Əsas səhifə > haqqımda > Dostum Qənimət Zahidin yazısı: Əli Kərimli faktoru

Dostum Qənimət Zahidin yazısı: Əli Kərimli faktoru

qanimatzahid-yeniAXCP sədrini 50 yaşı münasibətilə bütün dostlar adından təbrik üçün söz

Qənimət Zahid

(“Azadlıq” qəzeti, 28 aprel 2015-ci il)

Bu gün onun 50 yaşı tamam olur. Gənclik dövrünün bitdiyini güman etmək olar, söyləmək olar, ehtimal və ya hökm etmək olar. 50 yaşı Azərbaycanda əvvəllər «yarı yaş» adlandırırdılar (Bir zamanların Azərbaycanında ömür belə hesablanırmış, yəqin ki. İndi Azərbaycanda yarı yaş 30-larda- filanda olur).

Bu 50 ilin yarıdan çoxunda onunla bir yerdəyəm. İndiki azərbaycanlıların yarı yaşı sayılacaq müddətə bərabər bir zamandır ki, onunla bir düşərgədə, bir təşkilatdayam və bu müddət ərzində onu müşahidə etmək üçün çox imkanlarım olub. Bir neçə dəfə də onun haqqında yazmışam. Bəri başdan deyim ki, onu heç zaman tənqid etməmişəm. Müxalifətdə olduğu müddətdə də heç zaman tənqid etməyəcəyəm. Mən o kəslərdən deyiləm ki, uzun müxalifətçilik dövrünü siyasətçinin şəxsi zəifliyi, bacarıqsızlığı, qələbəyə canatım kasadlığı kimi izah edim. Önümüzdə və gözlərimizin qabağında bu qədər qəddarlıq və siyasi qaydaları tanımayan bir qabalıq varsa, mən müxalif olanların dirənişini yalnız alqışlaya bilərəm.

Gözümüzün önündə həm də o faktlar var ki, nə qədər demokratiya və azadlıq mücahidi bu qabalığa təslim olub, yenilib, satılıb, düşərgəsini və dostlarını dəyişib, əqidəsini və savaşını satıb… necə istəyirsiniz ifadə edə bilərsiniz.

Əli Kərimli yenilməyənlərdəndir və heç zaman da yenilməyəcək. Hər zaman mübarizəsini aparacaq. Buna görə də «müxalifətdə olduğu bütün zamanlarda onu tənqid etməyəcəyəm» kimi qəti bir hökmü özüm üçün bəri başdan verirəm.

Biz dostuq. Amma bu dostluğun şəxsi motivlərinin nə qədər öndə olduğunu deyə bilmərəm. Əli Kərimlinin mənim kimi minlərlə dostu var. O, altruist adamdır. Demokratiya uğrunda mübarizənin bütün daşıyıcılarını dost, yaxın dost hesab edir. Onun yaxın dostları kimi bilinən çoxlu sayda adamlar var ki, bu ideyaları daşımaqdan imtina etdiyi zamandan daha onun dostu deyil. Hesab edirəm ki, mənimlə bağlı bu, baş verməyəcək və biz hər zaman bir yerdə olacağıq. Eləcə də, onun dost olduğu minlərlə adamın sırasına yeni-yeni minlər əlavə olunacaq.
Buna kəsinliklə inanıram ki, həyatın və alın yazısının müəyyən etdiyi o dostluq dəyərləri onun üçün dəyişməz olaraq qalacaqdır. Çünki o, sabit adamdır. Onun alın yazısı isə azadlıqlar uğrunda mübarizənin önündə olmaqdır, onu təşkil etməkdir və bu mübarizəni aparmaqdır.

O, ədalətsizlikləri həzm etməyən adamdır. Ədalətsizlik onun üçün şəxsən özünə qarşı yönələn təhdid və ya rahatsızlıq anlamına gəlmir, daha çox, çevrəsindəki və bütün cəmiyyətdəki müqəddəs nizamı pozan rahatsızlıq anlamına gəlir.

