AXCP-nin mitinqə hazırliq müşavirəsində çıxışım 13.03.2011

Mart 14, 2011 4 şərh
Kateqoriyalar: Çıxışlar, Əli Kərimli

Gəncliklə savaşanların məğlubiyyəti labüddür

Mart 8, 2011 11 şərh

İndiki ədalətsizliyə, hüquqsuzluğa, korrupsiyaya, dinc etirazlar etmək, azadlıq, köklü dəyişiklik tələbi gənclərimizin haqqıdır

Aparılan siyasət hər gün narazılar ordusunu genişləndirir. İntihara məcbur edilən şəkili iş adamının, Goranboyda tələb olunan rüşvəti verə bilmədiyindən intihar etmiş keçmiş baş həkimin, Masallıda kütləvi şəkildə istefa vermiş həkimlərin və daha nə qədər insanın zərər çəkdiyi hadisələr hökumətin «antikorrupsiya» kampaniyasının saxta olduğunu sübut etdi. Xalqın gözünə kül üfürmək üçün düşünülmüş kampaniya bumeranq kimi hökumətin özünü vurmaqdadır. Xalqdan oğurladıqları milyardları daha da artıran «antikorrupsiyaçıların» korrupsiya ilə mübarizəni kiçik və orta çaplı məmurlardan başlaması dünənə qədər can-dildən böyük oğrulara xidmət etmiş, seçki saxtakarlığının təmin edilməsində önəmli rol almış on minlərlə məmuru, büdcə təşkilatlarında çalışanları narazılar sırasına qoşmuşdur.

Heç kəs büdcədən maliyyələşən təşkilatlarda çalışanların, məmurların «rüşvət almaq» hüququnu tanımır.

Təbii ki, onlar da rüşvət almamalıdır. Amma burada nəzərə alınmalı iki məqam var. Əvvəla onlardan təmiz işləməyi tələb edənlər gərək özləri də qaz vurub qazan doldurmaqlarından qalsın. Onlar da təmiz işləsin ki, tabeliklərində olanlardan da bunu tələb etməyə mənəvi haqları olsun. İkincisi, “rüşvət alma” dediyin məmura gərək özünü və ailəsini dolandırmağa yetəcək qədər maaş da verəsən.

Mən bunlara Avropadan misal çəkməyi heç sevmirəm. Bunlar hara, Avropa təfəkkürü hara? Zatən hər gün əməlləri ilə deyirlər ki, bu ölkədəki idarəçilər Avropa dəyərlərindənsə, Qəzzafi, Mübarək, Bin Əli təfəkkürünə daha yaxındırlar.

Bunlar Rusiyanı təqlid etməyə çalışırlar. Mən də nümunəni Rusiyadan gətirəcəm. Rusiyada indi polisdə islahatlar aparmağa cəhd olunur. Elan ediblər ki, polis sistemində islahatın məqsədi polisin fəaliyytində peşəkarlığı artırmaq, rüşvətin qarşısını almaq və xalqda polisə güvən yaratmaqdır. Bilirsiniz nədən başlayırlar? Əvvəcə polisin əlindən dəyənəyi alırlar, bundan sonra Rusiya polisi hətta kütləvi aksiyalar zamanı da dəyənəkdən istifadə etməyəcək. Sonra da maaşlarını artırırlar. Rusiyada ən kiçik rütbəli polis zabitinin – leytenantın da maaşı 1500 dollardan artıq olacaq.

Hətta avtoritar üsulla idarə olunan Rusiyada da başa düşürlər ki, “rüşvət alma” dediyin məmura gərək normal maaş verəsən.

Hiss olunur ki, ərəb inqilablarından xeyli adam düzgün nəticə çıxarıb. İndi daha çox adam bu qənaətə gəlib ki, avtoritar rejim şəraitində bütün çarələri müxalifətdən gözləmək səhvdir. Müxalifətin də imkan və resursları məhduddur. Lazımdır ki, hüququ pozulan hər kəs özü şəxsən mübarizəyə qoşulsun. Bu baxımdan Sabirabad və Saatlıda Kür daşqınlarından əziyyət çəkmiş, haqqını bu gün də ala bilməmiş sadə insanların, Buzovnada, Tovuzda, Tərtərdə, Göyçayda və başqa bölgələrdə öz haqqını cəsarətlə tələb edən vətəndaşlarımızın aktiv mübarizəsi dəstəklənməlidir.

Müstəqil gənclərin 11 marta təyin etdiyi etiraz aksiyası hökumətin əsəblərini tarıma çəkib. Qorxduqları açıq-aşkar görünür. İstedadlı gənc Bəxtiyar Hacıyevin həbsi və ona olan qeyri-insani münasibət də, cəbhəçi gənclər Cabbar Savalan və Dəyanət Babayevin, musavatçı gənc Səxavət Soltanlının, Avropada təhsil almış müstəqil gənc Rəşadət Axundovun qurama ittihamlarla həbsi, ABŞ-da yaşayan azərbaycanlıların (ABAD) liderlərindən biri olan Elmar Şahtaxtinskiyə və Avropada yaşayan azərbaycanlı gənclərin liderlərindən olan Elnur Məcidli və Həbib Müntəzirə qarşı təşkil olunan iyrənc kampaniyalar da bu qorxu və panikanın etirafıdır.

Hökumət faktiki olaraq müstəqil düşüncəli, yüksək təhsilli bütün mütərəqqi gəncliyi özünə hətta rəqib də yox, düşmən saymağa başlayıb. Bununla da öz məğlubiyyətini labüdləşdirib. Bunlar hələ də anlamayıblar ki, gəncliyə qalib gəlmək, üstəlik, 21-ci əsrdə mümkün deyil.

Hökumətin gənclər siyasəti də iflasa uğrayıb. İnanırdılar ki, səviyyəsiz şoular və idman təbliğatı ilə gəncləri ciddi problemlər barədə düşüncələrdən uzaq tuta biləcəklər. İndi baxıb görürlər ki, ətraflarında bir qrup karyeristdən başqa kimsə qalmayıb. Sağçı, solçu, millətçi, dindar, partiyaçı və ya müstəqil olmasından asılı olmayaraq düşünə bilən gənclərin hamısı rejimə qarşı müxalifətdədir.

Hələ də etirazçı gənclik həbslərlə, bəzən döyülüb, təhqir olunmaqla sınağa çəkilir. Amma cəmiyyətdə rejimə münasibət o qədər neqativdir, indiki hakimiyyət o qədər qeyri-populyardır, inanıram ki, belə bir şəraitdə rejimi müdafiə edən azsaylı gənclər dəyişiklik uğrunda açıq mübarizə aparanlardan daha çox risq edirlər. Əksinə, mübarizə aparan gənclər çox tez bir zamanda xalq sevgisi ilə əhatə olunurlar.

Mürtəce qaydalarla barışmamaq, azadlıq və dəyişiklik uğrunda mübarizə aparmaq bilavasitə gəncliyin təbiəti ilə bağlıdır. 2005-ci ildə də belə olmuşdu. Həmin vaxt hökumətin əsas hədəfi o zamankı mübarizənin önündə olan «Yeni fikir» gənclər təşkilatı idi.

İndiki ədalətsizliyə, hüquqsuzluğa, korrupsiyaya, rüşvətə, neft pullarının mənimsənilməsinə dinc etirazlar etmək, azadlıq, köklü dəyişiklik tələb etmək gənclərimizin haqqıdır. Regionlarda əzilən insanların lokal etiraz aksiyaları, gənclərin müstəqil aksiya təşəbbüsləri bir tərəfdən hakimiyyətdən narazılığın əslində hər gün artdığını, narazıların yalnız rəsmi müxalifətçilərlə məhdudlaşmadığını göstərirsə, başqa tərəfdən ölkəmizi, köklü dəyişikliklər uğrunda ümumxalq mübarizəsinə günbəgün hazırlayır.

Sonda bir məsələyə də toxunmaq istəyirəm.

Bilirəm ki, hələ də toplum içində bu rejimə qulluq etməyə, rejimin buyruğu ilə hətta çox çirkin işləri görməyə hazır olan insanların mövcudluğu çoxumuzu üzür, dəhşətə gətirir. Əlbəttə, belələrini hər fürsətdə qınamaq, utanan üzləri varsa, utandırmaq lazımdır. Amma belələrini özünüzə dərd etməyin. Belələrinin varlığına görə bədbinliyə qapılmayın, millətimizdən küsməyin.

