Arxiv

Posts Tagged ‘İlham Əliyev’

İlham Əliyev izahat versin

Mart 5, 2010 30 şərh

Vaşinqton Post qəzeti  Əliyevləri tam ifşa etdi. Sadə azərbaycanlılar iqtisadi böhranla çarpışırkən, Azərbaycan əhalisinin  2 milyona qədəri ayda 70-80 manatla dolanmağın sirlərinə yiyələndiyi vaxtlarda  ailəyə yaxın işbazlar da İlham Əliyevin  12 yaşlı oğlunun adına 44 milyon dollarlıq əmlak almaqla məşğul imişlər.

Vaşinqton  Postun əməkdaşı həmin əmlakın yerləşdiyi  Dubayın milyonçular məhəlləsinin  şəkillərini də yayimlayib. Araşdırma xarakterli məqalədə ailənin başqa korrupsiya  əməllərindən də bəhs edilir.

Maraqlıdır, nə edəcəklər? Bu yazını yazan Elmar deyil ki, ölürtdürələr. Aqil Xəlil deyil ki, bıçaqladıb, sonra da mənəvi terrora məruz qoyasan. Qənimət Zahid, Eynulla Fətullayev, Mirzə Sakit, Emin Milli, Adnan Hacızadə deyil ki, şərləyib həbs etdirəsən. Bəli, cənablar, korrupsiyanı, talanı, oğurluğu gizlətmək mümkün deyil. Siz burada 5-7 min tirajı olan qəzetlərdə ifşa olunacağınızdan  ehtiyatlanıb mətbuata divan tutdunuz, indi isə milyonlarla tirajı olan, dünyanın ən məşhur qəzetlərindən biri sizi ifşa etdi.

İqtisadi böhranın təsiri açıq etiraf olunmasa da, son illərdə hökumət xalqa yönəlik bir çox xərclərdən “qənaət” edir. 2009- cu ilin büdcə xərclərindən 15% kəsdilər. 2010-cu ildə də büdcə xərclərini 17% azaldıblar. Bu arada pensiya yaşını yuxarı qaldırmaqla, 10 000-lərlə iş yerini ixtisar etməklə, ən imkansızlar üçün nəzərdə tutulan sosial müavinətləri belə bir müddət verməməklə  də hökumət xalqdan xeyli “qənaət” etdi. Necə düşünürsünüz, bu “qənaətlərlə” Dubayda alınan 74 milyon dollarlıq əmlakın arasında bir əlaqə yoxdurmu?

Mənim şəxsən şübhəm yoxdur ki, bu məqalədə yazılanlar korrupsiya aysberqinin yalnız görünən kiçik bir hissəsidir.  İlham Əliyev yazılanlarla razılaşmırsa, Vaşinqton Postu məhkəməyə versin. Baxaq görək Azərbaycan məmurlarının nəzarət etmədiyi müstəqil məhkəmədə korrupsioner olmadığını sübut edib, yazılanları təkzib etdirə biləcəkmi? Yox, əgər bunu etməyəcəksə istefa versin! Üzərində təkzib olunmamış, belə ağır ittihamlarla dövləti təmsil etməzlər.

İlham Əliyevin Euronews kanalında müsahibəsinə söz ardı

Fevral 7, 2010 25 şərh

İlham Əliyevin bu müsahibəsinə böyük marağın olması başadüşüləndir. Axı o neçə illərdir ki, nəinki Azərbaycan jurnalistlərinə müsahibə vermir, hətta dünyanın ən nüfuzlu media quruluşlarına da müsahibə verməkdən imtina edir (enerji araşdırmaları ilə məşğul olan kiv-lər istisnadır). Azərbaycanın dövlət başçısının  xalqla təmasda yalnız monoloqa üstünlük verdiyi  təzə xəbər deyil.

Beləliklə, mən də müsahibəyə baxdım. Müsahibənin Qarabağa aid olan  1-ci hissəsi normal keçdi. Hər şey jurnalistin: “Sizin ölkənizdə Azərbaycan hələ SSRİ-nin tərkibinə daxil olmazdan əvvəl müsəlman dünyasında ilk demokratik respublika qurulub. O zaman siz Azərbaycanda postsovet diktaturasının hökm sürdüyü haqda danışanlara necə cavab verərdiniz?” sualından başladı.

1-ci doğru olmayan fikir

İlham Əliyev dedi ki, bütün bunlar  bir sıra beynəlxalq  kiv-lərin, özünü beynəlxalq hüquq müdafiə təşkilatı adlandıranların  çox ədalətsiz və olduqca qərəzli tənqidi hücumlarıdır.

