müstəqil gənclər təşkilatları ciddi platformalarla çıxış edir. Fəal blogerlərin sayı günü-gündən artır. Onminlərlə gənc “Facebook”dan hökumətin onlardan gizlətmək istədiyi siyasi informasiyaları yaymaq üçün istifadə edir. Virtual qruplarda ölkəni mövcud korrupsiyalaşmış avtoritar-klan hakimiyyətindən necə xilas etmək barədə qızğın diskussiyalar aparılır. 17 mart mitinqini minlərlə gənc azərbaycanlının virtual dünyadan real siyasi mübarizəyə keçidi kimi xarakterizə etmək olar. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində başlanan ümummilli mübarizə və Qarabağın müdafiəsi zamanı bizim ölkədə kütləvi gənclər hərəkatı fəaliyyət göstərirdi. Onların fəal iştirakçılarından biri mən idim. Təxminən 20 ildən sonra demokratik dəyişikliklər uğrunda başlanan mübarizədə Azərbaycanda yeni gənclər hərəkatı formalaşır.

“Hakimiyyət müxalifətlə gəncləri ayıra bilmədi”

– Hakimiyyətin gənclər siyasətində aydın şəkildə ikinci bir xətt güdülür. Bu xətt odur ki, gənclər profilaktik tədbirlərə baxmayaraq siyasətə gedirsə, elə etmək lazımdır ki, onlar hakimiyyətlə yanaşı, müxalifətə, özü də ənənəvi müxalifətə qarşı olsunlar. Bu sahədə vəziyyət necədir?
– Hökumət həqiqətən də bunu etməyə çalışırdı. Hətta ilkin dövrlərdə öz siyasi məqsədləri üçün gənclərin xarakterinə xas bəzi xüsusiyyətlərdən istifadə etmək istəyirdi. Axı ictimai inkişafın qanunauyğunluqlarına görə, hər yeni nəsil əvvəlki nəsli inkar edir. Gənclərə xas iddialılıq, təkəbbür, özünü təsdiq etmək arzusu, innovasiyalara meyl – bunlar da obyektiv tendensiyalardır. Digər tərəfdən, bəzi gənclərə elə gəlirdi ki, müxalifət hakimiyyətə repressiyaları həyata keçirmək üçün bəhanə verməməlidir. O vaxta qədər ki, bəzi gənclər siyasətdə deyildi, onlara elə gəlirdi ki, repressiyalara əsas yaratmadan aktiv hərəkətə keçmək olar. Nə vaxt ki, gənclər siyasətə ilk addımlarını atmağa başladılar, hər hansı bəhanə və əsas olmadan özləri repressiya və “qara piarın” obyekti oldular, o zaman hər şey aydın oldu. Gənclər başa düşdülər ki, Azərbaycanı avtoritar əsirlikdə saxlayan hakimiyyət kifayət qədər qəddardır. Ona görə də, hakimiyyətə qarşı çıxan qüvvələr, ölkədə dəyişiklik istəyənlər yaşına və dünyagörüşünə baxmayaraq bir yerdə olmalıdırlar. Gənclik onu da gördü ki, hakimiyyətdən fərqli olaraq müxalifət onların siyasətə gəlişini alqışlayır, onları dəstəkləyir və müdafiə edir. Axı ənənəvi müxalifətin özü də dəyişir, yeni mübarizə üsullarından istifadə edir. Müxalifət partiyalarının gəncləri tədricən irəliyə gedirlər. Bütün bunlar ona gətirdi ki, hakimiyyət məqsədinə çata bilmədi və müxalifətlə gəncləri ayıra bilmədi. Məsələn, 17 mart mitinqinin 9 təşkilatçısından 7-si bizimlə birgə əsas müxalifətin birləşdiyi Ictimai Palatada təmsil olunur.
Digər iki gənclər təşkilatı da bizimlə həmfikirdir və  islahatlarla bağlı tələblərimizlə həmrəydir.

“Siyasi səhnəni o siyasətçilər tərk edir ki…”

– Yeri gəlmişkən, ölkənin əsas müxalif qüvvələrinin uzunömürlülüyünün əsas səbəbi nədir? Məlumdur ki, son 18 ildə əsas müxalif yükü hələ Sovet dövrünün süqutu zamanı yaranan Xalq Cəbhəsi Hərəkatının təmsilçiləri daşıyır. Ata və oğul Əliyevin keçirdiyi bütün seçkilərdə hakimiyyət bu hərəkatın əsasını təşkil edən AXCP və Müsavatla mübarizə aparmaq məcburiyyətində qalıb. Siz hakimiyyətdə cəmi bir il olmusunuz – 1992-dən 1993-dək. Bəzən hakimiyyət funksionerləri qəzəblənirlər ki, keçmiş sovetlər məkanında demokratik qüvvələrin birinci dalğasının əksər təmsilçiləri artıq siyasi səhnədən gediblər. Indi hakimiyyətin əsas alternativi də əsasını AXCP və Müsavatın təşkil etdiyi Ictimai Palatadır. Niyə belədir?
– Mənim təmsil etdiyim qüvvələrin daimi repressiyalara, məhdudlaşdırılmış hüquq və azadlıqlara, rəsmi təbliğatın və mənəvi terrorun qarşısında olmağına baxmayaraq, öz alternativ statuslarını qoruyub saxlaya bilməsi həqiqətən də fenomenal tarixdir. Bu bir təsadüf deyil, onun öz səbəbləri var. Birinci səbəb odur ki, bizim azadlıq və ədalət tələbimiz ildən-ilə aktuallığını nəinki itirmir, hətta artırır da. Hazırda Azərbaycan korrupsiyalaşmış ailə qruplarının monopoliyasındadır. Əhalinin azadlıq hüququ isə getdikcə daha çox məhdudlaşdırılır. Ona görə də bizim hüquq və azadlıqlara hörmət, qanunun aliliyi, azad rəqabət üçün şəraitin yaradılması tələblərimiz əhalinin geniş təbəqəsi tərəfindən dəstəklənir. Ikincisi, biz qısa müddətə də olsa hakimiyyətdə olduq. Həmin müddətdə biz rüşvət və korrupsiya ilə məşğul olmadıq, hakimiyyətdən sui-istifadə etmədik, xalqla əlaqəni kəsmədik. Mən iddia etmirəm ki, bizim hakimiyyətimizdə heç kim səhvə, yanlış hərəkətə yol verməmişdi. Amma hakimiyyətin əsas simaları özlərinin təmiz nüfuzlarını saxlaya bildilər. Həmin dövrün prezidenti Əbülfəz Elçibəy dünyasını dəyişəndə onun borcları var idi. Cəmiyyətin həmin hakimiyyətin digər vacib nümayəndələrinin təmiz reputasiyası barədə də şübhələri yoxdur.
Üçüncüsü, axı biz “yerimizdə saymırıq”. Biz üzərimizdə işləyirik, öz fəaliyyətimizi zamanın tələblərinə uyğunlaşdırırıq. Indi müxalifətin əsas liderləri həm də aktiv oxucuları olan blogerlərdilər. Müxalifətin funksionerləri sosial şəbəkələrin ən aktiv istifadəçiləridilər. Əsas ideyalar dəyişilməz olaraq qalır, amma müxalifət partiyalarında simalar və mübarizə metodları yenilənir. Məsələn, mən özüm 80-ci illərin sonu 90-cı illərin əvvəllərində başlayan xalq hərəkatının liderləri arasında deyildim. O zaman mən tələbə hərəkatının liderlərindən idim. Tələbə hərəkatının liderinin 20 ildən sonra müxalifətin lideri olması tamamilə təbiidir. Partiya fəallarımızın əksəriyyəti müstəqilliyin ilk illərində çox gənc idilər. Sonradan partiyaya gənclərin yeni gücü qoşuldu və bu proses mütəmadi olaraq gedir.
Müxalifətin uzunömürlülüyünün dördüncü əsas səbəbi odur ki, demək olar ki, bugünə qədər keçirilən bütün seçkilərdə qalib olmuşuq. Parlament seçkilərində hakimiyyət iki dəfə mənim qələbəmi tanıdı. 10 il parlamentin duputatı oldum. 2005-ci ildə mənim qələbəmi MSK da təsdiq etdi, amma Ilham Əliyevin təzyiqi ilə Konstitusiya Məhkəməsi heç bir əsas göstərmədən mandatımı ləğv etdi. Avropa Məhkəməsi şikayətimə baxaraq haqqımı tanıdı və mandatı ləğv etdiyinə görə Azərbaycan hakimiyyətini 30 000 avro cərimələdi. 2010-cu ilin parlament seçkilərində mən yenidən qələbə qazandım. Məntəqə seçki komissiyalarının protokolları mənim qələbəmi təsdiqləsə də, nəticələr yenidən saxtalaşdırıldı və mən parlamentə buraxılmadım. Bu seçki ilə də bağlı Avropa Məhkəməsinə müraciət etdim. Və əminəm ki, bu işi də udacam.
Beləliklə, biz iştirak etdiyimiz dörd parlament seçkisinin hər birində səsləri real olaraq qazana bilmişik.
Adətən siyasi səhnəni o siyasətçilər tərk edir ki, seçkidə seçicilərin səsini qazana bilmirlər. Bizim belə problemimiz olmayıb. Nəhayət, müxalifətin dəyişməsini tələb edən hakimiyyətin özü 18 ildir ki dəyişmir. Sovet dövrünü də nəzərə alsaq, 1969-cu ildən hakimiyyət fasilələrlə Əliyevlər ailəsinin əlində olub. Əhalinin böyük hissəsi hakimiyyətin hazırkı prinsipial müxalifətin dəyişməsi, özünün yaratdığı “cib müxalifəti” ilə əvəzlənməsi cəhdlərinin əleyhinədir. Insanlar bunu hazırkı klan hakimiyyətinin ömrünün uzadılması cəhdləri kimi qiymətləndirirlər.

