Arxiv

Posts Tagged ‘Müsahibə’

İlham Əliyevin Euronews kanalında müsahibəsinə söz ardı

Fevral 7, 2010 25 şərh

İlham Əliyevin bu müsahibəsinə böyük marağın olması başadüşüləndir. Axı o neçə illərdir ki, nəinki Azərbaycan jurnalistlərinə müsahibə vermir, hətta dünyanın ən nüfuzlu media quruluşlarına da müsahibə verməkdən imtina edir (enerji araşdırmaları ilə məşğul olan kiv-lər istisnadır). Azərbaycanın dövlət başçısının  xalqla təmasda yalnız monoloqa üstünlük verdiyi  təzə xəbər deyil.

Beləliklə, mən də müsahibəyə baxdım. Müsahibənin Qarabağa aid olan  1-ci hissəsi normal keçdi. Hər şey jurnalistin: “Sizin ölkənizdə Azərbaycan hələ SSRİ-nin tərkibinə daxil olmazdan əvvəl müsəlman dünyasında ilk demokratik respublika qurulub. O zaman siz Azərbaycanda postsovet diktaturasının hökm sürdüyü haqda danışanlara necə cavab verərdiniz?” sualından başladı.

1-ci doğru olmayan fikir

İlham Əliyev dedi ki, bütün bunlar  bir sıra beynəlxalq  kiv-lərin, özünü beynəlxalq hüquq müdafiə təşkilatı adlandıranların  çox ədalətsiz və olduqca qərəzli tənqidi hücumlarıdır.

Əvvəla, bu tənqidi hesabatları hazırlayanlar İlham Əliyevin acıqla beynəlxalq hüquq müdafiə təşkilatı  “adlandırılanlar”  kimi təqdim etdiyi əhəmiyyətsiz, tanınmamış təşkilatlar deyil.

Human Rights  Watch,  Freedom House, Beynəlxalq Amnistiya, Beynəlxalq Helsinki  Federasiyası başda olmaqla bütün nüfuzlu insan hüquqları təşkilatları, Sərhədsiz Repartiyorlar, Beynəlxalq Jurnalistləri  Müdafiə Komitəsi  başda olmaqla  dünyada söz azadlığını müdafiə edən qurumların tam əksəriyyəti Azərbaycan hakimiyyətini mütamadi olaraq tənqid edirlər.

2-cisi bu təşkilatlar İlham Əliyevin başçılıq etdiyi hökuməti insan haqlarınının tapdanmasına,  mediyaya olan təzyiqlərə, jurnalistlərin, gənc fəalların uydurma ittihamlarla həbsinə,  sərbəst toplaşma azadlığının, digər hüquq və azadlıqların məhdudlaşdırılmasına, seçkilərin saxtalaşdırılmasına görə tənqid edirlər. Hər kəs şahiddir ki, onlar bu tənqidlərində haqlıdır. Bir dövlət başçısı  hamının bildiyi həqiqətləri  elə hamının da gözünün qabağında danmağı  gərək özünə rəva görməsin.

Bir də ki, bu həqiqətləri təkcə onlar da demir.  Bütün nüfuzlu beynəlxalq KIV-lər bu həqiqətləri dünyaya yayır. AB Parlamenti, AŞ PA, ATƏT, ABŞ Dövlət departamenti, hətta BMT belə Azərbaycan hakimiyyətinin qeyri-demokratik idarəetməsini zaman-zaman mühakimə edir. Yoxsa İlham Əliyev inanırmış ki, avropalıları inandıracaq ki, onların 100 illər ərzində qurduğu bütün təşkilatlar ədalətsiz, qərəzli, amma o obyektiv və dürüstdür?

Məsələyə başqa tərəfdən də baxaq. Çətinliklə də olsa fərz edək ki,  İlham Əliyevin dediyi kimi bütün dünya bizə qarşı qərəzlidir. Bəs bunun məsuliyyətini kim daşıyır? Hanı sizin “uğurlu neft siyasətinizin” nəticəsi? Hanı sizin  “balanslı” xarici siyasətin nəticələri? Əgər bütün dünya bizə qarşıdırsa bu sizin xarici siyasətin iflası deyilmi?

2-ci doğru olmayan fikir

Jurnalistin – bəs o zaman Azərbaycanda müxalifətin real siyasi şanslardan məhrum edilməsi və bir çox opponentlərinizin səsini boğduğunuz haqda deyilənlər necə olsun?

Sualına dövlət başçısı nə az-nə çox beləcə də cavab verdi:

Bu məsələdə söz xalqındır… Bizim günahımız deyil ki, Azərbaycanda müxalifət zəifdir. Hətta sizə deyə bilərəm ki, müxalifət niyə bizdə bu cür fəlakətli vəziyyətdədir: ona görə ki, Azərbaycan xalqı getdikcə daha yaxşı yaşayır. Ötən ilki böhran dövründə bizim iqtisadiyyat 9,3 faiz artıb…

Partiyaların qərərgahını əllərindən alacaqsan, mitinqləri, yürüşləri, rayonlarda görüşləri polis gücünə qadağan edəcəksən, azad seçki keçirilməsinə imkan verməyəcəksən, illərlə müxalifətin TV-də görünməyinə qadağa qoyacaqsan, hətta müxalifət partiyası sədrinin pasport almağına belə imkan verməyəcəksən, sonra da avropalıya deyəcəksən ki, “Azərbaycan xalqı getdikcə daha yaxşı yaşayır. Ona görə də müxalifət zəifdir”

Düzü şərh etmək də çətindir.

Əvvəl düşündüm ki,  görünür günah avropalıların özündədir. Onlar yəqin əsas veriblər ki, İlham Əliyev onları belə sadəlöv, hər  əsassız sözə inanan sayır, amma jurnalistin tərs suallarından başa düşdüm ki, avropalılar bizə də, İlham Əliyevə də məsaj verdilər ki, onların əslində hər şeydən xəbəri var, amma nəyə görəsə özlərini  uzun müddət bilməyən kimi aparıblar.

Azərbaycan xalqının getdikcə daha da yaxşı yaşaması, hətta ötən ilki iqtisadi böhran ilində də bizdə inkişaf olması haqqında fikrin doğru olmadığına xalq özü şahiddir. Hökumətin özünün təqdim etdiyi rəqəmlər də  bu fikrin həqiqət olmadığını sübut edir. Ötən il dövlət büdcəsinin xərcləri nəzərdə tutulduğundan 20% az yerinə yetirilib, bu il də büdcənin 17% azalması nəzərdə tutulub. Avropada heç bir ölkədə belə bərbad vəziyyət yoxdur. Ona görə də mən ötən il tikintidə, metallurgiyada, ticarətdə, daşımaçılıq və başqa sahələrdə yaşanan böhrandan, iş yerlərinin bağlanmasından bəhs etmirəm.

“İqtisadiyyatın 9.3% artması” fikrinə də aydınlıq gətirmək istəyirəm. Yadınızdamı ötən il neft platformasında qəza (qaz sızması)  və Gürcüstanda müharibə səbəbindən ilin axırıncı rübündə  neft çıxarılması və satışı azalmışdı? Bu il belə problemlər olmadığından həcm etibarı ilə Beynəlxalq Əməliyyat Şirkəti  daha çox neft çıxarıb və satıb. Amma əsas məsələdən yan keçilir. Satılan neftə görə Azərbaycana ötən illə müqayisədə 3 dəfə az pul daxil olub. (Mənbə: anspress.com saytının 2 fevralda Dövlət Kömrük Komitəsinə istinadan yaydığı məlumat). İndi özünüz düşünün əgər ötən il ixracatdan Azərbaycana daxil olan pul 3 dəfə azalıbsa, bizim bu 3 dəfə az pula daha çox barel neft satmagımızı iqtisadi inkişaf adlandırmaq doğrudurmu?

Yenə də çətinliklə də olsa təsəvvür edək ki,  dövlət başçısının iddia etdiyi iqtisadi inkişaf həqiqətən də olub. Məgər xalqlar iqtisadi baxımdan  yaxşı yaşayanda müxalifət zəif olur? Bu nə məntiqdir? Bu necə təfəkkür tərzidir? Bu məntiqlə bizdən 10, 15, 20 dəfə yaxşı yaşayan Avropa ölkələrində, ABŞ-da gərək heç hakimiyyətlərlər dəyişməsin ki. Bəlkə İlham Əliyev bu avropalıların, amerikalıların, yaponların və bu qəbildən həqiqətən iqtisadiyyatı inkişaf etmiş xalqların qədirbilən olmamağına işarə edirmiş? O cür gözəl yaşayırlar, üstəlik də hər 4-5 ildən bir müxalifətə səs verib hökumətlərini dəyişirlər.

3-cü  doğru olmayan fikir

Jurnalistin bir nəfərin qeyri məhdud  müddətə prezident seçilməsinə imkan yaradan konstitusiya düzəlişləri ilə bağlı sualına cavab verərkən  İlham Əliyev iddia etdi ki, “bu düzəliş hansısa şəxsi səbəblərə görə edilməyib”. Onun bu fikrinin doğru olmadığını bilməyən varmı? Həm iqtidar tərəfdarları, həm də müxalifətçilər əmin deyilmi ki, bu düzəlişlər məhz onun yenidən “seçilməsinə” şərait yaratmaq üçün  edilib?

Dövlət başçısının bu düzəlişləri Avropada baş nazirlərin qeyri-məhdud müddətə  seçilmək imkanları ilə əsaslandırmağa çalışması da heç bir tənqidə dözmür. Əgər İlham Əliyev  baş nazirlərlə prezidentlərin statuslarını fərqləndirməkdə, niyə bütün dünyada baş nazirlərin deyil prezidentlərin seçilməsinə məhdudiyyət qoyulmasınının məntiqini başa düşməkdə çətinlik çəkirsə bu pis haldır. Başa düşürsə, amma bilə-bilə saxta arqumentlər gətirirsə  bu daha pis haldır.

Əslində bu 8 dəqiqəlik müsahibədə təkzib edilməli fikirlər daha çoxdur. Amma mən yazını yekunlaşdırmaq istəyirəm.

Sonda yazının əvvəlindəki bir fikrimə yenidən qayıtmaq istəyirəm. Müsahibədə İlham Əliyev Qarabağla bağlı doğru  fikirlər də səsləndirmişdi. Lakin mən əmin deyiləm ki, əcnəbi tamaşaçı o fikirlərin də düzgünlüyünə çübhə etməyəcək.  Ona görə yox ki, mən də bütün dünyanın bizə qarşı qərəzli olduğunu düşünürəm. Yox, ona görə ki, bu qədər qeyri-səmimi, doğru olmayan fikirlərin, saxta arqumentasiyanın içindən yeganə doğru fikri axtarıb tapmaq və ona inanmaq sadəcə çətin olacaq.

Advertisements

Əli Kərimli: “Özündən deyən partiyaların heç biri ayrılıqda ölkənin demokratikləşməsi istiqamətində hansısa ciddi uğura imza ata bilməyib” – MÜSAHİBƏ

Yanvar 27, 2010 6 şərh

[ 27 Yanvar 2010 14:40 ] 

“… Bura özümüzü də daxil edirəm”

Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin APA-ya müsahibəsi

– Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə AXCP və “Azadlıq” bloku daxilində hazırlıq başlayıbmı?

– Hazırda parlament seçkiləri ilinin əvvəlindəyik və indiki mərhələnin əsas vəzifəsi müxalifətin seçkidə hansı formada, hansı formatda iştirak edəcəyi ilə bağlı qərarlar verməkdir. Mənim fikrim bundan ibarətdir ki, biz imkan daxilində müxalifətin geniş birliyini yaratmalıyıq. Hesab edirəm ki, müxalifətin real hissəsinin bir araya gəlməsi Azərbaycan cəmiyyətində parlament seçkilərinə marağı və ümidi, eyni zamanda müxalifətin resurslarını da artırar. Ona görə də müxalifətin bir araya gəlməsini vacib şərt hesab edirəm. Düşünürəm ki, bu, parlament seçkilərində uğur qazanmağımıza ciddi kömək edə bilər. Eyni zamanda hesab edirəm ki, müxalifətin bir araya gəlməsi o mənanı kəsb etməməlidir ki, bu ada iddia edən bütün qurumlar bir araya gəlməlidir. Heç şübhəsiz ki, indiyə qədər hakimiyyətə münasibətdə prinsipial mövqe ortaya qoya bilməyən, zaman-zaman müxalifətin deyil, hakimiyyətin maraqlarından çıxış edən siyasi qüvvələr bu tipli birlikdə olmamalıdır. Bu, kifayət qədər prinsipial məsələdir və biz bu gün bu məsələni həll etməliyik. Həm partiya, həm blok daxilində müzakirələr aparılır. Prinsip etibarı ilə dediklərimlə bağlı ciddi mübahisə, fikir ayrılığı yoxdur. Amma bu düsturu konkretləşdirmək – hansı partiyalar bu prinsiplərə uyğun hesab olunmalıdır, hansıları uyğun hesab olunmamalıdır, “Azadlıq” bloku bu seçkilərdə kimləri özünə strateji müttəfiq seçməlidir – bununla bağlı müzakirələr davam edir. Yəqin ki, yaxın bir-iki ay ərzində bu müzakirələr nəticə verəcək.

– Parlament seçkilərində namizədliyinizi irəli sürmək fikrindəsinizmi?

– Son qərarı vermək üçün hələ tezdir. Amma mənim seçkilərdə iştirakın lazımlığı barədə ilkin qərarım var. Ümumiyyətlə, vəziyyətin kifayət qədər mürəkkəb olmasına baxmayaraq, mən hesab edirəm ki, 2010-cu ildə demokratiya istiqamətində müəyyən addımlar atmaq, parlament seçkilərində əhalini səfərbər edib mübarizəyə cəlb etmək olar. Adamların itirilmiş ümidlərini bərpa etmək mümkündür. Bunun üçün də seçkidə iştirak etmək, mübarizənin ön sıralarında yer almaq mənim planlarıma daxil olacaq.

– “Azadlıq” bloku daxilində real müxalifətin müəyyənləşməsi ilə bağlı başlayan müzakirələrdə ciddi fikir ayrılıqlarının ortaya çıxmasına səbəb nədir?

– Blokun daxilində normal müzakirələr gedir. Fikir ayrılıqları ilə fikir müxtəlifliyini fərqləndirmək lazımdır. Blokun daxilində hər hansı uzlaşmayan, bir-birinə daban-dabana zidd mövqelər yoxdur. Müəyyən fərqli yanaşmalar var. Artıq mətbuatda bu barədə müəyyən məlumatlar yayılıb. Konsensus əldə etməyin, birgə qərarların qəbulunun yolu bundan keçir ki, gərək birgə müzakirələr aparasan. Arqumentlərinlə həmkarlarını, müttəfiqlərini inandırasan. Hazırda bu proses gedir. Biz daxili müzakirələrimizlə bir-birimizi inandırmağa çalışır, “Azadlıq” bloku, müxalifət və bütövlükdə Azərbaycan üçün ən düzgün variantın seçimi üzərində işləyirik.

– Müavininiz Nurəddin Məmmədli isə artıq AXCP-nın real müxalifətlə bağlı mövqeyini müəyyənləşdirdiyini deyib…

– Biz konkret olaraq bir-bir partiya adlarını sadalamaq fikrində deyilik. Belə açıqlamalar vermək niyyətimiz yoxdur. Yaradacağımız seçki bloku mövqeyimizi cəmiyyətə açıqlayacaq. Kimlər real müxalifət hesab ediriksə, çalışacağıq ki, seçkilərdə onlarla birgə hərəkət edək.

– “Azadlıq” blokunda olan üç partiyanın real müxalifət anlayışına münasibətləri necədir?

– Hər hansı ciddi fərqlər yoxdur. Ola bilsin ki, partiyalararası münasibətlər müəyyən fərqlər var. Amma prinsip etibarı ilə real müxalifət anlayışına və ümumiyyətlə, hökumətə münasibətdə fikir ayrılığı yoxdur.

– Sizin seçkilərə “Azadlıq” bloku ilə Müsavat Partiyasının birgə qatılması ilə bağlı təklifiniz var. Müsavat Partiyası isə bildirir ki, yalnız AXCP ilə müttəfiq ola bilər, blokdakı digər partiyaları qəbul etmir. Bu yanaşmanı necə qiymətləndirirsiniz?

– Əvvəla, Müsavat Partiyasının belə konkret açıqlamasına rast gəlməmişəm. Əvvəllər belə müzakirələr olub, bu, müxalifətin əməkdaşlıq mərkəzi formalaşan zaman baş verib. Amma parlament seçkilərində Müsavat Partiyasının “Azadlıq” bloku ilə, o cümlədən AXCP-nin blokdakı müttəfiqləri ilə əməkdaşlıq etmək istəmədiyi barədə açıqlama ilə rastlaşmamışam. Ümumiyyətlə, mənim fikrim ondan ibarətdir ki, biz müxalifətin ağlabatan, effektli və mümkün qədər prinsipial birliyini ortaya qoymalıyıq. Bu işi görmək üçün imkan daxilində detallarla bağlı mətbuata az danışıb çox işləmək lazımdır. Ona görə də mən bu kimi suallara ümumi cavab verirəm. Bu saat o məni maraqlandırmır ki, şok açıqlamalar verim, mətbuatın, oxucuların da diqqətini bu açıqlamalar daha çox cəlb etsin. Məni daha çox o maraqlandırır ki, gördüyümüz iş nəticə versin. Ona görə də bu arada mətbuat bizdən xüsusi maraqlı açıqlama gözləməsin. Diqqətimiz ona cəlb olunacaq ki, açıqlamadansa səmərəli işlər görüm.

– VİP sədri Əli Əliyevin sizə qarşı şərt irəli sürərək, bir həftə müddətinə mövqeyinizi müəyyənləşdirilməyinizi tələb etdiyini bildirir. Bu nə qədər həqiqətə uyğundur?

– Bu bizim bədxahlarımızın yaydığı şayiədir. “Azadlıq” bloku daxilində münasibətlərimiz elə deyil ki, bir-birimizlə şərt dili ilə danışaq. Belə şeylər “Azadlıq” bloku daxilində mümkün deyil. Bu, “Azadlıq” bloku daxilində problem görmək istəyənlərin uydurmasıdır.

– “Azadlıq” blokunun Müsavat Partiyası ilə əməkdaşlıq ehtimalı nə qədərdir?

– Belə deyək ki, ən ağlabatan versiyalardan biri məhz elə “Azadlıq” bloku ilə Müsavat Partiyasının parlament seçkilərində əməkdaşlığına nail olmaqdır. Mənə elə gəlir ki, bu, müxalifətin və ümumiyyətlə, demokratik qüvvələrin marağında olmalıdır. Biz ardıcıl olaraq, addım-addım çalışacağıq ki, bu əməkdaşlıq, strateji birlik mümkün olsun.

– Amma belə bir məqamda “Azadlıq” blokunda təmsil olunan Liberal Partiyasının rəhbərliyi Müsavat Partiyasına qarşı şərt ittihamlar irəli sürür. Sizcə, bu, münasibətlərin daha da korlanmasına səbəb olmayacaq?

– Bilirsiniz, çox partiyalı ölkələrdə partiyaların arasında təəssüf ki, nə qədər xoş olmasa da, müəyyən söz atışmaları zaman-zaman olur. O cümlədən Azərbaycanda da partiyaların tarixində kifayət qədər gərgin məqamlar, qarşılıqlı ittihamlar, təəssüf doğuran qarşılıqlı açıqlamalar görmüşük. Amma o da məlumdur ki, keçmişdəki xoşagəlməz açıqlamalara baxmayaraq, 2005-ci ildə o zaman ölkənin üç böyük partiyası bir araya gəlib “Azadlıq” blokunu yarada bildi və ciddi nəticələr əldə olundu.

