Arxiv

Archive for the ‘Yazılar’ Category

Azerbaycan muhalefeti tepkili; Aliyev yönetimi köşeye sıkışıyor

Fevral 15, 2012 1 şərh

 “İlham Əliyevin başa düşmədikləri” başlıqlı yazım Türkiyənin “Haberx” internet qəzetinin təqdimatında

Azerbaycan Devlet Başkanı İlham Aliyev’in Münih beyanatını sert bir dille eleştiren Azerbaycan Halk Cephesi Başkanı Ali Kerimli, devrimlerin ekonomik sebeplerden çok halkın özgürlük istemesinden kaynaklandığını belirterek, Aliyev’in devrimlerin neden dolayı gerçekleştiğini bir türlü anlamadığını ve bu sebeple hata üstüne hata yaptığını savundu.

Ali Kerimli, kişisel Blog sayfasında kaleme aldığı yazıda Devlet Başkanı İlham Aliyev’in Münih Forumu’nda 8 yıllık iktidarı ile ilgili soruya verdiği yanıtı eleştirdi. Devrimlerin ekonomik sebeplerden dolayı olmadığının altını çizen Kerimli, buna Tunus, Libya ve Rusya’yı örnek gösterdi. Rusya’da Putin karşıtlarının geçmişe göre çoğalan orta sınıf gelirli insanlar olduğunu belirten Kerimli, Aliyev’in devrimlerin neden dolayı gerçekleştiğini bir türlü anlamadığını ve bu sebeple hata üstüne hata yaptığını savundu.

***

Münih’teki forumda beklenmedik soruya İlham Aliyev’in cevabını ve bu cevaba verilen tepkileri izledim. Dikkati daha çok sorunun çektiğini gözlemledim. Tabii ki, böyle bir saygın forumda, uluslararası elitin ve medyanın önünde Azerbaycan’daki durumun Mısır’ın devrimden önceki durumu ile mukayese edilmesi rejim karşıtı olan çok sayıda Azerbaycanlının kalbinden diken çıkarmıştı. Bir çoğunu İlham Aliyev’in ne cevap vermesi hiç ilgilendirmiyordu da. Esas olan bu sorunun seslenmesi idi. Ama herhalde cevap da yorumlandı. Siyasetçiler, yazarlar, blogcular Devlet Başkanı’nın haklı tenkit ettiler.

Ətraflı…

Advertisements
Kateqoriyalar: Yazılar, Əli Kərimli

İlham Əliyevin başa düşmədikləri

Fevral 11, 2012 5 şərh

O, ətrafda baş verənlərdən səhv nəticələr çıxarmaqda davam edir

Azərbaycandakı sülalə hakimiyyətinin də süqutu labüddir

Münhendəki forumda gözlənilməz suala İlham Əliyevin cavabını və bu cavaba verilən reaksiyaları izlədim. Diqqəti daha çox sualın cəlb etdiyini müşahidə etdim. Təbii ki, belə bir nüfuzlu forumda, beynəlxalq elitanın və medianın qarşısında Azərbaycandakı vəziyyətin Misirin inqilabdan əvvəlki vəziyyəti ilə müqayisə olunması rejim əleyhdarı olan xeyli sayda azərbaycanlının ürəyindən tikan çıxarmışdı. Bir çoxunu İlham Əliyevin nə cavab verməsi heç maraqlandırmırdı da. Əsas bu sualın səslənməsi idi. Amma hər halda cavab da şərh olundu. Siyasətçilər, yazarlar, bloqçular dövlət başçısını haqlı tənqid etdilər.

İlham Əliyev özünü öyməyə o qədər aludə olub ki…

İlham Əliyev suala cavab olaraq demişdi ki, onun 8 illik prezidentlik dövründə Azərbaycanda ümumi daxili məhsul 3 dəfə artıb, yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib, inflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir, 1 milyondan artıq iş yeri yaradılıb və s. O, “Azərbaycanda heç vaxt inqilab olmayacaq” fikrini daha çox iqtisadi səbəblərlə izah etmişdi. Bəlkə bu səbəbdən də Əliyevin istifadə etdiyi rəqəmlər diqqəti daha çox cəlb etdi. Bəziləri ciddi şəkildə bu rəqəmlərin saxtalığını sübut etməyə çalışdı, bir çoxları isə xüsusilə sosial şəbəkələrdə rəqəmlərlə belə manipulyasiyanı lağa qoyub, güldülər.

Ətraflı…

Kateqoriyalar: Yazılar, Əli Kərimli

İqtidar tərəfdarları necə tərksilah edildi?

Sentyabr 19, 2011 Bir şərh yazın

Əliyevlər rejimi də məğlubiyyətə məhkumdur

Ərəb dərsləri silsiləsindən üçüncü yazı

Ərəb inqilabları ilə bağlı üçüncü – sonuncu yazımda bu inqilabların birbaşa Azərbaycana, ölkəmizin daxilindəki siyasi mübarizəyə təsirini təhlil etməyə çalışacağam.

İnqilablar heç şübhəsiz ki, Azərbaycan siyasətinə də güclü təsir etdi. Dəyişiklik dalğasının əhatə etdiyi ölkələrdə inqilablara qədər mövcud olmuş vəziyyət barədə geniş məlumatlar alan sadə azərbaycanlının ilk reaksiyası bu olurdu ki, o ölkələrdə də vəziyyət  bizdəki kimi imiş.

Həqiqətən də oxşarlıqlar saymaqla qurtarmaz. «Ümummillilərin» addımbaşı rast gəlinən heykəlləri; onların anadan olduğu və hakimiyyətə gəldiyi günlərin atəşfəşanlıqla, zorla bayram etdirilməsi; nəinki rejim başçılarının, həm də hakim ailənin üzvlərinin qeyri-məhdud səlahiyyətə malik olması; ölkənin əsas sərvətlərinin hakim ailənin və onların yaxını hesab olunan daha bir neçə oliqarxın əlində cəmlənməsi; hakim ailənin siyasi liderlər “yetişdirmək” üzrə müstəsna hüquqlara malik olması; hakimiyyəti qorumaq üçün bütün vasitələrin məqbul sayılması; zahiri təmtəraq və parıltının altında gizlədilən acgözlük, səviyyəsizlik, vulqarlıq, kin və nifrət azərbaycanlıya öz ölkəsini yada salırdı. Onlar qeyri-ixtiyari düşünürdülər ki, bütün bunlar bizim üçün yenilik deyil. Biz bunları hər gün görürük.

Xalqımız ərəb xalqlarının hətta bizdən də ağır şərtlər altında zalımlarla apardığı mübarizəni çox diqqətlə müşahidə edirdi. 10 illər ərzində əzilmiş, sərvəti və hüquqları əlindən alınmış, yaltaqlığa, saxtakarlığa məcbur edilmiş insanlar mübarizəyə başladıqdan sonra hər dəfə qəddar diktatorlara qalib gəldikcə bizim xalqda da özünə inam hissi güclənirdi.

Mentalitet baxımdan, yumşaq desək, heç də bizdən yaxşı vəziyyətdə olmayan, demokratiya ənənələri baxımından, hətta bizdən də pis durumda olan ərəb xalqlarının demokratik dəyişikliklər, azadlıq üçün göstərdiyi fədakarlıq və əldə etdiyi nəticələr bir göz qırpımında hökumətin ideoloji aparatını, təbliğat maşınını sındırdı. «Bizim demokratiya ənənələrimiz yoxdur, bizim milli mentalitetimiz demokratiyaya hazır deyil» deyən hökumət xorunu bir andaca tərksilah etdi.