Cəmiyyət çox zaman fərqində olmur və bu, cəmiyyətin günahı da deyil. İctimai məsuliyyət hər zaman eyni formada olmur. Əgər ictimai məsuliyyət əbədi olaraq ədalət mizanlarını tarazlayacaq qədər güclü olsaydı, o zaman tarix müxtəlif insanların missiyasına bu qədər ehtiyac duymazdı. Tarxdə və cəmiyyətin inkişafında şəxsiyyətlərin rolu danılmazdır və bu, daha çox ondan irəli gəlir ki, həmin ictimai məsuliyyət deyilən nəsnəni bir sonrakı nəsillər üçün daşımaq və onu bir əmanət kimi növbəti mərhələyə təqdim etmək həmin şəxsiyyətilərin üzərinə düşür. Cəmiyyətin mürgülü, yorğun, əzgin olduğu, heydən salındığı zamanlarda bu missiya ayrı-ayrı şəxslərin üzərinə düşür.

Əli Kərimli bizim dövrümüzün belə şəxsiyyətlərindəndir.

Nə zamansa onun haqqında yazdığım bir yazıda qeyd etmişdim ki, Əl Kərimli üçün başa çatmış mərhələ yoxdur. Ədalət, insan haqları, azadlıqlar uğrunda mübarizə onun üçün bir tam prosesdir. Mən onu belə müşahidə etmişəm və indi də həmin müşahidələr bu aspektdə nəyinsə dəyişdiyini göstərmir. Bir neçə il əvvəlki zamanlara nisbətən, indi bizim ünsiyyət imkanlarımız çox məhduddur. Mənim həddən artıq məhdud saya biləcəyim qədər məhduddur. Amma bu ünsiyyət imkanları alınmayanda da ilk növbədə ağlıma gələn bu olur: «O, belə situasiyada necə davranardı?».

Əmin olun ki, bu, komanda şəklində fəaliyyətin qızıl qanunlarından biridir. Əli Kərimli heç zaman təkbaşına qərar çıxarmaz. Yaxud, komanda olaraq qərar vermək imkanları lap azacıq da olsa varsa, o, təkbaşına qərar çıxarmaz. Bəlkə də qərarları bu şəkildə qəbul etmək onları legitimləşdirməkdir və kimlərsə bunu Əli Kərimlinin hüquqşünaslıq duyğuları kimi izah edə bilərlər. Amma məncə, məsələ bunda deyil. O, komanda ilə hərəkət etməyə üstünlük verir. Məsuliyyəti hamı daşımalıdır. Ona görə yox ki, Əli Kərimli məsuliyyətdən yayınır. Qətiyyən və son 20 ilin ağırdan da ağır gerçəkləri sübut edir ki, o, ölkə siyasətinin ən məsuliyyətli adamlarından biridir. Sadəcə olaraq, Kərimli hesab edir ki, ictimai məsuliyyət hissini mənimsəməyən bir komandanın siyasi fəaliyyətə yararlılıq əmsalı sıfra bərabərdir. Amma yalnız siyasi fəaliyyətdəmi? Yalnız siyasi fəaliyyəti əhatə edən məsələlərdə deyil. Siyasətə dəxli olmayan bütün sahələrdə də belədir. Qərar vermək lazımdırsa, onu icra edənlərin iştirakı və iradəsi ilə qərar vermək lazımdır. Bu, səmimiyyətin zəmanətidir.

Əlbəttə, mən onun haqqında daha çox, siyasi prosesləri anmaqla danışa bilərəm. Mənim onlarla başqa dostlarım var ki, onların haqqında bu qədər ətraflı bəhs etmək ictimaiyyət üçün olduqca maraqsız olardı. Əli Kərimli isə bizim minlərlə dostumuzu və ən başlıcası budur ki, dostluğumuzu zəruri edən dəyərləri ümumiləşdirən obrazdır. Mən onu sadəcə olaraq, bir siyasi təşkilatın lideri kimi təqdim etmirəm. Bu gün onun ad günüdür və onun dostları üçün, millət və cəmiyyət üçün, tarix üçün hansı əhəmiyyəti daşıdığı barədə bəhs etmək istədim.