Öz xalqına tank və təyyarələrlə hücum edən vəhşi Qəzzafinin vətəndaşları üzərində hərbi qələbəsini bayram etməyə paytaxt meydanına çıxmış liviyalıları bu günlərdə televiziyalar göstərirdilər. Xeylisi sadə, kasıb adamlar idi. Dünya banklarında xalqdan oğurladığı 66 milyard dollarının üzərinə həbs qoyulmuş diktatorun tökdüyü qanlara sevinən zavallıları görəndə, bir neçə il əvvəl bizim ölkədə çox populyar olan «Allah mənim ömrümdən kəsib, onun ömrünə calasın» deyən sadəlövhləri xatırladım. Acıdım bu insanlara. Rejim bu insanları mənən şikəst edib. Avtoritar rejimlərlə həm də ona görə mübarizə aparmaq lazımdır ki, onlar yüz minləri, milyonları sındırıb mənən şikəst ediblər. Ona görə də bu yazını Elmarın şüarının bir qədər genişləndirilmiş variantı ilə yekunlaşdırıram.

Sizin, bizim və qüruru, şəxsiyyəti əlindən alınmış zavallıların azadlığı naminə.

Kateqoriyalar: Yazılar, Əli Kərimli

Korrupsiya ilə mübarizə şousu

Fevral 28, 2011 12 şərh

Ölkədə rüşvət və korrupsiyanın tüğyan etməsinə görə İlham Əliyev özü məsuliyyət daşıyır

Misir, Tunis, inqilablarından sonra bütün fikir mərkəzləri çalışırlar ki, inqilabın gələcək trayektoriyasını cızsınlar. Hərə bir siyahı hazırlayır ki, filan ölkələrdə də inqilab gözlənilir. Necə müəyyənləşdirirlər bu ehtimal olunan ölkələri? Əlbəttə, ekspertlər ilk növbədə avtoritar rejimlərin idarə etdiyi ölkələrin içindən hansında digər şərtlərin də Tunis və Misirdəkinə bənzədiyini əsas götürürlər. Demək olar ki, belə siyahıların(Stratfort, Norveçin keçmiş baş naziri, rusiyalı və amerikalı ekspertlər və s.) hamısında Azərbaycan da var.

Amma şəxsən mənim üçün çox önəmlidir ki, İlham Əliyev də Azərbaycanı bu sırada görüb. Düzü onun belə operativ nəticə çıxardığını birinci dəfə görürdüm. Tunis inqilabından dərhal sonra, Misirdə inqilab hələ təzə başlamışdı ki, İlham Əliyev Azərbaycandakı vəziyyətin Tunis və Misirdə olan vəziyyətə çox yaxın olduğunu başa düşüb, elə Davosdan göstəriş verdi ki, korrupsiya mexanizmini müvəqqəti söndürün. Fasilə verin ki, xalqda düzələcəyimizə ümid yaradaq. Gələn siyasi sunamidən yayınaq, sonra yenə də «analoqu olmayan» inkişafla məşğul olarıq.

Korrupsiya ilə mübarizə aparan deyildilər, özlərini bir az da rüsvay etdilər. Hamısı etiraf etdi ki, bizim illər uzunu dediklərimiz doğru imiş, ölkədə korrupsiya tüğyan edirmiş. Etiraf etdilər ki, korrupsiya da tam mərkəzləşib və “vahid pəncərə” sisteminə keçib.

Dövlət başçısı bir sərəncamla on minlərlə məmurun rüşvət almasını müvəqqəti də olsa durdura bilirsə, deməli indiyə qədər rüşvət və korrupsiyanın tüğyan etməsinə görə də məsuliyyəti o daşıyır. Əgər onun razılığı olmayanda proses dayanırsa, deməli indiyə qədər korrupsiya onun razılığı ilə (ən azı) tüğyan edirmiş.

Hələ bir neçə il əvvəl İlham Əliyevin komandasında çox mühüm mövqe tutan bir vəzifəli şəxs özünü çirkin rüşvətxor adlandırmışdı. İndi nazirlər, digər vəzifəli şəxslər bir-birinin ardınca toplantı keçirib rəhbərlik etdikləri strukturlarda rüşvət və korrupsiyanın geniş yayılmasından elə ürəklə danışırlar ki, sanki olimpiya medalı qazanıblar. Bu saat yığışıb bunları təltif edəcəyik.

Məgər siz, sizin hökumət olmayıbmı korrupsiya və rüşvəti çiçəkləndirən? Məgər sizlər deyildiniz 17 ildir ölkədə idarəetmə prinsipinə çevirdiyiniz korrupsiya və rüşvətə görə də utanmadan bu xalqı ittiham edən? Siz demirdinizmi ki, rüşvət və korrupsiya guya bizim mentalitetimizlə bağlıdır, sizin oğurluq etdiyinizə görə də guya bu soyulan, əzilən millət günahkardır?

İndi özünüz də etiraf edirsiniz ki, korrupsiyaya, rüşvətə, oğurluğa, harama aludəçilik heç də sizin damarlarınızda axan qanla, əmdiyiniz südlə bağlı deyilmiş. Sadəcə, indiyə qədər məmurlara deyilirdi ki, al, çoxunu ötür yuxarı, hansısa faizi də özünə saxlaya bilərsən. Məmur deyirdi baş üstə. İndi məmura dedilər ki, vəziyyətimiz yaxşı deyil, bir müddət almayacağıq, fasilə elan edirik. Almayın, yuxarı da ötürməyin. Məmur yenə dedi baş üstə.

Bəli, biz görürük ki, aşağı ranqlı məmurların rüşvət alma halları ciddi şəkildə azalıb. Amma bağışlayın, buna görə sizə çox sağ ol demək fikrində deyilik.

Bəs iri korrupsiya layihələri nə olsun?

Hər il büdcə xərclərinini 4 milyarda qədəri investisiya xərcləri adı altında real tenderlər keçirilmədən, hökumətə yaxın şirkətlər vasitəsilə reallaşdırılır. Son illərdə ən irimiqyaslı talanlar məhz büdcə vəsaitlərinin istifadəsi zamanı baş verir. Təəssüf ki, bu sahədə heç bir dəyişiklik yoxdur. Hanı rəqabət mühiti? Hökumətlə ya qohumluq, ya da şəriklik münasibəti olmayan hansısa iş adamının hər hansı böyük layihəni reallaşdırdığını görən oldumu bu ölkədə?

Korrupsiyanın ölkə iqtisadiyyatına və əhalinin həyat səviyyəsinə daha çox ziyan vurduğu digər sahə idxal və ixrac əməliyyatları üzərindəki inhisardır. Heç kimə sir deyil ki, iqtisadiyyatın mühüm sahələri ya hökumət ya da ailə üzvlərinin inhisarındadır. Sadə insanlar bu sahələrə müdaxilə edə bilməz. Günü –gündən qiymətlərin artması da, yerli istehsalın məhv olması da, orta təbəqənin formalaşa bilməməsi də bu inhisar səbəbindəndir. Hansısa sahədə o sahəyə nəzarət edən oliqarxın inhisarının ləğv olunduğunu eşitmisinizmi?

Hakimiyyətdəkilərin rüşvət və korrupsiya yolu ilə iri pullar qazandığı başqa bir sahə tikinti sektorudur. Mütəxəsislərin hesablamasına görə bu sahədə rüşvət ləğv olunsaydı mənzillərin qiyməti 40% aşağı düşərdi. Bu sahədə də köhnə qaydalar davam edir. Rüşvət vermədən Bakı şəhərində hansısa yeni binanın tikintisinə və ya tikilmiş binanın dövlət komissiyası tərəfindən qəbul olunmasına razılıq veriləcəyini təsəvvür edə bilirsiniz?

Amma bunlardan da aktual sual var. Bu “antikorrupsiya” tədbirlərini korrupsiya piramidasının başında duranlar həyata keçirir. Cənablar, bəs 17 ildə çapıb-taladığınız milyardlar nə olsun? Kim sizə deyib ki, 17 ildə millətin canından çıxardığınız 10-larla milyard xalq malını bu xalq sizə bağışlayacaq? Hiyləgərlər, çox ucuz adlatmaq istəyirsiz.

Yalnız aşağıdakı şərtlər mövcud olduqda, korrupsiya ilə real mübarizə aparıb, onu məğlub etmək olar.

1. Ölkənin prezidenti, onun yaxın ətrafı, nazirlər və ölkə miqyaslı digər vəzifəli şəxslər özləri gərək rüşvətxor və korrupsioner olmasın…

2. Hakimiyyətin bütün qolları seçki yolu ilə formalaşdırılmalıdır. Hər bir siyasətçinin siyasi karyerası birbaşa ictimai rəydən, vətəndaşların səsindən asılı olmalıdır.

3. Korrupsiya da, rüşvət də ilk növbədə ciddi qanun pozuntusu- cinayətdir. Bu kimi işlərdə son söz məhkəmənindir. Ölkədə müstəqil və peşəkar məhkəmə formalaşdırılmalıdır.

4. İctimai nəzarət olmadan korrupsiyanı məğlub etmək olmaz. Yalnız azad mətbuatın, söz və ifadə azadlığının maneəsiz inkişafı şəraitində korrupsiya ilə mübarizəyə xalq da qoşula bilər.