Hər kəs əmin oldu ki, demokratiya ümumbəşəri dəyər, azadlıq hər kəsin haqqıdır. Azərbaycandakı sülalə rejimi də çökəcək. Müşahidəmə görə, ərəb inqilablarından sonra artıq cəmiyyətdə bizdəki ailə hakimiyyətinin əbədi olub-olmayacağı mübahisə, müzakirə predmeti deyil. İndi daha çox ölkəmizdə də olacağı labüd görünən köklü dəyişikliklərin nə vaxt baş verəcəyi müzakirə mövzusudur.

Ərəb inqilabları hətta hakim ailənin də davranışlarına təsir göstərib. Əvvəllər hakimiyyəti daimi olaraq öz əllərində saxlayacaqlarını, azyaşlı övladlarını da prezident görmək istədiklərini açıq-açığına və fəxrlə xarici mətbuata danışırdılarsa, indi bu kimi mövzulardan ən azı hazırki mürəkkəb zamanda danışmamağa çalışırlar. Düzdür, hesab etmirəm ki, XXI əsrdə sülalə hakimiyyəti yaratmağın fəxr ediləsi yox, eyib bir iş olduğunu başa düşüblər və planlarından daşınıblar. Amma hər halda indilikdə bu barədə danışmağa cəsarət etmirlərsə, bu da pozitiv dəyişiklikdir.

Azərbaycanın indiki hakimiyyəti heç vaxt xalq iradəsinə, dəyər və prinsiplərə istinad etməyib. Amma hakimiyyətin ideoloji aparatı boş da oturmayıb. Bu hakimiyyəti nəyə görə dəyişmək olmaz fikrini özünəməxsus şəkildə «arqumentləşdirirdilər». Ərəb inqilabları iqtidarı çox qısa müddətdə tərksilah etdi. İnqilablara qədər iqtidarın açıq və gizli tərəfdarlarının istifadə etdiyi əsas «arqumentlərə» nəzər salaq.

Birinci “arqument”

Azərbaycan hökumətinin pulu çoxdur. Həm rəsmən dövlətə aid olan pul, həm də son 18 ildə oğurluq yolu ilə özününkiləşdirilmiş vəsaitlər 10 milyardlarla dollarla hesablanır. Bu pulun ən azı bir qismi gözdən pərdə asmaq üçün olsa da, infrastruktur layihələrinə xərclənir, inkişaf illüziyası yaradılır. Maaşlar, pensiyalar az olsa da, amma hər halda verilir, əsas iş yerləri özlərinə məxsusdur. Əllərində olan çoxlu pulla ehtiyac duyanda, bütöv qəzetləri, QHT fəallarını, hətta partiya və siyasətçiləri də satın ala bilirlər.

“Arqument”in iflası

Amma bir gün bu “arqument” etibarlılığını itirdi. Xalqımız gördü ki, devrilən və devriləcəyi şübhə doğurmayan diktatorların hamsının pulları 10 milyardlarla ölçülürmüş və bu onları xilas edə bilmədi. Onların hansı inkişaf illüziyası yarada bilməmişdi? 6 milyonluq Liviyanın bütün dağıntılardan sonra qalan pulu Azərbaycanın bütün rezervlərindən 4 dəfə çox idi. Həkimin maaşı 1800 ABŞ dolları idi. Qəzzafi sıravi muzdlu döyüşçülərinə belə burada rejimin satın aldığı ictimai-siyasi xadimlərə verildiyindən çox pul verirdi. Xeyri olmadı. Növbəti dəfə təsdiq olundu ki, azadlıq eşqi, ədalət istəyi, ləyaqət hissi hər cür maddiyatdan daha üstündür. Rejim yandaşlarının bu arqementi belə ifşa olundu.

İkinci “arqument”

5 yüz mindən artıq adamı – az qala bütün işləyənləri zorla da olsa YAP-a üzv ediblər. Adamlar ən azı işinin xatirinə məcburdur ki, hökuməti müdafiə etsin. Polisə az qala ordu qədər pul ayrılır. Müxtəlif adlarla adamları silahlandırırlar. Bura inqilabdan əvvəlki Gürcüstan və ya Qırğızıstan deyil ki, polis aylarla maaş almasın, sayı az olsun, ona görə də hökuməti qorumaq istəməsin və ya bacarmasın.

“Arqument”in iflası

Devrilən diktatorların hansının polisə verməyə pulu yox idi? O diktatorların hər biri polis və təhlükəsizlik qüvvələri üzərində bərqərar olmamışdımı? Polis və təhlükəsizlik qüvvələri o cəmiyyətlərdə ən imtiyazlı təbəqə deyildimi? İnqilab olmuş ərəb ölkələrində bütün işləyənlərin zorən üzv edildiyi yapsayağı hakim partiyalar yox idimi? Əlbəttə, var idi və bunu artıq xalqımız bilir. Müqayisəni çox uzatmamaq üçün yalnız bir faktı yenidən yada salıram. Misirdə Mübarək rejiminin keşiyində 1,4 milyon polis dururdu. Hakim partiyanın üzvlərinin sayı isə milyonlarla hesablanırdı. Xeyri olmadı. Xalq qalib gəldi. Bu «arqument» də istifadə müddəti bitdiyi üçün yararsızdır.

Üçüncü “arqument”

Xalq kimdi ki, inqilab etsin? Bəzi ölkələrdə sabitliyi pozan, rəngli inqilablar edən xaricilərdir. Onlar da burada bunu etməz. Onlara neft, qaz lazımdır. Onu da İlham Əliyev verir onlara. Nə qədər neft var, xeyri yoxdur. Yenə neft qurtarandan sonra bəlkə…

“Arqument”in iflası

Xalqlar kim olduqlarını, nə qədər böyük güc olduqlarını yalın əllə qanlı diktatorları devirməklə hər kəsə sübut etdilər. Neftə, qaza gəldikdə isə Liviyada Azərbaycanda olduğundan 6-7 dəfə artıq neft var. Gündəlik hasilat da 1,6 milyon barrel – bizdə olduğunda 1,6 dəfə çox idi. Bunun da 85%-i birbaşa Avropaya ixrac edilirdi. Kömək etmədi. Yeni gələn hökumət Avropaya neft satmayacaqmı? Avropa bunu anlamayacaq qədərmi sadəlövhdür? Avropa almağa neftmi tapmır? Avropa özü indi Suriyaya qarşı çox unikal sanksiya tətbiq edir. Suriyadan neft və qaz almaqdan imtina edib. Xalq başa düşdü ki, Qərb ona lazım olan nefti başqa alternativ mənbələrdən də ala bilər. “Bütün dünya bizim neftə möhtacdır” söhbəti də nağıldır. Əksinə, biz özümüz o qədər nefti Qərbdən başqa kimsəyə sata bilmərik. Beləliklə, bu “arqement” də keçərliliyini itirdi.

Dördüncü “arqument”

İlham Əliyev Lukaşenko deyil, demokratiya ilə bağlı çağırışlara məhəl qoymasa da, strateji məsələlərdə Qərbin istədiyini edir (Əfqanıstana əsgər göndərmək, antiterror koalisiyasına qoşulmaq, Bakı-Ceyhan boru xətti və s.). Əsas da Qərbin strateji maraqlarıdır. İnsan haqları, demokratiya boş söhbətdir.

“Arqument”in iflası

Xalqımız gördü ki, məsələn, Misir lideri Hüsni Mübarək nəinki Qərbin bəzi istəklərini minnətlə yerinə yetirirdi, hətta  bütün regionda ABŞ və bütövlükdə Qərbin ən etibarlı müttəfiqi sayılırdı. Ərəb dünyasından böyük təpkilərə baxmayaraq İsrail və ABŞ-la etibarlı dostluq edirdi. Hətta prezident Barak Obama müsəlman dünyasına müraciətini Qahirədən etmişdi. Hamı razılaşar ki, Mübarək Qərb üçün İlham Əliyevdən müqayisə olunmaz dərəcədə vacib, mühüm müttəfiq idi. Amma bir gün Misir xalqı öz haqlarını kütləvi şəkildə tələb edəndə ABŞ başda olmaqla Qərb və Türkiyə diktatorla deyil, xalqla birlikdə olmağı seçdi. “Bizimkilərin” təbirincə “boş söhbət” olan insan haqları və demokratiyanı uzun illərin etibarlı müttəfiqindən belə üstün tutdu. Bu “arqument” də yararlılığını itirdi.

Beşinci “arqument”

Bunlar hakimiyyəti heç vaxt başqalarına verməzlər. Filankəslərin ətrafındakı silahlı dəstələr nə günə hazırlanır? Xalqı heç vaxt saymayacaqlar. Görsələr gücləri çatmır, camaata güllə də atarlar.

“Arqument”in iflası

Ərəb diktatorları bütün diktatorların sonuncu arqumenti olan gücdən də istifadə etdilər. Dinc insanları silahlı dəstələri tərəfindən gülləbaran etdirdilər. Nəticə isə özləri üçün də çox fəlakətli oldu. Qan tökməklə heç kim qalib ola bilmədi. Əksinə, avtoritar liderlər qəddarlıq etdikcə özlərinin və yaxınlarının taleyini daha da  çətinləşdirdilər, cəzaları daha da ağır oldu. Bir daha təsdiq olundu ki, zülm və ədalətsizlik bəzən insanları elə həddə çatdırır ki, adi zamanlarda onları qorxudan ölüm və qan belə hallarda insanları daha da qətiyyətli və barışmaz olmağa sövq edir.

Çox yaxşı ki, bu “arqument” də artıq inandırıcılığını itirdi. Qoy heç kim artıq belə qeyri-insani vasitələrlə hakimiyyətini qorumaq haqda düşünməsin. Onsuz da faydası olmayacaq.

***

Beləliklə, bütün avtoritar rejimlər kimi Azərbaycandakı rejimin də məğlubiyyətə məhkum olduğu, dəyişikliklərin sadəcə zaman məsələsi olduğu. xalqların dinc mübarizəsinin məğlubedilməzliyi, hakimiyyət tərəfdarlarının özünətəsəlli arqumentlərinin yararsızlığı isbata ehtiyac olmayan aksiom kimi qəbul edilməlidir.

Kateqoriyalar: Yazılar, Əli Kərimli

Ərəb baharı dünyanı necə dəyişdi?

Sentyabr 13, 2011 Bir şərh yazın

ABŞ-dan Türkiyə, İran və Rusiyaya qədər bütün dünya inqilabların təsiri altındadır

Türkiyə öz statusunu «problemlərdən yayınan» ölkədən, «problemləri həll edən» ölkəyə qədər yüksəltdi

Ərəb dərsləri silsiləsindən ikinci yazı

Ərəb inqilabları heç şübhəsiz ki, hələ də diktaturaların və ya avtoritar rejimlərin mövcud olduğu ölkələrə daha çox təsir etdi. İndi bütün diktatorlar səksəkə içindədirlər. Xalqlarından oğurladıqları pulları rahat yeyə bilmirlər. Ya yuxusuzluqdan əziyyət çəkirlər, ya da əyyaşlığa qurşanıblar. Boyunlarına almasalar da, məğlubiyyətə məhkum olduqlarını anlayıblar. Tək ümidləri Əsəd, Lukaşenko kimi axmaqların müqavimətləri ilə daha bir müddət vaxt udmağadır. Əzilən xalqlar isə dünyanın hər yerində ciddi şəkildə ruhlanıblar, özlərinə inamları artıb. Gözlərimizin önündü olduqca maraqlı tarix yaranır.

Ərəb inqilabları kimə necə təsir etdi?

Amma bu inqilablar yalnız qeyri-demokratik ölkələrə təsir etmədi. Bütün dünya bu və ya digər şəkildə ərəb inqilablarından təsirləndi.

Qərb ölkələrinin bu inqilablardan sonra öz dəyərlərinə, bu dəyərlərin ümumbəşəri olmasına inamı daha da artdı. Şübhəsiz ki, bu inqilablar ABŞ və Avropa Birliyini öz qeyri-demokratik rəqibləri ilə rəqabətdə daha da üstün mövqeyə çıxardı. Bir daha və praktik olaraq sübut olundu ki, dünya liderliyi yalnızca UDM-in həcmi və artım tempi ilə və ya neft, qaz ixracı ilə müəyyənləşə bilməz. Dünyanın qəbul edə biləcəyi idarəetmə qaydası və dəyərlər sistemi təklif etməyən heç bir dövlət, müvəqqəti olaraq nə qədər güclənsə də, lider dövlət ola bilməz, dünyaya yayıla bilməz.

Dövlətlərarası münasibətlərdə min illər ərzində əsas arqument güc, əsas prinsip isə maraq olub. Beynəlxalq münasibətlərdə idealizm ilk dəfə 1918-ci ildə o zamankı ABŞ prezidenti Vudro Vilson tərəfindən tətbiq edilib. Məhz Vilson “Gücün deyil, prinsiplərin, maraqların deyil, hüququn üzərində bərqərar olan dünya düzəni” arzusunu bəyan etdi (yeri gəlmişkən AXC-də Versal sülh konfransında Vilsonun arxasında durduğu millətlərin öz müqəddəratını təyin etmə prinsipi əsasında müstəqil dövlət kimi tanınmışdı). Ərəb baharı beynəlxalq münasibətlərin tənzimlənməsində azadlıq, demokratiya, insan haqları dəyərlərinin önə çıxmasına çox ciddi təsir göstərdi.

Dünya bir ilkə imza atdı. Liviyada dinc əhalini öz diktatorundan qorumaq üçün BMT TŞ-nın qətnaməsi əsasında başlanan hərbi əməliyyatlar tamamilə yeni bir dünya düzənindən xəbər verirdi. Elə bir dünya ki, orada insan haqları beynəlxalq münasibətlərin əsas prinsipinə çevrilir ve dinc insanların kütləvi şəkildə öz hökuməti tərəfindən qırılması beynelxalq müdaxiləyə belə səbəb olur.

ABŞ

Ərəb baharı ABŞ xarici siyasətində ciddi islahatlar olduğunu nümayiş etdirdi. Hələ prezident Corc Buş hakimiyyətdə ikən Zbiqnev Bjezinski «Seçim: dünya ağalığı, yoxsa qlobal liderlik» kitabında əsaslandırırdı ki, oğul Buşun dünyada heç kimlə hesablaşmadan verdiyi təkbaşına qərarlar dünyanın ən güclü dövləti olan ABŞ-ı günü-gündən zəiflədir, beynəlxalq ictimai rəyi ona qarşı qaldırır.

