Əsas səhifə > Müsahibələr, Əli Kərimli > Böyük birliklə bağlı “Media forum” saytına müsahibəm

Böyük birliklə bağlı “Media forum” saytına müsahibəm

ali_karimli-yeni3“Prezidentliyə namizəd məsələsinin partiya çərçivəsində həll olunmasını doğru saymıram”

«Hər şeyi Şərq diktatorlarının sülalə hakimiyyətlərinin etdiyi kimi etməyə çalışırlar»

– Müxalifət prezident seçkisinə necə hazırlaşır? Müxalif düşərgə seçkiyə hazırlıq işini birlikdə, yoxsa ayrı-ayrılıqda aparır?

– Əvvəla, Azərbaycan hökuməti prezident seçkisinə çox qəribə şəkildə hazırlaşır. Faktiki olaraq seçkini ləğv etmək, tamamilə formal bir prosedura çevirmək istiqamətində addımlar atılır. Bizim prezident seçkisi haqqında ilk açıqlamamız təxminən bir il əvvəl olmuşdu və orada qeyd etmişdik ki, ölkədə demokratik seçki mühiti yoxdur. Ona görə də müxalifətin seçkidə uğur qazanması üçün əvvəlcə demokratik seçki mühiti yaratmalıyıq, bu, daha üstün proritet olmalıdır, bunun üçün çalışmalıyıq. Bunu təmin etmək üçün müxalifətin geniş birliyinə nail olmaq lazımdır. Təəssüflər olsun ki, bizim son aylarda müxalifətin birliyi istiqamətində göstərdiyimiz təşəbbüslər hələlik nəticə verməyib. Ən azı, nəticənin əldə olunması ləngiyir.
Amma Azərbaycan hökuməti sistemli şəkildə, hətta az-çox mövcud olan azadlıqları da məhdudlaşdırmaqla məşğuldur. Son hadisələr də bunu bir daha təsdiqləyir. Ötən həftənin sonunda Azərbaycan Xalq Cəbhəsi Partiyasının iki rayonda, cəbhəçilərin öz evlərində keçirdiyi iclaslar polis zorakılığı ilə dağıdılıb. Sabirabaddakı müşavirəyə kütləvi formada və zorakı şəkildə polis müdaxiləsi olub, 50 nəfərə yaxın polis evə hücum çəkib, toplantı iştirakçılarını dağıdıb, həbs edib. Qəbələdə keçirilən iclasda da oxşar hadisələr baş verib. Bundan əvvəl isə AXCP təmsilçiləri Ağstafada müşavirə keçirməkdən məhrum edilmişdilər, hakimiyyət nümayəndələri 40 nəfər polislə gecə cəbhəçilərin qaldığı evə gəlib onları rayondan çıxarmışdılar. Bu zorakılıqlar başqa rayonlarda da davam edir. Yəni, Azərbaycan hökuməti əvvəllər dözdüyü fəaliyyət formalarına da dözməmək qərarını verib.
2006-cı ildən AXCP-nin mərkəzi qərargahı yoxdur. Rayonlarda da ofislərimizi əlimizdən alıblar. Amma biz ötən yeddi-səkkiz ildə öz evlərimizdə, həyətlərimizdə müxtəlif toplantılar keçirmişik və heç zaman buna müdaxilə olmayıb. Məhz prezident seçkisinə altı ay qalmış hökumət, hətta evlərdə də toplanmağımıza imkan vermir. Bu şərtlər altında prezident seçkisinə ciddi hazırlaşmaq çox çətindir. Hamı bilməlidir ki, ölkədə demokratik seçkilərin keçirilməsi üçün hələ də zəmin yoxdur.
Eyni zamanda bu o demək deyil ki, demokratik qüvvələr üçün ümidsiz vəziyyət yaranıb. Çünki hökumətin bu qədər aqressiv olmağının da səbəbi öz gücsüzlüyünü anlamasıdır. Ola bilsin, əvvəlki illərdə hökumətin müşavirələrə, yığıncaqlara tolerant yanaşmasının səbəbi bunu özlərinə təhdid saymamaları idi. Hakimiyyət özünü güclü sayırdı. Amma indi hökumət də fərqindədir ki, etiraz hərəkatı çox genişlənib. Ona görə də hər hərəkəti özünə qarşı qəsd, təhlükə kimi qiymətləndirir, buna qəddar reaksiya verir. Seçkiyə hazırlıq belə bir gərgin psixoloji fonda gedir.
Əlbəttə ki, seçkiyə hazırlıq üzrə digər işlər həyata keçirilir. Platforma hazırlanması istiqamətində iş gedir. Müxalifət daxilində inteqrasiya, geniş birlik yaradılması, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq və birgə fəaliyyət istiqamətində işlər gedir. Partiyaların rayon təşkilatlarında, seçki dairələri, seçki məntəqələri üzrə müəyyən işlər aparılır. Amma bu proses hökumətin açıq və kobud müdaxiləsi, əsəb gərginliyi şəraitində, qarşı tərəflərin bir-birinə münasibətlərinin sərtləşməsi fonunda gedir. Bu mühit də bizə normal seçki vəd etmir.