– Bir vaxtlar hakimiyyət düşərgəsi xarici siyasətdəki uğurları ilə çox öyünürdü. Hakimiyyətin ideoloqları balanslaşdırılmış xarici siyasətdən danışır, regionda marağı olan bütün dövlətlərlə münasibətlərin yaxşı olduğunu deyirdilər. Bu barədə nə deyə bilərsiz?
– Həqiqətən belə vaxtlar var idi. Yada salaq ki, 2003-cü ildə – Heydər Əliyevin ölümündən sonra nə qədər ziddiyyətli olsa da, regionda maraqları kəsişən bütün dövlətlər hakimiyyətin Ilham Əliyevə ötürülməsi layihəsini aktiv dəstəkləyirdi. Açığı, bu, Ilham Əliyevin xidməti deyildi. Heydər Əliyev elə situasiya yaratmışdı ki, regionda fərqli maraqları olan bütün ölkələr hakimiyyətin atadan oğula keçməsi üçün konsensus əldə edə bilmişdilər. Hətta Ilham Əliyev hakimiyyətə gələndən sonra da bu siyasət bir neçə il davam etdi. Indi bütün bunlar keçmişdə qalıb. Hətta hakimiyyətin nəzarətində olan KIV-lərə baxsanız, görərsiniz ki, Ilham Əliyev “balanslaşdırıcı” obrazı ilə demək olar ki, regionda marağı olan bütün dövlətlərlə münasibətləri korlayıb. Hakimiyyətə bağlılığı olan media orqanları, hətta hakimiyyətin təmsilçilərinin özü hər həftə ən müxtəlif dövlətləri “ifşa” edirlər, onlara ağıl öyrədirlər.

“Hamını həmişə aldatmaq mümkün deyil”

– Bəs, başqa ölkələrlə bu gərginliyin səbəbi nədir?
– Birincisi ona görə ki, hakimiyyət nəticəsini ciddi şəkildə düşünmədən keçmişdə üzərinə xeyli sayda öhdəlik götürmüşdü.
Ilk vaxtlar xeyli sayda vədlər verilmişdi. Sonra hakimiyyət həmin vədlərin bir çoxunu edə bilmədi və ya etmək istəmədi. Nəticədə bir çox ölkələr özlərini Ilham Əliyev tərəfindən aldadılmış hiss etdilər. Məşhur aforizmdə deyildiyi kimi, “hamını həmişə aldatmaq mümkün deyil”. Başqa cür desək, hazırda Ilham Əliyev hakimiyyəti beynəlxalq münasibətlərə qarşı özünün həvəskar və qeyri-ciddi yanaşmasının bədəlini ödəyir.

Kateqoriyalar: Müsahibələr, Əli Kərimli
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: