Arxiv

Posts Tagged ‘20 yanvar’

20 yanvar günü mən necə sağ qaldım?

Yanvar 19, 2010 43 şərh

Əli Kərimli

6-cı sinifdə oxuyan qızımın: ”Ata 20 yanvar günü sən harada idin? O gün baş verənləri mənə danış” deməsi məni  xəyalən 20 il öncəyə -1990-cı ilin 19-20 yanvar günlərinə apardı.

Yanvar ayı başlayandan Bakıda gərginlik daha da artırdı. Respublikanın o zamankı kommunist rəhbərliyi ya idarəetmədən Moskva tərəfindən məqsədli şəkildə uzaqlaşdırılmışdı, ya da çox qabiliyyətsiz olduğundan heç nə edə bilmirdi. Bu arada Bakıda yaşayan ermənilərə qarşı  Moskvaya bağlı xüsusi xidmət orqanlarının  iştirakı və təhriki ilə təxribatlar artırdı. O zamankı AXC-nin strukturları çox çalışırdılar ki, bu təxribatların qarşısı alınsın, heç olmasa bərə vasitəsilə ermənılərin Türkmənistan limanlarına  salamat köçməsi təmin edilsin. Amma təxribatlar həm Qarabağ ətrafında, həm də Bakıda elə sürətlə artırdı ki, hətta bizlər – o zamankı  tələbə gənclik də başa düşürdü ki, təxribatları artırmaqda Mərkəzin məqsədi  Bakının yenidən işğalına zəmin yaratmaqdır. Aprel ayında  Azərbaycan Ali Sovetinə seçkilər olmalıydı, AXC-nin qələbəsi bu seçkilərdə labüd görünürdü. AXC-nin çoxluq olacağı parlamentin isə elə ilk qərarının dövlət müstəqilliyinin elanı olacağı da şübhə doğurmurdu.  Azərbaycanın dövlət müstəqilliyinin  qarşısını almaq üçün  nəhəng təxribat senarisi işə düşmüşdü. Böyük bəlanın yaxınlaşdığını hiss etsək də, onun qarşısını almaq iqtidarında deyildik. İmperiya hələ güclü idi. Gücümüzün  qeyri-bərabər olduğunu bilsək də, hər kəs müqavimət haqqında düşünürdü. O zaman  insanlar daha passianar, enerjili idilər. Həm də arxivlər yeni açılmışdı və xalq Azərbaycanın 1920-ci ilin 28 aprelində Qızıl Ordu tərəfindən  aldadılaraq, müqavimətsiz  işğal olunmasından  çox acıqlı idi. Belə bir şəraitdə Bakının yenidən işğalına müqaviməti təşkil etmək məqsədi ilə Milli Müdafiə Şurası yaradıldı. İlk günlər şuranın yaranması AXC İdarə Heyyətində şərti olaraq “radikal”  və “liberal”  adlanan tərəflər arasında  fikir ayrılığına səbəb olmuşdu. Amma sonrakı günlərdə Milli Müdafiə Şurasının  fəaliyyəti  AXC İdarə Heyyəti tərəfindən də zəruri sayılmış, bu quruma da rəhmətlik Əbülfəz Elçibəyin  Sədrliyi razılaşdırılmışdı. Beləliklə, o zamankı cəbhədaxili diskussiyalarda əsasən  Əbülfəz bəyin mövqeyini müdafiə edən tələbə hərəkatı da  MMŞ-yə qoşulmuşdu. Mən və dostlarım- yurd birliyinin və tələbə hərəkatının fəalları MMŞ-də çalışırdıq. Ordu Bakı ətrafına cəmləşdikcə adamlar kortəbii şəkildə şəhərə giriş yolları üzərində  barrikadalar qururdular. Yolların bağlanması üçün daha çox ağır yük maşınlarından istifadə olunurdu. Sovet qoşunlarının şəhərə girişinin qarşısını almaq əsl ümummilli ideyaya çevrilmişdi. Bakı əhalisinin tam əksəriyyəti bu prosesdə iştirak edirdi. Adamlar çox cəsarətli olmuşdular. Gözlənilən təhlükənin  çox böyük və real olması dərk olunsa da heç kim qorxmurdu. Bəlkə də qorxanlar var idi. Amma onlar da ümumi fona xələl gətirməmək üçün qorxularını gizlədirdilər.

19 yanvarda axşam televiziyanın enerji bloku partladılanda  hiss etdik ki, Sovet Ordusu  həmin gecə şəhərə girəcək. MMŞ-nin qərərgahı o zamankı Şmit adina zavodun  Mədəniyyət Sarayında yerləşırdi. MMŞ- nin fəalları olaraq  sərəncamımızda olan  telefonlu taksilərlə (o zaman bu yeganə mobil rabitə idi) şəhər ətrafında olan   barrikadalardakı vəziyyəti yoxlayırdıq. Qurd Qapısı deyilən yerdə toplaşanlarla görüşüb vəziyyəti öyrəndikdən sonra  20 yanvar  tərəfə yollandıq. Biz maşında sürücüdən başqa  3 nəfər idik. Tələbə hərəkatının fəallarından olan dostum  Seymur Babayev, Rabitə Nazirliyində çalışan bir cəbhəçi və mən. 20 yanvardakı taksidən bizə məlumat verdilər ki, ordu atəş açaraq  şəhərə daxil olur. Dərhal taksiyə 20 yanvara sürməsini söylədik. Yolda düşündük ki, 20 yanvara əliboş getməyək. Mətbuat prospektində BDU -nun yataqxanalarının yanında maşını saxladıq. Ertədən oğlanların birtəhər dilə tutub yataqxanaya göndərdiyi qızlar atəş səslərinə küçəyə çıxıb ağlaşırdılar. Onların köməyi ilə 1-2 dəqiqə ərzində xeyli yandırıcı, partlayıcı qarışıqlarla dolu şüşə qablar hazırlayıb (o zaman belə yandırıcı şüşələrlə hərbi texnikanın şəhərə girişının qarşısını qismən də olsa  alacağımızı düşünürdük.) sürətlə 20 yanvar tərəfə yollandıq. Prospekt boyu qarşımıza çoxlu sayda 20 yanvar tərəfdən qaçan adamlar gəlirdi. Onlar bizim yolumuzu kəsib maşınımızı saxlatmaq , bizi geri döndərmək istəyirdilər. Maşını saxlamadığımızı görüncə qışqıraraq, əl-qolları ilə bizə başa salmaq istəyirdilər ki, ora getmək olmaz, atirlar, adamları qırırlar. Amma biz sürətlə 20 yanvara doğru ğedirdik. Tbilisi prospektinə çıxmaq üçün sağa döndük. Tbilisi prospektinə çatan yerdə qəfildən yolun sağında, ağacların altında tankı, yanında da əsgərləri gördük.

Maşınımız çox sürətlə hərəkət edirdi. Maşının işığı əsgərlərə düşəndə onların atəş açmağa hazırlaşdığını gördük və instiktiv olaraq  nə qədər mümkünsə o qədər maşının döşəməsinə doğru əyildik. Dərhal və davamlı atəş açıldı. Maşın dərhal dayandı təkərlərini vurmuşdular. Möcüzə baş vermişdi, maşınımıza 7-8 metrlik məsafədən 30-40 güllə atılmışdı, güllələr  maşını deşık-deşık etmişdi, biz isə sağ-salamat idik. Vaxtında əyilə bilmişdik. Belə yerlərdə deyirlər ki Allah bizi saxladı. Yalnız sürücümüz əlindən yüngülcə yaralanmışdı. Başını, bədənini əyilərək güllədən qoruya bilsə də görünür peşə məsuliyyəti əlini sükandan çəkməyə qoymamışdı, həmin əlinə də güllə dəymişdi. Bizi maşından düşürüb faktiki əsir aldılar. Əmr etdilər ki, üzümüzü divara  çevirib, əllərimizi də yuxarı qaldıraq. Üzümüzü çevirdiyimiz divar isə indiki Nəqliyyat Nazirliyi binasının  həyətinə açılan (Tbilisi prospektini kəsən küçə tərəfdən) dəmir şəbəkə qapı idi). Üstümüzü yoxlayıb silahımız olmadığına əmin oldular. Maşını yoxlayıb yük yerindəki yandırıcı qarışıqlarla  dolu şüşə qabları tapdılar. Asvalta  çırpıb şüşə qabları sındırdılar. Hər şeyin bitdiyini düşündük. Komandir əsgərlərinə əvvəlcə atəşə hazır ol! əmrini verdi, sonra da  bizi güllələmək  əmrini verdi. Sovet Ordusunda ciddi hərbi hissədə xidmət etdiyimdən  o zaman orduda olan silahların demək olar hamısından 100-lərlə dəfə atəş açmışdım. Güllə səsi mənə qeyri-adi deyildi. Amma o günki güllələr təlimdə atılan güllə deyildi, bizə atılırdı.

Əsgərlər əmri yerinə yetirib atəş açdılar. Atəşdən sonra ilk ağlıma gələn oldu ki, mən sağam, ani olaraq düşündüm ki,  yəqin yaralanmışam, yara isti olduğundan  hələ ağrını hiss etmirəm. Bədənimin  müxtəlif nahiyələrini tərpədərək bir-neçə saniyəyə əmin oldum ki, allah bizi yenə saxlayıb. Komandir bizi qorxutmaq üçün əsgərlərinə bizi güllələmək əmri versə də, görünür onlara necəsə yuxarıya- başımızın üstündən atmaga işarə edib. Öz aləmində bizi qanuna təslim etmək qərarına gəlib. Amma bizi daimi gərginlikdə saxlayırdı. Bu arada  məlum oldu ki, bizi əsir kimi saxlayan manqaya qarşı yaxınlıqdakı binadan atəş açılır.

Həmin azərbaycanlının atdığı atəş bəzən bizim yaxınlığımızdakı divara dəyirdi. Atəş Salyan kazarmaları deyilən hərbi hissəyə aid zabitlər üçün yaşayış binasından gəlirdi. (Təəssüf ki, sonralar çox çalışsam da  həmin şəxsin kimliyini də, onun atışmasının nə ilə qurtarmasını da öyrənə bilmədim). Bizi əsir saxlayan hərbçilərin komandiri özünü söyərək bizi əmin edirdi ki, atılan atəşlər onun əsgərlərinə dəysə bu dəfə bizi dəqiq güllələyəcək. Yenə bəxtimiz gətirmişdi, soydaşımızın uzaqdan atdığı atəş heç kimə dəymirdi. Bu arada məlum oldu ki, bizi saxlayanlar hücum birləşməsinin əsgərləri imiş, onlar bizi başqa hərbçilərə təhvil verib irəli – şəhərin dərinliklərinə getdilər.

Dərindən nəfəs aldıq, ölümdən qurtarmışdıq, indi bizi sovet qanunları ilə həbs gözləyirdi. Həbsdən qurtarmaq üçün fikirləşməyə başladıq. Üstümdə MMŞ- nın vəsiqəsi var idi. Fikirləşirdim ki, sabah açılanda  məlum olanda kı, biz axşam döyüş sursatı hesab olunan yandırıcı qarışıqlar dolu şüşələrlə tutulmuşuq, üstəlik mən MMŞ-nin rəsmisiyəm, bundan birbaşa AXC-yə ittiham üçün istifadə edəcəklər. Vəsiqədən xilas olmaq lazım idi. O isə mənim gödəkçəmin içəridən sol cibində idi. Əlimizi isə nəinki cibimizə, heç aşağı salmağa da  qoymurdular. Saatlar keçdikcə soyuq və yuxusuzluq səbəbindən əsgərlər sayıqlığını itirirdilər. Mən də özümü yorğunluğa qoyub əllərimi yavaş-yavaş aşağı salırdım. Arabir əllərimin aşağı enməsindən hirslənən əsgərlər başımızın üstündən atəş açıb bizi bu şəkildə hədələyib intizama dəvət edirdilər. Bir-neçə dəfə yorulmaq səbəbindən əllərimi qismən aşağı endirmək fəndini işlətdikdən sonra  əsgərlərin intizamsız bir adam olduğuma alışdırdım. Nəhayət əllərimi çiynim səviyyəsində endirib vəsiqəni birtəhər cibimdən çıxarıb dəmir şəbəkə qapının o biri tərəfinə tullaya bildim. Xeyli rahatladım, indi nəinki ölümdən, hətta təşkilatımızın mənə görə ittiham olunması perspektivindən də xilas olmuşdum. Bircə qalırdı yandiricı şüşələrə görə məsuliyyətdən qurtarmaq…