Bjezinski əsaslandırırdı ki, ABŞ liderləri yeganə superdövlət olmanın verdiyi üstünlüklərdən sui-istifadə etməməli, ağalıq deyil, liderlik etməlidirlər.

Bütün dünya ABŞ prezidenti Barak Obamanın simasında bu transformasiyanı müşahidə etdi. ABŞ tərəfindən bütün qərarlar Avropa Birliyi, hətta Ərəb Liqası və digər beynəlxalq və regional aktyorlarla məsləhətləşmələrlə verilirdi. Düzdür, ABŞ və AB liderlərinin təvəzökar, bəzi hallarda ləng davranışları diktatorlara qarşı təsirli və sürətli qərarların verilməsini yubadır, bəzi hallarda əlavə insan tələfatına səbəb olur. Amma hər halda ABŞ-a qarşı dünya ağalığı ittihamları aradan qalxdı. BMT isə yenidən dünya əhəmiyyətli qərarların verildiyi ünvan olaraq özünü təsdiq etdi.

Bir neçə ay bundan qabaq biz çox maraqlı bir hadisəni müşahidə etdik. BMT-nin Liviya ilə bağlı müvafiq qərarı olsa da, heç bir dövlət hərbi əməliyyatlara başçılıq etmək istəmirdi. Cəmi bir neçə il əvvəl  bunu təsəvvür belə etmək olmazdı.

Avropa Birliyi

Ərəb inqilabları Avropa Birliyinə imkan yaratdı ki, özünü beynəlxalq aləmdə yeni – təmərküzləşmiş qüvvə kimi təqdim etsin. AB çox böyük iqtisadi, hərbi gücü təmsil etsə də, böyük insan resurslarına malik olsa da, xarici siyasət məsələlərində ortaya vahid mövqe qoya bilmədiyindən dünya siyasətində potensialından zəif təmsil olunurdu. Ərəb inqilabları bir tərəfdən AB-ni fəal xarici siyasət yürütməyə sövq etdisə, digər tərəfdən bu strukturun özünə inamını artırdı. Avropalılar təcrübədə əmin oldular ki, onlar konsolidasiya olunmuş şəkildə hərəkət etdikdə çox böyük gücə çevrilirlər.

Yeri gəlmişkən, qonşuluğumuzda belə bir proqressiv gücün formalaşması Azərbaycanın maraqlarına hərtərəfli uyğundur.

Ərəb inqilablarına münasibətdə ABŞ və AB-nin çox vaxt birlikdə, harmoniyada, sinxron hərəkət etməsi də beynəlxalq münasibətlərdə yeni bir keyfiyyət dəyişikliyini ortaya qoydu. Bu iki böyük gücün birlikdə və demokratiyadan yana olması avtoritar rejimlərin manevr imkanlarını məhdudlaşdırır. Strateji planda onlara heç bir şans vermir.

Türkiyə

Ərəb inqilabları Türkiyənin regionda daha aktiv siyasət aparmasına da zəmin yaratdı. Türkiyə indi hamı tərəfindən güclü və təsirli regional dövlət olaraq qəbul edilir. Türkiyənin dünyəvi dövlət prinsipləri ilə islami dəyərləri uyğunlaşdırmaq praktikası gənc ərəb demokratiyaları üçün çox cəlbedicidir. Region üçün model dövlətə çevrilməsi Türkiyənin mövqeyini çox gücləndirir. Türkiyə liderlərinin idealist bəyanatlar verməsi, qonşu ölkədə diktator tərəfindən «günahsız insanların öldürülməsinin artıq həmin ölkənin yalnız daxili işi olmayacağını» bəyan etməsi ondan xəbər verir ki, ölkə daxilində sabitliyi təmin etmiş Ədalət və Qalxınma Partiyası hökuməti daha qətiyyətli və daha idealist xarici siyasət həyata keçirməyə başlayır.

Türkiyənin baş naziri Ərdoğanın Misirdə xüsusi hörmətlə qarşılanması, bütövlükdə ərəb dünyasında hər kəsdən populyar olması onu təsdiq edir ki, Ankara ərəb inqilabları zamanı rejimləri deyil, xalqları dəstəkləməkdə tam doğru edib. Türkiyənin regionda həm əlverişli ticarət, iqtisadi əməkdaşlıq imkanları yaranıb, həm də siyasi təsiri artıb. İndi əminliklə demək olar ki, Türkiyə tegionun lider dövlətinə çevrilib. Ərəb inqilabları dövründə Ankara öz statusunu «problemlərdən yayınan» ölkədən, «problemləri həll edən» ölkəyə qədər yüksəltdi. Türkiyənin güclənməsi də, xarici siyasətdəki bu pozitiv dəyişikliklər də Azərbaycann strateji maraqlarına tamamilə uyğundur.

Rusiya

Ərəb inqilabları qonşu Rusiyaya da güclü təsir etdi. Əvvəla, Qəddafi və Əsəd kimi qeyri-populyar, dünya xalqlarının əksəriyyətinin nifrət etdiyi diktatorları qorumağa edilən uğursuz cəhdlər qonşu dövlətin imicinə  zərər vurdu. Rusiyanın özünün də demokratiya ilə bağlı ciddi problemləri olduğunu dünyanın yadına saldı. İkincisi, Ərəb inqilabları Rusiyanın özündə də modernləşmə və demokratikləşmə tərəfdarlarının mövqeyini gücləndirdi. Rus xalqının da demokratikləşməyə ümidini artırdı. Rusiya elitasında belə demokratikləşmənin alternativinin olmadığı, Qəddafilərlə, Əsədlərlə, Lukaşenkolarla və bu qəbildən olan başqa orta əsr təfəkkürlü liderlərlə uzağa getməyin qeyri-mümkünlüyü fikri möhkəmləndi.

Bu arada Rusiyada müxalifət partiyasına lider seçilmiş milyarder Proxorov Rusiyanın avro pul vahidinə keçməsini təklif etdi (ümid edirəm, oxucular fərqindədir ki, ümumavropa valyutasına qoşula bilmək üçün əvvəlcə AB-yə qoşulmaq lazımdır). Ümumrusiya Sosioloji Araşdırma Mərkəzinin keçirdiyi rəy sorğusuna görə Rusiya vətəndaşlarının 53%-i avroya qoşulmağın lehinə olub. Məncə, bu rəqəm Rusiya əhalisinin dəyişikliklərə, Avropaya inteqrasiya olunmağa  nə qədər can atdığını çox açıq şəkildə ifadə edir. Ərəb inqilablarından sonra Rusiyanın özünün də gələcəyinin Avropaya inteqrasiyadan, demokratikləşmədən asılı olduğunu açıq şəkildə deyən siyasət və elm adamlarının sayı xeyli artıb

İran

Bölgədə baş verənlər qonşu İrandan da təsirsiz ötüşmür. Əvvəllər olduğu kimi bu dəfə də dəyişiklik küləkləri İrana Cənubi Azərbaycandan gəlir. Avqustun 27-dən başlayaraq Təbriz, Urmiya, Ərdəbil və başqa Cənubi Azərbaycan şəhərlərində soydaşlarımız öz haqları uğrunda dinc mübarizəyə qalxıblar. Keçmiş illərdən fərqli olaraq indi dünya da onların mübarizəsini görməzliyə vurmur. Müasir dünyada assimilyasiya siyasətinin perspektvi yoxdur. İndi artıq kiçik etnik qrupların, azsaylı xalqların da haqları təmin edilir. Belə bir zamanda sayı 10 milyonlarla hesablanan cənublu soydaşlarımızın da öz haqlarına qovuşması labüddür və sadəcə zaman məsələsidir.

