Əsas səhifə > haqqımda > Milli Şuranın sədri Cəmil Həsənlinin yazısı

Milli Şuranın sədri Cəmil Həsənlinin yazısı

cemil-hesenliVicdan adamının bioqrafiyası

(“Azadlıq” qəzeti, 28 aprel 2015-ci il)

Əli Kərimlinin də 50 yaşı tamam oldu. Bu 50 ilin ən azı yarısını Əli bəy ciddi siyasətin içərisində olub. Onun tələbəlik illəri Azərbaycanda milli azadlıq uğrunda mübarizənin qaynar bir dövrünə düşdü. Bakı Dövlət Universitetinin ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində kükrəyən tələbə hərəkatı, vətənsevər gənclərin ideya axtarışları, meydanlara axışan tələbə və gənclik izdihamı Azərbaycanın azadlıq uğrunda mübarizəsinin bir simvoluna çevrilmişdi.

Bu gənclik hərəkatının önündə gedən istedadlı və intellektli gənclərin ən parlaq nümayəndələrindən biri məhz Əli Kərimli idi. Onun mübarizə içərisində olan həyatının yarıdan çoxu mənim gözlərimin qabağında keçib. Öz prinsipiallığı, savadı, intellekti, milli ideyalara bağlılığı, çağdaş dünyagörüşü ilə Əli Kərimli həmin dövr tələbələrinin çoxlarından fərqlənirdi. Bu illər ərzində onun siyasi həyatdakı uğurları, milli və mənəvi alandakı inkişafı bir siyasət adamının, bir mübarizə adamının, ölkəmizdə baş verən milli və mənəvi proseslərə aydın bir mövqe sərgiləyən bir vicdan  adamının bioqrafiyasıdır.

Əli Kərimli 50 il əvvəl bir yaz günündə, 1965-ci ilin 28 aprel tarixində  Muğanda dünyaya gəlmişdir. Onun böyük təhsilə və böyük siyasətə yolu doğulduğu Azadkənddən başlamışdır. Azadlıq sözünü ilk dəfə öz köyünün adından duyan Əli bəy sonralar bu sözün məna tutumu uğrunda böyük bir mübarizə yolu keçdi. Orta məktəbi bitirdikdən sonra hüquqşünas olmağa qərar vermişdi. Həmin dövrün şərtləri daxilində bu ixtisasa sahib olmaq üçün tək yüksək elmi biliklərə sahib olmaq bəs etmirdi. Onun üçün əmək stajı və xüsusilə, orta məktəbin oğlan məzunları üçün orduda xidmət də mühüm göstərici sayılırdı. Zamanın Sovet şərtləri daxilində Əli bəy hərbi xidmətini 1983-1985-ci illərdə Buryatiya Muxtar Sovet Respublikasında keçməli oldu. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldu. Ötən əsrin 80-ci illərinin ortalarında Qorbaçov yenidənqurması başlandığından Bakı universiteti tələbə hərəkatının mərkəzi kimi formalaşırdı. Bir qrup vətənsevər gənc həmin illərdə milli və mənəvi dəyərləri qorumaq, ölkənin tarixinə sahib çıxmaq təşəbbüsü ilə çıxış etmişdi. Bu təşəbbüslərin nəticəsi kimi 1987-ci ildə Yurd Ictimai Birliyi yaradılmışdı. Həmin Birliyin yaradıcılarından biri məhz Əli Kərimli idi. Universitetin tələbə həyatında ön mövqelərə çıxmış Əli bəy Sovet Ittifaqında gedən proseslər fonunda Bakı Dövlət Unuversitetində bütün SSRI dövründə başlıca gənclər təşkililatı kimi formalaşmış komsomolun yerli təşkilatının buraxılmasına təşəbbüs göstərdi və ilk dəfə olaraq bu gənclər təşkilatı bilavasitə universitetdə 1989-cu ildə öz fəaliyyətini dayandırmalı oldu.

