Arxiv

Posts Tagged ‘Müsavat’

“Təklifimin ağsaqqallığa dəxli yoxdur”

Fevral 26, 2010 15 şərh

26 February, 2010

Əli Kərimli: «Mənim yaşım ağsaqqallıq etməyə imkan vermir. Amma Isa bəy niyə ağsaqqallıq etmək istəmir, onu bilmirəm. Onun ki yaşı buna imkan verərdi»

«Kimin nə reaksiya verməsindən asılı olmayaraq, birlik üçün səylərimi davam etdirəcəm»

Müsavat başqanı Isa Qəmbərin “müxalifətdə casus axtarışı” tipli açıqlamaları düşərgə daxilində münasibətləri gərginləşdirib və bu gərginlik davam edir. “Azadlıq” blokuna daxil olan ALP lideri Lalə Şövkətə qarşı yönələn bu ittihamlar elə vəziyyət yaradıb ki, artıq müxalifətin seçkiyə böyük birlik halında getməsi ciddi sual altına düşüb. Yaranmış vəziyyətlə bağlı “Azadlıq”a müsahibəsində AXCP sədri Əli Kərimli çıxış yolunun qaldığını deyib və konkret təklif irəli sürüb. Ə.Kərimli Müsavat başqanının ad çəkmədiyini xatırladıb və deyib: “Isa bəy yaxın günlərdə xüsusi bir açıqlama ilə çıxış edib, onun ittihamlarının hədəfinin Lalə xanım olmadığını, bu fikri səsləndirən zaman Lalə xanımı düşünmədiyini söyləyə bilər. Təsəvvür edirsiniz, bu halda necə böyük dəyişiklik ola bilər…”.
AXCP sədrinin bu təklifinə Müsavat başqanı dünən münasibətini açıqlayıb. O, “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə bu təklifi şərt kimi qəbul etdiyini göstərib və “casus” mövzusunda dediklərinin üstündə qaldığını bildirib. I.Qəmbərin cavabına münasibət öyrənmək üçün Ə.Kərimliyə müraciət etdik:

– Əli bəy, “Azadlıq” bloku ilə Müsavatın seçkilərdə birgə iştirakına imkanların qaldığı barədə bizə müsahibənizdə dediklərinizə Isa Qəmbərdən cavab gəlib. Siz bildirmişdiniz ki, Isa Qəmbər özünün “casus” ittihamlarında ad çəkməyib, odur ki, gələcəkdə açıqlama verib Lalə Şövkəti nəzərdə tutmadığını deyə bilər və bununla da birlik danışıqları üçün əsas yaranar. Amma Müsavat başqanı bunu şərt kimi dəyərləndirib və sözlərinin üstündə qaldığını deyib…
– Mən özümə qarşı kiminsə şərt irəli sürməsini qəbul etmədiyim üçün, özüm də heç kimə şərt qoymuram. Mən sadəcə Isa bəyə təklif etdim ki, mövqeyini aydınlaşdırsa yaxşı olar. Bir aydır ki, Azərbaycan mətbuatı bir sadə məsələni aydınlaşdırmaq istəyir. Isa bəyin agent axtarışının hədəfində Lalə xanımdır, yoxsa, yox? Bir tərəfdən iddia olunur ki, Isa bəy Lalə xanımın adını çəkməyib və bu fikirdə həqiqət var. Digər tərəfdən hər şey edilir ki, ictimaiyyətdə belə bir qənaət yaransın ki, hədəf doğrudan da Lalə xanımdır. Mən də istədim ki, bu qeyri-müəyyənlik aradan qalxsın. Həm də pozitiv istiqamətdə. Hamı görür ki, Lalə xanıma qarşı bu ittihamın səslənməsi ictimaiyyətin necə etirazına səbəb olur. Isa bəy də deyib ki, o, Lalə xanımın adını çəkməyib. O zaman daha aydın şəkildə hədəfin Lalə xanım olmadığını söyləməklə müxalifətin birliyi qarşısında maneəni götürmək olmazmı? Təklifi qəbul edib-etməmək isə Isa bəyin işidir.

– Isa Qəmbərin cavabından belə görünür ki, təklifi qəbul etmir. Cavabı olduğu kimi deyirik: “Hesab edirəm ki, əgər Əli Kərimli ağsaqqallıq eləmək istəyirsə, bunu ”Azadlıq” blokunun çərçivəsində məhdudlaşdırsın. Mənim siyasətdə Əbülfəz Elçibəydən sonra ağsaqqalım olmayıb və kimsə çətin ki, ola bilsin”.
– Mənim təklifimin ağsaqqallığa dəxli yoxdur. Şəxsən mən çalışıram ki, nəinki məndən yaşca daha kiçik olanların, hətta övladım yaşında yeniyetmənin də təklifi ağlabatandırsa, onu qəbul edim. Yox, təklifi məqsədəuyğun saymıramsa, onda səbəbini izah edim. Mənim yaşım ağsaqqallıq etməyə imkan vermir. Amma Isa bəy niyə ağsaqqallıq etmək istəmir, onu bilmirəm. Onun ki yaşı buna imkan verir.

– Bütün bunlardan sonra “Azadlıq” bloku ilə Müsavatın seçkidə birgə iştirak etməsinə yenə də təşəbbüs göstərəcəksiniz?
– Əlbəttə. Kimin nə reaksiya verməsindən asılı olmayaraq, birlik üçün səylərimi davam etdirəcəm. Birliyin alternativi daxili rəqabətin güclənməsidir, pərakəndəlikdir, 2010-cu il fürsətinin itirilməsidir. Ötən illərin təcrübəsindən xatırlayıram ki, Azərbaycan müxalifətinin birləşməsinə nail olmaq heç vaxt asan olmayıb. Yeri gəlmişkən, Isa bəyin bu günkü (dünənki – red.) açıqlamasından sonra onlarla mətbuat orqanı məndən cavab almağa çalışıb. Mən əlbəttə, belə bir məsələyə sağlam jurnalist marağını təbii sayıram. Amma illərlə müxalifətin varlığını belə xatırlamayan iqtidaryönlü medianın müxalifət liderləri arasında polemika yaratmağa bu qədər maraq göstərməsi də bizi düşündürməlidir. Deməli, onlar maraqlıdır ki, müxalifət daxilində gərginlik artsın, müxalifət liderləri parlament seçkilərinə hazırlaşmaq əvəzinə bir-biri haqqında “şok” açıqlamalar versinlər, gündəm dəyişsin. Şəxsən mənim hakimiyyətin bu istəyinin reallaşmasına kömək etmək fikrim yoxdur. Isa bəyin hansı açıqlama verməsindən asılı olmayaraq, onunla mətbuat polemikası aparmayacağam. Xahiş edirəm, jurnalistlər də bunu nəzərə alıb, bu mövzu ilə bağlı nə mənim, nə də özlərinin vaxtlarını almasınlar.

Xəyal Şahinoğlu

http://azadliq.az/?p=49115

Advertisements