Əvvəla, bu tənqidi hesabatları hazırlayanlar İlham Əliyevin acıqla beynəlxalq hüquq müdafiə təşkilatı  “adlandırılanlar”  kimi təqdim etdiyi əhəmiyyətsiz, tanınmamış təşkilatlar deyil.

Human Rights  Watch,  Freedom House, Beynəlxalq Amnistiya, Beynəlxalq Helsinki  Federasiyası başda olmaqla bütün nüfuzlu insan hüquqları təşkilatları, Sərhədsiz Repartiyorlar, Beynəlxalq Jurnalistləri  Müdafiə Komitəsi  başda olmaqla  dünyada söz azadlığını müdafiə edən qurumların tam əksəriyyəti Azərbaycan hakimiyyətini mütamadi olaraq tənqid edirlər.

2-cisi bu təşkilatlar İlham Əliyevin başçılıq etdiyi hökuməti insan haqlarınının tapdanmasına,  mediyaya olan təzyiqlərə, jurnalistlərin, gənc fəalların uydurma ittihamlarla həbsinə,  sərbəst toplaşma azadlığının, digər hüquq və azadlıqların məhdudlaşdırılmasına, seçkilərin saxtalaşdırılmasına görə tənqid edirlər. Hər kəs şahiddir ki, onlar bu tənqidlərində haqlıdır. Bir dövlət başçısı  hamının bildiyi həqiqətləri  elə hamının da gözünün qabağında danmağı  gərək özünə rəva görməsin.

Bir də ki, bu həqiqətləri təkcə onlar da demir.  Bütün nüfuzlu beynəlxalq KIV-lər bu həqiqətləri dünyaya yayır. AB Parlamenti, AŞ PA, ATƏT, ABŞ Dövlət departamenti, hətta BMT belə Azərbaycan hakimiyyətinin qeyri-demokratik idarəetməsini zaman-zaman mühakimə edir. Yoxsa İlham Əliyev inanırmış ki, avropalıları inandıracaq ki, onların 100 illər ərzində qurduğu bütün təşkilatlar ədalətsiz, qərəzli, amma o obyektiv və dürüstdür?

Məsələyə başqa tərəfdən də baxaq. Çətinliklə də olsa fərz edək ki,  İlham Əliyevin dediyi kimi bütün dünya bizə qarşı qərəzlidir. Bəs bunun məsuliyyətini kim daşıyır? Hanı sizin “uğurlu neft siyasətinizin” nəticəsi? Hanı sizin  “balanslı” xarici siyasətin nəticələri? Əgər bütün dünya bizə qarşıdırsa bu sizin xarici siyasətin iflası deyilmi?

2-ci doğru olmayan fikir

Jurnalistin – bəs o zaman Azərbaycanda müxalifətin real siyasi şanslardan məhrum edilməsi və bir çox opponentlərinizin səsini boğduğunuz haqda deyilənlər necə olsun?

Sualına dövlət başçısı nə az-nə çox beləcə də cavab verdi:

Bu məsələdə söz xalqındır… Bizim günahımız deyil ki, Azərbaycanda müxalifət zəifdir. Hətta sizə deyə bilərəm ki, müxalifət niyə bizdə bu cür fəlakətli vəziyyətdədir: ona görə ki, Azərbaycan xalqı getdikcə daha yaxşı yaşayır. Ötən ilki böhran dövründə bizim iqtisadiyyat 9,3 faiz artıb…

Partiyaların qərərgahını əllərindən alacaqsan, mitinqləri, yürüşləri, rayonlarda görüşləri polis gücünə qadağan edəcəksən, azad seçki keçirilməsinə imkan verməyəcəksən, illərlə müxalifətin TV-də görünməyinə qadağa qoyacaqsan, hətta müxalifət partiyası sədrinin pasport almağına belə imkan verməyəcəksən, sonra da avropalıya deyəcəksən ki, “Azərbaycan xalqı getdikcə daha yaxşı yaşayır. Ona görə də müxalifət zəifdir”

Düzü şərh etmək də çətindir.

Əvvəl düşündüm ki,  görünür günah avropalıların özündədir. Onlar yəqin əsas veriblər ki, İlham Əliyev onları belə sadəlöv, hər  əsassız sözə inanan sayır, amma jurnalistin tərs suallarından başa düşdüm ki, avropalılar bizə də, İlham Əliyevə də məsaj verdilər ki, onların əslində hər şeydən xəbəri var, amma nəyə görəsə özlərini  uzun müddət bilməyən kimi aparıblar.

Azərbaycan xalqının getdikcə daha da yaxşı yaşaması, hətta ötən ilki iqtisadi böhran ilində də bizdə inkişaf olması haqqında fikrin doğru olmadığına xalq özü şahiddir. Hökumətin özünün təqdim etdiyi rəqəmlər də  bu fikrin həqiqət olmadığını sübut edir. Ötən il dövlət büdcəsinin xərcləri nəzərdə tutulduğundan 20% az yerinə yetirilib, bu il də büdcənin 17% azalması nəzərdə tutulub. Avropada heç bir ölkədə belə bərbad vəziyyət yoxdur. Ona görə də mən ötən il tikintidə, metallurgiyada, ticarətdə, daşımaçılıq və başqa sahələrdə yaşanan böhrandan, iş yerlərinin bağlanmasından bəhs etmirəm.

“İqtisadiyyatın 9.3% artması” fikrinə də aydınlıq gətirmək istəyirəm. Yadınızdamı ötən il neft platformasında qəza (qaz sızması)  və Gürcüstanda müharibə səbəbindən ilin axırıncı rübündə  neft çıxarılması və satışı azalmışdı? Bu il belə problemlər olmadığından həcm etibarı ilə Beynəlxalq Əməliyyat Şirkəti  daha çox neft çıxarıb və satıb. Amma əsas məsələdən yan keçilir. Satılan neftə görə Azərbaycana ötən illə müqayisədə 3 dəfə az pul daxil olub. (Mənbə: anspress.com saytının 2 fevralda Dövlət Kömrük Komitəsinə istinadan yaydığı məlumat). İndi özünüz düşünün əgər ötən il ixracatdan Azərbaycana daxil olan pul 3 dəfə azalıbsa, bizim bu 3 dəfə az pula daha çox barel neft satmagımızı iqtisadi inkişaf adlandırmaq doğrudurmu?

Yenə də çətinliklə də olsa təsəvvür edək ki,  dövlət başçısının iddia etdiyi iqtisadi inkişaf həqiqətən də olub. Məgər xalqlar iqtisadi baxımdan  yaxşı yaşayanda müxalifət zəif olur? Bu nə məntiqdir? Bu necə təfəkkür tərzidir? Bu məntiqlə bizdən 10, 15, 20 dəfə yaxşı yaşayan Avropa ölkələrində, ABŞ-da gərək heç hakimiyyətlərlər dəyişməsin ki. Bəlkə İlham Əliyev bu avropalıların, amerikalıların, yaponların və bu qəbildən həqiqətən iqtisadiyyatı inkişaf etmiş xalqların qədirbilən olmamağına işarə edirmiş? O cür gözəl yaşayırlar, üstəlik də hər 4-5 ildən bir müxalifətə səs verib hökumətlərini dəyişirlər.

3-cü  doğru olmayan fikir

Jurnalistin bir nəfərin qeyri məhdud  müddətə prezident seçilməsinə imkan yaradan konstitusiya düzəlişləri ilə bağlı sualına cavab verərkən  İlham Əliyev iddia etdi ki, “bu düzəliş hansısa şəxsi səbəblərə görə edilməyib”. Onun bu fikrinin doğru olmadığını bilməyən varmı? Həm iqtidar tərəfdarları, həm də müxalifətçilər əmin deyilmi ki, bu düzəlişlər məhz onun yenidən “seçilməsinə” şərait yaratmaq üçün  edilib?

Dövlət başçısının bu düzəlişləri Avropada baş nazirlərin qeyri-məhdud müddətə  seçilmək imkanları ilə əsaslandırmağa çalışması da heç bir tənqidə dözmür. Əgər İlham Əliyev  baş nazirlərlə prezidentlərin statuslarını fərqləndirməkdə, niyə bütün dünyada baş nazirlərin deyil prezidentlərin seçilməsinə məhdudiyyət qoyulmasınının məntiqini başa düşməkdə çətinlik çəkirsə bu pis haldır. Başa düşürsə, amma bilə-bilə saxta arqumentlər gətirirsə  bu daha pis haldır.

Əslində bu 8 dəqiqəlik müsahibədə təkzib edilməli fikirlər daha çoxdur. Amma mən yazını yekunlaşdırmaq istəyirəm.

Sonda yazının əvvəlindəki bir fikrimə yenidən qayıtmaq istəyirəm. Müsahibədə İlham Əliyev Qarabağla bağlı doğru  fikirlər də səsləndirmişdi. Lakin mən əmin deyiləm ki, əcnəbi tamaşaçı o fikirlərin də düzgünlüyünə çübhə etməyəcək.  Ona görə yox ki, mən də bütün dünyanın bizə qarşı qərəzli olduğunu düşünürəm. Yox, ona görə ki, bu qədər qeyri-səmimi, doğru olmayan fikirlərin, saxta arqumentasiyanın içindən yeganə doğru fikri axtarıb tapmaq və ona inanmaq sadəcə çətin olacaq.