“Demokratik qüvvələr birləşsə, vətəndaş fəallığı artar”

– Müxalifət bu təzyiqlərə axıra qədər dözəcəkmi, yoxsa prosesdən çəkilmək ehtimalı da var?

– Təbii ki, təzyiqlərə dözəcəyik. Bu ilin yanvar ayından müxtəlif bəhanələrlə ölkədə 38 ictimai-siyasi fəal həbs olunub. Yəni, siyasi məhbusların sayı 38 nəfər artıb. Bu, çox böyük rəqəmdir. Yanvarda Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı tərtib etdiyi siyahı müzakirə olunanda təqribən 70 nəfər siyasi məhbusdan söhbət gedirdi. Onların hamısı əvvəlki illərdə həbs olunanlar idi. Üç ay ərzində 38 nəfər də tutulub və indi siyasi məhbusların sayı 100-dən çoxdur. Lakin Azərbaycan cəmiyyətinin mübarizə əzmi azalmayıb.
Əgər bu gün mitinqlərin zəruri olduğu qənaətinə gəlsək, biz kifayət qədər uğurlu mitinqlər keçirə bilərik. Cəmiyyət 2011-ci ilin 2 aprel aksiyasından sonra aldığı zərbə qədər ciddi zərbə almayıb. Bu da nəyin nəticəsidir? Çünki indi etiraz hərəkatı kifayət qədər güclənib, prosesə çoxlu yeni adam qoşulub. Əgər 2011-ci ilin aprel ayına qədər proseslərin tam ağırlığı Ictimai Palatanın və palataya daxil olan Xalq Cəbhəsi və Müsavat partiyalarının çiynində idisə, hazırda etiraz hərəkatı bütün ölkə boyu yayılıb. Etiraz hərəkatının çoxlu sayda mərkəzləri var və bura yeni insanlar qoşulub. Ona görə də cəmiyyətin repressiyalara dözmək imkanları indi daha çoxdur. Hətta bundan sonra da həbslərin olması etiraz dalğasının qarşısını ala bilməyəcək. Bu baxımdan mübarizə həbslərə görə dayanmayacaq, proses həm seçkiyə hazırlıq, həm də hökumətlə mübarizə istiqamətində davam edəcək.
Bütün bu şərtlər altında seçki kampaniyasına başlayacağıq, yoxsa yox? Belə bir şəraitdə seçkidə iştirak etməyə qərar verəcəyik, yoxsa bunu mənasız hesab edəcəyik? Bu, real seçki olmayacaq, sadəcə müəyyən bir görüntü olacaq deyə burada iştiraka dəyərmi? Bu kimi suallara cavab vermək mərhələsinə hələ gəlib çatmamışıq. Bu suallara indi cavab verməyin zamanı deyil. Hər halda, mən Xalq Cəbhəsinin mövqeyini ifadə etmək istəyirəm: biz real seçkidə iştirak etmək istəyirik. Biz nəticəsi əvvəlcədən məlum olan seçkidə görüntü yaratmaq məqsədilə iştirak etmək niyyətində deyilik. Hələ də hesab edirik ki, real seçki üçün imkanlar var. Bu imkanları nə yarada bilər? Əlbəttə, biz sadəlövh deyilik ki, Azərbaycan hökumətinin qalan altı ayda real islahatlar həyata keçirərək demokratik seçkilərə zəmin yaradacağına ümid bəsləyək. Real seçkiyə zəmini vətəndaşların artan kütləvi siyasi fəallığı və müxalifətin, bütövlükdə demokratik qüvvələrin böyük və səmərəli birliyinin əldə olunması yarada bilər. Əgər ölkədəki demokratik qüvvələrin bizim uğrunda çalışdığımız böyük və səmərəli birliyinə nail olunsa, bu, vətəndaş fəallığını çox ciddi şəkildə artırar. Vətəndaşların yüksək fəallığı şəraitində şərtlər nə qədər qeyri-demokratik olsa da, yenə də seçki müəyyən perspektivlər vəd edə bilər.

“Hamı çəkici bir zindana vuracağı təqdirdə, vəziyyəti dəyişmək olar”

– Demək olarmı ki, həm boykot, həm də iştirak faizi yarıbayarıdır?

– Bu məsələlərlə bağlı faiz-filan demək istəmirəm. Hər halda, mən bu suala cavab verdim.

– Ictimai Palata prezident seçkisi haqda yekun qərarını nə vaxt verəcək? Belə bir qərar olacaqmı? Sizcə, Ictimai Palata gecikmirmi?

– Əlbəttə, yaxşı olardı ki, bizim daha öncədən qəbul edilən, aydın, hamı ilə razılaşdırılmış mövqelərimiz olsun və bu qədər vaxt itkisinə yol verilməsin. Əgər vaxt itkisi varsa da, qarşımızda çox da uğurlu seçim yoxdursa, eləcə vaxt itirməmək naminə növbəti yanlış qərar verməyin mənası və nəticəsi nə ola bilər ki? Bir tərəfdən vaxtın sürətlə getdiyini, seçkiyə az qaldığını bilirik. Nəinki Ictimai Palata, hətta müxalifət daxilində ciddi qərarlar vermək üçün az vaxtımızın qaldığını bilirik. Digər tərəfdən də vaxt məhdudiyyəti bizi sıxıb uğursuz qərarlar verməyə təhrik etməli deyil. Istənilən halda çalışmalıyıq ki, verəcəyimiz qərarlar bizi indi olduğundan daha əlverişli bir situasiyaya keçirsin. Bizi indikindən daha pis situasiyaya keçirə bilən qərarlar verməyə tələsmirik. Vaxtımız azdır, birləşə bilmirik deyib, yəni qalan vaxtda birləşməyin mümkün olmayacağını düşünüb hər kəsin öz bildiyi yolla getməsinə qərar vermək işimizi düzəldərmi? Hesab etmirəm ki, bunun işimizə xeyri ola bilər. Vaxt az qalsa da, normal seçki mühitinin yaradılması üçün səyimizi davam etdirməliyik ki, böyük və səmərəli işləyə bilən birlik mexanizmini tapaq, bunun nəticəsində də nəinki Ictimai Palatanın, ümumiyyətlə demokratik müxalifətin əksəriyyətinin bölüşə biləcəyi, razılığa gələ biləcəyi bir seçki strategiyası ortaya qoya bilək.
Bu gün ölkədə vəziyyət o qədər ciddi, demokratik qüvvələrə qarşı təzyiqlər, repressiyalar o dərəcədə güclüdür ki, aydın şəkildə etiraf olunmalıdır: yalnız ölkənin bütün demokratik qüvvələrinin həmrəyliyi şəraitində, hamının çəkici bir zindana vuracağı təqdirdə Azərbaycanda siyasi vəziyyəti dəyişmək olar. Ayrı-ayrı partiyaların, təşəbbüs qruplarının müstəqil şəkildə seçki strategiyası qurub uğur qazanacağı mənə inandırıcı görünmür.