Baxmayaraq ki, bizim qələbəmizi hüquqi cəhətdən rəsmiləşdirmək imkanımız olmadı, amma həm ölkə, həm dünya ictimaiyyəti gördü ki, müxalifət birləşdi, hər bir dairədən vahid namizəd irəli sürdü, seçkiləri uddu. “Azadlıq” blokunu 2005-ci ildə yaratmış qüvvələrin münasibətləri cəmi bir-iki il əvvəl olduqca sərt idi. Ona görə də bizə müxalifəti bir araya gətirmək üçün imkanlar lazımdır. Biz daha çox müxalifətin ortaq maraqlarını tapmaqda, üst-üstə düşən mövqelərini tapıb ortaya çıxarmaqda maraqlıyıq.

Görünür, başqalarını da müxalifəti daha çox ayıran məqamları görmək, onları işıqlandırmaq, bir az böyütmək maraqlandırır. Ona görə də biz daha çox müxalifəti daha çox bir araya gətirə bilən maraqların üzərində işləyəcəyik. Mən inanıram ki, müxalifət bir araya gətirmək maraqları kifayət qədər güclüdür. Liberal Partiya, Müsavat, AXCP üçün də Azərbaycanın demokratikləşməsi önəmlidir. Ayrı-ayrı fərdlərin nə deməsindən çox önəmlidir. Ona görə Azərbaycanın demokratikləşməsi, parlament seçkilərinin saxtalaşdırılmasının qarşısını almaq naminə əməkdaşıq etmək istəyi hansısa keçmiş xoşagəlməz əməllərə görə qisas almaq, əvəz çıxmaq hisslərindən üstün olmalıdır. Mən bütün dostlarımızla da söhbətlərdə çalışıram ki, bu mövqe üstünlük təşkil etsin və biz gerçək birlik əldə edə bilək.

– Siz bu qarşıdurmanı dayandıra biləcəksinizmi?

– Mən ümidliyəm və hesab edirəm ki, söhbət mənim bunu dayandırmağımdan yox, ümumilikdə, intriqa istəyinin mübarizə istəyini üstələməsinə yol verməməkdən getməlidir. Mən inanıram ki, seçkilər yaxınlaşdıqca hamımız daha çox birləşmə məqamları axtaracağıq ki, ölkədə vəziyyəti dəyişə bilək. Çünki bu faktdır ki, ayrı-ayrılıqda heç bir partiyanın ölkədəki vəziyyəti dəyişmək imkanları yoxdur. Kifayət qədər çox zaman keçib, əvvəlki illərdə belə hallar yaşamışıq, ayrı-ayrı vaxtlarda bütün partiyalar resurslarını ona xərcləyiblər ki, müxalifət daxilində hamıdan güclü olduqlarını sübut etsinlər. Bəzən təəssüf ki, biri digərini aşağılamağa da cəhd göstərib. Amma uzun illərin təcrübəsi göstərir ki, bu mübarizə bizi ölkənin demokratikləşməsinə bir addım da olsa yaxınlaşdırmayıb. Özündən deyən partiyaların heç biri – özümüzü də bura daxil edirəm – ayrılıqda ölkənin demokratikləşməsi istiqamətində hər hansı ciddi uğura imza ata bilməyib. O cümlədən xalqın kütləvi şəkildə demokratiya uğrunda mübarizəyə qoşulmasına nail olmayıb. Ona görə də hesab edirəm ki, indi uzun illərin ədalətsizliyini yaşamış müxalifət partiyalarının funksionerləri də, sıravi üzvləri də, xüsusilə liderləri də düşünməlidirlər ki, 2010-cu ilin yaratdığı yeni fürsəti necə edək ki, itirməyək. Ambisiya davalarına, dedi-qodulara, kim haqlıdır, kim güclüdür mövzusunda yersiz diskussiyalara bu şansımızı da xərcləyəkmi? Yoxsa, bir qədər daha təmkinli olub bizi birləşdirən maraqlar üzərində düşünüb real birlik yaradıb demokratiya istiqamətində hansısa addımlar ataq. Mənə elə gəlir ki, sonda birlik istiqamətində təşəbbüslər daha çox dəstəklənəcək. Hazırda müşahidə olunan müəyyən qarşılıqlı emosional açıqlamalar bir neçə müddətdən sonra gündəmdən çıxacaq. Biz partiyaların tarixində belə məqamları çox görmüşük.