Ordumuzda ölüm konveyeri

Yanvar 30, 2010 24 şərh

Yanvarın 28-də  Azərbaycan  ordusunda növbəti  faciəvi  cinayət hadisəsi  baş verib. 2 əsgərimiz 4 yüksək rütbəli zabitimizi  öldürüb, 2 zabitimizi də ağır yaraladıqdan  sonra özlərini də öldürüblər. Heç şübhəsiz ki, bu xəbər  hər bir azərbaycanlını sarsıdıb. Çox ağır itkidir. Hərəsi bir evin ümüd yeri, dirəyi olan, birlikdə isə millətimizin güvənc yeri olan  6 gəncimizi olduqca mənasız bir ölüm əlimizdən aldı. Ölənlərin valideynlərinə, yaxınlarına,  bütövlükdə millətimizə başsağlığı verirəm,  kədərlərini bölüşürəm.

Əli Kərimli

Bütün dünya ordularında cinayətlər, bədbəxt hadisələr baş verir. Amma Azərbaycan Ordusunda baş verənlər heç bir ölçüyə sığmır, müqayisəyə gəlmir. Bir neçə ay qabaq da Seyfəli təlim mərkəzində bir əsgər 4 zabiti güllələmişdi. 2009-cu il ərzində orduda 73 nəfər hərbçimiz ölüb. Onun 28 nəfərinin atışma zəminində, silahla öldürülməsi rəsmən təsdiq olunub. Atəşkəs illərində orduda ölənlərin sayı isə 1000-lərlədir. Bütün bunlar çox dəhşətlidir. Nə baş verir ordumuzda? Əsgər və zabitlərimizi bir-birinə silah qaldırmağa  bəzən də özünü öldürməyə nə vadər edir? Haradandır bizim ordumuzda bu qədər qəddarlıq, insana, soydaşa nifrət?

Ordudakı çoxsaylı ölümlərin səbəbini  nizamnamədən kənar münasibətlərdə,  güclünün zəifi, yüksək rütbəlinin aşağı rütbəlini, çox xidmət edənin təzə gələnləri döyüb, təhqir edib, alçaltmasında axtarmaq lazımdır. Zorun legitimlik qazanmasında, şikayət etməyə obyektiv bir instansiyanın qalmamasında, qanunçuluğa nəzarətin, istintaqın, məhkəmənin iflasında axtarmaq lazımdır.

Orduda müşahidə etdiyimiz qəddarlığın da, insana nifrətin də, zora meylliliyin də səbəbini cəmiyyətdə, bugunki idarəetmədə axtarmaq lazımdır. Onlar gözlərini açıblar güclünün, vəzifəlinin, pulu çox olanın “haqlı” çıxdığını, qalib olduğunu görüblər. Polisin dinc əhalini-qadını, qocanı,  döyməsinin, sürüməsinin şahidi olublar. Onlar eşidiblər ki,  dinc əhalini döyən polislərin cəzalandırılmasını bütün dünya tələb etsə də prezidentləri buna imkan verməyib.  Hər il işgəncələrdən nə qədər adamın öldüyünü, buna görə heç kimin məsuliyyət daşımadığını, bu ölümlərin sadəcə statistikaya çevrildiyini görüblər. Beləliklə əmin olublar ki, bu cəmiyyətdə cinayətə görə cəza labüd deyil, insan həyatının isə heç bir qiyməti yoxdur.

Məsələyə bir az geniş yanaşsaq orduda bərqərar olmuş ölüm konveyerinə görə əslində hamımız məsuliyyət daşıyırıq. Hakimiyyət, bu kriminal rejimi qurduğu, bəslədiyi üçün təqsirlidir. Hər gün üzləşdiyimiz eybəcərliklərin memarı onlardır. Müxalifət olaraq bizlər,  neçə illər ərzində bu ölüm konveyerini durdura bilmədiyimiz üçün, cəmiyyəti səfərbər edib xalqı bu kriminal və korrupsioner hakimiyyətdən  hələ də xilas edə bilmədiyimiz üçün məsuliyyət daşıyırıq. Polis, prokuror, hakim hər yerdə zor və qəddarlıq toxumu səpdiklərinə, zorakılığı həyat normasına çevirdiklərinə, 1000-lərlə zorakılıq hallarına göz yumduqlarına  görə təqsirlidir. Vəzifəli şəxs, antiinsani rejimin bir vinti olduğuna görə, korrupsiya  və rüşvətin bu qədər adiləşib, həyat tərzimizə çevrilməsində iştirakına görə məsuliyyət daşıyır. Hətta müəllim belə hüquqsuz və savadsız şagirdlər yetişdirdiyinə görə günahkardır … Bütün yerdə qalanlar da  bu rəzaləti illər ərzində səssizcə seyr etdiyinə görə, mənim başım salamat olsun, başqasından mənə nə? Deyib yaşadığına, ölkədə dəyişikliklər üçün heç bir iş görmədiyinə  görə məsuliyyət daşıyır.

