Arxiv

Posts Tagged ‘İsa Qəmbər’

“Təklifimin ağsaqqallığa dəxli yoxdur”

Fevral 26, 2010 15 şərh

26 February, 2010

Əli Kərimli: «Mənim yaşım ağsaqqallıq etməyə imkan vermir. Amma Isa bəy niyə ağsaqqallıq etmək istəmir, onu bilmirəm. Onun ki yaşı buna imkan verərdi»

«Kimin nə reaksiya verməsindən asılı olmayaraq, birlik üçün səylərimi davam etdirəcəm»

Müsavat başqanı Isa Qəmbərin “müxalifətdə casus axtarışı” tipli açıqlamaları düşərgə daxilində münasibətləri gərginləşdirib və bu gərginlik davam edir. “Azadlıq” blokuna daxil olan ALP lideri Lalə Şövkətə qarşı yönələn bu ittihamlar elə vəziyyət yaradıb ki, artıq müxalifətin seçkiyə böyük birlik halında getməsi ciddi sual altına düşüb. Yaranmış vəziyyətlə bağlı “Azadlıq”a müsahibəsində AXCP sədri Əli Kərimli çıxış yolunun qaldığını deyib və konkret təklif irəli sürüb. Ə.Kərimli Müsavat başqanının ad çəkmədiyini xatırladıb və deyib: “Isa bəy yaxın günlərdə xüsusi bir açıqlama ilə çıxış edib, onun ittihamlarının hədəfinin Lalə xanım olmadığını, bu fikri səsləndirən zaman Lalə xanımı düşünmədiyini söyləyə bilər. Təsəvvür edirsiniz, bu halda necə böyük dəyişiklik ola bilər…”.
AXCP sədrinin bu təklifinə Müsavat başqanı dünən münasibətini açıqlayıb. O, “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə bu təklifi şərt kimi qəbul etdiyini göstərib və “casus” mövzusunda dediklərinin üstündə qaldığını bildirib. I.Qəmbərin cavabına münasibət öyrənmək üçün Ə.Kərimliyə müraciət etdik:

– Əli bəy, “Azadlıq” bloku ilə Müsavatın seçkilərdə birgə iştirakına imkanların qaldığı barədə bizə müsahibənizdə dediklərinizə Isa Qəmbərdən cavab gəlib. Siz bildirmişdiniz ki, Isa Qəmbər özünün “casus” ittihamlarında ad çəkməyib, odur ki, gələcəkdə açıqlama verib Lalə Şövkəti nəzərdə tutmadığını deyə bilər və bununla da birlik danışıqları üçün əsas yaranar. Amma Müsavat başqanı bunu şərt kimi dəyərləndirib və sözlərinin üstündə qaldığını deyib…
– Mən özümə qarşı kiminsə şərt irəli sürməsini qəbul etmədiyim üçün, özüm də heç kimə şərt qoymuram. Mən sadəcə Isa bəyə təklif etdim ki, mövqeyini aydınlaşdırsa yaxşı olar. Bir aydır ki, Azərbaycan mətbuatı bir sadə məsələni aydınlaşdırmaq istəyir. Isa bəyin agent axtarışının hədəfində Lalə xanımdır, yoxsa, yox? Bir tərəfdən iddia olunur ki, Isa bəy Lalə xanımın adını çəkməyib və bu fikirdə həqiqət var. Digər tərəfdən hər şey edilir ki, ictimaiyyətdə belə bir qənaət yaransın ki, hədəf doğrudan da Lalə xanımdır. Mən də istədim ki, bu qeyri-müəyyənlik aradan qalxsın. Həm də pozitiv istiqamətdə. Hamı görür ki, Lalə xanıma qarşı bu ittihamın səslənməsi ictimaiyyətin necə etirazına səbəb olur. Isa bəy də deyib ki, o, Lalə xanımın adını çəkməyib. O zaman daha aydın şəkildə hədəfin Lalə xanım olmadığını söyləməklə müxalifətin birliyi qarşısında maneəni götürmək olmazmı? Təklifi qəbul edib-etməmək isə Isa bəyin işidir.