Azərbaycanda bu şərtlərin olmadığını hamı bilir. Ona görə də indi korrupsiya ilə mübarizə aparılmır. Mübarizə imitasiyası yaradılır. Ölkənin həm iqtisadi, həm də siyasi həyatı oliqarxların nəzarətində qalmaqda davam edir. Xalqın qəzəbini soyutmaq, ölkənin başı üzərində dolaşan inqilab kabusundan xilas olmaq üçün hər bir sahənin baş korrupsionerinə tapşırılıb ki, tabeliyində olanlardan 5-6 nəfər “günah keçisi” tapıb cəzalandırsınlar.

İndi gördüyümüz korrupsiya ilə mübarizə deyil. Korrupsionerlərin pəhriz saxlamasıdır. Daha uzun müddətə iş başında qalmaq, yediklərinin dadını çıxarmaq üçün fasilə elan ediblər, pəhrizdədirlər. Qorxuları keçən kimi yenidən başlayacaqlar. Amma korrupsiyanı məğlub etmək olar və edəcəyik. Gürcüstanda və digər ölkələrdə olduğu kimi, biz də buna nail olacağıq. Ölkədə köklü dəyişikliklərə nail olduqdan sonra.

Kateqoriyalar: Yazılar, Əli Kərimli

Misir dərsləri

Fevral 13, 2011 21 şərh

Məğlubedilməz diktator yoxdur. Azad olmaq qərarını hələlik elliklə verməmiş millətlər var.

3 həftədir ki, Misir inqilabı dünya gündəminin əsas məsələsidir. Hələ uzun müddət bəşəriyyət bu inqilabı müzakirə edəcək. Misir inqilabı bizim son illərdə şahidi olduğumuz məxməri inqilablardan deyildi, gerçək bir inqilab idi. Şübhə etmirəm ki, Misir inqilabı Fransa inqilabından və Rusiyadakı 1917-ci il fevral inqilabından sonra bəşəriyyətin inkişafına ən çox təsir edən bir inqilab olacaq. Bu inqilab həm də ona görə hələ uzun illər müzakirə mövzusu, dərsliklərin predmeti olacaq ki, əvvəlki böyük inqilablardan fərqli olaraq bu inqilab dünyanın gözü qarşısında baş verdi. Milyardlarla insan bu inqilabı demək olar ki, televiziya və internet vasitəsilə canlı olaraq izlədilər. Mən də zaman-zaman Misir inqilabından çıxardığım nəticələri, gəldiyim qənaətləri, ümumiləşdirmələri oxucularla bölüşmək niyyətindəyəm.

Misirdə hakim partiyaya milyonlarla üzv qəbul etdirmişdilər. Burada adamları YAP-a hansı yollarla üzv etdirirlərsə, orada da həmin üsullardan istifadə olunurdu. Parlamentdə bir-neçə istisna ilə yalnız H. Mübarəkin partiyası təmsil olunurdu. Polisin sayına görə isə Misir özünəməxsus rekord müəyyənləşdirmişdi. Ölkədə 1.4 milyon nəfər polis “sabitliyin keşiyindəydi”. İnqilab başlayandan sonra məlum oldu ki, inzibati yolla formalaşmış bu çoxmilyonluq iqtidar partiyası yalnız bir işə yaradı- qəzəblənmiş kütlənin nifrətini özünə cəlb etməyə. Qahirədə nümayişçilərin ilk yandırdığı bina hakim partiyanın mərkəzi ofisi oldu. Sonra da növbə regional ofislərə çatdı. 1.4 milyonluq qəddar polis ordusu da rejimi qoruya bilmədi. Polis idarələri də narazı xalqın qəzəbini özünə cəlb etmiş obyektlərdən oldu. Onlar da yandırıldı. Polislər isə həvtələrlə adam içinə çıxa bilmədilər. 100 000-lərlə xüsusi xidmət əməkdaşlarının müxalifətçiləri izləməsi də, 1000-lərlə müxalifət fəalının müxtəlif qurama cinayət işləri ilə həbs olunması da, rejimi qoruya bilmədi.

Misirdəki prosesləri 2008- ci ildən izləyirəm. Təqribən o vaxtlardan H. Mübarək varis planını reallaşdırmağa başladı. Özündən sonra hakimiyyəti oğlu Camala ötürmək istəyirdi. İndi hamı bilir ki, Tunis inqilabı Misir inqilabını bir kotalizator kimi sürətləndirdi. Amma əminəm ki, inqilabı məhz H. Mübarəkin varis planı yetişdirmişdi.27 il sərt avtoritarizmə dözmüş insanlar nə zamansa bu zülmün bitəcəyini gözləyirdi. Məlum olanda ki, rejim əbədilik iddisındadır. Sülalə hakimiyyəti davam edəcək, insanlar bu zülmdən xilas olmaq üçün özlərini qətiyyətli qərarlar verməyə hazırladılar.

1-ci nəticə:

Heç bir qadağa və təqiblər, inzibati resurslar və güc tətbiqi daimi hakimiyyətə təminat yarada bilməz. Fironların sonu əbədi hakimiyyətə iddia ilə gəlir.

Misirdə kütləvi narazılığın yaranmasının səbəbləri çox idi. Rəsmən əhalinin 40%-dən artığı kasıblıq həddindən aşağı səviyyədə yaşayırdı. İşsizlik, ədalətsizlik, təbəqələşmə geniş yayılmışdı. Ölkədə keçirilən bütün seçkilər saxtalaşdırılırdı. Xalqın seçki yolu ilə hökumət və parlamenti dəyişmək imkanı yox idi. Həyatın bütün sahələrində azadlıqlar məhdudlaşdırılmışdı. Korrupsiya və rüşvət adi həyat normasına çevrilmişdi. Amma bütün bunlarla yanaşı qonşu Tunisdə olduğu kimi burada da insanları daha çox hakim ailənin hər şeyə sahib olmaq istəyi, hədsiz var-dövlət toplaması qəzəbləndirirdi.

2-ci nəticə:

Avtoritar liderlərin 1-ci bəlası hakim ailənin acgözlüyüdür.

Misir inqilabı bizim ölkəmizdə çox populyar olan “filan ölkədə demokratik dəyişikliklərə demokratiya paytaxtlarının münasibəti necə olar?” tipli suala da cavab verdi. Cəmi 3 həvtə bundan qabağa qədər H. Mübarəkin bütün Ərəb dünyasında ABŞ və bütövlükdə Qərb üçün ən mühüm, etibarlı, vazkeçilməz müttəfiq olduğu bəlli idi. Hətta söhbət belə bir vacib müttəfiqdən getsə də Misir xalqı kütləvi şəkildə ayağa qalxanda Qərb haqlı olaraq azadlıq uğrunda mübarizəyə qalxmış xalqla həmrəy olmağı seçdi. ABŞ və AB rəsmilərinin 25 yanvardan 3 fevrala qədər ki, dəyişən mövqeyinin dinamikasını təhlil edib əmin olmaq olar ki, xalqın kütləviliyi, özünə inamı artdıqca ABŞ və Avropa siyasətçilərinin də xalqın tələbinə dəstəyi artırdı.

3-cü nəticə:

Növbəti dəfə sübut olundu ki, azadlıq uğrunda mübarizəyə qalxmış xalqın daxili gücü, müqaviməti, kütləvi mübarizəsi beynəlxalq aləmin dəstəyini də labüd edir.

İnternet gerçəkdən də dünyanı dəyişir. Bir daha təsdiq olundu ki, elmi-texniki tərəqqi – indiki halda internet, mobil rabitə siyasi dəyişikliklərə də yol açır. Milyonlarla insanı aktiv ictimai- siyasi fəaliyyətə cəlb edir . Misirdə narazı kütlənin, xüsusilə gənclərin şəbəkələşməsində, aktiv siyasi mövqe tutmasında xüsusilə facebookun müstəsna rolu oldu. Misirdə 5 milyon insan bu sosial şəbəkənin istifadəçiləri idi.

Yeni mediya təkcə ölkələrin daxili siyasətini canlandırmayıb, beynəlxalq münasibətləri də ciddi şəkildə dəyişib. Əvvəllər hətta demokratik dövlətlər də daxildə öz vətəndaşlarına münasibətdə demokratik prinsiplərə əməl etsələr də, xarici siyasəti demokratik prinsiplərə görə deyil, “real siyasət” adlanan dövlət maraqlarına görə qurardılar. Amma bu gün internetin, peyk rabitəsinin, sosial şəbəkələrin varlığı səbəbindən nəinki insan haqlarının pozulması, o cümlədən siyasi kataklizmlər, seçki saxtakarlığı da heç bir ölkənin tam olaraq daxili işi ola bilmir. İndi dünyada tarix milyardlarla insanın gözü qarşısında və iştirakı ilə yazılır. Artıq demokratik ölkələrin hökumətlərinin imkanı yoxdur ki, digər ölkələrdə baş verənləri öz xalqlarından gizlətsinlər və dövlət maraqlarını əsas gətirib, istədikləri qərarları versinlər. Misir inqilabını demək olar ki, canlı izləyən amerikalı və ya avropalı öz hökumət başçılarının diktatoru dəstəkləməsinə imkan verərdimi? Qərb liderləri hansısa motivlərlə mübarizə aparan xalqı deyil, diktatoru dəstəkləsəydilər seçki zamanı öz xalqları tərəfindən cəzalandırılardılar. Artıq hər bir xalqın azadlıq mübarizəsi, həm də başqa xalqlar tərəfindən dəstəklənir.