Amma bir nəfər var ki, onun məsuliyyəti hamıdan artıqdır. Bu şəxs əlbəttə ki, hər bir vətəndaşın həyatına görə məsul olan İlham Əliyevdir. Məhz onun idarəetmə anlayışı cəmiyyətin bütün sferalarında zorun, gücün kultunu yaradıb. Ölkədəki hüquqi nihilizm, cəzasızlıq, qanunçuluğun, məhkəmə sisteminin bu şəkildə gözdən düşməsi onun siyasətinin nəticəsidir.

Ordu da toplumun bir hissəsidir. Cəmiyyətimizə aid olan bütün problemlər orduya da aiddir. Amma ordu daha qapalı sistem olduğundan əslində bütövlükdə topluma aid problemlər orduda daha eybəcər formada zühur edir. Əlbəttə,  problemlərin əsaslı həlli Azərbaycanda  köklü dəyişıkliklərdən keçir. Ölkədə qanunçuluğun möhkəmlənməsi, müstəqil və ədalətli məhkəmə sisteminin bərqərar olması,  media azadlığının təmin edilməsi, ordu üzərində xalq tərəfindən seçilmiş parlament nəzarətinin təmin edilməsi, hərbi hissələrin qapılarının vətəndaş cəmiyyəti  nümayəndələri, jurnalistlər və əsgər valideynləri üçün açılması, korrupsiya ilə dövlət səviyyəsində mübarizə aparılması orduda da vəziyyəti müsbətə doğru dəyişəcək.

Amma bunların hamısı gələcəkdə olacaq. Korrupsiya və kriminal pramidası demontaj olandan sonra.  Ölkəmizdə demokratiya bərqərar olanda . O vaxta qədər camaatın min əziyyətlə böyüdüb, vətənin müdafiəsinə göndərdiyi uşaqları məhv olmamalıdır. Onların həyatını  belə mənasız ölümlərdən qorumalı olan şəxs isə dövlət başçısı İlham Əliyevdir.

Cənab İlham Əliyev,  sizin öz qurduğunuz sistemi köklü şəkildə dəyişəcəyinizlə bağlı bir illüziyamız yoxdur. Amma orduda ən elementar qayda-qanunu  yaratmağa siz borclusunuz.  Orduda daha nə baş verməlidir ki, siz ordunun problemlərini yüksək hərbi rəhbərliklə ciddi şəkildə müzakirə edəsiniz, əsgər və zabitlərimizin kütləvi şəkildə məhv edilməsinə görə məsuliyyət daşıyan şəxsləri   cəzalandırasınız? Dinc dövrdə, bir ildə  73 ölüm hadisəsinin  baş verməsi sizi inandırmadımı ki, ordudakı problemləri gizlətmək,  ört-basdır etmək yox,  onları həll etmək lazımdır?

Ilham Əliyevə Təşəkkür Edirəm

Yanvar 13, 2010 19 şərh

Vasif Talıbova  Şöhrət ordeni verməklə onun Naxçıvandakı idarəetməsindən məmnun olduğunu gizlətmədiyinə görə;

Naxçıvanın, hətta bütövlükdə Azərbaycanın da gündən-günə Özbəkistan  standartlarına uyğunlaşdırılması prosesinin arxasında şəxsən özünün dayandığını bu son addımı ilə xalqımıza  və bütün dünyaya bəyan etdiyinə görə;

Vasif Talıbova Şöhrət ordeni verməklə, dolayısı da olsa onu bütün rəhbər işçilərə nümunə göstərdiyinə görə;

Nəhayət, 3 gün qabaq blogumda Bənənyar hadisələri ilə bağlı yazdıqlarımı (yazmışdım ki, baş verənlərə görə İlham Əliyev şəxsən məsuliyyət daşıyır) təsdiq etdiyinə görə cənab İlham Əliyevə təşəkkür edirəm.

Kateqoriyalar: Yazılar, Əli Kərimli Etiketlər: ,