İndi mən onun bioqrafiyası haqqında yazmaq niyyətində deyiləm. Bu, şəffafdır və 30 ildir ki, ictimaiyyətin gözləri qarşısındakı bir mübarizənin hər gün yazdığı bioqrafiyadır. Biz sinif yoldaşı deyilik, eyni şəhərdən-kənddən deyilik, əsgər yoldaşı deyilik… Bizi ictimai dəyərlər birləşdirir. Bu dəyərlər şəxsi motivli istənilən başqa dəyərdən daha güclüdür və onların qorunması daha artıq məsuliyyət tələb edir. Əli Kərimlinin ictimai dəyərlərlə bağlı olduğu minlərlə dostunun olduğunu da az əvvəl qeyd etdim. Kimlərsə daha həmin dəyərləri daşıya bilmir. Müxtəlif səbəblərdən ola bilər. Bəziləri onları daha komfortlu ideyalara dəyişir, bəziləri hesab edir ki, indiki zamanda bu ideyaları daşımaq risqlidir və çətindir, bir başqaları hesab edir ki, «el üçün ağlayan göz kor olar»… Amma əksəriyyət onunla bir yerdədir və tarixi yazmaqda davam edirlər.

Əli Kərimlini sevmək də olar, sevməmək də. Amma onun müasir tariximizdə bir faktor olduğunu inkar etmək mümkün deyil. O, ciddi faktordur və nə qədər ki, var, Azərbaycanda avtoritarizmə qarşı dirənişin açıq və aşkar formada davam edəcəyi şübhəsizdir. Gizli mübarizə və ya mübarizənin gizli, ezopsayağı, krılovsayağı formaları onun işi deyil. Onun davranışlarında və bəyanatlarında «alt sətir» anlayışı yoxdur. Bütün sətirlər xəttin üzərində yazılır və bu sətirlərin altında da başqa xəttin üzərində açıq və birmənalı olaraq yazılan sətirlər gəlir.

O siyasi liderdir, bloqerdir, jurnalistdir, ictimai xadimdir, mübarizə adamıdır…

Hamının gözünün qarşısındadır. Dostların da, düşmənlərin də, xalqın da. Dostlar onunla bir yerdədir. Düşmənlər ona qarşıdır. Xalq isə fədakarlıq və qəhrəmanlıq örnəklərinin fərqindədir.

Əli Kərimli siyasi dirənişin və ictimai müqavimətin simvollaşmış adamıdır.

Onun rəhbərlik etdiyi təşkilat illərin məhrumiyyətlərinə, təzyiqlərinə, təşkil edilən müsibətlərinə qəhrəmanlıqla sinə gərib və bütün basqılara baxmayaraq qəbul etdiyi prinsiplərin uğrunda prinsipal mübarizəsini davam etdirir. Bu təşkilat siyasi həyatımızn bir nömrəli faktorudur. Siz bu təşkilatı «hədsiz radikal», «kompromissiz», «barışmaz müxalifət» adlandıra bilərsiniz, amma bu təşkilat cəmiyyətin istəklərinin ifadəçisi olmasa, bu zamana qədər pərən-pərən olub getmişdi. Bu təşkilatı bu formada və məzmunda saxlamaq isə Əli Kərimlinin liderlik keyfiyyətlərinin nəticəsidir. Gözümüzün qarşısında nə qədər iddialı siyasilər və siyasi təşkilatlar gündən-günə bərkiyən diktaturanın təzyiqləri önündə «platforma dəyişikliyinə», «kurs islahatlarına», «yeni hədəf» axtarışlarına baş vurub və görünməz olub. Əslində bu «axtarışlar» olmasa bu diktatura bu qədər güclənməzdi də. Əli Kərimli və Xalq Cəbhəsi olmasa, bu «axtarışlar» da olmazdı, yəqin ki. Və bütün gedənlər üçün qızıl bəhanələr olardı. Əli Kərimli faktoru cəmiyyətin optimizm mənbəyidir, mübarizə potensialıdır.

Onu ad günü münasibətilə təbrik edirəm. Bütün dostlarının adından. Ərz etdiyim kimi, bu dostlar minlərlədir, on minlərlədir (Onun bütün dostları mənə bu haqqı tanıyarlar, zənn edirəm…)

Kateqoriyalar: haqqımda
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir şərh yazın