– Isa Qəmbərin cavabından belə görünür ki, təklifi qəbul etmir. Cavabı olduğu kimi deyirik: “Hesab edirəm ki, əgər Əli Kərimli ağsaqqallıq eləmək istəyirsə, bunu ”Azadlıq” blokunun çərçivəsində məhdudlaşdırsın. Mənim siyasətdə Əbülfəz Elçibəydən sonra ağsaqqalım olmayıb və kimsə çətin ki, ola bilsin”.
– Mənim təklifimin ağsaqqallığa dəxli yoxdur. Şəxsən mən çalışıram ki, nəinki məndən yaşca daha kiçik olanların, hətta övladım yaşında yeniyetmənin də təklifi ağlabatandırsa, onu qəbul edim. Yox, təklifi məqsədəuyğun saymıramsa, onda səbəbini izah edim. Mənim yaşım ağsaqqallıq etməyə imkan vermir. Amma Isa bəy niyə ağsaqqallıq etmək istəmir, onu bilmirəm. Onun ki yaşı buna imkan verir.

– Bütün bunlardan sonra “Azadlıq” bloku ilə Müsavatın seçkidə birgə iştirak etməsinə yenə də təşəbbüs göstərəcəksiniz?
– Əlbəttə. Kimin nə reaksiya verməsindən asılı olmayaraq, birlik üçün səylərimi davam etdirəcəm. Birliyin alternativi daxili rəqabətin güclənməsidir, pərakəndəlikdir, 2010-cu il fürsətinin itirilməsidir. Ötən illərin təcrübəsindən xatırlayıram ki, Azərbaycan müxalifətinin birləşməsinə nail olmaq heç vaxt asan olmayıb. Yeri gəlmişkən, Isa bəyin bu günkü (dünənki – red.) açıqlamasından sonra onlarla mətbuat orqanı məndən cavab almağa çalışıb. Mən əlbəttə, belə bir məsələyə sağlam jurnalist marağını təbii sayıram. Amma illərlə müxalifətin varlığını belə xatırlamayan iqtidaryönlü medianın müxalifət liderləri arasında polemika yaratmağa bu qədər maraq göstərməsi də bizi düşündürməlidir. Deməli, onlar maraqlıdır ki, müxalifət daxilində gərginlik artsın, müxalifət liderləri parlament seçkilərinə hazırlaşmaq əvəzinə bir-biri haqqında “şok” açıqlamalar versinlər, gündəm dəyişsin. Şəxsən mənim hakimiyyətin bu istəyinin reallaşmasına kömək etmək fikrim yoxdur. Isa bəyin hansı açıqlama verməsindən asılı olmayaraq, onunla mətbuat polemikası aparmayacağam. Xahiş edirəm, jurnalistlər də bunu nəzərə alıb, bu mövzu ilə bağlı nə mənim, nə də özlərinin vaxtlarını almasınlar.

Xəyal Şahinoğlu

http://azadliq.az/?p=49115

“Azadlıq”dan daha böyük birlik istəyirik

Yanvar 28, 2010 14 şərh

28 -01 -2010

Əli Kərimli: “Mənə heç kim izah edə bilməz ki, daha böyük koalisiya yaratmaq əvəzinə olan birliyimizdən imtina etməliyik»

«Avtoritar rejimlərdə seçkiyə 9 ay qalmış demokratik qüvvələr onları ayıran yox, birləşdirən məqamları axtarıb tapmalıdırlar»

Seçki müzakirləri müxalifətdaxili ittihamları gücləndirib. Bu dəfə ittihamlar partiya rəhbəri səviyyəsində səsləndirilir. Bir neçə gün əvvəl Müsavat başqanı İsa Qəmbər digər partiya sədrlərinin ünvanına «Rusiyanın, İranın, MTN-nin agenti» ifadəsini işlətmişdi.
Birlik müzakirlərinin aparıldığı dönəmdə bu açıqlama olduqca maraq doğurdu.
Qeyd edək ki, İsa Qəmbər  yalnız AXCP ilə birgə seçkiyə qatılmağa hazır olduğunu bəyan edib.
AXCP sədri Əli Kərimli ilə söhbətimizdə müxalifətdaxili müzakirələrdən, birlik modellərdən və qarşılıqlı ittihamlardan danışmışıq.

– Əli bəy, bələdiyyə seçkilərinin nəticələri fonunda cəmiyyətin, hakimiyyətin və müxalifətin parlament seçkilərinə hazırlığını necə qiymətləndirirsiniz?

– Baxmayaraq ki, bələdiyyə seçkiləri faktiki seçki kimi keçirilmədi, hətta əvvəlki illərdə olan demokratiyanın imitasiyası da baş vermədi. Ancaq paradoksal olsa da, mənim də, cəmiyyətin də parlament seçkiləri ilə bağlı gözləntiləri fərqlidir. Ötən ili demokratiyadan uzaq, demokratiyanın məhdudlaşdırılması ilə xarakterizə olunan il kimi yola salsaq da, amma bu ilin seçkiləri siyasi mübarizə üçün müəyyən imkanlar yaradacaq.

– Hansı mənalarda?

– Əvvəla, parlament seçkiləri prezident və bələdiyyə seçkilərindən pozitiv mənada çox fərqlənir. Bələdiyyə seçkilərinə cəmiyyət bir qayda olaraq çox əhəmiyyətsiz kimi baxır, çünki yerli idarəetmə orqanlarının səlahiyyətləri həddindən artıq məhduddur, beynəlxalq maraq da olmur. Bu mənada bələdiyyə seçkilərinin ölkədə nəyisə dəyişəcəyinə adamları inandırmaq olmur. Belə olduqda isə bələdiyyə seçkiləri əvvəlki illərdən də passiv keçir. Prezident seçkilərində isə yalnız bir yerə seçki keçirilir. Ölkədə saxtakarlıq şəraiti qaldıqca adamlar başa düşürlər ki, həmin bir yerə də hökumətin namizədi saxtalaşdırılaraq təyin olunacaq. Parlament seçkilərində isə kifayət qədər fərqli vəziyyət var. Əvvəla, bu seçkilər bələdiyyə seçkilərindən daha əhəmiyyətlidir və insanları inandırmaq olur ki, parlament seçkilərində ölkənin taleyi ilə bağlı hansısa dəyişikliklər ola bilər. Həm də bir çox ölkələrin təcrübəsi göstərib ki, parlament seçkiləri köklü dəyişikliklərin başlanğıcı olub, bu mənada bələdiyyə seçkilərindən fərqlənib. Prezident seçkilərindən ona görə fərqlənir ki, parlament seçkilərində tam və qəti qələbə və tam və qəti məğlubiyyət yoxdur. Ola bilsin ki, bir çox dairələrdə müxalifət məğlub olsa da, hansısa dairələrdə uğur qazana bilir. Yaxud qələbələr hansısa həddə rəsmiləşə bilməsə də, amma proseduru davam etdirmək olur. Məsələn, 2005-ci ilin parlament seçkilərində bütün saxtalaşdırmalardan sonra “Azadlıq” blokunun 8 nümayəndəsinin seçildiyi etiraf olunmuşdu. O başqa məsələdir ki, üçümüz mandatdan imtina etdik. Hazırda 40 namizədin şikayəti Avropa Məhkəməsində icraata götürülüb. Yəni prezident seçkilərindən fərqli böyük qələbə olmasa da, hansısa kiçik qələbələr istisna deyil. Amma böyük qələbələr də prinsipcə istisna deyil. Ona görə də parlament seçkilərinə maraq çox olur, o cümlədən parlament seçkilərinə iqtidarlı-müxalifətli və müstəqil olaraq yüzlərlə adam qatıldığından ictimai fəallıq kəsb edir. Beynəlxalq marağı da nəzərə alsaq parlament seçkiləri ictimai fəallığı gücləndirmək və demokratiya uğrunda müəyyən addımların atılması üçün yaxşı imkanlar yaradacaq.

– Ancaq təhlükələrdən danışanlardan da var. Müttəfiqiniz Lalə Şövkət bildirib ki, bələdiyyə seçkiləri parlament seçkiləri öncəsi məşq olduğundan daha süst keçə bilər, ona görə o, namizədliyini irəli sürməyəcək…

– Əvvəla, Lalə xanım cəmiyyəti hökumətin niyyətindən xəbərdar edir. O, demir ki, biz əlimizi yanımıza salıb hakimiyyətin niyyətini həyata keçirilməsini gözləməliyik. Lalə xanım cəmiyyətə mesaj verir ki, bələdiyyə seçkilərindən sonra biz bilməliyik ki, özümüz insanları kütləvi şəkildə mübarizəyə səfərbər edib hansısa dəyişikliklərə nail ola bilməsək hakimiyyətin niyyəti tam bir partiyalı sistemə keçməkdir.

– Bəs onun seçkilərdən geri çəkilməsini necə izah edərdiniz?

– Bu, geri çəkilmə yox, seçkilərdə iştirak etməməklə bağlı qərardır. Yəqin ki, özü lazım bilsə daha ətraflı izahatını verər. Amma Lalə xanım namizəd olmasa da müxalifətin, öz partiyasının, blokun qələbəsi üçün ciddi əzmlə çalışmaq əzmindədir. Mən onunla tez-tez əlaqə saxlayıram, o, yenə də özünə inamlı əhval-ruhiyyədədir. Bu il də Lalə xanım mübarizənin ön sıralarında olacaq.

– Ümumiyyətlə, Lalə xanımla seçkilərə və müxalifətin birliyinə yanaşmanızda ziddiyyət və fikir ayrılığı varmı?

– Biz Lalə xanımla çox yaxşı münasibətlərdəyik və bu, siyasi münasibətlərin üstündədir. Mən Lalə xanımda Azərbaycan siyasətçilərində görmədiyim bir çox xüsusiyyətləri görmüşəm. Ona görə də aramızdakı ziddiyyətlərdən danışmaq yersizdi, çünki belə şey yoxdur. Amma aramızda fərqli fikirlər ola bilər və biz bu məsələləri müzakirə edib ortaq məxrəcə gəlirik. Bilirsiniz, nə qədər insan varsa, bir o qədər də özünəməxsus subyektiv fikirlər var. Nəinki blokda, bir partiyanın daxilində də ilk baxışda bütün məsələlərə yekdil münasibət olmur, müzakirə tələb olunur, qarşılıqlı arqumentlərin hesablanması nəzərdə tutulur. Bu müzakirələr millətimiz, müxalifət üçün ən doğru olanı tapmaq üçündür. Belə olduqda hansısa antoqonist ziddiyyətdən və fərqli maraqlardan söhbət gedə bilməz. Ən yaxşını və doğrunu tapmaq üçün fikir mübadiləsindən söhbət gedir ki, bu, parlament seçkilərində iştirakın formalarından ibarətdir.

– Son zamanlar Siz də, müavininiz Fuad Qəhrəmanlı da müxalifətin birliyinin necə olması haqqında məqalələr yazmısınız. Müsavat rəsmiləri isə açıq şəkildə bəyan edirldər ki, birlik deyəndə yalnız AXCP ilə əməkdaşlığı nəzərdə tuturlar…

– Əvvəla, bu barədə Sizdən öncə başqa bir jurnalist də sual vermişdi. Mən məhz parlament seçkilərində iştirak etməklə bağlı Müsavat Partiyasının “Azadlıq” bloku ilə əməkdaşlıq etmək istəmədiyi barədə rəsmi mövqeyə rast gəlməmişəm. Ümid edirəm ki, belə bir mövqe olmayacaq. Hesab edirəm ki, Siz keçmişdə olan müzakirələrin təsiri altında bu sualı verirsiniz. Əvvəllər müxalifətin müxtəlif formatları yaranan zaman belə müzakirələr olub. Yəni “Azadlıq” bloku ilə Müsavat Partiyası arasında xoşagəlməz müzakirələr baş verib. Amma mən bilən parlament seçkiləri ilə əlaqədar istinad etdiyiniz mövqe Müsavat tərəfindən ifadə olunmayıb. Ona görə də qarşıdan gələn seçkilərdə demokratiya üçün çalışan qüvvələrə şərait yaradılmalıdır ki, ümummüxalifət birliyində təmsil olunub öz xidmətlərini xalq üçün versinlər. Amma hesab edirəm ki, mübarizənin mərkəzində “Azadlıq” bloku ilə Müsavat birlikdə dayanmalıdır. Bu mənada bu təşkilatlar arasında gərginlik yaratmağa yönələn açıqlamaları doğru saymıram.

– Müsavat Ali Məclisinin sədri Sülhəddin Əkbər qəzetimizə bu günlərdə deyib ki, onlar yalnız AXCP ilə birgə seçkilərdə iştirak etmək istəyirlər. Bu, Sizə nəsə demirmi?

– Xeyr! Bir daha vurğulamaq istəyirəm ki, zaman-zaman mətbuat vasitəsi ilə müzakirələr aparmışıq. Həm də təmaslarımızda demişik ki, hər hansı birləşmə təklifləri mövcud olandan daha mükəmməl birliyə doğru yönəlməlidir. Hər hansı birləşmə təklifi parçalanma assosasiyası yaratmamalıdır. Hazırda ölkənin üç partiyası beş ilə yaxındır ki, bir yerdə fəaliyyət göstərirlər. Bəli, etiraf edirik, bu birlik ölkənin demokratik resurslarını səfərbər etmək üçün yetərli deyil. Bu mənada “Azadlıq” blokundan da daha böyük birlik istəyirik. Onda niyə olanı parçalayaq? Necə başa düşmək olar bu məntiqi ki, hazırda “Azadlıq” bloku var. Bu yaxınlarda keçirilən sorğuların nəticəsində blokunun parlament seçkilərində müxalifətin əsas qüvvəsi kimi göstərilmişdi. Ancaq mən özüm blokun təsisçilərindən biri kimi düşünürəm ki, daha geniş birlik yarada bilək. Yarada bilmiriksə, olanı nə məqsədlə dağıtmağımızı başa düşmürəm. Mənə heç kim izah edə bilməz ki, biz daha böyük birlik yaratmaq əvəzinə olan birliyimizdən imtina etməliyik.

– Amma Müsavat rəsmiləri AXCP ilə birliyi ideoloji eyniliklə əsaslandırırlar…

– Bu şəkildə partiyaları dəyərləndirmək düz deyil. Bunlar hamısı keçilmiş mərhələlərdir. Həm də qarşılıqlı ittihamlar olan bir mərhələydi. Bilirsiniz, bizim neçə illər ərzində qarşılıqlı ittihamlar səsləndirməyə, biri-birimizi gözdən salmağa vaxtımız olub, hətta lazım olduğundan da çox olub. Çox təəssüf ki, hər dəfə seçki məğlubiyyətindən sonra müxalifət düşərgəsi daha yaxşı toparlanıb qələbə üçün birlik formatını axtarmaq əvəzinə qarşılıqlı ittihamlara üstünlük verib. Bu, təəssüf doğursa da, qismən başa düşüləndir ki, seçkilərdən sonra belə əhval-ruhiyyə Azərbaycan siyasətinə hakim olub. Mənim üçün çox qəribədir ki, seçkilərdən əvvəl bu cür qarşıdurma müxalifət düşərgəsində gücləndirilir. Hətta bəzən belə görünür ki, şüurlu şəkildə gücləndirilir. Bu, əlifbadır ki, bizim kimi avtoritar rejimlərdə seçkiyə 9 ay qalmış müddətdə demokratik qüvvələr onları ayıran, biri-birinə qarşı qoyan məqamları yox, birləşdirən məqamları axtarıb tapmalıdırlar. Niyə biz bu sadə həqiqətə əməl etməyək ki?

– Siz qarşılıqlı ittihamlar deyəndə Müsavat başqanı İsa Qəmbərin son açıqlamalarını nəzərdə tutursunuz?

– Mən ümumiyyətlə Azərbaycan müxalifətinin keçmişi ilə bağlı bu ifadəni işlətdim.

– Bəs İsa Qəmbərin son açıqlamalarını necə qiymətləndirirsiniz?

– Niyə elə hesab edirsiniz ki, mənim hər açıqlamamı İsa bəy, onun hər açıqlamasını mən qiymətlətləndirməliyəm? Biz ekspertik? Bizim fikrimizə oxucu, seçici və millət münasibət bildirsin. Axı hər dəfə biri-birimizin açıqlamalarımıza şərh versək münasibətlərimizi necə daha da yaxşılaşdıra bilərik? Yaxud seçki ilində müxalifətin birliyini necə yarada bilərik? Ona görə hər bir siyasətçinin açıqlamasına və əməlinə də seçici qiymət verməlidir, dar mənada da oxucu.

– Mən ona görə bu məsələnin üzərində dayanıram ki, İsa Qəmbərin dediklərinə müttəfiqiniz Lalə Şövkətin müavini Əvəz Temirxan çox sərt münasibət bildirdi. Bu mənada Sizin də reaksiyanız lazım deylmi?

– Xeyr, təhrif edirsiniz. Əvəz bəy İsa bəyin dediklərinə hər hansı sərt münasibət bildirməyib. Əvəz bəy “Yeni Müsavat”dakı yazılarla bağlı danışıb.

– Əli bəy, Əvəz Temirxan MIA.Az saytına bu barədə danışaraq bildirib ki, İsa Qəmbər 37-ci ilin ovqatında danışır və bizim qəzet də bu açıqlamanı dərc edib…

– Natiq bəy, mən dedim, ikinci dəfə təkrar edirəm, mənə, müxalifət partiyasının sədri və bloku həmsədri kimi müxalifəti birləşdirən məqamları cəlb etmək lazımdır. Sizə nəyə görə əks lazımdır?

– Əks lazım deyil. Məni düzgün başa düşün. Onda sualı belə qoyuram, İsa Qəmbərin məlum açıqlaması müxalifətin birliyini yaxınlaşdırır, yoxsa…?

– Mən elə indicə sualınıza cavab verdim. Yəni nəyə görə siyasətçilərin biri-birinin açıqlamalarını şərh etməyi doğru saymıram. Əgər sualın cavabını verdimsə, onda vaxtımızdan səmərəli istifadə edək.

– İsa Qəmbər demişdi ki, müxalifət düşərgəsində, İranın, Rusiyanın, MTN-in, Ramiz Mehdiyevin adamları var…

– Natiq bəy, sualınıza cavab vermişəm, buyurun davam edin.

– Aydındır! Nədənsə müxalifət düşərgəsində gözləmə mövqeyi var. O mənada kimsə gəlib seçki öncəsi durumu dəyişəcək, yalnız bundan sonra parlament seçkilərində namizəd olmağa dəyər. Bu münasibəti bölüşürsünüzmü?

– Xeyr. Hesab edirəm ki, il başlayandan olduğumuz düşərgədə ciddi müzakirələr başlanıb. Biz müxalifətin bir araya gəlməsi, daha uğurlu formatda birləşib 2010-cu il seçkilərinin yaratdığı fürsətdən cəmiyyəti fəallaşdırmaq üçün maksimum istifadə ilə bağlı ciddi işə başlamışıq. Həm ictimai təşkilatların, həm blokun buna hazırlanması prosesi gedir. Həm də paralel olaraq artıq partiyalardan birbaşa parlament seçkilərinə yönəlmiş hazırlıqlar da aparılır. Ola bilsin cəmiyyətin hansısa kəsimində dediyiniz gözlənti ola bilər. Amma siyasi qüvvələr də belə gözləmə mövqeyi ola bilməz. Hamımız yaxşı bilirik ki, özümüz özümüzə çarə tapmasaq, nəticə əldə etməsək heç kim bizi azadlığa qovuşduran deyil.

– Siz namizədliyinizi verəcəyiniz dairəni müəyyənləşdirmisinizmi?

– Xeyr!

– Təxminən nə vaxta müəyyən ola bilər?

– Hansısa dairədən namizəd olmağım mənim fikirlərimin çox az bir hissəsini məşğul edir. 2005-ci ildə ümumi səylərimin çox kiçik bir hissəsini öz dairəmdə qələbəyə sərf etdim. Demək olar ki, bütün gücümü blokun uğuru üçün səfərbər etdim və o rayon qalmadı ki, orda blokun namizədlərinin kampaniyasında iştirak etməyim. Ona görə indi özüm üçün bir dairədə seçki işini qurmaq düzgün olmazdı. Mənim üzərimdə bir partiyanın, hətta blokun məsuliyyətinin bir hissəsi var. Bu mənada hamının marağını və bütövlükdə seçki kampaniyasının strategiyasını düşünməyim düzgün olardı.

– Ancaq siyasi baxımdan fəal olanları Əli Kərimlinin hansı dairədən namizəd olması məşğul etmirmi?

– Məşğul etsin də. Kimlərsə qüvvələrini səfərbər etsin, sövdələşmələr edib hökumət namizədlərini düşünsün. Niyə də məşğul olmasınlar?

– Siz istəmirsiniz ki, cəmiyyət hansı dairədən namizəd olacağınızı bilsin?

– Vaxt çatanda elan edəcəyəm. Partiyadaşlarımla, mənimlə birgə olan müxalifətçilərlə məsləhətləşəcəm. İndi nə olub, heç nə olmamış Əli Kərimli öz dairəsini müəyyənləşdirməklə məşğul olmalıdır?!

– Bəzi siyasilər dairələrini müəyyənləşdirdiyinə görə bu sualları verirəm.

– Mən artıq sözümü dedim.

Natiq CAVADLI

http://www.bizimyol.az/?mod=news&act=view&nid=33750