942521_31713

Əli Kərimlinin 1989-cu ildən sonrakı həyatı Azərbaycan Xalq Cəbhəsi ilə bağlıdır. O, bir hüquqşünas kimi Xalq Cəbhəsinin ilk nizamnaməsinin hazırlanmasında iştirak etmiş, onun Bakı Dövlət Universiteti şöbəsinin həmtəsisçisi, sonra isə sədri olmuşdur. Həmin vaxt bu şöbə öz intellektual gücünə görə Xalq Cəbhəsinin müstəqillik uğrunda mübarizəsində mühüm rol oynayır və işğala məruz qalmış Qarabağ torpaqlarının həm tarixinin, həm mədəniyyətinin qorunmasında, erməni təcavüzünə tuş gəlmiş ərazilərinin müdafiə olunmasında əlaqələləndirici bir mərkəzə çevrilirdi.  Əli Kərimli hələ tələbə ikən Qarabağ savaşının ilk dövrlərində, 1989-cu ildə tələbə gənclərdən ibarət könüllü müdafiə dəstəsinin komandiri kimi cəbhə bölgəsinə getmiş, Qubadlı-Laçın cəbhəsində Qazıdərə, Cicimli və Aşağı Cicimli kəndlərinin erməni hücumlarından müdafiəsində iştirak etmişdi.

1990-cı ilin Qanlı Yanvar hadisələri ərəfəsində və həmin böhranlı günlərdə Universitet gənclərinin gördüyü işlər hələ də mənim yaddaşımdan silinməmişdir. Mənim həmin vaxtlar ictimai-siyasi proseslərdə fəallığı olan tələbələrlə çox sıx əlaqələrim var idi. Xüsusilə, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı və bu hadisələrdən sonra fövqəladə vəziyyət şəraitində əsasən universitetdə oxuyan bu gənclər fədakarlıq göstərirdilər. Gizli toplantılar keçirir, yaxın xarici ölkələrdə xüsusi buraxılış formasında qəzetlər nəşr edib gizli şəkildə Bakıya gətirib onu yayır, bir sözlə, milli ruhu ölməyə qoymurdular. Bu işlərin əsas əlaqələndiricilərindən biri Əli bəy idi.

1991-ci ildə Əli bəy Bakı Dövlət Universitetinin hüquq fakültəsini yüksək təhsil göstəriciləri ilə, qırmızı diplomla başa vurdu. Həmin vaxtlar belə yüksək təhsil göstəriciləri olan məzunlar bir qayda olaraq Respublika Prokurorluğunda əmək fəaliyyətinə başlayırdılar. Lakin Əli Kərimli bundan imtina edib ayrı yol tutdu. O, məzun olduğu fakültədə müəllim kimi əmək fəaliyyətinə başladı. Lakin bununla yanaşı o, ötən əsrin 90-cı illərində fikirlərə hakim kəsilən “Azadlıq” qəzetinin parlament müxbiri kimi də fəaliyyət göstərirdi. Onun parlament müzakirələrindən hazırladığı reportajlar oxucular arasında böyük marağa səbəb olmaqla yanaşı bu gənc yazarın qələminin cilalanmasında da mühüm rol oynadı. Elə həmin vaxtlardan jurnalistika Əli Kərimlinin siyasi fəaliyyətində xüsusi bir xətt kimi keçir. O, ilk Azərbaycan siyasətçisidir ki, yalnız müsahibələrlə deyil, müstəqil müəllif yazıları ilə mütəmadi olaraq mətbuat səhifələrində çıxış edir. Əslində, bu xətti daimi bir yaradıcılıq ənənəsinə çevirməsi Əli Kərimlinin özünə qarşı tələbkarlığından irəli gəlir. Siyasətlə məşğul olan hər bir kəs həyatın irəli sürdüyü çox müxtəlif suallara münasibətdə öz mövqeyini müstəqil ifadə etməyi bacarmalıdır. Azərbaycanda bu, Məhəmməd Əmin Rəsulzadədən gələn bir ənənədir və bu gün çox az sayda siyasilər müəllif yazıları ilə çıxış etmək ənənəsini yaşadırlar. Bu baxımdan internet resursları siyasətçilərin qarşısında böyük imkanlar açır. Facebook, Twitter və digər sosial şəbəkələr hazırda ictimai fikrə təsir göstərməyin geniş üfüqlərini açmışdır. Əli Kərimli bu imkanlardan səmərəli faydalanan siyasətçilərdəndir və bu gün onun FB səhifəsində 100 minə yaxın tərəfdaşı vardır.

