Archive

Posts Tagged ‘Birlik’

Müxalifətin birlik formatını necə görürəm?

Yanvar 25, 2010 37 şərh

Azərbaycanın müstəqillik illərində indiki kimi çətin zamanlar çox olub. Amma mən indiki dövrü daha çox  2004-cü ilə oxşadıram. 2003-cü ilin oktyabr hadisələrindən sonra  həyata keçirilən iri miqyaslı repressiyalar, indiki kimi elan olunmamış fövqəladə vəziyyət şəraiti, yəni mitinq, nümayiş və hər cür kütləvi toplantıların qadağan olunması, ən əsası da uzun illər ərzində mövcud olmuş dəyişiklik gözləntisinin özünü doğrultmaması  cəmiyyətdə ümüdsizliyi, pessimizmi gücləndirmişdi. Hökumət də məqamdan maksimum istifadə edərək, onsuz da siyasi mübarizənin perspektivinə inamını itirmiş xeyli adamı müxalifət partiyalarını tərk etməyə məcbur edirdi. Ənənəvi müxalifətin bitib tükənməsi, ailə hakimiyyətinin əbədiliyi barədə aqressiv təbliğat da  öz yerində. Hətta təbliğatı o qədər şövqlə aparmışdılar ki, İlham Əliyev özü də inanmışdı bu təbliğata. ”Sosialist öhdəliyi” götürmüşdü ki, ənnənəvi müxalifəti 2008-ci ilə qədər bitirəcək…

Ümüd edirəm 2004 cü ilin o ağır günlərini yadınıza sala bildım. Sonrasını da yəqin xatırlayırsınız.  Müxalifət birləşərək  qısa zamanda elə bir gücə çevrildi ki, 2005-ci ilin noyabr seçkiləri zamanı  seçkini uddu. Hökumət seçki nəticələrini faktiki olaraq qol gücünə dəyişdirməli oldu. Amma seçkinin həqiqi nəticələrini nə ölkə ictimaiyyətindən, nə də dünyadan gizlətmək mümkün oldu. Hətta hökumətin pulu ilə exit-pol keçirən xarici kompaniya da bir müddət sonra seçkilərdə müxalifətin səs aldığını etiraf etməli oldu.  O zaman xalqımızı bir neçə ayın ərzində kütləvi  depressiya və ümüdsizlik halından qələbənin bir addımlığına gətirən əsas faktor müxalifətin uğurlu birlik formatının tapılması idi (Bir qədər əvvəl Gürcüstan və Ukraynada baş vermiş məxməri inqilabların da xalqın əhvalına pozitiv təsirini  unutmamışam).

Bilirəm ki, oxucuların tam əksəriyyəti  bu həqiqətlərdən xəbərdardır. Sadəcə olaraq tarixi paralellər gətirməklə sübut etmək istəyirəm ki, müxalifətin birliyi indi də zəruridir.

Müxalifətin real kəsiminin birliyinə nail olsaq, ilk növbədə vətəndaşlarımızın siyasətə marağını, öləzimiş ümüdlərini bərpa edərik. Nüfuzlu  ictimai xadimləri, ziyalıları, müstəqil və gənc yazarları, partiya seçimi etməmiş fəal gəncləri, bir sözlə bütün demokratik qüvvələri  hər hansı partiya deyil, məhz real müxalifətin seçki bloku öz ətrafında birləşdirə bilər. Biz müxalifətin birliyini təmin etməklə vətəndaşlarımıza sadə seçim təklif etmiş olacağıq: Bir tərəfdə hakimiyyətin korrupsiya komandası, əks tərəfdə də birləşmiş müxalifətin seçki bloku. Sizcə bu halda xalq kimi seçəcək? Mənim şəxsən şübhəm yoxdur.

Müxalifətin birliyi resurslarımızı artıracaq, müxalifətdaxili rəqabəti  aradan qadıracaq, müxalifətin intellektual, media resursları  “dalaşan partiyaların hansı haqlıdır və ya güclüdür?” kimi mənasız və üzücü mübahisələrə sərf olunmayacaq. Müxalifətin birliyi seçki prosesinə beynəlxalq diqqətin daha çox cəlb olunmasına səbəb olacaq,  seçki islahatlarının reallaşma ehtimalını çoxaldacaq,  bizim seçki dairələrindəki  vahid namizədlərimizi daha da güclü edəcək və s.

Nəhayət dostlar, bizim cəmiyyətdə velosipedi yenidən kəşf etməmək çağırışları artdıqca, onu  yenidən kəşf etmək istəyi də  həndəsi silsilə ilə artır. Axı bizdən qabaq 100-dən artıq millət avtoritar və ya totalitar rejimdən demokratiyaya keçidi həyata keçirib. Hər dəfə də  gerçək müxalifətin, bütün demokratik qüvvələrin birləşdiyi geniş xalq hərəkatı tiranlığa son qoyub. Biz niyə əksini sübut etmək istəyirik?  Yoxsa hamımız bu “suveren demokratiya” xəstəliyinə tutulmuşuq?

Bütün başqa məsələlər də olduğu kimi müxalifətin birliyi məsələsində də ifrata varmaq olmaz.

Müxalifətin birliyi  “ümummilli şüara” çevrildikdə bundan hakimiyyət  və hakimiyyətə bağlı qurumlar da  istifadə etmək fikrinə düşəcəklər. Düzdür tarix öyrədir ki, tarixdən  düzgün nəticə çıxaranlar  az olur, amma cəhd edək. Bizim yaxın tariximizdə hamının ucdantutma birləşdiyi  bir çox hallarda mətbuatın ironiya ilə kalxoz  adlandırdığı qurumlar da  olub. Nəticələr ürəkaçan olmayıb. Belə qurumların daxilində hökumətin müxtəlif  təxribatlar törətmək, daxili intriqalar yaratmaq, özü üçün təhlükəli saydığı qərarların qəbuluna mane olmaq imkanı daha geniş olur.

Həm də söhbət hökumətə münasibətdə mövqeləri üst-üst düşən, ən azı yaxın olan qüvvələrin birliyindən getməlidir. Müxalifətin birliyi psevdomüxalifətə  reablitasiya şansı yaratmaq üçün istifadə olunmamalıdır. Müxalifətin birliyi müxalifətçilik standartlarını aşağı salmaq bahasına əldə olunmamalıdır,  tam əksinə prinsiplərə sədaqətlə tamamlanmalıdır.

Beləliklə, müxalifətin birliyi elə həddə geniş olmalıdır ki, hələ seçki kampaniyası başlayana qədər hamı hökumətə alternativin hansı blok olduğunu  dəqiq bilsin (Hökumət  istənilən halda  müxalifət adından çıxış edən çoxlu sayda blokun yaranmasına nail olacaq). Müxalifət düşərgəsi daxilində, protest elektaratı çərçivəsində “hansı seçki bloku müxalifəti təmsil edir?”  mövzusunda diskussiya  getməsin. Amma həm də  o qədər geniş olmamalıdır ki, fürsətcil və zirək psevdomüxalifətçilərə də  real müxalifət adından seçkiyə qatılmaq imkanı versin.

Kateqoriyalar: Yazılar, Əli Kərimli Etiketlər: ,