***

Beləliklə, Ərəb inqilabları bəşəriyyətin daha demokratikə, daha kamilə doğru inkişafına yeni bir təkan verdi. Dünya, xüsusilə də bizi əhatə edən regionlar pozitivə doğru dəyişməkdə davam edəcək. Dəyişə bilməyənlər isə özlərindən küssünlər.

Kateqoriyalar: Yazılar, Əli Kərimli

Ərəb dərsləri

Sentyabr 5, 2011 Bir şərh yazın

Allahu-Əkbər sədalarının zalımdan başqa heç kimi təhdid etmədiyi təsdiqləndi

Bu il bütün dünya silsilə ərəb inqilablarına şahidlik etdi. Yanvar ayından başlayaraq dünyanın ən nüfuzlu telekanallarının baş xəbəri ərəb inqilabları haqda olur. Əminəm ki, müasiri olduğumuz bu inqilablar bəşər tarixində yeni bir mərhələ açacaq. Baş vermiş tarixi hadisələrin təsirini hələ çox hiss edəcəyik. Hələ bundan sonra da 10 illiklər ərzində bu inqilablar müzakirə, təhlil predmeti olacaq. Cəbhəçi gənclərin təklifi ilə mən də  ərəb inqilablarını və onların gələcəyə təsirini təhlil edəcək yazılar yazmaq qərarına gəldim.

I yazı

Inqilabların qlobal təsiri

Soyuq müharibə bitəndən sonra dünyanın gələcəyi ilə bağlı filosof və siyasətşünaslar arasında mübahisə yenidən qızışmışdı. Demokratik dünyanın bu savaşda əldə etdiyi qələbə qətidirmi? Qərbin tapındığı liberal demokratik sistemə alternativ varmı? Doğrudanmı müsəlmançılıq və demokratiya antoqonistdir? Sivilizasiyalar arası qarşıdurma qaçılmazdırmı, yoxsa fiksiyadır? Neftlə zəngin müsəlman ölkələrində “çiçəklənən” və çox sabit görünən diktaturalar Qərbin inandığı liberal demokratik sistemə alternativ ola bilərmi? (Türkiyə, İndoneziya, Pakistan kimi böyük islam dövlətlərinin demokratiya sahəsindəki nailiyyətləri də bu arqumentləri tam sıradan çıxarmırdı. İslamın beşiyi olan ərəb dünyası daha mühafizəkar sayılırdı və antiislamçılar ərəb ölkələrindəki vəziyyətlə öz mövqelərini arqumentləşdirirdilər).

Demokratiya insanların 21-ci əsrdə də uğrunda ölə biləcəyi ümumbəşəri dəyərdir

Ərəb inqilabları sübut etdi ki, demokratiya, azadlıq, ədalət universal, hamıya aid olan, insanların 21-ci əsrdə də uğrunda ölə biləcəyi, ümumbəşəri dəyərlərdir. Yalnız «seçilmişlərin» imtiyazı deyil. Mühafizəkar mentalitet, islam dini avtoritar, totalitar idarəetmə üçün aqrument ola bilməz. Zor gücünə yaradılan sabitlik müvəqqətidir. Rejimlər nə qədər repressiv olursa, insanların azadlıq eşqi də o qədər güclü olur.

Qapalı sistemlər, hansı bəhanə, ideologiya ilə olursa-olsun, azadlıqların məhdudlaşdırılması insanın təbiətinə ziddir. İnsan hətta maddi təminatlar müqabilində də (xüsusilə Liviya nümunəsi) ləyaqətli, azad yaşamaq istəyindən daimi olaraq imtina edə bilməz.

Demokratiyanı əzmək üçün mentalitetə, xalqın hələ demokratiyaya hazır olmamasına, “suveren” demokratiyaya, terrorçularla mübarizə və “sabitliyi qorumaq” zərurətinə istinadlar inandırıcılığını, ciddiliyini itirdi, ikrah hissi yaratdı. Diktaturaların idealoji aparatı bir neçə ayın içində tam iflas etdi.

İslamın demokratiyaya zidd olmadığı isbatlandı

XXI əsrin əvvəllərində “Əl Qaidə”nin fəallaşması Şərqin bütün diktatorlarına yaxşı fürsət yaratdı ki, öz zorakı hakimiyyətlərini Qərb qarşısında «terrorla mübarizə» arqumenti ilə əsaslandırsınlar. Açıqca belə bir təbliğat aparılırdı ki, müsəlman diktatorların tək alternativi guya, radikal islamçı cərəyanlardır. Misirin qoca diktatorunun bu kəşfindən Bəşər Əsəddən İlham Əliyev və İslam Kərimova qədər bütün müsəlman ölkələrin avtoritar liderləri məmnuniyyətlə istifadə edirdilər. Hər yerdə islamçıları radikallığa sövq edib, dünyaya “bunlarla başqa cür davranmaq mümkün deyil” mesajını verirdilər. Bir tərəfdən islamçıları müxtəlif təxribatlarla radikallaşdırıb, zorakı mübarizəyə sövq edirdilərsə və bu yolla da geniş kütlələrdən qoparırdılarsa, digər tərəfdən də demokratik qüvvələri «terrorçularla iş birliyi» şantajı ilə islamçı qüvvələrdən məsafədə saxlayıb zəiflədirdilər. Ərəb baharı sübut etdi ki, müsəlman ölkələrində də güclü demokratik potensial var. Avtoritar liderlərin də alternativi məhz demokratiya və azadlıqdır. Ərəb inqilabçıları və xalqların azadlıq istəyi bir tərəfdən diktatorları sosial bazadan, sonra hakimiyyətdən məhrum etdisə, digər tərəfdən bölgədəki radikal islamçı cərəyanların da sosial bazasını daraltdı. Gənclər kütləvi şəkildə demokratiyanı seçdilər, hətta müəyyən radikal keçmişi olan islamçı siyasi cərəyanlar da dəyişməyə başladı. Liviyada vaxtı ilə “Əl Qaidə” ilə əlaqəsini gizlətməyən bir islamçı qruplaşma öz ideologiyasını da, adını da dəyişdi. İndi bu qrup özünü “Dəyişikliklər uğrunda hərəkat” adlandırır. Misirdəki “Müsəlman qardaşlar” belə xalqın demokratikləşmək arzusuna cavab olaraq dəyişməkdə – daha mütərəqqi olmaqdadır. İndi onlar Türkiyədəki AKP tipli partiya yaratmağı düşünürlər. Beləliklə, xalq meydana çıxıb hər iki radikal qüvvəni sarsıtdı. Diktatorları birdəfəlik gömdüsə, onların uzun müddət özlərinə alternativ kimi təqdim etdikləri radikal islamçı cərəyanları da ya zəiflətdi, ya da islahata məcbur etdi. Məlum oldu ki, Şərq diktatorlarının da (Qərbdə olduğu kimi) alternativi xalq hakimiyyəti, demokratiyadır.

Beləliklə, islamın demokratiyaya zidd olmadığı, əksinə həqiqi inanclı insanın zalıma qarşı daha qətiyyətlə mübarizə apara bildiyi isbatlandı. Müsəlmanın da digərləri kimi ümumbəşəri dəyərlərə can atdığı, azad olanda başqa dinlərə də hörmətlə yanaşdığı, Allahu-Əkbər sədalarının zalımdan başqa heç kimi təhdid etmədiyi təsdiqləndi.

Bütün əzilən xalqlar diktaturalara qarşı əllərində çox kəsərli silah olduğuna əmin oldular

Ərəb inqilablarından sonra xalqların kütləvi dinc mübarizəyə inamı daha da artdı. Ərəb inqilablarına qədər dinc mübarizə yolu ilə iyirmidən artıq ölkədə köklü dəyişiklik olmuşdu. Bəşəriyyətin dinc mübarizə tarixinin ən parlaq səhifələrini Mahatma Qandinin liderliyi ilə hind xalqı, Martin Lüter Kinqin liderliyilə ABŞ-da yaşayan afroamerikalılar, Lex Valensanın liderliyi ilə Polşanın “Həmrəylik” həmkarlar ittifaqı, Çilidə, Argentinada, Fillipində və s. ölkələrdə demokratiya uğrunda hərəkatlar yazmışdı.

Amma Ərəb inqilablarına qədər xalqların dinc mübarizəsinin siyasi dəyişikliklərə nail olmaq üçün bütün situasiyalarda, universal və ən səmərəli vasitə olduğu mübahisəli idi. Belə ki, bir çoxları iddia edirdilər ki, Qandi və Kinq hərəkatları özlüyündə nə qədər mükəmməl olsalar da, hər halda onların opponenti birinci halda (imperiya olsa belə) mədəni və seçkili ingilis hökuməti, ikinci halda isə (irqçi olsa belə) seçkili və konstitusiyalı ABŞ hökuməti idi . Yəni bu seçkili hökumətlər zoru da bir həddə qədər istifadə edə bilərdilər. Onlar tamamilə özlərini məsuliyyətdən azad hiss edə bilməzdilər.

Şərqi Avropada dissident hərəkatlarının qələbəsi də onunla izah olunurdu ki, əvvələ məsəsələn, Polşa və Çexiyanın o zamankı kommunist hökumətləri təkpartiyalı, totalitar sistemin hökumətləri olsa da, hər halda minlərlə insanın öldürülməsinə qərar verəcək qədər despot deyildilər, ikincisi, hətta bu ölkələrdə də dinc mübarizə yalnız o zaman qələbə qazandı ki, yenidənqurmadan sonra SSRİ özü dəyişməyə başladı. Yəni olduqca əlverişli beynəlxalq şərait Şərqi Avropa dissidentlərinə heç bir itki vermədən rejim üzərində qələbə qazandırdı.

Amma açıq desək, ərəb inqilablarına qədər dünya tarixində heç bir xalq qeyri-məhdud hakimiyyətə malik, qəddarlığına görə orta əsr despotlarını xatırladan, dişinə qədər silahlı rejimlərlə yalın əllə üz-üzə gəlib, qələbə qazanmamışdı. Ərəb diktatorları arsenallarında olan bütün silahlı qüvvələrdən, nəinki əliavtomatlı polisdən, hətta tankdan, təyyarədən, topdan, gəmidən də (Suriyada) dinc əhaliyə qarşı istifadə edir.

Yeri gəlmişkən, yazılarımın birində Misir inqilabını Fransa inqilabından və Rusiya fevral burjua inqilabından sonra dünya tarixinə ən ciddi təsir göstərəcək inqilab adlandırmışdım. İndi isə vurğulamaq istəyirəm ki, bəşəriyyət Suriya xalqının demokratiya naminə etdiyi fədakarlığa tay ola biləcək fədakarlıq görməyib. Beş aydan artıqdır Əsəd diktaturasına qarşı dinc mübarizəyə başlamış suriyalılar avtomat, top, tanklara qarşı yalın əllə dayanırlar. 10 milyonluq ölkədə 2200-dən artıq insan mitinqlərdə öldürülüb. Amma suriyalılar yenə də ayaqdadır, mübarizə davam edir. Əsəd diktaturasının isə hiss olunur ki, sayılı günləri qalır.

Ərəb inqilabları dinc mübarizə nəzəriyyəsinə çox ciddi ştrixlər əlavə etdi. Praktikada təsdiq olundu ki, həqiqətən də məğlubedilməz diktatorlar yoxdu. Diktatorun ən qəddarını, ən qansızını, ən güclüsünü də xalqlar dinc mübarizə ilə məğlub edə bilir. Əsarətdən xilas olmaq haqda hamılıqla qərar vermiş xalq isə məğlubedilməzdir.

Növbəti dəfə və tam olaraq sübut olundu ki, ən müsir və dağıdıcı silahlar da insan iradəsinin qarşısında gücsüzdür. Dinc mübarizə isə nəinki hansısa səbəblərdən zəifləmiş rejimləri, hətta ən qəddar, qansız, zalım diktatorları da məğlub edə bilir. Bütün əzilən xalqlar diktaturalara qarşı əllərində çox kəsərli silah olduğuna əmin oldular. Qaldı bu “silah”dan mükəmməl istifadə etməni mənimsəmək.

Kateqoriyalar: Yazılar, Əli Kərimli

Təşəkkürlər, Türkiyə!

İyun 10, 2011 4 şərh

Türkiyədə keçiriləcək parlament seçkilərindən yazmaq fikrim var. Yox, mənim  YAP kimi qardaş ölkənin daxili işlərinə qarışıb, hansısa partiyanın xeyrinə çağırış etmək niyyətim yoxdur. Hamımız Türk xalqının iradəsinə hörmətlə yanaşmalıyıq. Şəxsi simpatiyalarımızdan asılı olmayaraq, xalq kimi seçsə, biz də bu seçimə hörmətlə yanaşacağıq. Zatən, Türkiyə-Azərbaycan münasibətləri partiyaların və hökumətlərin fövqündə olan bir işdir.

Mən Türkiyədə sona çatmaqda olan seçki kampaniyasının iki məqamından bəhs edəcəyəm. Qeyd edim ki, Türkiyədə də demokratiyanın hələ daha da təkmilləşməsinə ehtiyac olduğunu, oranın da siyasətində bəzən ürək bulandıran işlər baş verdiyini bilirəm. Amma etiraf etmək lazımdır ki, ən elementar hüquqları belə əlindən alınmış azərbaycanlı üçün Türkiyə televiziyalarından izlədiyi seçki kampaniyası əsl demokratiya nümunəsidir.

Demək olar ki, bütün ciddi televiziya kanalları iqtidar və müxalifət partiyalarına bərabər imkanlar yaradır. İqtidar və müxalifət liderləri hər gün xalqın gözü qarşısında debatdadırlar. Üzərinə dövlət idarə etmək kimi məsuliyyətli vəzifə götürmüş şəxslərin seçkiləri saxtalaşdırmaq kimi bir əxlaqsızlığa cəhd edəcəyi heç kimin ağlına gəlmir. Müxalifət liderlərinin yeri rəsmi dövlət protokolu ilə müəyyən edilib. Hər gün 100 minlərlə insan mitinqlərə qatılır, amma heç kim “ay aman, sabitlik pozuldu, ölkədə xaos yaranacaq” deyərək hay-küy salmır, “yaxşı, bunlar getsə yerinə kim gələcək?” tipli primitiv suallarla öz hərəkətsizliyinə və qorxaqlığına bəraət axtarmır. Tam əksinə, Türkiyə gözümüz önündə hər gün böyüyür, güclənir və bütün türk xalqlarına demokratiyanın üstünlüklərini əyani şəkildə nümayiş etdirir. İnanıram ki, Türkiyədən gördüyü bu nümunələr bizim xalq üçün də izsiz keçmir, 100 minlərlə insanın demokratiya, azadlıq arzularını alovlandırır, bizi böyük dəyişikliklərə yaxınlaşdırır.