Əli bəy iki dönəm, 10 ilə yaxın Xalq Cəbhəsi partiyasından parlamentdə millət vəkili kimi təmsil olunmuşdur. Onun bundan sonrakı həyatı, demək olar, xalqın gözünün qabağında olub. Bir dönəmdə biz parlamentdə birgə fəaliyyət göstərdiyimizdən mən onun parlaq çıxışlarını, intellektual potensialını, dərin təhlillərini daha yaxından izləyə bildim. Parlament fəaliyyəti dövründə Əli Kərimli millətə xidmətin yaddaqalan nümunəsini verə bildi. Xüsusilə, 2002-ci ildə parlamentdə keçirilən Qarabağ müzakirələri onun xalqımız üçün həssas olan bu mövzuda hazırlıq səviyyəsini ortaya qoydu. Hər ilin yazında müzakirəyə çıxarılan hökumətin hesabatları, payızında keçirilən büdcə müzakirələri bir siyasətçi olaraq onun sosial sahəyə nüfuz etməsinin və iqtisadi biliklərinin əhatə dairəsini nümayiş etdirirdi. Mən bu müzakirələr zamanı dəfələrlə hökumət üzvlərinin onun dəmir məntiqi qarşısında söz tapa bilməmələrinin şahidi olmuşam. Bir sözlə, Əli Kərimlinin parlament fəaliyyəti onun mübarizə əzminin bir göstəricisi idi. Bəzən iş elə gətirirdi ki, Azərbaycan parlamentində bütün YAP və ona yapışan güruhun başlıca işi Əli Kərimliyə qarşı mənasız çıxışlar etmək, onun irəli sürdüyü fikirləri məntiqsizcəsinə “təkzib” etməkdən ibarət olurdu.

Azərbaycan gənc nəsil siyasətçilərinin əsas müəllimi və himayəçisi Əbülfəz Elçibəy idi. Azərbaycan istiqlal hərəkatının şəksiz və şəriksiz lideri kimi Əbülfəz bəy Əli Kərimlini yüksək qiymətləndirirdi. Ümumiyyətlə, Bəydə istedadlı  gəncləri qorumaq, onları öz təhlükəsizlik çətirinin altına yığmaq qədər geniş ürək var idi. Bunlardan biri və mən deyərdim ki, birincisi Əli Kərimli idi. Söhbətlərimiz zamanı onun Əli bəy haqqında, onun siyasi inkişafı və mübarizə əzmi barədə qürur doğuracaq ifadələri var idi. Əminliklə deməliyəm ki, Əbülfəz bəyin mənəvi himayəsi Əli Kərimlinin siyasi karyerasında müstəsna rol oynadı. Əli Kərimliyə münasibətdə ona çox müxtəlif tərəflərdən təsirlər olurdu. Lakin heç bir təsir Bəyə, siyasi burulğanlarda cəsarətlə irəliləyən bu istedadlı gəncdən himayəsini əsirgəməyə gətirib çıxarmadı. Həbs olunanda həbsin mübarək, böyük siyasətə atılanda yolun açıq olsun dedi. Sağ olsaydı öz yetirməsinin 50 illik doğum günündə söz demək haqqı məhz Əbülfəz bəyin olmalı idi.

Bu gün Əli Kərimli siyasi mübarizənin mərkəzində dayanan Xalq Cəbhəsi Partiyasına rəhbərlik edir. Minlərlə mübarizə adamının, dəyişiklik istəyən istedadlı gəncin, vətənin taleyinə biganə qalmayan vətənsevər insanların toplandığı bu partiya Azərbaycan cəmiyyətinə siyasi mübarizənin çoxlu örnəklərini vermişdir. Bütün təqiblərə, həbslərə, zorkılığaa baxmayaraq Xalq Cəbhəsi partiyası, əminliklə deyə bilərəm, siyasi mübarizənin önündə gedir. Yüzlərlə cəbhəçinin həbslərdən keçməsi, partiya sədri olaraq Əli bəyə qarşı aparılan ən iyrənc və ləyaqətsiz təbliğat kampaniyası partiyanın və onun sədrinin mübarizə əzmini qıra bilmədi. Bu gün Əli Kərimli bütün dünyada xarici pasportu əlindən alınmış bir siyasətçidir. Hökumət bunu edə bilsə də, lakin onu millət sevgisindən məhrum etməkdə bacarıqsız olduğunu ortaya qoymuşdur.

Əli Kərimli hazırda Milli Şuranın rəhbər heyətində təmsil olunan bir siyasətçidir. Milli Şura olaraq biz onun və rəhbərlik etdiyi partiyanın bu qurumda təmsilçiliyini yüksək qiymətləndiririk. Elə Milli Şura adından da bu mübarizə adamının, bu dava adamının, bu fikir adamının 50 illik yubileyini təbrik edir, ona siyasi fəaliyyətində, milli və mənəvi həyatında  uğurlar arzu edirik.

Kateqoriyalar: haqqımda
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: