Arxiv

Posts Tagged ‘Rza Nuriyev’

Növbəti «qurban» kim olacaq?

Mart 3, 2010 16 şərh

Hakimiyyət bizimlə «rus ruletkası» oynayır

Əli KərimliÖlkə ictimaiyyəti Elmarın öldürülməsindən 5 il keçməsi münasibəti ilə tədbirlər planı hazırladığı bir vaxtda, AXCP Culfa rayon təşkilatının sədri, Bənənyar dustağı Rza müəllimin həbsdə olduğu zaman üzləşdiyi işgəncələr səbəbindən öldüyü xəbərindən bir daha sarsıldı. Sonra isə şok yaradan daha bir xəbər. Rza müəllim azadlığa çıxan kimi dünyasını dəyişmiş tək «Bənənyar dustağı» deyilmiş. Daha 3 nəfər «Bənənyar dustağı»da azadlığa çıxan kimi dünyasını dəyişib. Daha birinin də həyatı uğrunda mübarizə gedir.

Bənənyarda həbs olunanlara dəhşətli fiziki işgənclərin verildiyi hələ o günlərdə məlum idi. Amma indi hər şey daha aydın və birmənalıdır.  Rza müəllimin və digər Bənənyar dustaqlarının vaxtsız ölümü üçün əsaslar həbsxanada yaradılıb.

Rza müəllim də Şahmərdan Cəfərov, Elmar Hüseynov, Həmidağa Zahidov və digr əqidə dostlarımız kimi siyasi qətlin qurbanıdır. Demokratiya, əqidə uğrunda mübarizədə, şəhid olmuş dostumuzdur.

Oğru və kriminal rejimlərini möhkəmlətmək, haqqını, hüquqlarını tələb edənləri susdurmaq, bu arada kənardan baxanları da qorxutmaq üçün nə qədər adamın hə          yatına, sağlamlığına, azadlığına qəsd etdilər.

Xalqımızın böyük çoxluğunun demokratiya şəhidlərinin ruhunu hər zaman hörmətlə andığına, onların uğrunda qurban getdikləri dəyərlərə rəğbətlə yanaşdığına heç bir şübhəm yoxdur. Əksəriyyət bilir ki, onlar özləri üçün yox,  millətimiz üçün yaşamağı seçdilər. Yaxınlaşan qəsdin ayaq səslərini eşitsələr də, qorxub geri çəkilmədilər. Hüquqsuzluqla, haqsızlıqla barışmaqdansa, şərəfli ölümü seçdilər.

Amma etiraf etmək lazımdır ki, hər belə qəsddən sonra qorxanlar, «ağıllı» olub bizlərə qoşulmadığı üçün özündən daha da razı olanlar da olur. Hər belə hadisədən sonra belələri əmin olurlar ki, «Az aşım, ağrımaz başım», «Palaza bürün, elnən sürün» prinsipləri ilə yaşadıqlarına görə onlar özlərinin və yaxınlarının həyatını riskə atmırlar.

Mənim sözüm də belələrinədir. Yanılırsınız, əziz həmvətənlərim. İllüziya ilə yaşayırsınız. Bir ölkədə, kimisə öldürüb, əmlakını əlindn alıb cəzasız qalmaq olarsa, polis, məhkəmə, icra istədiyi ədalətsiz qərarı çıxara bilərsə, bu ölkədə heç kimin həyatına, azadlığına, əmlakına təminat yoxdur.

Siz ədalət uğrunda mübarizədən «mənə nə deyib» çəkilməkdə siyasi qətllərdən və repressiyalardan özünüzü sığortalaya bilərsiniz. Bəs ordudakı ölüm konveyerindən özünüzü, sevdiklərinizi necə xilas edəcəksiniz? Siz və sevdikləriniz təhlükəsizlik qaydasına baxan olmadığına görə hər il göydələnlərdən yıxılıb ölən 70-80 nəfərin arasında ola bilməzmi? Azğınların övladlarının heç bir cəzasız aftoşluq etdiyi, həyat üçün kifayət qədər təhlükəli yerə çevrilmiş şəhər küçələrində bir harınlaşmışın maşınının təkərlərinin altında qalmayacağınıza təminatınız varmı? Minlərlə başqa soydaşımız kimi həyatda bütün yollar üzünüzə qapandıqda, iradəsizlik edib intihara əl atmağa məcbur olmayacağınıza əminsinizmi? Valideynlərini “soymaq” məqsədilə cibinə narkotika atib tutduqları gənclərdən birinin sizin övladınız olmayacağını haradan bilirsiniz?

Tutaq k, bu təhlükələrin hamısından qorundunuz. Bunlarla dil tapıb zəngin oldunuz. Təzə, bahalı mənzil aldınız. Təzəcə köçdüyünüz yeni tikilmiş hündürmərtəbəli binanın  eynən M.Muxtarov küçəsindəki bina kimi sementsiz tikildiyinə görə bir gün başınıza uçmayacağına necə, təminat varmı

Əziz həmvətənlərim, onu izah etmək istəyirəm ki, insanın ali dəyər hesab olunmadığı, qanunun şah yox, şahın qanun olduğu, müstəqil məhkəmənin, vətəndaş cəmiyyətinin olmadığı ölkədə heç kim bir gün haqsızlığın qurbanı olmaqdan sığortalanmayıb.

Əlbəttə, bu bəlalar hamını əhatə etmir. Seçmə üsulu ilə, yaxud da hansısa təsadüflə qurbanlarını aramızdan seçir. Elə siyasətdə, mübarizədə də belədir. Hamını öldürmürlər, həbs etmirlər, döyüb şikəst etmirlər. Hakimiyyət bizimlə «rus ruletkası»oynayır. Vaxtaşırı aramızdan hansımızısa qurban seçir.

Görürsünüz ki, risk hər yerdə var. Amma inanın ki, mübarizədə bu riski yaşamaq qat-qat mənalıdır. Ən azı ölüm səni haqlayana qədər şərəflə yaşayırsan. Həyatını nə üçün riskə atdığını dərk edirsən. Əgər bir gün rejim səni qurbanlıq seçirsə, onda da ölümün sadəcə statistika olmur. Elmar, Şahmərdan, Həmidağa və Rza müəllim kimi əfsanələşirsən, gələcək nəsillərə nümunə olursan, şam kimi yanaraq onların cığırlarına  işıq tutursan.

Advertisements
Kateqoriyalar: Yazılar, Əli Kərimli Etiketlər: ,