4-cü nəticə:

İnternet azadlıq istəyən insanların əlində bu gün ən təsirli silahdır. O nəinki ölkədaxili vəziyyəti, hətta beynəlxalq münasibətlərin, xarici siyasətin də ənənəvi prinsiplərini dəyişir.

H. Mübarək tam 18 gün öz xalqına qarşı dirəniş göstərdi. Bu 18 gündə bəlkə də əvvəlki 30 ildə olduğundan da artıq nifrət qazandı.

Polislərinə “vur” əmrini verdi. 300-dən artıq dinc nümayişçi ölürüldü. İnternet bütünlüklə qapadıldı. Bu onu xilas etməyəndə paytaxta ordu yeridib, tankların arxasında gizlənib, islahat görüntüsü ilə xalqı aldatmağa və yormağa çalışdı. Bu da onu xilas etməyəndə ölkədə vətəndaş müharıbəsinə cəhddən belə çəkinmədi. Mülki geyimli polisləri, xüsusi xidmət əməkdaşlarını, hakimiyyətin qeyri- rəsmi cəza dəstələrini silahlandırıb atlarla, dəvələrlə nümayişçilərin üstünə göndərdi. Bir sözlə hakimiyyət hərisi olan, qətiyyətli və acımasız diktatorun edə biləcəyi hər şeyi etdi. Amma heç bir nəticə əldə etmədi.

Bütün diktatorlar gördü ki, qorxu hissinə qalib gəlmiş, azadlıq uğrunda son döyüşə qərar vermiş xalqlar məğlubedilməzdir. Ən iyrənc təzyiq vasitələrinin də aciz və gücsüz qaldığı məqamlar var.

H. Mübarək məqsədə çatmaq üçün bütün qeyri-insani vasitələri məqbul bilən, qəddar biri idi. Eyni zamanda etiraf olunmalıdır ki, cəsarətli bir şəxs idi. 2 dəfə müharibədə iştirak etmiş, 2 hərbi akademiya oxumuş peşəkar hərbçi idi. O Bakiyev, Ben Əli kimi liderlərlə müqayisə olunmaz dərəcədə fərqli idi. Nə indi, nə gələcəkdə heç bir avtoritar lider Mübarəkin məğlubiyyətini onun qətiyyətsizliyi, səhlənkarlığı ilə izah edə bilməz. O mükəmməl bir ŞƏR qüvvə idi, amma o da xalq qarşısında məğlub oldu. Deməli, istisna olmayacaq. Dünyadakı 20-30 avtoritar liderin hamısı, İlham Əliyev də daxil olmaqla labüdən məğlub olacaq. Hansı avtoritar lider nə zaman məğlub olacaq? Bu sualın cavabını xalqlar verəcək. Hansı xalq köklü dəyişiklik qərarını nə vaxt verəcəksə, onda da azad olacaq.

5-ci nəticə:

Məğlubedilməz diktator yoxdur. Azad olmaq qərarını hələlik elliklə verməmiş millətlər var.

Kateqoriyalar: Yazılar, Əli Kərimli

AXCP-nin müşavirəsində çıxışım

Fevral 13, 2011 3 şərh
Kateqoriyalar: Çıxışlar, Video, Əli Kərimli

M.Ə.Rəsulzadənin doğum günündə Novxanıda -abidəsi önündə çıxışım

Fevral 2, 2011 3 şərh
Kateqoriyalar: Çıxışlar, Video, Əli Kərimli

İctimai Palatanın 29 yanvar sessiyasında çıxışım

Yanvar 29, 2011 2 şərh
Kateqoriyalar: Çıxışlar, Video, Əli Kərimli

Türkiyədə çap olunmuş yazım

Yanvar 23, 2011 5 şərh

Əli Kərimli Türkiyəyə səsləndi

Çərşənbə, 19 Yanvar 2011 17:05 Oxunub: 2111

İlham Əliyev Azərbaycan demək deyil, tənqidlərinizi onun öz adına ünvanlayın…”

“Türkiyənin Le Monde-u” AXCP sədrinin məqaləsini dərc edib

“Xalqımız əsarətdən qurtulub demokratiyasını qurduqdan sonra heç vaxt qardaş Türkiyənin uğurlarından xoşlanmayan qüvvəni iqtidar etməz”

Türkiyənin nüfuzlu nəşrlərindən olan “Turquie diplomatique” (“Türk diplomatiyası”) qəzeti AXCP sədri Əli Kərimlinin məqaləsini dərc edib. Məqalədə AXCP sədri Türkiyə ictimaiyyətinə səslənir və qardaş ölkəni Azərbaycanda demokratiya uğrunda mübarizəyə laqeyd yanaşmaqda qınayır.

“Turquie diplomatique” Türkiyədə daha çox diplomatik çevrələrin və fikir mərkəzlərinin qəzeti – sözçüsü kimi xarakterizə olunur. Qəzet əvvəllər dünyanın ən populyar nəşrlərindən olan “Le Monde” (Fransa) türkcə variantı kimi dərc edilib. Sonradan isə müstəqil qəzet kimi fəaliyyət göstərməyə başlayıb. Lakin adını dəyişməyərək fransızca saxlayıb.

AXCP sədrinin məqaləsini olduğu kimi təqdim edirik.

Azərbaycanın demokratikləşməsi Türkiyəyə lazım deyilmi?

İndi bütün dünya bəzi istisnalarla ya demokratiyaya doğru gedir, ya da ölkəsində bərqərar etdiyi demokratiyanı təkmilləşdirir. Bəli, bir zamanlar demokratiyaya alternativ kimi təqdim olunan idarəetmə sistemləri çox qüdrətli görünürdü. Stalinin liderliyi ilə Sovet totalitarizmi, Hitlerin liderliyi ilə faşist diktaturası qısa zaman kəsiyində inkişaf, qüdrət illüziyası yarada bilmişdi. Tarix bu kimi rejimlərin xalqlara inkişaf və rifah deyil, yalnız zülm və acı gətirəcəyini çox qısa zamanda sübut etdi. Bir vaxtlar dünya miqyasında geniş yayılmış kommunist hərəkatlarının da iflasından sonra bu gün demokratiyanın dünya miqyasında ciddi bir alternativinin olmadığını deyə bilərik.

Azərbaycan xalqı hər fürsətdə demokratiyanı seçir

Azərbaycan xalqı da tarixən əlinə düşən hər fürsətdə demokratiyanı seçir. XX əsrin əvvəllərində Rusiya imperiyası dağılan zaman xalqımız həm öz müstəqil dövlətini, həm də böyük liderimiz Məhəmməd Əmin Rəsulzadənin öncüllüyü ilə bütün Şərq dünyasında ilk demokratiyanı – Azərbaycan Xalq Cümhuriyyətini qurdu. İki il sonra bolşevik Rusiya Azərbaycanı işğal edib, hələ çox kövrək olan demokratiyanı da ölkəmizdə məhv etdi. Azərbaycanda tam 70 il kommunist işğalı dövrü davam etdi.

Əliyevlər bir dəfə də demokratik seçki keçirmədi

Nəhayət, Qorbaçovun “perestroyka”sından sonra Azərbaycanda yenidən paralel olaraq həm müstəqillik, həm də demokratiya uğrunda böyük xalq hərəkatı başlandı. Bu dəfə hərəkatın lideri sizin yaxşı tanıdığınız, ümid edirəm ki, hələ də xatırladığınız Əbülfəz Elçibəy idi. Azərbaycanda bağımsızlıq və demokratiya uğrunda mübarizədə milyonlarla insan iştirak edirdi. 1989-cu ildə Almaniyanın dünyaca məşhur “Şpigel” jurnalı Azərbaycan xalqını dünyada ilin xalqı elan etdi. Sovetlər Birliyinin süqutu ilə müstəqilliyini bərpa edən Azərbaycan qısa bir zaman içində demokratiyasını da bərqərar etdi. Sovetlər dönəmində siyasi məhbus həyatı yaşamış Ə.Elçibəy azad, ədalətli seçkilər nəticəsində prezident seçildi. Yeni hökumət dərhal ciddi demokratik islahatlara başladı. Amma Azərbaycanı sevməyənlər bu vəziyyətlə barışmadı. Jəmi 1 il sonra Rusiya və İranın mühafizəkar dairələri tərəfindən dəstəklənən bir qrup qiyam qaldırdı. Ə.Elçibəy iqtidarı zorla devrildi. Heydər Əliyev bir çevriliş sonucu olaraq Azərbaycanda hakimiyyəti ələ keçirdi. O zamandan bu günə qədər – 17 il ərzində ata və oğul Əliyevlər bir dəfə də demokratik seçki keçirmədi. Seçkilərdən felən zəbt etdikləri hakimiyyətə qanunilik donu geyindirmək, gözdən pərdə asmaq üçün istifadə etdilər.

2010-cu il parlament seçkiləri də tam saxtalaşdırıldı

Bu qısa tarixi ekskursu ona görə etdim ki, xalqımızın öz iradəsini hürr şəkildə ifadə etməyə imkan tapan kimi demokratiyanı və azadlığı seçdiyini, kommunizmi və avtoritarizmi isə Azərbaycanı sevməyən dış güclərin ya birbaşa (1920-də), ya da dolayısı ilə (1993-də) Azərbaycanda bərqərar etdiyini xatırladım.

7 noyabr 2010-cu ildə Azərbaycanda parlament seçkiləri keçirildi. Seçkilər tam olaraq saxtalaşdırıldı. Müxalifətdən olan namizədlərin 60 faizi heç seçkiyə buraxılmadı. Seçkiyə buraxılmış müxalifətçi namizədlərin tam əksəriyyəti seçkiyə gələn seçicilərin çoxunun səsini alsa da, hökumət məmurları, müxalifətdən olan müşahidəçiləri seçki məntəqəsindən qovaraq, hökumət namizədlərinin lehinə topa-topa bülletenlər tökərək seçkinin nəticəsini saxtalaşdırdı. Parlamentə bir nəfər də müxalifətçi seçilmədi. Seçkiləri müşahidə etmiş bütün ciddi beynəlxalq təşkilatlar – ATƏT, AB, ABŞ seçkilərin beynəlxalq standartlara uyğun olmadığını, saxtalaşdırıldığını bəyan etdilər.

İmkan verməyin ki, şübhəli əlaqələri olan mənfəət qrupları Azərbaycan xalqına zülm edən, sərvətlərini ata malı kimi mənimsəyən, haqq və özgürlüklərini əlindən alan korrupsioner rejimə Türkiyə adından çıxış edərək dəstək olsun

Türkiyədən gəlmiş müşahidəçilər saxta seçkiləri tərifləyirdilər

Bizim, zatən dünyadan başqa bir gözləntimiz yoxdur. Baş verənləri adı ilə çağırsalar, yetər. Nə qədər əziyyət və qurbanlar bahasına olsa da, Azərbaycanı demokratiyaya biz özümüz aparacağıq. Başqa heç kimsədən ümidimiz və gözləntimiz yoxdur.

Bu arada Türkiyədən gəlmiş, bəlkə də gətizdirilmiş çoxsaylı müşahidəçilər xalqımızı növbəti dəfə məyus etdilər. Ona görə “növbəti dəfə” sözündən istifadə etdim ki, bu baş verənlər ilk deyildi, zatən hər dəfə seçkilərdən sonra belə olur. Türkiyədən gəlmiş çoxsaylı müşahidəçilər – çoxu da millət vəkili idi – hökumətin tam nəzarətində olan televiziyalardan bu saxta seçkiləri tərifləyirdilər. Bu seçkilərin son dərəcə demokratik olmasından yorulmadan, saatlarla bəhs edirdilər.

Bu zaman azad seçmək hüququndan məhrum edilmiş xalqımızın nə düşündüyünü təsəvvür etmək istərmisiz?

Təsəvvür edin, sizdə belə seçki keçirilir, ürəyiniz partlamazmı?

O zaman gözlərinizi yumub təsəvvür edin ki, sizdə belə bir parlament seçkiləri keçirilir. Ölkə boyu bütün seçki komissiyaları iqtidar partiyasının tam kontrolundadır, bütün seçki komissiyalarının sədrləri bir partiyanın – iqtidar partiyasının üzvləridir. Seçim kampaniyası zamanı müxalifətin mitinq və nümayiş keçirməsinə dövlət izn vermir, bütün televiziyalar müxalifətə qapalıdır. Ölkədə bütün quruluşlar – məhkəmələr, ordu, həmkarlar ittifaqları da daxil olmaqla, hətta 1 partiyaya da yox, 1 şəxsə bağlıdır, onun əmrləri ilə hərəkət edir. Parlamentə 1 nəfər də müxalifətçinin seçilməsinə imkan verilməmişdir. Hələ gözlərinizi açmayın və düşünün ki, bu arada Azərbaycandan gəlmiş yüzlərlə seçki gözləmçisi qardaşlarınız televiziyalarınıza doluşub, sizi inandırmaq istəyirlər ki, sizdə dünyanın ən adil, azad seçkisi keçirilib. Ürəyiniz partlamazmı? Biz də beləcə acı təəssüratlar yaşadıq.

Biz küsmədik, Türk millətinə şikayət etmək qərarına gəldik

Türkiyədən gəlmiş gözləmçi soydaşlarımızı saxtakarlığın, yalan və hiylənin himayədarı kimi görmək üzdü bizi. Təəssüf etdik. Amma böyük Türk millətindən küsmədik, incimədik. İnsan öz millətindən heç zaman küsməməlidir zatən. Biz bu yalançı gözləmçilərdən, haqqı, ədaləti, dürüstlüyü Azərbaycandakı korrupsioner hökumətə satan mənfəət qruplarından Türk millətinə şikayət etmək qərarına gəldik. İmkan verməyin ki, bu şübhəli əlaqələri olan mənfəət qrupları Azərbaycan xalqına zülm edən, sərvətlərini ata malı kimi mənimsəyən, haqq və özgürlüklərini əlindən alan korrupsioner rejimə Türkiyə adından çıxış edərək dəstək olsun.

Unutmayın, İlham Əliyev Azərbaycan demək deyil

Həmin mənfəət qrupları belə hərəkətləri ilə təkcə Azərbaycanda yaşayan soydaşlarının deyil, Türkiyənin də maraqlarına zərbə vurur. Hər bir seçki saxtakarlığına haqq qazandırdığınız İlham Əliyev bu yaxınlarda bəlli oldu ki, heç Türkiyənin enerci mərkəzi olmasını da qəbul etmirmiş.

Türkiyədəki bəzi qardaşlarımız bilərəkdən və ya bilməyərəkdən tez-tez bir şeyləri qarışdırır. Biriləri İlham Əliyev rejiminə verdiyi dəstəyi Azərbaycana dəstək kimi təqdim edir. Bir başqa qardaşlarımız da İlham Əliyevin Türkiyəyə yönəlik yanlışlıqlarını, səhvlərini Azərbaycanın səhvi, yanlışlığı kimi təqdim edir. “WikiLeaks”in İlham Əliyevin Türkiyə əleyhinə olan fikirlərini yayımlamasından sonra Türkiyə mediasında “Azərbaycanın “dostluq və qardaşlıq” mesajlarının saxtalığı göründü”, “Azərbaycan Türkiyəni arxadan bıçaqladı” kimi yanlış və haqsız ifadələr işləndi.

Qardaşlarım, lütfən bunu heç unutmayın, İlham Əliyev Azərbaycan demək deyil. İlham Əliyevin əməllərini, açıqlamalarını tənqid etmək istəyirsinizsə, bu tənqidlərinizi şəxsən onun öz adına ünvanlayın. Azərbaycanın nə günahı? O, nə zaman Azərbaycan xalqından azad, ədalətli seçkilərdə dəstək aldı ki? Azərbaycan xalqı onu nə zaman prezident seçdi ki?

Azərbaycanın demokratikləşməsi Türkiyəyə lazım deyilmi?

Azərbaycanda yaşayan insanlar da zatən sizin biriniz. Eyni millətə aid sadə insanların “dostluq və qardaşlıq” mesajları necə saxta ola bilər? Azərbaycan Türkiyəni heç zaman “arxadan bıçaqlamaz”. Azərbaycanlılar heç zaman unutmaz ki, 92 il öncə paytaxtımız Bakını yadelli işğalçılardan azad etmək üçün canlarından keçmiş minlərlə Türk əsgər və zabiti bu torpaqlarda əbədi olaraq uyuyur.

Maləsəf, xalqımız hələ azad deyil, öz milli iradəsini iqtidar edə bilməyib. Heç şübhəniz olmasın ki, indiki əsarətdən qurtulub demokratiyasını qurduqdan sonra bu xalq heç vaxt qardaş Türkiyənin uğurlarından xoşlanmayan bir siyasi qüvvəni iqtidar etməz.

Hər kəsi bu sual üzərində düşünməyə dəvət edirəm: Azərbaycanın demokratikləşməsi Türkiyəyə lazım deyilmi?

Kateqoriyalar: Yazılar, Əli Kərimli

Tunisdən İlham Əliyevə məsaj var

Yanvar 16, 2011 13 şərh

Polislərin döyə-döyə öldürdüyü bəxtsiz gənc və bizim cinayətkarcasına biganəliyimiz haqda

Hələ də dünyanın aparıcı KİV-lərinin gündəmində Tunis inqilabıdır. Gözlərimizin qarşısında daha bir diktator siyasi səhnəni tərk etdi. Demokratiya dalğası Yaxın Şərq diktaturalarına da çatdı. Tunisdə baş verənlərin Ərəb dünyası başda olmaqla bütün avtoritar rejimlərə ciddi təsiri olacaq. Demokratikləşmənin alternativi olmayan bir qlobal proses olduğu, sərhəd tanımadığı, hər bir xalqın bir gün tez- bir gün gec bu inkişaf yolunu seçəcəyi növbəti dəfə təsdiqləndi.

Hər bir xalqın inqilabı siyasi tarixə öz yeni ştrixlərini əlavə edir. Çünki mahiyyətcə oxşar olsa da hər bir inqilabi dəyişiklik başqalarından fərqlidir, özünəməxsusdur. Tunis inqilabı da dinc mübarizə nəzəriyyəsinə yeni ştrixlər əlavə etdi.

Son illərdə baş vermiş bir çox məxməri inqilablardan sonra(Gürcüstan, Ukrayna, Qırğızıstan) belə bir fikir yaranmışdı ki, bir qayda olaraq məhz müəyyən demokratik elementlərin mövcud olduğu ölkələrdə dinc mübarizə uğur əldə edir və məxməri inqilabla nəticələnir. Bu qənaətdən də siyasi prosesin hər bir iştirakçısı özünə lazım olan nəticəni çıxarırdı. Bizlər- ölkənin demokratik inkişafında maraqlı olan qüvvələr demokratiya ətrafındakı çərçivəni genişləndirməyə, demokratik müstəvini böyütməyə çalışdıqca , İlham Əliyev və komandası da 2006-cı ildən sistemli və ardıcıl şəkildə demokratik insitutları daha da zəiflədib, məhv etməyə çalışırlar.

Dövlət başçısı və komandası desab edirdi ki, seçki prosesi gözdən salındıqca, opponent siyasi partiyalar zəiflədikcə, azad mətbuat sıradan çıxarıldıqca, vətəndaş cəmiyyəti nəzarətə götürüldükcə onların sülalə hakimiyyətini heç kim, heç bir güvvə təhdid etməyəcək.

Ona görə da rejim öz opponentlərini zəiflətdikcə, özünə inamı daha da artırdı, xalq arasında deyildiyi kimi gözləri ayaqlarının altını görmürdü.

Hətta özlərindən razı şəkildə Şevarnadze, Kuçma, Bakiyev kimi liderləri zəif iradəli olmaqda, müxalifəti vaxtında-beşiyindəcə boğa bilməməkdə gınayırdılar.

Tunis prezidenti Ben Əli də İlham Əliyev kimi “uzaqgörən və tədbirli” siyasətçi idi. O hətta İlham Əliyevin özünə maksimum proqram hesab edəcəyi tədbirləri də “ uğurla” reallaşdırmışdı. Ölkədə 1 dənə də olsun real müxalifət partiyasının formlaşmasına, təşkilatlanmasına imkan verməmişdi. Müxalifətçilər daha çox həbsxana və mühacirətdə olurdular, mətbuat üzərində hökümət monopoliyası tam idi. Konstruktiv müxalifət yetişdirmək lahiyəsi uğurla reallaşdırılmışdı, parlamentdəki yerlərin 25% bu 6 konstruktiv müxalifət partiyası arasında bölüşdürülmüşdü. Adam o qədər “tədbirli” idi ki, öz ətrafında belə xalqın heç olmazsa 5%-nın rəğbətini qazanmış siyasətçi saxlamazdı, vaxtında zərərsizləşdirərdi. Üstəlik Tunis əhalisi demokratik ənənələrdən də tam olaraq məhrum idi. 54 illik müstəqillik tarixində cəmi 2 prezident görmüşdülər. Heç birini seçməmişdilər. Hər ikisi hakimiyyəti özü zəbt etmişdi. Nə prezident özü, nə də kənar müşahidəçilər onun hakimiyyətinə hər hansı təhlükə görmürdülər…

Korrupsiya, rüşvət, ədalətsizlik, hüquqsuzluq buralarda olduğu kimi dövlət idarə etməsinin əsas prinsipləri hesab olunurdu. Ölkənin bütün gəlir gətirən biznes sahələri Ben Əlinin ailəsinin, klanının, ona yaxın oligarxların inhisarında idi. Amma bütün bunlara baxmayaraq hətta bizim YAP-çıların da həsəd apara biləcəyi “davamlı ictimai-siyasi sabitlik” var idi ölkədə.

Dekabrın ortalarında baş vermiş bir hadisə isə Tunisin qədərini dəyişdi. Küçə ticarəti ilə məşğul olan bir gənc ona öz səyyar köşkündə göyərti satmağa imkan verməyən polisin özbaşınalığına dözməyib özünü yandırdı. Küçələrdə plansız , əvvəlcədən hazırlanmamış xalq etirazları başladı. Əvvəlcə iqtisadi tələblərlə mitinqlər keçirilirdi. Nümayişçilər qiymət artımına və işsizliyə etiraz edirdilər. Sonralar siyasi tələblər irəli sürən nümayişçilər birbaşa prezidentin istefasını tələb etdilər.

Polis nümayişçilərlə çox qəddarcasına davranırdı. Nümayişləri dağıtmaq üçün azərbaycanlılara tanış olan bütün xüsusi vasitələrdən istifadə olundu. Hətta təhlükəsizlik qüvvələrinə nümayişçilərə atəş açmaq göstərişi də verilmişdi. Hökumət özü 10-larla nümayişçinin öldürüldüyünü etiraf edirdi. İndisə təsdiq olunur ki, təqribən 1 aya yaxın davam edən bu qarşıdurma zamanı polislərin atəşi ilə 90 nəfər nümayişçi öldürülmüşdü. Amma bu qədər qətllər də, xalqa açılan atəş də boğaza yığılmış Tunis xalqını qorxuda bilmədi. Etiraz aksiyaları prezident ölkəni tərk edənə qədər davam etdi. Nəhayət, xalq bu ölkədə də qalibgəldi. 23 illik mütləq hakimiyyətdən sonra prezident Ben Əli rüsvaycasına ölkədən qaçdı.

Ölkədəki bütün demokratik institutları tam olaraq məhv etməyə çalışan İlham Əliyevə önəmli məsaj bu dəfə uzaq Tunisdən gəldi. Bu məsajda deyilir ki, korrupsiya və rüşvət, ədalətsizlik, qanunsuzluq, zorakılıq, saxtakarlıq davam edəcəksə, hətta alternativ siyasi qüvvələrin zəiflədilməsi, məhv edilməsi də hakimiyyətinizin davamlılığına təminat verməyəcək. Barıt çəlləyi bir gün partlayacaq. Boğaza yığılan xalq sizdən xilas olmağın yolunu tapacaq.

Əslində, mən Tunisdə baş verənlər haqda deyil, Bakıda polislərin sözün birbaşa mənasında döyüb-öldürdükləri gəncin Elvin Əsgərovun faciəsindən yazmaq istəyirdim. Elvinin atası da, dayısı da Qarabağ uğrunda savaşda şəhid olublar. Bu vətən üçün canlarından keçiblər. Elvinin anası və digər doğmaları deyir ki, bu 31 yaşlı gənci Azərbaycan polisləri döyə-döyə öldürüblər. Zatən Elvinin şəkilləri hər şeyi deyir.

Cəmiyyət Elvinin başına gələnlərin şokundan çıxmamış, dünənki qəzetlər başqa bir vətəndaşımızın- Ramin Məhərrəmovun polis özbaşınalığından bezərək özünü yandırmağından yazdı.

Hələlik, biz toplum olaraq həyacanlanmaq, əzilənə qahmar çıxmaq, baş verənlərə adekvat münasibət bildirmək keyfiyyətlərini itirmiş kimi görünürük. Biz toplum olaraq nə zaman dərk edəcəyik ki, bu ölkədə heç kim Elvin və Raminin başına gələnlərdən sığortalanmayıb? Nə qədər ki, bu qeyri-insani rejim var bizim hər birimiz, bizim doğmalar da bu ölüm dəzgahının qurbanı ola bilər. Hər kəsin səssizcə öz növbəsini gözləməsindən axmaq qərar ola bilərmi?

Təəssüf ki, bizim cəmiyyət üçün hələlik belə məlumatlar sadəcə statistika kimi qarşılanır. İlin sonunda jurnalistlər və hüquq müdafiəçiləri hesablayıb, yekun vuracaqlar ki, bu il polislər nə qədər insanımızı döyə-döyə öldürdü, nə qədər insanımızı isə intihara məcbur etdi.

Kim bilmir ki, polisə vətəndaşları işgəncə verərək öldürmək imkanını siyasi hakimiyyət verib? Polisdən hər zaman xalqa qarşı dəyənək kimi istifadə edən hakimiyyət. Polis yaxşı bilir ki, ondan tələb olunan yalnız bu hakimiyyətə loyallıqdır. Qanunçuluq, hüquq qaydası, insan hüquqları bu ölkədə yalnız kağız üzərindədir. Mitinqi canla-başla dağıtdınsa, xalqdan oğurlanmış hakimiyyətə sədaqətlisənsə, istədiyini edə bilərsən. Zatən, bu ölkədə vətəndaş siyasətin subyekti deyil obyektidir. Onunla bir əşya kimi davranılır.

Əgər bir ölkədə dövlət başçısı bütün millətin qarşısında açıq şəkildə bəyan edirsə ki, 26 noyabr 2005-ci ildə Qələbə meydanında vətəndaşlara divan tutan polisləri cəzalandırmağı beynəlxalq təşkilatlar tələb etsə də , mən buna imkan vermədim, belə bir ölkədə polisin adamı döyə-döyə öldürməsi, intihara məcbur etməsi gözlənilən deyilmi? Məlum deyilmi ki, hüquq mühafizə orqanlarındakı bu cəzasızlıq mühüti də, bu qeyri-insani dərəcədə qəddarlıq da birbaşa İlham Əliyevdən ilhamlanır?

Hə, indi xatırladım ki, polisin döyüb öldürdüyü, intihara sövq etdiyi insanlardan yazmaq istərkən, niyə yazımı Tunisdən başladım? Tunisdəki inqilab da polis özbaşınalığından bezib, özünü yandırmış bir gəncin faciəsindən başlamışdı…

Kateqoriyalar: Yazılar, Əli Kərimli

Azadlıq qəzetinə müsahibəm

Yanvar 13, 2011 Bir şərh yazın

“Ölkəni riskə atan iyrənc ssenarilər hazırlanır”

Çərşənbə axşamı, 11 Yanvar 2011 23:40 Oxunub:  3004

Əli Kərimli: «Borcumuzdur ki, bu ssenariləri ifşa edib, qarşısını alaq»

«Dindarların həbsini «Misir modeli»nin sonuncu mərhələsinə başlamaq cəhdi kimi qiymətləndiririk»

Son günlər ölkənin gündəmini məşğul edən hadisələrdən biri də Islam Partiyasının sədri Mövsüm Səmədov və bir sıra partiya üzvlərinin, eləcə də, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının həbsidir. Bu arada bir sıra təşkilatlar bu həbslərə etiraz edib. Azərbaycan Xalq Cəbhəsi Partiyası da özünün bəyanatında son həbslərə sərt reaksiya verərək, tutulanların azad olunmasını tələb edib.

AXCP sədri Əli Kərimlilə söhbətimiz də elə bu mövzuda oldu.

– Əvvəla AXCP olaraq Azərbaycanı bir hüquq dövləti olaraq görmək istəyirik. Hər bir Azərbaycan vətəndaşının siyasi mövqeyindən asılı olmayaraq hüquqları təmin olunmalıdır. AXCP həm də onu ifadə edir ki, siyasi baxımdan bizdən fərqli düşərgədə olan insanların da hüquqlarına hörmət edir. AXCP indi də, gələcəkdə də ölkədə siyasi məhbusların olmasını istəmir. Çünki AXCP ölkənin əsas müxalifət partiyası kimi ölkənin sabahı üçün xüsusi məsuliyyət daşıdığının fərqindədir. Bizim gözümüzün qarşısında ölkənin sabahını riskə atan iyrənc ssenarilər hazırlanır. Bizim borcumuzdur ki, bu ssenariləri ifşa edib, qarşısını alaq. Bir dəfə “Azadlıq” radiosuna müsahibəmdə bu barədə danışmışdım. Bu barədə sizə də açıq danışmaq istəyirəm. Heç kimə sirr deyil ki, Azərbaycan Avropa Şurasının üzvü, Avropa Birliyinin yaxın qonşusu olsa da, ölkədəki sülalə hakimiyyətini daha çox Şərqdəki avtoritar rejimlərin təcrübəsi cəlb edir.

Şərti olaraq “Misir variantı” adlanan bu ssenariyə görə avtoritar rejim ardıcıl repressiyalar, digər təzyiq vasitələri ilə liberal demokratik alternativ ola biləcək siyasi qüvvələri zəiflədir, belə bir alternativi faktiki aradan qaldırır. Demokratik institutların məhv edildiyi cəmiyyətdə korrupsiya, haqsızlıq, ədalətsizlik, kasıblıq kimi sosial problemlər təbii olaraq islamçı qüvvələrin sıralarını genişləndirir. Növbəti dövrdə isə hökumət öz zorakı hərəkətlərilə islamçı qüvvələrlə mübarizəni radikal, zor müstəvisinə keçirir. Bütün dünyaya nümayiş etdirir ki, avtoritar rejimin yeganə alternativi siyasi islamçı qüvvələrdir. Əgər bu ölkədə normal seçki olsa məhz həmin radikal islamçı qüvvələr hakimiyyətə gələr. Açıq demək lazımdır ki, bu şantaj da bir çox hallarda onunla nəticələnir ki, Qərb radikal islamçı qüvvələrdən qorxduğu üçün belə avtoritar rejimlərin varlığına daha dözümlü yanaşır. Onların seçki saxtakarlığına bəzən göz yumur. Neçə ildir ki, Misirdə, Əlcəzairdə, Özbəkistanda bu ssenari həyata keçirilir. Azərbaycan hakimiyyətində də bəzi qüvvələr ölkəni addım-adım bu modelə yaxınlaşdırırlar. Siyasi meydan daralır, liberal demokratik müxalifət zəiflədilir, ölkədə haqsızlıq şəraiti dindarların sıralarını bir az genişləndirir. Son günlər baş verənləri, dindarların həbsini də “Misir modeli”nin sonuncu mərhələsinə başlamaq cəhdi kimi qiymətləndiririk. Inanclı insanları radikal mübarizəyə təhrik etmək cəhdi kimi.

“İstəyirik, hakimiyyətin ssenarisini pozaq”

– Bu narahatçılığa görəmi dindar kəsimə müraciət etmisiniz ki, radikal addımlardan çəkinsinlər?

– Bəli, biz istəyirik ki, hakimiyyətdəki müəyyən dairələrin ssenarisini pozaq. Bu ssenarinin pozulmasında bizim dindar bacı və qardaşlarımızın təmkinli davranışı hər hansı zorakı hərəkətlərdən birmənalı imtina edib, hüquqları, ədalət uğrunda, yalnız dinc mübarizə aparmaları çox kömək edə bilər. Mən Azərbaycanı gözləyən təhlükənin mahiyyətini açıq izah etdim. Azərbaycandakı rejimin ölkənin gələcəyi ilə bağlı qurduğu vahiməli ssenarini. Indi biz hamılıqla bu ssenarinin qarşısının alınması barədə tədbirlər görməliyik. Bu ssenarinin baş tutmaması üçün bizim hər birimizin görəcəyi işlər var. Görəcəyimiz birinci iş fikrimcə, ondan ibarətdir ki, belə bir ssenarinin olmasından Azərbaycan vətəndaşlarını xəbərdar etməliyik. Azərbaycanı idarə edənlərin belə bir arzusunun olduğundan hər kəsi xəbərdarlıq etməliyik. Əlbətdə bir çoxları şərti olaraq “Misir Modeli”nin tətbiq olunduğu ölkələrlə Azərbaycanın çox fərqləri olduğunu düşünüb, bu təhlükələri ciddiyə almaya da bilərlər. Hesab edirəm ki, ətrafımızda baş verənlərə sistemli yanaşsaq, əslində Azərbaycanın da bu ssenariyə addım-addım yaxınlaşdığını görərik. Ona görə də ilk növbədə bu təhlükə ilə bağlı bütün cəmiyyət, millət olaraq xəbərdar olmağımız lazımdır. Ikinci, bu modelin o zaman uğuru olur ki, ölkədəki avtoritar, qəddar hakimiyyətin liberal demokratik xarakterli alternativinin olmasıdır. Ona görə də, biz demokratik düşərgənin üzərinə xüsusi məsuliyyət düşür ki, indidən toparlanmalı, güclənməliyik. Ölkə vətəndaşlarını aktiv, demokratik mübarizəyə cəlb etməklə milli-demokratik düşərgənin indiki rejimə əsas alternativ olduğunu bundan sonra da təmin etməliyik. Ölkədə demokratik alternativsizlik şəraitinin yaradılmasına imkan verməməliyik.

Üçüncüsü, bizim inanclı bacı və qardaşlarımızla açıq dialoqumuz olmalıdır. Bir tərəfdən biz onların insan hüquqlarını, indi olduğu kimi birmənalı şəkildə müdafiə etməliyik. Onlar haqsız repressiyalarla, zorakılıqla üzləşdikcə bizim dəstəyimizi hiss etməlidirlər. Eyni zamanda onlara da izah etməliyik ki, əgər bu repressiyalardan təntisələr, səbirsizlik göstərib, hökumətə sərt cavab versələr, hökumətin daxilindəki bəzi qüvvələrin ssenarisinin reallaşmasına kömək etmiş olarlar. Ona görə də həmin inanclı bacı qardaşlarımız hamılıqla imkan verməməlidirlər ki, Azərbaycandakı siyasi mübarizə dinc mübarizədən kənar müstəviyə keçsin. Kənar müstəviyə keçmək, ölkədə kiçik də olsa, zorakılıq hallarının baş verməsi, ölkənin demokratikləşmə perspektivinə böyük zərbə olar.

Ona görə hamılıqla bu məsuliyyəti dərk edərək, hər bir fədakarlığı göstərib ölkəmizi addımbaadım olsa da, dinc, konstitusion mübarizə vasitələrilə demokratikləşməyə aparmalıyıq. Elə bir şəraitdə ki, orada inanclı olan, inanclı olmayan insanlarımzın da hüquq və azadlıqları təmin olunsun. Biz elə bir dövlət arzulayırıq ki, o dövlətdə hər bir vətəndaşın iqtidara, müxalifətə, dinə münasibətindən asılı olmayaraq hüquqları təmin olunsun.

Bizim inanclı vətəndaşlarımız da onun fərqində olmalıdırlar ki, onların etiqad azadlığı məhz belə bir demokratiya şəraitində təmin oluna bilər.

“Biz hamımız Azərbaycan tərəfi olmalıyıq”

– “Azadlıq” radiosu maraqlı bir məqamı ortaya çıxarıb. Belə ki, İslam Partiyasının sədri Mövsüm Səmədov deyib ki, o, adının İranla birgə çəkilməsilə fəxr edir. Belə bir mövqe sərgiləməyi necə qiymətləndirirsiniz?

– Əlbəttə, hesab edirəm ki, Azərbaycan respublikasının heç bir vətəndaşı öz adının ikinci bir ölkə ilə çəkilməsindən fəxr duymamalıdır. Siyasi mövqeyimizdən asılı olmayaraq biz hamımız azərbaycanlıyıq və yalnız Azərbaycan tərəfi olmalıyıq. Ümumiyyətlə biz Mövsüm Səmədovun siyasi fəaliyyətini, onun Azərbaycanın gələcəyi ilə bağlı proqram-məqsədlərini, mövqeyini müdafiə etmirik. Biz onun insan hüquq və azadlıqlarını müdafiə edirik. Hər bir vicdanlı azərbaycanlı bilir ki, son günlərə qədər həmin şəxs, onun ətrafında olan dindarlar nə etmələrindən, nə düşünmələrindən asılı olmayaraq azadlıqda idilər, onlar həbs olunmurdular. Onlar nəyə görə həbs olundular?

Mövsüm Səmədov İslam Partiyası Ali Şurasının iclasında İlham Əliyev haqqında çox sərt tənqidi çıxış etdi. Hamı bilir ki, yerdə qalanlar texniki məsələlərdir. Əslində bu çıxışdan sonra siyasi ictimaiyyət gözləyirdi ki, hansısa bəhanə ilə bu şəxs və ətrafındakı adamlar həbs olunacaq. Deməli, irəli sürülmüş ittihamların doğruluğuna ictimai etimad yoxdur. Ona görə də biz hər bir Azərbaycan vətəndaşına ədalətli mühakimə imkanı tanımalıyıq. Onun siyasi mövqeyini bölüşməmək, ondan fərqli baxışlara sahib olmaq hər hansı bir insanı azadlıq, ədalətli mühakimə olunmaq hüququndan məhrum etməyə əsas verə bilməz. Biz AXCP olaraq hər zaman Azərbaycanı Avroatlantik məkanın bir parçası kimi görmək istəmişik. Bizim dərin inancımıza görə, Azərbaycan gələcəkdə də genişlənmiş Avropanın bir üzvü olaraq, perspektivdə Avropa Birliyinə üzv olan bir dövlət olaraq inkişaf etməlidir. Bizim inancımıza görə, məhz azərbaycanlıların marağına uyğundur ki, Azərbaycan bu istiqamətdə inkişaf etsin. Azərbaycanda təkmil demokratiya bərqərar olsun. Belə bir demokratiya hər bir Azərbaycan vətəndaşına bütün hüquq və azadlıqları, o cümlədən inanclı insanlarımıza etiqad azadlığını təmin edəcək. Necə ki, bu gün bəzi istisnalarla hətta Avropada müsəlmanların bu hüququ təmin olunur. Ona görə də bizim təbii ki, Azərbaycanın gələcəyi ilə bağlı mövqelərimiz Islam Partiyasının bu istiqamətdəki mövqelərindən ciddi şəkildə fərqlənir.

Biz öz proqram və məqsədlərimizi həyata keçirməkdə israrlıyıq. Amma eyni zamanda ölkənin əsas müxalifət qüvvəsi və bir gün bu ölkədə iqtidar olmaq iddiasında olan bir qüvvə kimi biz bütün vətəndaşlarımıza açıq şəkildə onu ifadə etmək istəyirik ki, onların fərqli siyasi görüşlərinin olması onların həbsi üçün əsas ola bilməz.

Bu indi də bizim baxışlarımıza görə belədir, Xalq Cəbhəsi nə zamansa iqtidarda olacağı təqdirdə də belə olacaq.

Biz hər bir vətəndaşımızı, o cümlədən bizdən kifayət qədər fərqli düşünən vətəndaşlarımızın da vətəndaş olaraq qorunmasının tərəfindəyik.

“Nemət Pənahlı sərt tənqidlərinə görə həbs edilib”

– Nemət Pənahlının da həbsini repressiya sayırsız. Amma bildiyimiz qədər seçki zamanı Sizin təmsil olunduğunuz AXCP-Müsavat bloku ilə Nemət Pənahlı arasında ciddi problemlər yaranmışdı…

– Əlbəttə, siz haqlısınız. Nemət Pənahlı ilə təmsil etdiyim təşkilatın, ümumiyyətlə milli demokratik düşərgənin müxtəlif tarixi mərhələlərdə ciddi fikir ayrılıqları olub. Son onilliklərin böyük bir hissəsini opponent olaraq keçirmişik. Elə axırıncı parlament seçkilərində də biz bir-birimizə siyasi opponent idik. Biz Yasamal 15-ci dairədən AXCP-Müsavat blokunun namizəd olaraq Isa Qəmbəri müdafiə edirdik. Nemət Pənahlı Isa bəyə alternativ idi. O zaman həm Isa bəyin, həm Müsavat Partiyasının ünvanına çox sərt və əsassız ittihamlar irəli sürmüşdü. O zaman da mən münasibətimi bildirib Nemət bəyə onun bu çıxışının səhv olduğunu bildirmişdim. Biz təbii ki, Isa bəyi müdafiə etmişdik. Indi də hesab edirik ki, bu polemikada Isa bəy haqlı idi. Amma bu fikir və mövqe ayrılıqları bu gün Nemət Pənahlıya qarşı olan sifarişli həbsə göz yummağa əsas ola bilməz. Biz bilirik ki, son vaxtlar bu şəxs “Nota” qəzetində rejimlə, rejimin qurucusu Heydər Əliyevlə bağlı çox sərt açıqlamalar verirdi. Yenə də siyasi dairələrdə belə bir fikir formalaşırdı ki, bu qədər sərt tənqidlər hökumətin hər zaman olduğu kimi hansısa təxribatı ilə nəticələnəcək. Nemət Pənahlı özü də bilirdi bunu. Həbsindən qabaq sizin qəzetə verdiyi açıqlamada da bunu ifadə etmişdi. Yaxınları da iddia edir ki, siyasi fəaliyyətinə, rejimə qarşı sərt açıqlamalarına görə həbs olunub. Ona görə kimə qarşı olmasından asılı olmayaraq söz dediyinə, tənqid etdiyinə, ifadə azadlığından istifadə etdiyinə görə repressiyaya məruz qalan hər bir şəxsin hüquqlarını müdafiə etməyi doğru hesab edirik.

Sücəddin Şərifov

Kateqoriyalar: Müsahibələr, Əli Kərimli