Bütün gecəni küçədə keçirməli olduq, gecə dəhşətli soyuq vardı. Mən diqqət etmişdim ki, bizi gecə ərzində bir neçə dəfə başqa-başqa yeni əsgərlərə təhvil verirdilər. Nə bizi tutub saxlayan zaman, nə də bir-birlərinə təhvil verən zaman protokol yazmırdılar. Səhər açılmağa başladıqca şəhərdə əllərinə keçən başqa adamları da komendant saatını pozduğu üçün  tutub bizə qoşurdular. Sayımız xeyli artmışdı. Artıq 20 yanvar səhəri açılmışdı. Xeyli təsadüfi adam tutmuşdular, sadəcə üstlərində sənəd olmadığı üçün. Dostlarımla qısa məsləhətləşmədən sonra zabitlərlə hüquq mübahisəsinə başladım. Onlara dedim ki, şəhərdə komendant saatının elan olunması barədə qərar əhaliyə əvvəlcə elan olunmalıydı ki, biz də üstümüzdə sənəd gəzdirək. Mən bununla həm də yoxlamaq istəyirdim ki, bizə gündüz nəzarət edən komanda bilirmi ki, bizi axşam hansı şəraitdə tutublar. Məlum oldu ki, bilmirlər. Hüquq mübahisəsi xeyli davam etdi və axırda zabit dedi ki, sənədlərinizi gətirsələr sizi buraxaram. Artiq 20 yanvar günorta çağları idi. Qrup yoldaşlarımdan birinin əmisi oğlunu təsadüfən Tbilisi prospektindən keçən gördüm. Onu səslədim, zabit etiraz etmədi, ondan xahiş etdim ki, mənim bir yaxın dostumla əlaqə saxlasın, bizim durumumuzu danışsın, o da bizlərin pasportlarını yıgıb gətirsin. 2-3 saatdan sonra dostum pasportlarla birlikdə gəldi. Bizi heç nə olmamış kimi azad etdilər. Həm ölümdən, həm də həbsdən qurtarmışdım, amma heç sevinə bilmirdim. O gecə verdiyimiz itkilərin miqyasından xəbərsiz olsam da   axşam çox adamın öldüyünü güman edirdim. Bakının işğalının da qarşısını ala bilməmişdik. Küçələrin hər birində zirehli texnika dayanırdı. Bütün gecəni yuxusuz və ağır streslə keçirsəm də meyitxanaya yollandım. Şəxsən tanıdıqlarımdan, yaxınlarımdan orada heç kimi tapmadım, bu da bir kiçik təsəlli idi, amma yolda tələbə hərəkatı fəallarından Ülvü Bünyadzadənin şəhid olduğunu öyrəndim. Sarsılmışdım, üzərimdə dağ kimi böyük ağırlıq hiss edirdim. Heç ağlıma da gəlmirdi ki, Bakının bu dəfəki işğalı cəmi 1 il 10 ay çəkəcək. Amma 1 gün sonra şəhidlərin dəfn mərasimində xalqın kütləvi iştirakını görəndə başa düşdüm ki, dünənki çarpışmada əsl uduzan imperiya oldu. Onun 20 yanvar “qələbəsi” pirr qələbəsi idi. Anladım ki, daha bu xalq heç vaxt imperiyanın tərkibində qalmayacaq. İlk fürsətdəcə müstəqilliyini elan edəcək.

Xalqımızın tarixində çox şərəfli səhifələr var. Ancaq əminliklə deyə bilərəm ki, bu xalqın təkcə 20 yanvarda və şəhidlərin dəfn günü (Bakının hər küçəsini nəzarətdə saxlayan Sovet Ordusunu bir heç sayaraq) göstərdiyi rəşadət kifayətdir ki, bu xalqın böyüklüyü, cəsarəti qarşısinda baş əyəsən, onun uca millət olduğuna içdən inanasan. Xalqlar da insanlar kimi qəhrəmanlıqları hər gün, hər il etmirlər. Amma bir dəfə bu ucalığa yüksələnlərin bir daha qəhrəmanlıq etməyəcəyini heç kim düşünməsin.

P.S. 20 yanvar hadisələrindən  təqribən 20-25 gün keçmişdi. Universitetdə idim. Hüquq fakultəsində kurs yoldaşım və dostum Rahim Hacıyev mənə yaxınlaşdı, qoltuğunda çoxlu qəzet var idi. Sovet Ordusunun mətbuat orqanı olan  Krasnaya  Zvezda  qəzetini mənə göstərdi . Qəzetdə  Sovet Ordusunun  Bakıda  qayda- qanun yaratmağından, MMŞ-nin silahlı dəstələrindən   bəhs olunurdu. Foto yerində mənim həmin gecə çətinliklə dəmir qapının o tərəfinə ata bildiyim MMŞ  vəsiqəmin iri planda şəklini  vermişdilər. Rahim məqalədən xəbər tutan kimi qəzetin Bakıya gələn bütün nüsxələrini kiosklardan almışdı ki, yazı və çap olunmuş şəkil komendaturanın əlinə düşməsin.

Advertisements
Kateqoriyalar: Yazılar, Əli Kərimli Etiketlər: , ,