– Demokratiya Uğrunda İttifaq “Azadlıq” blokunun rəhbərləri ilə görüş keçirib və müəyyən təkliflər irəli sürüblər. Bu təklifləri necə dəyərləndirirsiniz?

– Biz belə razılaşmışıq ki, bu görüş haqqında görüş faktından başqa mətbuata hər hansı açıqlama verməyək. Ona görə seçki ilində ayrı-ayrı siyasi qüvvələrin məsləhətləşmələri olduqca normaldır və təbiidir. Buna sevinmək lazımdır ki, keçmişdə hər hansı qarşılıqlı ittihamların olmasına baxmayaraq, indi ölkənin bütün müxalifət qüvvələri bir-biri ilə danışa, məsləhətləşə bilirlər. Bu görüşü də bu baxımdan qiymətləndirmək lazımdır. “Azadlıq” bloku daxilində görüşdə qaldırılan məsələlər də müzakirə olunur.

– Bu müzakirələr davam edəcəkmi?

– Baxarıq.

– Müsavat Partiyasının başqanı İsa Qəmbərin müxalifətdə olan bəzi partiyaları İrana, Rusiyaya və hakimiyyətə işləməsi barədə ittihamlarını necə dəyərləndirirsiniz?

– Bu barədə İsa bəylə müzakirə aparmaq lazımdır. İsa bəy istəsə ki, daha konkret açıqlamalar versin, müəyyən qədər başlamış bu diskussiyalar daha da aydınlaşar. Amma qeyd etdiyim kimi, hazırda məni müxalifət daxilində əlavə qarşıdurmalar yaradan məqamlar yox, birləşdirmə məqamları daha çox maraqlandırır.

– Bu ittihamları nə qədər həqiqətə uyğun olduğunu düşünürsünüz?

– Mən bəyəm, milli təhlükəsizlik naziriyəm?!

Kateqoriyalar: Müsahibələr, Əli Kərimli Etiketlər: ,

Əhalini fəallaşdırmaqla bağlı planlarımız var

Yanvar 8, 2010 4 şərh

Əli Kərimli: «Parlament seçkilərində iştirak edəcəyik və seçkilərlə bağlı çox ciddi planlarımız mövcuddur»