“Azərbaycan gəncliyi siyasətə heç vaxt bu qədər aktiv müdaxilə etməmişdi”

– Əvvəlki dövrlərlə müqayisədə hazırkı narazılıqda yeni çalarlar varmı? Əgər varsa, nədir və həmin element müxalifətin prezident seçkisi haqda qərar verməyində rol oynayırmı?

– Bir yox, bir neçə element var. Ümumiyyətlə, indiki siyasi vəziyyət 2008, 2010-cu illərdə keçirilən seçkilər ərəfəsindən çox fərqlidir. Birincisi, bütün əvvəlki seçkilərlə müqayisədə indi xalqla təmas qurmaq imkanımız, informasiya resursumuz daha çoxdur. Baxmayaraq ki, hətta evlərimizdəki yığıncaqları da dağıdırlar, bununla belə, informasiya vasitələrimiz genişlənib. Xüsusilə “Azərbaycan saatı” proqramının müxalifətin əli çatmayan ucqar bölgələrə də çıxışı var. Azərbaycanın yüz minlərlə vətəndaşı müxalifətin mövqeyindən xəbər tutur. Bu, ciddi faktordur. Bütövlükdə internetin imkanları artıb. Təkcə “Azadlıq” qəzetinin saytında aktual yazını, xəbəri 80-100 min nəfər oxuyur. Qəzetin 10 minə yaxın tirajı olduğunu nəzərə alsaq, onun internet versiyasının çap versiyanı bəzi hallarda yeddi, səkkiz, on dəfə üstələdiyini görə bilərik. Ölkədə başqa kütləvi informasiya vasitələri də var. Sosial şəbəkələr xüsusi vurğulanmalıdır. Təkcə “Facebook” şəbəkəsi vasitəsilə yüz minlərlə insana Azərbaycan müxalifəti öz mesajını çatdıra bilir. Bunlar 2008-ci, 2010-cu ilin seçkilərində yox idi.
Bir yeni tendensiya da heç bir siyasi partiyaya qoşulmayan insanların etiraz hərəkatına daha kütləvi şəkildə qoşulmasıdır. 2012-ci ildə, 2013-cü ilin əvvəllərində regionlarda sosial tələblərlə keçirilən etirazları xatırlasaq, görərik ki, onları 2008-2010-cu illərdəki etirazlarla heç müqayisə etmək mümkün deyil. Bu gün siyasətdən uzaq kimi görünən regionlar müəyyən mənada etiraz hərəkatının mərkəzinə çevrilib. Bu faktor var. Nəhayət, Azərbaycan gəncliyi son illərdə siyasətə heç vaxt bu qədər aktiv, mütəşəkkil şəkildə müdaxilə etməmişdi. Indi Azərbaycan gəncliyi, minlərlə, hətta on minlərlə gənc ictimai-siyasi həyata müdaxilə edir. “Facebook” səhifəmdə aktiv yazılarıma verilən reaksiyalardan görürəm ki, on minlərlə gənc ölkənin indi düşdüyü vəziyyətdən narahatdır, axtarış içindədir, repressiyalar onları tam olaraq qorxuda bilməyib. Onlar da fəal vətəndaş mövqeyi tutmaq, müsbət dəyişikliklərə təkan vermək niyyətindədilər.
Eyni zamanda yeni siyasi qüvvələr meydana çıxıb ki, bu da ölkədəki konfiqurasiyanı xeyli dərəcədə dəyişir. Ötən illərdə Ziyalılar Forumu kimi güclü hərəkatın meydana çıxması, EL, REAL hərəkatlarının formalaşması, “Nida” Vətəndaş Hərəkatının, “Azad Gənclik” təşkilatının formalaşması yeni faktorlardır. Ənənəvi hesab edilən müxalifət qüvvələrinin güclənməsi ilə yanaşı, yeni güclər də formalaşıb, təşkilatlanıb. Azərbaycan cəmiyyətinin etiraz potensialı artıb, dinamika cəmiyyətin, demokratik qüvvələrin xeyrinədir. Zaman demokratik qüvvələrin xeyrinə işləyir. Ona görə də Azərbaycan hökuməti aqressivdir, çox narahatdır.