İkinci toxunmaq istədiyim məqam isə Türk toplumunda müşahidə etdiyim dinamizm, hər kəsin öz haqları uğrunda mərdliklə mübarizə aparmasıdır. Ümid edirəm ki, həmvətənlərim Türkiyə televiziyalarında yalnız seriallara yox, xəbər proqramlarına da baxırlar. Baxmayaraq ki, müstəqil məhkəmə sistemi var, xalq qarşısında məsuliyyət daşıyan və xalq tərəfindən mütamadi dəyişdirilə bilən (deməli, xalqla hesablaşmağa məcbur olan) hökumət və parlament iş başındadır, bu xalq hər gün  mübarizə aparır. Daha yaxşı, daha qürurlu yaşamaq, yeni-yeni imkanlar əldə etmək, dövlət orqanlarını, vəzifəli şəxsləri vətəndaşla daha sayğılı davranmağa məcbur etmək üçün Türk xalqı hər gün mübarizə aparır, əldə etdikləri ilə kifayətlənmir. Həmkarlar təşkilatları, tələbə birlikləri, müxtəlif dərnək və vəqflər, işsizlər, işçilər, kəndlilər, haqqının pozulduğunu düşünən hər kəs meydanlardadır.

Etiraf etmək lazımdır ki, xüsusilə də Azərbaycanda soydaşlarımızın əksəriyyətinin haqsızlıq, hüquqsuzluq və zülmlə “dinc-yanaşı yaşaması” fonunda, hətta zirəklərimizin, mübarizlərimizin belə hər hansı  tədbirdən sonra azı 5-10 gün istirahətə ehtiyac duyması şəraitində bizimlə eyni millət olduğuna hətta YAP rəhbərliyinin də şübhə etmədiyi Türk xalqının bu qədər enerjili, hərəkətli, mübariz olması təəccüb doğurur. Bizim eyni kökdən gələn bu iki toplum hazırda niyə bu qədər fəqlidir?

Əminəm ki, əsas səbəb Türk toplumundan fərqli olaraq bizim toplumun azad olmamasıdır. Uzunmüddətli əsarət, qeyri-demokratik idarəetmə istənilən xalqın mübarizə əzmini bir müddət zəiflədə bilir, təşəbbüskarlığı boğur, insanları hər şeyin azı ilə kifayətlənməyə öyrədir. Belə toplumlarda həyat o qədər çətin olur ki, özünüqoruma  instikti bütün başqa maraq və dəyərləri müvəqqəti də olsa, üstələyir. İnsanlar yeni nələrisə əldə etməkdən daha çox əlində olanları qorumaq haqqında düşünür.  Adamlar qorxaqlaşır, yazıqlaşır, başının salamat olması üçün çox şeyə dözür. Gözünü açıb zorun hakimiyyətini görən yeni nəsillər gözüqıpıq böyüyür. Bütün bu neqativ təzahürlərə görə isə məsuliyyəti əlbəttə ki, antiinsani rejimlər daşıyır.

Demokratiya, onun gətirdiyi şəxsi azadlıq duyğusu isə insanların ləyaqət, özünə inam hissini gücləndirir. Azadlıq insanda aşağılıq deyil, üstünlük kompleksi yaradır. İnsanlar daha yaxşı həyata layiq olduqlarına inanırlar. Azad cəmiyyətdə insanlar daha təşəbbüskar olurlar. Azad rəqabət mühiti insanların hətta  istedadının da açılmasına, cəmiyyətə təqdim olunmasına uyğun şərait yaradır. Hər gün özünü bəladan qorumaq hissi ilə yaşamayanlar daha cəsur olurlar.

Biz də millətimizə bu böyük və sehrli azadlıq duyğusunu yaşatmaq üçün çalışırıq. Hakimiyyətə gəlir mənbəyi, soyub-talamaq, xalqdan oğurlanan pullara görə lovğalanmaq imkanı kimi baxanlar bizi necə başa düşsün? Hələ qarşıdan 15 iyun gəlir. Ailəliklə hakimiyyətə gəlmələrini bayram kimi qeyd etməkdən utanmayanlar, 40 ilə yaxın bir müddətdə hakimiyyətdən beş əllə yapışıb, qopmayanlar rəqiblərini hakimiyyətə can atmaqda, hakimiyyət hərisi olmaqda ittiham edəcəklər…

Təşəkkürlər, Türkiyə! Canın və qanın bahasına olsa da, milli və şəxsi azadlıqlarını hər zaman qoruduğun üçün, 93 il öncə şərqdə ilk respublika qurmuş, indi isə sülalə hakimiyyətinin əsarətində yaşayan azərbaycanlı qardaş və bacılarına azadlıq və demokratiyanın nələrə qadir olduğunu öz nümunənlə göstərdiyin üçün, azadlığa can atan bütün şərq xalqlarına model dövlət ola bildiyin üçün.

Kateqoriyalar: Yazılar, Əli Kərimli

Gəncliklə savaşanların məğlubiyyəti labüddür

Mart 8, 2011 11 şərh

İndiki ədalətsizliyə, hüquqsuzluğa, korrupsiyaya, dinc etirazlar etmək, azadlıq, köklü dəyişiklik tələbi gənclərimizin haqqıdır

Aparılan siyasət hər gün narazılar ordusunu genişləndirir. İntihara məcbur edilən şəkili iş adamının, Goranboyda tələb olunan rüşvəti verə bilmədiyindən intihar etmiş keçmiş baş həkimin, Masallıda kütləvi şəkildə istefa vermiş həkimlərin və daha nə qədər insanın zərər çəkdiyi hadisələr hökumətin «antikorrupsiya» kampaniyasının saxta olduğunu sübut etdi. Xalqın gözünə kül üfürmək üçün düşünülmüş kampaniya bumeranq kimi hökumətin özünü vurmaqdadır. Xalqdan oğurladıqları milyardları daha da artıran «antikorrupsiyaçıların» korrupsiya ilə mübarizəni kiçik və orta çaplı məmurlardan başlaması dünənə qədər can-dildən böyük oğrulara xidmət etmiş, seçki saxtakarlığının təmin edilməsində önəmli rol almış on minlərlə məmuru, büdcə təşkilatlarında çalışanları narazılar sırasına qoşmuşdur.

Heç kəs büdcədən maliyyələşən təşkilatlarda çalışanların, məmurların «rüşvət almaq» hüququnu tanımır.

Təbii ki, onlar da rüşvət almamalıdır. Amma burada nəzərə alınmalı iki məqam var. Əvvəla onlardan təmiz işləməyi tələb edənlər gərək özləri də qaz vurub qazan doldurmaqlarından qalsın. Onlar da təmiz işləsin ki, tabeliklərində olanlardan da bunu tələb etməyə mənəvi haqları olsun. İkincisi, “rüşvət alma” dediyin məmura gərək özünü və ailəsini dolandırmağa yetəcək qədər maaş da verəsən.