2009-cu ilin ictimai-siyasi yekunları, müxalifətin mövcud durumu və planları barədə “Turan”ın suallarına  AXCP sədri Əli Kərimli cavab verib.
-2009-cu ildə iqtidarla müxalifət münasibətlərində hansı yeniliklər baş verib? Ilin yekunlarını necə qiymətləndirirsiniz?
– 2009-cu il uğursuz və itirilmiş illərdən biri kimi tarixə düşdü. Azərbaycan iqtisadi, siyasi, sosial, xarici siyasət sahəsində qarşısında duran vəzifələrin həyata keçirilməsinə nail ola bilmədi. Ötən il çox ciddi siyasi geriləmələrlə xarakterizə olundu. Martın 17-də keçirilən referendum bir nəfərin məhdudiyyətsiz müddətə hakimiyyəti əlində saxlamasına yaşıl işıq yandırdı. Konstitusiyaya düzəlişlər Ilham Əliyevin hətta ömürlük belə hakimiyyətdə qalması üçün hüquqi mexanizm yaratdı. Bələdiyyə seçkiləri indiyədək keçirilən bütün seçkilərin ən qeyri-demokratiki oldu, çoxpartiyalılıqdan imtina ilə xarakterizə olundu, birpartiyalı seçkilər oldu. Seçkilər, demək olar ki, heç bir rəqabət şəraiti olmadan keçirildi. Il ərzində söz və mətbuat azadlığına basqılar davam etdi. 2007-2008-ci ildə həbs edilmiş baş redaktorlar, gənclər, digər siyasi məhbuslar həbsdə qaldı. Bu il gənc bloggerlər həbs olundu və siyasi məhbusların sayı xeyli artdı.
2009-cu il siyasi baxımdan Azərbaycanın daha da qeyri-demokratikləşdiyi, söz və mətbuat, seçki, insan hüquq və azadlıqlarının məhdudlaşdırıldığı bir il kimi xarakterizə olundu. Beynəlxalq təşkilatlar da artıq Azərbaycanda davamlı avtoritar rejimin yarandığını bəyan etdi. Il iqtisadi baxımdan uğursuzluqla xarakterizə olundu. Büdcə gəlirləri 18 faiz azaldı, gələn il də büdcə gəlirləri 17 faiz, yəni 2 milyard manat civarında azalacaq. Təkcə bu rəqəm Azərbaycanda iqtisadi böhranın nə qədər dərin olduğunun göstəricisidir. Il ərzində vergilər 40 faiz kəsirlə toplandı, xarici ticarət dövriyyəsi 3 dəfə, xarici sərmayələr xeyli dərəcədə azalıb, yüz minlərlə insan işsizlər ordusuna qatılıb.
Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində heç bir uğur qazanılmadı. Danışıqlar davam etdirilsə də, bu danışıqlar bizi nizamlanmaya yaxınlaşdıra bilmədi. Əksinə, il ərzində Azərbaycanın beynəlxalq mövqeyi daha da zəiflədi. Bizim əvəzedilməz müttəfiqimiz olan Türkiyə ilə münasibətlərimizdə xeyli problemlər yaşandı. Azərbaycan bir sıra beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağla bağlı gözlədiyi dəstəyi ala bilmədi. Bütövlükdə, il xarici siyasət sahəsində də uğursuz oldu.
Ölkədə sosial problemlər daha da dərinləşdi. Il ərzində əmək haqları artırılmadı, yaşayış daha da çətinləşdi.
– 2009-cu ildə müxalifətin uğurları nədən ibarət olub? Müxalifət də bütün bu hadisələrin fonunda siyasi etirazlar nümayiş etdirmədi.
-Hesab edirəm ki, 2009-cu ildə müxalifətin uğurlarından danışmaq bir az yersizdir. Əgər ölkə başdan-ayağa uğursuzluq içərisindədirsə, müxalifətin də hər hansı uğurundan danışa bilmərik. Bütövlükdə ölkədəki uğursuzluqlar müxalifəti də əhatə edir. Düzdür, biz cəhd etdik ki, referenduma qarşı müxalifətin birgə etirazını təşkil edək, bu istiqamətdə müəyyən addımlar atdıq. Amma, bütövlükdə ölkədə müxalifət üçün də uğursuz bir il oldu.
– 2010-cu il parlament seçkiləri ilidir. Müxalifət gələn il üçün nə planlaşdırır və 2010-cu ildə uğurunu nədə görür?
– 2010-cu ildə müxalifətin müəyyən optimizmi, gözləntiləri var. Biz, 2010-cu ildə müxalifətin parlament seçkilərində daha fəal iştirak etməsinə çalışacağıq. Müxalifətin daha uğurlu birlik konfiqurasiyasını tapmaq, əhalini seçkilər zamanı daha da fəallaşdırmaqla bağlı planlarımız var. Ümidimiz var ki, Azərbaycan cəmiyyətində müəyyən aktivlik yarada biləcəyik.
-AXCP parlament seçkilərində iştirak edəcəkmi?
– Parlament seçkilərində iştirak edəcəyik və seçkilərlə bağlı çox ciddi planlarımız var.

Kateqoriyalar: Müsahibələr Etiketlər: ,