“Geniş birliyin yaranmasına iki amil mane ola bilər”

– İnformasiyanın geniş yayılması imkanları, “Facebook” fəallığı, hərəkatların yaranması prezident seçkisində qələbə üçün kifayətdirmi?

– Ölkənin bütün demokratik qüvvələrinin potensialını, resurslarını məqsədyönlü şəkildə, lazımi istiqamətə səfərbər edə biləcək böyük birliyə ehtiyac var. Elə bir böyük birliyə ki, orada İctimai Palata da, Ziyalılar Forumu da, REAL, EL hərəkatları, Məşvərət Məclisində olan və strukturlaşmış digər partiyalar, vətəndaş cəmiyyəti fəalları, gənclər hərəkatları, müstəqil mətbuat təmsil olunsun. Belə bir birliyi formalaşdırıb onu vahid mərkəzdən idarə edə bilsək, o zaman müxalifətin əsas qüvvəsi və birliyi ilə xalqın arasındakı birlik daha da güclənmiş olar. Müxalifət qüvvələri arxasında xalqın gücünü hiss edəndən, xalqın dəstəyini alandan sonra, şərtlər nə qədər sərt, ağır olsa da, müəyyən yeni situasiya yarada bilər. Belə olarsa, hökumətin əlində aciz qalacağı, hər şeyi idarə edib saxtalaşdıra bilməyəcəyi bir situasiya yaratmaq mümkündür. Bu potensial hələ qalır. Ona görə də biz hazırda o birliyin baş tutması üçün çalışırıq. Elə bir böyük səfərbərlik, inteqrasiya əldə edilsə, situasiyanı dəyişmək mümkün olacaq. Bu alınmasa, çətin olacaq.

– Neçə ildir müxalifətdə hamı birləşmək haqqında danışır. Necə düşünürsünüz, müxalifətin qələbəsinin açarı birləşməkdədir, yoxsa bu, ağır situasiyadan çıxmaq variantıdır?

– Əlbəttə ki, bu, ağır situasiyadan çıxmaq və siyasi proseslərə təkan vermək üçün bir variantdır. Bunu edə bilsək, o zaman Azərbaycanda hadisələr daha sürətlə inkişaf edər. Biz təkamül uğrunda mübarizə aparırıq. Bunu açıq deyək ki, avtoritar rejimlərin hamısı məhvə məhkumdur, demokratiya hamısına qalib gələcək. Amma hansılarsa müəyyən təkamül nəticəsində məxməri dəyişikliklə, inqilabla öz yerini demokratiyaya verir. Digərləri isə belə dinc dəyişikliyə şans tanımır və qanlı inqilablar nəticəsində meydandan getməli olur.
Hazırda bizim bütün çalışmamız Azərbaycandakı siyasi prosesləri ərəb inqilabları ssenarisindən MDB ölkələrindəki dəyişikliklər ssenarisinə keçirmək uğrundadır. Azərbaycan hökuməti çalışır ki, burada Yaxın Şərqin ailə diktaturalarının nümunəsində qurulmuş və sonradan inqilablar nəticəsində devrilmiş rejimlərin analoqunu yaratsın. Əslində, hər şeyi Şərq diktatorlarının sülalə hakimiyyətlərinin etdiyi kimi etməyə çalışırlar. O cümlədən siyasi ömürlərini də onların etdiyi qaydada uzatmaq istəyirlər, etiraz hərəkatlarının qarşısını onların üsulları ilə almağa çalışırlar. Bunlar Azərbaycanda ciddi və inqilabi qarşıdurmalara gətirib çıxara bilər. Biz bunu istəmirik. Ona görə istəmirik ki, inqilabi dəyişikliklər, böyük etiraz hərəkatlarının, xalq hərəkatlarının avtoritar rejimlə toqquşması itkilər, qarşıdurmalar, qan tökülməsi deməkdir. Biz bu yola qəti şəkildə etiraz edirik. Azərbaycan üçün bu yolu məqbul saymırıq.
Belə qarşıdurmalardan sonra, təbii ki, xalq qalib gəlir. Elə bir nümunə yoxdur ki, həmin hallarda avtoritar rejim qalib olsun. Amma hətta xalq qalib gəlirsə də, o ölkələri idarə etmək, o ölkələrdə lazımi pozitiv islahatlar həyata keçirmək, vətəndaş cəmiyyəti qurmaq, demokratiyanı bərqərar etmək çətin olur. Bu baxımdan biz dinc dəyişikliklər üçün çalışırıq. Dinc dəyişiklik isə müxalifətin, siyasi partiyaların güclənməsindən, cəmiyyətin təşkilatlanmasından keçir. Təşkilatlanmamış protest hərəkat isə inqilabi dəyişikliyi sürətləndirə bilər. Ona görə də bizim bu gün təşkilatlanmaq istəyimiz həm də ölkədəki dəyişikliklər uğrunda hərəkatı sivil məcradan çıxmağa qoymamaq uğrunda mübarizədir.
Hökumətdəkilər kaş anlayaydı ki, bu gün Azərbaycanda güclü müxalifətin olması, müxalifətin birləşərək ölkədəki siyasi prosesləri sivil məcradan çıxmağa qoymaması həm də onların həyati mənafeyi üçün önəmlidir. Kaş ki, anlayıb prosesə mane olmayaydılar. Çünki birləşmiş və güclü müxalifət həm də ölkədə sabitliyin, dinc dəyişikliklərin təminatıdır. Məhz belə güclü, birləşmiş müxalifət cəmiyyətdə o ümidi yarada bilər ki, hüquqi, dinc müstəvidən kənara çıxmadan bir gün tez, bir gün gec uğur əldə olunacaq.

– Müxalifətdə hamı birləşmənin vacibliyindən danışır, buna tərəfdar olduğunu deyir. Bəs birləşmə niyə baş tutmur?

– Siz əminsiniz ki, hamı birləşmədən danışır?

– Hər halda belə fikirləri müxalif siyasətçilərin əksəriyyətindən eşitmək mümkündür…

– Məncə, cəmiyyət, o cümlədən fəal vətəndaş cəmiyyətinin bir hissəsi olan jurnalistlər özləri də bu prosesin monitorinqini aparmalıdır. Bu məsələyə siyasi liderlərin, siyasi qüvvələrin münasibətini təhlil etməlidirlər. Hələ ötən il gənclərlə keçirdiyim görüşdə Azərbaycan cəmiyyətinə müraciət edərək dedim ki, hazırkı mərhələdə müxalifətin böyük birliyinə nail olmaq o qədər önəmli işdir ki, bunu yalnız siyasətçilərin öhdəsinə buraxmayın, siz də bu prosesdə iştirak edin. Bir tərəfdən siyasi liderlərə, bizlərə cəmiyyətin sosial sifarişini çatdırın, o biri tərəfdən isə bizim də atdığımız addımlara, verdiyimiz bəyanatlara ictimai nəzarəti təmin edin. O zaman kim bu birliyə xələl gətirən mövqe ortaya qoyursa, üzərində ictimai təzyiq hiss etməlidir. Bu baxımdan mən sizə elə açıqlamalar verməyəcəm ki, o, müxalifətin daxilində hansısa yeni mübahisələrə səbəb olsun, bəlkə də mübahisə etmək istəyənlərə bəhanə vermiş olsun. Ona görə də, təbii ki, sualınıza çox ümumi cavab verəcəm.
Mən vətəndaş cəmiyyətini, bütövlükdə cəmiyyətimizi bu prosesi çox diqqətlə izləməyə çağırıram. Hər şey üzdədir. Ciddi şəkildə adamları dinləməklə, müsahibələri oxumaqla kimin üçün nəyin prioritet olduğunu görmək olar. Hazırda biz o mərhələdəyik ki, böyük birliyə nail olmaq üçün prosesdə iştirak edən hər bir kəs fərdi və qrup maraqlarının tam təmin olunmaması ilə barışsın. Hamı özünün şəxsi və qrup maraqlarını yüzdə-yüz təmin etmək fikrinə düşsə, o zaman həmin maraqlar toqquşur və böyük birlik alınmır. Böyük birliyə gedən yol şəxsi ambisiyaların, şəxsi maraqların cilovlanmasından keçir. Ümumi məqsədlər naminə şəxsi iddiaların qismən də olsa məhdudlaşdırılmasından keçir. Biz cəmiyyətdə bu atmosferi yarada bilməliyik.