Mən bunlara Avropadan misal çəkməyi heç sevmirəm. Bunlar hara, Avropa təfəkkürü hara? Zatən hər gün əməlləri ilə deyirlər ki, bu ölkədəki idarəçilər Avropa dəyərlərindənsə, Qəzzafi, Mübarək, Bin Əli təfəkkürünə daha yaxındırlar.

Bunlar Rusiyanı təqlid etməyə çalışırlar. Mən də nümunəni Rusiyadan gətirəcəm. Rusiyada indi polisdə islahatlar aparmağa cəhd olunur. Elan ediblər ki, polis sistemində islahatın məqsədi polisin fəaliyytində peşəkarlığı artırmaq, rüşvətin qarşısını almaq və xalqda polisə güvən yaratmaqdır. Bilirsiniz nədən başlayırlar? Əvvəcə polisin əlindən dəyənəyi alırlar, bundan sonra Rusiya polisi hətta kütləvi aksiyalar zamanı da dəyənəkdən istifadə etməyəcək. Sonra da maaşlarını artırırlar. Rusiyada ən kiçik rütbəli polis zabitinin – leytenantın da maaşı 1500 dollardan artıq olacaq.

Hətta avtoritar üsulla idarə olunan Rusiyada da başa düşürlər ki, “rüşvət alma” dediyin məmura gərək normal maaş verəsən.

Hiss olunur ki, ərəb inqilablarından xeyli adam düzgün nəticə çıxarıb. İndi daha çox adam bu qənaətə gəlib ki, avtoritar rejim şəraitində bütün çarələri müxalifətdən gözləmək səhvdir. Müxalifətin də imkan və resursları məhduddur. Lazımdır ki, hüququ pozulan hər kəs özü şəxsən mübarizəyə qoşulsun. Bu baxımdan Sabirabad və Saatlıda Kür daşqınlarından əziyyət çəkmiş, haqqını bu gün də ala bilməmiş sadə insanların, Buzovnada, Tovuzda, Tərtərdə, Göyçayda və başqa bölgələrdə öz haqqını cəsarətlə tələb edən vətəndaşlarımızın aktiv mübarizəsi dəstəklənməlidir.

Müstəqil gənclərin 11 marta təyin etdiyi etiraz aksiyası hökumətin əsəblərini tarıma çəkib. Qorxduqları açıq-aşkar görünür. İstedadlı gənc Bəxtiyar Hacıyevin həbsi və ona olan qeyri-insani münasibət də, cəbhəçi gənclər Cabbar Savalan və Dəyanət Babayevin, musavatçı gənc Səxavət Soltanlının, Avropada təhsil almış müstəqil gənc Rəşadət Axundovun qurama ittihamlarla həbsi, ABŞ-da yaşayan azərbaycanlıların (ABAD) liderlərindən biri olan Elmar Şahtaxtinskiyə və Avropada yaşayan azərbaycanlı gənclərin liderlərindən olan Elnur Məcidli və Həbib Müntəzirə qarşı təşkil olunan iyrənc kampaniyalar da bu qorxu və panikanın etirafıdır.

Hökumət faktiki olaraq müstəqil düşüncəli, yüksək təhsilli bütün mütərəqqi gəncliyi özünə hətta rəqib də yox, düşmən saymağa başlayıb. Bununla da öz məğlubiyyətini labüdləşdirib. Bunlar hələ də anlamayıblar ki, gəncliyə qalib gəlmək, üstəlik, 21-ci əsrdə mümkün deyil.

Hökumətin gənclər siyasəti də iflasa uğrayıb. İnanırdılar ki, səviyyəsiz şoular və idman təbliğatı ilə gəncləri ciddi problemlər barədə düşüncələrdən uzaq tuta biləcəklər. İndi baxıb görürlər ki, ətraflarında bir qrup karyeristdən başqa kimsə qalmayıb. Sağçı, solçu, millətçi, dindar, partiyaçı və ya müstəqil olmasından asılı olmayaraq düşünə bilən gənclərin hamısı rejimə qarşı müxalifətdədir.

Hələ də etirazçı gənclik həbslərlə, bəzən döyülüb, təhqir olunmaqla sınağa çəkilir. Amma cəmiyyətdə rejimə münasibət o qədər neqativdir, indiki hakimiyyət o qədər qeyri-populyardır, inanıram ki, belə bir şəraitdə rejimi müdafiə edən azsaylı gənclər dəyişiklik uğrunda açıq mübarizə aparanlardan daha çox risq edirlər. Əksinə, mübarizə aparan gənclər çox tez bir zamanda xalq sevgisi ilə əhatə olunurlar.

Mürtəce qaydalarla barışmamaq, azadlıq və dəyişiklik uğrunda mübarizə aparmaq bilavasitə gəncliyin təbiəti ilə bağlıdır. 2005-ci ildə də belə olmuşdu. Həmin vaxt hökumətin əsas hədəfi o zamankı mübarizənin önündə olan «Yeni fikir» gənclər təşkilatı idi.

İndiki ədalətsizliyə, hüquqsuzluğa, korrupsiyaya, rüşvətə, neft pullarının mənimsənilməsinə dinc etirazlar etmək, azadlıq, köklü dəyişiklik tələb etmək gənclərimizin haqqıdır. Regionlarda əzilən insanların lokal etiraz aksiyaları, gənclərin müstəqil aksiya təşəbbüsləri bir tərəfdən hakimiyyətdən narazılığın əslində hər gün artdığını, narazıların yalnız rəsmi müxalifətçilərlə məhdudlaşmadığını göstərirsə, başqa tərəfdən ölkəmizi, köklü dəyişikliklər uğrunda ümumxalq mübarizəsinə günbəgün hazırlayır.

Sonda bir məsələyə də toxunmaq istəyirəm.

Bilirəm ki, hələ də toplum içində bu rejimə qulluq etməyə, rejimin buyruğu ilə hətta çox çirkin işləri görməyə hazır olan insanların mövcudluğu çoxumuzu üzür, dəhşətə gətirir. Əlbəttə, belələrini hər fürsətdə qınamaq, utanan üzləri varsa, utandırmaq lazımdır. Amma belələrini özünüzə dərd etməyin. Belələrinin varlığına görə bədbinliyə qapılmayın, millətimizdən küsməyin.

Öz xalqına tank və təyyarələrlə hücum edən vəhşi Qəzzafinin vətəndaşları üzərində hərbi qələbəsini bayram etməyə paytaxt meydanına çıxmış liviyalıları bu günlərdə televiziyalar göstərirdilər. Xeylisi sadə, kasıb adamlar idi. Dünya banklarında xalqdan oğurladığı 66 milyard dollarının üzərinə həbs qoyulmuş diktatorun tökdüyü qanlara sevinən zavallıları görəndə, bir neçə il əvvəl bizim ölkədə çox populyar olan «Allah mənim ömrümdən kəsib, onun ömrünə calasın» deyən sadəlövhləri xatırladım. Acıdım bu insanlara. Rejim bu insanları mənən şikəst edib. Avtoritar rejimlərlə həm də ona görə mübarizə aparmaq lazımdır ki, onlar yüz minləri, milyonları sındırıb mənən şikəst ediblər. Ona görə də bu yazını Elmarın şüarının bir qədər genişləndirilmiş variantı ilə yekunlaşdırıram.

Sizin, bizim və qüruru, şəxsiyyəti əlindən alınmış zavallıların azadlığı naminə.

Kateqoriyalar: Yazılar, Əli Kərimli