– Aparıcı partiyalar iddiasından, fərdi və qrup maraqlarından geri çəkilirmi? Bunu edənlər, yoxsa etməyənlər çoxdur?

– Ötən illə müqayisədə çox pozitiv dəyişiklik var. Yadımdadır, ötən il İctimai Palatanın iclaslarında, “Azadlıq” radiosunda bu barədə çıxışlarım olmuşdu. Cəmiyyətin ən müxtəlif təbəqələrindən açıq olmasa da, müəyyən qapalı təpkilər vardı. Bunun detallarına keçmək istəmirəm. Amma hazırda sosial sifariş və bizim məqsədyönlü apardığımız təbliğat müəyyən qədər öz işini görüb. İndi demək olar ki, heç kim açıq-aşkar birliyin əleyhinə çıxış etmir, “birlik olmasın” təbliğatını aparmır. Bunun özü artıq pozitiv nəticədir. Bu, birlik istiqamətində danışıqların daha pozitiv atmosferdə keçməsinə imkan yaradır. Hazırda effektli və geniş birliyin yaranmasına iki amil mane ola bilər: kiçik və effektsiz, nəticə doğurmayan birlik yaratmaq; ikincisi, böyük birliyin əldə olunması zamanı şəxsi və partiya maraqlarını qabarıq ifadə etməklə prosesi bütövlükdə pozmaq. Yəni birliyə zahirən yox deyilməz, amma elə şərtlər irəli sürülə bilər ki, nəticə etibarilə birlik baş tutmaz. Hazırda birliyə açıq-aşkar maneələr azalıb, amma nəzəri cəhətdən diqqəti bu iki məsələyə cəlb etmək istəyirəm. Bu iki yolla həqiqi, böyük, səmərəli birliyin qarşısını almaq cəhdləri ola bilər.

– AXCP prezident seçkisi haqda nə zaman qərar verəcək? Siz prezidentliyə namizəd olacaqsınızmı?

– Mən bu məsələlərin partiya çərçivəsində həll olunmasını doğru saymıram və əvvəlki suallara cavabımda bunu dəfələrlə vurğulamışam. Hər şey demokratik qüvvələrin ümumi və böyük birliyinə nail olub-olmayacağımızdan asılıdır. AXCP-nin qərarları buna görə müəyyənləşəcək.

– Partiya üzvləri prezidentliyə namizəd olmaq məsələsində sizə təzyiq edirmi?

– Belə bir təzyiq var. Təbii ki, hər bir partiyanın üzvləri öz sədrlərinin namizəd olmasını istəyirlər. Mən də üzərimdə belə bir təzyiqi hiss edirəm. Eyni zamanda cəbhəçiləri inandıra bilirəm ki, daha geniş düşünüb ümumi birliyə nail olmaq lazımdır. Cəmiyyətin demokratik kəsiminin böyük birlikdə verəcəyi qərar əsasında hərəkət etmək lazımdır.

Kateqoriyalar: Müsahibələr, Əli Kərimli
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: